| |
19.
Məryəm (Məryəm
əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur,
98 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kaf, Ha, Ya, Eyn, Sad!
2. (Ya Rəsulum!) Bu sənin Rəbbinin
öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
3. (Zəkəriyyaya) Rəbbinə
gizlicə dua edib yalvardığı zaman
4. Belə demişdi: "Ey Rəbbim!
Artıq sümüyüm sustalmış, başım ağappaq
ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə
heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə,
qəbul olunmuşdur).
5. Mən özümdən sonra gələn
qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın
və digər vərəsələrimin məsləkimi ləyaqətlə
davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də
ki, qısırdır. Buna görə də mənə Öz
dərgahından bir oğul (vəli) bəxş et ki,
6. O həm mənə, həm də
Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə)
varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi,
itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı)
qazanmış olsun!"
7. (Allahdan belə bir nida gəldi:
) "Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı
ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı
əvvəllər heç kəsə verməmişik!"
8. (Zəkəriyya) dedi: "Ey Rəbbim!
Zövcəm doğmayan bir qadın, mən də qocalıb
əldən düşmüş (sümüyü sustalmış
bir kişi) ikən mənim necə oğlum ola bilər?"
9. (Allah Cəbrailin dili ilə buyurdu:
) "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək
Mənim üçün asandır. Necə ki, ilk əvvəl
səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!"
10. (Zəkəriyya) dedi "Ey Rəbbim!
Mənim üçün (ürəyim arxayın olsun deyə,
bu barədə) bir əlamət müəyyən et!" (Allah)
buyurdu: "Əlamətin budur ki, sən sağlam ikən üç
gün-üç gecə adamlarla danışa bilməyəcəksən!"
11. (Nəhayət, Zəkəriyyanın
dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün
artıq zövcəsinin hamilə olduğunu başa düşdü
və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin
olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya)
mehrabdan (mə’bəddən) öz camaatının qabağına
çıxıb (əli ilə) onlara belə işarə etdi:
"Səhər-axşam (Allahı) təqdis edib şə’ninə
tə’riflər deyin! (Və ya namaz qılın!)"
12. (Yəhya dünyaya gəldikdən
sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı
möhkəm tutub onun hökmlərinə ciddi əməl et!).
Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini
anlamaq, peyğəmbərlik) verdik.
13. Biz həm də ona Öz dərgahımızdan
bir mərhəmət (yaxud insanlara qarşı şəfqət)
və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi
idi.
14. (Yəhya) ata-anasına qarşı
da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş)
deyildi.
15. Ona doğulduğu gün də,
öləcəyi gün də (qiyamətdə) diriləcəyi
(qəbirdən diri olaraq qaldırılacağı) gün
də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən,
vəfat etdikdə qəbir əzabından, axirətdə isə
qiyamət dəhşətindən salamat olsun!)
16. (Ya Rəsulum!) Kitabda (Qur’anda) Məryəmi
də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud
Beytülmüqəddəsin) şərq tərəfində
(ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
17. Və ailə üzvlərindən
gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub
təmizlənmək) üçün pərdə tutmuşdu.
Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına
göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində
göründü.
18. (Məryəm) dedi: "Mən səndən
Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə
(mənə toxunma)!"
19. (Cəbrail: ) "Mən sənə
ancaq təmiz (mə’sum) bir oğlan bağışlamaq üçün
Rəbbinin (göndərdiyi) elçisiyəm!" - dedi.
20. (Məryəm) dedi: "Mənim necə
oğlum ola bilər ki, mənə indiyədək bir insan əli
belə toxunmamışdır. Mən zinakar da deyiləm!"
21. (Cəbrail) dedi: "Elədir, lakin
Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz
onu insanlar üçün (qüdrətimizə dəlalət
edən) bir mö’cüzə, (sənə və mö’minlərə
isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik.
Bu, əzəldən təqdir olunmuş bir hökmdür!"
22. (Məryəm) artıq (Cəbrailin
üfürməsi ilə İsaya) hamilə oldu və onunla
(bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə)
çəkildi.
23. Doğuş sancısı onu bir
xurma ağacının gövdəsinə söykənməyə
məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası
bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb
olacağından əndişəyə düşüb) dedi:
"Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım
və ya tamamilə unudulub getmiş olaydım!"
24. Dərhal (Məryəmin, yaxud xurma
ağacının) alt tərəfindən ona (Cəbraildən
və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi:
"Kədərlənmə, Rəbbin sənin üçün
(ayağının) altından bir irmaq axıtdı (və
ya bətnindəki uşağı hörmət sahibi etdi).
