| |
18.
ər-Kəhf (Mağara)
surəsi (Məkkədə nazil olmuşdur, 110 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həmd olsun O Allaha ki, Kitabı (Qur’anı
mə’nasında və sözlərində)
heç bir əyriliyə (yanlışlığa
və ziddiyyətə) yol vermədən
Öz bəndəsinə (Muhəmmədə)
nazil etdi!
2. (Allah kafirləri) Öz dərgahından
gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı
əməllər edən mö’minlərə isə gözəl
mükafata (Cənnətə) nail olacaqları ilə müjdə
vermək üçün onu doğru-düzgün (qiyamətə
qədər bütün bəşəriyyətə haqq yolu
göstərən bir nur) olaraq endirdi.
3. Onlar orada (Cənnətdə) əbədi
qalacaqlar!
4. O, həm də (Qur’anı): "Allah
Özünə övlad götürdü!" - deyənləri
qorxutmaq üçün nazil etdi.
5. Bu barədə nə onların
özlərinin, nə də (təqlid etdikləri) atalarının
heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar.
(Ağızlarından çıxan söz necə də böyük
küfrdür). Onlar ancaq yalan deyirlər!
6. (Ya R’sulum!) Yoxsa (kafirlər) bu Qur’ana
inanmasalar, (səndən üz döndərib getdiklərinə
görə) arxalarınca təəssüflənib özünü
həlak edəcəksən?!
7. Biz yer üzündə olanları
onun (sakinləri) üçün (və ya onun özünə
məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha
gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd
edək.
8. (Bu da bir həqiqətdir ki) Biz yer
üzündə olan hər şeyi (vaxtı gələndə)
məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya,
onun cah-cəlalına e’tibar yoxdur. Yer üzündə olan heç
bir şey əbədi deyildir. Müəyyən dövrdən
sonra orada mövcud olan hər şey məhv olacaqdır).
9. (Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin
və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən
əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim
qüdrətimiz qarşısında adi bir işdir).
10. (Ya Rəsulum!) Xatırla ki, o zaman
gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz!
Bizə Öz dərgahından mərhəmət bəxş
et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından,
düşmənlərin təhlükəsindən qoru, bizə
ruzi verib doğru yola yönəlt!)" - demişdilər.
11. Biz onları mağarada illərlə
(üç yüz doqquz il) yuxuya verdik.
12. Sonra iki tayfadan (mö’minlərdən
və kafirlərdən) hansının onların (mağarada)
qaldıqları müddəti daha düzgün hesabladıqlarını
bilmək üçün onları oyatdıq.
13. (Ya Rəsulum!) Biz onların xəbərini
sənə doğru söyləyirik. Onlar Rəbbinə iman
gətirmiş bir neçə gənc idi. Biz də onların
hidayətini (imanını, səbatını və bəsirətini)
artırmışdıq.
14. Onlar (rum qeysəri bütpərəst
Diqyanusun hüzurunda) durub: "Rəbbimiz göylərin və
yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət
etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına
tapınacağıq, - söyləsək, küfr) danışmaqda
həddi aşmış (ifrata varmış) olarıq!" - dedikləri
zaman onların ürəklərinə qüvvət (mətanət)
vermişdik.
15. Bizim bu camaat (qövmümüz)
Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz
tanrıları barəsində (bütlərə ibadət
etməyin düzgün olması haqqında) bir dəlil gətirməli
deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən
daha zalım (özünə zülm edən) kim ola bilər?!
16. (Gənclərin başçısı,
yaşca böyüyü Təmlixa yoldaşlarına belə
demişdi: ) "Onları və Allahdan başqa tapındıqları
tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin
ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta
etsin və işinizdə sizin üçün fayda hazırlasın
(sizə kafirlərdən nicat versin, düşmənlərdən
qoruyub saxlasın)".
17. (Ya Rəsulum! Əgər o zaman
onlara baxsaydın) günəşin doğduğu zaman onların
mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı
zaman isə onları tərk edib sol tərəfə yönəldiyini
(mağaranın içinə düşüb onları yandırmadığını),
onların da mağaranın ortasında geniş bir yerdə
olduqlarını (küləyin onları oxşadığını
və rahat nəfəs aldıqlarını) görərdin.
