| |
10.
Yunus (Yunus əleyhissəlam)
surəsi (Məkkədə nazil olmuşdur, 109 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1.Əlif, Lam, Ra. Bunlar hikmətlə
dolu Kitabın (Qur’anın) ayələridir!
2. İçərilərindən bir
adama: "İnsanları (Allahın əzabı ilə) qorxut,
iman gətirənləri (yaxşı əməllərinə
görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi
ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa
təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən,
açıq-aşkar bir sehrbazdır!" dedilər.
3. Rəbbiniz göyləri və yeri
altı gündə xəlq edən, sonra ərşi yaradıb
hökmü altına alan (ərşə üz tutan), hər
işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan
heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz
olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət
qəbul etməyəcəksiniz?
4. Hamınızın (axır) dönüşü
Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun
hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu)
yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər
görənləri ədalətlə mükafatlandırmaq
üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri
etdikləri küfrlərə görə qaynar su (cəhənnəm
içkisi həmim) və şiddətli bir əzab gözləyir!
5. Günəşi işıqlı
(parlaq), ayı nurlu edən, illərin sayını və hesabı
biləsiniz deyə, ay üçün mənzillər müəyyən
edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı.
O, ayələrini anlayıb bilən bir tayfa üçün
belə müfəssəl izah edər!
6. Gecə ilə gündüzün
bir-birinin ardınca gəlməsində, Allahın göylərdə
və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün
(Onun birliyini və qüdrətini sübut edən) dəlillər
vardır.
7. Bizimlə qarşılaşacaqlarına
(qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza
yetişəcəklərinə) ümid etməyənlərin,
(axirətdən vaz keçərək) dünyanı bəyənib
ona bel bağlayanların və ayələrimizdən qafil olanların
-
8. Məhz onların qazandıqları
günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
9. İman gətirib yaxşı işlər
görənlərin Rəbbi iman gətirdiklərinə görə
hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne’mətli)
Nəim cənnətlərində onların (qəsrləri,
köşkləri) altından çaylar axar. [Və ya Rəbbi
onlara imanları müqabilində (ağacları) altından
çaylar axan Nəim cənnətlərinə yol göstərər].
10. Onların oradakı (mö’minlərin
Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan,
müqəddəssən!", orada salamlaşması: "Salam!" duası:
"Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir.
11. Əgər Allah insanlara, xeyri tezliklə
istədikləri kimi, şəri də o teliklə versəydi,
şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu.
(Allah insanların yaxşı dualarını tez qəbul etdiyi
kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal
qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər.
Allah bəndələrinə əzab verməkdə tələsməz,
özlərini islah edib pis əməllərdən çəkinmək
üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına
ümid etməyənləri öz azğınlıqları
içərisində şaşqın bir vəziyyətdə
qoyarıq!
12. İnsana bir sıxıntı (xəstəlik,
yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq
üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan
qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç
dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür
etməyi də unudub yaramaz işlərində davam edər).
Həddi aşanlara etdikləri əməllər beləcə
yaxşı göstərildi.
13. Sizdən əvvəl neçə-neçə
nəsilləri (ümmətləri) peyğəmbərləri
özlərinə açıq-aşkar mö’cüzələr
gətirdikləri halda (onlara) zülm etdikləri və iman
gətirəsi olmadıqları üçün məhv etdik.
Biz günahkarları belə cəzalandırırıq.
14. Onların ardınca yer üzünün
varisləri sizi tə’yin etdik ki, görək özünüzü
necə aparacaqsınız.
15. (Müşriklərə) ayələrimiz
açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab
üçün) Bizimlə qarşılaşacaqlarına ümid
etməyənlər: "Bundan ayrı bir Qur’an gətir və ya
onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına
(istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq
mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə
asi olsan, (müsibəti) böyük günün (qiyamət
gününün) əzabından qorxuram".
16. De: "Əgər Allah istəsəydi,
mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi.
Mən ondan (Qur’an nazil ediləndən) qabaq sizin aranızda
(qırx il) ömür sürmüşəm. ( Bu müddət
ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız.
