| |
TÖVHİD
İnsan bədəninə başçılıq
edən üzv
İnsan kəlləsinin içində rəngi
kül rənginə bənzər, «beyin»
adlanan bir üzv var. Beyin insan bədənin
ən mühüm və incə üzvüdür.
Çünki o, bütün qüvvə və
hissiyatla başçılıq edir. İnsanın
bütün iradə və istəyi ondan
asılıdır.
Beynin əhəmiyyətli, incə və
zərif üzv olması barədə baş
vermiş əhvalatı sizin nəzərinizə
catdırırıq.
(İranda nəşr olunan jurnalların
birində yazımışdır): Şirazlı
cavan bir tələbə Xuzistanda avtomobil
qəzasına uğrayır. Avtomobil qəzasında
onun beyni zədələnir. Lakin bədəninin
zahirində heç bir nöqsan, zədə
yox idi. Bütün bədən üzvləri
salamat idi. Təəccüblü burasıdır
ki, o, bütün keçmişini unutmuşdu.
Fikri, düşüncəsi yaxşı
idi, bütün deyilənləri anlayırdı.
Lakin öz ata-anasını görsəydi,
tanımazdı. Anasını ona göstərib
«bu sənin anandır» dedikdə təəccüb
edirdi. Onu Şirazdakı evlərinə gətirdilər.
Divarda asılmış öz çəkdiyi
rəsmləri ona göstərdikdə təəccüblənərək
«mən bunları birinci dəfədir, görürəm»
deyirdi.
Həkimlər onu müayinədən keçirdikdə
məlum oldu ki, onun beynindən aldığı
zədə nəticəsində fikirlə
yaddaş və hafizə mənbəyini
birləşdirən kiçik bir damar qırılmışdır.
Elə bil ki, işıq sayğacının
düyməsini basmaqla bütün işıqlar
keçir və hər yer zülmətə
qərq olur. Kiçik bir damarın qırılması
da gənc tələbənin kecmişini
zülmətlərə aparmışdır.
Ola bilər ki, o qırılan hissənin
bir iynə ucu qədər həcmi olsun.
Lakin onun gənc tələbənin həyatında
buraxdığı təsir həddən
artıq böyükdür. Bundan məlum
olur ki, insanın beyni nə qədər
qarışıq, incə, zərif və
əhəmiyyətli bir üzvdür.
Beyin və sinir sistemi iki əsas hissədən
təşkil olunmuşdur:
1)İnsanın özündən asılı
olan sinir sistemi: insanın öz ixtiyarı
ilə gördüyü yolu getmək, baxmaq,
danışmaq və s.kimi işlərin
mənbəyidir.
2)İnsanın özündən asılı
olmayan sinir sistemi: Bu hissə insanın ürək
döyüntüləri, mədə və
bu kimi işlərə başçılıq
edir.
Beynin bu hissəsinin bir azının işdən
düşməsi ürəyin, yaxud digər
üzvün dayanmasına kifayət edər.
Beynin heyrət doğuran hissələrindən
biri.
Ağıl huş, iradə, şüur,
düşüncə və hafizənin mərkəzi
olan hissədir. Qısa sözlə desək,
bu hissə (ağıl) beynin ən əsas
hissələrindən biridir. Qəzəb,
hirs, əsəb, qorxu kimi ruhi müqavimətlərin
hamısı ona aiddir. Əgər hər
hansı bir canlıda cərahiyyə əməliyyatı
aparıb, digər bədən üzvlərini
sağlam saxlamaq şərti ilə bu hissəni
götürsələr, həmin canlı
sağ qalar. Lakin o, bütün ağıl
və düşüncəsini itirmiş
olacaq.
Bir göyərçindən bu hissəni
götürmüşdülər. Bir qədər
sağ yaşadı. Yaşadığı
bu müddətdə onun qabağına dən
tökürdülər. Ac olmasına baxmayaraq,
o, dəni yemirdi. Onu uçuranda bir maneəyə
toxunub yerə düşməyincə havada
olardı.(Şüuru olmadığından,
dən yeməz, havaya qalxdıqda yerə
enməzdi).
Beynin digər təəccüblü hissəsi
hafizədir.
İndiyədək hafizənin necə heyrət
doğurucu və maraqlı olması barədə
fikirləşmisinizmi? Əgər insanın
hafizəsi bir saatlıq əlindən alınarsa,
o, necə qəmli aqibətə düçar
olar?
İnsan beyninin kiçik bir hissəsini təşkil
edən hafizə qüvvəsi (hafizə
mərkəzi) insanın bütün həyatını
bütün xüsusiyətləri ilə
birgə yığıb saxlamışdır.