Bu, Allahın mö’cüzələrindəndir. Allahın doğru
yola saldığı kəs doğru yoldadır. Allahın
yoldan çıxartdığı (zəlalətə saldığı)
kimsəyə isə əsla doğru yolu göstərən
bir dost (rəhbər) tapa bilməzsən!
18. (Gözləri açıq olduğu
üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın.
(Torpağın rütubəti bədənlərini çürütməsin
deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də
iki əlini (qabaq pəncələrini mağaranın) astanasına
uzadıb yatmışdı. Əgər sən onları (bu
vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb
qaçar, dəhşət səni bürüyərdi.
19. (Gəncləri illərlə yatırtdığımız
kimi) beləcə də onları bir-birindən hal-əhval
tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada)
nə qədər qaldınız?" Onlar: "Bir gün və ya
bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bə’ziləri
isə) belə dedi: "Qaldığınız müddəti
Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən
birini bu gümüş pulunuzla şəhərə (Tərsusa
və ya Əfsusa) göndərin ki, görsün ən təmiz
təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb)
gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət
etsin) və sizin barənizdə heç kəsə bir xəbər
(nişan) verməsin!
20. Doğrusu, onlar sizi ələ keçirsələr
ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər.
Belə olacağı təqdirdə, siz (nə dünyada, nə
də axirətdə) nicat tapa bilməzsiniz!"
21. (İnsanları-Tərsusun əhalisini)
onların halı ilə beləcə tanış etdik ki, Allahın
(məxluqatın öləndən sonra diriləcəyi haqqındakı)
və’dinin doğru olduğunu və qiyamətin qopacağına
əsla şübhə olmadığını bilsinlər.
O zaman (Tərsusdakı mö’minlər və kafirlər) öz
aralarında onların (əshabi-kəhfin) işi (və ya
insanın öləndən sonra dirilib-dirilməyəcəyi,
dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə
birlikdə olacağı kimi dini məsələlər) barəsində
mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən
sonra kafirlər) dedilər: "Onların üstündə bir
bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən
yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı
bilir!" Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə
qalib gələnlər (mö’minlər) isə: "Onların
(məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə)
bir məscid tikəcəyik!" - dedilər.
22. (Kitab əhlindən əshabi-kəhfin
sayı barəsində mübahisə edənlər) sanki qaranlıq
yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü
köpəkləridir!" - deyəcəklər. Bə’ziləri:
"Onlar beşdir, altıncısı köpəkləridir!" -
deyəcəklər. Digərləri (mö’minlər) isə:
"Onlar yeddidir, səkkizincisi köpəkləridir!" - söyləyəcəklər.
(Ya Rəsulum!) De: "Onların sayını Rəbbim daha yaxşı
bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!" (Ya
Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə
açıq-aşkar nazil olan ayələrə əsaslanıb
onlarla mübahisə et (Qur’anda olanlarla kifayətlənib çox
dərinə getmə) və (kitab əhlinin) heç birindən
onlar haqqında bir şey soruşma!
23. Və heç bir şey barəsində:
"Mən onu sabah edəcəyəm!" - demə!
24. Ancaq: "İnşallah (əgər
Allah istəsə; Allah qoysa) deyəcəyəm!" - de. (İnşallah
deməyi) unutduğun zaman Rəbbinin yada salıb: "Ola bilsin
ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına
dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin
(peyğəmbərliyimə daha çox dəlalət edən
bir mö’cüzə vesin!)" - de.
25. Onlar mağarada üç yüz
doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə
bir doqquz il də artırdılar).
26. (Ya Rəsulum!) De: "Onların nə
qədər qaldıqlarını Allah daha yaxşı bilir.
Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur.
O, hər şeyi necə gözəl görür, necə də
yaxşı eşidir! Onların (yer və göy əhlinin)
Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz
hökmünə (səltənətinə) şərik etməz!"
