| |
MƏAD
Mühüm bir sual
Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu
ölümdən qorxur?
Ölüm insanların gözünə
həmişə vəhşətli bir şey
kimi görünür. Ölüm haqqında
düşünmək həyatın şirin
şərbətinin dadını aparır.
İnsanlar təkcə ölümün
adından qorxmur, hətta qəbirstanlıq
sözündən də çəkinirlər,
qəbirləri zinətləndirməklə
onun əsl mahiyyətini yox etmək istəyirlər.
Ölümdən bu cür qorxu dünyanın
müxtəlif ədəbiyyatlarında da
gözə çarpır və ölüm
«ölüm nəhəngi», «ölüm
caynaqları», «əcəl zəngi» və
bu kimi ifadələrlə adlanır. Bir
ölünün adını çəkmək
istədikdə «bizdən iraq», «ömrün
uzun olsun», «Allah göstərməsin» və
bu kimi ifadələrlə dinləyən
şəxsin fikrini ölümdən yayındırmaq
istəyirlər.
Gəlin müəyyən edək, görək,
insanlar ölümdən nə üçün
(hətta ölümün adından) qorxurlar?
Nəyə görə ölümdən
qorxan insanlardan fərqli olaraq başqa bir
qism ölümü qarşılayır,
ölüm adı gəldikdə qoxmur, əksinə
xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik
suyu», «cavanlıq suyu» kimi ömrü uzadan
şeylərin ardınca getmiş, bəziləri
isə şərəfli cihad meydanlarına
qədəm basmış və ölümlə
üz-üzə gəlmişlər. Bəzən
insanlar ömrləri uzun olduğundan, Allah
hüzuruna gedən günlərini (ölümü)
arzulayırlar. İndiki zamanda da haqq ilə
batilin vuruş meydanlarında bu cür insanlar
çoxdur. (Din, vətən, namus uğrundaayağa
qalxıb şəhadətə nail olan insanlar
indi də az deyil. Azərbaycanın ayrılmaz
hissəsi olan doğma Qarabağda şəhid
olan igidlərimiz buna bir nümunədirlər
(mütərcimdən).
Bu qorxunun səbəbi
Araşdırma və tədqiqatlardan belə
məlum olur ki, bu qorxunun əsas səbəbi
iki şeydir.
1.Ölümü fəna və puçluq
mənasında təfsir etmək
İnsan həmişə yoxluqlardan uzaq olmağa
çalışır. Xəstəlikdən
uzaq olmaq istəyir, çünki xəstəlik
sağlamlığın olmamasıdır.
Qaranlıqdan, zülmətdən uzaq gəzir,
çünki o, nur və işığın
yoxluğudur. Hətta boş bir evdən,
boş səhradan qaçmağa çalışır,
çünki orada heç bir insan yoxdur. Təəccüblü
budur ki, insan gecəni ölü ilə bir
otaqda qalmağa da hazır deyil. Halbuki, həmin
ölünün sağlığında
ondan qorxmur və gecələri onunla bir
yerdə keçirirdi.
İndi görək, insanın yoxluqdan kənar
gəzməsinin səbəbi nədir? Cavab
məlumdur. Çünki varlıq varlıqla
tanışdır. Varlıq yoxluqla heç
zaman tanış olmamışdır. Deməli,
insanların yoxluqdan qaçması təbii
bir işdir. Əgər ölümü
hər şeyin sonu hesab etsək, ölümdən
qorxmağa haqqımız var. Hətta onun
adından qorxmağa da haqqımız olar.
Çünki ölüm hər şeyi bizim
əlimizdən alır və bizi puçluğa
aparır. Yox, əgər ölümü
yeni bir həyatın başlancığı
bilsək, onda nəinki ölümdən
qorxmamalıyıq, əksinə, şərəfli
ölümə doğru addım atanları
alqışlamalıyıq.
2.Nameyi-əməlın çirkinliyi
Bəzi insanlar ölümü fəna hesab
etməmələrinə baxmayaraq, yenə
də ölümdən qorxurlar. Səbəbi
də budur ki, onların əməl dəftərləri
çirklənib qaralmışdır. Onlar
günahlarının nəticəsində
düçar olacaqları acınacaqlı
əzablardan qorxurlar. Onlar ölümdən
qorxmaqda haqlıdırlar. Bu cür şəxslər
zindandan kənara çıxarılan təhlükəli
canilərə bənzəyirlər. Bu canilər
bilirlər ki, nə vaxt onları zindandan
qırağa çıxartsalar, dar ağacına
aparacaqlar. Belə vəziyyətdə onlar
zindanın dəmir qapılarından yapışıb
qırağa çıxmaq istəmirlər.
Onlar azadlıqdan yox, aqibəti edamla nəticələnəcək
azadlıqdan qorxurlar. Ölümü fəna
bilməyən, lakin ondan qorxanlar da bu cürdürlər.
Onlar ruhlarının dar qəfəsdən
azad olmasından qorxmurlar, sonradan başları
çəkəcək əzabladan qorxurlar.
Ancaq onu fəna bilməyən və çirkin
əməl dəftərinə malik olmayan
şəxslərin ölümdən qorxmağının
nə mənası var? (Şübhəsiz
ki, bu cür şəxslər ölümdən
qorxmurlar.) Bu cür insanlar dünya həyatından
bəhrələnir və yeni həyatları
üçün hazırlıq görürlər.
Bu dünyadakı həyatlarından gələcək
həyatları üçün çoxlu ehtiyat
götürmək məqsədi ilə Allahın
razı olduğu yolda ölümün qarşısına
çıxır və onu qarşılayırlar.