O, bizimlə əlaqədə olan insanların
bütün xüsusiyyətlərini-boyunu,
rəngini, paltarını, əxlaqını
və s. yadında saxlamağa malikdir. Onların
hər biri üçün xüsusi hesab
açmışdır. Məhs bu səbəbdən
bir dəfə gördüyümüz şəxsi
ikinci dəfə gördükdə hafizə
dərhal özündə yığılmış
saysız-hesabsız insan xüsusiyyətləri
arasından həmin şəxsin xusisiyyətlərini
zehnimizə gətirir. Bununla da biz həmin
şəxsi tanıyır, onunla lazım
olan rəftarı edirik. Əgər dostdursa,
hörmət, ehtiram göstəririk, yox,
əgər düşməndirsə, ona
nifrət edirik. (Lazım gələrsə,
digər münasibətlər də göstəririk.)
Bu işlər hamısı yalnız bircə
anda (bir az tez, ya gec) baş verir.
Hafizənin təəccüblü və
heyrətverici olduğunu o zaman anlaya bilərik
ki, zehnimizdə olan bütün şeyləri
vərəq, dəftər, yaxud kaset üzərinə
yazmaq fikrinə düşək. Əgər
bu işi həyata keçirmək istəsək,
şübhəsiz ki, həddən artıq
dəftər, yaxud kaset lazım olacaqdır.
Bundan da təəccüblüsü odur
ki, kaset və ya dəftərlərin arasından
bir hadisəni axtarıb tapmaq istəsək,
uzun bir müddət çəkəcək.
Lakin hafizə və zehn bu işi asanlıqla,
tez bir anda həyata keçirir.
Şüursuz təbiət necə şüur
və düşüncə yarada bilər?
İnsanın beyni barədə bir çox
kitablar yazılmışdır. Bu kitablardan
bir qismi orta və ali məktəblərdə
də tədris olunur. Həddən artıq
incə, dəqiq, qarışıq və
sirli olan bu üzvün şüursuz təbiət
tərəfindən yaradıldığını
qəbul etmək olarmı?
Çox təəccüblüdür, ağılsız
və düşüncəsiz təbiət
necə ağıl və düşüncə
xəlq edə bilər? (Necə ki, materilistlər
deyirlər. Şübhəsiz ki, bu səhv,
batil bir əqidədir. Axı necə ola
bilər ki, öz ağılı olmayan
təbiət başqaları üçün
ağıl yaratsın?)
İnsanın öz vücudunda olan Allah
nişanələri barədə Quran buyurur:
«Sizin özünüzdə də (sizi yaradanın
birliyini sübut edən) əlamət və
nişanələr vardır.» (Zariyat, 21).
Kiçik bir quşda bir dünya təəccüb
Bu dərsdə artıq insan haqqında söhbəti
kənara qoyub aləmin digər varlıqlarında
olan nizama baş çəkirik.
Zülmət qaranlıqda asimana nəzər
salsaq, uçan bir quş görərik. Bu
quş gecə olmasına baxmayaraq, bütün
qüvvəsi ilə öz yeməyini əldə
etmək üçün havada pərvaz edir.
Bu quşun adı yarasa, yaxud gecə quşudur.
Bu quşun hər işi təəccüblüdür.
Amma gecə qaranlıqda uçması daha
təəccüblüdür.
Yarasanın gecə zamanı heç bir maneəyə
toxunmadan sürətlə uçması o
qədər təəccüblüdür
ki, onun haqqında nə qədər mütaliələr
olunsa, digər kəşf olunmamış
sirləri də kəşf olunar.
Bu quşun gecə zamanı uçması
ilə göy səmada qanad çalan və
iti uçan göyərçinin uçması
arasında heç bir fərq yoxdur. Əlbəttə,
əgər onun qarşısında olan manelərdən
xəbəri olmasaydı, yəqin ki, yavaş-yavaş
uçardı.
Əgər yarasanı uzun, ensiz, döngəsi
çox və içərisi qara tüstü
ilə dolu olan bir tuneldən uçurtsaq,
heç bir maneyə toxunmadan və qanadlarının
üstündə qara tüstüdən
əsər-əlamət qalmayan bir halda qırağa
çıxacaqdır. O, bu işlərini
hamısını ötürücü
siqnal vasitəsi ilə görür.
Yarasanın ötürücü siqnala malik
olduğunu başa düşmək üçün,
gərək, ötürücü siqnalın
nə olduğunu bilək.
