| |
17.
əl-İsra (gecə vaxtı
seyr) və ya Bəni-İsrail (İsrail oğulları) surəsi
(Məkkədə nazil olmuşdur, 111 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Bə’zi ayələrimizi (qüdrətimizə
dəlalət edən qəribəlikləri və əcaiblikləri)
göstərmək üçün bəndəsini (Peyğəmbər
əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan
ətrafını mübarək etdiyimiz (bərəkət
verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə)
aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər
şeyi) eşidəndir, görəndir!
2. Biz Musaya kitab (Tövrat) verdik və:
"Məndən başqa heç bir vəkil tutmayın (və
ya tanrı qəbul etməyin)" - deyə, onu İsrail oğullarına
(haqq yolu göstərən) bir rəhbər tə’yin etdik.
3. Ey Nuhla birlikdə (gəmiyə)
mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin
nəsli! Həqiqətən, o (Nuh Allahın ne’mətlərinə)
çox şükür edən bir bəndə idi!
4. Biz İsrail oğullarına kitabda
(Tövratda): "Siz yer üzündə (Zəkəriyyanı,
sonra da Yəhyanı öldürməklə) iki dəfə
fitnə-fəsad törədəcək və çox dikbaşlıq
(yaxud zülm) edəcəksiniz!" - deyə bildirdik.
5. Onlardan (o fitnə-fəsadın)
birincisinin (cəza) vaxtı gələndə üstünüzə
çox güclü qullarımızı (Büxtünəssəri,
yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar
(sizi öldürmək, əsir almaq və qarət etmək
üçün) evlərinizin arasında gəzib dolaşırdılar
(sizi tə’qib edirdilər). Bu və’d artıq yerinə yetirildi.
(Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi
qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular).
6. (Bundan) sonra sizə onların üzərində
təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət,
oğul-uşaq verməklə kömək göstərdik və
sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən)
daha çox etdik.
7. Yaxşılıq da etsəniz,
özünüzə etmiş olursunuz, pislik də! İkinci
fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə
üzünüzü qara (sizi xəcil) etmək, məscidə
(Məscidüləqsaya) birinci dəfə girdikləri kimi
girmək və ələ keçirtdikləri hər şeyi
büsbütün məhv etmək üçün (fars və
rum padşahlarını) üstünüzə göndərdik.
(Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində
sizi qətl edib, mə’bədinizi dağıdıb, yurdunuzu
viran qoydular).
8. (Tövbə edəcəyiniz təqdirdə)
ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən
yaramaz əməllərinizə) qayıtsanız, Biz də
(sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi
kafirlərdən ötrü bir zindan etdik.
9. Həqiqətən, bu Qur’an (bütün
bəşəriyyəti) ən doğru yola (islama) yönəldir,
yaxşı işlər görən mö’minlərə böyük
bir mükafata nail olacaqları ilə müjdə verir!
10. Axirətə inanmayanlar üçün
isə şiddətli bir əzab hazırlamışıq!
11. İnsan (özünə) xeyir-dua
etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda özünə,
yaxud övladına bəd dua edər. Əgər Allah həmin
şəxsin duasını qəbul etsə, dərhal onun özünü,
yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir,
bəndələrinə əzab verməkdə tələsməz).
İnsan (hər şeydə) tələskəndir (gördüyü
işin aqibətini düşünməyə hövsələsi
çatmaz).
12. Biz gecə və gündüzü
(qüdrətimizə dəlalət edən) iki əlamət
müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz,
illərin sayını və hesabı (vaxt ölçülərini)
bilməyiniz üçün gecənin əlamətini (qaranlığı)
silib (yerinə) gündüzün işıqlı (görünən)
əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi
(Qur’anda) müfəssəl izah etdik.
13. Biz hər bir insanın əməlini
öz boynundan asar və qiyamət günü (bütün
əməllərini) açıq kitab kimi qarşısına
qoyarıq.