İki müxtəlif nəzəriyyə
Bir az bundan əvvəl qeyd etdik ki, ölümdən
qorxanlar insanlar arasında çoxluq təşkil
edirlər. Lakin başqa bir qism də var
ki, onlar müqəddəs hədəf uğrunda
ölməkdən qorxmur, hətta bu cür
ölümü özləri qarşılayırlar.
Yaxud ölümləri sadə və adi
ölüm olarsa, ömürlərinin sonunda
heç bir narahatçılıq hissi keçirmirlər.
Bunun (bəzilərinin ölümdən
qorxmasının, bəzilərinin isə
qorxmamasının) səbəbi arada iki
müxtəlif nəzəriyənin olmasıdır.
1)Birinci qismdə olan insanlar (ölümdən
qorxanlar) ölümdən sonrakı aləmə
inanmırlar, inansalar da, qəlblərində
bəzi şübhələr qalmışdır.
Buna görə də, ölüm anını
əlin hər şeydən üzüldüyü
an bilirlər. Əlin hər şeydən
üzülməsi yəqin ki, çıxılmaz
bir vəziyyətdir. İşıqlı
dünyadan qaranlıq dünyaya qədəm
qoymaq, əlbəttə ki, çətindir.
Həmçinin, bir cani üçün zindandan
çıxıb məhkəməyə getmək,
yəqin ki, çox çətindir.
2)Lakin ikinci qism insanlar (ölümdən
qorxmayanlar) ölümü yeni bir təvəllüd
sayırlar. Onların fikrincə, ölüm
darısqal, məhdud və zülmət
bir yerdən geniş, həddi-hududu olmayan
və işıqlı olan bir dünyaya
köç deməkdir. Ölüm sanki, ruhun
kiçik bir qəfəsdən azad olub geniş
göylərdə pərvaz etməsi, zülm,
ədalətsizlik, haqsızlıq içindən
çıxıb, bunlardan pak olan bir mühitə
daxil olması deməkdir. Təbiidir ki, bu
cür şəxslər artıq ölümdən
qorxmayacaqlar. Bu məktəbin lideri olan Həzrət
Əli(ə)-ın dili ilə desək: «Əbu
Talibin oğlunun (Əlinin) ölümə
münasibəti südəmər uşağın
anasının döşünə olan münasibətindən
də artıqdır.»
İslam tarixində bəzi insanların
ölümə olan münasibətini gördükdə
insan heyrətə gəlir. İmam Hüseyn(ə)
və Kərbəlanın digər şəhidlərinin
üzlərində şəhadət zamanı
yaxınlaşdıqda sevinc, təbəssüm
nişanələrinin görünməsi
heç də təsadüfi deyil. Məhbubun
görüşünə gedəcəklərindən,
onların sevinclərinin həddi-hududu yox
idi.
Yenə də təsadüfi deyil ki, dünyanın
ən böyük cinayətkarı, insaniyyət
aynasını ləkələyən Əbdürrəhman
ibn Mülcəm Həzrət Əlinin başına
qılınc endirərkən o Həzrət
fəryad edərək deyir: «And olsun Kəbənin
Rəbbinə ki, mən səadətə
qovuşdum.» Bu insanın özünü
təhlükəyə salmalı olduğu
və böyük nemət olan həyatda
yüksək nailiyyətlər əldə
etmək üçün çalışmalı
olmadığı mənasına gəlməz.
Bu sözün mənası budur ki, insan
həyatından düzgün istifadə
etməlidir. Ömür sona yaxınlaşdıqda
-xüsusən, ali məqsədlər uğrunda-
qorxuya düşməməlidir. Xüsusən,
yüksək hədəflər yolunda.
Həyata məna verən məaddır
Əgər bu dünya həyatını
başqa bir dünya olmadan təsəvvür
etsək, bu həyat puç və mənasız
olar. Bu, ana bətnindəki dövranı
bu dünyasız təsəvvür etməyə
bənzəyər. Əgər aylarla ana
bətnində əsir olan körpənin
düşüncəsi olsa, orada keçirdiyi
günlər barədə fikirləşib
təəccüb edər və özündən
bu sualları soruşar: Mən bu qaranlıq
zindanda nə üçün əsirəm?
Nəyə görə qan və su arasında
əl-qol atmalıyam? Mənim sonum necə
olacaq? Mən haradan və nəyə görə
gəlmişəm? Ancaq ona desələr
ki, bu sənin keçirdiyin başlanğıc
və hazırlıq dövrüdür,
sənin bədən üzvlərinin burada
möhkəmlənəcək, böyük
bir dünyaya qədəm qoymağa hazırlaşacaqsan,
doqquz aydan sonra sənin bu zindandan azad olma
qərarın çıxacaq, artıq geniş
bir dünyaya daxil olacaqsan, orada parlaq günəş,
ay, yaşıl ağaclar, axar sular, və
s. görəcəksən, onda körpə
rahat bir nəfəs alıb «indi bildim ki,
mən nəyə görə buradayam» deyəcək.
Bu, bir müqəddimə dövrüdür.
Ali məktəbə qəbul olmaq üçün
oxunan sinifdir. Əgər ana bətnindəki
dövrün bu dünya ilə əlaqəsi
kəsilsə, hər şey puç olar.
Ana bətni yalnız bir zindan olar. Bu dünya
ilə axirət aləminin əlaqəsi
də bu cürdür.