Qırx yaşından sonra mən sizə necə yalan deyə
bilərəm?) Məgər (Qur’anın mənim sözlərim
deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?"
17. Allaha iftira yaxan, Onun ayələrini
yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar
nicat tapa bilməzlər!
18. Onlar Allahı qoyub özlərinə
nə bir xeyir, nə də bir zərər verə bilən
bütlərə ibadət edir və: "Bunlar Allah yanında
bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər.
De: "Allaha göylərdə və yerdə (Özünə
şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz?
Allah Özünə şərik qoşulan bütlərdən
uzaqdır və ucadır!"
19. İnsanlar (əvvəlcə) ancaq
tək bir ümmət idilər (eyni bir dində idilər).
Sonra (aralarında ixtilaf düşdüyü üçün)
ayrıldılar. Əgər Rəbbin tərədindən öncə
bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual
və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları
məsələlər barəsində aralarında dərhal
hökm verilmişdi.
20. Müşriklər: "Barı, Peyğəmbərə
(bizə dediklərinizin doğru olduğunu bilməyimiz üçün)
Rəbbi tərəfindən bir mö’cüzə nazil ediləydi!"
- deyirlər. Onlara belə cavab ver: "Qeyb (aləmi) ancaq Allaha
məxsusdur. Elə isə (Allahın əzabını gözləyin).
Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!"
21. İnsanların başına gələn
bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik)
dadızdırsaq, (ayələrimiz barəsində) dərhal
hiylə qurmağa girişərlər. De: "Allah daha tədbirlidir".
Şübhəsiz ki, elçilərimiz (mələklər)
qurduğunuz hiylələri (əməl dəftərinizə)
yazırlar!
22. Sizi suda və quruda gəzdirən
Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl
bir külək vasitəsilə içərisində olanları
apardığı, onlar da sevindikləri vaxt birdən fırtına
qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə
hücum etdikdə və müsafirlər dalğaların onları
bürüdüyünü (həlak edəcəyini) başa
düşdükdə siqdi-ürəkdən Allahın dininə
sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu
təhlükədən qurtarsan, Sənə şükür
edənlərdən olarıq!"
23. Onları xilas edincə yer üzündə
haqsız yerə zülm etməyə, azğınlığa
başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani
dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza
qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə
xəbər verəcəyik.
24. Həqiqətən, (ne’mətləri,
cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı
göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə
insanların və heyvanların yeyəcəyi bitkilər yetişib
(əlvan çiçəklər və müxtəlif meyvələrlə)
bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib
süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini)
yığmağa qadır olduqlarını zənn etdikləri
vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr
və Biz onu, dünən üzərində bol məhsul olmamış
kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi
düşünən bir ümmət üçün belə
ətraflı izah edirik!
25. Allah (bəndələrini) əmin-amanlıq
yurduna (Cənnətə) çağırır və istədiyini
doğru yola salır!
26. Yaxşı işlər görənləri
Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir.
Onların üzünə nə bir toz (ləkə), nə
də bir zillət qonar. Onlar cənnətlikdirlər və
orada əbədi qalacaqlar!
27. Günah qazananlara günahları
qədər cəza verilər. Onları zillət basar (bürüyər).
Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara
bilməz. Onların üzü, sanki gecənin zülmət
parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər,
özləri də orada əbədi qalacaqlar!
28. O gün onların hamısını
(haqq-hesab çəkmək üçün bir yerə) yığacaq,
sonra müşrikləri: "Siz də, Allaha qoşduğunuz şərikləriniz
(bütləriniz) də yerinizdə durun!" - deyəcək və
onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq.
Şərikləri (bütlər) dilə gəlib deyəcəklər:
"Siz bizə ibadət etmirdiniz".
29. Sizinlə bizə aramızda təkcə
Allahın şahid olması yetər. Biz (eşitməz, görməz
və duymaz olduğumuz üçün) sizin bizə ibadət
etməyinizdən xəbərsiz idik!"
30. Orada hər kəs əvvəlcə
gördüyü iş barəsində xəbər (hesabat)
verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna
qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri
bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.
