| |
22.
əl-Həcc (Həcc)
surəsi (Mədinədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey insanlar! Rəbbinizdən qorxun.
(Allahın əzabından qorxub pis əməllərdən
çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən,
qiyamət gününün (axır saatın) zəlzələsi
dəhşətli şeydir!
2. Onu görəcəyiniz gün hər
bir əmzikli qadın əmizdirdiyi uşağını unudar,
hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl)
yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən,
halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı
çox şiddətlidir!
3. Allah haqqında heç bir şey
bilmədən (elmsiz-dəlilsiz "Rəbbimiz mələklərdən
Özünə övlad götürmüşdür" - deyə)
mübahisə edən və Allaha asi olmuş hər bir şeytana
uyan insanlar da vardır.
4. (Şeytan) haqqında əzəldən
belə yazılmışdır (hökm edilmişdir): hər
kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan
çıxardıb cəhənnəm əzabına sürükləyər.
5. Ey insanlar! Öləndən sonra
yenidən diriləcəyinizə şübhəniz varsa (ilk
yaradılışınızı yada salın). Həqiqətən,
Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən),
sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir
şəklə düşmüş (vaxtında doğulmuş)
və düşməmiş (vaxtından əvvəl doğulmuş)
bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə
göstərək. İstədiyimizi ana bətnində müəyyən
bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan)
uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına
(otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik).
Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz
də ömrün elə bir rəzil (ən ixtiyar) çağına
çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə
uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü
qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə
(cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər
növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
6. Bu (insan yaradılışının
müxtəlif mərhələləri, ölü torpağın
cana gətirilməsi) ona görədir ki, Allah haqdır, ölüləri
dirildir və O, hər şeyə qadirdir!
7. Bu (həm də belə bir danılmaz
həqiqətə inanmağınız üçündür
ki) o saat (qiyamət günü) mütləq gələcəkdir,
ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə
olanları dirildəcəkdir!
8. İnsanlar içində (Əbu
Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən,
haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı
dəlili) və nurani (səmadan endirilib hökmünü açıq
bildirən) kitabı olmadan Allah barəsində mübahisə
edər.
9. O, boynunu (təkəbbürlə
sağa-sola) əyərək (insanları) Allahın yolundan
çıxarmaq məqsədilə bunu edər. Onu dünyada
rüsvayçılıq gözləyir, qiyamət günü
isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
10. (O zaman ona belə deyiləcək:)
"Bu, (dünyada) öz əllərinlə etdiyin günahların
cəzasıdır, yoxsa Allah bəndələrinə əsla
zülm edən deyildir!"
11. İnsanlardan eləsi də vardır
ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir
xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm
yapışar). Yox, əgər ona bir bəla (müsibət)
üz versə, çöhrəsi dəyişər (islamdan
üz döndərib yenə küfrə qayıdar). Beləsi
dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar
ziyan budur, bu!
12. O, Allahı buraxıb özünə
nə zərər, nə də xeyir verən bütlərə
tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!
13. Özü də zərəri xeyirindən
daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət
edər. O (büt) nə pis köməkçi, necə də
pis yoldaşdır!
14. Həqiqətən, Allah iman gətirib
yaxşı işlər görənləri (ağacları)
altından çaylar axan cənnətlərə daxil edər.
Allah istədiyini edər.
15. Hər kim Allahın dünyada və
axirətdə ona (Öz Peyğəmbərinə) kömək
göstərməyəcəyini zənn edirsə, qoy göyə
(evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına
salıb) kəssin (özünü ondan assın) və görsün
ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi
(Allahın peyğəmbərə göstərəcəyi
yardımı) aradan qaldıra bilərmi? (Əlbəttə,
qaldıra bilməz! Allahın öz peyğəmbərinə
yardım etməsini istəməyənlər, qəzəblərindən
özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona
dünyada zəfər, axirətdə isə yüksək məqamlar
nəsib edəcəkdir).
16. Biz (Qur’anı) beləcə açıq-aşkar
ayələr şəklində nazil etdik. Allah dilədiyini
doğru yola müvəffəq edər.
17. Həqiqətən, Allah iman gətirənlər
(müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər),
xaçpərəstlər, atəşpərəstlər və
müşriklər arasında qiyamət günü (haqq ilə
batili ayırd edərək) hökmünü verəcəkdir.
Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların
nə etdiklərini və nəyə layiq olduqlarını
çox gözəl bilir!)
18. (Ey insan!) Məgər göylərdə
və yerdə olanların (bütün canlıların), Günəşin,
Ayın və ulduzların, dağların, ağacların və
heyvanların, insanların bir çoxunun (mö’minlərin) Allaha
səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə
də) əzab vacib olmuşdur. Allahın alçaltdığı
kimsəni heç kəs yüksəldə (səadətə
qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini
edər!
