| |
28.
əl-Qəsəs (Hekayət)
surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Sin, Mim!
2. Bu, (haqqı batildən ayıran,
mö’cüzələri, hökmləri) açıq-aydın
Kitabın ayələridir!
3. Biz inanan bir tayfa üçün
sənə Musanın və Fir’onun hekayətindən (bir qismini)
olduğu kimi söyləyəcəyik.
4. Həqiqətən, Fir’on yer üzündə
(Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə
bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı
(İsrail oğullarını) gücsüz (aciz) görüb
onların (yeni doğulan) oğlan uşaqlarını öldürür,
qızlarını isə sağ buraxırdı. O, həqiqətən,
(yer üzündə) fitnə-fəsad törədənlərdən
idi!
5. Bis isə istəyirdik ki, o yerdə
zəif düşüb əzilənlərə (İsrail oğullarına)
mərhəmət göstərək, onları (xeyirxah işlərdə)
öndə gedənlər və (Fir’onun mülkünə)
varislər edək.
6. Və onları yer üzündə
(Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək,
Fir’ona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri
şeyi (İsrail oğullarından birinin əli ilə məhv
edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.
7. Biz Musanın anasına (ilham yolu
ilə, yaxud rö’yada): "Onu (Musanı) əmizdir; elə ki
ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın
suda boğulacağından) qorxma və (ayrılığına
da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü
də (şəriət sahibi olan) peyğəmbərlərdən
edəcəyik!" - deyə bildirdik.
8. (Musa doğulduqdan sonra anası bir
müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu
olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini
bir sandığa qoyub Allaha dua edərək Nil çayına
atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa
edirdi. Suyun üzündə bir sandığın üzdüyünü
görən Fir’on xidmətçilərə onu tutub gətirməyi
əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən
kəsiləcək və başlarına bəla olacaq Musanı
(içində olduğu sandıqla birlikdə) götürüb
gəldilər. Həqiqətən, Fir’on, Haman və onların
əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları
öldürdüklərinə görə) günahkar idilər.
9. Fir’onun qadını (Asiyə) dedi:
"Bu uşaq mənim də, sənin də göz bəbəyimiz
(gözaydınlığımız, gözümüzə
sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə)
bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!"
Onlar (işin nə yerdə olduğunu, bu uşağın
əlində həlak olacaqlarını) bilmirdilər.
10. (Oğlunun Fir’onun əlinə düşdüyünü
bildikdən sonra) Musanın anasının ürəyi bomboş
(sevimli balasının fikrindən başqa hər şeydən
xali) olmuşdu. Əgər (Allahın və’dinə) inananlardan
olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik,
az qala onu (saraya gətirilmiş körpənin özünkü
olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən
və ya sevincindən: "Bu uşaq mənimdir!" - deyəcəkdi).
11. O, (Musanın Məryəm, yaxud
Gülsüm adlı) bacısına: "Onun dalınca get! (Əhvalatdan
xəbər tut!)" - dedi. O da (saraya yol tapıb Fir’onun adamları
onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı)
gördü.
12. Bundan (anası saraya gəlməmişdən)
qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların
döşünü əmməyi) qadağan etmişdik. (Musanın
bacısı Fir’on əhlinə) belə dedi: "Sizin üçün
o uşağa süd verməyi (ona baxmağı) tə’min
edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla
yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan
verimmi?"
13. Beləliklə, gözü aydın
olsun, (oğlunun ayrılığına) kədərlənməsin
və Allahın və’dinin haqq olduğunu bilsin deyə, (Musanı)
anasına qaytardıq. Lakin onların (insanların, yaxud Fir’on
əhlinin) əksəriyyəti (Allahın və’dinin doğru
olduğunu) bilməz!
14. (Musa) yetkinləşib kamilləşəndə
(otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm
(şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini
belə mükafatlandırırıq!
15. (Musa) şəhərə əhalisi
xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada
iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz
adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən
(qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs
düşməninə qarşı ondan imdad istədi. Musa
onu (əli, yaxud əsası ilə) vurub öldürdü
və dedi: "Bu, Şeytan əməlindəndir. Həqiqətən,
o, açıq-aşkar bir düşməndir, (insanı haqq
yoldan) azdırandır!"
16. (Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz
ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə
zülm etdim. Buna görə məni bağışla!" (Allah
Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
17. (Musa) dedi: "Ey Rəbbim! Mənə
bəxş etdiyin ne’mət haqqı (günahımı bağışlamağına
and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!"