31. (Ya Rəsulum!) De: "Sizə göydən
və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə
sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən
ölü çıxardan kimdir? Hər işi düzüb qoşan
(səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər.
De: "Bəs onda Allahdan qorxmursunuz?"
32. O sizin həqiqi Rəbbiniz olan Allahdır.
Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?!
Belə isə (haqdan) necə döndərilirsiniz?"
33. (Allahın itaətindən çıxmış)
fasiqlərin iman gətirməyəcəkləri barədə
Rəbbinin sözü (hökmü) belə kerçək oldu.
(Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün
Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu).
34. (Ya Rəsulum!) De: "Allaha qoşduğunuz
şəriklər işərisində məxluqu (insanları)
yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü
haqq-hesab üçün yenidən həyata) qaytara bilən
bir kəs varmı?" De: "Allah məxluqu yoxdan yaradır, (öldükdən)
sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır.
Elə isə (haqdan) necə döndərilirsiniz?"
35. De: "Şərikləriniz içərisində
(insanları) haqq yola yönəldə bilən bir kimsə
varmı?" (Sənə cavab verə bilməyən müşriklərə)
de: "Allah (insanları) haqq yola yönəldir. Belə olduqda
doğru yola yönəldən kəs arxasınca gedilməyə
daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə
özü onu tapa bilməyən kəs? Sizə nə olub?
Necə mühakimə yürüdürsünüz?"
36. Onların əksəriyyəti
ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola
bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!
37. Bu Qur’an Allahdan başqasına yalandan
aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən
uydurula bilməz). Lakin o özündən əvvəlkiləri
(Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı
hökmləri) ətraflı izah edər. Onun aləmlərin
Rəbbi tərəfindən nazil edilməsinə heç bir
şübhə yoxdur!
38. Yoxsa: "(Peyğəmbər) onu özündən
uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə,
ona (Qur’ana) bənzər bir surə gətirin və Allahdan başqa,
kimə gücünüz çatırsa, onu da (köməyə)
çağırın!"
39. Xeyir, o kafirlər elmini qavraya bilmədikləri
və hələ yozumu (müşriklərə, kafirlərə
və’d edilmiş əzab) onlara gəlib çatmamış
Qur’anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də
(Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini)
təkzib etmişdilər. Bir gör zalımların axırı
necə oldu!
40. (Kafirlər) içərisində
ona (Qur’ana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad
tö’rədənləri daha yaxşı tanıyandır!
41. Əgər səni yalançı
hesab etsələr, de: "Mənim əməlim mənə, sizin
əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin
sizə, sizin etdiyiniz əməllərin mənə heç
bir dəxli yoxdur!"
42. Onların içərisində (Qur’an
oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər)
də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara
sənmi eşitdirə bilcəksən?!
43. Onların içərisində sənə
baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, mö’cüzələri
görənlər də) vardır. Bəsirəti olmayan korlara
doğru yolu sənmi göstərə biləcəksən?!
44. Həqiqətən, Allah insanlara
zərrəcə zülm etməz, lakin insanlar özləri
özlərinə zülm edərlər!
45. (Allah müşrikləri) gündüz
bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı
gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla
qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz
ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.
46. (Ya Rəsulum! Kafirlərə) və’d
etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək
də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq
(canını alsaq) da, bil ki, onların axır dönüşü
Bizədir. Allah onların nə etdiklərinə şahiddir!
47. Hər ümmətin bir peyğəmbəri
vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında
ədalətlə hökm olunar və onlara zülm edilməz!
48. (Kafirlər: ) "Əgər doğru
danışırsınızsa, (bir xəbər verin görək)
bu və’d etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?"
- deyə soruşarlar.
49. (Ya Rəsulum!) De: "Allahın istədiyindən
başqa, mən özümə nə bir xeyir, nə də
bir zərər verə bilərəm. Hər ümmətin
(əzəldən müəyyən olunmuş) bir əcəl
vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə
uğrama, əzaba, müsibətə düçar olma çağı)
vardır. Onların əcəli gəlib çatdıqda (ondan)
bircə saat belə nə geri qalar, nə də irəli keçərlər".