(Çünki Allahın heç bir şərikə ehtiyacı
yoxdur!)
27. Rəbbinin kitabından sənə
vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə
bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa
bilməzsən! (Pənah yalnız Allahadır!)
28. Səhər-axşam Rəbbinin
rizasını diləyərək Ona ibadət edənlərlə
birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani
dünyanın bər-bəzəyini arzu edib nəzərlərini
onlardan (yoxsul mö’minlərdən) çevirmə. Qəlbini
Bizi (Qur’anı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə
uyan və (hər) işində ifrata varan bir kimsəyə
itaət etmə!
29. Və de: "Haqq Rəbbinizdəndir.
Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir
olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq
ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir.
(Cəhənnəmin qalın divarları zalımları əhatə
edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud
yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su
ilə kömək ediləcəkdir. O, nə pis içki, o
(Cəhənnəm) necə də pis məskəndir!
30. İman gətirib yaxşı əməllər
edənlərə gəldikdə isə Biz (o cür) yaxşı
işlər görənlərin mükafatını zay etmərik!
31. Onları (ağacları) altından
çaylar axan Ədn cənnətləri gözləyir. Onlar
orada taxtlara söykənərək qızıl bilərziklərlə
bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın
ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar
geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət)
necə də gözəl məkandır!
32. Onlara (biri mö’min, digəri kafir
olan) iki adamı misal gətir. Onların birinə (kafirə)
iki üzüm bağı verib onları xurmalıqlarla əhatə
əhatə etdik və aralarında əkin (zəmi) saldıq.
33. O bağların hər ikisi öz
barını verdi və bu bardan heç bir şey əskilmədi.
Biz də onların arasından bir irmaq axıtdıq.
34. (Bu adamın) başqa sərvəti
(gəliri) də var idi. O öz (yoxsul mö’min) yoldaşı
ilə söhbət edərkən (təkəbbürlə)
ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə
(qəbilə, qohum-əqraba, övlad, qulluqçu və s. cəhətdən)
səndən daha qüvvətliyəm!"
35. O (küfrə düşdüyü
üçün) özünə zülm edərək bağına
girib dedi: "(Bu bağın) nə vaxtsa yox (məhv) olacağını
güman etmirəm.
36. Qiyamətin də qopacağını
zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin
hüzuruna qaytarılsam, özümə bundan da yaxşı
bir məskən (qayıdış yeri) taparam!"
37. Onunla söhbət edən (mömin)
yoldaşı isə belə dedi: "Əvvəlcə səni
(baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən)
yaratmış, daha sonra səni adam şəklinə (insan
qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
38. Lakin (mən inanaraq deyirəm ki)
Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə
şərik qoşmaram!
39. Bağına girdiyin zaman barı:
"Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və
qüdrət) yalnız Allaha məxsusdur!" - deyəydin! Əgər
məni özündən daha az mal-dövlət və övlad
sahibi görürsənsə,
40. Ola bilsin ki, Rəbbim mənə
sənin bağından daha yaxşısını versin və
sənin bağına göydən bir bəla endirsin ki, o, hamar
(sürüşkən, ayaq basılası mümkün olmayan,
heç bir şey bitməyən qupquru) bir yer olsun!
41. Yaxud suyu (tamamilə) çəkilib
getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!"
42. Beləliklə, (gecə göydən
gələn bir ildırım vasitəsilə) onun (bağının)
meyvəsi (bütün var-dövləti) tələf edildi.
(Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə
görüb bağa) qoyduğu xərcə görə (peşmançılıqdan)
əllərini ovuşdurmağa başladı. Bağın
talvarları yerə çöküb viran qalmışdı.
O (qarşısındakı mənzərəyə baxaraq):
"Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!"
- deyirdi.
43. Allahdan başqa ona yardım edə
biləcək kəslər yox idi və o da (öz-özünə)
kömək edə biləcək bir halda deyildi.
44. Belə bir vəziyyətdə
kömək göstərmək (və ya hökm,) ancaq haqq
olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət
qismət etməkdə də ən xeyirlisi Odur.
