| |
2.
əl-Bəqərə
(İnək) surəsi (Mədinədə nazil olmuşdur,
286 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim.
2. Bu, (Allah tərəfindən nazil
edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə
olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən
çəkinənlərə) doğru yol göstərən
Kitabdır.
3. O kəslərki, qeybə (Allaha,
mələklərə, qiyamətə, qəza və qədərə)
inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz
ruzidən (ailələrinə, qohum-qonşularına və
digər haqq sahiblərinə) sərf edirlər.
4. O kəslərki, sənə göndərilənə
(Qur’ana) və səndən əvvəl göndərilənlərə
(Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə
də şəksiz inanırlar,
5.Məhz onlar öz Rəbbi tərəfindən
(göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət
əzabından qurtarıb Cənnətə qovuşanlar) da
onlardır.
6. (Ya Rəsulum!) Həqiqətən,
kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün
birdir, iman gətirməzlər.
7. Allah onların ürəyinə
və qulağına möhür vurmuşdur. Gözlərində
də pərdə vardır. Onları böyük bir əzab
gözləyir!
8. İnsanlar içərisində elələri
də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha
və qiyamət gününə iman gətirdik", -deyirlər.
9. Onlar elə güman edirlər ki,
(qəlblərində olan küfrü gizlətməklə)
Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki,
əslində ancaq özlərini aldadırlar.
10. Onlar ürəyində mərəz
(nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk,
kin və nifiq) mərəzini daha da artırar. Yalan dedikləri
üçün onlar şiddətli bir əzaba düçar
olacaqlar!
11. Onlara: "Yer üzündə (küfr
və günah işlədərək, mö’minləri aldadaraq)
fəsad törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq
yaxşılıq etməkdir", -deyə cavab verirlər.
12. Bilin ki, onlar fəsad törədəndirlər,
lakin (bunu) dərk etmirlər.
13. Onlara: "Başqaları (mühacir
və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!"
-deyildiyi zaman (öz aralarında): "Biz də səfehlər
(ağılsızlar) kimi iman gətirək?" -deyə cavab verirlər.
(Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir,
lakin (bunu) bilmirlər.
14. Onlar mö’minlərlə qarşılaşdıqları
zaman: "Biz də (sizin kimi) iman gətirdik",-deyirlər. Halbuki
öz şeytanları ilə (onları aldadan dostları ilə)
təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (mö’minlərə)
istehza edirik",-deyirlər.
15. (Belə əməllərin müqabilində)
Allah da onlara (dünya va axirətdə) istehza edər və
(dünyada) onlara o qədər möhlət verər ki, öz
zəlalətləri icində şaşqın (və sərgərdan)
qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları
öz zəlalətləri, tüğyanları içində
saxlayar).
16. Onlar doğru yol əvəzində
əyri yolu satın almış kəslərdir. Onların
alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.
17. Onların (münafiqlərin) halı
(qaranlıq gecədə) od yandıran şəxsin halına
bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı
zaman Allah onların işıgını keçirər və
özlərini zülmət içərisində qoyar, (artıq
heç nə) görməzlər.
18. Onlar kar, lal və kordurlar (haqqı
eşitməz, danışmaz və görməzlər). Buna
görə də (öz pis adətlərindən, yaramaz əməllərindən)
dönməzlər.
19. Yaxud (o münafiqlər) qaranlıqlarda
göy gurultusu və şimşəklə səmadan şiddətlə
yağan yağışa düşmüş kimsələrə
bənzərlər ki, ildırımın səsindən ölmək
qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki
Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir
(Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
20. İldırımın çaxması
az qalır ki, onların gözlərinin işığını
alsın (onları kor etsin). (Şimşək) onlara işıq
verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə
qaranlıq çökdükdə isə (olduqları yerdə)
dayanıb dururlar. Əgər Allah istəsəydi, onların
qulaqlarını və gözlərini əllərindən
alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri
yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi
olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)
22. O Allah ki, sizin üçün yer
üzünü döşədi, göyü isə tavan yaratdı,
göydən yağmur endirdi və onun vasitəsilə sizin
üçün müxtəlif meyvələrdən ruzilər
yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı
və bənzəri olmadığını) bilə-bilə
şəriklər qoşmayın!
23. Əgər bəndəmizə
(Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz
varsa, siz də (fəsahətdə və bəlağətdə)
ona bənzər bir surə gətirin və əgər ("bu,
bəşər kəlamıdır" sözünü) doğru
deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi
(bütlərinizi, şair və alimlərinizi bu işdə
köməyə) çağırın!
24. Madam ki, bele bir işi bacarmırsınız,
heç bacara da bilməzsiniz, o halda kafirlər üçün
hazırlanmış, yanacağı (günahkar) insanlardan və
kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən)
həzər edin!
25. (Ya Peyğəmbər!) İman
gətirən və yaxşı işlər görən kimsələrə
müjdə ver: onlar üçün (ağacları) altından
çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin)
meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə
(dünya evində) yediyimiz ruzidir",- deyəcəklər. Əslində
isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən)
bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər
cəhətdən) pak (olan) zövcələr də var. Onlar
(mö’minlər) orada əbədi qalacaqlar.
26. Əlbətdə, Allah (Qur’anda)
ağcaqanadı və ya ondan daha böyüyünü misal
gətirməkdən çəkinməz. İman gətirənlər
bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu
bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə
demək istəyir?"-deyirlər. Allah bununla (bu məsəllə)
bir çoxlarını zəlalətə salır, bir çoxlarını
isə doğru yola yönəldir. Allah yalnız fasiqləri
zəlalətə düçar edir.
27. O kəslər ki, Allahla (Ona iman
gətirmək və itaət etmək barəsində) əhd
bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini
buyuduğu şeyləri parçalayır (mö’minlərlə
dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir)
və yer üzündə fitnə-fəsad törədirlər.
Məhz belələri (dünyada və axirətdə) ziyana
uğrayanlardır!
28. Allahı necə inkar edirsiniz ki,
siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə)
yenə öldürəcək, sonra (qiyamətdə) yenə
də dirildəcək və daha sonra siz (əməllərinizin
haqq-hesabı çəkilmək üçün) Ona tərəf
(Onun hüzuruna) qaytarılacaqsınız.
29. Yer üzündə nə varsa,
hamısını sizin üçün yaradan, sonra səmaya
üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama
salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
30. (Ya Rəsulum!) Sənin Rəbbin
mələklərə: "Mən yer üzündə bir xəlifə
(canişin) yaradacağam", - dedikdə (mələklər):
"Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər
dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən
orada (yer üzündə) fəsad törədəcək və
qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər.
(Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu.
31. (Allah Adəmi yaratdıqdan sonra)
Adəmə bütün şeylərin adlarını (ismlərini)
öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə
göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların
adlarını Mənə bildirin!"- dedi.
32. Onlar: "Sən paksan, müqəddəssən!
(Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə
öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
(Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən",
- dedilər.
33. (Sonra) O: "Ey Adəm, bunların
(kainatda mövcud olan əşyanın) adlarını onlara
bildir!"- dedi. (Adəm) onlara (mələklərə) bunların
adlarını xəbər verdikdə (Allah): "Mən sizə,
göylərin və yerin gözə görünməyən
sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi
bilirəm, söyləmədimmi?" - buyurdu.
34. (Ya Peyğəmbər!) Biz mələklərə:
"Adəmə səcdə edin! - dedikdə İblisdən başqa
(hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq
(səcdə etməkdən) imtina etdi və kafirlərdən
oldu.
35. (Sonra) Biz (Adəmə) dedik: "Ey
Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə
qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz
kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin!
Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız".
36. (Lakin) Şeytan onları azdırıb
(buğdadan yedizdirməklə ne’mətlər içində)
olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə,
Həvvaya və Şeytana): "Bir-birinizə düşmən
kəsilərək (buradan kənar olub yer üzünə)
enin! Yerdə sizin üçün müəyyən vaxta qədər
(ömrünüzün axırınadək) sığinacaq
və yaşayış (dolanacaq) vasitələri var",-dedik.
37. (Nəhayət) Adəm rəbbindən
(bə’zi xüsusi) kəlmələr öyrənərək
(Həvva ilə birlikdə o kəlmələr vasitəsilə)
tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul
edəndir, mərhəmətlidir.
38. Biz (onlara) dedik: "Hamınız buradan
(yer üzünə) enin! Mənim tərəfimdən sizə
bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman
Mənim hidayətimə tabe olanlara (axirət əzabından)
heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar".
39. Kafir olaraq ayələrimizi təkzib
edənlər isə cəhənnəmlikdirlər, onlar orada
(atəş içində) əbədi qalacaqlar.
40. Ey İsrail oğulları! Sizə
bəxş etdiyim ne’mətimi xatırlayın, (Tövratda axirüzzəman
peyğəmbər barəsindəki) buyurduğumu yerinə
yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid
etmək barəsində) olan əhdə vəfa edim. Yalnız
Məndən qorxun!
41. Sizin əlinizdəkini (Tövratı)
təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin!
Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim
ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə
(dəyərsiz dünya malına) satmayın və ancaq Məndən
qorxun!
42. Siz bilə-bilə haqqı batillə
qarışdırmayın, haqqı gizlətməyin!
43. (Müsəlmanların namazı
kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə
birlikdə rüku edin!
44. Siz insanlara yaxşı işlər
görmələrini əmr etdiyiniz halda, özünüzü
unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz.
Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?
45. (Müsibət vaxtında) səbr
etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!
Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün
ağır deyildir.
46. Belə kimsələr Rəbbinin
mərhəmətinə qovuşacaqlarını və axırda
Onun hüzuruna qayıdacaqlarını bilirlər.
47. Ey İsrail övladı! Sizə
bəxş etdiyim ne’mətimi və sizi (vaxtilə əcdadınızı)
bütün aləmlərdən (başqa insanlardan) üstün
tutduğumu yadınıza salın!
