| |
11.
Hud (Hud əleyhissəlam)
surəsi (Məkkədə nazil olmuşdur, 123 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1.Əlif, Lam, Ra! Bu, ayələri
himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən
təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş
bir Kitabdır ki,
2. Siz Allahdan başqasına ibadət
etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə)
qorxudan və (Cənnətlə) müjdələyənəm.
3. Və Rəbbinizdən bağışlanmağınızı
diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən
bir müddət (ömrünüzün sonunadək) sizə
yaxşı gün-güzəran versin və hər bir əməl
sahibinə (əməlinin) mükafatını ehsan buyursun.
Əgər (imandan, mənim də’vətimdən, öyüd-nəsihətimdən)
üz döndərsəniz, bilin ki, mən (müsibəti)
böyük günün (qiyamət gününün) sizə
üz verəcək əzabından qorxuram.
4. Siz məhz Allahın hüzuruna
qayıdacaqsınız. O, hər şeyə qadirdir!
5. Bilin ki, (kafirlər və münafiqlər)
Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini
Peyğəmbərdən və mö’minlərdən gizlətmək)
məqsədilə ikiqat olarlar (sinələrini bükərlər).
Xəbərdar olun ki, onlar libaslarına büründükdə
belə, Allah onların gizli saxladıqları və aşkar
etdikləri hər şeyi (bütün gizli və aşkar
əməllərini) bilir. Allah ürəklərdə olanları
biləndir.
6. Yer üzündə yaşayan elə
bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların
(ata belindəki, ana bətnindəki və ya dünyadakı)
sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb
dəfn ediləcək) yerlərini də bilir. (Bunların)
hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
7. Ərşi su üzərində
ikən hansınızın daha gözəl əməl (itaət)
sahibi olacağını sınayıb bilmək üçün
göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!)
Əgər desən ki: "Siz öləndən sonra, həqiqətən,
dirildiləcəksiniz!", kafir olanlar: "Bu, açıq-aşkar
sehrdən (yalandan) başqa bir şey deyildir!" - deyə cavab
verərlər.
8. Əgər onlara gələcək
əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza
ilə): "Bu əzabı gecikdirən (ona mane olan) nədir?"
- deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi
gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab
onları məhv edər.
9. Əgər insana Özümüzdən
bir ne’mət (mərhəmət) daddırsaq, sonra da onu geri
alsaq, şübhəsiz ki, o, mə’yus (ümidsiz) və nankor
olar.
10. Əgər başına gələn
bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib
etsək, mütləq: "Artıq fəlakətlər məndən
sovuşdu" - deyər və sözsüz ki, sevinib öyünər.
11. Səbr edənlər və yaxşı
işlər görənlər müstəsnadır. Məhz
onları (günahlardan) bağışlanma və böyük
bir mükafat gözləyir.
12. (Ya Rəsulum!) Müşriklərin:
"Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq
etmək üçün) ona bir xəzinə endiriləydi və
ya onunla birlikdə bir mələk gələydi!" - deməklərindən
dolayı, bəlkə də, sənə gələn vəhyin
bir hissəsini tərk etməli (bə’zi ayələri dərhal
təbliğ etməyib tə’xirə salmalı) olacaqsan və
(bə’zən) buna görə ürəyin qısılacaq!
Sən ancaq (müşrikləri və kafirləri Allahın
əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah
isə hər şeyə vəkildir!
13. Yoxsa (müşriklər): "Onu (Qur’anı)
özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər
doğru deyirsinizsə, onun kimi özünüzdən on surə
uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa,
onu da köməyə çağırın.
14. Yox, əgər (köməyə
çağırdıqlarınız) sizə cavab verməsələr,
bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa
heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) islamı
qəbul etməzmisiniz?
15. Kim (axirətdən vaz keçib)
dünyanı və onun bərbəzəyini istəyirsə,
Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət,
övlad, gözəl yaşayış) elə orada (dünyada)
verərik. Onların dünyadakı mükafatları əsla
azaldılmaz. (Dünyada yaxşı işlər görüb
e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi
əməlləri heç bir fayda verməz. Çünki Allah
ona dünyadakı yaxşı əməllərinin əvəzini
elə dünyanın özündə verər).
