| |
25.
əl-Furqan (Fəqləndirmə)
surəsi (Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Aləmləri (insanları və
cinləri Allahın əzabı ilə) qorxutmaq üçün
(haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə
(Muhəmmədə) nazil edən Allah nə qədər (uca,
nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və
əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2. O Allah ki, göylərin və yerin
hökmü (səltənəti) Onundur. O (Özünə)
heç bir övlad götürməmişdir; mülkündə
heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış
və onu (onun nə cür olacağını) təqdir (əzəldən
müəyyən) etmişdir.
3. (Müşriklər isə) Onu qoyub
heç bir şey yarada bilməyən, əksinə, özləri
yaradılan, özlərinə nə bir zərər, nə
də bir xeyir verə bilən, diriltməyə, öldürməyə,
həyat verməyə və (öləndən sonra qiyamət
günü) yenidən diriltməyə gücləri çatmayanları
(bütləri) özlərinə tanrılar qəbul etdilər.
4. Kafir olanlar: "Bu (Qur’an) onun (Muhəmmədin)
uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa
bir tayfa (yəhudilər) kömək etmişdir!" - deyərək
(özləri bu batil iddiaları ilə) zülmə (küfrə)
və böhtana yuvarlandılar.
5. Onlar həmçinin: "Bu, qədimlərin
əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd)
onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi
üçün) səhər-axşam (Muhəmmədin) özünə
oxunur", - dedilər.
6. (Ya Rəsulum!) De: "Onu (Qur’anı)
göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir.
Həqiqətən, O, (mö’minləri) bağışlayandır,
rəhm edəndir!"
7. (Müşriklər) dedilər:
"Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları
gəzib dolaşır? Məgər ona özü ilə birlikdə
(insanları Allahın əzabı ilə) qorxudan (və onun
həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir
mələk göndərilməli deyilmi?
8. Yaxud ona (ruzi qazanmaqdan ötrü
bazarları dolaşmasın deyə göydən) bir xəzinə
endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq
üçün bir bağı olmalı deyildimi?" Zalımlar
(müşriklər mö’minlərə) dedilər: "Siz ancaq
ovsunlanmış (buna görə də ağlını itirmiş)
bir adama tabe olursunuz!"
9. (Ya Rəsulum!) Bir gör sənin
barəndə necə məsəllər çəkdilər!
(Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin
həqiqi olduduğunu təsdiq etmək üçün göydən
mələk endirilməsini tələb etdilər!) Artıq
(doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!
10. (Ya Rəsulum!) Əgər istəsə,
sənə ondan (müşriklərin dediklərindən) daha
yaxşısını - (ağacları) altından çaylar
axan cənnətlər verə bilən, sənin üçün
qəsrlər yarada bilən Allah nə qədər (uca, nə
qədər) uludur!
11. Lakin onlar (təkcə səni deyil)
o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı
(qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə)
şiddətli bir atəş hazırladıq.
12. O (atəş) onları uzaqdan görüncə
(kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu
eşidərlər.
13. Onlar əlləri boyunlarına
bağlı vəziyyətdə o atəşdən dar bir yerə
atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə
özlərinə bəd dua edib) ölüm diləyərlər.
14. (Onlara istehza ilə deyilər: )
"Bu gün özünüzə bir ölüm diləməyin,
çox ölüm diləyin!" (Belə bir gündə bir dəfə
vaveyla deməkdən, bir dəfə özünə ölüm
istəməkdən heç nə çıxmaz. Allahın əzabı
intəhasız və dəhşətli olduğu üçün
dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə
ölüm diləməlisiniz!)
15. (Ya Rəsulum!) Onlara de: "Bu (cəhənnəm
odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən
çəkinənlərə bir mükafat və sığınacaq
olaraq və’d edilən Xüld cənnəti?"
16. Onlar üçün orada istədikləri
hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr
tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi)
istənilən bir və’ddir. (Bəndələr öz yaxşı
əməlləri müqabilində Allahın onlara Cənnət
qismət etməsini diləmiş, Allah da onlara bu barədə
verdiyi və’di yerinə yetirmişdir).