Fizikada «tələffüzün səsi»
bəhsi «səsin ardınca gedən siqnal
və dalğalar» haqqındadır. Bu dalğaların
uzunluğu o qədər coxdur ki, insan onu
eşitməyə qadir deyil. Buna görə
də bu dalğaları «səsin ardı»
adlandırmışlar. Bu dalğaları
güclü bir ötürücünün
vasitəsi ilə irəli göndərdikdə
irəli yayılırlar. Fəzada bir maneə
ilə rastlaşdıqda divara dəyib arxaya
qayıdan top kimi geri qayıdırlar. Bu,
insanın bir dağ, yaxud uca divar qarşısında
qışqırığına bənzəyir.
Dalğaların qayıtma zamanını
nəzərə almaqla həmin maneəyə
nə qədər məsafə qaldığını
bilmək olar.
Bir çox təyyarə və gəmilər
bu cür hərəkət edirlər. İstədikləri
yerə gedirlər. Düşmən təyyarə
və gəmisini tapmaq üçün də
bundan istifadə edirlər.
Alimlərin dediyinə görə, yarasada
ötürücü siqnal və dalğa
var. Əgər yarasanı bir otağa salıb
uçurtsalar və həmin otağa dalğaların
ardınca olan səsi eşidilən səsə
cevirən mikrofon qoysalar, yarasanın səsindən
insanın qulaqları cingildəyər. Hər
saniyədə yarasadan 30-dan 60-a qədər
belə səs eşidiləcək.
Burada belə bir sual irəli çıxır:
bu dalğa və siqnal yarasanın hansı
üzvü ilə səslənir? Yəni,
onun ötürücü üzvü hansıdır,
qəbuledici üzvü hansı?
Alimlər bu suala belə cavab verirlər:
bu dalğalar yarasanın boğazındakı
güclü səs telləri vasitəsilə
yaranır və burun dəliklərindən
çıxaraq irəli hərəkət
edirlər. Qulaqlar da geri qayıdan dalğaları
qəbul edirlər.
Deməli, yarasanın gecə zamanı uçmasında
ən böyük rolu onun qulaqları oynayır.
Rus alimi Yurin aparığı təcrübələr
nəticəsində müəyyən etmişdir
ki, əgər yarasanın qulaqları kəsilsə,
artıq o, heç bir maneəyə toxunmadan
uça bilməyəcək. Lakin onun gözünü
çıxarsalar, o, öz hərəkətindən
qalmayacaq. Bir sözlə, yarasa gözü
ilə yox, qulağı ilə görür.
Bu da çox təəccüblü və
maraqlı bir məsələdir.
İndi fikirləşin, görün, bu
iki aparatı (ötürücü və
qəbuledici aparata) kim yarasanın kiçik
bədənində xəlq etmişdir? Bu
aparatlardan istifadə etməyi kim ona öyrətmişdir?
Yarasa bu təlimin sayəsində gecə
zamanı yolunun üstündə olan bütün
maneələrdən qorunmuş olur. Doğrudan,
kim bunları ona təlim vermişdir?
Əmirəl-möminin Həzrət Əli
(ə) Nəhcül-bəlağədə
yarasanın xilqət və yaranışı
barədə söylədiyi geniş bir
xütbədə buyurur: «Hec vaxt gecənin
zülmətinə görə öz hərəkət
və yolundan qalmır... Hər şeyi qabaqcadan
nümunəsi olmadan yaradan Allah pakdır.»
(Nəhcül-bəlağə, 155-ci xütbə.)
Həşaratlarla güllərin dostluğu
Bahar zamanı hava yavaş-yavaş istiləşdikdə
bağlara, yaşıl tarlalara nəzər
salsanız, çoxlu həşərat dəstələri,bal
arıları, kəpənəklər, milçəklər
və digər həşaratlar görəcəksiniz.
Bu həşaratlar səssiz-sədasız
hər tərəfə uçuşurlar.
Bu güldən o birisinə , o birisindən
bir başqasına və s. üzərinə
qonurlar. Bir budaqdan başqa bir budağa uçurlar.
O qədər çalışırlar ki,
elə bil bir başçı onların başının
üstünü alıb işləməyə
məcbur edir. Onların sarı rəngli
gülə bənzər, toza bulaşmış
qanad və ayaqları onları iş paltarı
geyib calışqanlıqla işlə məşğul
olan işçilərə bənzədir.