45. (Ya Rəsulum! Səndən yoxsulları
öz məclisindən qovmağı tələb edən təkəbbür
sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya)
göydən yağdırdığımız yağmura bənzər.
Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər,
sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp
(həşəm) olar. Allah hər şeyə (hər şeyi
yaratmağa və məhv etməyə) qadirdır!
46. (Bə’zi adamların fəxr etdiyi)
mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın
bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər
isə Rəbbinin yanında həm savab, həm də (Allahın
mərhəmətinə) ümid e’tibarilə daha xeyirlidir!
47. O gün (qiyamət günü)
dağları (yerindən qoparıb) hərəkətə
gətirəcəyik. (O vaxt) yeri düzdüz görəcəksən,
(mö’minləri və kafirləri) bir yerə toplayacaq, onların
heç birini (kənarda) qoymayacağıq.
48. Onlar Rəbbinin hüzuruna çərgə-cərgə
(səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:
) "Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız
kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz
elə güman edirdiniz ki, Biz sizə verdiyimiz və’di (öləndən
sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!"
49. (Qiyamət günü hər kəsin)
əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum!
O zaman) günahkarların orada (yazılmış) olanlardan
qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər:
"Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç
bir kiçik və böyük günahımızı gözdən
qaçırmadan hamısını sayıb yazmışdır
ki!" Onlar (dünyada) etdikləri bütün əməllərin
(öz qarşılarında) hazır durduğunu görəcəklər.
Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər
kəs öz əməlinin cəzasını alacaqdır!)
50. (Ya Rəsulum!) Xatırla ki, bir
zaman mələklərə "Adəmə (tə’zim məqsədilə)
səcdə edin!" - demişdik. İblisdən başqa hamısı
səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz
Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz
olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını
özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün
necə də pis dəyiş-düyüşdür!
51. Mən onları nə göylərin,
nə yerin yaradılışına, nə də öz yaradılışlarına
şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları
Özümə köməkçi də tutmadım!
52. O gün (qiyamət günü
Allah müşriklərə) belə buyuracaq: "(Mənə
ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə
şəfaət diləməkdən ötrü) çağırın!
(Müşriklər) öz tanrılarını (bütlərini)
çağıracaq, lakin onlar (müşriklərə) heç
bir cavab verməyəcəklər. Biz onların arasında
(hamısının birlikdə məhv olacağı) bir cəhənnəm
dərəsi bərqərar edərik!
53. Günahkarlar atəşi (Cəhənnəmi)
görüncə ona düşəcəklərini yəqin
edəcək və oradan baş götürüb qaçmağa
(kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.
54. Biz bu Qur’anda insanlar üçün
cürbəcür məsəllər çəkdik. İnsan
isə (bütün məxluqat içərisində) ən çox
mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət
qəbul etməyib batilə uyar).
55. İnsanlara (Məkkə müşriklərinə)
doğru yol göstərən bir rəhbər (peyğəmbər,
Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə
və Rəbbindən bağışlanmalarını diləməyə
mane olan şey yalnız əvvəlkilərin başına
gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri
düçar etdiyimiz müsibətlərin) onların da başına
gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib
onlara yetişməsini gözləməlidirlər.
56. Biz peyğəmbərləri yalnız
(mö’minlərə Cənnətlə) müjdə verənlər
və (kafirləri cəhənnəm əzabı ilə) qorxudanlar
(xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər
isə batil (sözləri) ilə haqqı (Qur’anı) yalana
çıxartmaq məqsədilə (Peyğəmbərlə
boş-boşuna) mübahisə aparırlar. Onlar Mənim ayələrimi
və (Peyğəmbər vasitəsilə) qorxudulduqları
əzabı məsxərəyə qoyurlar.
57. Rəbbinin ayələri özünə
xatırlandırılarkən onlardan üz döndərən,
əvvəlcə (öz əlləri ilə) etdiyi günahları
unudan (əvvəlki günahlarından peşman olub tövbə
etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür
adamlar) onu (Qur’anı) anlamasınlar deyə, Biz onların qəlblərinə
pərdə çəkib, qulaqlarına ağırlıq verdik
(maneə qoyduq). Sən onları doğru yola də’vət etsən
belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul
etməzlər).