14. (Və ona belə deyərik: ) "Oxu,
kitabını (əməl dəftərini). Bu gün sən
haqq-hesab çəkməyə özün-özünə (özün
öz əməllərinin şahidi olmağa) kifayətsən!"
15. Doğru yol tutan yalnız özünə
xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər.
Heç bir günahkar başqasının günahını
daşımaz. (Hərə öz günahına cavabdehdir).
Biz, peyğəmbər göndərməmiş (heç bir
ümmətə) əzab vermərik!
16. Biz bir məmləkəti məhv
etmək istədikdə (peyğəmbərlərin dili ilə)
onun naz-ne’mət içində yaşayan başçılarına
(Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik.
Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər.
Beləliklə, (o məmləkətə əzab verilməsi
haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.
17. Biz Nuhdan sonra neçə-neçə
ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!)
Rəbbinin öz qullarının günahlarını bilməsi,
görməsi (onlara cəza vermək üçün) kifayət
edər.
18. Hər kəs fani dünyanı
istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti
orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi
məskən edərik. O, (Cəhənnəmə) qınanmış,
(Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə
daxil olar!
19. Mö’min olub axirəti istəyən
və onun uğrunda (can-başla) çalışanların
zəhməti (Allah dərgahında) qəbul olunar.
20. Onların və bunların hər
birinə Rəbbinin ne’mətindən verərik. Rəbbinin
ne’məti (istər dünyada, istərsə də axirətdə
heç kəsə) qadağan deyildir.
21. (Ya Peyğəmbərim!) Bir gör
(var-dövlət, cah-cəlal baxımından dünyada) onların
birini digərindən necə üstün tutduq? Axirətdə
isə (dünyadakından) daha yüksək dərəcələr,
daha böyük üstünlüklər vardır!
22. Allahla yanaşı başqa tanrı
qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!
23. Rəbbin yalnız Ona ibadət
etməyi və valideynlərə yaxşılıq etməyi
(onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.
Əgər onların biri və ya hər ikisi sənin yanında
(yaşayıb) qocalığın ən düşgün çağına
yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə
qışqırıb acı söz söyləmə. Onlarla
xoş danış!
24. Onların hər ikisinə acıyaraq
mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə
edib bəslədikləri kimi, Sən də onlara rəhm et!"
- de.
25. Rəbbiniz ürəklərinizdə
olanları (qəlblərinizin sirlərini) ən yaxşı
biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza
bilmədən etdiyiniz pislikdən peşman olub tövbə
etsəniz və bundan sonra onlarla yaxşı davransanız,
bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları
bağışlayandır!
26. Qohum-əqrabaya da, miskinə də,
(pulu qurtarıb yolda qalan) müsafirə də haqqını
ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola
da səpələmə!
27. Həqiqətən, (malını
əbəs yerə) sağa-sola səpələyənlər
şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə
qarşı nankordur!
28. Əgər Rəbbindən dilədiyin
bir mərhəməti (ruzini) gözləmək məqsədilə
onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən)
üz çevirməli olsan (onlara bir şeylə kömək
etmək istəsən, lakin imkanın olmadığı üçün
bacarmasan və buna görə də məcburiyyət qarşısında
qalıb gözlərinə görünmək istəməsən),
heç olmasa, onlara ("Darıxmayın, Allah mənə ruzi bəxş
edər, mən də sizə verərəm!" kimi) xoş bir
söz de!
29. Nə əldən çox bərk
ol, nə də əlini tamamilə açıb israfçılıq
et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!
30. Həqiqətən, Rəbbin istədiyi
şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz
bəndələrinin halından xəbərdardır, (hər
şeyi) görəndir!
31. Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə
olduğu kimi) övladlarınızı (xüsusilə, qız
uşaqlarını) öldürməyin. Biz onların da, sizin
də ruzinizi veririk. Onları öldürmək, həqiqətən,
böyük günahdır!
32. Zinaya da yaxın düşməyin.
Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!