Doğrudan da bu həşaratlar mühüm
bir iş ardıncadırlar. Bu, o qədər
əhəmiyyətlidir ki, professor Relion Berten
bu barədə deyir: «Həşaratsız
bizim meyvə səbətlərimizin boş
qalacağını çox az insan bilir.»
Biz isə onun sözlərinə bunu da əlavə
edirik: «Bizim bağ-bağcalarımız
bu cür vəziyyətdə get-gedə
öz xürrəm və abadlığını
itirəcəkdir.» Deməli, həşaratlar
həqiqətdə meyvə və gül
dənələrini yetişdirənlərdir.
Yəqin ki, soruşacaqsınız nə
üçün?
Ona görə ki, bitkilərin həyatının
ən əsas hissəsi olan tozlanma həşaratların
köməyi və vasitəsi ilə həyata
keçir. Yəqin ki, bitkilərin də heyvanlar
kimi erkək və dişi olduqlarını
bilirsiniz. Btikilər arasında (erkək
bitki ilə dişi bitki arasında) tozlanma
əməliyyatı getməyincə toxum
və dən, daha sonra isə meyvə əmələ
gəlməyəcəkdir.
İndiyədək bu barədə fikirləşmisinizmi
ki, heç bir hissiyat və hərəkətə
qadir olmayan bitkilər necə bir-biri ilə
əlaqədə olurlar? Erkək bitkinin
toxumları dişi bitkinin toxumları ilə
necə birləşir?
Bu iş cox vaxt həşaratların öhdəsində
olur. Bəzən isə küləyin köməyi
ilə bu iş həyata keçir.
Lakin bu iş biz fikirləşdiyimiz kimi
sadə deyil. Bu tozlanmanın gözəl
və maraqlı bir tarixi vardır. Onun bir
hissəsini aşağıda qeyd edirik.
İki qədim və səmimi dost
Təbiətşünasların mütaliələri,
araşdırmaları nəticəsində
məlum olub ki, bitkilər yeri tanımağın
ikinci dövrəsinin ikinci hissəsində
əmələ gəliblər. Təəccüblü
budur ki, elə həmin dövrdə həşaratlar
da peyda olmuşlar. Bu iki məxluq (həşarat
və bitki) bütün həyat boyu bir-biri
ilə səmimi və vəfalı dost olmuş
və bir-birinin həyatda qalmasına qalmasına
səbəb olmuşlar.
Bitkilər öz dostlarının məhəbbət
və ürəyini ələ almaq ücün
özlərində şirə cəmləyirlər.
Həşaratlar erkək bitkinin toxumunu dişi
bitkinin üzərinə aparıb səpələdikdə
həmin şirəni yeyirlər. Bu şirə
həşaratlara o qədər ləzzət
verir ki, özlərindən asılı
olmayaraq bitkilərə tərəf hücum
edirlər.
Botaniklərdən bir qismi bu fikirdədirlər
ki, gül və bitkilərin rəng və
ətri də həşaratları özlərinə
cəlb etməkdə böyük rol oynayır.
Bal arıları üzərində aparılmış
təcrübələr nəticəsində
məlum olmuşdur ki, onlar rəngləri
tanıyır, ətir və iyi bir-birindən
seçə bilirlər.
Əslində, özlərini həşaratlar
üçün bəzəyən və ətirləndirən
güllərdir. Bu güllər xüsusən
zövqlü kəpənək və bal
arılarını özlərinə cəlb
edirlər. Həşaratlar da güllərin
bu dəvətini böyük məmuniyyətlə
qəbul edir və tozlanma əməliyyatının
başlancığını qoyurlar- güllərin
üzərində olan şirəni yeyirlər.
Bu şirə həşaratların ən
gözəl yeməyi hesab olunur. Bu şirələr
bir-birinin üstünə yığılaraq
bal əmələ gətirir. Çünki
həşaratlar (xüsusən bal arısı)
bu şirənin üstünə qonduqda
onun az miqdarını yeyir, çox hissəsini
isə özləri ilə yuvalarına aparırlar.
Uzun sabiqəyə malik olan və iki tərəfin
təlabatını ödəyən bu dosluq
bitkilərlə həşaratlar arasında
həmişə olub və olacaq.
Tövhid
dərsi
İnsan bitkilərlə həşaratlar
arasında olan dosluq barədə mütaliə
etdikdə insanın özündən asılı
olmayaraq belə bir sual irəli cıxır:
Bitkilərlə həşaratlar arasında
bu dosluq əlaqəsini kim yaratmışdır?
Həşaratları özlərinə tərəf
cəlb edən şirə, rəng və
ətri güllərdə kim xəlq etmişdir?