48. Qorxun o gündən ki, (Allahın
izni və köməyi olmayınca) heç kəs heç kəsin
karına gələ bilməsin (heç kəs heç kəsə
öz əməlindən bir şey verə bilməsin), heç
kəsdən şəfaət (bu və ya digər şəxsin
günahlarının bağışlanması barəsində
xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının
təmizlənib əzabdan xilas olması üçün) fidyə
(əvəz) alınmasın və onlara (günahkarlara) heç
bir kömək göstərilə bilməsin!
49. (Ey İsrail oğulları! Yadınıza
gətirin o vaxtı ki) Fir’on əhli sizə (babalarınıza)
ən ağır işgəncələr verdikləri, oğlan
uşaqlarınızı boğazlayıb, qadınlarınızı
(kəniz etmək məqsədilə) sağ buraxdıqları
zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən
ötrü) Rəbbiniz tərəfindən böyük bir
imtahan var idi.
50. (Yadınıza salın ki) Biz sizdən
ötrü dənizi yarıb sizə nicat verdik və Fir’onun
adamlarını siz baxa-baxa suda qərq etdik.
51. (Bir daha) xatirənizə gətirin
ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx
gecəlik və’də vermişdik. (O, Tur dağına gedəndən)
sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz
və (bu hərəkətinizlə Alladan başqasına ibadət
etməklə) zalım oldunuz (özünüzə zülm
etdiniz).
52. Sonra da (tövbə etdiyinizə
görə) sizi əfv etdik ki, bəlkə, şükür
edəsiniz.
53. (Yadınıza salın!) Biz Musaya
kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən)
Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.
54. O vaxtı da xatırlayın ki,
Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş
etməklə, həqiqətən, özünüzə zülm
etdiniz. Buna görə də yaradanınıza tərəf
üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı
bilən adamlarınızı) öldürün! Belə etməniz
yaradanınızın yanında sizin üçün xeyirlidir!
"- demişdi və Allah da tövbənizi qəbul etmişdi.
Əlbəttə, O, tövbələri qəbul edəndir,
bağışlayandır.
55. (Və yadınıza salın ki)
siz: "Ya Musa, Allahı aşkar surətdə görməyincə,
heç vaxt sənə inanmayacağıq",- dediyiniz zaman gözünüz
görə- görə sizi ildırım vurmuşdu.
56. Bəlkə, şükür edəsiniz
deyə, biz sizi ölümünüzdən sonra yenidən
diriltdik.
57. (Yadınıza salın ki, Tih səhrasında
yaşadığınız zaman) üstünüzə buludla
kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən
yeyin!" (deyərək) sizə qüdrət halvası və
bildirçin göndərdik. Onlar (əcdadınız) isə
(itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə
zülm etmiş oldular.
58. Xatırlayın ki, (Tih səhrasından
çıxandan sonra ) sizə: "Bu kəndə girin, bəyəndiyiniz
yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və
buranın qapısından (Allaha) səcdə edən halda "hittə!"
("bizi bağışla!") söyləyərək daxil olun,
Biz də günahlarınızı bağışlarıq.
Biz yaxşı əməl edənlərin savabını (mükafatını)
artıracağıq", -demişdik.
59. (Özlərinə) zülm edənlər
onlara deyilən (əmr olunan) sözü başqası ilə
dəyişdirdilər ("bizi bağışla" mə’nasında
işlədilən "hittə" sözünə gülərək
onu "buğda" mə’nasında olan "hintə" sözü ilə
əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa
görə göydən şiddətli əzab göndərdik.
60. Yadınıza salın ki, Musa öz
qövmü üçün su istədikdə, Biz ona: "Əsanı
daşa vur!" -dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan)
on iki çeşmə fışqırdı, hər kəs
öz çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın
verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə
öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik).
61. Xatırlayın ki, siz (müəyyən
müddət səhrada qalmalı olduğunuz zaman): "Ya Musa!
Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından
və bildirçin ətindən ibarət olan yeməyə)
heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki,
bizim üçün torpağın bitirdiyi şeylərdən
tərəvəzindən, sarımsağından, mərciməyindən
və soğanından yetirsin! - dediniz. (Musa da cavabında :
) "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə
dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən
birinə gedin, istədiyinizi orada taparsınız!" - demişdi.
Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın
qəzəbinə düçar oldular. Bu (cəza) onların
Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya,
Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız
yerə öldürdüklərinə görə idi. Bu onların
(Allaha) asi olduqlarına və həddi aşdıqlarına
(Allahın əmrlərini pozduqlarına) görə idi.
62. İman gətirənlərdən
(müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və
sabiilərdən Allaha, axirət gününə (sədaqətlə)
inanıb yaxşı iş görənlərin mükafatları
Rəbbinin yanındadır. (Qiyamət günü) onların
nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə
görərlər.
63. (Ey İsrail oğulları!) Sizdən
əhd-peyman aldığımızı və Tur dağını
başınızın üzərinə qaldırdığımızı
xatırlayın! (Biz: ) "Sizə göndərdiyimizi (Tövratı)
möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə,
pis əməllərdən çəkinəsiniz" - (deyə
əmr etmişdik).
64. Bundan sonra siz (əhdinizdən)
döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata
sonra əməl etmədiniz). Əgər sizə Allahın
yazığı və rəhmi gəlməsəydi (tövbə
etmək üçün möhlət verilməsəydi), əlbəttə,
(böyük) zərər çəkənlərdən olardınız.
65. Həqiqətdə siz bilirsiniz
ki, içərinizdən bə’zi kəslər şənbə
günü (Davud zamanında şənbə günü balıq
ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara
çıxdılar. Biz də onlara: "(Zəlil və) həqir
meymunlar olun!" - dedik.
66. Biz bunu onlarla bir dövrdə yaşayanlar
və sonradan gələnlər üçün ibrət və
müttəqilərdən ötrü nəsihət olsun deyə
etdik.
67. Yadınıza gətirin o vaxtı
ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi
əmr edir!" - dedi. Onlar isə: "Bizi məsxərəyəmi
qoyursan?" - dedilər". (Musa da: ) Allah Özü məni cahil
olmaqdan saxlasın!" - dedi.
68. Onlar dedilər: "Bizdən ötrü
Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş
ki, o (inək) nə cür olmalıdır?" (Musa: ) "Allah o inəyin
nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin
arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan
şeyi yerinə yetirin!" -dedi.
69. Onlar dedilər: "Bizdən ötrü
Rəbbini çağırıb soruş, qoy onun rəngini də
bizə bildirsin". O da cavabında: "(Allah) onun tünd sarı
rəngli və görənlərə xoş gələn (bir
inək) olduğunu buyurur", dedi.
70. Onlar (yenə) söylədilər:
"Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini
bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri
bir-birinə bənzədirik. Əgər Allah istəsə
(biz kəsilməsi əmr edilən o inəyi tapar və bu
məsələ barəsində), əlbəttə, düz
yolda olarıq".
71. (Musa) dedi: "(Rəbbiniz) buyurur ki,
o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən,
tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və
ləkəsiz (sapsarı) bir inəkdir". (Bu zaman) onlar: "İndi
işi həqiqətə gətirib çıxartdın", -dedilər
və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı
ki, bu işi yerinə yetirməsinlər.
72. Yadınıza salın ki, siz o
zaman bir nəfəri öldürüb (özünüzü
təmizə çıxarmaq məqsədilə), onun (qatili)
barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi
zahirə çıxarandır!
73. Belə olduqda Biz: "(Kəsilmiş
inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə)
vurun!" - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün)
ölüləri bu qaydada dirildər və sizə Öz mö’cüzələrini
göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
74. Bundan (bu əfvalatdan) sonra qəlbləriniz
yenə sərtləşərək daş kimi, bəlkə,
daha da qatı oldu. Həqiqətən, bə’zi daşların
içərisindən nəhrlər axar, bə’zisi yarılıb
içindən su fışqırar və bə’zisi də Allahın
qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər.
Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
75. (Ey mö’minlər!) İndi onların
(yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz?
Halbuki (Musa dövründə) onların içərisində
elələri vardır ki, Allahın kəlamını (Tövratı)
dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
76. (Bu münafiqlər) iman gətirənlərlə
görüşdükləri zaman: "İman gətirdik",- deyirlər.
Xəlvətdə olduqları vaxtda isə biri digərinə:
"Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara)
xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə
qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi
?" - söyləyirlər.
77. Məgər onlar bilmirlərmi ki,
Allah onların gizlində də, aşkarda da nə etdiklərini
bilir?!
78. Onların (yəhudilərdən)
bə’ziləri də avamdırlar (bisavatdırlar), kitabı
(Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra)
boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə
qapılırlar.
79. Vay o kəslərin halına ki,
öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat)
yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü:
"Bu, Allah tərəfindəndir!" - deyirlər. Öz əlləri
ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə
vay onların halına! Qazandıqları şey üçün
vay onların halına!
80. Onlar (yəhudilər): "Cəhənnəm
odu bizə bir neçə gündən artıq əzab verməz"
-deyərlər. (Ya Rəsulum!) Onlara söylə: "Siz Allahdan
belə bir və’d almısınızmı? (Əgər belədirsə)
Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha
qarşı bilmədiyinizi söyləyirsiniz?"
81. Bəli, günah qazanan və qazandığı
günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər
və orada həmişəlik qalacaqlar.
82. İman gətirənlər və
yaxşı işlər görənlər isə behiştlikdirlər
və orada əbədi olacaqlar.
83. Yadınıza gətirin ki, Biz
bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət
etməyin, valideynlərinizə, yaxın qohumlarınıza,
yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək)
edin, insanlarla xoş danışın, namaz qılın, zəkat
verin!" - deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna
olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail
övladı haqdan) üz döndərənsiniz.
84. Xatırlayın ki, yenə bir zaman
sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi
yurdunuzdan çıxarmayın!" - deyə razılığa
gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq
etdiniz.