58. Rəbbin bağışlayandır,
mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına
görə cəzalandırmaq istəsəydi, onların əzabını
sür’ətləndirərdi. Lakin onların (öz əzab)
vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb
canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər!
59. O məmləkətlərin əhalisini
(Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv
etdik. Biz onları məhv etmək üçün vaxt (və’də)
müəyyən etmişdik.
60. (Ya Rəsulum!) Yadına sal ki, bir
zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə
ibn Nuna) belə demişdi: "Mən (Xızırla görüşmək
üçün) iki dənizinqovuşduğu yerə çatmayınca
və uzun müddət gəzib dolanmayınca (bu səfərdən)
geri dönməyəcəyəm!"
61. Onlar iki dənizin qovuşduğu
yerə gəlib çatdıqda (yeməyə götürdükləri)
balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış)
dənizdə bir yarğana tərəf üz tutmuşdu.
62. Onlar (iki dənizin qovuşduğu
yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi:
"Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən
saldı!"
63. O isə: "Görürsənmi,
biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman
mən balığı unutdum. Doğrusu, onu xatırlamağı
mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib
bir şəkildə dənizə yollanmışdır!" -
deyə cavab verdi.
64. (Musa: ) "Elə istədiyimiz də
(axtardığımız da) budur!" - dedi və onlar öz ləpirlərinin
izinə düşüb gəldikləri yolla geri (iki dənizin
qovuşduğu yerə) qayıtdılar.
65. (Musa və Yuşə orada) Öz
dərgahımızdan mərhəmət (peyğəmbərlik
və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz
və Öz tərəfimizdən elm (qeybə dair bə’zi
biliklər) öyrətdiyimiz bəndələrimizdən birini
(Xızırı) tapdılar.
66. Musa ondan soruşdu: "Öyrədildiyin
doğru yolu göstərən elmdən mənə öyrətmək
şərtilə sənə tabe olummu?"
67. (Xızır) belə cavab verdi:
"Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə)
əsla dözə bilməzsən. (Sənin onlara səbrin
çatmaz, çünki mən batini elmlə iş görürəm.
Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər
olduğun üçün mən zahirən qadağan olunmuş
bir iş gördükdə ona e’tiraz edib əleyhimə çıxacaqsan).
68. Axı sən bilmədiyin (batininə,
mahiyyətinə bələd olmadığın) bir şeyə
necə dözə bilərsən?
69. (Musa) dedi: "İnşallah, səbirli
olduğumu görəcəksən. Sənin heç bir əmrindən
çıxmayacağam!"
70. (Xızır: ) "Əgər mənə
tabe olacaqsansa, səbəbini sənə izah etməyincə
məndən heç bir şey haqqında soruşma!" - dedi.
71. Bundan sonra onlar durub yola düşdülər.
Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin
bir-iki taxtasını sındırıb çıxartdı).
(Musa) dedi: "Sən gəmidə olanları suya qərq etmək
üçünmü gəmini deşdin? Doğrusu, (günahı)
böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)".
72. (Xızır) belə cavab verdi:
"Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim
işlərə) əsla dözə bilməzsən?"
73. (Musa) dedi: "Unutduğum bir şeyə
görə məni danlama və məni öz işimdə
(sənə tabe olmaqda) çətinliyə salma!"
74. Yenə getdilər, nəhayət,
bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır)
dərhal onu öldürdü. (Musa) dedi: "(Heç bir günah
iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (mə’sum)
bir canamı qıydın? Doğrudan da, çox pis bir şey
etdin (çox pis bir iş gördün)".
75. (Xızır) yenə belə cavab
verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda
(edəcəyim əməllərə) əsla dözə bilməzsən?
76. (Musa) dedi: "Əgər bundan sonra
səndən bir şey barəsində xəbər alsam, bir
daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə
e’tiraz etdiyim, səni qınadığım üçün)
sən artıq mənim tərəfimdən üzrlüsən
(məni atıb getməyə haqqın vardır)".