Hansı varlıq kəpənəklərə,
bal arılarına və digər həşaratlara
belə incə qanad, ayaq və bədən
vermişdir?
Hansı varlıq onlara tozlanma əməliyyatında
bitkilərə kömək etməyi öyrətmişdir?
Nə üçün bal arıları bir
müddət yalnız müəyyən
bir gülün üzərinə qonurlar?
Nə üçün həşəratlarla
bitkilərin həyat tarixi bir dövrdə
başlaiışdır?
Bu işlərin proqramsız həyata keçdiyini
kim qəbul edər?
Təbiətin şüursuz qanunları
özü-özünə bu cür gözəl
mənzərələri yarada bilərmi?
Bu iş əsla ola bilməz.
Quran bu barədə buyurur: «Rəbbin bal
arısına belə vəhy (təlqin etdi:)
Dalğalarda, ağaclarda və insanların
qurduğu yerlərdə (evlərin damında,
üzümlüklərdə) özünə
yuva tik. Sonra bütün meyvələrdən
ye və Rəbbinin sənə göstərdiyi
yolla rahat, asanlıqla get.» (Nəhl, 68,69.)
Həddən artıq kiçik məxluqatlar
dünyasında
Biz bu dünyanın maraqlı və möcüzəli
məxluqatı arasında yaşadığımız
ücün bunlara adət etmişik.
Misal ücün:
1)Bizim ətrafımızda həddən
artıq kiçik heyvan və həşaratlar
yaşayırlar ki, bunların bəzilərinin
həcmi ola bilsin ki, bir-iki millimetrdən
artıq deyil. Bununla belə, onların da
böyük heyvanlar (hətta insanlar) kimi
əli, ayağı, başı, gözü,
qulağı, hətta beyni və sinir sistemləri
vardır.
Əgər bir qarışqanın beynini
mikroskop altına qoyub baxsaq, onun təəccüblü
və maraqlı olduğunu görərik.
Qarışqanın bədəninə başçılıq
edən müxtəlif hissələr onun
beynində bir-birinin yanında düzülmüşlər.
Bu hissələrdən birinin fəaliyyətdən
düşməsi qarışqanın bədəninin
bir hissəsinin işdən düşməsinə
səbəb olacaqdır.
Təəccüblü budur ki, qarışqanın
iynə ucu boyda (bəlkə də kiçik)
olan başında bir aləm zövq, mədəniyyət,
hünər, huş və s. vardır. Belə
ki, bir çox alim ömrünün çoxunu
bu heyvanın üzərində gedən
təcrübələrə həsr etmiş
və qarışqaya aid olan digər maraqlı
məsələləri öz kitablarında
yazıb gələcək nəsillərə
çatdırmışdır.
Bu heyvanda bu qədər zövqü, huşu
və s. xəlq edən varlıq heç
bir zövq və huşa malik olmayan təbiət
ola bilərmi?
2)Atomların sirli dünyası.
Bildiyiniz kimi dünyada indiyədək kəşf
olunmuş ən kiçik varlıq atom və
onun təşkil olunduğu hissələridir.
Atom o qədər kicikdir ki, ən böyük
mikroskoplar (samanı dağ boyda göstərən
mikroskoplar) da onu görməkdə acizdirlər.
Atomun nə qədər kiçik olduğunu
öyrənmək üçün bunu bilmək
kifayət edər ki, suyun bir damcısında
dünyanın bütün adamlarının
sayı qədər atom var. Bir santimetr uzunluğunda
nazik bir simin (məftilin) içində olan
protonları saymaq istəsək və bu
işdə min nəfər insan da bizə
kömək etsə, hər saniyədə
protonların birini ayırsaq, gecələri
sübhə kimi qalmaq şərti ilə
30 ildən 300 ilə qədər (atomların
müxtəlifliyinə görə) vaxt lazımdır
ki, onların hamısını sayıb
qurtaraq.
Bir santimetr simin içində bu qədər
atomun olduğunu bildikdə, görün
bütün dünyada (yer, göy, su hava
və s.) nə qədər atom vardır?
Bəşəriyyətin fikri onları saymaqdan
yorulmazmı? (Əlbəttə, hamısını
saymaq qeyri-mümkündür). Onların
sayını yalnız onları və bütün
dünyanı yaradan Allah bilir.