33. Allahın haram buyurduğu cana haqsız
yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük
bir günah işlədikdə, məsələn, iman gətirdikdən
sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə
öldürmək olar). Haqsız yerə öldürülən
məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil
barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas
alar, istəsə, bağışlayar və ya qanbahası
tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın
(qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)!
Çünki (şəriətin bü hökmləri ilə)
ona artıq kömək olunmuşdur.
34. Yaxşı niyyət istisna olmaqla,
yetimin malına həddi-büluğa çatana qədər
yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb
çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək
məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin.
Çünki (insan) əhd barəsində (qiyamət günü)
cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi
haqda sorğu-suala tutulacaqdır).
35. Ölçəndə ölçüdə
düz olun, (çəkəndə) düzgün tərəzi
ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və
nəticə e’tibarilə daha yaxşıdır!
36. (Ey insan!) Bilmədiyin bir şeyin
ardınca getmə (bacarmadığın bir işi görmə,
bilmədiyin bir sözü də demə). Çünki qular,
göz və ürək-bunların hamısı (sahibinin etdiyi
əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.
37. Yer üzündə təkəbbürlə
gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə
də (boyca) yüksəlib dağlara çata bilərsən
38. Bütün bunlar Rəbbinin dərgahında
bəyənilməyən (məkruh), pis şeylərdir.
39. (Ya Rəsulum!) Bunlar Rəbbinin
sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı
başqa tanrı qəbul etmə, yoxsa qınanmış və
(Allahın mərhəmətindən) kənar edilmiş bir
halda Cəhənnəmə atılarsan!
40. (Ey: "Mələklər Allahın
qızlarıdır!" - deyən müşriklər!) Məgər
Rəbbiniz oğlanları sizin üçün seçib, özü
üçün mələklərdən qızlarımı
(övladlığa) götürdü?! Həqiqətən,
(özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad
etməklə) böyük-böyük danışırsınız!
41. İnsanlar düşünüb
ibrət alsınlar deyə, Biz bu Qur’anda (Allahın vəhdaniyyət
əqidəsini cürbəcür dəlillərlə, müxtəlif
misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini
artırdı (islamdan daha çox üz döndərdilər).
42. (Ya Rəsulum!) De: "Əgər Allahla
yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar
olsa idi, onlar ərş sahibinə (yaxın düşmək,
yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar".
43. Allah onların dediklərindən
çox uca (pak) və çox yüksəkdir!
44. Yeddi göy, yer və onlarda olanlar
(bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey
yoxdur ki, Allaha tə’rif deyib Ona şükür etməsin, lakin
siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini
anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!
45. (Ya Rəsulum!) Sən Qur’an oxuduğun
zaman səninlə axirətə inanmayanların arasına görünməz
bir pərdə çəkərik (Onlar səni görməz
və sənə heç bir xətər yetirə bilməzlər)
46. (Qur’anı) anlamasınlar deyə,
onların qəlblərinə pərdə çəkib qulaqlarına
əngəl qoyduq (kar etdik). Sən Qur’anda Rəbbini bir tək
tanrı olaraq andığın zaman onlar nifrət əlaməti
olaraq arxalarını çevirib gedərlər.
47. (Sən Qur’an oxuyanda) onlar sənə
qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların
(Dərünnədvədə) öz aralarında gizli-gizli
danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!"
- dediklərini də bilirik.
48. Bir gör (müşriklər)
səni kimlərə bənzətdilər (sənə şair,
kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan
azdılar və bir daha doğru yolu tapa bilməzlər!
49. Onlar: "Biz sür-sümük, çürüyüb
ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu
olacağıq?" - deyirlər.
50. (Ya Rəsulum!) De: "(İstər)
daş olun, yaxud dəmir!
51. Və ya ürəyinizdə (özünüzü
dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə
diriləcəksiniz!)". Onlar deyəcəklər: "O halda bizi
kim (yenidən dirildib həyata) qaytaracaqdır?" (Ya Rəsulum!)