50. De: "Bir deyin görək. Əgər
(Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə
(nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə)
niyə tələsirlər?
51. O əzab gəldikdən sonramı
ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini
istəyirsiniz!"
52. Sonra zülm edənlərə:
"Dadın əbədi əzabı. Siz ancaq qazandığınız
günahlara görə cəzalandırılırsınız!"
- deyiləcək.
53. (Ya Peyğəmbərim!) Səndən:
"O (bizi qorxutduğun əzab və ya qiyamət günü)
doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab
ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı
qurtara bilməzsiniz!"
54. Əgər zülm etmiş bir
şəxs yer üzündə olan hər şeyə sahib
olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün)
fidyə verərdi. Onlar əzabı gördükləri zaman
için-için peşman olarlar. İnsanlar arasında ədalətlə
hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o
birinin boynuna qoyulmaz və heç kəsə günahından
artıq cəza verilməz).
55. Bilin ki, göylərdə və
yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz
olsun ki, Allahın və’di haqdır, lakin (kafirlərin) əksəriyyəti
(bunu) biləz!
56. Dirildən də, öldürən
də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!
57. (Ey insanlar!) Sizə Rəbbinizdən
bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə,
şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə
hidayət və mərhəmət (Qur’an) gəlmişdir!
58. (Ya Rəsulum!) De: "Allahın ne’məti
və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu
onların yığdıqlarından (fani dünya malından)
daha xeyirlidir!"
59. De: "Allahın sizə ruzi olaraq
(göydən) nə endirdiyini gördünüzmü ki, onun
bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə)
Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?"
60. Allaha iftira yaxanların qiyamət
günü barəsindəki zənləri nədən ibarətdir?
(Onlara əzab verilməyəcəyinimi güman edirlər?)
Allah insanlara qarşı mərhəmətlidir, lakin onların
əksəriyyəti (Allahın ne’mətlərinə və
mərhəmətinə) şükür etməz!
61. (Ya Peyğəmbərim!) Sən
nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə
birlikdə) nə iş görsəniz, onlara daldığınız
(onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə
və göydə zərrə qədər bir şey sənin
Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik
elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda)
olmasın!
62. Bilin ki, Allahın dostlarının
heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
63. O kəslər ki, iman gətirmiş
və pis əməllərdən çəkinmişlər -
64. Onlara dünyada da, axirətdə
də müjdə vardır. Allahın sözləri (verdiyi
və’dlər) heç vaxt dəyişməz. Bu, böyük
qurtuluşdur (uğurdur)!
65. (Ya Peyğəmbərim!) Onların
(kafirlərin boş, mə’nasız) sözləri səni kədərləndirməsin.
Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız
Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!
66. Bilin ki, göylərdə və
yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar
- bütün canlılar, bütün məxluqat) hamısı
Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar
həqiqətdə Allaha qoşduqları şəriklərə
tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik
olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə
uyar və yalandan başqa bir şey deməzlər.
67. Gecəni dincəlməyiniz üçün
(qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız
üçün) işıqlı edən Odur. Həqiqətən,
bunda (Allah kəlamını) eşidənlər üçün
(ibrətamiz) dəlillər vardır.
68. (Müşriklər: ) "Allah Özünə
övlad götürdü!" dedilər. Allah pak və müqəddəsdir.
O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə
və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın
Özünə övlad götürməsi barədə) sizin
əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz
şeyimi deyirsiniz?
69. (Ya Rəsulum!) De: "Allaha qarşı
yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!"
70. (Onlar üçün) dünyada
bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza
qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə
onlara çox şiddətli bir əzab daddıracağıq!
71. (Ya Rəsulum!) Müşriklərə
Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə
belə demişdi: "Ey ümmətim! Əgər aranızda
qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət
verməyim sizə ağır gəlirsə, mən (sizin mənə
qarşı bütün pis niyyətlərinizdən) Allaha
təvəkkül edirəm. Şəriklərinizlə birlikdə
(mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın.
