| |
16.
ən-Nəhl (Bal arısı)
surəsi (Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1.Allahın (mö’minlərin zəfər
çalacağı, müşriklərin və kafirlərin
məhv olacağı barəsindəki) əmri mütləq
gələcəkdir. Buna görə də onu tələm-tələsik
(vaxtından əvvəl) istəməyin. Allah Ona şərik
qoşulan bütlərdən pak və ucadır. (Allah hər
şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
2. (Allah) Öz əmri ilə mələkləri
(Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə
göndərib belə buyurar: "İnsanları (əzabımla)
qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən
başqa heç bir tanrı yoxdur. Məndən qorxun!"
3. (Allah) göyləri və yeri haqq
olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan
bütlərdən ucadır!
4. Allah insanı nütfədən
(mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə,
o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı
inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq)
birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
5. Davarı da (dəvə, inək,
kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların
yununda) sizin üçün istilik, cürbəcür mənfəət
(südünü içmək; özlərini minmək, yer
sürmək) vardır, həm də onlardan (onların ətindən)
yeyirsiniz.
6. Onları səhər naxıra,
axşam axura gətirdikdə (səhər otlamaq üçün
çölə göndərib axşam tövləyə qaytardıqda)
baxıb zövq alırsınız (fərəhlənirsiniz).
7. Onlar sizin yüklərinizi özünüzü
yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir
yerdən başqa yerə) daşıyarlar. Həqiqətən,
Rəbbin şəfqətlidir, mərhəmətlidir!
8. Sizin minməyinizdən ötrü,
həm də zinət üçün atı, qatırı və
uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz
neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri
və s.) də yaradacaqdır.
9. Doğru yolu (islamı) göstərmək
Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara
çıxan) da vardır. Əgər (Allah) istəsəydi,
sizin hamınızı doğru yola salardı.
10. Göydən sizin üçün
yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində
(heyvanlarınızı) otardığınız ağaclar
(və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə
bitər).
11. (Allah) onunla (o su ilə) sizin üçün
əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün
(başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar
üçün bunda (Allahın vəhdaniyyətini sübut
edən) dəlillər vardır!
12. O, gecəni və gündüzü,
Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə
verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan
da, bunda ağılla düşünənlər üçün
ibrətlər vardır!
13. (Allah) yer üzündə yaratdığı
cürbəcür şeyləri (heyvanları, bitkiləri,
meyvələri və s.) də sizin ixtiyarınıza verdi.
Öyüd-nəsihət qəbul edənlər üçün,
sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini
bildirən) əlamətlər vardır!
14. Təzə ət (balıq əti)
yeməyiniz, taxdığınız bəzək şeylərini
(inci, sədəf, mərcan) çıxartmağınız
üçün dənizi də sizə ram edən Odur. (Ey insan!
Allahın) ne’mətindən ruzi axtarmağınız üçün
sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən.
Bəlkə, (bundan sonra Allahahın ne’mətlərinə) şükür
edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb
getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü
aramanız və (kərəminə) şükür etməyiniz
üçündür!]
15. (Allah yer kürəsi möhkəm
olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın,
beləliklə də) sizi yırğalamasın deyə, yer
üzündə möhkəm dayanan dağlar və (istədiyiniz
yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar
yaratdı;
16. (Yollarda dərə, təpə,
çuxur kimi) əlamətlər də (müəyyən etdi).
(İnsanlar gecə vaxtı) yollarını (və qibləni)
ulduzlar vasitəsilə taparlar.
17. Heç yaradan (Allah) yaratmayana (bütlərə)
bənzəyərmi?! Məgər düşünmürsünüz?!
(Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb
bütlərə ibadət etməyin səhv olduğunu anlamarsınız?!)
18. Əgər Allahın ne’mətlərini
sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!
19. Allah sizin nəyi gizli saxladığınızı
və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları,
bütün gizli və aşkar əməllərinizi) bilir!
20. (Müşriklərin) Allahdan qeyri
ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər,
əksinə, onlar özləri (daşdan, ağacdan və
sairədən) yaradılmışlar.
21. Onlar ölüdürlər, diri
deyillər və (insanların, bütün məxluqatın)
nə vaxt diriləcəklərini də bilməzlər. (Elə
isə onlara ibadət etmək düzgündürmü?!)