De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!" Onlar (istehza ilə)
sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?"
- deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"
52. O gün ki, Allah sizi (haqq-hesab üçün
öz hüzuruna) çağıracaqdır. Siz də Ona (itaətlə
yanaşı) şükür edərək (qəbirlərinizdən)
dərhal çağırışına cavab verəcəksiniz
və sizə elə gələcəkdir ki, (dünyada) çox
az qaldınız!
53. (Ya Rəsulum!) Bəndələrimə
de: "(Danışdıqları zaman "la ilahə illallah; yərhəmukəllah;
yəğfiru ləkəllah" kimi) gözəl sözlər
söyləsinlər (və ya müşrikləri imana də’vət
edərkən onlarla xoş danışsınlar!)" Şeytan
onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən,
Şeytan insanın açıq-aşkar düşmənidir!
54. Rəbbiniz sizi daha yaxşı
tanıyar (kimin mö’min, kimin kafir olduğunu çox gözəl
bilir). İstəsə, sizə rəhm edər, istəsə,
əzab verər. Biz səni onlara vəkil gözdərməmişik.
(Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).
55. (Ya Rəsulum!) Rəbbin göylərdə
və yerdə olanları (Özünün bütün yaratdıqlarını)
çox gözəl tanıyır. Biz peyğəmbərlərin
bə’zisini digərlərindən üstün etdik və Davuda
Zəbur verdik.
56. De: "(Allahdan) başqa tanrı güman
etdiklərinizi (köməyə) çağırın. Onlar
sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə
(sizdən sovuşdurub başqasına tərəf yönəltməyə)
qadir deyillər!"
57. Onların tapındıqları
tanrıların özlərindən hər hansı biri (Allah
dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə
axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən,
Rəbbinin əzabı qorxuludur!
58. Elə bir məmləkət yoxdur
ki, qiyamət günündən əvvəl Biz onun əhalisini
məhv etməyək və ya onu şiddətli əzaba düçar
etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!
59. Bizə mö’cüzələr
göndərməyə mane olan şey ancaq əvvəlkilərin
(keçmiş ümmətlərin) onları yalan hesab etmələridir.
Biz Səmud tayfasına açıq-aşkar bir mö’cüzə
olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm
etdilər (dəvəni tutub kəsdilər). Biz mö’cüzələri
yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk.
60. (Ya Rəsulum!) Yadına sal ki, bir
zaman sənə: "Rəbbin (Öz əzəli elmi və qüdrəti
ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın
əlində olduğu üçün sənə heç bir
şey edə bilməzlər!)"-demişdik. (İsra gecəsi)
sənə göstərdiyimiz mənzərəni və Qur’anda
lə’nətlənmiş (Cəhənnəmdəki zəqqum
adlı) ağacı insanlar (Məkkə əhli) üçün
yalnız bir imtahan etdik (görək sənin sözünə
inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların
tüğyanını artırmaqdan başqa bir şeyə
kara gəlmir!
61. Yenə yadına sal ki, bir zaman
mələklərə: "Adəmə səcdə edin!" - deyə
əmr etmişdik. İblisdən başqa hamısı səcdə
etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına
mən səcdə edərəmmi?!" - demişdi.
62. (İblis) həmçinin: "(Pərvərdigara!)
Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın
halda) nə üçün onu məndən üstün tutdun?
Əgər (məni öldürməyib) qiyamət gününə
qədər mənə möhlət versən, az bir qismi istisna
olmaqla, onun nəslini öz hökmüm altına alaram (və
ya yoldan çıxarıb kökünü kəsərəm)".
63. (Allah) buyurdu: "Çıx get! (Sənə
qiyamətə qədər möhlət verdim!) Onlardan hər
kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir.
Özü də tamam-kamal bir cəza!
64. Onlardan kimi bacarırsansa, səsinlə
(vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı
onlara qarşı səfərbər et, (onları harama, ziyana
sövq etməklə) mallarına və övladlarına ortaq
ol, onlara cürbəcür (yalan) və’dlər ver. Şeytan
(ona uyanlara) yalnız yalan və’d verər!
