| |
23.
əl-Mu’minun (Mö’minlər)
surəsi (Məkkədə nazil olmuşdur, 118 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həqiqətən, mö’minlər
nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə
çatıb əbədi səadətə qovuşmuşlar!)
2. O kəslər ki, namazlarında
(hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha)
müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında
kiçilərlər!)
3. O kəslər ki, lağlağıdan
(lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən)
üz döndərərlər;
4. O kəslər ki, zakat verərlər;
5. O kəslər ki, ayıb yerlərini
(zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri
istisna olmaqla. Onlar (zövcələri və cariyələri
ilə görəcəkləri bu işdən ötrü)
qınanmazlar.
7. Bundan artığını isyəyənlər
(halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini
pozanlardır).
8. O mö’minlər ki, əmanətlərini
və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış
əmanətə xəyanət etməz, verdikləri sözü
yerinə yetirərlər);
9. Namazlarına riayət edərlər
(həmişə vaxtlı-vaxtında namaz qılarlar);
10. Onlardır (bilin) varis olanlar -
11. Firdovs cənnətinə varis olanlar,
orada əbədi qalanlar!
12. Biz, həqiqətən, insanı
tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.
(Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş
xalis palçıqdan - nütfədən xəlq etdik).
13. Sonra onu (Adəm övladını)
nütfə halında möhkəm bir yerdə (ana bətnində)
yerləşdirdik.
14. Sonra nütfəni laxtalanmış
qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət
etdik, sonra o bir parça əti sümüklərə döndərdik,
sonra sümükləri ətlə örtdük və daha
sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların
ən gözəli olan Allah nə qədər (uca, nə qədər)
uludur!
15. (Belə bir yaradılışdan)
sonra siz mütləq öləcəksiniz!
16. Sonra siz qiyamət günü yenidən
dirildiləcəksiniz!
17. And olsun ki, Biz sizin üstünüzdə
yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan
da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini
bilirik).
18. Biz göydən lazımi qədər
yağmur endirdik və onu yerdə (dənizdə, çayda,
göllərdə və quyularda) saxladıq. Biz, sözsüz
ki, onu aparmağa da (yox etməyə də) qadirik!
19. Sonra sizin üçün onunla (o
su ilə) xurma və üzüm bağları yaratdıq. Sizin
üçün orada bir çox meyvələr vardır ki, onlardan
yeyirsiniz.
20. (Sizin üçün həmçinin
mənşə e’tibarilə) Sina dağından çıxan
bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün
zeytun və (çörəyin üstünə yaxılan, xörəyə
qatılan) yağ bitirər.
21. Həqiqətən, heyvanlarda (ev
heyvanlarında) da sizin üçün bir ibrət vardır.
Biz onların qarınlarında olandan (süddən) sizə
içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər
də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan,
bəzilərinin isə tükündən istifadə edirsiniz).
Həm də onlardan yeyirsiniz!
22. Həm onların, həm də
gəmilərin üstündə (bir yerdən başqa yerə)
daşınırsınız.
23. Həqiqətən, Biz Nuhu öz
qövmünə peyğəmbər göndərdik. O belə
dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa
(ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər
(Allahın əzabından) qorxmursunuz?"
24. (Nuh) qövmünün kafir başçıları
(tabeçiliyində olanlara) dedilər: "Bu sizin kimi yalnız
adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə
böyüklük etmək istəyir. Əgər Allah (Ondan
başqasına ibadət etməməyimizi) istəsəydi,
(bizə peyğəmbər olaraq insan deyil) mələklər
göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi)
ulu babalarımızdan (keçmiş ümmətlərdən)
eşitməmişik.
25. Bu adamda, sadəcə olaraq, bir
dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət
gözləyin!" (Ya sağalıb xəstəlikdən xilas
olar, bir də belə şeylər danışmaz; ya da ölüb
gedər, canımız qurtarar).