70 il, bir az çox ya az bu dünyada çətinliklərlə
mübarizə aparmağın nə mənası
var? Bir müddət təcrübəsiz
və naşı oluruq. Yenicə təcrübə
toplamış oluruq ki, ömr sona yetir. İllərlə
elm ardınca gedir, təhsil ocaqlarında
can qoyuruq. Bir az məlumat topladıqdan sonra
saçımıza dən düşür.
Ümumiyyətlə, nəyə görə
yaşayırıq? Yemək, paltar geymək,
yatmaq və bu proqramı illərlə təkrar
etməkdən ötrümü yaşayırıq?
Bu geniş asiman, geniş yer, bu qədər
hazırlıq, təhsil almaq, təcrübə
toplamaq- hamısı yeyib, geyib, yatmaq üçündürmü?
Bu suallarla üzləşdikdə məadı
inkar edənlər üçün həyatın
puçluğu aşkar olur. Onlar nə ölümdən
sonrakı həyata inanırlar, nə də
bu kiçik işləri yaşamağın
mənasını bilirlər. Məhz bu
səbəbdən, onlardan bəziləri
puç və mənasız həyatdan yaxa
qurtarmaq üçün intihara əl atırlar.
Ancaq bu dünyanı başqa bir dünya
üçün hazırlıq kimi qəbul
etsək, buranı əkin yeri, axirəti
isə məhsul götürülən yer
kimi tanısaq, onda bu dünya heç də
puç və mənasız olmayacaq. Bu dünya
özümüzə təcrübə toplamalı
və əbədi bir dünyada yaşamağa
hazırlaşmalı olduğumuz bir məktəbdir.
Həyata məna verən, insana nigarançılıqlardan
nicat verən məaddır.
Məada inam tərbiyənin əsas amilidir
Məada, axirət gününün böyük
məhkəməsinə etiqad bəsləməyin
insanların həyatında böyük
təsiri var.
Təsəvvür edin, bir ölkədə
elan olunub ki, filan tarixdə, filan gündə
kim hansı cinayəti istəsə, törədə
bilər. O gün törədilən cinayətlərə
görə heç kim yaxalanmayacaq. İndi
fikirləşin, görün, o gün cəmiyyət
də nələr baş verəcək?
(Cürətlə demək olar ki, o gün
ölkədə tərbiyə son həddə
enəcəklər.)
Qiyamətə, məada inanmaq axirətin
məhkəməsinə inanmaq deməkdir.
Axirət aləminin məhkəməsi bu
dünyanın məhkəmələrindən
tamamilə fərqlənir. Qiyamət məhkəməsi
aşağıdakı xüsusiyyətlərə
malikdir:
1)O məhkəmədə nə bir xahiş
qəbul edilir, nə dostluq keçir, nə
də yalançı sənədlərlə
hakimlərin fikrini dəyişmək olur.
2)O məhkəmənin bu məhkəmələr
kimi hazırlığa ehtiyacı yoxdur.
Buna görə də, çox uzun çəkməz.
Tez bir zamanda sənədlər araşdırılaraq
hökm veriləcək.
3)O məhkəmədə müttəhim
haqqında sənədlər müttəhimin
öz əməlləri olacaq. Yəni, insanın
bu dünyada gördüyü əməllər
orada hazır olaraq öz sahiblərini tapacaqlar.
Daha heç bir inkar yeri qalmayacaq.
4)O məhkəmədəki şahidlər
müttəhimin öz bədən üzvləri
olacaqdır. Hətta yer, daş, divar, qapı,
pəncərə də görülən
günahlar haqqında şəhadət verəcəkdir.
Bu şəhadətlərdən sonra inkar
yeri qalmayacaq.
5)O məhkəmənin hakimi Allahdır-
hər şeyi görən, hər şeydən
xəbədar olan Allah.
6)Bunlardan əlavə, o məhkəmənin
mükafat və ya cəzaları müqavilə
əsasında deyildir. İnsanları mükafatlandıran,
yaxud cəzalandıran onların öz əməlləri
olacaqdır.
Bu cür məhkəməyə inam insanı
tərbiyələndirir, onu yüksək
və mənəvi məqamlara çatdırır.
Əli(ə) bu məhkəmə barədə
buyurur: «And olsun Allaha ki, gecələri yumşaq
yataq əvəzinə tikanlar üzərində
keçirmək, gündüzləri əl-qolu
zəncirli küçə-bazarda gəzdirilmək
Allah bəndələrinin birinə zülm
etmiş, yaxud birinin haqqını qəsb
etmiş halda Allah məhkəməsində
hazır olmaqdan daha asandır.» (Nəhcül-bəlağə.
224-cü xütbə.) Bu məhkəməyə
inam insanı məcbur edir ki, beytül-maldan
haqqından əlavə istəyən qardaşının
əlinə qızdırılmış
dəmir parçası bassın, qardaşı
«bu nə işdir görürsən?» dedikdə
ona nəsihət edərək desin: «Sən
kiçik bir oddan bu cür qorxduğun haldaqardaşını
Cəhənnəm oduna dəvət edirsən?»
Belə imanı olan şəxsi aldatmaq olarmı?
Rüşvətlə onu dilə gətirib
vicdanını ələ almaq mümkündürmü?
Onu şirnikləndirmək və ya təhdid
etməklə haqq yoldan döndərmək
olarmı?
Quran qiyamət məhkəməsi barədə
buyurur: «(Günahkarlar deyəcəklər:
Vay halımıza!) Bu əməl dəftəri
niyə heç bir kiçik və böyük
günahımızı nəzərdən
qaçırmadan hamısını sayıb
qeydə almışdır?» (Kəhv, 49).
