| |
13.
ər-Rə’d (Göy gurultusu)
surəsi (Məkkədə, bə’zi təfsirçilərə
görə isə tamamilə, yaxud qismən
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın
(Qur’anın) ayələridir. Rəbbindən sənə nazil
olan (Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin)
əksəriyyəti (ona) inanmaz.
2. Gördüyünüz göyləri
dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb
hökmü altına alan (ərş üzərində bərqərar
olan), müəyyən vaxta (dünyanın axırına -
qiyamətə) qədər (səmada) dolanan Günəşi
və Ayı ram edən, bütün işləri yoluna qoyan,
ayələri müfəssəl izah edən məhz Allahdır.
(Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza
(qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda
duracağınıza), bəlkə, inanasınız!
3. Yeri (insanların və başqa
canlıların yaşaya bilməsi üçün) döşəyən
(uzadıb genəldən), orada möhkəm dağlar, çaylar
yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud
şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt
yetişdirən, gecəni gündüzlə (gündüzü
də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz
ki, bunda (bütün bu deyilənlərdə) düşünən
insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini
sübut edən) neçə-neçə dəlillər vardır!
4. Yer üzündə bir-birinə
yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran,
dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri),
eyni su ilə sulanan üzüm bağları, əkinlər,
şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki
Biz yemək baxımından onların birini digərindən
üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk
edən insanlar üçün (Allahın qüdrətinə
və vəhdaniyyətinə dəlalət edən) əlamətlər
vardır.
5. (Ya Rəsulum!) Əgər (müşriklərə)
təəccüblənirsənsə, əsl təəccübləniləsi
(əsl təəccüb doğuran şey) onların: "Biz torpaq
olduqdan sonra yenidənmi yaradılacağıq?" - söyləməsidir.
Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir
olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də)
onlardır. Onlar cəhənnəmlikdirlər, özü də
orada əbədi qalacaqlar.
6. (Müşriklər) səni tələsdirib
(özlərinə) yaxşılıqdan əvvəl pislik
(Allahın mərhəmətindən qabaq əzabını)
istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar,
xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir.
Həqiqətən, Rəbbin insanların zülmünə
baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və
şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!
7. Kafir olanlar: "Məgər ona Rəbbindən
bir mö’cüzə endirilməli deyildimi?" - deyirlər. Sən
ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər
tayfanın (doğru yol göstərən) bir rəhbəri
(peyğəmbəri) vardır!
8. Allah hər bir dişi məxluqun
(bətnində) nə daşıdığını (oğlan,
yaxud qız doğacağını), bətnlərin nəyi
əskildib, nəyi artıracağını (qadınların
bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını,
doğulacaq uşağın sağlam və xəstə olacağını,
çox, yaxud az yaşayacağını) bilir. Hər şey
Onun yanında müəyyən bir ölçü ilədir.
(Hamının ruzisi əzəldən müəyyən edilmişdir.
Hər kəsin iste’dadı, qabiliyyəti öz-özünə
artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey
yoxdur. )
9. O, qeybi də, aşkarı da biləndir,
(hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir,
nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
10. Sizdən sözünü gizlədən
də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən
də, gündüz aşkar gəzib dolanan da (Allah üçün)
eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli
qalmaz).
11. (İnsan üçün) onu öndən
və arxadan tə’qib edənlər (mələklər) vardır.
Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı
bir tayfa öz tövrünü (nəfsində olanları)
dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü
(onda olanları, onun əhvalını) dəyişməz.
Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək
istəsə, onun qarşısı heç cür alına biməz
və Ondan başqa onların heç bir hamisi də olmaz.
12. Sizə qorxu və ümid (bir tərəfdən
ildırımın verəcəyi tələfatdan qorxmaq, digər
tərəfdən də yağış istəmək) məqsədilə
şimşək göstərən, (yağışla yüklənmiş)
ağır buludları yaradan da Odur.
13. Göy gurultusu Onun şə’ninə
tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan
(Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib
(kafirlər) Allah barəsində mübahisə edərkən
onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir!
(Allah yenilməz qüvvət sahibidir!)
14. Haqq olan (qəbul edilən) dua yalnız
Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar
(Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul
olunmaz (bütlər, tanrılar onların dualarını əsla
eşitməzlər). (Müşriklərin vəziyyəti
quyu üstündə duraraq) ağzına su gəlmək üçün
iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə
edərək ovcunun su ilə dolmasını gözləyən),
lakin (quyu heç bir şey anlamadığı üçün)
suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir.
(Bütlər də belədir, çünki onlar görməz,
eşitməz və dərk etməzlər). Kafirlərin duası
zəlalətdən (puç, mə’nasız sözlərdən)
başqa bir şey deyildir!
15. Göylərdə və yerdə
kim varsa, (özləri də), kölgələri də səhər-axşam
istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki
mö’minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər
isə ürəkdən istəməyərək, lakin dünyada
müəyyən bir mənfəət əldə etmək
xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha
səcdə edərlər!)