26. (Nuh onların bu sözlərindən
və iman gətirməyəcəklərindən mə’yus
olub) belə dedi: "Ey Rəbbim! Onların məni yalançı
hesab etməklərinə qarşı mənə kömək
et!"
27. Biz (Nuha) belə vəhy etdik: "Gözlərimiz
önündə (nəzarətimiz altında) və vəhyimiz
üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini
düzəlt. Nəhayət, (onları məhv etmək barəsində)
əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən
və ya yer üzündən, yaxud gəminin qazanından su
qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək,
biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə)
əvvəlcədən hökm verilmiş kimsələr istisna
olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri)
gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində
Mənə müraciət etmə (onların bağışlanmasını
Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar.
28. Sən yanında olanlarla birlikdə
gəmiyə minən kimi: "Bizi zalım tayfanın əlindən
qurtaran Allaha həmd olsun!" - de.
29. Həmçinin (gəmidən enəndə)
belə de: "Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli)
bir yerə endir. Sən sığınacaq verənlərin
ən yaxşısısan!"
30. Şübhəsiz ki, bunda (insanlar
üçün) ibrətlər vardır. Həqiqətən,
Biz (bəla, müsibət göndərməklə bəndələrimizi)
imtahana çəkirik!
31. Onlardan sonra başqa bir nəsil
(Ad tayfasını) yaratdıq.
32. Onlara özlərindən bir peyğəmbər
(Hudu) göndərdik. (O, tayfasına dedi: ) "Allaha ibadət edin.
Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız
yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?"
33. Tayfasının kafir olan, axirətə
qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün Allahın hüzurunda duracaqlarını) yalan
hesab edən və dünyada ne’mət verdiyimiz ə’yan - əşrafı
(tabeçiliyində olanlara) dedi: "Bu sizin kimi ancaq adi bir insandır;
yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür
peyğəmbər ola bilər?)
34. Əgər siz özünüz
kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana
uğrayarsınız. (Adi bir bəşərə aldanıb
dünyada şan-şöhrətinizi, ad-sanınızı
itirərsiniz).
35. O sizə ölüb torpaq və
sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib)
çıxarılacağınızımı və’d edir?
36. Və’d olunduğunuz şey çox
uzaqdır, çox uzaq! (Bu, qeyri-mümkündür!)
37. Bizim həyatımız yalnız
bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz
dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən
sonra bir daha) dirildiləcək deyilik!
38. Bu, sadəcə olaraq, Allaha iftira
yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!"
39. (O peyğəmbər) belə dedi:
"Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə
qarşı mənə kömək et!"
40. (Allah) buyurdu: "Bir azdan peşman
olacaqlar!"
41. (Bir az sonra) həqiqətən,
qorxunc (tükürpədici) bir səs onları bürüdü.
Biz onları (sel üstündəki) saman çöpünə
döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən
uzaq) olsun!
42. Onlardan sonra başqa-başqa nəsillər
(Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq.
43. Heç bir ümmət öz əcəlini
(ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə
də yubada bilər!
44. Sonra bir-birinin ardınca (ümmətlərə)
peyğəmbərlər göndərdik. Hər ümmətə
öz peyğəmbəri gəldikcə onu yalançı saydılar.
Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan)
əfsanələrə döndərdik. İman gətirməyən
tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
45. Sonra Musanı və qardaşı
Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut
edən) açıq-aşkar bir dəlillə göndərdik,
46. Fir’onun və onun ə’yan-əşrafının
yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə
sığışdırmayıb özlərini yuxarı tutan
camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail
oğullarına əzab-əziyyət verməkdə davam etdilər).
47. (Fir’on və ə’yan-əşrafı)
dedilər: "Bunların tayfası bizə bir qul kimi itaət
etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?"
48. Beləliklə, onları yalançı
saydılar və nəticədə məhvə düçar
edilənlərdən oldular.
49. Həqiqətən, Biz Musaya kitabı
(Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları)
doğru yola yönəlsinlər!