18. Beləliklə, (Musa qibtini öldürdüyündən)
qorxaraq səhəri şəhərdə nigaranlıq içində
qarşıladı. (Bir də nə görsə yaxşıdır!)
Dünən ondan imdad diləyən kəs (bu gün də
başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə
onu köməyə çağırdı. Musa ona dedi: "Sən
(gündə biri ilə vuruşduğun üçün), doğrudan
da, açıq-aşkar bir azğınsan!"
19. (Musa) onların hər ikisinin (həm
özünün, həm də onu köməyə səsləyən
yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə
(həmin yəhudi Musanın ona hücum etmək istədiyini
zənn edərək) dedi: "Ya Musa! Sən dünən birini
vurub öldürdüyün kimi, mənidəmi öldürmək
istəyirsən? Sən yer üzündə (Misir torpağında)
ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları
islah) edənlərdən olmaq istəmirsən!"
20. (Yəhudinin bu sözündən
sonra dünən öldürülən qibtinin qatilinin Musa
olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər
Fir’ona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin
kənarından (Fir’onun şəhərin ucqarında yerləşən
sarayından) bir nəfər çaparaq gəlib dedi: "Ya Musa!
Ə’yan-əşraf səni öldürmək barəsində
məsləhət-məşvərət edirlər. Elə
bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən,
sənin xeyirxahlarındanam!"
21. (Musa) qorxu içində (ətrafına)
göz qoya-qoya oradan (şəhərdən) çıxıb:
"Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!"
- dedi.
22. O, Mədyən tərəfə
yönəldiyi zaman dedi: "Ola bilsin ki, Rəbbim mənə (Mədyənə
aparıb çıxaran) doğru yolu göstərsin!"
23. (Musa) Mədyən kənarındakı
bir quyuya çatanda onun başında (heyvanlarını sulayan)
bir dəstə adam və onlardan başqa (qoyunlarını
özgə heyvanlara qarışmasın deyə) geri çəkən
iki qadın (qız) görüb dedi: "Sizə nə olub (dərdiniz
nədir)?" Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş
biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır
(buna görə qoyunları sulamağa biz gətiririk)", - deyə
cavab verdilər.
24. (Musa) onlar üçün (yaxınlıqdakı
başqa bir quyudan su çəkib qoyunlarını) suladı,
sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən
Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!"
(Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə
bir şey tapmırdı. Buna görə də Allahdan yemək
üçün bir ruzi dilədi).
25. Sonra (o iki qadından, qızdan)
biri utana-utana (Musanın) yanına gəlib dedi: "Atam qoyunlarımızı
sulamağının haqqını verməkdən ötrü
səni çağırır!" (Musa gördüyü işin
müqabilində heç bir muzd, mükafat almamaq üçün
ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə
başına gələnləri (Fir’onla olan əhvalatı)
ona söylədi. O kişi (Şüeyb peyğəmbər)
dedi: "Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!"
26. (O iki qızın) biri dedi: "Atacan!
Onu muzdla (çoban) tut, çünki bu güclü, e’tibarlı
adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!"
27. (Şüeyb) dedi: "Səkkiz il
mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti
ilə qızlarımın birini sənə ərə verərəm.
Əgər sən (həmin müddəti) tamamlayıb on ilə
çatdırsan, bu, artıq sənin tərəfindən (olan
bir lütfdür). Mən (on il müddətinə şərt
kəsməklə) sənə əziyyət vermək istəmirəm.
İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən
olduğumu görəcəksən!"
28. (Musa) dedi: "Bu (dediyin) mənimlə
sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz).
Bu iki müddətdən hansını yerinə yetirməkdən
mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm
səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq
işləməyimi tələb etməyə haqqın yoxdur).
Allah da dediyimizə şahiddir (vəkildir)!"
29. Musa (onillik xidmət) müddətini
başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf)
yola çıxdığı zaman Tur dağı tərəfdə
bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək
burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan
sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız!"
30. (Musa) odun yanına gəlib çatdıqda
vadinin sağ tərəfində olan mübarək (bərəkətli)
yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin
Rəbbi olan Allah Mənəm!
31. Əsanı (yerə) at!" (Musa əsanı
yerə atdı). O əsanın ilan kimi qıvrıldığını
gördükdə dönüb qaçdı, heç dala da baxmadı.
(Biz ona belə buyurduq: ) "Ya Musa! Bəri gəl, qorxma! Sən
əmin-amanlıq içindəsən!
32. Əlini qoynuna qoy ki, əlin (oradan)
eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın.
