| |
27.
ən-Nəml (Qarışqalar)
surəsi (Məkkədə nazil olmuşdur, 93 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Sin! Bu, Qur’anın və (haqqı
batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2. Mö’minlərə (doğru yol
göstərən) rəhbər və (Cənnətlə)
müjdədir.
3. O kəslər ki, (vaxtlı-vaxtında,
lazımınca) namaz aılır, zəkat verir və axirətə
möhkəm inanırlar.
4. Həqiqətən, axirətə
inanmayanların (pis) əməllərini özlərinə
yaxşı göstərdik. Onlar (öz azğınlıqları
içərisində) şaşqın bir vəziyyətdədirlər.
5. Onları (dünyada) çox pis əzab
gözləyir, (imanı küfrə dəyişdirməklərinə
görə) axirətdə ən böyük ziyana uğrayacaq
kəslər də onlardır!
6. (Ya Rəsulum!) Həqiqətən,
Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən
Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur.
7. Bir zaman Musa (Mədyəndən
Misirə gedərkən) ailəsinə demişdi: "Mən bir
od gördüm, (siz burada durun) mən də gedib ondan sizə
bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız".
8. Musa (alovun) yanına çatdıqda
belə bir nida gəldi: "Alovun yanında olan (Musa) və ətrafında
olanlar (mələklər və ya peyğəmbərlər)
mübarək kimsələrdir (bərəkətlidirlər).
Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir!
(Bütün eyib və nöqsanlardan kənardır!)
9. Ya Musa! Yenilməz qüvvət,
hikmət sahibi olan Allah Mənəm!
10. Əsanı (yerə) at! (Musa əsanı
yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını
gördükdə dönüb qaçdı, heç dala da baxmadı.
(Biz ona belə buyurduq: ) "Ya Musa, qorxma! Peyğəmbərlər
Mənim hüzurumda qorxmazlar.
11. Yalnız (günah etməklə
özünə) zülm eləyən (qorxmalıdır). Lakin
(pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa
çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam,
rəhm edənəm!
12. Əlini qoynuna (köynəyinin
yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir’ona və onun
tayfasına göndərilən doqquz mö’cüzədən
biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın.
Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş)
fasiq bir camaatdır!"
13. Mö’cüzələrimiz aşkar
şəkildə gəlib onlara çatdıqda: "Bu, açıq-aydın
bir sehrdir!" - dedilər.
14. (Mö’cüzələrimizin) həqiqiliyinə
daxilən möhkəm əmin olduqları halda, haqsız yerə
və təkəbbür üzündən onları inkar etdilər.
(Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin
axırı necə oldu!
15. Biz Davuda və Süleymana elm (insanlar
arasında mübahisəli məsələləri həll
edib ədalətli hökm çıxartmaq, quşların dilini
bilmək və i. a.) verdik. Onlar dedilər: "Bizi öz mö’min
bəndələrinin çoxundan üstün tutan Allaha həmd
olsun!"
16. Süleyman Davuda (peyğəmbərlikdə,
elmdə və mülkdə) vərəsə oldu və dedi:
"Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə,
padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən
açıq-aşkar bir lütfdür!"
17. (Bir gün) Süleymanın cinlərdən,
insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar
cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
18. Nəhayət, onlar (Taifdəki,
yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda
bir qarışqa (qarışqaların padşahı) dedi:
"Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və
ordusu özləri də bilmədən sizi (ayaqları altında)
basıb əzməsinlər!"
19. (Süleyman qarışqanın)
bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim!
Mənə mənim özümə və ata-anama ehsan buyurduğun
ne’mətə şükür etmək, Sənin razı qalacağın
yaxşı iş görmək üçün ilham (qüvvət)
ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin
zümrəsinə daxil et!"
20. Sonra (Süleyman) quşları
yoxlayıb dedi: "(Torpaq altında suyun harada olduğunu bilən)
Hüdhüdü (şanapipiyi) niyə görmürəm?
Yoxsa o burada yoxdur?
21. And olsun ki, ona şiddətli bir
əzab verər, ya da tutub kəsərəm (boğazını
üzərəm). Yaxud da o (üzrlü səbəbə görə
burada olmaması üçün) aşkar bir dəlil gətirsin!"