Məada, qiyamət gününün hesab-kitabına
olan inamın sayəsində insan bütün
işlərin qarşısında öz
daxilində məsuliyyət hiss edir. Bu məsuliyyət
insanı ədalətsizlik, zülm və
təcavüzdən qoruyub saxlayır.
İnsanların batini Qiyamət
məhkəməsindən bir nümunədir
Ölümdən sonrakı həyat və
qiyamət gününün məhkəməsi
bu məhdud dünyada yaşayan insan üçün
yeni bir məsələdir. Allah qiyamət
gününün kiçik bir nümunəsini
elə bu dünyada, insanların içində
yaratmışdır. Bu məhkəmə
«vicdan məhkəməsi» adlanır. Bir
daha xatırladırıq ki, bu məhkəmə
qiyamət məhkəməsinin çox kiçik
bir nümunəsidir.
Gəlin, bu barədə bir az ətraflı
danışaq
İnsan gördüyü əməllər
haqqında (istər pis əməl olsun,
istər yaxşı) bir neçə məhkəmədə
sorğu-suala çəkilir.
1)Birincisi, bu dünyada olan məhkəmələr.
Bu məhkəmələrin bəzi çatışmaz
nöqsanları olur. Belə məhkəmələr
cinayətlərin qarşısını
almaqda böyük rol oynayır. Lakin bu məhkəmələrdə
bəzi çətinliklərə görə
ədalətə tam riayət olunmur. Səbəbi
də budur ki, ya hakimlər düzgün
hökm vermirlər, məsələn, rüşvət
vasitəsilə müttəhimin lehinə,
iddiaçının əleyhinə hökm
çıxarırlar, ya da cani və müttəhimlər
bəzi yollarla hakimləri aldadırlar. Bu
təqdirdə hakimin heç bir günahı
olmur, lakin buna baxmayaraq, həqiqi ədalətə
riayət olunmur. 2)İkinci məhkəmə
birincidən bir pillə yüksəkdə
durur. Bu məhkəmə «görülən
əməllərin cəzası» məhkəməsidir.
Bəzən insanın gördüyü
əməllər o yerə çatır ki,
onların cəzasını gec, ya tez insan
özü çəkməli olur. Bu məhkəmə
bütün insanlara aid olmasa da, çoxuna
aiddir. Bəzi insanlar olub ki, camaata zülm,
haqsızlıq və pisliklər etmiş,
nəhayət qazdıqları quyuya özləri
düşmüş və əməllərinin
cəzasını çəkməli olmuşlar.
Ölüb getdikdən sonra da camaat tərəfindən
onlara yalnız lənət yağdırılmışdır.
Bu məhkəmədən çox az insanlar
yaxa qurtara bilmişlər. (Şübhəsiz
ki, onlar da qiyamətdə əməllərinin
cəzasını çəkəcəklər.)
Bu məhkəmənin tək çatışmazlığı
odur ki, bütün insanları yox, bəzi
insanları cəzalandırır.
3)Üçüncü məhkəmə
ikincidən də üstündür. O da
«vicdan» məhkəməsidir. Qətiyyətlə
demək olar ki, qiyamət məhkəməsinin
kiçik bir nümunə bizim öz batinimizdədir.
İnsanın batinində bir qüvvə
vardır. Filosoflar (İslam fəlsəfəsində)
bu qüvvəni «əməli əql» (icraedici
ağıl) adlandırmışlar. Quran
bu qüvvəni «nəfsi ləvvamə»
(yəni, insanı danlayan nəfs) adlandırmışdır,
indi isə bu qüvvəyə «vicdan» deyirlər.
İnsan bir iş görən kimi (pis, ya
yaxşı), dərhal bu məhkəmə
qurulur. Bu məhkəmədə heç bir
səs-küy olmur, lakin həddən artıq
diqqətli və ciddi keçirilir. Məhkəmənin
nəticəsi isə psixoloji cəzalandırma,
əzab-əziyyət, ya da psixoloji təşviq
olur. Bəzən bu məhkəmə caniləri
elə cəzalandırır ki, ruhən
əziyyət çəkməli olurlar, nəticədə
ölməyi qalmaqdan üstün tutub intihara
əl atırlar. Onlar vəsiyyətnamələrində
qeyd edirlər ki, mən narahatçılıq
və vicdan əzabından yaxa qurtarmaq üçün
özümə qəsd edirəm.
Bəzən də vicdan insanı yaxşı
əməllərinə görə elə
təşviq edir ki, insanın sevincinin həddi-hüdudu
olmur. Bu təqdirdə insan içində
rahat, xoş bir hiss keçirir ki, o hissi dil
ilə ifadə etmək mümkün deyil.
Vicdan məhkəməsinin bir neçə
xüsusiyyəti vardır
1)Bu məhkəmənin hakimi, şahidi,
tamaşaçısı-hamısı birdir.
Vicdan həm hökm verib qərar çıxarır,
həm şəhadət verir, həm də
nəzarət edir, nəhayət, hökmünü
icra edir.
2)Adi məhkəmələrdən fərqli
olraq, bu məhkəmə tez bir zamanda qurulur
və öz hökmünü verir. Adi məhkəmələr
bir caninin işinə baxmaq üçün,
ola bilər ki, bir neçə il vaxt sərf
etsin. Lakin bu məhkəmədə vaxta
ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü
açılanədək bu məhkəmə
bir az təxirə salınsın. Lakin həqiqətin
üstü açıldıqdan sonra o, dərhal
öz hökmünü verir.
3)Bu məhkəmə təkcə bir mərhələdən
təşkil olunmuşdur. Burada istintaqa,
ali məhkəməyə və sairəyə
ehtiyac yoxdur.