85. (Ey yəhudilər!) Siz elə adamlarsınız
ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür,
özünüzdən olan bir dəstəya (tayfaya) zülm
və düşmənçilik etmək üçün köməkləşib,
onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən
olanlar başqalarına) əsir düşüb yanınıza
gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları
(öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi.
Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb,
digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər
görənlərin cəzası dünyada yalnız rüsvay
olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar
olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.
86. Onlar (yəhudilər) axirəti
dünya həyatına satan kimsələrdir. Buna görə
də onların nə əzabı yüngülləşər,
nə də onlara kömək olunar.
87. (Ey İsrail övladı!) Biz Musaya
kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər
göndərdik. Məryəm oğlu İsaya aşkar mö’cüzələr
(dəlillər) bəxş etdik və onu müqəddəs
ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə) qüvvətləndirdik.
Hər dəfə sizə ürəyinizə yatmayan bir şey
(əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür
göstərmirdinizmi? Məhz buna görə də onların
bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz
(Zəkəriyya və ya Yəhya kimi).
88. (Yəhudilər Qur’anı anlamaq
və qəbul etmək barəsində) dedilər: "Bizim qəlblərimiz
örtülüdür (pərdəlidir)". (Lakin bu heç də
belə deyildir). Əksinə, Allah onlara küfrlərinə
görə lə’nət eləmişdir. Buna görə də
onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları
kimi) iman gətirər.
89. Onlara Allah tərəfindən əllərindəkini
(Tövratı) təsdiq edən bir kitab (Qur’an) göndərildiyi
zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən
qabaq) kafirlərə (ərəb müşriklərinə)
qələbə çalmaq üçün ("Tövratda adı
çəkilən axirüzzəman peyğəmbər gəlib
bizə yardım edəydi!" - deyə Allaha) yalvarırdılar.
Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq
edib) ona inanmadılar. Allah kafirlərə lə’nət eləsin!
90. Allahın Öz qullarından istədiyi
şəxsə lütf etməsinə (peyğəmbərlik
verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Qur’anı)
inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları
nə qədər də pisdir! Bununla onlar (özlərinə
qarşı) Allahın qəzəbi üstünə bir qəzəb
də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!
91. Onlara: "Allahın nazil etdiklərinə
(İncilə və Qur’ana) inanın!" - deyildikdə, onlar: "Biz
özümüzə göndərilənə (Tövrata) inanırıq",
-deyərək, ondan başqasını (sonrakını) inkar
edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların
əllərində olanı (Tövratı) təsdiq edən
bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: "Əgər
siz inanan kəslərsinizsə, bəs nə üçün
əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"
92. Musa sizə açıq-aydın
dəlillər (mö’cüzələr) gətirmişdi. Siz
isə onun ardınca (Musa Tur dağına getdikdən sonra)
buzova sitayiş edərək (özünüzə) zülm
etdiniz.
93. Yadınıza salın o vaxtı
ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın
üstünə qaldırmış və: "Sizə verdiyimizdən
(Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri)
eşidin!" (demişdik). Onlar (sizin ata-babalarınız) isə:
"Eşitdik və (o hökmlərə) qarşı çıxdıq
(əməl etmədik)!" - dedilər. Çünki küfrləri
üzündən buzovun məhəbbəti qəlblərini
bürümüşdü. (Ya Rəsulum!) Onlara de: "Əgər
iman gətirmisinizsə, imanınızın sizə belə
əmr etməsi necə də pisdir!"
94. (Ya Rəsulum!) Sən onlara (yəhudilərə)
de. "Əgər (sizin iddianıza görə) Allah yanında
axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə
məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə,
onda (Allahdan) ölüm istəyin!" (Çünki Cənnətin
yalnız özünə aid olduğunu iddia edən kimsə
ona qovuşmaga səbəb olan ölümü mütləq
arzulayar).
95. (Əlbəttə) onlar öz əməllərini
bildiklərinə görə ölümü əsla istəməzlər.
Allah zalımları tanıyandır!
96. Sən onları (yəhudiləri)
bütün insanlardan, hətta müşriklərdən də
daha artıq yaşamağa həris görərsən. Onlardan
hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür
etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
Allah onların nə etdiklərini görəndir!
97. (Ya Rəsulum!) Cəbrailə düşmən
olan kimsəyə de ki, onu (Qur’anı) özündən əvvəlkiləri
(Tövratı və İncili) təsdiqləyici, mö’minlər
üçün isə hidayət və müjdəçi olaraq
Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
98. Hər kim Allaha, onun mələklərinə
və peyğəmbərlərinə, Cəbrailə və
Mikailə düşməndirsə, şübhəsiz, Allah
da (belə) kafirlərə düşməndir.
99. (Ya Rəsulum!) Biz sənə (ehkamı
bildirən, halal və haramı ayıran) açıq-aydın
dəlillər göndərdik, onları yalnız fasiqlər
inkar edərlər.
100. (Yəhudilər) hər dəfə
əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?!
Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
101. Allah tərəfindən onlara
əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər
gəldikdə kitab verilənlərdən (yəhudilərdən)
bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi
peyğəmbər olduğu barədə deyilənləri)
guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
102. (Yəhudilər) Süleymanın
səltənətinə (şahlığına) dair şeytanların
oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı
üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri)
sehri və Babildə Harut və Marut adlı iki mələyə
nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki
(o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş)
imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş
heç kəsə sehr öyrətmirdilər. (Bununla belə
yəhudilər) yenə də ər-arvad arasına nifaq salan
işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar)
Allahın izni olmadan heç kəsə zərər verə
bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə
faydası olmayan, zərər verən şeyləri öyrənirdilər.
Həqiqətən, onlar (yəhudilər) belə şeyləri
satın alanların (Allahın kitabını şeytan əməlləri
ilə mübadilə edənlərin) axirətdə payı
olmadığını yaxşı bilirlər. Kaş ki, onlar
özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını
biləydilər!
103. Əgər onlar (Qur’ana və Peyğəmbərə)
iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər,
Allah tərəfindən əldə etdikləri savab daha xeyirli
olardı. Kaş ki, bunu dərk edəydilər.
104. Ey iman gətirənlər! "Raina"
deməyin (bu söz ərəb dilində "bizi qoru", "bizdə
gozün olsun", "bizə bax", "bizi gözlə", "bizə qayğı
və ehtiram göstər", mə’nalarında işləndiyi
halda, ibrani dilində yuxarıdakı mə’nalarla yanaşı,
"bizə çobanlıq et", "bizim çobanımız"; "ay səfeh"
mə’nalarında da işlədilir. Yəhudilər həmin
sözdən Peyğəmbərə qarşı bir istehza
vasitəsi kimi istifadə edirdilər), "unzurna" söyləyin!
(Allahın hökmünü) eşidin! Kafirləri şiddətli
əzab gözləyir.
105. (Ey mö’minlər!) Nə əhli-kitabdan
olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz
tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər.
Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə
məxsus (bəxş) edər. Allah böyük mərhəmət
(ne’mət) sahibidir!
106. Biz (zaman, məkan və şəraitin
tələbinə görə) hər hansı bir ayəni (ayənin
hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan
daha yaxşısını, yaxud ona bənzərini gətiririk.
Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
107. Məgər sən bilmirsən
ki, göylərin və yerin səltənəti (hökmranlığı)
ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və
yardımçınız yoxdur?!
108. (Ey Məkkə əhli!) Yoxsa siz
də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi
Peygəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək
istəyirsiniz? İmanı küfrə dəyişən kəs,
həqiqətən, doğru yoldan azmışdır.
109. (Ey mö’minlər!) Kitab əhlindən
bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə,
təbiətlərindəki həsəd (paxıllıq) üzündən
sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə
sövq etmək istərlər. Allahın əmri gəlincəyə
qədər (hələlik) həmin şəxsləri əfv
edin və onları qınamayın (onlardan üz çevirməyin).
Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
110. Namaz qılın, zəkat verin!
Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz
xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında
taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi
görəndir!
111. (Yəhudilər və xaçpərəstlər)
dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən
başqası girməyəcək!" Bu, ancaq onların xülyalarıdır.
(Ya Rəsulum!) Onlara söylə: "Əgər (bu sözü)
doğru deyirsinizsə, dəlilinizi gətirin!"
112. (Xeyr, onların dediyi kimi deyil)
əksinə, yaxşı işlər görüb özlərini
Allaha təslim edənlərin Rəbbi yanında mükafatı
(əvəzi) vardır. Onların (axirətdə) heç bir
qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
113. Yəhudilər dedilər: "Xaçpərəstlər
(dində düzgün və mö’təbər) bir şeyə
istinad etmirlər". Xaçpərəstlər də: "Yəhudilər
(dində düzgün və mö’təbər) bir şeyə
istinad etmirlər ", -söylədilər. Halbuki onların hər
ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan
və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar.
Allah onların aralarındakı bu ixtilafın hökmünü
qiyamət günü verəcəkdir!
114. Allahın məscidlərində
Onun (Allahın) adının çəkilməsinə maneçilik
törədənlərdən və onların xarab edilməsinə
(dağılmasına) çalışanlardan daha zalım kim
ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa
girməli idilər. Onları dünyada rüsvayçılıq,
axirətdə isə böyük əzab gözləyir!
115. Şərq də, Qərb də
Allahındır: hansı tərəfə yönəlsəniz
(üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah
(öz mərhəməti ilə) genişdir, (O, hər şeyi)
biləndir!
116. (Yəhudilər, xaçpərəstlər
və müşriklər) dedilər: "Allah (Özü üçün)
övlad götürmüşdür". Allah pak və müqəddəsdir
(bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün
eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə
və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı
Onun itaətindədir!
117. Göyləri və yeri icad edən
(yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman,
ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən)
olar.
118. (Müşriklərdən olan)
cahillər dedilər: "Nə olaydı ki, Allah bizimlə də
danışaydı, bizə də bir ayə gələydi!"