25. (Qurumuş) xurma ağacını
özünə tərəf silkələ, üstünə
təzə yetişmiş (xurma) tökülsün!
26. (Xurmadan və sudan) ye-iç, (belə
bir uşaq doğduğuna görə) gözün aydın
olsun. Əgər (səndən bu uşaq barəsində soruşan)
bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda
oruc (sükut orucu) tutmağı nəzir eləmişəm,
ona görə də bu gün heç kəslə danışmayacağam!"
27. (Məryəm) uşağı
götürüb öz adamlarının yanına gəldi.
Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə
(atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir
iş gördün!)
28. Ey Harunun bacısı! Atan pis kişi,
anan da zinakar deyildi!"
29. (Məryəm onun özü ilə
danışın, deyə) ona (uşağa) işarə etdi.
Onlar: "Beşikdə olan uşaqla necə danışacaq?" -
dedilər.
30. (Allahdan bir mö’cüzə olaraq
körpə dilə gəlib) dedi: "Mən, həqiqətən,
Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü
də peyğəmbər etdi.
31. O, harada oluramsa olum, məni mübarək
(həmişə hamıya xeyir verən, dini hökmləri
öyrədən) etdi və mənə diri olduqca namaz qılıb
zəkat verməyi tövsiyə buyurdu.
32. O, həmçinin məni anama qarşı
olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə
qarşı) zülmkar, asi (dikbaş) eləmədi!
33. Doğulduğum gün də, öləcəyim
gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım)
gün (qiyamət günü) də (Allahdan) mənə salam
olsun!"
34. Bu, (yəhudilərin və xaçpərəstlərin
barəsində) şübhəyə düşdükləri
Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu)
haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin)
barəsində şəkk-şübhə etdikləri Məryəm
oğlu İsa haqq söz olaraq budur].
35. Allaha (özü üçün)
övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir.
O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız:
"Ol!" deyər, o da dərhal olar.
36. (İsa sonra belə dedi: ) "Allah
mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət
edin. Bu, doğru yoldur!"
37. (Xaçpərəstlərdən
olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur
və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa
düşdülər. Vay o böyük günü (qiyamət
gününü) görəcək kafirlərin halına!
38. (Sən indi onların özlərini
karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza
gələcəkləri gün (qiyamət günü hər
şeyi) elə yaxşı eşidəcək, elə yaxşı
görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar
bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).
39. (Ya Rəsulum!) Qəflətdə
olanları və iman gətirməyənləri işin bitmiş
olacağı (haqq-hesab çəkilib mö’minlərin Cənnətə,
kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq
günü (insanın pis əməllərinə görə
peşman olacağı, lakin bu peşmançılığın
heç bir fayda verməyəcəyi qiyamət günü) ilə
qorxut!
40. (O gün bütün) yer üzünə
və onun üzərində olan hər şeyə yalnız
biz varis olacağıq. (Bizdən başqa heç kəs və
heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını
almaq üçün) Bizim hüzurumuza qaytarılacaqlar.
41. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İbrahimi
də yad et (onun hekayətini də ümmətinə söylə).
Həqiqətən, o, büsbütün doğru danışan
kimsə (siddiq) - bir peyğəmbər idi.
42. O, bir zaman atasına belə demişdi:
"Atacan! Nə üçün eşitməyən, görməyən
və sənə heç bir fayda və zərər verə
bilməyən bütlərə ibadət edirsən?
43. Atacan! Həqiqətən, sənə
gəlməyən bir elm (peyğəmbərlik) mənə
gəlmişdir (sənə müyəssər olmayan bir şey
mənə müyəssər olmuşdur). Ardımca gəl
ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!
44. Atacan! Şeytana ibadət etmə,
həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!
45. Atacan! Qorxuram ki, (tövbə etməsən)
Rəhmandan sənə bir əzab toxunsun və beləcə
(Cəhənnəmdə) Şeytana yoldaş olasan!"
46. (Atası Azər İbrahimə)
dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan
üzmü çevirirsən? Əgər (onlara qarşı
pis hərəkətlərinə) son qoymasan, səni mütləq
daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı
sözlər deyəcəyəm). Bir müddət məndən
uzaq ol (gözlərim səni görməsin)!"
47. (İbrahim) belə cavab verdi: "Sənə
salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən
sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən
sənin bağışlanmağını diləyəcəyəm.
O mənə qarşı çox mehribandır (çox lütfükardır,
duamı qəbul edər).
48. Mən sizi və sizin Allahdan başqa
tapındığınız bütləri tərk edib bir kənara
çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm.
Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt
(Onun mərhəmətindən naümid, məhrum) olmayım.
(Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara
etdiyiniz ibadət kimi puça çıxmasın!)"
49. (İbrahim müşrikləri)
və onların Allahdan başqa tapındıqları bütləri
tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi)
Yə’qubu bəxş etdik və onların hər ikisini peyğəmbər
etdik.
50. (Onların üçünü
də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan
buyurub tə’riflərini dillər əzbəri etdik. (Bütün
din sahiblərinin, mö’minlərin yanında onların ehtiramını
və mərtəbəsini ucaltdıq).
51. (Ya Rəsulum!) Kitabda (Qur’anda) Musanı
da yad et! Həqiqətən o, (öz ibadətində) çox
səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına
göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
52. Biz (Musanı) Tur dağının
sağ tərəfindən çağırdıq və (Allahla
danışmaq üçün yalvarıb) gizli dua edərkən
özümüzə yaxınlaşdırdıq.
53. Və öz mərhəmətimizdən
qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş
etdik.
54. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İsmaili
də yada sal! O öz və’dinə sadiq və (Bizim tərəfimizdən
öz ümmətinə göndərilmiş) bir elçi, bir
peyğəmbər idi.
55. O öz ümmətinə namaz
qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin
rizasını qazanmışdı. (İsmailin əməli
Allah dərgahında bəyənilmişdi).
56. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İdrisi
də yad et! O, həqiqətən, büsbütün doğru
danışan kimsə (siddiq) - bir peyğəmbər idi.
57. Biz onu yüksək bir məqama
(Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.
58. Bunlar Adəmi və Nuhla gəmiyə
mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin
(Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz
və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir.
Onlar Rəhmanın (Allahın) ayələri özlərinə
oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
[İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun
gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub
İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və
İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir].
59. Onlardan sonra namazı tərk edib
şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki)
Fəyy dərəsinə düşəcəklər. (Yaxud,
onlar da öz əməllərinin cəzasını alacaqlar).
60. Tövbə edib iman gətirən
və yaxşı işlər görənlərdən başqa!
Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə
daxil olacaqlar -
61. Rəhmanın (Allahın) Öz
bəndələrinə və’d etdiyi və onların görmədiyi
Ədn cənnətlərinə. Onun və’di mütləq
yerinə yetəcəkdir.
62. Onlar orada boş (lağlağı)
söhbətlər deyil, (mələklərdən və bir-birindən)
ancaq: "Salam!" eşidərlər. Ruziləri də səhər-axşam
(həmişə) oradadır.
63. Bu, həmin o Cənnətdir ki,
bəndələrimizdən müttəqi olanları ona varis
edəcəyik.
64. (Cəbrailin bir müddət yanına
gəlməməsindən xiffət çəkən Peyğəmbərə
Allaha yaxın olan bu əzəmətli mələk belə
demişdi: ) "Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri
ilə enirik. Önümüzdə, arxamızda və onların
arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə,
indiyə və gələcəyə aid işlər, dünya
yaranandan qiyamət gününə qədər baş verəcək
hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin
(Öz bəndələrini) unudan deyildir". (Cəbrail Qur’anı
Muhəmməd peyğəmbərə öyrətməyə
təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç
bir ayə gətirə bilməz. Onun yer üzünə nə
vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın
buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq
xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini
unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin
sənə dərhal nazil olmaması Rəbbindən başqa
heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi
ilə bağlıdır. Ona görə də belə şeydən
ötrü ürəyini qısma!)
65. O, göylərin və yerin, onların
arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət
et və Onun ibadətinə səbirli ol! Heç (Allahın
özündən başqa) Ona bənzərini (Onun adını
daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər
öz bütlərinə tanrı, ilahi desələr də,
heç zaman onlara Allah adını verməzlər).
66. (Qiyaməti inkar edən) insan: "Mən
öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?"
- deyə soruşur.
67. Məgər insan ilk öncə
onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı
xatırlamırmı?
68. (Ya Rəsulum!) Rəbbinə and
olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla
birlikdə yığıb məhşərə gətirəcək,
sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə
çökmüş halda Cəhənnəmin ətrafına
düzəcəyik.
69. Sonra hər bir firqədən Rəhmana
ən çox asi olanı dartıb çıxardacağıq
(araya gətirəcəyik).
70. Sonra (onlardan) Cəhənnəmə
girib yanmağa ən çox layiq olanları, sözsüz ki,
Biz daha yaxşı bilirik.
71. Sizdən elə bir kəs olmaz
ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu
vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin
müdhiş mənzərəsini onun körpüsü üstündən
keçərkən öz gözləri ilə görəcəklər.