4)Bu məhkəmənin işi adi məhkəmələr
kimi təkcə cəzalandırmaq deyil.
Yəni, bu məhkəmədə pislər
cəzalarını alır, yaxşılar
da mükafatlandırılırlar.
5)Bu məhkəmənin cəzası adi
məhkəmə cəzaları kimi deyil.
Burada nə zindana, nə də edama məhkum
olunma yoxdur. Lakin onun cəzası bəzən
elə şiddətli olur ki, geniş dünya
insana dar olur. Bir sözlə, bu məhkəmə
dünya məhkəmələri kimi deyil.
Vicdan məhkəməsi qiyamət məhkəməsinin
bir nümunəsidir. Bu məhkəmənin
əzəməti o qədər böyükdür
ki, Allah onu qiyamət məhkəməsi
ilə birgə qeyd edib, ona and içərək
deyir: «And içirəm qiyamət gününə!
And içirəm (günah etdiyi üçün,
yaxud yaxşı əməlin azdır deyə)
özünü qınayan nəfsə! (Siz
öləndən sonra mütləq diriləcəksiniz.)
Məgər insan elə güman edir ki, (qiyamət
günü) onun sümüklərini bir
yerə yığa bilməyəcəyik?
Bəli, biz onun barmaqlarını da (dünyada
olduğu kimi) düzəltməyə qadirik!»
(Qiyamət-1-4-cü ayələr.)
Əlbəttə bu vicdan məhkəməsi
dünyəvi məhkəmə olduğu
üçün, qiyamət məhkəməsinə
olan ehtiyacı ödəmir. Bunun bir neçə
səbəbi var:
1)Vicdan məhkəməsi hər şeyi
əhatə edə bilmir. O, yalnız fikir
və düşüncə ilə münasib
olan şeyləri əhatə edir.
2)Bəzən mahir, hiyləgər bir cinayətkar
öz vicdanını aldada bilər.
3)Bəzi günahlarda vicdan o qədər
təsirsiz olur ki, ona heç bir məhəl
qoymurlar.
Belə bir vəziyyətdə dördüncü
məhkəməyə, qiyamət məhkəməsinə
olan ehtiyac aşkar olur.
Məad fitrət təcəllisində
Deyirlər, Allahı tanıma insanın
fitrətindədir. Əgər insanın
batininə nəzər yetirsək, onda təbiətin
fövqündə olan bir varlığa (Allaha)
iman əqidəsini görə bilərik.
Bu əqidə dünyanın elm, hədəf
və proqramı əsasında əmələ
gəlmişdir. Lakin bu məsələ,
təkcə tövhid və Allahı tanıma
bəhsinə aid deyil. Dinin bütün üsul
və füruatı fitrət əsasında
olmalıdır. Əks təqdirdə, təşri
aləmi ilə təkvin aləmi arasında
uyğunluq olmaz (Diqqət edin). Əgər
qəlb və ruhumuzun dərinliklərindən
gələn səsə qulaq assaq, «həyat
ölümlə sona yetmir, əksinə,
ölüm əbədi dünya və həyata
açılmış bir pəncərədir»
ifadəsini eşidərik. Bunu anlamaq üçün
aşağıdakı məsələlərə
diqqət etməliyik.
1.İnsanın bəqaya olan eşqi
Əgər insan fani və heç olub getmək
üçün yaranmışdırsa, onda
gərək, fənanın aşiqi olsun,
ömrünün sonunda onu yaxalayan ölümdən
ləzzət alsın. Lakin görürük
ki, (heç olmaq mənasına olan) ölümdən
insanın nəinki xoşu gəlmir, hətta
bacardığı qədər ondan qaçır.
Onun dirilik suyu və ömrü uzadan digər
şeylərin ardınca getməsi buna bir
sübutdur. İnsanın bəqaya olan eşqindən
məlum olur ki, biz bəqa üçün
yaranmışıq. Əgər fəna
üçün yaradılsaydıq, onda bəqaya
olan bu eşq mənasız olardı. İnsanda
olan eşqlər onun vücudunu tamamlayır.
Bəqaya olan eşq də vücudu tamamlayan
eşqlərdən biridir.
Bunu da bilməlisiniz ki, biz məad bəhsini
Allahın varlığını qəbul
etdikdən sonra izləyirik. Biz bu əqidədəyik
ki, Allah insanda hər nə xəlq etmişdirsə,
hamısı hikmət üzündəndir.
Hamısının ayrıca hesabı vardır.
Bu səbəbdən, bəqaya olan eşq
də hikmət və hesab üzündəndir.
Bu hikmət də bu dünyadan sonrakı
bir dünyanın olacağından başqa
heç bir şey ola bilməz.
2.Keçmiş nəsillərin qiyamətə
olan etiqad
Tarix göstərir ki, keçmiş nəsillərin
hamısının özünəməxsus
məzhəbi olmuşdur. Eləcə də
sübutlar göstərir ki, insanlar arasında
məad və qiyamətə etiqad lap qədim
zamanlardan olmuşdur. Keçmiş nəsillərdən
qalan əsərlər, xüsusən, onların
ölüləri dəfn etməsi, qəbirləri
düzəltməsi və bu kimi işləri
onların ölümdən sonrakı həyata
olan etiqadlarından xəbər verir. Bəşər
arasında ilk günlərdən meydana çıxmış
bu əqidəni sadə, adi və fanatik
bir şey hesab etmək olmaz.