22. Bir azdan (Hüdhüd) gəlib
dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə
Səbadan doğru bir xəbər gətirmişəm.
23. Mən onlara (Səba əhlinə)
padşahlıq edən bir qadın gördüm. Ona (dünyada
şahlara lazım olan) hər şey verrilmişdir. Onun çox
böyük (əzəmətli) bir taxtı vardır.
24. Mən onun və tayfasının
Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm.
Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş,
onları (doğru) yoldan sapdırmışdır. Buna görə
də haqq yolunu tapa bilmirlər.
25. Göylərdə və yerdə
pünhan olanı (yağışı, bitkiləri) aşkara
çıxardan, onların gizlində və aşkarda etdikləri
hər şeyi bilən Allaha səcdə etməsinlər deyə
(Şeytan belə etmişdir).
26. O böyük ərşin Rəbbi
(sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!"
27. (Süleyman Hüdhüdə) dedi:
"Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!
28. Mənim bu məktubumu aparıb
(göydən) onlara at, sonra yaxın bir yerə çəkilib
dur, bax gör nə cavab verəcəklər!"
29. (Səba hökmdarı Bəlqis
Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey ə’yanlar!
Mənə çox hörmətli bir məktub göndərildi
(atıldı).
30. O məktub Süleymandandır və
o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla başlanır).
31. (Məzmunu belədir: ) "Mənə
qarşı təkəbbür göstərməyin və yanıma
müt’i (müsəlman) olaraq gəlin! (Mənim də’vətimə
saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma
gəlin)".
32. (Bəlqis) dedi: "Ey ə’yanlar! Bu
iş barəsində mənə rə’yinizi bildirin. Mən
sizinlə məsləhətləşməmiş heç bir
iş görən (hökm verən) deyiləm!"
33. Onlar dedilər: "Biz böyük
bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz,
sursatımız, hərb alətlərimiz var. Özümüz
də təcrübəli, mahir döyüşçülərik).
Hökm sənindir. Nə əmr edəcəyinə özün
bax (fikirləş)!"
34. (Bəlqis) dedi: Hökmdarlar bir
ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər,
xalqının böyüklərini də zəlil (qul, əsir)
edərlər. Onlar məhz belə hərəkət edərlər.
(Hökmdarların adəti, davranışı belədir).
35. Mən onlara bir hədiyyə göndərəcəyəm;
görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər
Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox,
əgər ancaq bir padşahdırsa, qəbul edər).
36. (Elçibaşı Bəlqisin göndərdiyi
hədiyyə ilə) Süleymanın yanına gəldikdə
o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz?
Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət)
sizə verdiyindən (dünya malından) daha yaxşıdır.
Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz
hədiyyələrinizlə sevinirsiniz.
37. Durma, onların (Səba əhlinin)
yanına qayıt! And olsun ki, (əgər müt’i olaraq yanıma
gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə
üstlərinə gedib onları öz yurdundan zəlil və
xar vəziyyətdə çıxardarıq!"
38. (Süleyman) dedi: "Ey ə’yanlar!
Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma
gəlməmiş hansınız onun (Bəlqisin) taxtını
mənə gətirə bilər?"
39. Cinlərdən olan (çox qüvvətli
və nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtından)
qalxmamış mən onu sənə gətirərəm. Mən
bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam!
(Mənim Bəlqisin taxtını götürüb gətirməyə
gücüm çatar. Mən taxtın üzərində olan
qızıl-gümüşə, lə’l-cəvahirata əlimi
belə vurmaram, onlardan heç bir şey götürmərəm!)"
40. (Süleyman taxtın daha tez gətirilməsini
istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan)
bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır
və ya Süleymanın çox ağıllı və tədbirli
vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir
göz qırpımında (gözünü yumub açınca)
gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır
durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir
(mərhəmətindəndir). Məni imtahana çəkməyi
üçündür ki, görək (Onun ne’mətinə) şükür
edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə)
şükür etsə, yalnız özü üçün
(öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin
ki) həqiqətən, Rəbbim (onun şükrünə)
möhtac deyildir, kərəm sahibidir!" (Allah dünyada qədirbilənə
də, nankora da, mö’minə də, kafirə də lazımınca
ruzi və gün-güzəran verər, çünki O, tükənməz
mərhəmət sahibidir!)
