| |
20.
Taha surəsi (Məkkədə
nazil olmuşdur, 135 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Ha!
2. Biz Qur’anı sənə məşəqqət
çəkməyin üçün nazil etmədik! (Peyğəmbər
ayaq üstə, barmaqlarının ucunda durub o qədər
namaz qılmışdı ki, mübarək qıçları
şişmişdi).
3. (Biz onu Allahın əzabından)
qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq
(göndərdik).
4. O, yeri və uca göyləri yaradandan
(Allahdan) nazil olmuşdur.
5. Rəhman ərşi yaradıb hökmü
altına almışdır (ərşə hakimdir).
6. Göylərdə və yerdə,
onların arasında və torpağın altında (yeddi qat
yerdə) nə varsa (hamısı) Onundur.
7. (Ey insan!) Sən (dua edərkən)
səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki
Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də)
bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta
ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən
də xəbərdardır. Buna görə də özünü
yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ
Allaha edilən ibadətin səmimiyyətidir).
8. Allahdan başqa heç bir tanrı
yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona
məxsusdur!
9. Musanın hekayəti sənə
gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq
sənə gəlib çatdı).
10. (Musa Şüeybi Mədyəndə
qoyub anasına və qardaşına baş çəkmək
üçün zövcəsi ilə birlikdə Misirə gedərkən
Tur dağının qərbində yerləşən Tuva vadisində
gecə vaxtı bir uşağı dünyaya gəlmişdi.
Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu
itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb
ailəsinə belə demişdi: "Siz (yerinizdə) durun. Mənim
gözümə bir od sataşdı. Bəlkə, ondan sizə
bir göz gətirdim, yaxud odun yanında bir bələdçi
tapdım!"
11. (Musa) odun yanına yetişdikdə
belə bir nida gəldi: "Ya Musa!
12. Mən, həqiqətən, sənin
Rəbbinəm. Nə’leynini çıxart, çünki sən
müqəddəs vadidə - Tuvadasan!
13. Mən səni (peyğəmbər)
seçdim. (Sənə) vəhy olunanı dinlə!
14. Mən, həqiqətən, Allaham.
Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət
et və Məni anmaq üçün namaz qıl!
15. O saat (qiyamət saatı) mütləq
gələcəkdir. Mənim onu az qala açmağım gəlir
ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını,
yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala
Özümdən belə gizlədirəm; və ya: Mən
onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud:
Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması
hər addımda özünü müxtəlif əlamətlərlə
biruzə verir).
16. Ehtiyatlı ol ki, (qiyaməti) danıb
nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan
yayındırmasın, yoxsa məhv olarsan!
17. Ya Musa! Sağ əlindəki nədir?"
18. (Musa) dedi: "O mənim əsamdır.
Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm.
O, başqa işlərdə də karıma gəlir!"
19. (Allah) buyurdu: "Ya Musa! Onu (əsanı
yerə) at!"
20. (Musa əsanı yerə) atan kimi
o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə
başladı.
21. (Allah) buyurdu: "Tut onu, qorxma. Biz onu
qaytarıb əvvəlki şəklinə salacağıq!
22. Əlini qoltuğunun altına qoy
ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə
dəlalət edən) başqa bir mö’cüzə olaraq eyibsiz-qüsursuz,
ağappaq çıxsın (günəş şüası
kimi gözqamaşdırıcı şəfəq saçsın).
23. Və Biz də (bununla) sənə
ən böyük mö’cüzələrimizdən (bir neçəsini)
göstərək.
24. (Ya Musa! Bu mö’cüzələrlə
bir peyğəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən,
azğınlaşıb həddini aşmışdır (Allahlıq
iddiasına düşmüşdür)".
25. (Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi
yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danışmağa
cür’ət etmək və bu yolda bütün məşəqqətlərə
tab gətirə bilmək üçün) köksümü
açıb genışlət;
26. İşimi yüngülləşdir;
27. Dilimdəki düyünü aç
(pəltəkliyimi götür) ki,
28. Sözümü yaxşı anlasınlar!
29. Və mənə öz ailəmdən
bir vəzir (köməkçi) ver -
30. Qardaşım Harunu!
31. Onunla arxamı möhkəmləndir.
32. Onu işimə ortaq et (ona da peyğəmbərlik
ver) ki,
33. Səni çox təqdis edib şə’ninə
təriflər deyək.
34. Və Səni çox zikr edək
(daim yada salıb şükr-səna edək).
35. Sən, şübhəsiz ki, Bizi
görürsən!"