77. Sonra yenə yola düzəlib getdilər.
Axırda bir məmləkət əhlinə yetişib onlardan
yeməyə bir şey istədilər. Əhali onları qonaq
etmək (Musaya və Xızıra yemək vermək) istəmədi.
Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar
gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi:
"Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində
bir müzd (çörək pulu) alardın. . ."
78. (Xızır) dedi: "Bu artıq mənimlə
sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul
olduğunu gördüyün üçün) dözə bilmədiyin
şeylərin yozumunu (batinini, iç üzünü) sənə
xəbər verəcəyəm!
79. Belə ki, gəmi dənizdə
çalışıb-vuruşan bir dəstə yoxsula mənsub
idi. Mən onu xarab etmək istədim, çünki həmin
adamların arasında (yaxud qabağında) hər bir saz gəmini
zorla ələ keçirən bir padşah var idi.
80. Oğlana gəldikdə, onun ata-anası
mö’min kimsələr idi. (Mən onun alnına baxıb gördüm
ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna
görə də biz (onun böyüyəndə) ata-anasını
da (öz arxasınca) azğınlığa və küfrə
sürükləməsindən qorxduq.
81. Və Rəbbinin onun əvəzində
onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli
olan başqa bir övlad verməsini istədik.
82. Divara gəldikdə isə, o, şəhərdə
olan iki yetim oğlanın idi. Altında onlara çatası bir
xəzinə vardı. Onların atası əməlisaleh (bir
adam) idi. Rəbbin onların həddi-büluğa çatmalarını
və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini
tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən
bunları öz-özümdən etmədim (yalnız Allahın
əmrini yerinə yetirdim). Sənin səbr edib dözə
bilmədiyin şeylərin yozumu (batini mə’nası) budur!"
83. (Ya Rəsulum!) Səndən Zülqərneyn
barəsində soruşarlar. De: "Onun barəsində sizə
bir hekayət (bə’zi xəbərlər) söyləyəcəyəm!"
84. Biz onu yer üzərində möhkəmləndirib
qüvvətləndirdik və hər şey verdik (hər şeyin
yolunu ona öyrətdik).
85. O, (məğribə çatmaq üçün)
yola çıxdı. (Tövbə qapısı məğribdə
olduğuna görə səfərini oradan başladı).
86. Nəhayət, günəşin
batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı
bir çeşmədə (lehməli bir suda) batan gördü.
O, çeşmənin yanında (Allahı tanımayan, kafir)
bir tayfa da gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn!
Sən onlara (imana gəlməsələr) əzab da verə
bilərsən, (haqq yola də’vət edib) onlarla yaxşı
rəftar da edə bilərsən!"
87. O (İsgəndər) belə cavab
verdi: "Zülm (küfr) edənə əzab verəcəyik.
Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də)
ona (Cəhənnəmdə) görünməmiş bir əzab
verəcəkdir!
88. İman gətirib yaxşı iş
görənləri isə ən gözəl mükafat (Cənnət)
gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!"
(Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız
hər şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək,
gücü çatmayan bir işi isə görməyə vadar
etməyəcəyik).
89. Sonra o, başqa bir yola (məşriqə)
tərəf üz tutub getdi.
90. Nəhayət, günəşin
çıxdığı yerə çatdıqda onu bir qövm
üzərində doğan gördü ki, onlardan ötrü
ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq.
(Yalnız günəşin özü onlar üçün
sipər idi).
91. (Zülqərneynin qüdrət
və səltənəti, səyahəti) belə idi. Biz hələ
onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin
qüdrətini, nə qədər əsgərlə səfərə
çıxdığını Allahdan başqa heç kəs
dəqiq bilməz).
92. Daha sonra o (Zülqərneyn) başqa
bir yola (cənubdan şimala) üz tutub getdi.
93. Nəhayət, (sədd salmış
olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə’cud-Mə’cüc
tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib
çatdıqda onların ön tərəfindən az qala söz
anlamayan (yaxud danışıqları çox çətin başa
düşülən) bir tayfa gördü.