Atomlar tövhid dərsi öyrədirlər
Atom tanıma bu günkü zamanda olan elmlərin
ən əsas və ən maraqlılarndan
biridir. Bu kiçik varlıq bizlərə
tövhid dərsi öyrədir. Çünki
atom dünyasında dörd şey diqqəti
daha çox cəlb edir:
1)Fövqəladə bir quruluş
İndiyə qədər elektronlarının
sayı tədricən birdən başlayan
və yüzdən yuxarıda qurtaran yüzdən
çox ünsür kəşf olunmuşdur.
Bu təəccüblü quruluşun şüursuz
bir varlıq tərəfindən yaradılması
ağla-sığmazdır.
2)Qüvvələrin bərabərliyi
Bilirik ki, iki əksqütblü elektrik qüvvəsi
(mənfi və müsbət) bir-birini cəzb
edir. Buna əsasən, gərək, mənfi
elektriki olan elektronlar və müsbət
elektriki olan elektronlar bir-birini cəzb etsin.
Başqa bir tərəfdən də bilirik
ki, elektronların öz mərkəzləri
ətrafında hərəkəti dəfetmə
qüvvəsi yaradır. Buna əsasən,
dəfetmə qüvvəsi elektronları
atom mühitindən uzaqlaşdırmaq istəyir.
Cazibə qüvvəsi isə elektronları
cəzb edib atomları məhv etmək istəyir.
Burada gərək diqqət edək və
görək ki, necə də dəqiq hesablama
sayəsində cazibə və dəfetmə
qüvvəsi atomlarda quraşdırılıb.
Elektronlar nə qaça bilir, nə də
cəzb oluna bilirlər və həmişə
bərabər səviyyədə hərəkətdədirlər.
Belə bir quruluşu və bərabərliyi
kor-koranə bir təbiət yarada bilərmi?
3)Hər biri öz xəttində
Dedik ki, atomlardan bəzilərinin çoxlu
elektronları vardır. Lakin bu elektronların
hamısı bir xətt üzrə hərəkət
etmir. Əksinə, onların hər birininn
özünə məxsus müəyyən
bir hərəkət xətti vardır. Milyon
illərlə bu elektronlar bir-biri ilə toqquşmadan,
sürətlə öz xəttləri üzrə
hərəkət edirlər.
Onların hərəsini öz xəttində
yerləşdirmək və nizamla hərəkətə
gətirmək sadə işdirmi?
4)Atomun əzəmətli qüvvəsi
Atomun əzəmətli qüvvəsini bilmək
ücün təkcə aşağıdakı
məsələni bilmək kifayət edər.
1945-ci ildə Meksikanın quraq səhralarının
birində atom bombası təcrübəsi
aparıldı. Çox kiçik bir atom bombasını
poladdan hazırlanmış bir binanın
üstünə atdılar. Partlayış
nəticəsində bina əriyib suya dönmüş,
daha daha sonra isə buxara çevrilmiş,
partlayış zamanı dəhşətli
bir alov və səs (partlayış səsi)
çıxmışdı. Alimlər oraya
gəldikdə qaladan hec bir əsər-əlamət
görmədilər.
Həmin ildə amerikalılar tərəfindən
Yaponiyanın Xirosima (6 avqust 1945) və Naqasaki
(9 avqust 1945) şəhərlərinə
kiçik atom bombası atıldı. Xirosimada
30-40 min nəfər ölmüş, həmin
miqdarda insan yaralanmış və radioaktiv
şüalanmaya məruz qalmışdı.
Naqasikidə isə 70 min nəfər ölmüş
və 70 min nəfər yaralanmışdır.
Buna görə də Yaponiya Amerikaya təslim
olmaq (boyun əymək) məcburiyyətində
qalmışdır.
Mütərcimdən: Atom bombası, nüvəsinin
parçalanma reaksiyası nəticəsində
nüvədaxili enerjinin (atom enerjisinin) bir
hissəsinin ayrılması hesabına çox
qüvvətli partlayış yaradan aviasiya
bombasıdır. İlk atom bombası ikinci
dünya müharibəsinin sonunda ABŞ-da
hazırlanmışdır. Atom bombası
havada (istənilən hündürlükdə,
yer səthində və su altında, lazımi
dərinlikdə ) partladıla bilər.
1945-ci ilin iyulunda ABŞ atom bombasını
sınaqdan çıxardıqdan sonra Yaponiyanın
Xirosima (6 avqust) şəhərlərinə
partlayış gücü 20 min «T» trotil
partlayışına ekvivalent olan 2 bomba
atmışdır. (Yaponiyada olan tələfatın
sayında kitabda deyilənlə buradakı
miqdarda fərq vardır). Xirosomada 200 minə
yaxın adam ölmüş və itkin düşmüş,
160 minə yaxın adam yaralanmış və
radioaktiv şüalanmaya məruz qalmışdır.