17. (Allah müşrikləri) və
onların Allahdan qeyri ibadət etdiklərini (bütləri)
məhşərə toplayacağı gün (qiyamət günü)
belə buyuracaqdır: "Mənim bu bəndələrimi (haqq
yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar
özləri yoldan çıxdılar?"
18. (Bütlər) deyəcəklər:
"Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə)
başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz.
Lakin sən onlara və atalarına o qədər ne’mət verdin
ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı)
xatırlamağı belə unutdular və (buna görə
də) məhvə məhkum edilmiş bir tayfa oldular!"
19. (Allah buyuracaqdır: ) "(Ey müşriklər,
sizin tanrılarınız) dediklərinizi təkzib etdilər.
Artıq nə əzabı (özünüzdən) sovuşdurar,
nə də (özünüzə) bir kömək edə bilərsiniz.
Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara)
şiddətli bir əzab daddıracağıq".
20. (Ya Rəsulum!) Səndən əvvəl
göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz
ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları
gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə
sınaq vasitəsi etdik ki, görək (möhnətlərə)
dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi
kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif
etdik ki, hansınızın daha səbirli, daha dözümlü
olduğunu, Allahın öz əzəli hökmü ilə
ona verdiyi qismətə razı olub-olmadığını
bilək). Sənin Rəbbin (çətinliklərə səbr
edənləri və onlardan qorxanları) görəndir!
21. Bizimlə qarşılaşacaqlarına
ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab
üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə
(Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq
edən) mələklər endirilməli, yaxud biz (onun doğru
danışıb-danışmadığını bilmək
üçün) Rəbbimizi görməli idi!" - dedilər.
Həqiqətən, onlar özləri barəsində təkəbbürə
qapıldılar və (Allahı bilavasitə görmək,
onunla danışmaq istəməyə cür’ət etməklə)
azğınlaşıb həddi çox aşdılar.
22. Mələkləri görəcəkləri
gün - həmin gün günahkarlara (Cənnətlə) heç
bir müjdə olmaz. (Mələklər onlara: ) "(Sizə şad
xəbər eşitmək) haramdır!" - deyərlər.
23. Onların etdikləri hər hansı
bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan)
dağınıq zərrələrə (toz dənələrinə)
döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri
köməyin, qonağa, qəribə etdikləri hörmətin
və dünyada gördükləri digər yaxşı işlərin
zərrə qədər qiyməti olmaz!)
24. O gün cənnət əhlinin
qalacağı yer daha yaxşı, istirahət edəcəyi
yer daha gözəl olacaqdır!
25. Göyün (yeddi qat səmanın
yuxarısından enən ağ) buludla parçalanacağı,
mələklərin bölük-bölük (yerə) endirələcəyi
gün -
26. O gün həqiqi hökmranlıq
(mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün
isə çətin bir gün olacaqdır.
27. O gün zalım (küfrə düşməklə
özünə zülm edən peşmançılıqdan)
əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən
Peyğəmbər vasitəsilə (özümə) doğru
bir yol turardım;
28. Vay halıma! Kaş filankəsi
özümə dost etməyəydim;
29. And olsun ki, Qur’an mənə gəldikdən
sonra məni ondan (Qur’ana iman gətirməkdən) o sapdırdı.
Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan
sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
30. Peyğəmbər də "Ey Rəbbim!
Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!"
- deyəcək.
31. (Ya RƏsulum! Bu Məkkə müşriklərini
sənə düşmən etdiyimiz kimi) eləcə də
(səndən əvvəl) hər peyğəmbər üçün
günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə
bir rəhbər, bir mədədkar olması kifayət edər!
32. Kafirlər: "Qur’an ona (Muhəmmədə)
bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər.
(Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət)
vermək üçün Biz onu ayə-ayə (tədricə)
nazil etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması
onun əzbərlənməsini və mə’nalarının
anlaşılmasını asanlaşdırır).
33. (Ya Rəsulum! Müşriklər)
sənin yanına gəlib elə bir məsəl çəkməzlər
ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri
misallardan) izahatca daha yaxşısını gətirməyək.
34. Onlar (qiyamət günü) Cəhənnəmə
üzüstə sürüklənib gətiriləcək kəslərdir.
Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.
35. Həqiqətən, Biz Musaya kitab
(Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi)
etdik.