41. (Süleyman) dedi: "(Bəlqəsin)
taxtını tanımaz hala salın, görək onu tanıyacaq,
ya yox?!"
42. (Bəlqis) gəldikdə ona: "Taxtın
bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" - deyə cavab
verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu
görüncə dedi: ) "Bizə ondan daha öncə (tövhid
haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt’i
(müsəlman) olmuşuq!"
43. (Süleyman) ona Allahdan başqasına
(günəşə, aya) ibadət etməyi qadağan etdi.
(Yaxud Allahdan başqasına tapınması o qadına Allaha
ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir
tayfadan idi.
44. (Bəlqəsin əqlini, zəkasını
yoxlamaq məqsədilə) ona belə deyildi: "Saraya daxil ol!"
(Süleymanın sarayı büllurdan tikildiyi və altına
su buraxıldığı üçün Bəlqis) sarayı
gördükdə onu dərin bir gölməçə hesab
etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı
(baldırlarını açdı). O (Süleyman): "Bu (su deyil)
büllurdan tikilmiş (şəffaf) bir saraydır!" - dedi.
(Bəlqis) dedi: "Ey Rəbbim! Mən (günəşə sitayiş
etməklə) özümə zülm etmişdim. Mən artıq
Süleymanla (Süleymanın sayəsində) aləmlərin
Rəbbi olan Allaha təslim oldum!"
45. Biz Səmud tayfasına - Allaha ibadət
edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik.
(Saleh öz tayfasının yanına gələn kimi) onlar
bir-biri ilə çəkişən (düşmənçilik
edən) iki firqəyə (mö’minlərə və kafirlərə)
ayrıldılar.
46. (Saleh) dedi: "Ey qövmüm! Siz
nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz?
(Tövbədən qabaq əzabı, mərhəmətdən
öncə zülmü istəyirsiniz?) Nə üçün
Allahdan bağışlanmağınızı diləmirsiniz
ki, bəlkə, rəhm olunasınız?"
47. Onlar dedilər: "Bizə sənin
və yanında olanların ucbatından uğursuzluq üz
verdi. (Ayağınız bizə düşmədiyi üçüb
pis günə qaldıq, cürbəcür müsibətlərə
düçar olduq). (Saleh) dedi: "Sizin uğursuzluğunuz Allahdandır.
Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək
üçün Allah tərəfindən) imtahan olunursunuz.
48. (Səmud tayfasının yaşadığı
Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer
üzündə fitnə-fəsad törədər, əsla
yaxşı bir iş görməzlər.
49. Onlar öz aralarında Allaha and
içib belə dedilər: "Biz gecə ona və ailəsinə
(yaxud ona iman gətirənlərə) hücum edib (hamısını)
öldürəcək, sonra da onun (qanını almaq istəyən)
qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər
tərəfindən) öldürüldüyünü görməmişik
(öldürüldüyü yerdə olmamışıq) və
biz, həqiqətən, doğru danışırıq!"
50. Onlar bir hiylə qurdular. Biz isə
özləri də bilmədən (gözlənilməyən
bir əzabla) hiylələrinin cəzasını verdik.
51. (Ya Rəsulum!) Bir gör onların
hiylələrinin axırı necə oldu. Biz onların (doqquz
kişinin) özlərini də, tayfalarını da büsbütün
yox etdik.
52. Bu, zülmləri üzündən
onların bomboş (viran) qalmış evləridir. Həqiqətən,
bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün
ibrət vardır!
53. İman gətirib (Allaha şərik
qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!
54. Lutu da (peyğəmbər göndərdik).
O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz görə-görə
çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin
qəbahətini, günahını başa düşə-düşə
hələ də ona davam edirsiniz!)
55. Siz qadınları qoyub şəhvətlə
erkəklərin yanınamı (üstünəmi) gedirsiniz?
Həqiqətən, siz cahil bir tayfasınız!"
56. (Lut) tayfasının cavabı yalnız:
"Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki
onlar (bizim gördüyümüz işlərdən) təmiz
qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu.