22. Siz tanrınız bir olan Allahdır.
Axirətə inanmayanların qəlbləri isə (Allahın
qüdrət və əzəmətini, vəhdaniyyətini)
inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi)
özlərinə sığışdırmazlar.
23. Şübhəsiz ki, Allah onların
gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah
təkəbbür edənləri sevməz!
24. (Müşriklərdən: ) "Rəbbiniz
(Muhəmmədə) nə nazil etmişdir?" - deyə soruşduqda,
onlar: "Qədimlərin əfsanələrini!" - deyə cavab
verərlər ki,
25. Qiyamət günü öz günahlarına
tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları
adamların günahlarına da qismən yüklənsinlər.
Bir görün onların daşıyacaqları (yük) necə
də pisdir!
26. Onlardan əvvəlkilər də
hiylə qurmuşdular. Allah onların binalarını təməlindən
sarsıtdı, dərhal tavanları başlarına çökdü
və heç özləri də (hiss edib) bilmədilər ki,
əzab onlara haradan gəldi.
27. Sonra qiyamət günü (Allah)
onları rüsvay edəcək və: "Barələrində
(mö’minlərlə) çənə-boğaz olduğunuz şəriklərim
haradadır?" - deyə soruşacaqdır. Elm verilmiş kimsələr
(peyğəmbərlər və mö’minlər) isə: "Bu
gün kafirlər rəzalətə və əzaba (pisliyə)
düçar olacaqlar!" - deyəcəklər.
28. Mələklər (küfr etməklə,
Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin
canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın
əmrinə) təslim olub: "Biz heç bir pislik etmirdik!" - deyəcək
(mələklər də onlara belə cavab verəcəklər):
"Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı
bilir!
29. Haydı, girin əbədi qalacağınız
Cəhənnəmin qapılarına (təbəqələrinə).
Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə
ar bilənlərin) məskəni necə də pisdir!"
30. Allahdan qorxub pis əməllərdən
çəkinənlərdən: "Rəbbiniz (öz peyğəmbərinə)
nə nazil etmişdir? - deyə soruşduqda isə onlar: "Xeyir
(nazil etmişdir)" - deyə cavab verərlər. Bu dünyada
yaxşılıq edənləri (gözəl həyat) gözləyir.
Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır.
Müttəqilərin yurdu necə də gözəldir!
31. Onlar (ağacları) altında
çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar.
Orada onların istədiləri hər şey vardır. Allah
müttəqiləri belə mükafatlandırır!
32. O kəslər ki, mələklər
onların canlarını pak olduqları halda alıb: "Sizə
salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə
Cənnətə daxil olun!" - deyərlər.
33. O kafirlər (canlarını almaq
üçün) yalnız mələklərin onların yanına
gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin
gəlib çatmasınımı gözləyirlər? Onlardan
əvvəlkilər də belə etmişdilər. Allah onlara
zülm etmədi. Onlar özləri özlərinə zülm
edirdilər.
34. Onlara öz əməllərinin
cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri
(əzab da) onları yaxaladı.
35. Müşriklər (nadanlıqları
üzündən və ya istehza məqsədilə) dedilər:
"Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız
Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın
razılığı, hökmü olmadan) heç bir şeyi
haram etməzdik". Onlardan əvvəlkilər də belə etmişdilər.
Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar
bir təbliğdir. (Peyğəmbərlər heç kəsi
zorla bir işə vadar etməz. Onların borcu ancaq Allahın
hökmlərini insanlara təbliğ etmək, insanların
borcu isə Allahın onlara verdiyi ağıl və iradə
ilə haqqı batildən ayırmaq, yaxşı işlər
görüb savab qazanmaqdır).
36. Biz hər ümmətə: "Allaha
ibadət edin, Tağutdan çəkinin! - deyə peyğəmbər
göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş,
bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan
azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə
dolaşıb görün ki, (peyğəmbərləri) yalançı
hesab edənlərin axırı necə oldu!
37. (Ya Rəsulum!) Sən onların
doğru yola gəlməsini həddindən artıq istəsən
də (bunun heç bir faydası yoxdur). Çünki Allah yoldan
çıxartdıqlarını (bir daha) doğru yola salmaz.
Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər
də olmaz!
38. Onlar: "Allah, ölən bir kimsəni
diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər.
Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən
çıxarıb dirildəcəyi haqda) doğru və’d etmişdir.
Lakin insanların əksəriyyəti (bunu) bilməz!