16. Belələrini axirətdə
atəşdən (cəhənnəm odundan) başqa heç
bir payı yoxdur. Onların dünyada gördükləri işlər
puç olar və bütün əməlləri boşa çıxar!
17. Məgər Rəbbindən açıq-aydın
bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid
(Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz
ümməti üçün) bir rəhbər və mərhmət
olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə
(dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?!
Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar)
Qur’ana inanırlar. (Ya Rəsulum!) Qur’anı inkar edən zümrənin
(bütün müşriklərin və kafirlərin) və’d
olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun
barəsində şübhəyə düşmə. O sənin
Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə
əhlinin) əksəriyyəti (buna) inanmaz!
18. Allaha iftira yaxandan (öz sözünü
yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar
Allahın hüzuruna gətirilər, şahidlər (mələklər,
peyğəmbərlər, bütün məxluqat, yaxud insanın
öz bədəninin üzvləri) belə deyərlər:
"Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!"
Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!
19. O kəslər ki, (insanları)
Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər
- onlar, məhz onlar axirəti inkar edənlərdir.
20. Onlar yer üzündə (Allahı)
aciz qoya (Allahın əzabından qaçıb canlarını
qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə
çata bilən də (əzabdan xilas etməyə qadir olan
da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı)
eşidə bilməz və (onu) görməzlər!
21. Onlar özlərinə zərər
eləyənlərdir. Yalandan uydurduqları bütlər də
onlardan uzaqlaşıb qeyb olacaqlar.
22. Şübhəsiz ki, axirətdə
də ən çox ziyana uğrayanlar onlardır!
23. İman gətirib yaxşı işlər
görənlər və ümidlərini Rəbbinə bağlayanlar
isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!
24. Bu iki tayfanın (kafirlərin və
mö’minlərin) vəziyyəti korla karın, görənlə
eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?!
Məgər ibrət almırsınız?
25. Həqiqətən, Biz Nuhu öz
tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən
sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan
bir peyğəmbərəm!
26. Allahdan başqasına ibadət
etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı)
günün (qiyamət gününün) sizə üz verəcək
əzabından qorxuram!"
27. (Nuh) tayfasının kafir ə’yan-əşrafı
dedilər: "Biz səni ancaq özümüz kimi (adi) bir insan
sayır, elə ilk baxışda yalnız içimizdəki
səfillərin (cütçü, pinəçi, dəmirçi,
dərzi və i. a.) sənə uyduğunu görürük.
Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün
olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı
hesab edirik!"
28. (Nuh) dedi: "Ey camaatım! Bir deyin
görək. Əgər mən Rəbbimdən açıq-aydın
bir dəlilə (mö’cüzəyə) istinad etsəm, Rəbbim
mənə Özündən bir mərhəmət (peyğəmbərlik)
bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz
gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz
halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!
29. Ey camaatım! Mən peyğəmbərliyi
təbliğ etməyə görə sizdən bir mal, mükafat
istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən
iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü)
öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi
cahil bir tayfa görürəm!
30. Ey camaatım! Əgər mən
onları qovsam, (bu hərəkətimə görə) məni
Allahın əzabından kim qurtara bilər? Məgər (səhv
etdiyinizi) düşünmürsünüz?
31. Mən sizə demirəm ki, Allahın
xəzinələri məndədir. Mən qeybi də bilmirəm.
Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin
xor baxdığınız kəslərə (iman gətirən
yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də
demirəm. Onların ürələrində olanı (hamıdan
yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri
qovsam və bu sözləri desəm), onda şübhəsiz
ki, zalımlardan olaram!"
32. Onlar dedilər: "Ey Nuh! Bizimlə
çənə-boğaz olub çox mübahisə etdin. Əgər
doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı
gətir görək!"
33. (Nuh) belə cavab verdi: "Onu istəsə,
ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz
buraxa (Allahın əzabından qaçıb canınızı
qurtara) bilməzsiniz.
34. Əgər Allah sizi (haqq yoldan)
sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən
sizə nəsihət vermək istəsəm də, heç
bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna
qaytarılacaqsınız!"