Əgər bir əqidə bütün insanlar
arasında vardırsa, onun fitri olduğunu
qəbul etməliyik. Çünki təkcə
fitrət zaman və ictimai dəyişikliklərə
sinə gərib olduğu kimi qala bilər.
Adət, ənənə və fanatikalar
zaman keçdikcə qüvvədən düşür,
mahiyyətini itirirlər. Məsələn,
bir cür paltar geyinmək bir zaman adət
və dəbdirsə, bir müddət keçdikdən
sonra qüvvədən düşür.
Lakin ananın balasına olan məhəbbəti
fitri bir işdir. Nə qədər zaman
keçsə də, yenə bu məhəbbət
olduğu kimi qalacaq və heç bir ana öz
balasına qarşı laqeydlik etməyəcək.
Bu cür olan hər bir əlaqə özünün
fitri olduğunu göstərir.
«Alimlərin dəqiq araşdırmalarından
məlum olur ki, bəşəriyyətin
ilkin tayfalarının da məzhəbi olmuşdur.
Çünki onlar ölülərini məxsus
şəkildə dəfn edir, ölünün
iş alətlərini onun yanında qoymaqla
ölümdən sonrakı aləmə
olan əqidələrini ifadə edirlər.»
ifadəsi bizə bildirir ki, keçmiş
nəsillər arasında da ölümdən
sonrakı həyata inam olmuşdur. Düzdür,
onların sonrakı aləmi elə bu aləm
kimi təsəvvür etmələri səhvdir,
lakin yenə də, onlar ölümdən
sonrakı həyata inanırdılar.
3.Batinimizdə olan vicdan məhkəməsi
məadın fitri olduğuna
daha bir sübutdur
Keçən dərsdə dediyimiz kimi, bizim
batinimizdə əməllərimizə nəzarət
edən bir məhkəmə vardır. Bu
məhkəmə yaxşı əməllər
qarşısında insanı təşviq
edərək onu elə rahat edir ki, bunu dildə
bəyan etmək mümkün deyil. Eləcə
də, pis işlər, xüsusən böyük
günahlar qarşısında insanı
elə tənqid edib cəzalandırır
ki, yaşamaq insana acı gəlir.
Dəfələrlə müşahidə
edilmişdir ki, cinayət törədib qaçan
şəxslər nəhayət gəlib
özlərini məhkəməyə təslim
etmişlər. Bunu vicdan əzabından
xilas olmaq üçün etmişlər.
İnsan batinində belə bir məhkəməni
müşahidə etdikdən sonra özünə
sual verir: necə ola bilər, mən kiçilikdə
bir varlıqda belə bir məhkəmə
olsun, lakin bu böyüklükdə aləmdə
bu cür bir məhkəmə olmasın?
Beləliklə də məad və ölümdən
sonrakı həyatın fitri olması üç
yolla sübuta yetir: Bəqaya olan eşq yolu
ilə, keçmiş nəsillər arasında
qiyamətə etiqadın olması və
onun kiçik bir nümunəsinin öz batinimizdə
olması yolu ilə.
Qiyamət ədalət tərəzisində
Bu dünyaya bir az diqqət yetirdikdə görürük
ki, hər tərəfdə qanun hakimlik edir
və hər şey öz işini qanuna
əsasən görür. Ədalət əsasında
tənzimlənmiş bu proqram insan bədənində
o qədər incəliklə icra olunur ki,
onda bir az dəyişikliklərin olması
insanın ölümü, ən azı
xəstələnməsi ilə nəticələnir.
Göz, qəlb, beyin və digər bədən
üzvlərinin quruluşu buna açıq-aşkar
bir sübutdur. Bu proqram təkcə insan
bədənində yox, bütün aləmdə
icra olunur. Hədisdə deyilmişdir: «Yer
və göylər ədalət əsasında
qurulmuşdur.» Bir atom zərrəciyi o qədər
kiçikdir ki, milyonlala atomu iynə ucu qədər
yerdə yerləşdirmək olar. Fikirləşin,
görün, onun quruluşu necə dəqiq
olmalıdır. Bununla belə, milyon illərdir
ki, atom öz mövcudluğunu qoruyub saxlamışdır.
Bunların hamısı elektron və protonların
quruluşundakı fövqəladə proqramın
sayəsində əmələ gəlmişdir.
Dünyada olan bütün şeylər bu
elektron və protonlardan təşkil olunmuşdur.
Məgər insan istisna olunmuş bir varlıqdır?
Bu dünyada azad olmalı və hansı
ədalətsizliyi, zülmü istəsə,
etməlidir? Yoxsa, burada bir incəlik gizlənmişdir?
İradənin azadlıq və ixtiyarı
İnsan bir şeydə başqa məxluqlardan
fərqlənir. O da onun iradə və istəyinin
azad və ixtiyar sahibi olmasıdır. Nəyə
görə Allah insanı azad buraxmış
və ürəyi istəyən hər şeyi
etməyə icazə vermişdir? Cavabında
deyirik ki, əgər insan azad olmasaydı,
təkamülə yetişə bilməzdi.
Bu xüsusiyyət (insanın azadlığı)
onun mənəvi və əxlaqi təkamül
rəmzidir. Məsələn, varlıları
güclə imkansızlara yardım etməyə
məcbur etsələr, bu iş həyata
keçəcək və imkansızlara kömək
olunacaq, lakin bu varlılar üçün
təkamülə səbəb olmayacaq. Ancaq
həmin yardımın bir zərrəsi
varlıların öz istək və iradəsi
ilə edilsə, bu onların mənəvi
təkamülünə səbəb olacaq.