39. (Allah hər bir mö’mini və
kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları
məsələləri izah etsin və (qiyamət günü
ölülərin diriləcəyini) inkar edənlər də
özlərinin yalançı olduqlarını bilsinlər.
40. Biz hər hansı bir şeyi (yaratmaq)
istədikdə ona sözümüz: "Ol!" deməkdir. O da dərhal
olar.
41. Zülmə mə’ruz qaldıqdan
sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl
bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət)
isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən
geri qalanlar bunu) biləydilər!
42. (O mühacirlər hər cürə
əziyyətə) dözənlər və yalnız Rəbbinə
təvəkkül edənlərdir!
43. (Ya Rəsulum!) Biz səndən
əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər
(kişi peyğəmbərlər) göndərmişdik. Əgər
(bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!
(Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər
bəşərdən deyil, ancaq mələklərdən ola
bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən
peyğəmbərlər mələk yox, məhz insan, özü
də yalnız kişilərdən ibarət olmalıdır).
44. Biz onları (peyğəmbərliklərinin
doğru olduğunu sübut edən) açıq-aşkar mö’cüzələr
və kitablarla göndərdik. Sənə də Qur’anı
nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri,
halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb
dərk edələr!
45. (Peyğəmbərlərə
qarşı) pis hiylələr quranlar (pis işlər düzüb
qoşanlar) Allahın onları yerə gömməyəcəyinə,
yaxud özləri də bilmədikləri bir yerdən onlara
əzabın gəlməyəcəyinə əmindirlərmi?!
46. Və ya gəzib dolaşarkən
(səfər əsnasında) əzabın onları yaxalamasından
(Allahın onları məhv etməsindən qorxmurlarmı?)
Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın
əzabından qaçıb canlarını qurtara bilməzlər!)
47. Yoxsa onlar tədriclə əzaba
giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən,
Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah
bəndələrinə əzab verməkdə tələsməz!)
48. Məgər onlar Allahın yaratdığı
hər hansı bir şeyə baxıb görmürlərmi
ki, onların kölgələri Allaha acizanə surətdə
səcdə edərək sağa-sola əyilir?!
49. Göylərdə və yerdə
olan (bütün) canlılar, hətta mələklər belə
heç bir təkəbbür göstərmədən Allaha
səcdə edərlər!
50. Onlar öz (başlarının)
üstündə olan Rəbbindən qorxar və özlərinə
buyurulanları edərlər!
51. Allah belə buyurdu: "İki tanrı
qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır.
Ancaq Məndən qorxun!"
52. Göylərdə və yerdə
nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət
də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı
qorxursunuz?
53. Sizə gələn hər bir ne’mət
Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə
Ona yalvarıb-yaxarırsınız!
54. Sonra sizi o müsibətdən qurtardığı
zaman bir də görürsən ki, aranızda bir dəstə
Rəbbinə şərik qoşur.
55. Onlar bunu özlərinə verdiyimiz
ne’mətlərə nankorluq etmək üçün edirlər.
Hələ ki (dünyada) kef çəkib ləzzət alın.
(Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
56. (Müşriklər) onlara verdiyimiz
ruzidən heç bir şey bilməyənlərə (heç
nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and
olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual
ediləcəksiniz!
57. Onlar Allaha qızlar isnad edirlər/
(Mələklər Allahın qızlarıdır, deyirlər).
Allaha pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı
yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini
(oğlan uşaqlarını) aid edirdilər.
58. Onlardan birinə qızı olması
ilə müjdə verdikdə qəzəblənib üzü
qapqara qaralar.
59. Verilən müjdənin pisliyi
üzündən tayfasından qaçıb gizlənər.
(Allah bilir!) Görəsən, onu (o körpəni) zillət
içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri
basdıracaq?) Bir görün onlar necə pis mühakimə
yürüdürlər! (Oğlanları özlərinə
götürüb qızları Allaha isnad edirlər. )
60. Ən pis sifət (evlənmək
üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız
uşaqlarını diri-diri torpağa basırmaq) axirətə
inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə
Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət)
sahibi, hikmət sahibidir!
61. Əgər Allah insanları zülmləri
üzündən cəzalandırsaydı, yer üzündə
heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara
müəyyən müddət (ömürlərinin sonunadək)
möhlət verər. Əcəlləri gəlib çatdıqda
isə (ondan) bircə saat belə nə geri qalar, nə də
irəli keçə bilərlər.