36. (Allah) buyurdu: "Dilədiyin sənə
verildi, ya Musa!
37. Sənə (bundan əvvəl də)
bir dəfə ne’mət bəxş etmişdik
38. Anana vəhy olunacaq şeyi vəhy
etdiyimiz zaman.
39. (O zaman ki, Mən anana buyurmuşdum:
) "(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay
onu sahilə çıxartsın və Mənə də, ona
düşmən olan birisi (Fir’on) onu (sudan tapıb) götürsün".
(Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan
deyə, Öz tərəfimdən (insanların ürəklərində)
sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim
heç vaxt üstündən əskik olmadı. Elə etdim
ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların
hamısı səni sevdi).
40. O zaman bacın (sənin ardınca
guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: "Sizə
ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?"
(Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq
(salamat qalmağına görə) gözü aydın olsun
və kədərlənməsin deyə, səni anana qaytardıq.
Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə
mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün.
Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən
qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür
bəlalara, möhnətlərə düçar edib hamısından
salamat qurtardıq). İllərlə Mədyən əhli içində
(Şüeybin yanında) qaldın. Sonra da müəyyən
olunmuş vaxta (qırx yaşına) gəlib çatdın,
Ya Musa!
41. Və Mən səni Özümə
(peyğəmbər) seçdim! (Qırx yaşına çatan
kimi sənə peyğəmbərlik bəxş edib mö’cüzələrlə
Fir’onun yanına göndərdim).
42. Sən və qardaşın mö’cüzələrimlə
gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.
(Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət
verər).
43. Fir’onun yanına yollanın. O (allahlıq
iddiasına düşməklə), həqiqətən, azğınlaşıb
həddini aşmışdır.
44. Onunla yumşaq danışın.
Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən)
qorxsun!"
45. Onlar: "Ey Rəbbimiz! (Fir’onun mö’cüzə
göstərməyimizə hövsələsi çatmayıb)
bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq
həddini aşmasından (dikbaşlıq etməsindən)
qorxuruq!" - dedilər.
46. (Allah) buyurdu: "Qorxmayın, Mən
də sizinləyəm, (hər şeyi) eşidirəm və
görürəm!
47. Onun yanına gedib deyin: "Biz ikimiz
də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını
bizimlə göndər (Şama getməklərinə mane olma)
və onlara işgəncə vermə. Biz sənin yanına
Rəbbindən dəlillə (mö’cüzə ilə) gəlmişik.
Haqq yolu tutub gedənlərə salam olsun!
48. Bizə vəhy olundu ki, (Allahın
vəhdaniyyətini və ayələrini, qiyaməti və
peyğəmbərləri) yalan hesab edənləri və (haqdan)
üz döndərənləri (axirətdə) əzab gözləyir!"
49. (Fir’on: ) "Elədə Rəbbiniz
kimdir, ya Musa?" -deyə soruşdu.
50. (Musa) belə cavab verdi: "Rəbbimiz
hər şeyə Öz xilqətini verən, sonra da ona doğru
yolu göstərəndir!"
51. (Fir’on) soruşdu: "Bəs əvvəlki
nəsillərin halı necədir?"
52. (Musa) belə cavab verdi: "Onlara dair
bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır
(lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə)
xəta etməz və (heç bir şeyi) unutmaz!"
53. O (böyük Allah) ki, yer üzünü
sizin üçün döşəmiş (döşək
etmiş), orada sizin üçün yollar salmış, göydən
yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv
bitkilərdən cütlər yetişdirmişik.
54. (Onlardan nuşcanlıqla) yeyin,
həm də heyvanlarınızı otarın. Həqiqətən,
bunda (gördüyümüz bu işlərdə) ağıl
sahibləri üçün (Allahın vəhdaniyyətinə,
qüdrətinə dəlalət edən) əlamətlər
vardır!
55. Sizi (ulu babanız Adəmi) də
onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq
və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.
56. Biz, ayələrimizin (dəlillərimizin
və mö’cüzələrimizin) hamısını ona (Fir’ona)
göstərdik. Lakin (Fir’on) onları yalan sayıb (heç birini)
qəbul etmədi.
57. (Fir’on) dedi: "Ya Musa! Sən sehrinlə
bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa
gəlmisən?
58. Elədə biz sənə eyni
ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz
aranda bir vaxt tə’yin et. Nə biz, nə də sən və’dimizə
xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir
yerdə olsun!" (Görək kim-kimə qalib gələcək!)