Görəcəyiniz iş gizli qalmasın (onu mənə də
bildirir), sonra mənə heç möhlət də verməyib
haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
72. Əgər siz (mənim öyüd-nəsihətimdən,
də’vətimdən) üz çevirsəniz, (bilin ki) mən
(bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm.
Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə
müsəlmanlardan (özünü Allaha təslim edənlərdən)
olmaq əmr edilmişdir!"
73. Onlar yenə də Nuhu yalançı
hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara
nicat verdik, onları (yer üzünə) varislər (xələflər)
etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb
boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin)
axırı necə oldu!
74. Nuhun ardınca öz ümmətlərinə
peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə)
açıq-aşkar mö’cüzələr gətirmişdilər.
Bunlar isə öncə (peyğəmbər gəlməzdən
əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər.
Biz (küfr etməklə, günah işləməklə)
həddi aşanların ürəklərini belə möhürləyirik.
75. Onlardan sonra Musanı və Harunu
Fir’ona və camaatına açıq mö’cüzələrlə
peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi)
özlərinə sığışdırmadılar və
günahkar bir tayfa oldular.
76. Onlara Bizim tərəfimizdən
haqq gəldikdə: "Bu, aşkar bir sehrdir!" - dedilər.
77. Musa onlara belə dedi: "Məgər
sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz?
Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!"
78. Onlar (Musaya və Haruna): "Bizi atalarımızın
tapındığı dindən döndərmək, özünüz
də yer üzündə böyüklük etmək üçünmü
gəldiniz? Biz sizə iman gətirən deyilik!" - dedilər.
79. Fir’on: "Nə qədər bilikli
sehrbaz varsa, gətirin!" - dedi.
80. Sehrbazlar gəldikdə Musa: "Nə
atacaqsınızsa, atın (istədiyiniz əsaları və
kəndirləri yerə atın!)" - dedi.
81. Onlar (əllərindəkini yerə)
atdıqda Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey
sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad
törədənləri sevməz!
82. Günahkarlar istəməsələr
də, Allah sözləri (əmr və hökmləri) ilə
haqqı gerçəkləşdirəcək (bərqərar
edəcəkdir)!"
83. Fir’onun və ə’yanlarının
bəlası qorxusundan Musaya öz qövmündən (və
ya Fir’on camaatından) yalnız kiçik bir dəstə (nəsil)
iman gətirdi. Çünki Fir’on o yerdə hakim idi. O, (küfr
və azğınlıq etməkdə) həddi aşmışdı.
84. Musa dedi: "Ey qövmüm! Əgər
Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül
edin!"
85. Onlar dedilər: "Biz yalnız Allaha
təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın
fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa
çəkmə!
86. Və bizi öz mərhəmətinlə
kafirlərin əlindən qurtar!"
87. Musaya və qardaşına: "Camaatınız
üçün Misirdə evlər tikdirib onları qiblə
(namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə,
Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik.
88. Musa dedi: "Ey Rəbbimiz! Sən Fir’ona
və ə’yan-əşrafına dünyada zinət və mal-dövlət
ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini)
Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz!
Onların mal-dövlətini məhv et və ürəklərini
möhürlə (sərtləşdir) ki, şiddətli əzabı
görməyincə iman gətirməsinlər!"
89. (Allah) buyurdu: "Hər ikinizin duasını
qəbul etdim. Siz (öz də’vətinizdə və təbliğinizdə)
sabitqədəm olun və cahillərin yoluna uymayın!
90. İsrail oğullarını dənizdən
(sağ-salamat) keçirtdik. Fir’on və əsgərləri zalımcasına
və düşməncəsinə onların arxasınca düşdülər.
(Fir’on) batacağı anda: "İsrail oğullarının inandıqlarılarından
başqa tanrı olmadığına iman gətirdim. Mən
artıq (Ona) təslim olanlardanam!" - dedi.
91. İndimi? (Bütün var-dövlətin,
hakimiyyətin əlindən çıxdıqdan sonramı iman
gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı
çıxmış və fitnə-fəsad törədənlərdən
olmuşdun!