Onlardan əvvəl gələnlər (yəhudilər və
xaçpərəstlər) də buna bənzər sözlər
demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir.
Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi
(dəlillərimizi) açıqcasına göstərdik.
119. (Ya Rəsulum!) Biz səni (mö’minlərə)
haqq ilə (Qur’anla) müjdə verməyə və (kafirləri)
qorxutmağa gondərdik. Cəhənnəm əhli barəsində
isə sən sorğu-suala tutulmayacaqsan.
120. (Ya Rəsulum!) Sən yəhudi
və xaçpərəstlərin millətlərinə (dinlərinə)
tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır.
(Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi
yoldur!" Əgər sənə gələn elmdən (vəhydən)
sonra onların (nəfslərindən gələn) istəklərinə
uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq
nə bir dost, nə də bir köməkçi tapılar.
121. Verdiyimiz kitabı layiqincə (təhrif
etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir,
onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada
və axirətdə) özlərinə zərər yetirənlərdir.
122. Ey İsrail övladı! Sizə
verdiyim ne’mətimi və sizi (əcdadınızı) aləmlər
üzərinə (bütün ümmətlərə) üstün
etdiyimi xatırlayın!
123. Qorxun elə bir gündən ki,
(o gün) heç kəs heç kəsin işinə yarıya
bilməz (heç kəs heç kəs üçün bir şey
ödəyə bilməz), heç kəsdən (gördüyü
pis işlər müqabilində) əvəz (fidyə) qəbul
edilməz, heç kəsin şəfaəti fayda verməz və
(Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara)
heç bir kömək də göstərilməz!
124. (Ya Rəsulum!) Yadına sal ki,
İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi
əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın
əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah
ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı)
tə’yin edəcəyəm", -dedi. (İbrahim isə: ) "Nəslimdən
necə?" - deyə soruşdu. (Allah onun cavabında: ) "(Sənin
nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma)
nail olmazlar", -buyurdu.
125. (Ya Rəsulum!) Yadına sal ki,
Biz evi (Kə’bəni) insanlar üçün savab (ziyarətgah)
və əmin-amanlıq yeri etdik. (Ey mö’minlər! Sizə
də: ) "İbrahimin durduğu yeri (özünüzə) namazgah
edin!" - (dedik). İbrahimə və İsmailə də: "Evimi
(Kə’bəni) təvaf edənlər, orada qalıb həmişə
ibadətdə olanlar, rüku və səcdə ilə namaz
qılanlar üçün (bütlərdən) təmizləyin!
- deyə tövsiyə etdik.
126. Yadına sal ki, İbrahim; "Ey Rəbbim,
buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin
Allaha və axirət gününə inananlarına cürbəcür
meyvələrdən ruzi ver!"- deyə dua etdikdə, O (Allah)
: "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi
verərəm, lakin sonra da cəhənnəm əzabına
düçar edərəm. Amma ora (Cəhənnəm) nə
fəna bir yerdir!" - deyə buyurdu.
127. Onu da yadına sal ki, İbrahim
və İsmail evin (Kə’bənin) bünövrəsini ucaltdıqları
zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən,
doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!"
- deyə dua etdilər.
128. (İbrahim və İsmail dedilər:
) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman),
nəslimizdən yetişənləri Sənə təslim
olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi
(ibadət qaydalarımızı) göstər, tövbəmizi
qəbul et! Həqiqətən, Sən tövbələri qəbul
edənsən, mərhəmətlisən!"
129. (Onlar yenə dedilər: ) "Ey Rəbbimiz!
Onların (nəslimizin) içərisindən özlərinə
elə bir peyğəmbər göndər ki, Sənin ayələrini
(hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı
(Qur’anı) və (oradakı) hikməti onlara öyrətsin,
onları (günahlardan) təmizləsin! Həqiqətən,
Sən yenilməz qüvvət, hikmət sahibisən".
130. (Ya Rəsulum!) Özünü
səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən
üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik
və Kə’bəni tə’mir etmə üçün) seçdik.
Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh
olanlardandır.
131. Rəbbi İbrahimə : "(Əmrimə)
təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim
oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi.
132. İbrahim və (sonra da) Yə’qub
bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət
edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən,
Allah sizin üçün (belə bir) din (islam dini) seçdi,
siz də ancaq müsəlman olaraq ölməlisiniz!"
133. (Ey yəhudilər!) Yoxsa Yə’qubun
ölümü yetişdikdə siz onun yanında idiniz?! O:
"Məndən sonra nəyə ibadət edəcəksiniz?" -
deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin
Allahına və ataların - İbrahimin, İsmailin və
İshaqın Allahı olan tək Allaha təslim olacağıq
(Ona ibadət edəcəyik)!"- dedilər.
134. Onlar (İbrahim, Yə’qub və
onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların
etdikləri əməllər özlərinə, sizin etdiyiniz
əməllər isə sizə aiddir. Onların əməlləri
barəsində sizdən sorğu-sual olunmaz.
135. (Yəhudilər və xaçpərəstlər
müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi,
yaxud da xaçpərəst olun!" - deyirlər. (Ya Rəsulum!)
Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim
dinindəyik, çünki o, Allaha şərik qoşanlardan
deyildi.
136. (Ey mö’minlər, yəhudi və
xaçpərəstlərin sizi öz dinlərinə də’vət
etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə
nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba
və onun övladına (əl-əsbat) göndərilənlərə,
Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən
(bütün) peyğəmbərlərə verilən şeylərə
(mö’cüzələrə) inanmışıq. Onlardan heç
birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun
əyən müsəlmanlarıq!"
137. (Ey mö’minlər!) Əgər
onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa,
şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan)
üz döndərərlərsə, (sizə qarşı)
ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə
olduqda sən onların düşmənçiliyindən qorxma!)
Allah sənə (tezliklə sənin intiqamını) onlardan
(almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir,
biləndir.
138. (Ey mö’minlər, deyin: ) "(Biz)
Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən
daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik".
139. (Ya Rəsulum! Kitab əhlinə
de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz?
Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz
bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq
olan bizik!"
140. Yoxsa siz İbrahimin, İshaqın,
Yə’qubun və onun övladının (nəslinin) yəhudi
və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah
sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
141. Onlar (İbrahim, Yə’qub və
övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər,
onların qazandıqları (əməllər) özlərinə,
sizinki isə özünüzə aiddir. Onların əməlləri
haqda sizdən sorğu-sual olunmaz.
142. (Mədinədəki yəhudi
və münafiqlərdən) ağılsız adamlar deyəcəklər:
"(Müsəlmanları əvvəlcə) üz tutduqları
qiblədən (Beytülmüqəddəsdən) döndərən
nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq
də, Qərb də Allahındır. O, istədiyi şəxsi
doğru yola yönəldər".
143. (Ey müsəlmanlar!) Beləliklə
də, sizi (ədalətli və seçilmiş) bir ümmət
etdik ki, insanların əməllərinə (qiyamətdə)
şahid olasınız, Peyğəmbər də (Muhəmməd
əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi
yönəldiyin qibləni (Kə’bəni) yalnız Peyğəmbərə
tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd
etmək üçün (qiblə) tə’yin etdik. Bu, (qibləni
Beytülmüqəddəsdən Kə’bəyə tərəf
çevirmək) ağır görünsə də, ancaq Allahın
doğru yola yönəltdiyi şəxslər üçün
ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl
Beytülmüqəddəsə üz tutaraq qıldığınız
namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı,
əlbəttə, mehribandır, mərhəmətlidir.
144. (Ya Rəsulum!) Biz sənin üzünün
göyə tərəf çevrildiyini görürük, ona
görə də səni razı olduğun qibləyə tərəf
döndərəcəyik. İndi üzünü Məscidülhərama
tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız
(namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab
verilmişlər bunun öz Rəbbi tərəfindən bir
həqiqət olduğunu yaxşı bilirlər. Allah onların
əməllərindən xəbərsiz deyildir.
145. (Ya Rəsulum!) Sən kitab əhlinə
hər cür dəlil gətisən də, onlar sənin qiblənə
tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən.
Hətta onlar özləri də bir-birinin qibləsinə üz
tutmazlar. Əgər sənə gələn bu qədər
elmdən sonra onların istədiyinə uysan, o zaman sən
də, şübhəsiz ki, zalımlardan sayılarsan!
146. Kitab (Tövrat və İncil)
verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını
tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların
bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə
gizlədir.
147. (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir,
buna heç vaxt şübhə edənlərdən olma!
148. Hər kəsin (hər ümmətin)
üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!)
Yaxşı işlər görməkdə bir-birinizi ötməyə
çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə)
bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə
qadirdir!
149. (Ya Rəsulum!) Hər hansı
bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama
(Kə’bəyə) tərəf çevir! Çünki Rəbbin
tərəfindən göstərilən bu qiblə haqdır.
Allah gördüyünüz işlərdən xəbərsiz
deyildir.
150. (Ya Rəsulum!) Haradan (səfərə)
çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama
tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız,
üzünüzü o tərəfə döndərin ki, (özlərinə)
zülm edənlərdən başqaları sizə irad tutmasınlar.
Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan
ne’mətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
151. Həmçinin (ne’mətimizi tamamlamaq
məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan)
təmizləmək, Kitabı (Qur’anı), hikməti (şəriəti,
halalla haramı) və bilmədiklərinizi öyrətmək
üçün sizə öz içərinizdən bir peyğəmbər
göndərdik.
152. Belə olduqda siz (itaətlə)
Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə
şükür edin, Məni danmayın!
153. Ey iman gətirənlər! Səbir
və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki
Allah səbr edənlərlədir (onların dostudur).
154. Allah yolunda öldürülənlərə
(şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar
(Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
155. Əlbəttə, Biz sizi bir az
qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul
qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum!
Belə imtahanlara) səbr edən şəxslərə müjdə
ver!