Deməli, əxlaqi və mənəvi təkamülün
birinci şərti azadlıqdır. Yəni,
bəşəriyyət bu mərhələyə
məcburiyyətlə yox, öz iradə
və istəyi ilə yüksəlməlidir.
Allahın insanları azad buraxmasının
səbəbi də məhz budur.
Böyük azadlıq neməti bir gülə
bənzəyir. Bu gülün yan-yörəsində
bəzi tikanlar bitir. O tikanlar da bəzi insanların
bu azadlıqdan pis niyyətlə istifadə
edib günah, zülm, fəsada düçar
olmalarıdır.
Allah azadlıqlardan fəsad, zülm və
günahlar yolunda istifadə edən şəxsləri
elə bəlalara düçar edərdi ki,
onlar bir daha gördükləri işləri
təkrar etməzdilər. Belə olan halda
daha heç kim azadlıqdan pis niyyətlə
istifadə etməzdi. Lakin bu təqdirdə
insan məcbur olub pisliklərdən əl
çəkər və bunun insan üçün
heç bir dəyəri olmazdı. İnsan
gərək, azad olsun və Allahın imtahanları
qarşısında sınaqlardan keçsin.
Bu yolla insan öz dəyərlərini nümayiş
etdirə bilər.
Burada daha bir məsələ var. O da budur
ki, əgər vəziyyət beləcə
davam edərsə- hər kəs istədiyi
yolla gedib ürəyi istəyəni edərsə,
bu təqdirdə Allahın dünyada qoyduğu
ədalət qanunu öz səlahiyyətini
itirər və qüvvədən düşər.
Buraya çatdıqda məlum olur ki, insanlar
üçün bir məhkəmə təyin
olunmuşdur. İnsanlar istisnasız olaraq
bir nəfər kimi bu məhkəmədə
hazır olmalı, öz əmələrinin
cəza və ya mükafatını almalıdırlar.
Nəmrud, Firon, Yezid kimi şəxsiyyətlərin
dünyada törətmədikləri cinayət
qalmamışdır. Heç mümkündürmü
ki, günahkarlarla olan haqq-hesab çəkilməsin?
Allahın ədalət tərəzisində
möminlərlə kafirlər, günahkarlarla
günah etməyənlər bərabər
ola bilərmi? Quranın dili ilə desək:
«Məgər biz, müsəlmanları kafirlərlə
eynimi tutacağıq? (Ey kafirlər! Siz dünyada
yoxsul möminlərdən mal-dövlətcə
üstün olduğunuz kimi, axirətdə
də onlardan üstün olacağınızı
iddia edirsiniz?) Sizə nə olub, necə
mühakimə yürüdürsünüz?»
«(Nun, 35,36). Yaxud başqa bir ayədə
oxuyuruq: «Yoxsa, biz Allahdan qorxub pis əməllərdən
çəkinənləri günahkarlara tay
edəcəyik?» (Sad, 28).
Düzdür, bəzən zalım və
günahkarlar öz əməllərinin
cəzasını çəkir, vicdan məhkəməsi
öz mühakiməsini yürüdür,
başqalarına quyu qazanlar özləri
quyuya düşürlər. Lakin bunlar ümumi
deyil. Yəni, bütün zalımlar elə
bu dünyadaca öz cəzalarını
çəkmirlər, yaxud başqalarına
quyu qazanların hamısı özləri
quyuya düşmürlər. Çox zalım,
günahkar və pis insanlar var ki, bu dünyada
heç bir dəfə də əziyyət
çəkmirlər. Bu cür insanları
cəzalandırmaq və bütün insanların
əməllərinə baxmaq üçün
ədalətli bir məhkəmə lazımdır.
O məhkəmədə iynə ucu qədər
əməl də yoxlanılmalı, cəza
və ya mükafatını almalıdır.
Əks təqdirdə, ədalət tam şəkildə
təmin olunmaz. Buna əsasən Allahın
varlığını və onun ədalətini
qəbul etməklə ölümdən
sonrakı həyatı, məadı qəbul
etmək bərabərdir. (Yəni, bir nəfər
Allahı, onun ədalətini qəbul edirsə,
qiyaməti də qəbul etməlidir. Əgər
qiyamət və məadı qəbul etmirsə,
Allah və onun ədalətini də qəbul
etmir.) Bu iki şey heç vaxt bir-birindən
ayrılmaz.
Qiyaməti
bu dünyada dəfələrlə görmüşük
Quran ayələrindən asanlıqla məlum
olur ki, bütpərəstlər və digər
kafirlər təkcə peyğəmbərin
dövründə yox, eləcə də
başqa zamanlarda məad- öldükdən
sonra dirilmə məsələsinə təəccüblə
yanaşırdılar. Hətta bu məsələni
onu irəli sürən şəxsin dəliliyinə
sübut gətirərək bir-birlərinə
nə deyirdilər: «Sizə siz parça-parça
olub dağılandan (çürüyüb
torpağa qarışandan) sonra yenidən
yaradılacağınızı (diriləcəyinizi)
xəbər verən bir adam göstərəkmi?»
(Səba, 7). (Məlumdur ki, bu söz istehza
mənasında deyilmişdir). Həqiqətən,
o zaman elmin olmaması və düşüncələrin
aşağı səviyyədə olması
nəticəsində ölümdən sonrakı
həyata inam bəsləmək bir növ
dəlilik və Allaha töhmət kimi hesab
olunurdu. Ölmüş şəxsin yenidən
diriləcəyini iddia edən şəxs
dəli kimi qələmə verilirdi. Maraqlı
burasıdır ki, Quran bu fikirlərə
qarşı müxtəlif cavablar vermiş,
sübutlar irəli sürmüşdür.