Naqasikidə isə 73 mindən adam ölmüş
və itkin düşmüş, sonralar şüa
xəstəliyindən və yaralanmadan daha
35 min adam ölmüşdür. (Azərbaycan
Sovet Ensiklopediyası).
Təkcə bir atom haqqında mütaliə
etmək insanın Allahı tanımağına
kifayət etməzmi? Belə nəticəyə
gəlmək olar ki, Allahın varlığına
dünyada olan atomların sayı qədər
sübut vardır. Qurani Məcid bu barədə
buyurur: «Əgər yerdəki bütün
ağaclar qələm, dərya isə mürəkkəb
olsaydı və yeddi dərya belə ona
qoşulsaydı, yenə də Allahın
sözləri (yazılıb) tükənməzdi.»
(Loğman, 27).
Allahın sifətləri
Bilin ki, Allahı tapmaq, yəni Allahın
vücudunu dərk etmək dünyadakı
məxluqat barədə mütaliə etmək
yolu ilə çox asandır, lakin Allahın
sifətlərini tanıyıb bilmək
üçün çox diqqət etmək
lazımdır.
Yəqin ki, soruşacaqsınız: «Nə
üçün?»
Sualın cavabı çox asandır. Çünki
Allahın heç nəyi bizə, bizim gördüklərimiz
və eşitdiklərimizə bənzəmir.
Deməli, Allahın sifətlərini tanımağın
ilk şərti onun sifətlərini məxluqatın
sifətlərinə bənzətməməkdir.
Yəni, onu heç bir təbii məxluqa
oxşatmaq düzgün deyil. Burada iş
bir az çətinləşir (və Allahın
sifətlərini tanımaq çox diqqət
və araşdırma tələb edir). Çünki
biz təbiətin qoynunda böyüyüb
başa çatmış və bütün
əlaqəmiz təbiətlə olmuşdur.
Həmişə təbiətlə ünsiyyətdə
olduğumuz üçün hər şeyi
təbiətlə müqayisə etməyə
öyrənmişik. Başqa sözlə
desək, bizim gördüyümüz şeylərin
hamısı cisim və cismin xüsusiyyətləri
olmuşdur. Yəni, müəyyən bir
zaman və məkana malik olan məxluqların
hərəsinin özünə məxsus
xüsusiyyətləri olmuşdur. Belə
bir halda, belə bir vəziyyətdə nə
cismi, nə məkanı və zamanı
olan, eyni zamanda bütün zaman və məkanı
əhatə edən və heç bir cəhətdən
məhdudiyyəti olmayan Allahı anlayıb,
tanıyıb, onu qəbul etmək çox
çətin bir işdir. Yəni, bu barədə
çox diqqət etmək lazımdır.
Qeyd etməliyik ki, biz Allahın əsl zatını,
əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik
və heç bunun intizarında da olmamalıyıq.
Bu iş ucu-bucağı olmayan böyük
bir okeanı kiçik bir qabda yerləşdirməyə,
yaxud ana bətnində olan bir uşağın
dünyadakı bütün işlərdən
xəbərdar olmasına bənzəyər.
Belə iş mümkündürmü?
Bu barədə kiçik bir azğın əqidə
(məsələn Allahın cisim kimi qəbul
etmək) ola bilər, insanı neçə
illərlə haqq yolundan uzaqlaşdırıb
bütpərəsliyə tərəf yönəldə.
(Diqqətli olun).
Qısa sözlə desək, Allahın sifətlərini
məxluqatın sifətləri ilə müqayisə
etmək düzgün deyil.
Allahın «Cəmal» və «Cəlal» sifətləri
Adətən, Allahın sifətlərini
iki qismə bölürlər:
1.Sübuti sifətlər yəni, Allahda
olan sifətlər. (Allah üçün
sübuta yetmiş).
2.Səlbi sifətlər yəni, Allahda olmayan
və Allahın onlardan pak olduğu sifətlər.
Belə bir sual irəli çıxır:
Allahın zatının necə sifəti
var?
Sualın cavabı budur ki, Allahın sifətləri
bir tərəfdən sonsuzdur, digər tərəfdən
isə bütün sifətləri bir sifətdə
cəm olmuşdur. Çünki Allahın
bütün sübuti sifətləri aşağıdakı
cümlə və ifadədə cəm olur:
«Allahın zatı hər cəhətdən
sonsuz və bütün kamallara malik olan
bir zat və varlıqdır.»