50. Məryəm oğlunu (İsanı)
və (bakirə) anasını (qüdrətimizdən yaranmış)
bir mö’cüzə etdik. Onları abad (rahat) və axar sulu
uca bir yerdə yerləşdirdik.
51. (Müxtəlif zamanlarda ayrı-ayrı
ümmətlərə göndərdiyimiz peyğəmbərlərə
belə buyurduq: ) "Ey peyğəmbərlər! Təmiz (halal)
ne’mətlərdən yeyin və yaxşı işlər görün!
(Vacib və könüllü ibadətləri həm zahirən,
həm də gizli, həmişə yerinə yetirin!) Mən,
həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
52. Bu (tövhid dini islam) tək bir
din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən
(əzabımdan) qorxun!"
53. Amma (ümmətlər) öz dinini
aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif
məzhəblərə ayrıldılar). Hər firqə öz
dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab
edib bundan məmnun olur).
54. (Ya Rəsulum!) Sən onları
bir müddət (əcəlləri çatana qədər) öz
şaşqınlıqları içində burax!
55. Məgər (kafirlər) elə
zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət
və övladla
56. Biz onların yaxşılıqlarına
tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada
istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı,
az sonra qəflətən başlarının üstünü
alacağımızı düşünmürlər!)
57. Həqiqətən, Rəbbinin
qorxusundan tir-tir əsənlər;
58. Rəbbinin ayələrinə inanlar;
59. Rəbbinə şərik qoşmayanlar;
60. Ürəkləri Rəbbinin hüzuruna
qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını
(zəkatı, sədəqəni) verənlər -
61. Məhz onlar yaxşı işlər
görməyə tələsər (bir-biri ilə yarışar)
və bu işlərdə (başqalarından) öndə gedərlər.
62. Biz heç kəsi gücü çatmayan
işi görməyə vadar etmərik. (Hər kəsi yalnız
qüvvəsi çatdığı qədər yükləyərik.
Namazı ayaq üstə qıla bilməyən oturub qıla
bilər. Xəstəliyinə, zəifliyinə görə
oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı
söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə
əsla) zülm olunmaz.
63. Lakin (kafirlərin) qəlbləri
bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət
içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən)
ayrı işləri də vardır ki, elə onları edib
durarlar (küfr edib günaha batarlar).
64. Nəhayət, onların naz-ne’mət
içində yaşayan başçılarını əzabla
yaxaladığımız zaman (Bədr vuruşu günü)
fəryad edib imdad diləyərlər.
65. (Onlara belə deyirlər: ) "Yalvarıb-yaxarmayın,
bu gün Bizdən sizə heç bir kömək yetişməz!"
66. Ayələrimiz sizə oxunduğu
zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız).
67. (Kə’bə əhlisiniz, sizə
heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə
sığışdırmayıb gecələr toplanaraq (Qur’an
və Peyğəmbər barəsində) ağzınıza
gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz).
68. Məgər (müşriklər)
kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb
daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş
ümmətlərinə) gəlməyən bir şey gəldi?
(Onlar Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə
anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail,
Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara
Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
69. Yoxsa öz Peyğəmbərini
tanımadılar və buna görə onu inkar edirlər?
70. Yaxud: "Onda divanəlik var?" - dedilər.
Xeyr, Peyğəmbər onlara haqqla (Qur’anla) gəldi. Lakin onların
əksəriyyəti haqqı xoşlamır.
71. Əgər haqq (Qur’an) onların
nəfslərinin istəklərinə tabe olsaydı (və
ya Allah onların istədikləri kimi hərəkət etsəydi),
göylər, yer və onlarda olanlar (bütün məxluqat)
korlanıb gedərdi (aləm bir-birinə qarışıb
nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar
üçün öyüd-nəsihət (və Peyğəmbər
öz qövmlərindən olduğu üçün şərəf
olan Qur’anı) gətirdik, onlar isə özlərinə edilən
öyüd-nəsihətdən (və şərəflərindən)
üz döndərirlər.