57. Buna görə də Biz onu və
ailəsini xilas etdik, yalnız övrətini (əzab içində)
qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu
bildiyimiz üçün onun barəsində əzəldən
belə hökm verdik).
58. Onların üstünə (qızmar
daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər
vaxitəsilə Allahın əzabından) qorxudulanların
yağışı nə yaman imiş!
59. (Ya Rəsulum!) De: "Həmd olsun
Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə!
(Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin)
Ona şərik qoşduqları (bütlər)?!
60. (Bütlər yaxşıdır)
yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən
yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün
gözəl bağçalar yetişdirdik. (Əgər Allahın
yaratdığı və yerə endirdiyi su olmasaydı) siz
(o bağçaların) ağaclarını göyərdə
bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı
var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər
tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan
bir qövmdürlər!)
61. (Bütlər yaxşıdır)
yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında
çaylar axıdan, üzərində (titrəməsin deyə)
möhkəm durmuş dağlar bərqərar edən və
(şirin və şor suları bir-birinə qarışmasın
deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər
Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin)
əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə
qədər əzəmətli olduğunu) bilmirlər!
62. (Bütlər yaxşıdır)
yaxud əli hər yerdən üzülüb darda qalan birisi
Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən)
şəri sovuşduran, sizi yer üzünün varisləri
edən kimsə? Məgər Allahla yanaşı başqa bir
tanrımı var? Siz nə az düşünüb danışırsınız?
63. Yaxud qurunun və suyun (səhranın
və dənizin) zülmətlərində sizə doğru
yol göstərən, küləkləri Öz rəhməti
(yağışı) önündə bir müjdəçi
olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı
başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona
şərik qoşduqlarından (bütlərdən) ucadır!
64. Yaxud (məxluqatı) öncə
yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən
dirildən, sizə göydən (yağışla), yerdən
(növbənöv bitkilərlə, meyvələrlə) ruzi
verən kimsə?! Məgər Allahla yanaşı başqa
tanrımı var?" De: "(Ey müşriklər!) Əgər (Allahın
şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi
gətirin!"
65. (Ya Rəsulum!) De: "Allahdan başqa
göylərdə və yerdə olan heç kəs qeybi bilməz!
Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
66. Xeyr, onların (müşriklərin)
elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar
(axirət) barəsində şəkk-şübhə içindədirlər.
Xeyr, onlar ona qarşı kordurlar!" (Müşriklər axirətə
inanmadıqları halda, nə üçün onun barəsində
sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə
kifayətdirmi?! Və ya müşriklər axirət haqqında
yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri
zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir!)
67. Kafirlər dedilər: "Məgər
bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən)
çıxardılacağıq?
68. Həqiqətən, bu (dirilmə)
bizə və’d olunduğu kimi, öncə atalarımıza
da (və’d olunmuşdu). Bu, qədimlərin əfsanələrindən
(yalan sözlərindən) başqa bir şey deyildir!"
69. (Ya Rəsulum!) De: "Yer üzünü
gəzib-dolaşın, günahkarların axırının
necə olduğuna bir baxın!"
70. (Ya Peyğəmbərim!) Onlardan
(kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə
və (sənə qarşı) qurduqlarına (hiylələrə)
görə də ürəyini qısma!
71. Onlar: Əgər doğru danışırsınızsa,
(deyin görək) bu və’d (bizi qorxutduğunuz əzab və’dəsi)
nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.
72. De: "Tez-tələsik istədiyiniz
(əzabın) bir hissəsi, bəlkə də, artıq sizə
gəlib çatmaq üzərədir!" (Müşriklər onlara
və’d olunan əzabın bir hissəsini Ühüd vuruşunda
daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar!)
73. (Ya Rəsulum!) Həqiqətən,
sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların
əksəriyyəti (Allahın bu mərhəmətinə)
şükür etməz.
74. Şübhəsiz ki, sənin Rəbbin
onların ürəklərinin gizli saxladığı və
özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin
sirlərini və açıq-aşkar əməllərini)
bilir.
75. Göylərdə və yerdə
(heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki,
açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!
76. Həqiqətən, bu Qur’an İsrail
oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini
anladıb xəbər verir.