65. Doğrusu, Mənim (mö’min) bəndələrim
üzərində sənin heç bir hökmün ola bilməz.
Rəbbinin vəkil olması (sənin şərindən və
vəsfəsəndən onları qoruması) kifayət edər!"
66. Sizin üçün (bol) ne’mətindən
özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə
dənizdə gəmiləri hərəkətə gətirən
məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə
qarşı rəhmlidir!
67. Sizə dənizdə bir çətinlik
(batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət
etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda
(itaətindən) üz döndərirsiniz. İnsan nankordur!
68. Məgər (Allahın) quruda sizi
yerə batırmayacağına, yaxud (göydən) başınıza
daş yağdırmayacağına əminsinizmi?! Sonra heç
sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
69. Yoxsa (Allahın) bir də sizi dənizə
qaytarmayacağına, şiddətli bir fırtına göndərib
sizi batırmayacağına arxayınsınız? Sonra sizdən
ötrü Bizdən intiqam alacaq (və ya Bizə qarşı
sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
70. Biz, Adəm övladını şərəfli
və hörmətli elədik, onları suda və quruda (gəmilərə,
heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib
sahib etdik, özlərinə (cürbəcür ne’mətlərdən)
təmiz ruzi verdik və onları yaratdığımız
məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan
şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun,
əllə yemək və s. bu kimi məziyyətlərinə
görə həmişə Allaha şükür edib yalnız
Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)
71. Bir gün (qiyamət günü)
bütün insanları öz imamları (ardınca getdikləri
rəhbərləri, yaxud peyğəmbərləri və ya
əməl dəftərləri) ilə birlikdə (hüzurumuza)
çağıracağıq. Əməl dəftərləri
sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar).
Onlara tük (xurma çərdəyinin yarığındakı
tel) qədər haqsızlıq edilməz.
72. Bu dünyada (Allahın dəlillərini,
mö’cüzələrini görməyib gözü və
qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan
daha çox azar!
73. (Ya Rəsulum! Qur’andan) qeyri bir şeyi
yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər)
səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar.
Belə olacağı təqdirdə, səni, sözsüz
ki, özlərinə dost tutacaqdırlar.
74. Əgər Biz sənə səbat
verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!
75. (Belə olacağı tədirdə)
sənə həyatın və ölümün ikiqat əzabını
daddırardıq. Sonra Bizə qarşı özünə
bir yardım edən də tapa bilməzsən. (Heç kəs
səni əzabımızdan qurtara bilməz).
76. (Müşriklər) səni oradan
(Məkkədən) çıxartmaq üçün az qalmışdı
ki, səni o yerdə fitnəyə salsınlar (narahat eləsinlər,
dünyanı başına dar etsinlər). Əgər onlar
belə etsəydilər, səndən sonra (Məkkədə)
yalnız az bir müddət qala bilərdilər.
77. Səndən əvvəl göndərdiyimiz
peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq
olaraq. (Onların dövründə də belə etmişdik).
Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən!
(Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə
əziyyət verib ölkələrindən qovan kimi onlara əzab
göndərər, hamısını məhv edərdik. Əgər
Məkkə müşrikləri belə etsəydilər, həmin
müsibət onların da başına gələcəkdi).
78. Günortadan (gün batmağa meyl
edəndən) gecənin qaranlığınadək namaz (günorta,
ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını
da qıl. Çünki sübh namazı (gecə və gündüz
mələkləri, həmçinin bir çox insan tərəfindən)
müşahidə olunur.
79. (Ya Rəsulum!) Gecənin bir vaxtı
durub ancaq sənə xas olan əlavə (təhəccüd)
namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü
hamı tərəfindən) bəyənilib tə’riflənən
bir məqama (axirətdə ən böyük şəfaət
məqamına) göndərsin!