35. Yoxsa (Məkkə müşrikləri):
"O (Muhəmməd) onu (Qur’anı və ya Nuha dair xəbərləri)
özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver:
"Əgər mən onu özümdən uydururamsa, günahı
mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan
uzağam!"
36. Nuha belə vəhy olundu: "Əvvəlcə
iman gətirənlədrən başqa, tayfandan daha heç kəs
iman gətirməyəcək. Onların etdikləri əməllərə
görə kədərlənmə! (Biz tezliklə onları
məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)
37. Nəzarətimiz altında və
vəhyimiz üzrə (sənə öyrədəcəyimiz
kimi) gəmini düzəlt, zülm edənlər barəsində
mənə müraciət etmə (onların bağışlanmalarını
Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!"
38. (Nuh) gəmini düzəldir, ümmətinin
ə’yan-əşrafı isə yanından ötüb-keçdikcə
onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: "Əgər
(indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın
əzabı gəldikdə) sizi siz bizi məsxərəyə
qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
39. Onda rüsvayedici əzabın kimə
gələcəyini və kimin əbədi əzaba düçar
olacağını biləcəksiniz!"
40. Nəhayət, (onları məhv
etmək barəsində) əmrimiz gəldiyi və təndir
qaynadığı (təndirdən və ya yer üzündən,
yaxud gəminin qazanından su qaynayıb daşdığı)
zaman (Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi olmaqla
bir cüt, həmçinin əleyhinə (ölümünə)
əvvəlcədən hökm verilmiş şəxslər
istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri
gəmiyə mindir!" Əslində onunla birlikdə (tayfasından)
çox az adam iman gətirmişdi.
41. Nuh dedi: "Gəmiyə minin! Onun
(üzüb) getməsi də, dayanması da Allahın adı
ilədir. Həqiqətən, Rəbbim bağışlayandır,
rəhm edəndir!"
42. Gəmi onları dağlar kimi (yüksək)
dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən)
aralı olan oğlunu (Kən’anı) haraylayıb dedi: "Oğlum!
Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!"
43. (Oğlu ona) belə cavab verdi: "Mən
bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh dedi:
"Allahın rəhm etdiklərindən başqa, bu gün heç
kəs (insanları) Onun əzabından qoruya bilməz!" Nəhayət,
dalğa ata ilə oğulun arasına girib onları bir-birindən
ayırdı və o da suda boğulanlardan oldu.
44. (Allahdan bir əmr olaraq: ) "Ey yer!
Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!"
- deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin
məhv edilməsi barədə Allahın əmri yerinə
yetdi). Gəmi Cudi dağı üzərində oturdu və:
"Zalımlar məhv (Allahın mərhəmətindən uzaq)
olsun!" - deyildi.
45. Nuh Rəbbinə (dua ilə) müraciət
edib dedi: "Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə üzvlərimdəndir.
Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin
hakimisən!"
46. (Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən
deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür.
(Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı
iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən
istəmə. Sənə cahillərdən olmamağı tövsiyə
edirəm (məsləhət görürəm)".
47. (Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim
bir şeyi Səndən istəməkdən (belə bir işə
cür’ət etməkdən) Sənə sığınıram.
Əgər məni bağışlamasan, rəhm etməsən,
ziyana uğrayanlardan olaram!"
48. (Sonra) belə deyildi: "Ey Nuh! Sənə
və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək
(mö’min) ümmətlərə Bizdən əmin-amanlıq
və bərəkətlər bəxş edilməklə (gəmidən)
en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək)
bə’zi ümmətlərə də (dünyada) dolanışıq
verəcək, sonra isə (axirətdə) onları şiddətli
bir əzaba düçar edəcəyik!"
49. Bunlar (bu əhvalatlar) sənə
vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir.
Bundan qabaq onları nə sən, nə də ümmətin
bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və
kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən,
(gözəl) aqibət müttəqilərindir!
50. Ad tayfasına da qardaşları
Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım!
Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız
yoxudr. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!
51. Ey camaatım! Mən buna (peyğəmbərliyi
təbliğ etməyə) görə sizdən heç bir mükafat
istəmirəm. Mənim mükafatım yalnız məni yaradana
aiddir. Məgər dərk etmirsiniz?