92. Səndən sonrakılara bir ibrət
olsun deyə, bu gün səni xilas edəcəyik (sənin
cansız bədənini sahilə atacağıq). Həqiqətən,
insanların çoxusu ayələrimizdən qafildir!
93. İsrail oğullarına (Misirdə
və Şamda) çox gözəl bir yerdə təmiz (halal)
ruzi verdik. Onlar özlərinə bir elm (Qur’an) gələnə
qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda
Muhəmməd peyğəmbər haqqında oxumuşdular,
onun əlamətlərini bilir və gələcəyinə
inanırdılar. Lakin Qur’an nazil olduqda həsədləri üzündən
əksəriyyəti onun peyğəmbərliyini inkar etdi).
Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları
məsələlər barəsində aralarında hökm
verəcəkdir!
94. (Ya Peyğəmbərim!) Əgər
sənə nazil etdiyimizə şübhə edirsənsə,
(bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan
(Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə,
sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə
edənlərdən olma!
95. Allahın ayələrini təkzib
edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!
96. Həqiqətən, əleyhinə
sənin Rəbbinin sözü gerçəklənmiş olanlar
iman gətirməzlər!
97. Onlara hər hansı bir ayə
gəlsə, şiddətli əzabı görməyincə
(inanmazlar).
98. Əzab gəlməkdə ikən
Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə
fayda verə bilən bir məmləkət əhli vardırmı?
(Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı
rüsvayçılıq əzabından qurtardıq və onlara
bir müddət (ömürlərinin axırınadək)
gün-güzəran verdik.
99. Əgər Rəbbin istəsəydi,
yer üzündə olanların hamısı iman gətirərdi.
İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!
(Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı
təbliğ etməkdir).
100. Heç kəs Allahın izni olmadan
iman gətirə bilməz (buna görə də əbəs
yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini,
hökmlərini) anlamayanları əzaba (kəsafətə)
düçar edər.
101. De: "Bir gör göylərdə
və yerdə (Allahın birliyini və qüdrətini sübut
edən) nələr var. Lakin iman gətirməyən bir tayfaya
ayələr və (Allahın əzabı ilə qorxudan) peyğəmbərlər
heç bir fayda verməz!
102. Onlar ancaq özlərindən əvvəl
gəlib-gedənlərin günləri (başlarına gələn
müsibətlər) kimi bir gün gözləyirlər!" De:
"Gözləyin, doğrusu, mən də sizinlə birlikdə
gözləyənlərdənəm!"
103. Sonra peyğəmbərlərimizi
və iman gətirənləri xilas edərik. Mö’minləri
(verdiyimiz və’də əməl edərək) belə xilas
etmək Bizə vacibdir.
104. De: "Ey insanlar! (Ey Məkkə müşrikləri!)
Əgər mənim dinim bardəsində şübhəyə
düşmüsünüzsə, (bilin ki) mən Allahı
qoyub tapındığınız başqa bütlərə
ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha
ibadət edirəm. Mənə mö’minlərdən olmaq əmr
edilmişdir".
105. Və: "Batildən haqqa tapınaraq
üzünü islam dininə çevir, müşriklərdən
olma,
106. Allahdan başqa, sənə nə
bir xeyir, nə də zərər verə bilən şeylərə
(tanrılara və bütlərə) ibadət etmə! Əgər
belə etsən, şübhəsiz ki, özünə zülm
edənlərdən olarsan!, - deyə buyurulmuşdur.
107. Əgər Allah sənə bir
zərər toxundursa (sıxıntı versə), onu Özündən
başqa (səndən) heç kəs sovuşdura bilməz.
Əgər Allah sənə bir xeyir diləsə, heç kəs
Onun ne’mətini (lütfünü) geri qaytara bilməz. Allah
onu bəndələrindən istədiyinə nəsib edər.
O, bağışlayandır, rəhm edəndir.
108. (Ya Rəsulum!) De: "Ey insanlar! Artıq
Rəbbinizdən sizə haqq (Qur’an və Peyğəmbər)
gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru
yoldan azan isə özünə günah qazanar. Mən sizə
zamin deyiləm!"
109. Sənə nə vəhy gəlirsə,
ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə
qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!

|