59. (Musa) dedi: "Sizə verilən və’də
sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı
günorta vaxtıdır!"
60. (Bu söhbətdən sonra) Fir’on
dönüb getdi, nəhayət, bütün hiylə (və
sehr) vasitələrini (sehrbazlarını) yığıb
(və’d olunmuş vaxtda həmin yerə) gəldi.
61. Musa onlara (sehrbazlara) dedi: "(Ay yazıqlar!)
Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla
məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çatmaz)".
62. Onlar (bu Musa heç sehrbaza oxşamır;
əgər qalib gəlsək, heç; yox əgər qalib gələ
bilməsək, ona iman gətirərik, deyə) öz aralarında
öz işləri barədə mübahisə edir və xəlvətcə
pıçıldaşırdılar.
63. Onlar (uzun-uzadı mübahisədən
sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər:
"Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri
ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl
yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-əşrafınızı
öz tərəflərinə çəkmək) istəyirlər.
64. Ona görə də bütün
hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana)
səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!
(Mətləbinə yetişəcəkdir!)"
65. Onlar dedilər: "Ya Musa! (Özün
seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla,
ya da biz birinci tullayaq!
66. O (Musa) dedi: "Xeyr, (əvvəlcə)
siz tullayın!" (Sehrbazlar əllərindəkini yerə atan
kimi) onların sehri üzündən birdən (Musaya) elə
gəldi ki, onların ipləri və dəyənəkləri
hərəkətə gəlib (ilan kimi qarnı üstə)
sürünür.
67. Musanın canına qorxu düşdü.
(O qorxdu ki, camaat sehrlə mö’cüzə arasında fərq
qoya bilməyib iman gətirməsin).
68. Biz ona belə buyurduq: "Qorxma, üstün
gələcək mütləq sənsən!
69. Sağ əlindəki əsanı
yerə tulla, onların düzüb qoşduqlarını (bütün
kəndirləri və dəyənəkləri bir anda) udsun.
Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan)
başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin,
mətləbinə çatmaz!"
70. (Musa əsasını yerə atan
kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini
və dəyənəklərini yerli-dibli uddu). Nəhayət,
sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə)
iman gətirdik!" - deyib səcdəyə qapandılar.
71. O (Fir’on) dedi: "Mən sizə izin
verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki
o, əslində sizə sehr öyrədən böyüyünüzdür.
(Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı
çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən
asacağam. Onda hansımızın (mən Fir’onun, yoxsa Musanın
Allahının) əzabının daha şiddətli və
daha sürəkli olduğunu biləcəksiniz!"
72. (Sehrbazlar) dedilər: "Biz heç
vaxt səni bizə gələn bu açıq mö’cüzələrdən
və bizi yaradandan üstün tutmayacağıq. İndi nə
hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada
hökm edə bilərsən!
73. Biz, həqiqətən, Rəbbimizə
iman gətirdik ki, O bizi günahlarımıza və sənin
bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza)
görə bağışlasın/ Allah (sən Fir’ondan) daha
xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!"
74. Kim Rəbbinin hüzuruna günahkar
kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm
əzabı) gözləyir. O, orada nə ölər, nə
də yaşayar. (Cəhənnəm əhli nə ölü
kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba
düçar olub bir gün görməz).
75. Kim (Rəbbinin hüzuruna) yaxşı
əməllər etmiş bir mö’min kimi olaraq gələrsə,
belələrini ən yüksək dərəcələr
gözləyir -
76. Əbədi qalacaqları, (ağacları)
altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan)
pak olanların (təmizlənənlərin) mükafatıdır.
77. (İzzət və cəlalıma)
and olsun ki, Biz Musaya belə vəhy etdik: "Qullarımla gecə
yola çıx, (əsanı suya vurmaqla) onlar üçün
dənizdə quru bir yol aç. (Fir’onun) sizə yetişməsindən
qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!"
78. Fir’on öz ordusu ilə onları
tə’qib etdi, daniz də (şahə qalxan dalğaları ilə)
onları (onun əsgərlərini) çulğayıb qərq
etdi, özü də necə!
79. Fir’on (mənəm sizin ən böyük
rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı
və (onları) doğru yola aparmadı.
80. Ey israil oğulları! Sizi düşməninizdən
(Fir’onun əlindən) xilas etdik. (Tövratın nazil olması
üçün) sizə Tur dağının sağ tərəfini
və’d buyurduq. Sizə (göydən) qüdrət halvası
və bildirçin endirdik!