52. Ey camaatım! Rəbbinizdən
bağışlanmanızı diləyin. Sonra Ona tövbə
edin ki, göydən sizə bollu (peydərpey) yağış
göndərsin, qüvvətinizin üstünə bir qüvvət
də artırsın. (Mənim də’vətimdən və imandan)
günahkar olaraq üz çevirməyin!"
53. Onlar da dedilər: "Ey Hud! Sən
bizə açıq-aşkar bir mö’cüzə gətirmədin.
Sənin sözünlə tanrılarımızı tərk
edən deyilik. Biz sənə inanmırıq!
54. Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız
(onlara tapınmağımızı qadağan etdiyinə görə)
sənə sədəmə (xətər) toxundurmuşdur (ona
görə də ağzına gələni danışırsan)".
(Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də
şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz
şəriklərdən uzağam!
55. Bircə Ondan (Allahdan) başqa!
(Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə
qarşı nə hiylə qurursunuzsa, qurun və mənə
heç möhlət də verməyin!
56. Mən özümün və sizin
Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə)
elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində
olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!
(Ədalət sahibidir. Hər kəsin cəzasını öz
əməli müqabilində verir. Heç kəsin haqqını
tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət,
kafirə isə Cəhənnəm qismət edir).
57. Əgər (imandan) üz çevirsəniz,
bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi,
buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim
yerinizə başqa bir ümmət gətirər və siz (Ona)
heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən,
Rəbbim hər şeyi hifz edəndir!"
58. (Hud tayfasının məhvi barəsində)
əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik
və onları şiddətli əzabdan qurtardıq!
59. Bu da Ad tayfasıdır! Onlar Rəbbinin
ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə
qarşı çıxdılar (peyğəmbərlərin
hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə
görə bir peyğəmbərə qarşı çıxan
kimsə bütün peyğəmbərlərə qarşı
çıxmış olur), başlarının üstündə
duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
60. Və, beləliklə, dünyada
da, qiyamət günündə də lə’nətə uğradılar.
Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz
olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən)
kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının
adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə
Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-birindən
fərqləndirmək üçün burada birinci Ad qəbiləsi
Hud qövmü adlandırılır).
61. Səmud qövmünə də
qardaşları Salehi (peyğəmbər göndərdik).
O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç
bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan)
yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan)
bağışlanmağınızı diləyin, sonra da Ona
tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti,
mərhəməti ilə yaratdıqlarına) yaxındır,
(duaları) qəbul edəndir!"
62. Onlar dedilər: "Ey Saleh! Sən
bundan əvvəl içərimizdə (böyüyümüz,
ağsaqqalımız olmağa) ümid edilən bir adam idin.
İndi atalarımızın ibadət etdiyinə (bütlərə,
tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən?
Doğrusu, biz sənin bizləri də’vət etdiyin (tövhid)
barədə şəkk-şübhə içindəyik".
63. (Saleh onlara) belə cavab verdi: "Ey
camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən
aşkar bir mö’cüzə olsa, O mənə Özündən
bir mərhəmət (peyğəmbərlik) lütf etsə,
mən də Ona asi olsam, məni Allahın əzabından kim
qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!
64. Ey camaatım! Allahın bu dişi
(maya) dəvəsi sizin üçün bir mö’cüzədir.
Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin,
yoxsa şiddətli bir əzaba düçar olarsınız!"
65. Onlar (dəvəni) tutub (ayaqlarından)
kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün
yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və’ddir
(sözdür) ki, yalan çıxmaz!"
66. (Saleh tayfasının məhvi barəsində)
əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik
və o günün rüsvayçılığından qurtardıq.
Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi,
qüvvət sahibidir!
67. O zülm edənləri qorxunc (tükürpədici)
bir səs bürüdü və evlərində diz üstə
çöküb qaldılar (bir göz qırpımında həlak
oldular).
68. Sanki onlar heç yaşamamışdılar.
Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz
olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən)
kənar (uzaq) oldu!
69. Həqiqətən, elçilərimiz
(mələklər) İbrahimə müjdə (İshaqın
anadan olacağı xəbərini) gətirib: "Salam!" - dedilər.
(İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal
(gedib onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin
yeməyə uzanmadıqlarını gördükdə onların
bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü.
Onlar dedilər: "Qorxma (biz Allahın mələkləriyik),
biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
71. (İbrahimin) arvadı (Sara pərdə
arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri
eşidib Lut tayfasının başına gələcək
müsibətdən qafil olduğuna sevinərək və ya
qoca yaşında oğlu olacağına təəccüblənərək)
güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca
Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya gələcəyi
ilə) müjdələdik.
72. (İbrahimin arvadı) dedi: "Vay
halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi
olduğu halda, mən necə doğa bilərəm?! Bu çox
təəccüblü bir şeydir!"
73. (Mələklər ona) dedilər:
"Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü
edirsən? Ey ev əhli! Allahın bərəkəti və
mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib
şükür olunmağa, öyülüb mədh edilməyə
layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir.
O, tükənməz və əvəzsiz ne’mət, ehsan və
kərəm sahibidir!)
74. İbrahimin qorxusu çəkildikdə
və ona (İshaqın doğulacağı haqqında) müjdə
gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə)
mübahisə etməyə başladı. (Əzabın onlardan
dəf edilməsini istədi).
75. Həqiqətən, İbrahim həlim
xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran
və özünü tamamilə (Allaha) təslim etmiş bir
zat idi. (İbrahimin mələklərlə mübahisəsi
onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).
76. (Mələklər dedilər: )
"Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək,
Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq
qarşısıalınmaz bir əzab gələcəkdir.
77. Elçilərimiz (mələklər)
Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl
qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü,
ürəyi sıxıldı və: "Bu, çox çətin
(başabəlalı) bir gündür!" - dedi.
78. Tayfası (qonaq gəldiyini bilən)
tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən
və mələkləri görməzdən) əvvəl də
pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm!
Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim
qızlarımdır (onlardan şəriətə müvafiq
surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin
üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz
əməllərinizlə) məni qonaqların yanında rüsvay
etməyin. Məgər aranızda (sizə yaxşı işlər
görməyi əmr edən, pis işləri yasaq edən)
ağlı başında bir adam yoxdur?"
79. Onlar dedilər: "Sənin qızlarına
heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını,
şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin
ki, bilirsən!"
80. (Lut) dedi: "Kaş sizə çatan
bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir
arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü
bir qəbiləyə pənah apara biləydim)!"
81. (Mələklər) dedilər:
"Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla
sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə
birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın.
Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab
övrətinə də toxunacaqdır. Onların (ölüm)
vaxtı səhərdir. Səhər yaxın deyilmi?"
82. (Lut tayfasının məhvi barəsində)
əmrimiz gəldiyi zaman o yurdun altını üstünə
çevirdik və üzərinə odda bişmiş (bir-birinə
bitişik) bərk daşlar yağdırdıq.
83. Onlara Rəbbinin dərgahında
əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə,
üstünə adı yazılmışdı). (Ya Rəsulum!)
O (daşlar sənin ümmətin içərisində olan)
zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və
küfrdən tövbə edib əl çəkməsələr,
onların da başına yağar).
84. Mədyən əhlinə də
qardaşları Şüeybi (peyğəmbər göndərdik).
O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa
heç bir tanrınız yoxdur. Ölçünü və çəkini
əskiltməyin. Mən sizi xeyir-bərəkət içində
(firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın
hökmlərinə riayət etməyəcəyiniz təqdirdə)
sizi (hər tərəfdən) bürüyəcək bir günün
əzabından qorxuram!
85. Ey qövmüm! Ölçüdə
və çəkidə düz (ədalətli) olun. İnsanların
heç bir şeydə haqqını əskiltməyin (adamların
mallarının dəyərini aşağı salmayın,
hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə
gəzib fitnə-fəsad törətməyin!
86. Əgər mö’minsinizsə,
(bilin ki, ölçüdə və çəkidə düz
olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada
və axirətdə) sizin üçün daha xeyirlidir. Mən
də sizə nəzarətçi deyiləm!"