62. (Müşriklər) özlərinin
bəyənmədiklərini (qızları) Allaha isnad edərlər.
Dilləri də: "Onları ən gözəl aqibət (Cənnət,
Allah rizası) gözləyir!" - deyə yalan söylər.
Şübhəsiz ki, onları Cəhənnəm gözləyir.
Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı
tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə
Cəhənnəmə yaxınlaşanlardır. )
63. (Ya Rəsulum!) Allaha and olsun ki,
səndən əvvəl də ümmətlərə peyğəmbərlər
göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini
xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur
(havadarıdır). Onlar (qiyamət günü) şiddətli
əzaba düçar olacaqlar!
64. Biz Kitabı (Qur’anı) sənə
yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid,
qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri
izah etmək və mö’minlərə bir hidayət və mərhəmət
olsun deyə nazil etdik!
65. Allah göydən bir yağış
endirər, onunla yer üzünü öldükdən (quruduqdan)
sonra dirildər. (Öyüd-nəshihətə) qulaq asanlar
üçün bunda bir ibrət vardır. (Allah quru torpağa
həyat verə bildiyi kimi, insanları da öləndən
sonra diriltməyə qadirdir!)
66. Şübhəsiz ki, davarda (sağmal
heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların
qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü
sizə içirdirik. O, içənlərin boğazından rahat
keçər. (Qanın və ifrazatın dadı, qoxusu və
rəngi əsla südə qarışmaz. Əksinə, südə
elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
67. Siz xurma ağaclarının meyvəsindən
və üzümlərdən şərab (yaxud sirkə) və
gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru
xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda
da ağılla düşünənlər üçün
bir ibrət vardır.
68. Rəbbin bal arısına belə
vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların)
qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə)
özünə evlər tik (pətəklər sal);
69. Sonra bütün meyvələrdən
ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla)
get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!")
(O arıların) qarınlarından insanlar üçün
şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı)
bal çıxar. Şühəsiz ki, bunda düşünüb
dərk edənlər üçün bir ibrət vardır!
70. Allah sizi yaratmışdır, sonra
da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin
bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına
(80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi
hər şeyi unudar. (İnsan qocalığın ən düşgün
dövründə bildiyini unudar, xasiyyətini dəyişib
uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin
Qur’an oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət
edən şəxsin isə ixtiyar çağında belə,
ağlı başında olar, uzun ömür onun qiymətini
və kəramətini Allah yanında daha da artırar). Həqiqətən,
Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
71. Allah ruzi baxımından birinizi
digərinizdən üstün etmişdir. Üstün olanlar
(varlılar) tabeçiliyində olanları (qulları, kənizləri)
öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən
bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik
olduqları halda, varlılar öz ruzilərini tabeçiliyində
olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini
onlara tabe olanlarla bərabər bölməyi, onları mallarına
şərik etməyi özlərinə rəva bilmədikləri
halda, hər şeyin xaliqi olan Allaha cansız bütləri
və digər tanrıları şərik qoşmağı
necə rəva görürlər?) İndi onlar Allahın ne’mətlərini
inkarmı edirlər?
72. Allah sizin üçün özünüzdən
(Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr
yaratdı, zövcələrinizdən də sizin üçün
oğullar, nəvələr əmələ gətirdi, pak
(halal) ne’mətlərindən sizə ruzi verdi. Belə olduqda,
onlar (müşriklər) batilə inanıb Allahın ne’mətini
inkarmı edirlər?
73. (Müşriklər) Allahı qoyub
göylərdən və yerdən onlara verəcək heç
bir ruzisi olmayan və buna gücləri də çatmayanlara
(bütlərə) ibadət edirlər.
74. (Allah qoşduğunuz şərikləri,
Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah
(heç bir şəriki olmadığını, heç bir
məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti)
bilmirsiniz!
75. Allah belə bir məsəl çəkdi:
"Heç bir şeyə gücü çatmayan və başqasının
malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən
(Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə
(azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tə’rif
və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin)
əksəriyyəti (bunu) bilməz!
76. Allah iki nəfər (Özü
ilə bütlər) barəsində yenə belə bir məsəl
buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), heç bir
şeyə gücü çatmaz. O öz ağasına bir yükdür,
onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub
haqq-ədaləti əmr edən (insanları ədalətli
işlər görməyə sövq edən) bir kimsə kimi
ola bilərmi?!