156. O kəslər ki, başlarına
bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın
bəndələriyik) və (öləndən sonra) Ona tərəf
(Onun dərgahına) qayıdacağıq!" deyirlər.
157. Onları Rəbbi tərəfinfən
bağışlanmaq və rəhmət (Cənnət) gözləyir.
Onlar doğru yolda olanlardır!
158. (Ey mö’minlər!) Həqiqətən,
Səfa və Mərvə Allahın əlamətlərindəndir
(ibadət nişanələrindəndir). Evi (Kə’bəni)
həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət
edən şəxsin bunları təvaf etməsində (ətrafına
dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən
əlavə) könüllü olaraq yaxşı bir iş görərsə,
Allah (onun etdiyi yaxşı işdən) razı qalandır
(əvəzini verəndir), (onu) biləndir.
159. Kitabda (Tövratda) insanlara aşkar
etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri
və doğru yol göstərən ayələrimizi gizlədən
kimsələr Allahın lə’nətinə düçar olar
və bütün lə’nət edə bilənlər də
onlara lə’nət oxuyar.
160. Mən ancaq tövbə edənləri,
yaxşı işlər görənləri və (Tövratda
buyurduqlarımı) bəlli edənləri əfv edərəm.
Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161. Kafir olanlara və kafir olaraq ölənlərə
Allahın, mələklərin və bütün insanların
lə’nəti olsun!
162. Onlar həmişəlik lə’nət
içərisində qalarlar. (Qiyamətdə) onların əzabı
əskilməz və üzlərinə də baxılmaz (üzrləri
qəbul olunmaz).
163. Sizin tanrınız bir olan Allahdır,
Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
164. Həqiqətən, göylərin
və yerin yaradılmasında, gecə ilə gündüzün
bir-birini əvəz etməsində, içərisində insanlar
üçün mənfəətli şeylər olan gəmilərin
dənizlərdə üzməsində, quruyan yer üzünü
Allahın göydən yağmur yağdıraraq yenidən
diriltməsində, cins-cins heyvanları onun hər tərəfə
yaymasında, göylə yer arasında ram edilmiş küləyin
və buludların bir səmtdən başqa səmtə döndərilməsində,
(Allahın hikmət və qüdrətinə dəlalət
edən) əlamətlər vardır.
165. İnsanların içərisində
Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı
sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin
Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə)
zülm edənlərin vaxtında görəcəkləri
əzabdan xabərləri olsaydı, onlar bütün (qüvvət
və) qüdrətin Allaha məxsus olduğunu və Allahın
əzabının şıddətli olacağını bilərdilər.
166. O zaman tabe olunmuşlar (bütpərəstlərin
rəisləri) tabe olanlardan (bütpərəstlərdən)
uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı
görəcək və aralarındakı rabitə qırılacaqdır.
167. O zaman (bütpərəstlərə)
tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik,
onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq",
- deyərlər. Beləcə (qiyamətdə) Allah onların
əməllərinin yalnız həsrətdən (peşmançılıqdan)
ibarət olduğunu göstərər və onlar cəhənnəm
odundan çıxa bilməzlər.
168. Ey insanlar! Yer üzündəki
qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın
izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə
açıq-açığına düşməndir.
169. O sizə ancaq pis və murdar (həyasız)
işlər görməyi və Allaha qarşı bilmədiklərinizi
deməyi əmr edər.
170. Onlara (bütpərəstlərə)
: "Allahın göndərdiyinə (Qur’ana) tabe olun!" -deyildiyi
zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!"
-deyirlər. Bəs ataları bir şey anlamayıb doğru
yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
171. Kafirlər səda və nidadan
(çığırtı və bağırtıdan) başqa
bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar,
lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.
172. Ey iman gətirənlər! Sizə
verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər
Allaha ibadət edirsinizsə, (bu ne’mətlərə görə)
Ona şükür edin!
173. O (Allah) sizə ölmüş
heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının
adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri
(yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda
(başqasının malını) zorla mənimsəmədən
və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə
qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç
bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!
174. Allahın nazil etdiyi kitabda (Tövratda
və İncildə) olanları (peyğəmbərin vəsfini)
gizlədənlərin və onun müqabilində bir az para
alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir.
Qiyamət günü Allah onlarla danışmaz, (onları)
təmizə çıxarmaz. Onları şiddətli əzab
gözləyir!
175. Onlar doğru yol əvəzinə
zəlalət yolunu, bağışlanmaq əvəzinə
əzabı satın almış kəslərdir. Onlar cəhənnəm
oduna necə də səbrlidirlər!
176. Bu (əzab) ondan ötrüdür
ki, Allah kitabı (Tövratı, İncili və ya Qur’anı)
haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif
rə’ydə olanlar (onun hökmlərinin bə’zisini qəbul,
bə’zisini rədd edənlər, bə’zisini gizlədənlər,
bə’zisini isə təhrif edib dəyişdirənlər),
şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.
177. Yaxşı əməl heç
də (ibadət vaxtı) üzünü günçıxana
və günbatana tərəf çevirməkdən ibarət
deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət
gününə, mələklərə, kitaba (Allahın nazil
etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə
inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini
çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya,
yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə
(yolçulara), dilənçilərə və qulların azad
olunmasına sərf edən, namaz qılıb zəkat verən
kimsələr, eləcə də əhd edəndə əhdinə
sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik
üz verdikdə) və cihad zamanı (məşəqqətlərə)
səbr edənlərdir. (İmanlarında, sözlərində
və əməllərində) doğru olanlardır. Müttəqi
olanlar da onlardır!
178. Ey iman gətirənlər! (Qəsdən)
öldürülən şəxsdən sizin üçün
qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad
şəxsi azad şəxsin, qulu qulun, qadını qadının
əvəzində (öldürə bilərsiniz). (Öldürülən
şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən
bir şey, qanbahası müqabilində) bağışlanmış
(qatil) ilə adətə görə (yaxşı) rəftar
edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla
(qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu,
(qisası qanbahası ilə əvəz etmək hökmü)
Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük
və mərhəmətdir. Bundan (diyə müqabilində
bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili
öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik
edən) kimsəni (qiyamətdə) şıddətli əzab
gözləyir!
179. Ey ağıl sahibləri, bu qisas
(qisas hökmü) sizin üçün həyat deməkdir.
Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz.
180. Sizin hər birinizi ölüm
haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə,
yaxın qohumlarınıza verilməsi üçün ədalət
üzrə (malın üçdə birindən çox olmamaq
şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə
(bu) vacibdir.
181. (Ölənin vəsiyyətini)
eşitdikdən sanra onu dəyişənlər günah sahibi
olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir,
biləndir.
182. Hər kəs vəsiyyət edənin
(öz vəsiyyətilə) səhv etməsindən və
ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə
dəyişiklik edərək) varislərin arasını düzəltsə,
ona heç bir günah yazılmaz. Allah bağışlayandır,
rəhm edəndir!
183. Ey iman gətirənlər! Oruc
tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi
kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis
əməllərdən çəkinəsiniz!
184. (Oruc tutmaq) sayı müəyyən
olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən
xəstə və ya səfərdə olanlar tutmadığı
günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.
Oruc tutmağa taqəti olmayanlar isə (hər günün
əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.
Hər kəs könüllü xeyir iş görərsə
(həm oruc tutub, həm də fidyə verərsə), bu onun
üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin
üçün nə qədər xeyirlidir!
185. İnsanlara doğru yolu göstərən,
bu yolu açıq dəlilləri ilə aydınlaşdıran
və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında
nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər
(bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə
olanlar isə tutmadığı günlərin sayı qədər
başqa günlərdə tutsunlar. Allah sizin üçün
ağırlıq deyil, yüngüllük istər ki, fövtə
gedən günlərin orucunu tamamlayasınız və sizi
düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər"
deməklə) tə’zim və şükür edəsiniz.
186. (Ya Rəsulum!) Bəndələrim
Məni səndən soruşduqda söylə ki, Mən (onlara)
yaxınam. Dua edib Məni çağıranın duasını
qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı
qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin
ki, doğru yola yetişsinlər.
187. Oruc gecəsi qadınlarınıza
yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların
libasısınız. (Bir-birinizə həddindən artıq
yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət)
etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi)
bilib tövbələrinizi qəbul edərək sizi bağışladı;
artıq siz onlara yaxınlaşın, Allahın sizə halal
etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap
qara sapdan fərqlənincəyə qədər yeyib için;
sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə
ibadətdə (e’tikafda) olduğunuz zaman onlarla (qadınlarınızla)
yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın
hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini
bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
188. Bir-birinizin mallarını haqqınız
olmadığı halda yeməyin. Xalqın malının bir
qismini (onun sizə haram olduğunu) bilə-bilə günah
yolu ilə yeməyiniz üçün onu (malınızı)
hakimlərə (rüşvət) verməyin!
189. (Ya Rəsulum!) Yeni doğan aylar
(hilal) barəsində səndən sual edildikdə, söylə
ki, bunlar insanların istifadəsi və həcc üçün
vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət
dövründə olduğu kimi) arxa tərəfdən girməniz
yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən)
çəkinən kimsənin əməlidir. Evlərə qapılarından
daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!
190. (Ey mö’minlər!) Sizinlə
vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən
kənara çıxmayın. Allah həddi aşanları sevməz!
191. Onları (Məkkə müşriklərini)
harada görsəniz öldürün. Sizi çıxartdıqları
yerdən (Məkkədən) siz də onları çıxardın.
Fitnə (müşriklərin fitnəsi) qətldən daha
şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında
vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər
(orada) sizinlə vuruşsalar, siz də onları öldürün.
Kafirlərin cəzası ancaq budur!
192. Əgər onlar (vuruşdan və
Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz,
Allah bağışlayandır, rəhm edəndir!