16. (Ya Rəsulum!) De: "Göylərin
və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında
aciz qaldıqda) de: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə
nə bir xeyir, nə də bir zərər verə bilənlərimi
(bütləri, tanrılarımı) özünüzə
dost (hami) edirsiniz?!" De: "Heç korla görən (kafirlə mö’min)
və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?!
Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı
kimi yaradan şəriklər qərar verdilər və onların
nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!"
De: "Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər
şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"
17. Allah göydən bir yağmur endirdi,
vadilər öz tutumlarına görə onunla dolub daşdı.
(Sudan əmələ gələn) sel, üstünə çıxan
bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara,
torpağa həyat verən suya, müşriklərin e’tiqadı
isə boş köpüyə bənzər). Bəzək şeyləri
və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə
insanların od üzərində qızdırıb əritdikləri
(qızıl, gümüş və s. filizlərin) üstündə
də buna bənzər bir köpük vardır. Allah haqq ilə
batili (sizdən ötrü) ayırd etmək üçün
belə misallar çəkir. Köpük heç bir şey olmadığı
üçün uçub gedər. İnsanlara fayda verən bir
şey isə yer üzündə qalar. Allah belə misallar
çəkir!
18. Rəbbinin də’vətini qəbul
edənləri (Allaha və Onun Peyğəmbərinə itaət
edənləri) ən gözəl ne’mət (Cənnət) gözləyir.
Rəbbinin də’vətini qəbul etməyənlər isə
yer üzündə olan hər şeyə (bütün sərvətə),
üstəlik bir qədərinə də malik olsaydılar,
onu (Allahın əzabından qurtarmaq üçün) fidyə
verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul
olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir
(heç bir günahları bağışlanmaz). Onların
məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
19. (Ya Rəsulum!) Rəbbindən sənə
nazil edilənin (Qur’anın) haqq olduğunu bilən kimsə
(haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız
ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
20. O kəslər ki, Allaha (yalnız
Ona ibadət edəcəkləri barədə) verdikləri
və’di yerinə yetirir və əhdi pozmurlar.
21. O kəslər ki, Allahın birləşdirilməsini
əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini
qoruyub saxlayır, mö’minlərə hörmət edir), Rəbbindən
və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan
qorxurlar.
22. Və o kəslər ki, Rəbbinin
razılığını qazanmaq üçün (bu yolda bütün
əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında,
lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara,
ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin
qarşısını yaxşılıq etməklə alırlar
(pisliyin əvəzində yaxşılıq edirlər) - məhz
onları (gözəl) axirət yurdu -
23. Özlərinin, həmçinin
əməlisaleh ataları, övrətləri və övladlarının
daxil olacaqları Ədn cənnətləri gözləyir.
Mələklər də hər bir qapıdan (cənnət
qapılarından) daxil olub (onlara):
24. "(Dünyada Allah yolunda bütün
çətinliklərə) səbr etdiyinizə görə sizə
salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!"
- deyəcəklər.
25. Allahla əhd bağladıqdan sonra
onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi
şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə
fitnə-fəsad törədənlər isə lə’nətə
düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o
biri dünyanın pislikləri) gözləyir.
26. Allah istədiyi bəndənin ruzisi
bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı
(bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne’məti)
axirət həyatı (ne’məti) ilə müqayisədə
çox cüz’i (əhəmiyyətsiz) bir şeydir (dünya
ne’məti müvəqqəti, axirət ne’məti isə əbədidir).
27. Kafir olanlar: "Məgər Rəbbindən
ona bir mö’cüzə endirilməli deyildimi?" - deyirlər.
(Ya Rəsulum!) De: "Allah istədiyini (haqq yoldan) sapdırır.
Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi
isə Öz hidayətinə (Özünün doğru yolu
olan islam dininə) qovuşdurur".
28. O kəslər ki, Allaha iman gətirmiş
və qəlbləri Allahı zikr etməklə aram tapmışdır.
Bilin ki, qəlblər (mö’minlərin ürəkləri)
yalnız Allahı zikr etməklə aram tapar!
29. İman gətirib yaxşı işlər
görənlərin xoş halına! (Onları) gözəl
bir sığınacaq (Cənnət gözləyir)!
30. (Ya Rəsulum! Səndən əvvəl
peyğəmbərlər göndərdiyimiz kimi) səni də
özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş
bir ümmətə Peyğəmbər göndərdik ki, onlar
Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy
etdiyimiz (Qur’anı) onlara oxuyasan. De: "O (Rəhman) mənim Rəbbimdir.
Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül
etdim. Axır dönüşüm (və ya tövbəm) də
yalnız Onadır!"
31. Əgər Qur’anla dağlar hərəkətə
gətirilsə, yaxud yer parçalansa və ya ölülər
danışsaydılar (onlar yenə də iman gətirməzdilər).