77. Göylərin və yerin qeybini
(gözə görünməyən, heç kəsə bəlli
olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur.
Qiyamətin qopması (əmri) bir göz qırpımında,
yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə
qadirdir!
78. Allah sizi analarınızın bətnlərindən
heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.
Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini
eşidib, qüdrətini və əzəmətini görüb,
vəhdaniyyətini duyub) şükür edəsiniz!
79. Məgər (müşriklər)
yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları
görmürlər?! Onları (havada) yalnız Allah saxlayır
(bütün hərəkətlərini ancaq Allah idarə edir).
Həqiqətən, bunda mö’minlər üçün ibrətlər
vardır!
80. Allah evlərinizi sizə məskən
(yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən
həm köç vaxtı, həm də bir yerdə qaldığınız
zaman (daşınması) sizin üçün yüngül
(asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan,
tükündən və qılından müəyyən vaxta
qədər (ömrünüzün sonuna kimi və ya onlar
köhnələnədək) istifadə edəcəyiniz ev
əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal
verdi.
81. Allah yaratdığı şeylərdən
(ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin
üçün (günəşin hərarətindən qorunmaq
məqsədilə) kölgəliklər əmələ gətirdi,
sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar,
kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan,
pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq
zirehli geyimlər düzəltdi. Allah ne’mətini sizə belə
tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman
olasınız)!
82. (Ya Rəsulum! Əgər bütün
bunlardan sonra müşriklər) yenə də (səndən)
üz döndərsələr (ürəyini qısma)! Çünki
sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi)
açıq-aşkar təbliğ etməkdir!
83. Onlar Allahın ne’mətini (Muhəmməd
əleyhissəlamı peyğəmbər göndərməklə
onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti
kafirdir.
84. Qiyamət günü hər ümmətdən
bir şahid (öz peyğəmbərini) gətirəcəyik.
(Onlar mö’minlərin lehinə, kafirlərin əleyhinə
şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq
etməyə) izin verilməyəcək, heç üzr diləmələri
də istənilməyəcəkdir!
85. Zalımlar (kafirlər, müşriklər)
əzabı (Cəhənnəm əzabını) görüncə
(yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək,
(tövbə üçün) onlara bir an belə möhlət
də verilməyəcəkdir!
86. Müşriklər (Allaha qoşduqları)
şəriklərini (bütləri, tanrıları) gördükdə:
"Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə
yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz
şəriklərimizdir!" - deyəcəklər. (Bütlər
də) onlara: "Siz əsl yalançısınız! (Biz sizi Allahı
tərk edib bizə tapınmağa də’vət etməmişdik!)"
- deyə cavab verəcəklər.
87. (Müşriklər) o gün (günahlarını
e’tiraf edərək) Allaha təslim olacaq, özlərindən
uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!
88. Törətdikləri fitnə-fəsada
görə (insanları) Allah yolundan döndərən kafirlərin
əzablarının üstünə bir əzab da artıracağıq!
89. Qiyamət günü hər ümmətə
özlərindən bir şahid (hər ümmətin öz
peyğəmbərini) göndərəcəyik (tutacağıq).
(Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə)
şahid gətirəcəyik. Biz Qur’anı sənə hər
şeyi (dini hökmləri, halal-haramı, günahı və
savabı) izah etmək üçün, müsəlmanlara (və
ya Allahın vəhdaniyyətini qəbul edən bütün
insanlara) da bir hidayət, mərhəmət və müjdə
olaraq nazil etdik!
90. Həqiqətən, Allah (Qur’anda
insanlara) ədalətli olmağı, yaxşılıq etməyi,
qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin
vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi,
pis işlər görməyi və zülm etməyi isə
qadağan edir. (Allah) sizə düşünüb ibrət
alasınız deyə, belə öyüd-nəsihət verir!
91. Əhd etdiyiniz zaman Allaha verdiyiniz
əhdi yerinə yetirin. Allahı özünüzə zamin
edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən,
Allah nə etdiyinizi bilir!
92. Möhkəm əyirdiyi ipliyi sonradan
qıran (təzədən açıb sökən) qadın
kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox
olduğu üçün aranızdakı andları yalana çevirirsiniz
(fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə
ilə müqavilə bağlayır, sabah daha qüvvətli,
daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki
ilə bağladığınız müqaviləni pozub onunla
sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır.
O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri
sizə izah edəcəkdir!