193. Fitnə (müşriklərin
fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq
Allaha məxsus edilənədək onlarla vuruşun; əgər
onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz
də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik
ancaq zülm edənlərə qarşı olur.
194. (Döyüş) haram olan ay [hicrətin
7-ci ilinin zülqə’də ayı) (döyüş)] haram
olan ay (hicrətin 6-cı ilinin zülqə’də ayı) müqabilindədir.
Hörmətlər qarşılıqlıdır.Sizə qarşı
həddini aşanlara siz də həmim ölçüdə
həddi aşın (cavab verin).Allahdan qorxun (qədərindən
artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
195. (Malınızı) Allah yolunda
xərcləyin. Öz əlinizlə özünüzü
təhlükəyə atmayın, yaxşılıq edin! Allah
yaxşılıq (ehsan) edənləri sevir.
196. Allahdan ötrü həcc və
ümrə (kiçik həcc) əməllərini tam yerinə
yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər
olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə
(Minaya) çatıncaya qədər başınızı qırxdırmayın.
Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən
və yaxud baş ağrısına tutulub əziyyət çəkən
olarsa, belə şəxs (başını qırxdırmağın
əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı
və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir.
(Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc
vaxtına qədər ümrə ziyarətindən istifadə
edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir.
Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti
günlərində üç gün və (vətəninə)
qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da
tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda
(Məkkədə və ətrafında) sakin olmayanlara aiddir.Allahdan
qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
197. Həcc (mövsümü) mə’lum
olan aylardır (şəvval, zülqə’də ayları və
zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc
ziyarəti vacib olan (həcci özünə vacib bilən)
şəxsə həccdə olarkən (qadınla) yaxınlıq,
söyüş söyüb pis sözlər danışmaq,
dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər
bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün)
tədarük görün. Ən yaxşı tədarük
(azuqə) isə təqvadır (pis əməllərdən
çəkinməkdir). Ey ağıl sahibləri, Məndən
qorxun!
198. (Həcc mövsümündə)
Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün
günah deyildir.Ərəfatdan qayıdarkən Məş’ərülhəramda
Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi
üçün Onu yada salın (Ona dua edin), çünki siz
bundan əvvəl (doğru yolu) azanlardan idiniz!
199. Sonra camaatın döndüyü
yerdən siz də dönün! Allahdan bağışlanmaq
diləyin, şübhəsiz ki, Allah bağışlayandır,
rəhm edəndir!
200. Həcc mərasimini tamamlayıb
qurtardıqda (keçmişdə) ata-babalarınızı yada
saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların
bə’zisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə,
elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin
axirətdə heç bir payı yoxdur!
201. Bə’ziləri isə: "Ey Rəbbimiz,
bizə dünyada da, axirətdə də gözəl nemətlər
ver, bizi cəhənnəm əzabından qoru!" deyirlər.
202. Belə şəxslərin qazandıqlarına
(qazandıqları əməllərinə) görə (axirətdə)
mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
203. (Ey hacılar!) Sayı bəlli
olan günlərdə (Mina dağında) Allahı yada salın
(təkbirlə zikr edin). Tələsərək iki gündə
(zülhiccənin on birinci və on ikinci günlərində
Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz.
Eləcə də yubanana (zülhiccənin on üçüncü
günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah
tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və
Onun yanında (hüzurunda) toplanacağınızı bilin!
204. (Ya Rəsulum!) İnsanların
eləsi vardır ki, onun dünya həyatı haqqındakı
sözləri sənin xoşuna gələr. O, qəlbində
olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid
göstərər. Halbuki, o, düşmənlərin ən
qəddarıdır.
205. (O şəxs səndən) ayrılan
kimi yer üzündə fitnə-fəsad törətməyə,
əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə
çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!
206. Ona: "Allahdan qorx!" - deyildiyi zaman
lovğalıq onu günah törətməyə vadar edər.
Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis
məskəndir!
207. İnsanların eləsi də
vardır ki, Allahın razılığını qazanmaq yolunda
(Allah rizası üçün) öz canını fəda edər.
Allah öz bəndələrinə qarşı çox mehribandır!
208. Ey iman gətirənlər! Hamınız
bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu
ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
209. Əgər bu qədər aşkar
dəlil (ayələr) gəldikdən sonra siz yenə də
doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət,
hikmət sahibidir!
210. Yoxsa onlar Allahın (qəzəbinin)
bulud kölgələri içində mələklərlə
(əzab mələkləri ilə) gəlməsini və işin
tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər?
Şübhəsiz ki, (bütün) işlər (axırda)
Allaha qayıdacaqdır.
211. (Ya Rəsulum!) İsrail övladından
xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə)
nə qədər açıq dəlillər göndərdik!
Allahın ne’mətinə nail olandan sonra onu dəyişdirənlərə
Allah şiddətli əzab verəcəkdir!
212. Dünya həyatı kafirlər
üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə
istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə
onlardan üstündürlər. Allah istədiyi kəsə
saysız-hesabsız ruzi verər.
213. İnsanlar tək bir ümmət
idi. Allah onlara müjdə verən və xəbərdarlıq
edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi,
insanlar arasındakı ixtilafları ayırd etmək üçün
O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil
etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən
sonra aralarındakı kin (və həsəd) üzündən
(dində) ixtilafda bulunanlar kitab əhlindən başqası
deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun
izni (idarəsi) ilə iman gətirənləri isə Allah
doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.
214. (Ey mö’minlər!) Sizdən əvvəlkilərin
başına gələnlər sizin başınıza gəlməmiş
behiştə daxil olacağınızımı güman edirsiniz?
Onları (şiddətli) fəlakət və sıxıntı
elə bürümüş, elə sarsılmışdılar
ki, hətta Peyğəmbər və iman gətirənlər
birlikdə: "Allahın köməyi nə vaxt gələcək?"
- demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!
215. (Ya Rəsulum!) Səndən (Allah
yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə:
"(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara,
yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə
(yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz
xeyirli işi biləndir.
216. (Allahın düşmənlərinə
qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi
halda, sizə vacib edildi.Bə’zən xoşlamadığınız
bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız
bir şey sizin üçün zərərli ola bilər.(Onu)
Allah bilir, siz bilməzsiniz.
217. (Ya Rəsulum!) Haram olan ayda döyüş
haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək
böyük günahdır, lakin Allah yolunu (insanların üzünə)
qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə
mane olmaq və oradakıları kənara çıxarmaq Allah
yanında daha böyük günahdır. (Din naminə) fitnə
salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir"! (Ey
mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər
bacarsalar, sizi dininizdən döndərincəyə qədər
sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər
kəs öz dinindən dönüb kafir olaraq ölərsə,
belə kimsələrin bütün əməlləri (vaxtilə
gördüyü yaxşı işləri) dünya və
axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər
və orada əbədi qalacaqlar!
218. Həqiqətən, Allaha iman gətirənlər,
(Məkkədən Mədinəyə) köçüb gələn
və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə
ümidvardırlar. Allah bağışlayandır, rəhm
edəndir!
219. (Ya Rəsulum!) Səndən içki
və qumar (meysir) haqqında sual edənlərə söylə:
"Onlarda həm böyük günah, həm də insanlar üçün
mənfəət (dünya mənfəəti) vardır. Lakin
günahları mənfəətlərindən daha böyükdür"!
(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara
isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara
paylayın)!" Allah sizə Öz ayələrini bu cür bildirir
ki, bəlkə, fikirləşəsiniz.
220. Dünya və axirət (işləri)
barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında
sual edənlərə söylə: "Onlar üçün (onların
malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq
xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə
yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır".
Allah islah (yaxşılıq) edənləri də, fəsad
salanları da tanıyır. Əgər Allah istəsəydi,
sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən,
Allah yenilməz qüvvət, hikmət sahibidir!
221. Allaha şərik qərar verən
(Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla
evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş
bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik
bir qadından daha yaxşıdır. Həmçinin müşrik
kişilər Allaha iman gətirməyənə qədər
mö’min qadınları (onlara) arvadlığa verməyin!
Əlbəttə, Allaha iman gətirən bir kölə camalına
məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir.
Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə
çağırdıqları halda, Allah sizi Öz izni ilə
Cənnətə, məğfirətə (bağışlanmağa)
çağırır və yaxşı düşünüb
ibrət almaları üçün insanlara hökmlərini
aydınlaşdırır.
222. (Ya Rəsulum!) Səndən heyz
(aybaşı) barəsində sual edənlərə söylə:
"Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan
kənar olun, (heyzdən) təmizlənməyənə qədər
onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra
isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu
qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından)
tövbə edənləri, (təmiz və) pak olanları sevər!
223. (Ey mö’minlər!) Qadınlarınız
sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz
vaxtda öz tarlanıza gəlin! Özünüz üçün
qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan
qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi
bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə)
müjdə ver!
224. Yaxşılıq etmək, pis
əməllərdən çəkinmək və insanlar arasında
sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın
adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir,
biləndir!
225. Allah, bilmədən (səhvən)
içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin
kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən
içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə)
görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır,
həlimdir!
226. Övrətlərinə yaxınlaşmamağı
and içən kimsələr üçün dörd ay gözləmə
müddəti vardır, əgər bu müddət içərisində
andlarından dönsələr, Allah (onları kəffarə
vermək şərtilə) bağışlayandır, rəhm
edəndir.
227. Əgər talaq vermək (boşamaq)
istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini)
eşidəndir, biləndir.
228. Boşanan qadınlar üç
dəfə (heyz görüb təmizlənincəyə qədər
başqa ərə getməyib) gözləməlidirlər.
Əgər (o qadınlar) Allaha və qiyamət gününə
inanıblarsa, Allahın onların bətnlərində yaratdığını
(uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə
müddəti içərisində) ərləri barışmaq
istərlərsə, onları geri almağa (hər kəsdən)
daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində
şəriətə görə hüquqları olduğu kimi,
(qadınların da) onlar (kişilər) üzərində
hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə
qatlandıqları üçün) onlardan bir dərəcə
üstündürlər. Allah yenilməz qüvvət, hikmət
sahibidir.