80. De: "Ey Rəbbim! Məni daxil edəcəyin
yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın
yerdən (Məkkədən) də xoşluqla çıxart.
Öz dərgahından mənə kömək edə bilən
bir dəlil ver!" (Mənə elə bir qüdrət ver ki, müşriklər
və kafirlər həmişə onun qarşısında aciz
qalsınlar!)
81. De: "Haqq (islam) gəldi, batil (şirk
və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə)
yoxluğa (heçliyə) məhkumdur!"
82. Biz Qur’andan mö’minlər üçün
şəfa və mərhəmət olan ayələr nazil edirik.
O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.
83. İnsana bir ne’mət (sağlamlıq,
var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq
gəzər. Ona bir pislik üz verdikdə isə mə’yus olar!
84. De: "Hərə öz qabiliyyətinə
(xislətinə) görə iş görər. Rəbbin kimin
daha doğru yolda olduğunu daha yaxşı bilir!"
85. (Ya Rəsulum!) Səndən ruh
(ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar.
De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə
yaradılmışdır). Sizə (bu barədə) yalnız
cüz’i (az) bir bilik verilmişdir!"
86. Əgər istəsəydik, sənə
vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq.
Sonra Bizə qarşı özün üçün bir müdafiəçi
(vəkil) də tapa bilməzdin. (Əgər Biz Qur’anı sənə
unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).
87. Lakin (bunu etməməyimiz) Rəbbinin
yalnız sənə qarşı bir mərhəmətidir.
Həqiqətən, Onun sənə olan ne’məti böyükdür!
88. (Ya Peyğəmbərim!) De: "Əgər
insanlar və cinlər bir yerə yığışıb
bu Qur’ana bənzər bir şey gətirmək üçün
bir-birinə kömək etsələr, yenə də ona bənzərini
gətirə bilməzlər".
89. Biz bu Qur’anda insanlar üçün
hər cür məsəl çəkib (mə’nasını)
onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti
küfrdən başqa bir şeyə razı olmadı (ne’mətimizə
nankor olub yalnız küfrü seçdi).
90. (Qur’anın əzəməti, fəsahət
və bəlağəti qarşısında aciz qalan, lakin
özlərini sındırmayan müşriklər) belə
dedilər: "Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca
sənə iman gətirməyəcəyik.
91. Yaxud (ağacları) arasında
şırıl-şırıl irmaqlar axan xurma və üzüm
bağın olmayınca;
92. Yaxud, iddia etdiyin kimi, göyü
parça-parça edib başımıza endirməyincə, yaxud
Allahı və mələkləri (peyğəmbərliyinin
doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza
gətirməyincə;
93. Və ya qızıldan bir evin olmayınca,
yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik).
Əgər bizə (səmadan) oxuyacağımız bir kitab
endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!"
(Ya Rəsulum!) De: "Rəbbim pakdır, müqəddəsdir!
(Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən
uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir
insanam!" (Allahın izni olmayınca, heç bir peyğəmbər
sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
94. (Qüreyş müşrikləri
kimi) insanlara doğru yolu göstərən bir rəhbər
gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız
onların: "Allah bir insanımı peyğəmbər göndərdi?"
- demələridir. (Müşriklərin fikrincə, peyğəmbər
bəşərdən deyil, mələklərdən göndərilməlidir).
95. (Ya Rəsulum!) De: "Əgər yer
üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar
mələklər olsaydı (yer üzünün əhalisi
mələklərdən ibarət olsaydı), sözsüz
ki, onlara bir mələk peyğəmbər göndərərdik!"
96. De: "Mənimlə sizin aranızda
təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə)
şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən
(bəndələrinin bütün əməllərindən)
xəbərdardır, (onların gizlində və aşkarda
nələr etdiyini) görəndir!"
97. Allahın doğru yola saldığı
kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı
kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən.
Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə,
kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik.
Onların düşəcəkləri yer Cəhənnəmdir.