Bu sübutlardan hər kəs öz düşüncəsi
qədər istifadə edə bilər. Quranın
bu cavablarını açıqlamaq üçün
geniş bir kitab yazılmalıdır. Lakin
bunların bir hissəsini oxucuların nəzərinə
çatdırırıq:
1.Quran bəzən onların qiyaməti,
öldükdən sonra dirilməni bu dünyada
dəfələrlə müşahidə
etdiklərini bildirərək onlara cavab verir:
«Buludları hərəkətə gətirən,
küləkləri göndərən Allahdır.
Biz o buludları quru (ölü) bir məmləkətə
tərəf qovub onunla öldükdən
sonra torpağı dirildirik. Ölüləri
diriltmək də belədir.» (Fatir, 9).
Qış fəslində təbiətə
nəzər saldıqda hər tərəfdən
ölü iyi gəlir. Ağaclarda nə
yarpaq olur, nə gül, nə də meyvə.
Quru budaqlar hərəkətsiz şəkildə
yerlərində donub qalmışlar. Nə
bir ağac tumurcuqlayır, nə bir budaq
çiçək açır. Dağlarda,
meşələrdə heç bir oyanış
gözə dəymir. Bahar yetişdikdə
isə, hava yavaş-yavaş ilıqlaşır.
Bərəkət yağışları
yağmağa başlayır. Birdən-birə
təbiətdə yenilik əmələ
gələrək hər tərəf oyanır.
Otlar bitir, ağaclar yarpaq açır, çiçəklər,
tumurcuqlar gözə dəyirlər. Quşlar
ağaclarda özlərinə yuva qurmağa
başlayırlar. Sanki, qiyamət baş
verir. Əgər ölümdən sonrakı
həyatın mənası olmasaydı, biz
bu səhnəni hər il öz gözümüzlə
müşahidə etməzdik. Ölümdən
sonra dirilmək iddiası dəlilik nişanəsi
olsaydı, bu səhnə hər il təkrar
olunmazdı. Torpağın, təbiətin
ölümdən sonra dirilməsi, yaxud insanın
ölümdən sonra dirilməsi arasında
nə fərq var?
2.Bəzən kafirləri, yaranışlarının
əvvəlinə qaytararaq ilk vaxtlarını
yadlarına salır. Müşrik bir ərəb
çöldən bir parça çürümüş
sümük tapıb belə güman etdi
ki, bunun vasitəsi ilə gedib Məhəmmədin,
ölülərin diriləcəyi barəsində
dediklərini batil edəcək. Peyğəmbərin
huzuruna gələrək: «De, görüm,
bu cür çürümüş sümükləri
kim dirildə bilər»-deyərək fəryad
etdi. Peyğəmbər aşağıdakı
ayə ilə onun cavabını verdi: «Onları
ilk dəfə yoxdan yaradan dirildəcəkdir»
(Yasin, 79). İnsanın ilk dəfə yaranması
ilə yenidən dirilməsi arasında nə
fərq var?
Bu məsələ digər ayələrdə
çox kiçik, lakin mənalı bir ifadə
ilə açıqlanmışdır: «(Qiyamət
günü insanları) ilk dəfə (yoxdan)
yaratdığımız kimi dirildib əvvəlki
halına salarıq.» (Ənbiya, 104).
3.Bəzən Allahın yer və göyün
yaradılışındakı böyük
əzəmətini yada salaraq buyurur: «Məgər
göyləri və yeri yaradan (bir daha) onlar
kimisini yaratmağa qadir deyilmi? Əlbəttə
qadirdir. (Hərşeyi)yaradan və (hər
şeyi) bilən odur! Bir şeyi (yaratmaq)
istədiyi zaman Allahın buyruğu ona ancaq:
«Ol!»deməkdir. O da dərhal olar.» (Yasin,
81, 82). Buna şəkk-şübhə edənlər
fikir və düşüncələri aşağı
səviyyədə olan insanlar olmuşlar.
4.Bəzən da enerjilərin qiyamət və
qayıdışını insanların
yadına salaraq məad məsələsini
onlara xatırladır: «O yaradan ki, sizin üçün
yaşıl ağacdan od gətirdi və
siz indi həmin oddan istifadə edirsiniz, o,
ölüləri diriltməyə qadirdir.»
(Yasin, 80). Quranın bu ifadəsinə bir
az diqqət yetirdikdə və müasir elmlərdən
kömək istədikdə elm bizə anladır
ki, ağac parçasını yandırdıqda
və həmin budaqdan od əmələ
gəldikdə istiliyi də olacaqdır.
Bu istilik ağacın neçə illərlə
yığıb saxladığı günəşin
istilik və enerjisidir. (Bunu da xatırladaq
ki, yalnız yaşıl ağaclar günəş
hərarətini özündə saxlayıb
bir müddətdən sonra xaric edə bilir).
Biz belə güman edirdik ki, günəşin
enerjisi itib aradan gedir, lakin indi məlum olur
ki, həmin enerji yenidən canlanır və
yeni libas geyir.
Günəşin istilik və enerjisini ağacın
tərkibində neçə illərlə
saxlamağa, sonra onu birdən-birə xaricə
çıxarmağa qadir olan Allahın ölüləri
diriltməyə qüdrəti çatmazdı?
Görün, Quran məad məsələsinə
şəkk-şübhə edənlərə
necə qəti cavablar vermişdir. Biz bu
cavab və sübutların yalnız bir hissəsini
qələmə aldıq. Beləliklə
də, Quran məadın mütləq baş
verəcəyini bildirir.

|