87. Onlar (istehza ilə) dedilər: "Ey
Şüeyb! Atalarımızın tapındığı bütləri
tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət
etməkdən vaz keçməyimizi sənə namazınmı
(dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən,
çox ağıllısan!"
88. (Şüeyb onlara) belə cavab
verdi: "Ey qövmüm! Bir deyin görək! Əgər mən
Rəbbimdən aşkar bir mö’cüzə ilə gəlsəm
və Rəbbim mənə Öz dərgahından gözəl
(halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya
mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə
yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək
istəmirəm. Mən yalnız bacardığım qədər
sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim
yalnız Allahın köməyilədir. Mən yalnız Ona
təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
89. Ey qövmüm! Mənə qarşı
olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının
və Saleh qövmünün başına gələnləri
sizin də başınıza gətirməsin. Lut tayfası
da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik
etsəniz, onların başına gələn müsibətlər,
sizin də başınıza gələr).
90. Rəbbinizdən bağışlanmağınızı
diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim
(bəndələrinə) rəhm edəndir, (onları çox)
sevəndir!"
91. Onlar dedilər: "Ey Şüeyb!
Dediklərinin çoxunu başa düşmür və səni
aramızda zəif (gücsüz) görürük. Əgər
əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı,
səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün
əziz (hörmətli) bir adam deyilsən!"
92. (Şüeyb) dedi: "Ey qövmüm!
Məgər mənim əşirətim sizə Allahdan da əzizdir
ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim
(elmi ilə) nə etdiklərinizi biləndir!
93. Ey qövmüm! Əlinizdən
gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici
əzabın kimə gələcəyini və kimin yalançı
olduğunu biləcəksiniz. (Əzabı) gözləyin.
Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!"
94. (Şüeyb tayfasının məhvi
barəsində) əmriniz gəldikdə Özümüzdən
bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə
iman gətirənləri xilas etdik. O zülm edənləri
isə, dəhşətli (tükürpədici) bir səs
bürüdü və onlar öz evlərində diz üstə
çöküb qaldılar (bir göz qırpımında məhv
oldular).
95. Sanki onlar heç yaşamamışdılar.
Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın
rəhmətindən) uzaq (kənar) oldu!
96. Biz Musanı da mö’cüzələrimizlə
və açıq-aşkar bir (dəlillə) peyğəmbər
göndərdik -
97. Fir’ona və onun ə’yan-əşrafında.
Onlar Fir’onun əmrinə tabe oldular. Halbuki Fir’onun əmri düzgün
deyildi.
98. (Fir’on) qiyamət günü camaatının
qabağında gedib onları atəşə (Cəhənnəmə)
aparacaq; Onların düşəcəkləri yer necə də
pisdir!
99. Onlar burada (dünyada) da, qiyamətdə
(axirətdə) də lə’nətə düçar olmuşlar.
Onların qisməti necə də pisdir!
100. Bu, (məhv omuş) məmləkətlərin
xəbərlərindəndir ki, sənə söylədik.
Onların bə’zisindən əsər-əlamət qalmış,
bə’zisi isə yerlə yeksan olmuşdur.
101. Biz onlara zülm etmədik. Onlar
özləri özlərinə zülm etdilər. Allahdan qeyri
ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə
onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə
bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.
102. Rəbbin zülmkar məmləkətləri
əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan
da, ağrılı-acılıdır, şıddətlidir!
103. Bütün bu deyilənlərdə
axirət əzabından qorxan şəxs üçün həqiqi
bir ibrət dərsi vardır. Bu (bütün) insanların
bir yerə cəm ediləcəyi, hamının şahid olacağı
bir gündür.
104. Biz onu yalnız müəyyən
bir müddət üçün tə’xirə salmışıq.
105. (Qiyamət) gəldiyi gün (Allahın)
izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların
bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!
106. Bədbəxt olanlar od içərisində
(Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad
gözləyir.
107. Rəbbinin istədiyi (tövhid
və iman əhli) istisna olmaqla, onlar orada əbədi-göylər
və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini
edəndir. (Günahkar mö’minlər kafirlərdən fərqli
olaraq bir müddət Cəhənnəmdə qalıb günahları
təmizlənəndən sonra Allahın iznilə Cənnətə
daxil ediləcəklər).