93. Əgər Allah istəsəydi,
sizi (eynilə dində olan) tək bir ümmət edərdi.
(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə
doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə
görə sorğu-sual olunacaqsınız!
94. Aralarınızdakı andlarını
yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız
möhkəm olduğu ikən sürüşər (imana gəldikdən
sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan
döndərdiyinizə görə (dünyada) əzabı
dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli
bir əzab gözləyir! (Peyğəmbərlə əhd
bağladıqdan sonra hörmət, ehtiram qazanan şəxs
sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu
itirər və özünü fəlakətə, məhvə
düçar etmiş olar).
95. Allahla bağladığınız
əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə)
Allah yanında olan (savab) sizin üçün (dünya mənfəətindən)
daha yaxşıdır. Kaş biləydiniz!
96. Sizdə olan (dünya malı) tükənər,
Allah dərgahında olan (axirət ne’mətləri) isə
əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri
etdikləri yaxşı əməllərin müqabilində
mükafatlandıracağıq (yaxud gördükləri yaxşı
işlərin əvəzində onlara daha yaxşı mükafat
verəcəyik!)!
97. Mö’min olub yaxşı işlər
görən (Allaha itaət edən) kişi və qadına
(dünyada və axirətdə) xoş həyat nəsib edəcək
və etdikləri yaxşı əməllərə görə
mükafatlarını verəcəyik. (Və ya gördükləri
yaxşı işlərin müqabilində onlara daha yaxşı
mükafatlarını verəcəyik!)
98. (Ya Rəsulum!) Qur’an oxumaq istədiyin
zaman məl’un Şeytandan Allaha sığın! ("Əuzu billahi
minəş-şeytanır-rəcim" sözlərini de!)
99. Həqiqətən, iman gətirib
yalnız öz Rəbbinə təvəkkül edənlərin
üzərində Şeytanın heç bir hökmü yoxdur!
100. Şeytanın hökmü yalnız
ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!
(İnsanların Allaha şərik qoşmalarının əsas
səbəbi onların Şeytana itaət etmələri, Şeytanı
özlərinə dost, havadar seçmələridir!)
101. Biz bir ayənin yerinə digər
bir ayəni gətirdikdə (bir ayənin hökmünü
ləğv edib onu başqası ilə əvəz etdikdə)
- Allah nə nazil etdiyini (hansı hökmün bəndələri
üçün daha münasib olduğunu) Özü daha yaxşı
bilir - (Kafirlər Muhəmmədə): "Sən ancaq bir iftiraçısan
(Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların
əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti,
bir hökmü başqası ilə əvəz etməyin hikmətini)
bilməz!
102. (Ya Rəsulum!) De: "Ruhülqüds
(Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman gətirənlərə
səbat vermək, müsəlmanları isə doğru yola
yönəltmək və (onlara Cənnətlə) müjdə
vermək üçün haqq olaraq nazil etmişdir!"
103. Biz (müşriklərin): "(Qur’anı)
ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı
Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və
ya Səlmani-Farsi) öyrədir!" - dediklərini də bilirik
. Onların nəzərdə tutduqları adamın dili başqa
dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli,
fəsahətli) ərəb dilidir! (Ərəblər özləri
Qur’anın dil, üslub gözəlliyi qarşısında
heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri
halda, əcəmlər bu cür fəsahətli ərəb
dilini haradan bilə bilərlər?!)
104. Allahın ayələrinə inanmayanları,
sözsüz ki, Allah doğru yola salmaz. Onları (axirətdə)
şiddətli bir əzab gözləyir!
105. Yalanı ancaq Allahın ayələrinə
inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
106. Qəlbi imanla sabit olduğu halda
(küfr sözünü deməyə) məcbur edilən (dil
ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs
istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr
etsə (onu ağır təhlükə gözləyir). Lakin
qəlbən küfrə razı olanlara (qəlbində könüllü
surətdə küfrə yer verənlərə) Allahın
qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar
olarlar!
107. Bu (əzab) ona görədir ki,
onlar dünyanı (fani dünya malını) axirətdən
(axirət ne’mətlərindən) üstün tutarlar. Allah
kafirləri doğru yola salmaz!
108. Bunlar o kəslərdir ki, Allah
onların qəlblərini, qulaqlarını və gözlərini
möhürləmişdir. Onlar (Allahın kafirlər üçün
hazırladığı əzabdan) qafildirlər!
109. Şübhəsiz ki, axirətdə
ziyana uğrayanlar da onlardır!