72. Yoxsa (Ya Rəsulum!) sən onlardan
(öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə
görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin
əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi
mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
73. Əslində sən onları doğru
yola (islam dininə) də’vət edirsən!
74. Axirətə inanmayanlar isə
doğru yoldan sapanlardır!
75. Əgər Biz onlara rəhm edib
düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın
vəziyyətdə yenə də azğınlıqlarında
davam edərlər. (Məkkəyə yeddi il ərzində
aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri
Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları
üçün Allaha dua etməyi xahiş etmişdilər.
Peyğəmbərin duasından sonra Məkkədə bolluq
olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı.
Bunun müqabilində Peyğəmbərə iman gətirmək
əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti
daha da gücləndirmişdilər).
76. Biz həqiqətən, onları
əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə
itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman
gətirmədilər ki, gətirmədilər).
77. Nəhayət, onların üzünə
bir əzab qapısı açdığımız (Bədr
vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal
ümidsizliyə qapıldılar (dilləri-ağızları
quruyub, mat-məəttəl qaldılar).
78. Sizə qulaq, göz və ürək
verən Odur. Siz (Allahın ne’mətlərinə) çox az
şükür edirsiniz.
79. Sizləri yer üzündə yaradıb
törədən (yer üzünə yayıb səpələyən)
Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz.
80. Dirildən də, öldürən
də Odur. Gecə və gündüzü bir-birinin ardınca
gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın
qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun
layiq olduğunu) dərk etmirsiniz?
81. Xeyr, onlar da əvvəlkilərin
(keçmiş ümmətlərin) dedikləri kimi dedilər.
82. (Keçmiş ümmətlər)
belə demişdilər: "Məgər biz ölüb torpaq və
sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?"
83. Həqiqətən, bizə də,
atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu.
Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən
(uydurmalarından) başqa bir şey deyildir.
84. (Ya Rəsulum! Bu müşriklərə)
de: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və
yer üzündə olanlar (bütün məxluqat) kimindir?"
85. Onlar mütləq: "Allahındlr!"
- deyə cavab verəcəklər. Sən də de: "Bəs
elə isə (məxluqatı yaratmağa qadir olan kəsin
öləndən sonra onları yenidən dirildə biləcəyini)
düşünmürsünüz?"
86. De: "Yeddi (qat) göyün Rəbbi,
o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi)
kimdir?"
87. (Müşriklər) mütləq:
"(Bunlar) Allahındır!" - deyə cavab verəcəklər.
Onda sən də de: "Bəs elə isə (Allahın əzabından)
qorxmursunuz?"
88. De: "Əgər bilirsinizsə, (bir
deyin görək) hər şeyin hökmü əlində
olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə
ehtiyacı olmayan kimdir?"
89. Onlar mütləq: "(Bu qüdrət,
bu vəsflər yalnız) Allahındır!" - deyə cavab verəcəklər.
Sən də de: "Bəs elə isə (Şeytana aldanıb
haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və
yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb)
döndərilirsiniz?
90. Xeyr, Biz onları haqqı (haqq yol
olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki,
yalançıdırlar!
91. Allah (Özünə) heç bir
övlad götürməmişdir. (Nə İsa Onun oğlu,
nə də mələklər Onun qızlarıdır. Əksinə,
onların hamısı Allahın qüdrətindən yaranmış
məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək)
heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda
heç bir tanrı əlahiddə öz yaratdıqları ilə
gedər, (öz məxluqatını ayırıb aparar) və
onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə
üstün olmağa çalışardı. Allah müşriklərin
(Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
92. O, qeybi də, aşkarı da bilir.
Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən
çox ucadır!
93. (Ya Rəsulum!) De: "Ey Rəbbim!