229. (Ric’i) talaq vermə (boşama)
iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq
(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq
(buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza)
verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb
etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının
Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini
yerinə yetirə bilməyəcəklərindən qorxduqları
zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər
onların (ər-arvadın) Allahın hökmlərini yerinə
yetirməyəcəklərindən siz də qorxsanız, arvadın
(kəbin haqqından) ərinə bir şey verməsində
heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir
(hökmləridir). Onlardan kənara çıxmayın. Allahın
hədlərindən kənara çıxanlar, əlbəttə,
zalımlardır.
230. Əgər (kişi) övrətini
yenə də (üçüncü dəfə) boşarsa,
o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki
ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan
sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə
(hökmlərinə) riayət edəcəklərinə inamları
olduqları təqdirdə, (həmin qadının əvvəlinci
əri ilə) təkrar evlənməsində günah yoxdur.
Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi
hədləridir (hökmləridir).
231. Qadınlarınızı (ric’i
talaqla) boşadığınız və onların gözləmə
müddəti başa çatdığı zaman onları ya
xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət
və) zərər vermək məqsədilə haqlarına
təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə,
şübhəsiz ki, özünə zülm etmiş olar.
Allahın ayələri (hökmləri) ilə oynamayın
(onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri,öyüd-nəsihət
üçün göndərdiyi Kitabı (Qur’anı) və
hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən,
hər şeyi bildiyini anlayın!
232. Boşanmış qadınların
gözləmə müddətləri bitərkən aralarında
barışıq və yaxşılıqla yaşamağa
razılıq olduğu zaman onların təkrar öz ərlərinə
nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət
gününə inananlarınıza verilən bir nəsihətdir.
Bu (şər’i baxımdan) sizin üçün daha təmiz
(faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi)
bilir, siz bilməzsiniz!
233. Analar (istər boşanmış,
istərsə də boşanmamış olsun) uşaqlarını
əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar)
üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi
və geyimi öz qüvvəsi dairəsində (uşağın)
atasının üzərinə düşür. Heç kəs
gücü çatdığından artıq yüklənməz.
Nə bir ana, nə də bir ata uşağına görə
zərər çəkməsin! (Ata öləndən sonra)
bu vəzifə həmin qaydada varisin üzərinə düşür.
Əgər ata və ana öz aralarında məsləhətləşib,
uşağı (iki ildən tez) süddən kəsmək
qərarına gəlsələr, ikisinə də heç bir
günah olmaz. Əgər siz uşağınızı başqasına
(süd anasına) əmizdirmək istəyirsinizsə, onun
zəhmət haqqını müəyyən olunmuş qayda
üzrə (şəriətə müvafiq) ödəsəniz,
yenə də sizə günah sayılmaz. Allahdan qorxun və
bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi
görəndir!
234. Sizdən ölənlərin qoyub
getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib)
özlərini gözləməlidirlər. Bu müddət
tamam olduqda, artıq onların öz barələrində şəriətə
müvafiq surətdə etdikləri işdən sizə heç
bir günah gəlməz. Allah etdiklərinizin hamısından
xəbərdardır!
235. (Bu müddəti gözləyən)
qadınlara elçi göndərmək (onlarla evlənmək)
istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən
və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən
sizə heç bir günah gəlməz. Allah sizin onları
xatırlayacağınızı bilir. Lakin (gözləmə
müddətində) onlarla gizlində və’dələşməyin,
onlara şəriətə müvafiq söz deyin! Gözləmə
vaxtları bitməyincəyə qədər onlarla nikah etmək
fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı
bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim
olduğunu bilin!
236. Yaxınlıq etmədiyiniz (toxunmadığınız)
və mehrini (kəbin haqqını, başlığını)
tə’yin etmədiyiniz qadınları boşamaq sizə günah
sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz
imkanı daxilində, kasıb da gücü çatdığı
qədər, yaxşılıq (ehsan) edənlərə layiq
şəkildə onlara bir şey (müt’ə) versin!
237. Kəbin haqlarını tə’yin
etmiş olduğunuz qadınları yaxınlıq etmədən
əvvəl boşayarsınızsa, tə’yin olunmuş kəbin
haqqının yarısını onlara verməlisiniz! Bununla
belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində
nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının
hamısını qadınlara bağışlaya bilərlər.
(Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə
getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə
yaxşılıq etməyi unutmayın! Şübhəsiz
ki, Allah sizin etdiklərinizi görəndir.
238. (Fərz, vacib) namazlara, (xüsusilə)
orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına)
riayət (əməl) edin və Allaha itaət üçün
ayağa qalxın (namaza durun).
239. Əgər (düşməndən
və yırtıcı heyvandan) qorxsanız, (namazınızı)
piyada gedə-gedə və ya minik üstə (qılın).
(Təhlükədən sovuşmağınıza) əmin
olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı,
duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə)
nə cür öyrədibsə, o cür anın (zikr edin,
namaz qılın)!
240. Sizlərdən vəfat edib özlərindən
sonra arvadlarını qoyub gedən şəxslər həmin
qadınlara öz evindən çıxarılmamaq şərtilə,
bir il müddətində baxılmasını (vərəsələrinə)
vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları
ilə) çıxıb gedərlərsə, o zaman onların
qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq)
öz barələrində görəcəkləri işlər
üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət,
hikmət sahibidir!
241. Boşanan qadınları qəbul
olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq
müttəqilərin vəzifəsidir.
242. Allah sizə Öz ayələrini,
(hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb
anlayasınız (əqlinizə batsın).
243. (Ya Rəsulum!) Minlərlə adamın
(taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk
edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!"
- dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah
insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür
etməzlər!
244. Allah yolunda vuruşun və bilin
ki, Allah eşidəndir, biləndir!
245. Allah yolunda (könül xoşluğu
ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da)
onun mükafatını (əvəzini) qat-qat artırsın?!
Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin
də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada
gördüyünüz işlərin əvəzini almaq üçün)
Onun hüzuruna qaytarılacaqsınız.
246. (Ya Rəsulum!) Musadan sonra bir dəstə
(tanınmış) İsrail övladının başına
gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə:
"Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə)
Allah yolunda (zülmkarlarla) vuruşaq!" - dedilər. O da (onlara):
"Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?"
- söylədi. Onlar cavabında dedilər: "Allah yolunda nə
üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq,
övladlarımızdan ayrıldıq". Lakin onlara vuruşmaq
vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna
olmaqla, (hamısı döyüşdən) üz çevirdilər.
Allah (özlərinə) zülm edənləri tanıyır!
247. (İsrail övladının)
peyğəmbəri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi".
Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və
ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah
ola bilər?" - deyə cavab verdilər. (Peyğəmbər
onlara) dedi: "Allah sizdən ötrü onu (bəyənib) seçmiş,
elm və bədəncə (qüvvəcə) ona üstünlük
vermişdir. Allah Öz mülkünü (səltənətini)
istədiyinə verər. Allah (Öz lütfü və kərəmi
ilə) genişdir, (Allah hər şeyi) biləndir!"
248. (İsrail övladının)
peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti
(Musaya verilən) sandığın sizə gəlməsidir.
Onun içində (sizin üçün) Rəbbinizdən bir
arxayınlıq, rahatlıq (mə’nəvi bir qüvvə,
səbat), həmçinin Musa və Harun nəslindən qalan
şeylər (Musanın əsası, Tövratın bə’zi
lövhələri, bir az qüdrət halvası və s.) vardır.
Onu mələklər gətirəcək. Əgər siz mö’minsinizsə,
onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin
doğruluğunu təsbiq edən) qəti dəlil vardır".
249. Talut qoşunu ilə (öz yurdundan,
Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə)
dedi: "Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək.
Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan)
deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə,
o məndəndir"! Lakin onların az bir qismi müstəsna olmaqla,
(hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə
olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən
qoşununu görüb) dedilər: "Bu gün bizim Calut (düşmən
tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa
taqətimiz yoxdur"! (İçərilərindən) Allahın
rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına
qayıdacaqlarına) inanalar isə dedilər: "Neçə dəfə
olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox
bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!"
250. Onlar Calut və əsgərləri
ilə qarşılaşdıqları zaman dedilər: "Ey Rəbbimiz,
bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət
ver! Bizə kafir qövm üzərində qələbə
qazandır!"
251. Nəhayət, onlar Allahın izni
(iradəsi və köməyi) ilə Calutu və qoşununu
məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda
həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik)
verdi və ona istədiyini (zireh düzəltmək, quşların
dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi.
Əgər Allah insanların bir qismini, digər bir qismi ilə
dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı.
Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.
252. (Ya Rəsulum!) Bunlar (bu söylənilənlər)
Allahın ayələridir (qüdrət nişanələridir)
ki, onları sənə doğru-düzgün bildiririk. Sən,
həqiqətən, (Allah tərəfindən seçilərək
insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.
253. (Ya Rəsulum!) Bu peyğəmbərlərin
bə’zisini digərindəm üstün etdik. Allah bunlardan bə’zisi
ilə danışmış, bə’zisinin isə dərəcələrini
yüksəltmişdir. Məryəm oğlu İsaya açıq
mö’cüzələr verdik və onu müqəddəs ruhla
(Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi,
bu peyğəmbərlərin ardınca gələn insanlar
onlara göndərilən aşkar dəlillərdən sonra
bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla
belə yenə də) ixtilafa düşdülər. Onlarda
bə’ziləri (Allaha) iman gətirdilər, bə’ziləri
isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri
ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!
254. Ey iman gətirənlər! Alış-verişin,
dostluğun və şəfaətin mümkün olmayacağı
gün (qiyamət günü) gəlməmişdən əvvəl
sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər)
isə (özlərinə) zülm edənlərdir!