19. Rəbbi barəsində mübahisə
aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə)
düşməndir. Onu inkar edənlər üçün atəşdən
paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.
20. O su ilə qarınlarında olanlar
(bağırsaqları, ciyərləri) və dəriləri
əridiləcəkdir.
21. Hələ onlar üçün
(başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
22. (Kafirlər) oradan - (Cəhənnəmdə
düşdükləri) qəmdən qurtarmaq istədikcə,
yenidən ora qaytarılar və (onlara:) "Dadın atəşin
əzabını!" (deyilər).
23. Həqiqətən, Allah iman gətirib
yaxşı işlər görənləri (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəkdir.
Onlar orada altun və incilərlə bəzənəcəklər
(qızıldan və mirvaridən bilərziklər taxacaqlar),
orada libasları da ipəkdən olacaqdır!
24. Onlar (dünyada) təmiz (pak) sözə
(la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş,
həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
25. Kafir olub (insanları) Allah yolundan,
həm yerlilər, həm də gəlmələr üçün
(qiblə, mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə
və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə
də şiddətli əzabdan daddıracağıq!
26. (Ya Rəsulum!) Yadına sal ki, bir
zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq:
"Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf
edənlər, namaza duranlar, rüku edən və səcdəyə
qapananlar (namaz qılanlar) üçün (bütlərdən)
təmizlə!"
27. İnsanları həccə çağır
ki, onlar sənin yanına (istər) piyada və (istərsə
də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın)
dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
28. Belə ki, öz mənfəətlərinin
şahidi olsunlar və mə’lum günlərdə Allahın
onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə
(onları qurban kəsərkən) Onun adını çəksinlər
(bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə
(zavallı) yoxsullara da yedirdin!
29. Sonra həcc əməllərini
(dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq
və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər),
nəzirlərini versinlər və (Nuhun tufanından salamat
çıxmış, yaxud bəşər övladı üçün
ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf etsinlər!
30. (Ey insanlar! Həccin sizə vacib
olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın
haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi
yanında onun üçün xeyirli olar. (Haram olduğu "Maidə"
surəsində) sizə deyilənlərdən başqa, qalan
heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir.
Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq
olan) bütlərdən qaçın, yalan sözlərdən
də (Allaha şərik qoşmaqdan da) çəkinin -
31. Batildən haqqa dönərək
yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız
halda! Allaha şərik qoşan kimsə göydən düşən,
quşların onu sür’ətlə alıb apardığı,
yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə
(məxluqa) bənzər.
32. (Ey insanlar! Sizə əmr etdiyim)
budur. Və hər kəs Allahın mərasiminə (həcc
əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət
etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin
təqvasındadır (Allahdan qorxmasındadır).
33. Sizin üçün (qurbanlıq
heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət
vardır. (Kəsilənə qədər onları minər,
südünü içər, yunundan istifadə edərsiniz).
Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim
ev (Kə’bə) istiqamətindədir. (Yaxud həcc əməllərini
yerinə yetirməkdə sizin üçün qiyamətə
qədər mənfəət vardır. Həcc günləri
Kə’bəyə toplanar, bütün müsəlmanlara lazım
olan dini və dünyəvi məsələlər barəsində
məsləhət-məşvərət edərsiniz).
34. Biz hər bir ümmət üçün
qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya
hər bir ümmətə qurban kəsməyi lazım bildik)
ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların
üstündə (onları kəsdikləri zaman) Allahın
adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız
yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət
edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə
(təvazökar olanlara Cənnətlə) müjdə ver!
35. O kəslər ki, Allahın adı
çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan)
titrəyər, üz verən müsibətlərə səbr
edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı
olanlara) sərf edərlər.
36. Biz qurbanlıq dəvələri
də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən)
etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi)
xeyir vardır. Artıq onları ayaq üstə durduqları
(sol əli bağlı, sağ əli və iki ayağı
açıq vəziyyətdə olduqları) halda kəsərkən
üstlərində Allahın adını çəkin (bismillah
deyin). Onlar böyrü üstə düşən (canları
çıxdığı) zaman (ətindən) özünüz
də yeyin, (yanınızda olub utandığından) əl
açmayana (lakin verilənə e’tiraz etməyənə) və
dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları)
sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükwr
edəsiniz!
37. Onların nə əti, nə də
qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan
yalnız sizin təqvanızdır (səmimi-qəlbdən
etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə
həccin əməllərini göstərdiyi) üçün
Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə
belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə)
müjdə ver!
38. Şübhəsiz ki, Allah iman gətirən
kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf
edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!
39. Zülmə mə’ruz qaldıqlarına
görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda
döyüşməyə) izin verilmişdir. Allah onlara kömək
etməyə, əlbəttə, qadirdir!