Əgər (müşriklərə) və’d etdiyin əzabı
mənə göstərəcəksənsə,
94. Onda məni zalım tayfanın
içində qoyma, ey Rəbbim!" ("Məni də onlarla birlikdə
həlak etmə. Məni razı qaldığın kəslərlə
bir yerdə et!")
95. (Ya Rəsulum!) Biz onlara və’d
etdiyimizi (əzabı) sənə göstərməyə,
əlbəttə, qadirik!
96. Sən pisliyi yaxşılıqla
dəf et! (Gözəl xislət sahibi olub sənə pislik
edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin
Bizə) aid etdikləri sifətləri (və sənin haqqında
dedikləri nalayiq sözləri) daha yaxşı bilirik!
97. Və de: "Ey Rəbbim! Mən şeytanların
vəsvəsələrindən Sənə sığınıram!
98. Onların yanımda olmalarından
(işlərimə xələl qatmalarından) Sənə
pənah gətirirəm, ey Rəbbim!"
99. Nəhayət, (müşriklərdən)
birinin ölümü gəlib çatdığı zaman o
belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
100. Bəlkə, (indiyə qədər)
zay etdiyim ömrüm müqabilində yaxşı bir iş
görüm! (Yaxud, bu günə qədər tərk etdiyim
imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi
boş (faydasız) bir sözdür. Onların önündə
dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları
günə (qiyamət gününə) qədər maneə
(öldükdən sonra qiyamətədək qalacaqları bərzəx
aləmi) vardır.
101. Sur çalınacağı gün
artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə
də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət
günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini
tanımaz; hərə öz hayında olar).
102. Məhz tərəziləri ağır
gələnlər (dünyada yaxşı əməlləri
çox olanlar) nicat taparlar.
103. Tərəziləri yüngül
gələnlər (dünyada çoxlu günah qazananlar) isə
özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə
əbədi qalarlar.
104. Cəhənnəm odu onların
üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının
tən ortasına, alt dodaqları isə göbəklərinə
qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə
durarlar.
105. (Onlara deyilər: ) "Məgər
Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları
yalan hesab edirsiniz!"
106. Onlar deyərlər: "Ey Rəbbimiz!
Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə
çaldı və biz haqq yoldan azan bir camaat olduq!
107. Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm
odundan çıxart! Əgər bir də (Sənin xoşuna
gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz
ki, zalım (özümüz özümüzə zülm
etmiş) olarıq".
108. (Allah) buyurar: "Orada zəlil (mə’yus)
vəziyyətdə durub qalın və Mənə heç bir
şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi
Məndən diləməyin!)"
109. Çünki bəndələrimdən
bir zümrə (mö’minlər) var idi ki, onlar: "Ey Rəbbimiz!
Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla,
bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!"
- deyirdilər.
110. Siz isə onları məsxərəyə
qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı
o qədər qatmışdı ki) Məni yada salmağı
belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.
111. Həqiqətən, Mən səbr
etdiklərinə görə onları mükafatlandırdım.
Onlar nicat tapanlardır (uğura yetənlərdir)!"
112. (Allah qiyamət günü kafirlərə)
belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?"
113. Onlar: "Bir gün, bir gündən
də az, hər halda, sayanlardan (insanların əməllərini
sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər.
114. Allah buyuracaq: "Əgər (həqiqəti)
bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı
axirət həyatı ilə müqayisədə olduqca qısadır).
115. Yoxsa sizi əbəs yerə yaratdığımızı
və (qiyamət günü dirilib haqq-hesab üçün)
hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"
116. Həqiqi hökmdar olan Allah (hər
şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur.
O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın
rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə
gələn vəhy ərşdən nazil olduğu üçün
o kərimdir).
117. Kim Allahla yanaşı başqa
bir tanrıya ibadət edərsə - bunun üçün isə
onun heç bir dəlili yoxdur - (qiyamət günü) onun cəzasını
Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər
nicat tapmazlar!
118. (Ya Rəsulum!) De: "Ey Rəbbim
(Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından
keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət
əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!

|