77. Və şübhəsiz ki, o mö’minlərə
bir hidayət (doğru yolu göstərən rəhbər)
və mərhəmətdir.
78. Həqiqətən, sənin Rəbbin
onların (dini məsələlərdə ixtilafda olanların)
arasında Öz hökmünü (ədalətlə) verəcəkdir.
O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir!
79. (Ya Rəsulum!) Sən ancaq Allaha
təvəkkül et, çünki sən açıq-aydın
həqiqi dindəsən (haqq yoldasan).
80. Şübhəsiz ki, sən nə
ölülərə (haqqı) başa sala bilər, nə
də dönüb gedən karlara (haqqa) çağırışı
eşitdirə bilərsən!
81. Sən o korları düşdükləri
əyri yoldan düz yola gətirə bilməzsən. Sən
(haqqı) yalnız ayələrimizə inananlara eşitdirə
bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən
inanıb Ona canla-başla itaət edərlər).
82. Onlara deyilən söz yerinə
yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün
yerdən (mö’minlərlə kafirləri xüsusi nişanla
bir-birlərindən ayıran) bir heyvan çıxardarıq
ki, onlarla danışıb (Bizim adımızdan): "İnsanlar
ayələrimizə inanmırdılar!" - deyər.
83. O gün hər ümmətdən
ayələrimizi təkzib edənləri dəstə-dəstə
yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə)
sürüklənərlər.
84. Onlar (haqq-hesab yerinə) gəlib
çatdıqda (Allah) buyurar: "Ayələrimizi anlamadığınız
(bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz
(dünyada) nə edirdiniz? (O nə iş idi ki, görürdünüz?)"
85. Etdikləri zülm (küfr) üzündən
onlara deyilən söz yerinə yetər (və’d olunduqları
əzab, müsibət başlarına gələr). Onlar heç
danışa da bilməzlər!
86. Məgər gecəni onların
istirahəti üçün (qaranlıq) yaratdığımızı,
gündüzü isə (işlərini görmək, ruzi qazanmaq
üçün) işıqlı etdiyimizi görmürlərmi?
İman gətirən bir tayfa üçün bunda (Allahın
vəhdaniyyətinə, qüdrətinə dəlalət edən)
əlamətlər vardır.
87. Sur çalınacağı gün
Allahın istədiklərindən (məhrəm mələklərdən,
yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən)
başqa, göylərdə və yerdə olanlar (bütün
məxluqat) dəhşətli bir qorxuya düşər və
onların hamısı Onun hüzuruna müt’i (zəlil) vəziyyətdə
gələr.
88. (O gün) dağlara baxıb onları
donmuş (hərəkətsiz durmuş) zənn edərsən,
halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər
şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü
işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən
xəbərdardır!
89. Hər kəs (Rəbbinin hüzuruna)
yaxşı əməllə (tövhid kəlməsi ilə,
səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin)
müqabilində daha yaxşı bir mükafat (Cənnət)
gözləyir. Belələri o gün (qiyamət günü)
dəhşətli qorxudan da əmin olarlar.
90. (Rəbbinin hüzuruna) pis əməllə
gələnlər isə cəhənnəm oduna üzüstə
atılarlar. (Mələklər onlara belə deyərlər:
) "Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır!
(Sizə artıq heç bir şey edilmir!)"
91. (Ya Rəsulum! De: ) "Mənə
ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət
etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim)
onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir
kəsə zülm etmək qadağan olunmuşdur. Başqa
yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər
şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim)
olmaq əmr edilmişdir!
92. Və mənə Qur’an oxumaq (buyurulmuşdur)!"
Hər kəs doğru yolda olsa, yalnız özü (öz
xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs
doğru yoldan çıxsa, (ona) de: "Mən yalnız (insanları
Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!"
(Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç
kəsi iman gətirməyə məcbur edən deyiləm!)
93. Və de: "Həmd olsun Allaha! O Öz
ayələrini (qüdrət nişanələrini) sizə
göstərəcək, siz də onları görüb tanıyacaqsınız.
Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri
və kafirlərin gördüyü işlərdən) əsla
xəbərsiz deyildir!"

|