40. O kəslər ki, haqsız yerə,
ancaq "Rəbbimiz Allahdır" - dediklərinə görə yurdlarından
(Məkkədən) çıxarıldılar. Əgər Allah
insanların bir qismini digər qismi ilə (müşrikləri
mö’minlərlə) dəf etməsəydi, sözsüz ki,
içərisində Allahın adı çox zikr olunan soməələr
(rahiblərin yaşadığı monastırlar), kilsələr,
mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər
dağılıb gedərdi (darmadağın edilərdi). Allah
Ona (öz dininə) yardım edənlərə, şübhəsiz
ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət,
qüdrət sahibidir!
41. O kəslər ki, əgər onları
yer üzündə yerləşdirsək (onlara bir yer versək),
namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər
görməyi əmr edib, pis işlər görməyi qadağan
edərlər. Bütün işlərin sonu (nəticəsi)
Allaha aiddir. (Allah qiyamət günü əməllərinə
müvafiq olaraq mö’minlərə mükafat, kafirlərə
isə cəza verəcəkdir).
42. (Ya Rəsulum!) Əgər (bu müşriklər)
səni təkzib edərlərsə (ürəyini qısma).
Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da
(peyğəmbərlərini) təkzib etmişdi.
43. İbrahim tayfası da, Lut qövmü
də,
44. Mədyən əhli də (peyğəmbərlərini
təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı
tərəfindən) yalançı sayılmışdı.
Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları
(əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə,
peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə
görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara
verdiyim ne’məti müsibətlə əvəz etdim!)
45. Neçə-neçə məmləkəti
(əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst
olmuşdu (evlərin tavanları çökmüş, divarları
onların üstünə yıxılmışdı). Neçə-neçə
quyular, neçə-neçə möhtəşəm qəsrlər
bomboş qalmışdı.
46. Məgər onlar (peyğəmbərləri
yalançı hesab edən kafirlər) yer üzündə gəzib
dolaşmırlarmı ki, düşünən qəlbləri
(bəsirət gözləri), eşidən qulaqları olsun?
Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki
ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş
ümmətlərin başına gələn müsibətləri
zahiri gözləri ilə görsələr də, qəlb
gözü ilə görüb onlardan heç bir ibrət almazlar).
47. (Ya Rəsulum!) Onlar səni tələsdirib
əzabın tez gəlməsini istəyirlər. Allah Öz
və’dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında
bir gün sizin saydığınızın (hesabladığınız
vaxtın) min ili kimidir!
48. Neçə-neçə məmləkətə
(məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları)
halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım.
Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət,
Mənim hüzuruma gələcək, qazandıqları günaha
görə əbədi əzaba düçar olacaqlar).
49. De: "Ey insanlar! Mən sizi yalnız
açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə
açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!
50. İman gətirib yaxşı işlər
görənləri (günahlardan) bağışlanma və
tükənməz (minnətsiz) ruzi gözləyir!
51. Ayələrimizdən (Qur’anı
batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri)
aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri
məğlub etməklə xalqı imandan döndərməyə
cəhd edənlərə) gəldikdə isə, məhz onlar
cəhənnəmlikdirlər!
52. (Ya Rəsulum!) Biz səndən
əvvəl də (şəriət sahibi olan) elə bir rəsul,
(şəriət sahibi olmayıb onun ardınca gedən) elə
bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər
hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə
vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud
o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb
oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!)
Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra
isə Allah Öz ayələrini möhkəmlədər.
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
53. (Allah ona görə belə edir
ki) Şeytanın vəsvəsəsini qəlblərində
mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri
qatı (sərt) olanlar (müşriklər) üçün
bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar
(münafiqlər, müşriklər və kafirlər) haqqdan
uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar).
54. Və elm verilən kəslər
də bilsinlər ki, haqq (Qur’an) sənin Rəbbindəndir.
Artıq ona inansınlar və ürəkləri ondan arxayın
olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru
yola yönəldər!
55. Kafir olanlar isə qiyamət günü
qəflətən başlarının üstünü alanadək,
yaxud heç bir xeyri olmayan (səmərəsiz) bir günün
(onların kökünü kəsəcək Bədr vuruşunun)
əzabı onlara gəlib yetişənədək (Qur’an barəsində)
şəkk-şübhədə olmaqda davam edəcəklər.
56. O gün (qiyamt günü) hökm
yalnız Allahındır. (Allah) onların (müşriklərin
və mö’minlərin) arasında hökm edəcəkdir.
İman gətirib yaxşı işlər görənlər
Nəim cənnətlərində olacaqlar!
57. Kafir olanlar, ayələrimizi yalan
hesab edənlər isə rüsvayedici bir əzaba düçar
olacaqlar!
58. Allah yolunda hicrət edənlərə,
sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə
Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi)
verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin
ən yaxşısıdır!
59. (Allah) onları razı qalacaqları
(xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir.
Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə
qarşı) həlimdir!