Kamal və nöqsanların dərəcələri
olduğuna görə, yəni kamal və
nöqsan sonsuz olduğuna görə, belə
demək olar ki, Allahın sübuti və
səlbi sifətləri də sonsuzdur. Çünki
hər hansı bir kamal təsəvvürə
gəlsə, Allah ona malikdir və hər
hansınöqsan da təsəvvürə
gəlsə Allah ondan pak və uzaqdır.
Deməli, Allahın sifətlərinin (həm
sübuti, həm də səlbi sifətləri)
sonu yoxdur.
Allahın ən tanınmış sifətləri
Allahın məşhur və tanınınmış
sübuti sifətləri aşağıdakılardır:
1.Alim: Yəni Allah Alimdir və hər şeyi
bilir.
2.Qadir: Yəni Allah Qadirdir və hər şeyə
qüdrəti catır.
3.Həyy (Diri): Yəni Allah diridir.
Həm elmi, həm də qüdrəti olan
diridir. Allahın elm və qüdrəti
olduğuna görə, o da diridir.
4.Murid (İradə edən), yəni, İradə
sahibidir. Öz işlərində məcbur
deyil.
Gördüyü bütün işlərin
hamısı hikmət üzündəndir.
Yerdə və göydə olan məxluqatın
heç biri hikmətsiz və fəlsəfəsiz
yaranmamışdır.
5.Müdrik (Anlayan), yəni, Allah hər şeyi
dərk edib anlayır. Hər şeyi görür,
bütün səsləri eşidir, hər
şeydən xəbərdardır.
6.Qədim, Əbədi (Həmişə
olan), yəni, Allah həmişə olub və
olacaq. Onun vücudunun başlanğıcı
yoxdur. Çünki onun varlığı
onun özündəndir. Buna görə
də həmişəlik və əbədidir.
Çünki vücudu özündən olan
bir varlıq üçün ölüm və
fəna mövcud deyildir.
7.Mütəkəllim (Danışan), yəni,
Allah səs dalğalarını havada icad
edib öz peyğəmbərləri ilə
söhbət etməyə qadirdir. Allah danışandır
dedikdə, onun üçün dil, dodağ
və boğaz təsvir olunmur.
8.Sadiq (Düz danışan), yəni, Allahın
bütün dedikləri düz və həqiqətdir.
Yalan danışmaq ya nadanlıq üzündəndir,
ya da zəiflik üzündən. Heç
bir nadanlıq və zəifliyi olmayan, əksinə,
hər şeyə alim və qadir olan Allahın
yalan danışması qeyri-mümkündür.
Allahın məşhur səlbi sifətləti
isə aşağıdakılardır:
1.Mürəkkəb, yəni, Allah hissələrdən
təşkil olunmayıb. Çünki mürəkkəb
olan şeyin öz hissələrinə ehtiyacı
var (və hissələr olmasa, həyata
qədəm qoya bilməz). Allahın isə
heç bir şeyə ehtiyacı yoxdur. Deməli,
o, mürəkkəb deyil.
2.Cisim: Allah cisim deyil. Çünki hər
cisim məhduddur, öz şəklini dəyişir,
nəhayət, mövcudluğunu itirir. (Allah
isə həmişə vardır və olacaq).
3.Məri (Görünən), yəni, Allahı
görmək mümkün deyildir. Yalnız
cisim gözə görünər. Allah isə
cisim deyil. Demək, gözə görünməz.
4.Allahın məkanı yoxdur. Çünki
məkan cisim xüsusiyyətlərindəndir.Allah
isə cisim deyil. Deməli, məkanı
da yoxdur.
5.Allahın şəriki yoxdur. Əgər
şəriki olsaydı, gərək, məhdud
olaydı. Çünki heç bir cəhətdən
məhdud olmayan iki varlığın bir
yerdə mövcudluğu mümkün deyil.
Bundan əlavə, dünyadakı qanunların
(nizamın) vəhdəti (birliyi) dünya
Xaliqinin birliyinə sübutdur.
6.Allahın sifətləri onun vücudunun
bir neçə olduğuna dəlalət etmir.
(Yəni, Allah alimdir, deməli alim bir Allah
Qadirdir, deməli Qadir birAllah və s. ...).
onun bütün sifətləri elə onun
zatının özüdür.
7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır.
Çünki elm və qüdrət cəhətdən
kamil olan bir varlığın daha heç
nəyə ehtiyacı olmaz. Quran Allahın
sifətləri barədə buyurur: « Ona
bənzər heç bir şey yoxdur» (Şura,
11).

|