81. Sizə verdiyimiz ruzilərin təmizindən
(halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq,
xəsislik və nankorluq etməyin, ehtiyacı olana şər’i
qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə
düçar olarsınız. Qəzəbimə düçar
olan isə mütləq uçuruma düşüb bədbəxt
(cəhənnəmlik) olar.
82. Şübhəsiz ki, Mən həm
də tövbə edib iman gətirəni yaxşı işlər
görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!
83. (Allah buyurdu: ) "Ya Musa! Səni öz
camaatından (Tur dağına getdiyin yetmiş kişidən)
ayırıb (bü məqama) tələsdirən nə idi?"
84. (Musa) belə cavab verdi: "Onlar da
arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan
deyə, hüzuruna tələsdim!"
85. (Allah: ) "Səndən sonra ümmətini
imtahana çəkdik. Samiri onları yoldan çıxartdı
(buzova sitayiş etdilər)", - deyə buyurdu.
86. Musa qəzəbli, kədərli
halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim!
Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş
günahlarınızı bağışlamaq, göydən
qüdrət halvası və bildirçin endirmək haqqında)
sizə gözəl bir və’d verməmişdimi? Yoxsa (mənim
sizdən ayrılmağımdan) uzun bir müddət keçdi?
(Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən
sizə bir qəzəb gəlməsini istəyib mənə
verdiyiniz və’də xilaf çıxdınız?"
87. Onlar dedilər: "Biz sənə
verdiyimiz və’də öz ixtiyarımızla xilaf çıxmadıq.
Amma biz (Fir’on) tayfasının (bir bayram günü əmanət
olaraq aldığımız) zinətlərindən ibarət
ağır bir yüklə yüklənmişdik. Onları
("əmanətə xəyanət haramdır"-deyərək
günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də
bizim kimi (özündə olan bəzək şeylərini oda)
atdı".
88. (Oda atılmış qızıl-gümüş
əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən
bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri
və onun yoldan çıxartdığı bir neçə kişi)
dedilər: "(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır.
Musanın da tanrısı budur, lakin unutmuşdur". (Musa heykəli
itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına
getmişdir).
89. (Məgər bu cansız heykələ
sitayiş edənlər) buzovun onların heç bir sözünə
cavab verə bilmədiyini və onlara nə bir zərər,
nə də bir xeyir verməyə qadir olmadığını
görmürdülərmi?! (Nə böyük cəhalət!)
90. Harun isə bundan (Musa Tur dağından
qayıtmamışdan) əvvəl onlara belə demişdi:
"Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə
möhkəm, hansınızın şəkkak olduğunu ayırd
etmək məqsədilə Allah tərəfindən) yalnız
imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz
ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət
edin!"
91. Onlar: "Musa (Tur dağından) qayıdıb
yanımıza gələnə qədər bu buzova sitayiş
etməkdən əl çəkməyəcəyik!" - deyə
cavab vermişdilər.
92. (Musa ümmətinin yanına qayıtdıqdan
sonra) dedi: "Ya Harun! Onların (haqq yoldan) azdıqlarını
gördüyün zaman sənə nə mane oldu ki,
93. (Mö’minləri də götürüb)
arxamca gəlmədin? (Mənə bu barədə heç bir
xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə
tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?)
Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə
bir yerdə yaşamağı özünə nə cür
rəva bildin?)"
94. (Harun) belə cavab verdi: "Ey anam
oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı,
başıma yolma). Doğrusu, sənin: "İsrail oğulları
arasına ayrılıq saldın, sözümə baxmadın!"
- deyəcəyindən qorxdum.
95. (Musa: ) "Ey Samiri! Sənin (bu pis,
əcaib işi görməkdə) məqsədin nə idi?"
- deyə soruşdu.
96. (Samiri) belə cavab verdi: "Mən
(İsrail oğularının) görmədiklərini (Cəbraili)
gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun
(Allah elçisinin) ləpirindən (Cəbrailin atının
ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm
və onu (çaladakı od içində əriyən bəzək
şeylərinə) atdım (o da dönüb böyürən
bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə
sövq etdi". (Nəfsim bu işi mənə xoş göstərdi,
mən də ona uydun).
97. (Musa) dedi: "Çıx get burdan.
Həyatın boyu (cəza olaraq): "Bir kəs mənə toxunmasın
(mən də bir kəsə toxunmayım)!" - deməli olacaqsan.
(Heç kəs səni dindirməyəcək, süfrəsinə
buraxmayacaq, səninlə alış-veriş etməyəcək.