36. Və (onlara) dedik: "Ayələrimizi
yalan hesab etmiş bir tayfanın (Fir’on əhlinin) yanına gedin!"
Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv
etdik.
37. Biz Nuh qövmünü də peyğəmbərlərimizi
təkzib etdikləri vaxt suda boğduq və onları insanlar
üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün
də şiddətli bir əzab hazırlamışıq.
38. Biz Adı da, Səmudu da, (Şüeybin)
Rəss əhlini də, həmçinin onların arasında
olan bir çox nəsilləri də (yerlə yeksan etdik).
39. Biz onların hər biri üçün
cürbəcür məsəllər çəkdik, (amma öyüd-nəsihətlərimizə
qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.
40. (Qüreyş müşrikləri
ticarət üçün Şama gedərkən) fəlakət
yağışı yağmış şəhərə
(vaxtilə Lut tayfasının yaşadığı Sədum
şəhərinə) gəlib çatmışdılar. Məgər
onu (o şəhərin başına nələr gəldiyini)
görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən
dirilməyə inanmırlar. (Özlərindən əvvəlki
kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən
ibrət almayan Məkkə müşrikləri hələ
də qiyamət barəsində şəkk-şübhə
içindədirlər).
41. (Ya Rəsulum!) Onlar səni gördükdə
ancaq məsxərəyə qoyur (və belə deyirlər):
"Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?
42. Əgər biz (bütpərəstliyimizdə)
səbir (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza
tapınmaqdan sapdırmışdı". Onlar əzabı (qiyamət
əzabını) gördükdə haqq yoldan kimin daha çox
azdığını biləcəklər.
43. (Ya Rəsulum!) Nəfsini özünə
tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi
olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib
saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail
olmalıdır!)
44. Yoxsa elə güman edirsən ki,
onların əksəriyyəti (sən deyən sözü)
eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək?
Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət
yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini
bilib ona zərər gətirən bir işi görməz. Bunlar
isə nə xeyirlərini, nə də zərərlərini
anlayarlar).
45. Məgər Rəbbinin kölgəni
(günçıxandan günbatanadək) necə uzatdığını
görmürsənmi? Əgər istəsəydi, onu daim öz
yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə)
bir əlamət etdik. (Əgər günəş olmasaydı,
gölgə bilinməzdi).
46. Sonra onu (o kölgəni günəşin
yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə
tərəf çəkdik. (Əgər kölgəni yerə
birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə
düşərdilər).
47. Sizin üçün gecəni örtük,
yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan
ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan
Odur.
48. Küləkləri rəhməti
(yağışı) önündə müjdəçi olaraq
göndərən də Odur. Biz göydən tərtəmiz
su endirdik ki,
49. Onunla ölü bir yerə can verək,
yaratdığımız heyvanları və bir çox (bütün)
insanları sirab edək!
50. (Zati-əqdəsimə) and olsun
ki, (onlara verilən ne’mətləri) yada salsınlar deyə,
Biz (həmin suyu) onların arasında paylaşdırdıq.
Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa
bir şey etmədi (nankorluğunda dirənib qaldı).
51. Əgər istəsəydik, hər
məmləkətə (insanları əzabımızla) qorxudan
bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya
Rəsulum, ən böyük şərəfə nail edib bütün
bəşəriyyətə peyğəmbər göndərdik).
52. (Ya Rəsulum!) Kafirlərə itaət
etmə və onlara qarşı (Qur’anla) böyük bir cihad
et! (Var gücünlə vuruş!)
53. Birinin suyu çox şirin, digərininki
isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında
(bir-birinə qarşmamaq üçün) maneə və keçilməz
sədd qoyan Odur!
54. İnsanları sudan (nütfədən)
yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və
sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!
(Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız
tərəfdən olan qohumluqdur).
55. (Belə olduğu təqdirdə
müşriklər) Allahı qoyub özlərinə nə
xeyir, nə də zərər verə bilənlərə (bütlərə)
ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə
arxa çevirər. (Və ya kafir öz Rəbbinə qarşı
Şeytana kömək edər).
56. (Ya Rəsulum!) Biz səni yalnız
(mö’minlərə Cənnətlə) müjdə verən
və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan
bir peyğəmbər olaraq göndərdik.