255. Allah başqa heç bir tanrı
yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə
qadir olub bütün kainatı yaradan və idarə edən,
bəndələrini dolandıran və onların işlərini
yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü,
nə də yuxu bilər. Göylərdə və yerdə
nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə)
Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya
digər şəxsin günahlarının bağışlanmasını
xahiş) edə bilər? O, bütün yaranmışların
keçmişini və gələcəyini (bütün olmuş
və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın
elmindən Onun Özünün istədiyindən başqa heç
bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi,
qüdrət və səltənəti) göyləri və
yeri əhatə etmişdir. Bunları mühafizə etmək
Onun üçün heç də çətin deyildir. Ən
uca, ən böyük varlıq da Odur!
256. Dində məcburiyyət (zorakılıq)
yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən)
ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri)
inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq
bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən)
yapışmış olur. Allah (hər şeyi olduğu kimi)
eşidəndir, biləndir!
257. Allah (Ona) iman gətirənlərin
dostudur, onları zülmətdən çıxarıb işığa
tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur
(şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb
zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər
və orada həmişəlik qalacaqlar!
258. (Ya Rəsulum!) Allahın verdiyi
hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim
ilə Rəbbi barəsində mübahisə aparan şəxsi
(Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?)
İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür",
- dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm
də öldürürəm", - demişdi. İbrahim ona: "Allah
Günəşi şərqdən doğdurur, bacarırsansa,
sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı.
Həqiqətən, Allah (özünə) zülm edənləri
düz yola yönəltməz!
259. Yaxud (Ya Rəsulum! Damları çökmüş,
divarları) uçulmuş bir kəndin yanından keçən
kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba,
Allah bu kəndi ölümündən sonra necə dirildəcək?"
- demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında
saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?"
- deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir gündən
daha az" - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan,
yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab
olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün
bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi
(uzunqulağının) sümüklərinə bax, gör
necə onları bir-biri ilə birləşdirir, sonra da onların
üzərini ətlə örtürük?" - deyə buyurdu.
O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah
hər şeyə qadirdir!" - dedi.
260. (Ya Rəsulum!) Xatırla ki, İbrahim:
"Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə
göstər!" - dedikdə (Allah) : "Məgər (ölüləri
diriltməyimə) inanmırsan?" -buyurmuşdu. (İbrahim: )
"Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq
üçün (soruşdum)", - deyə cavab vermişdi. (Bu zaman
Allah ona) buyurmuşdu: "Dörd cür (cins) quş götürüb
(səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları
parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına
onlardan bir parça at, sonra onları çağır, tez yanına
gələcəklər. Bil ki, Allah yenilməz qüvvət,
hikmət sahibidir!"
261. Mallarını Allah yolunda sərf
edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər
ki, bu sünbüllərin hər birində yüz ədəd
dən vardır. Allah istədiyi kimsə üçün bunu
qat-qat artırır. Allah (lütfü ilə) genişdir.
262. Heç bir kəsə minnət
qoymadan, əziyyət vermədən mallarını Allah yolunda
sərf edənlərin Rəbbi yanında mükafatları
vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və
onlar qəm-qüssə görməzlər.
263. Xoş bir söz və günahları
bağışlamaq əziyyətlə (minnətlə) verilən
sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır,
həlimdir!
264. Ey iman gətirənlər! Sədəqələrinizi
malını riyakarlıqla (özünü xalqa göstərmək
üçün) sərf edən, Allaha və axirət gününə
inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət
verməklə puça çıxarmayın. Belə şəxslərin
halı, üzərində bir az torpaq olan qayaya bənzər
ki, şiddətli bir yağış o torpağı (yuyub)
aparar və qayanı çılpaq bir daş halına salar.
Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz
ki, Allah kafirləri haqq yoluna yönəltməz!
265. Mallarını Allahın razılığını
qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm
etmək yolunda sərf edənlər uca təpənin üstündə
olan bir bağa bənzərlər ki, ora düşən bol
yağış onun meyvələrini ikiqat artırar. Əgər
bol yağış yağmasa, az bir şəbnəm (şeh
də ona kifayət edər). Həqiqətən, Allah nə
etdiyinizi (bütün əməllərinizi) görəndir!
266. Məgər sizdən biriniz istərmi
ki, içində xurma ağacları, üzümlüklər,
(ağacları) altından arxlar axan və cürbəcür
meyvələr olan bir bağçası olsun, (sonra) zəif
(iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları
olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora
odlu bir qasırğa düşsün və o bağ yanıb
tələf olsun? Allah ayələri sizin üçün bu
cür aydınlaşdırır ki, düşünəsiniz.
267. Ey iman gətirənlər! Qazandığınız
və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin
(ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf
edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən
vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir
şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə
(tə’rifə) layiqdir!
268. Şeytan sizi yoxsulluqla qorxudaraq
alçaq işlərə sövq edər, Allah isə (əksinə)
sizə bağışlanmaq və bərəkət və’dəsi
verər. Allah (mərhəməti ilə) genişdir. (Allah
hər şeyi) biləndir.
269. Allah istədiyi şəxsə
hikmət (elm, mə’rifət, müdriklik) bəxş edər.
Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir
(əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı
adamlar dərk edərlər!
270. (Allah yolunda) xərclədiyiniz
və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz
ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə)
zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi
olmaz!
271. Yoxsullara aşkarda sədəqə
verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz
daha yaxşı olar. Bu, günahlarınızın bir qismini
örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!
272. (Ya Rəsulum!) İnsanları
doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin
vəzifən ancaq onları haqq yola də’vət etməkdir).
Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan
sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti)
ancaq özünüz üçündür. Siz onu yalnız
Allahın razılığını qazanmaq üçün
verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin
əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə
əsla zülm edilməz!
273. (Sədəqə) Allah yolunda canından
keçərək (dolanmaq, ruzi kəsb etmək üçün)
yer üzündə hərəkət edə bilməyən
(və ya buna imkanı olmayan) yoxsullar üçündür.
Belə şəxslər həyalı olub dilənçilikdən
çəkindiklərinə görə nadanlar onları dövlətli
hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən
tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər.
Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz
ki, Allah bilir!
274. Mallarını gecə və gündüz,
gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi
yanında böyük mükafatları vardır. Onların
(axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə
görməzlər.
275. Sələm (müamilə, faiz)
yeyənlər (qiyamət günü) qəbirlərindən
ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar.
Bunların belə olmaları: "Alış-veriş də sələm
kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki,
Allah alış-verişi halal, sələm (faiz) almağı
isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi
tərəfindən gələn nəsihəti qəbul etməklə
(bu işə) son qoyarsa, keçmişdə aldığı
(sələmlər) onundur (ona bağışlanar). Onun işi
Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar
cəhənnəmlikdirlər və orada həmişəlik
qalacaqlar!
276. Allah sələmi (sələmlə
qazanılan malın bərəkətini) məhv edər, sədəqələri
(sədəqəsi verilmiş malın bərəkətini)
isə artırar. Allah kafiri, günahkarı sevməz!
277. İman gətirən, xeyirli işlər
görən, namaz qılan, zəkat verən şəxslərin
Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə)
heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
278. Ey mö’minlər! Əgər,
doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən
qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan
almayın!)
279. Əgər belə etməsəniz,
o zaman Allaha və Onun peyğəmbərinə qarşı
müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə
etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə,
nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
280. Əgər sizə borclu olan şəxs
çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya
qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə,
(borcu) ona sədəqə olaraq bağışlamağınız
daha yaxşıdır!
281. Allaha tərəf qaytarılacağınız
gündən qorxun! (O gün) hər kəsə gördüyü
əməlin əvəzi veriləcək və (haqsız yerə)
zülm olunmayacaqdır!
282. Ey iman gətirənlər! Müəyyən
müddətə bir-birinə borc verib aldıqda, onu yazın!
Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə
yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan
boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu
söyləyərək (deyə-deyə) yazdırsın və
Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin.
Əgər borclu ağılsız və zəifdirsə (qoca
və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə,
o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə
deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini
də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz
bir kişi ilə iki qadının şəhadəti kifayətdir.
Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o
birisi onun yadına salsın. Şahidlər (bu işə) də’vət
olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox
olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə
müddətə verilmiş olduğunu) yazmağa ərinməyin!
Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik
üçün daha düzgün və şübhəyə
düşməməniz üçün haqqa daha yaxındır.
Lakin aranızda həmişə dövr edən aşkar (nəğd)
ticarət zamanı onu yazmamağınız sizin üçün
günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt
şahid tutun! Ancaq katibə və şahidə zərər
yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə,
bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız
olan şeyləri) sizə öyrədir. Allah bütün işləri
biləndir!
283. Səfərdə olub katib tapmasanız,
girov saxlayın. Əgər bir-birinizə e’tibar edirsinizsə,
e’tibar olunmuş şəxs əmanəti geri qaytarsın və
Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz
şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi
günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
284. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə
olanı zahirə çıxarsanız da, çıxarmasanız
da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah)
istədiyini bağışlar, istədiyinə də əzab
verər. Allah hər şeyə qadirdir!
285. Peyğəmbər Rəbbi tərəfindən
ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər
də iman gətirmişlər. (Onların) hamısı Allaha,
Onun mələklərinə, kitablarına və (bütün)
peyğəmbərlərinə iman gətirərək dedilər:
"Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.
(Allahın hökmlərini) eşitdik (anladıq) və itaət
etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin
dərgahına (hüzuruna) qayıdacağıq!"
286. Allah hər kəsi yalnız qüvvəsi
yetdiyi qədər yükləyər (bir işə mükəlləf
edər). Hər kəsin qazandığı yaxşı əməl
də, pis əməl də özünə aiddir. (Mö’minlər
deyirlər: ) "Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını)
unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz,
bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır
yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan
şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv
edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar
sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə
çalmaqda bizə kömək et!"

|