Heç kəslə ünsiyyət etməyib tamamailə təcrid
olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət
səni bürüyəcək). Hələ səni əsla
qaçıb canını qurtara bilməyəcəyin daha bir
və’də (qiyamət günü) gözləyir. İndi
tapınıb durduğun tanrına (bütünə) bax. Biz
onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
98. Sizin tanriniz ancaq O Allahdır ki,
Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli
elmi) ilə hər şeyi ehtiva etmişdir!"
99. (Ya Rəsulum!) Keçmişin xəbərlərinin
(olub keçənlərin) bir qismini sənə belə nəql
edirik. Sənə Öz dərgahımızdan (insanların
düşünüb daşınması, ibrət alması
üçün) Qur’an da vermişik!
100. Hər kəs ondan üz döndərsə,
şübhəsiz ki, qiyamət günü ağır bir günaha
yüklənəcəkdir.
101. Belələri (o günah yükünün)
altında (yükü ilə birlikdə Cəhənnəm
əzabında) əbədi qalacaqlar. Qiyamət günü
onların daşıyacağı yük necə də pisdir!
102. Surun (ikinci dəfə) çalınacağı
və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri
göm-göy göyərmiş (və ya gözləri kor
olmuş, üzləri qapqara qaralmış) halda məhşərə
gətirəcəyimiz gün
103. Onlar öz aralarında pıçıldaşıb
bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!"
deyəcəklər.
104. Biz onların nə danışacaqlarını
da yaxşı bilirik. Onların ən ağıllısı:
"(Dünyada) cəmisi bir gün qaldınız!" - deyəcək.
105. (Ya Rəsulum!) Səndən dağlar
(qiyamət günü dağların nə cür olacağı)
haqqında soruşarlar. De: "Rəbbim onları ovxalayıb havaya
sovuracaq;
106. Dümdüz (hamar) bir yer edəcək
(heç bir şey bitməyən qupquru torpaq halına salacaq);
107. Və sən orada heç bir eniş-yoxuş
(əyrilik, kələkötürlük) görməyəcəksən!"
108. O gün insanlar (qəbirlərindən
qalxıb) heç bir başqa tərəfə meyl etmədən
carçının (hamını məhşərə çağıran
İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti,
heybəti) qarşısında səslər kəsiləcək,
yalnız pıçıltı eşıdəcəksən!
109. O gün Rəhmanın izin verdiyi
və söz danışmağına razı olduğu kəslərdən
başqa heç kimin şəfaəti fayda verməz!
110. (Rəbbin) onların keçmişini
də, gələcəyini də bilir. (Allah insanların nə
etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları
və günahları, dünyada və axirətdə aqibətlərinin
necə olacağını Öz əzəli elmi ilə bilir).
Onların elmi isə Onu (Allahın zatını) əhatə
edib qavraya bilməz!
111. (O gün) üzlər (bütün
insanlar) əzəli, əbədi olan (məxluqatın hər
işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub
zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən
(Allaha şərik qoşan, küfr edən) ziyana düşüb
mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
112. Mö’min olub yaxşı işlər
görən kəs isə nə zülmə mə’ruz qalmaqdan,
nə də (mükafatının) əskilməsindən qorxar!
113. (Ya Rəsulum!) Biz onu (sənə
göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq
nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə
dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar
izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər,
yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar!
(Qur’an onlara öyüd-nəsihət versin!)
114. Həqiqi hökmdar olan Allah (hər
şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri
sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim!
Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy
olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və:
"Ey Rəbbim! Mənim elmimi artır!" - de.
115. Doğrusu, bundan əvvəl Adəmə
də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin
o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa)
əzm (səbat) görmədik.
116. Bir zaman mələklərə:
"Adəmə (tə’zim, hörmət məqsədilə) səcdə
edin!" - deyə buyurmuşduq. İblisdən başqa hamısı
səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
117. Biz də belə dedik: "Ey Adəm!
Bu (İblis) sənin də, övrətinin də düşmənidir.
(Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın,
yoxsa (ey Adəm!) məşəqqətə düşüb
bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib
öz əlinin zəhməti ilə yaşamağa məcbur
olarsan!)
118. Həqiqətən, sən orada
(Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir
bilməzsən!
119. Sən orada susamaq nədir, günəşin
hərarətindən əziyyət çəkmək nədir,
onu da bilməzsən!"