57. De: "Mən sizdən buna (dini, peyğəmbərliyi
təbliğ etməyə) görə heç bir muzd (əvəz)
istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol
tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz
peyğəmbərliyimə görə sizdən heç bir
şey istəmirəm, lakin iman gətirmiş bir şəxs
malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).
58. (Ya Rəsulum!) Ölməz, həmişə
diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə
təqdis et (və ya Onun ne’mətlərinə şükür
edərək namaz qıl). (Allahın) Öz bəndələrinin
günahlarından xəbərdar olması (onları layiqincə
cəzalandırmağa) kifayət edər.
59. O, göyləri, yeri və onların
arasındakıları altı günə xəlq edən,
sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir
biləndən (Allahın Özündən və ya Cəbraildən)
xəbər al!
60. Onlara (müşriklərə):
"Rəhmana (rəhmli olan Allaha) səcdə edin!" - deyildiyi zaman,
onlar: "Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi
edəcəyik?" - deyə cavab verərlər. Bu (səcdə
əmri) onların (imana olan) nifrətini daha da artırar.
61. Səmada bürclər yaradan, orada
bir çıraq (günəş) və nurlu ay vücuda gətirən
(Allah) nə qədər (uca, nə qədər) uludur!
62. (Allahın qüdrətini həmişə)
yada salmaq və (ne’mətlərinə) şükür etmək
istəyənlər üçün gecəni və gündüzü
bir-birinin ardınca gətirən də Odur!
63. Rəhmanın (əsl) bəndələri
o kəslərdir ki, onlar yer üzündə təmkinlə
(təvazökarlıqla) gəzər, cahillər onlara söz
atdıqları (xoşlarına gəlməyən bir söz
dedikləri) zaman (onları incitməmək üçün)
salam deyərlər.
64. Onlar gecəni Rəbbi üçün
səcdə və qiyam (namaz) içində keçirərlər.
65. Və belə deyərlər: "Ey
Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur.
Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
66. Doğrudan da, o, nə pis məskən,
nə pis yerdir!"
67. Onlar (mallarını) xərclədikdə
nə israfçılıq, nə də xəsislik edər,
bu ikisinin arasında orta bir yol tutarlar.
68. Onlar Allahla yanaşı başqa
bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana
nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər.
Hər kəs bunu (bu işləri) etsə, cəzasını
çəkər.
69. Qiyamət günü onun əzabı
qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi
qalar.
70. Ancaq tövbə edib iman gətirən
və yaxşı işlər görənlərdən başqa!
Allah onların pis əməllərini yaxşı əməllərə
çevirər. Allah bağışlayandır, rəhm edəndir!
71. Hər kəs tövbə edib yaxşı
iş görsə, o, şübhəsiz ki, Allaha tərəf
yaxşı bir dönüşlə (Allahın rizasını
qazanmış halda) dönər.
72. O kəslər ki, yalan yerə şahidlik
etməz, faydasız bir şeylə rastlaşdıqları
(lağlağı bir söhbət eşitdikləri) zaman onlardan
üz çevirib vüqarla keçər (özünü ləyaqətlə
aparıb onlara əhəmiyyət verməz);
73. O kəslər ki, Rəbbinin ayələri
zikr olunduğu vaxt özünü onlara qarşı kar və
kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
74. Və o kəslər ki: "Ey Rəbbimiz,
bizə zövcələrimizdən və uşaqlarımızdan
(sənə itaət eməklə bizi sevindirib) gözümüzün
işığı (bəbəyi) olacaq övladlar ehsan buyur
və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər.
75. Məhz belələri (Allah yolunda
bütün çətinliklərə, əziyyətlərə)
səbr etdiklərinə görə cənnət guşəsi
(Cənnətdəki yüksək məqamlardan biri) ilə
mükafatlandırılacaq, orada (mələklər tərəfindən)
ehtiramla, salamla qarşılanacaqlar.
76. Onlar orada əbədi qalacaqlar.
O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
77. (Ya Rəsulum, bu Məkkə müşriklərinə)
de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə
qədir-qiymətiniz olar? Siz (Qur’anı və öz Peyğəmbərinizi)
təkzib etdiniz. Buna görə də (nə dünyada, nə
də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"

|