(Və ya əgər aləmdə bir kitab olsaydı və onun
səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə
gətirilsə, yaxud yer parçalansa və ya ölülər
dirilib danışsaydılar, o kitab mütləq bu Qur’an olardı).
Bütün işlər yalnız Allahın ixtiyarındadır.
Məgər iman gətirənlərə bəlli olmadımı
ki, əgər Allah diləsəydi, bütün insanları
hidayətə (doğru yola) yönəldərdi? (Və ya
mö’minlər kafirlərin iman gətirmələrindən
ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu
tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə
gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə
yetənədək etdikləri əmələ görə
onlara bir bəla üz verməkdə davam edəcək, yaxud
yurdlarının yanında dayanıb duracaqdır. (Və ya:
"Ya Rəsulum! Sən öz əshabən və ordunla onların
yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən,
Allah Öz və’dinə xilaf çıxmaz!
32. (Ya Rəsulum!) Səndən əvvəl
gəlib-gedən peyğəmbərlərə də istehza
edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra
isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım
necə (də dəhşətli) idi! (Bir görəydin onlara
nə dəhşətli əzab verdim!)
33. Hər bir kəsin (dünyada yaxşıdan,
pisdən) nə qazandığına nəzarət edən
Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla
belə, müşriklər götürüb) Allaha (cürbəcür)
şəriklər qoşdular. (Ya Rəsulum!) De: "Bunlara bir ad
verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?)
Yoxsa Allaha yer üzündə (özünə şərik)
bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün
zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri)
deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları,
Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl
göstərildi və onlar (haqq) yoldan döndərildilər.
Əslində, Allahın zəlalətə saldığı
kimsəyə doğru yolu göstərən olmaz.
34. Onlar dünyada əzaba düçar
olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir.
Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz.
35. Allahdan qorxub pis əməllərdən
çəkinənlərə (mö’minlərə) və’d edilən
Cənnətin vəsfi belədir: (ağacları) altından
çaylar axar, yeməkləri də, kölgələri də
daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin
aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!
36. Kitab verdiklərimiz (kitab əhlinin
sənə iman gətirənləri) sənə nazil etdiyimizə
(Qur’ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən
sənə qarşı ədavət bəsləyən) elə
firqələr də vardır ki, onun (Qur’anın) bir qismini
inkar edirlər. (Ya Rəsulum!) De: "Mənə Allaha ibadət
etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən
(insanları yalnız) Ona (ibadət etməyə) də’vət
edirəm və mənim axır dönüşüm də
yalnız Onadır!" (Məhz Onun hüzuruna qayıdacağam!)
37. (Ya Rəsulum!) Beləliklə,
Biz onu (Qur’anı) ərəbcə bir hökm olaraq (insanlar
arasında onunla hökm etmək üçün) nazil etdik.
Əgər sənə (vəhylə) gələn elmdən
(Qur’andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə
(puç arzularına) uysan, səni Allahın əzabından
qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən
nə bir dostun, nə də bir qoruyucun olar!)
38. (Ya Rəsulum!) Biz səndə əvvəl
də Peyğəmbərlər göndərdik, onlara zövcələr,
övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər
heç bir mö’cüzə gətirə bilməz. Hər dövrün
bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü)
var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı
var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına
görədir).
39. Allah (həmin kitabdan) istədiyi
şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə
aid hər hansı bir hökmü ləğv edib başqası
ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın
əsli (lövhi-məhfuz) Onun yanındadır.
40. Onlara və’d etdiyimizin (əzabın)
bir qismini sənə göstərsək də və ya (ondan
qabaq) səni öldürsək də (Öz dərgahımıza
götürsək də, fərq etməz). Sənin vəzifən
ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək
isə Bizə aiddir!
41. Məgər onlar (kafirlər) Bizim
(hökmümüzlə, qüdrətimizlə) yer üzünə
gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi
(müsəlmanların get-gedə onların torpaqlarını
fəth etdiklərini) görmürlərmi? Hökm edən
Allahdır. Heç kəs Onun hökmünü dəf edə
bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
42. Onlardan əvvəlkilər də
(ümmətlər, tayfalar da Allahın peyğəmbərinə
qarşı) tələ qururdular. Bütün hiylələrin
(məkrlərin) cəzasını ancaq Allah verəcəkdir.
(Allah) hər kəsin (dünyada) nə qazandığını
(bütün yaxşı və pis əməllərini) bilir.
Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini)
kimin olacağını biləcəklər!
43. (Ya Rəsulum!) Kafirlər: "Sən
peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə
cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın
və kitabı bilənlərin (Tövratı, İncili bilən
mö’min yəhudi və xaçpərəstlərin, yaxud Qur’ana
bələd olan mö’min müsəlmanların və ya lövhi-məhfuzdan
xəbərdar olan Cəbrailin) şahid olması yetər!"

|