Cəhənnəm odu azaldıqca onların (bədənlərinin)
alovunu artıracağıq!
98. Bu, ayələrimizi inkar etdiklərinə
və: "Sür-sümük, çürüyüb ovxalanmış
torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?"
- dediklərinə görə onların cəzasıdır.
99. Məgər onlar (öləndən
sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə)
göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə)
onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu
görmürlərmi?! Allah onlar üçün bir əcəl
(ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən
etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar
(belə bir vəziyyətdə də) ancaq öz küfrlərində
israr edib dururlar (küfrdən başqa bir şeyə razı
olmurlar).
100. (Ya Peyğəmbərim, müşriklərə)
de: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə
(var-dövlətinə) sahib olsaydınız, yenə də
(onun) xərclənib tükənməsindən (sonra da sizə
yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz.
İnsan (nə qədər varlı olsa da, təbiəti e’tibarilə)
xəsisdir!
101. Biz Musaya doqquz aşkar mö’cüzə
(əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə
və digər həşərat, qurbağa, qan, qıtlıq,
daşların arasından fəvvarə verib çıxan su,
dənizin yarılması və Tur dağının qaldırılıb
İsrail oğullarının başları üstündə
saxlanılması) verdik. İsrail oğullarından soruş:
(Musa) onların yanına gəldikdə, Fir’on ona: "Ya Musa! Mənə
elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında
deyildir)", - demişdi.
102. (Musa da) ona: "Sən bunları məhz
göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar
mö’cüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən.
Mən isə, ey Fir’on, səni (küfrə düşdüyünə
görə) artıq məhv olmuş zənn edirəm!" - deyə
cavab vermişdi.
103. (Fir’on) onları (Misir) torpağından
qovub çıxartmaq istədi. Biz isə onu (Fir’onu) və onunla
birlikdə olanların hamısını (suya) qərq etdik.
104. Və bundan sonra İsrail oğullarına
dedik: "Siz (Şam) ərazisində sakin olun. Axirət və’dəsi
(qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi
və Fir’on əhlini, yaxud mö’minləri və kafirləri)
birlikdə (bir-birinizə qarışmış halda məhşərə)
gətirəcəyik!"
105. Biz (Qur’anı) haqq olaraq nazil etdik,
o da haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil
oldu. Səni də yalnız (mö’minlərə Cənnətlə)
müjdə verən və (kafirləri cəhənnəm əzabı
ilə) qorxudan sifəti ilə göndərdik.
106. İnsanlara aramla (yavaş-yavaş)
oxuyasan deyə, Biz Qur’anı hissələrə ayırıb
(ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə,
(iyirmi üç ilə yaxın bir müddət ərzində)
nazil etdik.
107. (Ya Rəsulum, müşriklərə)
de: "İstər (Qur’ana) inanın, istərsə də inanmayın.
Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr
(özlərinə Tövrat və İncil verilmiş kitab
əhli) yanlarında (Qur’an) oxunduğu zaman üzüstə
səcdəyə qapanar.
108. Və: "Rəbbimiz pakdır, müqəddəsdir!
Rəbbimizin (mö’minlərə mükafat, kafirlərə
əzab veriləcəyi barəsindəki) əmri mütləq
yerinə yetəcəkdir!" - deyərlər.
109. Onlar üzüstə səcdəyə
qapanıb ağlayar, (Qur’andakı öyüd-nəsihət
isə) onların (Allaha) itaətini daha da artırar.
110. (Ya Rəsulum!) De: "İstər
Allah, istərsə də Rəhman deyib çağırın
(dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki
ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur.
(Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə
çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin)
arasında orta bir yol tut!
111. Və de: "Özünə heç
bir övlad götürməyən, mülkündə (səltənətində)
heç bir şəriki olmayan, zəif (aciz) olmadığı
üçün (Ona kömək edəcək) heç bir dosta
(hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!" Və
Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və
nöqsanlardan uzaq bilib təqdis et, şə’ninə tə’riflər
de!)

|