108. Xoşbəxt olanlar isə Cənnətdədirlər.
Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil mö’minlərin
daha yüksək mərtəbələrə - ərşi-ə’laya
qalxması, bir müddət Cəhənnəmdə əylənməsi
və Allahın izni ilə onlara günahkarlardan ötrü
şəfaət etmək şərəfi nəsib olmasından)
əlavə, tükənməz bir ne’mət kimi göylər
və yer durduqca orada əbədi qalacaqlar.
109. Elə isə bunların (bütpərəstlərin)
tapındıqlarının (bütlərin) batil olmasına
şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə
ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər.
Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
110. Biz Musaya kitab (Tövrat) verdik və
onun (Qur’anın) barəsində də ixtilaf düşdü
(yəhudilərin bə’zisi isə inanmadı). Əgər
Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir)
olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz
ki, (hələ dünyada ikən) işləri bitmişdi.
(Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və
ya Məkkə müşrikləri) onun (Qur’anın) barəsində
də şəkk-şübhədədirlər!
111. Rəbbin, şübhəsiz ki,
onların hamısına əməllərinin cəzasını
verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!
112. (Ya Rəsulum!) Sənə əmr
edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər
(tövbə edib ardınca gedənlər) də düz (yolda)
olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın,
çünki O sizin nə etdiklərinizi görəndir!
113. Zülm edənlərə (rəğbət
bəsləməklə, kömək göstərməklə)
meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik
olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız)
yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından
heç bir) kömək olunmaz!
114. (Ya Rəsulum!) Namazı gündüzün
iki başında (günortadan əvvəl və sonra, yə’ni
səhər, günorta və gün batan çağı və
ya günün iki başında, yə’ni səhər-axşam)
və gecənin (gündüzə yaxın) bə’zi saatlarında
(axşam və gecə vaxtı) qıl. Həqiqətən,
(beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri
(kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını
və cəzasını) yada salanlara öyüd-nəsihətdir
(xatırlatmadır).
115. (Müşriklərin və kafirlərin
əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər
görənlərin mükafatını zay etməz!
116. Barı, sizdən əvvəlki
nəsillərin ağıl və fəzilət (hünər)
sahibləri yer üzündə fitnə-fəsad törətməyi
qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi
istisnadır. (Onlar keçmiş peyğəmbərlərin
əshabələridir ki, insanlara yaxşı işlər görməyi
əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar
isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə)
uydular və günahkar oldular.
117. Məmləkətlərin əhalisi
əməlisaleh olduğu ikən Rəbbin onları haqsız
yerə məhv etməz!
118. Əgər Rəbbin, istəsəydi
bütün insanları (eyni dində olan) tək bir ümmət
edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst
və i. a. olmaqla dinləri barəsində) hələ də
ixtilafdadırlar.
119. Rəbbinin mərhəmət etdiyi
kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün
(belə bir ixtilafa düşdüklərinə görə
xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət
və cəhənnəm əhli) yaratmışdır. (Allah
insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini
necə aparacaqlarını əzəldən bildiyi üçün
onların bütün gələcək işlərini və
hərəkətlərini öz qüdrət qələmi
ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin
(mələklərə dediyi): "Mən Cəhənnəmi (Allahı
inkar edən) bütün cinlər və insanlarla dolduracağam!"
- sözü tamamilə yerinə yetdi!
120. (Ya Rəsulum!) Biz peyğəmbərlərin
xəbərlərindən (başlarına gələnlərdən)
ürəyini möhkəmləndirəcək (qəlbinə
qüvvət verəcək) nə varsa, (hamısını)
sənə nağıl edirik. Bu (surə) sənə haqq, mö’minlərə
isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
121. İman gətirməyənlərə
de: "Siz etdiyinizi (bacardığınızı) edin, biz də
etdiyimizi edəcəyik!
122. Və (düçar olacağınız
əzabı) gözləyin. Biz də gözləyirik!"
123. Göylərin və yerin qeybi
Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər
də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!)
Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül
elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!

|