94. Onlar (tərcüməçi vasitəsilə)
dedilər: "Ey Zülqərneyn! Yə’cuc-Mə’cuc (tayfaları)
bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə
onlar arasında bir sədd çəkmək üçün
sənə müəyyən məbləğ (yaxud xərac)
versək olarmı?"
95. O (Zülqərneyn) dedi: "Rəbbimin
mənə verdiyi (qüdrət və sərvət sizin mənə
verəcəyiniz məbləğdən) daha yaxşıdır.
Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər
və s.) mənə kömək edin, mən də sizinlə
onlar arasında möhkəm bir sədd düzəldim!
96. Mənə dəmir parçaları
gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın
arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən
kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri
üfürdülər). (Zülqərneyn dəmiri) od halına
salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə
tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı,
ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə,
möhkəm bir sədd əmələ gəldi).
97. (Yə’cuc-Mə’cuc tayfaları)
artıq nə (səddi) aşa bildilər, nə də onu
dəlib keçə bildilər.
98. O (Zülqərneyn) dedi: "Bu (sədd)
Rəbbimdən bəxş edilən bir mərhəmətdir.
Rəbbimin tə’yin etdiyi vaxt (qiyamətə yaxın Yə’cuc-Mə’cüc
tayfalarının dünyanı bürüyəcəyi zaman)
gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz)
edəcəkdir. Rəbbimin və’di haqdır!" (Allahın buyurduğu
hər bir şey, o cümlədən İsgəndərin səddinin
dağılması, Yə’cuc-Mə’cuc tayfalarının yer
üzünün hər tərəfinə səpələnməsi,
orada fitnə-fəsad törətməsi, nəhayət bir
cür həşərat tərəfindən məhv edilməsi
mütləq baş verəcəkdir).
99. O gün (həddindən artıq
çox olduqlarına görə) onları (yaxud bütün
insanları başlı-başına) buraxarıq. Belə ki,
onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları
bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər).
Sur çalınan kimi onların (məxluqatın) hamısını
bir yerə cəm edərik.
100. O gün Biz Cəhənnəmi
(gətirib) kafirlərə əyanən göstərərik.
101. O kəslər ki, gözləri
Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə
də qadir deyildilər. (Onlar Qur’anın ülviyyətini, Mənim
ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri
görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).
102. Kafirlər Məni qoyub qullarımı
(mələkləri, Üzeyiri, İsanı və başqalarını)
özlərinə dost (hami) edəcəklərinimi güman
edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan
əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər
üçün mənzil hazırlamışıq!
103. (Ya Rəsulum!) De: "Sizə əməlləri
baxımından (axirətdə) ən çox ziyana uğrayanlar
barəsində xəbər verimmi?"
104. O kəslər ki, onların dünyadakı
zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər
gördüklərini (və bunun müqabilində mükafata
nail olacaqlarını) zənn edirdilər.
105. Onlar o kəslərdir ki, Rəbbinin
ayələrini və Onunla qarşılaşacaqlarını
(qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda
duracaqlarını) inkar etdilər, bununla da onların bütün
əməlləri puça çıxdı. Buna görə
də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi
qurmayacağıq!
106. Küfr etdiklərinə, ayələrimi
və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına
görə budur onların cəzası - Cəhənnəm!
107. İman gətirib yaxşı
işlər görənlərin mənzili isə Firdovs cənnətləri
olacaqdır!
108. Onlar orada (o cənnətlərdə)
əbədi qalıb oradan ayrılmaq (başqa yerə getmək)
istəməyəcəklər!
109. (Ya Rəsulum! Qur’anda buyurulduğu
kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə)
de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün
dərya mürəkkəb olsaydı və bir o qədər
də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri
tükənmədən öncə onlar tükənərdi!"
110. De: "Mən də sizin kimi ancaq
bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız
bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına
(qiyamət günü dirilib haqq-hesab üçün Allahın
hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud
qiyamətdən qorxursa), yaxşı iş görsün və
Rəbbinə etdiyi ibadətə heç kəsi şərik
qoşmasın!"

|