Cənnətliklər cəhənnəm odunun içindən
yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər
isə ora düşüb əbədi əzaba məhkum olacaqlar.
Bir qism insan da müəyyən müddət orada qalıb günahı
təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).
72. Sonra Biz Allahdan qorxub pis əməllərdən
çəkinənlərə nicat verəcək, zalımları
isə orada diz üstə çökmüş halda saxlayacağıq!
73. Ayələrimiz özlərinə
açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən:
"Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha
yaxşı, hansının məclisi daha gözəldir?" -
deyə soruşarlar.
74. Halbuki Biz onlardan əvvəl neçə-neçə
nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca
(bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.
75. (Ya Rəsulum!) De: "(Bizdən və
sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman
ona (öz zəlalətində qalmaq üçün) uzun müddət
möhlət versin". Nəhayət, və’d olunduqları ya əzabı,
ya da qiyamət gününü gördükdə onlar kimin
məqamının daha pis, kimin tərəfdarlarının
daha zəif olduğunu biləcəklər.
76. Allah doğru yolda olanların doğruluğunu
artırar. Əbədi qalan yaxşı işlər isə
Rəbbinin yanında savab e’tibarilə daha xeyirli, nəticə
e’tibarilə daha yaxşıdır!
77. (Ya Rəsulum!) Ayələrimizi
inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə
mütləq mal-dövlət və övlad veriləcəkdir!"
- deyən adamı (As ibn Vaili) gördünmü?
78. Görəsən, o, qeybə vaqif
olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
79. Xeyr, onun dediklərini (əməl
dəftərinə) yazacaq, əzabını artırdıqca
artıracağıq.
80. Onun dediyi şeylər (mal-dövləti,
övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha
gələcəkdir. (Bütün malını və övladını
əlindən alacağıq və o məhşərə ilk
dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç
kimsiz və heç nəsiz gələcəkdir).
81. (Müşriklər qiyamət günü)
onlar üçün şəfaət diləsinlər (yaxud
Allahın əzabını onlardan dəf etsinlər) deyə,
Allahdan başqa tanrılar qəbul etdilər.
82. Xeyr, (qiyamət günü tanrıları)
onların ibadətini danacaq və onlara düşmən olacaqlar.
83. (Ya Rəsulum!) Məgər kafirlərin
üstünə onları yoldan çıxarıb günaha
sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
84. Elə isə onlardan ötrü
(onların tezliklə məhv edilməsinə) tələsmə,
çünki Biz onların günlərini bir-bir sayırıq.
(Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər.
Biz müəyyən müddətdən sonra onların cəzasını
verəcəyik).
85. O gün (qiyamət günü)
Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm
elçilər (şahanə qafilələrlə gələn
əziz qonaqlar) kimi cəm edərik.
86. Günahkarları isə Cəhənnəmə
susuz vəziyyətdə sürükləyib gətirərik.
87. Rəhmandan əhd almış
kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət
etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı
işlər görənlər qiyamət günü Rəhmanın
izni ilə şəfaət etməyə layiqdirlər).
88. (Müşriklər: ) "Rəhman
özünə övlad götürmüşdür!" - dedilər.
89. Siz, doğrudan da, olduqca pis bir şey
etdiniz (çox böyük-böyük danışdınız)!
90. Buna görə az qaldı ki, göylər
parçalansın, yer yarılsın və dağlar yerindən
qopub uçsun!-
91. (Müşriklərin) Rəhmana
övlad isnad etdiklərinə görə!
92. Halbuki Rəhmana özünə
övlad götürmək yaraşmaz.
93. Çünki göylərdə
və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur
ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi
gəlməsin.
94. And olsun ki, (Allah) onları (bütün
yaratdıqlarını) hesablamış və təkrar-təkrar
saymışdır.
95. Onların hamısı qiyamət
günü Onun hüzuruna gələcək.
96. Həqiqətən, iman gətirib
yaxşı işlər görənlər üçün
Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm
özü onları dost tutacaq, həm də onların məhəbbətini
hamının, o cümlədən mö’minlərin qəlbinə
salacaqdır).
97. (Ey Muhəmməd!) Biz (Qur’anı)
sənin dilinlə asan (hamıya müyəssər) etdik ki,
onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə
(Cənnətlə) müjdə verəsən və inadkar
bir camaatı (batil dəlillərlə mübahisə aparan
Məkkə müşriklərini Cəhənnəmlə)
qorxudasan.
98. Biz onlardan əvvəl neçə-neçə
nəsilləri məhv etdik. İndi heç onlardan birini görür,
yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri
də onlar kimi məhv edib kökünü kəsəcəyik).

|