120. (Allahın bütün bu xəbərdarlığından
sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb)
belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin
təqdirdə heç vaxt ölməyəcəyin və həmişə
Cənnətdə yaşayacağın) əbədiyyət
ağacını və köhnəlib xarab olmayacaq (fənaya
uğramayacaq) bir mülkü göstərimmi?"
121. (Adəm və Həvva) ondan (həmin
ağacın meyvəsindən) yedilər və dərhal hər
ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə)
cənnət ağaclarının yarpaqlarından yapışdırmağa
başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən
çıxdı, amma mətləbinə yetmədi. (Adəm
Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan
olunmuş ağacın meyvəsindən yemək heç də
onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı,
əksinə, Həvva ilə birlikdə yer üzünə
endirildi).
122. Sonra Rəbbi (tövbə etdirməklə)
onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini
qəbul buyurdu və doğru yola müvəffəq etdi.
123. (Allah Adəmə və Həvvaya)
belə buyurdu: "Bir-birinizə (siz İblisə və nəslinə,
İblis də sizə və nəslinizə) düşmən
kəsilərək hamınız oradan (Cənnətdən
yerə) enin. Məndən sizə doğru yolu göstərən
bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman
hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada)
yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
124. Hər kəs Mənim öyüd-nəsihətimdən
(Qur’andan) üz döndərsə, güzəranı daralar
(yaxud qəbir evində şiddətli əzaba düçar
olar) və Biz qiyamət günü onu məhşərə
kor olaraq gətirərik!"
125. O belə deyər: "Ey Rəbbim!
Nə üçün məni məhşərə kor olaraq
gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!"
126. (Allah) buyurar: "Elədir, amma sənə
ayələrimiz (mö’cüzələrimiz, qüdrətimizə
dəlalət edən əlamətlər) gəldi, sən isə
(özünü görməməzliyə vurub) onları unutdun
(iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!"
127. Biz (Allaha şərik qoşmaqla,
küfr etməklə) həddi aşanları və Rəbbinin
ayələrinə iman gətirməyənləri də belə
cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz
ki, daha şiddətli, daha sürəklidir!
128. Məgər (kafirlərə) bəlli
olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində
gəzib dolandıqları neçə-neçə nəsilləri
məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin
giriftar olduğu müsibət və fəlakətlərdə)
ağıl sahibləri üçün ibrətlər vardır!
129. Əgər Rəbbindən (bu
ümmətin əzabının axirətə saxlanılması
haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda
bu kafirlərin əzabı üçün əzəldən)
müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz
ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi
lazım gələrdi.
130. (Ya Rəsulum! Elədə Məkkə
müşriklərinin) dediklərinə səbr et. Günəş
doğmamışdan və batmamışdan əvvəl Rəbbinə
şükür edib şə’ninə tə’riflər de (sübh
və əsr namazlarını qıl), gecənin bir və’dəsində
(axşam və gecə saatlarında) və günorta radələrində
də Rəbbini öyüb təqdis et (şam, gecə və
günorta namazlarını qıl) ki, (bunun müqabilində
Allahın səni böyük savaba, yüksək dərəcələrə,
yaxud ümmətin üçün şəfaətə nail
etməsindən) razı (xoşhal) olasan!
131. (Kafirlərin) bə’zi zümrələrini
sınamaq üçün onlara dünya həyatının
zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət
gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin
ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha
baqidir (sürəklidir, əbədidir)!
132. Əhlinə (əhli-beytə
və ümmətinə) namaz qılmağı əmr et, özün
də ona (namaza) səbirlə davam et (yaxud məişət
çətinliklərinə döz). Biz səndən ruzi istəmirik,
(əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət
təqva sahiblərinindir (müttəqilərindir)!
133. (Kafirlər) dedilər: "Nə
üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi
peyğəmbər olmasına dəlalət edən) bir mö’cüzə
gətirmir?" Məgər (Qur’anda) onlara əvvəlki (ilahi)
kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri
üzündən düçar olduqları müsibətlərə
dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili)
gəlmədimi?!
134. Əgər Biz onları (Məkkə
müşriklərini) bundan (Peyğəmbər və Qur’an
gəlməzdən) əvvəl əzabla məhv etsəydik,
(qiyamət günü) mütləq belə deyəcəkdilər:
"Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay
olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin
ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?!
135. (Ya Rəsulum!) De: "Hamı (axirət)
gözləməkdədir, siz də gözləyin. (Qiyamət
günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz)
olduğunu və kimin haqq yolu tapdığını (hidayətə
yetişdiyini) biləcəksiniz!"

|