110. Fitnəyə mə’ruz qaldıqdan
sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər
cür əzab-əziyyətə) səbr edənləri isə
(bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır,
(onlara) rəhm edəndir!
111. O gün (qiyamət günü)
hər kəs öz canının hayında olar, hər kəsə
əməlinin əvəzi (cəzası) verilər və onlara
heç bir haqsızlıq edilməz!
112. Allah bir şəhəri (Məkkəni)
misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq
içində idi. Lakin (əhalisi) Allahın ne’mətini inkar
etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri
əməllərə görə (yeddi il) aclıq və qorxu
bəlası daddırdı.
113. Onlara özlərindən bir peyğəmbər
gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə
də əzab (Bədr müharibəsi) onları zülm edərkən
(zülm etdikləri zaman) yaxaladı.
114. Allahın sizə verdiyi halal və
pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə,
Onun ne’mətinə şükür edin!
115. Allah sizə ancaq ölü heyvanı,
qanı, donuz ətini və Allahın adı çəkilmədən
(bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur.
(Özgənin malına əl uzatmamaq şərtilə) başqa
bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək
qədər bunlardam yeməyə məcbur olan şəxsə
(günah yazılmaz). Çünki Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
116. Diliniz (bizə belə əmr edildiyi
deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz):
"Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla)
Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət
əzabından) nicat tapmazlar!
117. (Onlar üçün dünyada)
az bir mənfəət vardır, (axirətdə isə) onları
şiddətli bir əzab gözləyir!
118. Yəhudilərə haram etdiyimiz
şeyləri daha əvvəl sənə xəbər vermişdik.
Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah
işlər görməklə) özləri özlərinə
zülm edirdilər. (Buna görə də Allah bir çox ne’mətləri
onlara haram buyurdu).
119. Sonra (bil ki) Rəbbin cahillikləri
üzündən pis iş görən (Allaha şərik qoşan),
ondan sonra tövbə edib özlərini islan edən kimsələri
(əfv edər). Həqiqətən, Rəbbin (tövbədən)
sonra (bəndələrini) bağışlayandır, rəhm
edəndir!
120. Həqiqətən, İbrahim
Allaha müt’i, batildən haqqa tapınan bir imam (rəhbər)
idi. O heç vaxt müşriklərdən olmamışdı.
(Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə
xas olan bütün yaxşı cəhətlət, gözəl
xüsusiyyətlər onda cəmlənmişdi).
121. O, (Allahın) ne’mətlərinə
şükür edən idi. (Allah da) onu (sədaqətinə,
səmimiliyinə görə peyğəmbərlik üçün)
seçmiş və düz yola yönəltmişdi.
122. Biz ona dünyada gözəl ne’mət
(peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət
olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə
də (ən yüksək dərəcələrə nail olacaq)
salehlərdəndir!
123. Sonra (Ya Rəsulum!) sənə:
"Batildən haqqa dönərək müşriklərdən
olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.
124. Şənbə günü (ibadət
etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və
istirahət günümüz cümə deyil, şənbə
olsun deyə, mübahisə edən yəhudilərə) vacib
edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda
olduqları məsələlər barəsində onların
arasında hökm verəcəkdir.
125. (Ya Rəsulum!) İnsanları
hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl
öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna
(islama) də’vət et, onlarla ən gözəl surətdə
(şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə
müvafiq şəkildə) mübahisə et. Həqiqətən,
Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha
yaxşı tanıyır!
126. (Ey mö’minlər! İntiqam almaq
məqsədilə birinə) cəza verəcək olsanız,
sizə nə cəza verilibsə, eynilə həmin cəzanı
verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır).
Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr
edənlər üçün daha xeyirlidir. (Əfv etmək,
rəhm göstərmək savab qazanmağa çox gözəl
vəsilə olduğu üçün, sözsüz ki, qisas
almaqdan daha üstündür).
127. (Ya Rəsulum! Allah yolunda olan bütün
əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin
yalnız Allahın köməyilədir. (Də’vətini qəbul
etmədiklərinə, iman gətirmədiklərinə görə)
onlardan (müşriklərdən) ötrü kədərlənmə
və (səni öldürmək məqsədilə) qurdurları
hiylələrə görə də ürəyini qısma!
128. Həqiqətən, Allah Ondan qorxub
pis əməllərdən çəkinənlər və yaxşı
işlər görənlərlədir!

|