60. (Allahın hökmü) budur. Və
hər kim özünə verilən cəza kimi cəza versə,
sonra yenə də (müşriklərin müsəlmanları
Məkkədən qovduqları kimi) təcavüzə mə’ruz
qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən,
Allah (özünümüdafiə məqsədilə düşməndən
intiqam alan mö’min bəndəsini) əfv edəndir, bağışlayandır!
61. Bu belədir. (Allah zalıma qarşı,
zalımın zülmündən xilas olmaq üçün məzluma
kömək edər, çünki O, hər şeyə qadirdir).
Necə ki, Allah gecəni gündüzə, güzdüzü
də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi
naminə bə’zən insanlar daha çox ruzi qazana bilsinlər
deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah
(hər şeyi) eşidəndir, görəndir!
62. Bu belədir. Çünki Allah haqq,
(müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər,
tanrılar) isə batildir. Həqiqətən, Allah (hər
şeydən) ucadır, böyükdür! (Allahın allahlığı
öz-özlüyündə mövcud olduğu üçün
O haqq, bütlərin tanrılığı öz-özlüyündə
mövcud olmadığı üçün onlar batildir. Buna
görə də yalnız Allaha ibadət edilməlidir!)
63. (Ya Rəsulum!) Məgər Allahın
göydən yağmur endirdiyini və yer üzünün (onunla)
yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən,
Allah (gözlənilməyən yerdən ruzi yetirməklə
bəndələrinə) lütfkardır, (onların hər
işindən) xəbərdardır.
64. Göylərdə və yerdə
nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış
əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır,
(hər çür) şükürə, tə’rifə layiqdir!
(Hər işi bəyəniləndir!)
65. (Ya Rəsulum!) Məgər Allahın
yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə
üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan
yerə düşə bilməməsi üçün göyü
tutub saxladığını görmürsənmi? Həqiqətən,
Allah insanlara şəfqətlidir, mərhəmətlidir!
66. Sizi (əzəl başdan) dirildən,
sonra (əcəliniz çatanda) öldürəcək, daha
sonra (qiyamət günü) yenə dirildəcək məhz
Odur.
67. Biz (keçmişdən bəri)
hər ümmət üçün bir şəriət müəyyən
etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər)
bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar
barəsində) səninlə mübahisə etməsinlər.
(Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət
etməyə, Onun hökmlərini yerinə yetirməyə)
də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan
(dindəsən).
68. (Ya Rəsulum!) Əgər (müşriklər
öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda,
bəs Allahın öldürdüyü, yə’ni öz əcəli
ilə ölmüş heyvanların ətini niyə yemirsiniz
deyə) səninlə mübahisə etsələr, (onlara)
belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir!
69. İxtilafda olduğunuz məsələlər
barəsində Allah qiyamət günü aranızda öz
hökmünü verəcəkdir!"
70. (Ya Rəsulum!) Məgər bilmirsənmi
ki, Allah göydə və yerdə nə varsa (hamısını)
bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir
kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları
bilmək) Allah üçün asandır!
71. (Müşriklər) Allahı qoyub
elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət
edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və
(müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu
da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım
edən olmaz!
72. Ayələrimiz onlara açıq-aşkar
surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz
oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət)
sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə
az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: "Sizə
bundan (Qur’an oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən)
daha pisini xəbər verimmi? - Cəhənnəm (odu)! Allah
onu kafirlərə və’d etmişdir. O nə pis məskəndir!
(Nə pis qayıdış yeridir!)"
73. Ey insanlar! Bir məsəl çəkildi,
ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət
etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər
- lap hamısı bunun üçün bir yerə yığışsa
belə! Əgər milçək onlardan (bütlərin üstündə
olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən
geri ala bilməzlər. İstəyən də aciz, istənilən
də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə
ibadət edən də aciz, ibadət edilən bütlər
də!)
74. (Müşriklər) Allahı layiqincə
qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən,
Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
75. Allah mələklərdən də
elçilər (peyğəmbərlər) seçər, insanlardan
da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir,
görəndir!
76. (Allah) onların önlərindəkini
də, arxalarındakını da (nə etdiklərini və
nə edəcəklərini) bilir. Bütün işlər
(nəticə e’tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət
günü bütün məxluqat öz əməlləri
ilə birlikdə Allahın hüzurunda duracaqdır).
77. Ey iman gətirənlər! (Namaz
qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə
ibadət edin və yaxşı işlər görün ki,
nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)
78. (Ey mö’minlər!) Allah yolunda
layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi
və dində sizin üçün heç bir çətinlik
yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu)
kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan)
əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını
verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği,
sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə)
sizə, siz də (əvvəlki peyğəmbərlərin
Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları
halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında)
namaz qılın, zəkat verin və Allaha sığının.
(Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi,
necə də gözəl imdada yetəndir!

|