Əlini (qanadını) özünə tərəf çək
(yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin parıltısının
səni bürüdüyü) vahimə çəkilib getsin.
Bu, Fir’ona və onun ə’yanlarına qarşı sənin Rəbbindən
olan iki mö’cüzədir. Onlar, həqiqətən, (Allahın
itaətindən çıxmış) fasiq bir tayfadırlar!"
(Musa birinci dəfə əlini qoynuna qoyub çıxartdıqda
o, baxanlara bir nur kəsilib gözlərini qamaşdırar,
onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda
isə adi halına düşərdi).
33. (Musa) dedi: "Ey Rəbbim! Mən onlardan
bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar
da məni öldürərlər.
34. Qardaşım Harunun dili mənimkindən
daha bəlağətlidir. Onu da mənimlə dediklərimi
(Fir’on əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi
göndər. Onların məni yalançı hesab edəcəklərindən
qorxuram!"
35. (Allah) buyurdu: "Sənin arxanı
qardaşınla möhkəmləndirəcək, ikinizə
də dəlil (mö’cüzə və qüdrət) verəcəyik.
Onlar ayələrimiz sayəsində sizə heç bir pislik
edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib)
tabe olanlar da (Fir’ona və ə’yanlarına) mütləq qalib
gələcəksiniz!"
36. Musa açıq-aşkar ayələrimizlə
(Fir’on əhlinin) yanına gəldikdə onlar: "Bu (sənin
tərəfindən) uydurulmuş sehrdən başqa bir şey
deyildir. Biz öz ulu babalarımızdan bu barədə (sizin
təbliğ etdiyiniz din, risalət haqqında) heç bir şey
eşitməmişik!" - dedilər.
37. Musa dedi: "Rəbbim Öz dərgahından
kimin hidayətlə (doğru yola rəhbərliklə) gəldiyini
və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib
olacağını daha yaxşı bilir. Həqiqətən,
zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)
38. Fir’on (istehza ilə) dedi: "Ey ə’yanlar!
Mən sizin üçün özümdən başqa bir tanrı
olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb
palçıqdan kərpic bişir və bir qüllə tikdir
ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa
edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!
39. (Fir’on) və əsgərləri
yer üzündə nahaq yerə təkəbbür göstərdilər
və elə güman etdilər ki, (öləndən sonra bir
də dirlib) hüzurumuza qaytarılmaycaqlar!
40. Buna görə də onu və
əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!)
Bir gör zalımların axırı necə oldu!
41. Biz onları (dünyada insanları)
cəhənnəm oduna (küfrə, şirkə) çağıran
rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın
əzabından qurtarmaq üçün) heç bir kömək
edilməyəcəkdir!
42. Bu dünyada onlara lə’nət
damğası vurduq (hamı onlara lə’nət oxuyar), qiyamət
günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən
kənar edilmiş) kimsələr olacaqlar.
43. Əvvəlki nəsilləri məhv
etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru
yolu göstərən rəhbər və rəhmət olaraq
Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə) öyüd-nəsihət
qəbul etsinlər.
44. (Ya Rəsulum!) Biz Musaya vəhy
etdiyimiz (peyğəmbərlik bəxş edib Fir’on əhlinin
yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının)
qərb tərəfində (Musanı gözləyənlər
arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin!
(Sənin yəhudilərə və ərəb müşriklərinə
bu xəbərləri doğru söyləməyin yalnız
Allahdan nazil olan vəhylərdir!)
45. Lakin Biz (Musadan sonra) neçə-neçə
nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər.
(Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi,
şəriət təhrif olundu). Sən ayələrimizi onlara
oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən
Mədyəndə deyildin ki, onların əhvalını bilib
Məkkə əhlinə xəbər verəsən. Buna görə
də onlar sənin bu xəbərləri Mədyən camaatından
öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları
onlara olduğu kimi xəbər vermək üçün səni)
peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri
sənə) göndərən Bizik].
46. Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı
verdiyimiz) zaman da sən Tur dağının yanında deyildin.
Lakin səndən əvvəl özlərinə peyğəmbər
gəlməmiş bir tayfanı (Allahın əzabı ilə)
qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq
(sənə bunları öyrədib onlara peyğəmbər
göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul
etsinlər!
47. Öz əlləri ilə etdikləri
əməlləri (qazandıqları günahları) üzündən
onlara bir müsibət üz verincə: "Ey Rəbbimiz! Barı,
bizə bir peyğəmbər göndərəydin ki, biz də
Sənin ayələrinə uyub mö’minlərdən olaydıq!"
- deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik.
(Onların bəhanəsini kəsmək üçün belə
etdik).
48. Dərgahımızdan onlara (müşriklərə)
haqq (Qur’an və Peyğəmbər) gəldikdə onlar: "Musaya
verilən (mö’cüzələr) nə üçün eynilə
ona da verilmədi?" - dedilər. Məgər onlar daha öncə
Musaya verilənləri danıb: "İki sehr (Tövrat və
Qur’an) bir-birilə köməkləşdi və biz (iki sehrbazın
- Musanın və Muhəmmədin) hər birini inkar etdik!" -
deməmişdilərmi?
49. (Ya Rəsulum!) De: "Əgər doğru
deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qur’andan
və Tövratdan) daha doğru yol göstərən bir kitab
gətirin, mən də ona tabe olum!"
50. Əgər sənə (sənin
bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz
nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət)
olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik
qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış
kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq
etməz!
51. Həqiqətən, Biz sözü
(Qur’anı, keçmişlərə aid xəbərləri)
onlar üçün bir-birinin ardınca (müfəssəl)
izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul
etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!)
52. (Qur’andan) əvvəl kitab vermiş
olduğumuz kəslər (mö’min yəhudi və xaçpərəstlər)
ona inanırlar.
53. Onlara (Qur’an) oxunduğu zaman: "Biz
ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş)
haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı,
Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət
və ibadət edən kəslər) idik!" - deyirlər.
54. (İki kitaba - Tövrata və
Qur’ana inandıqları üçün müşriklərin
gördükləri əzab-əziyyətə) səbr etdiklərinə
görə onlara iki dəfə mükafat veriləcəkdir.
Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə
verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
55. Onlar boş (yersiz) bir söz eşitdikləri
zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə,
sizin əməlləriniz də sizə aiddir. (Hərə öz
əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın.
Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə
yoldaşlıq etmək, onların söz-söhbətinə
qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!"
- deyirlər.
56. (Ya Rəsulum!) Şübhəsiz
ki, sən istədiyini doğru yola yönəldə bilməzsən.
Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri
(öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və
buna görə də onları haqq yola müvəffəq edir!)
57. (Qüreyşlilər) dedilər:
"Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini)
tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin
əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq".
Məgər Biz onları Özümüzdən bir ruzi olaraq
hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb
gətirildiyi, (daxilində Kə’bə yerləşən) qorxusuz-xətərsiz
(müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi?
Lakin onların əksəriyyəti (Allahın onlara bəxş
etdiyi bu ne’mətin qədrini) bilməz!
58. Biz xoş güzəranına naşükür
olub qürrələnən neçə-neçə məmləkəti
(məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən
sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba
qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.
59. (Ya Rəsulum!) Sənin Rəbbin
mərkəzlərinə (ən böyük şəhərlərinə)
ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş
məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi
zalım olan məmləkətləri yox etdik!
60. Sizə verilən hər hansı
bir şey (dövlət, övlad, xoş güzəran) ancaq
bu fani dünyanın malı və bərbəzəyidir. Allah
yanında olan (ne’mətlər) isə daha yaxşı və
daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?!
(Fani dünya malını axirətin əbədi ne’mətlərindən
üstün tutursunuz!)
61. Məgər verdiyimiz gözəl
bir və’də (Cənnətə) qovuşan kimsə, (əvvəlcə)
fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü
(cəhənnəm oduna) gətiriləcək kimsə ilə
eyni ola bilərmi?!
62. (Allah) həmin gün onlara xitab
edib belə buyuracaqdır: "Mənim şəriklərim olduqlarını
iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?!
63. Haqlarında hökm (və’d etdiyimiz
əzab) vacib olanlar (şeytanlar və müşriklərin
rəisləri) deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim
(haqq yoldan) azdırdığımız kimsələrdir. Özümüz
nə cür azmışdıqsa, onları da elə azdırdıq.
Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə
tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər
(yalnız öz nəfslərinə uyurdular).
64. (Müşriklərə) belə
deyiləcək: "Şəriklərinizi çağırın!"
(Müşriklər) ortaqlarını çağıracaq, lakin
onlar (müşriklərə) cavab verməyəcəklər.
Onlar mütləq əzabı görəcəklər. Əgər
onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə
əzab görməzdilər).
65. (Allah) həmin gün onlara xitab
edib belə buyuracaqdır: "Peyğəmbərlərə nə
cavab verdiniz?"
66. O gün (canlarını qurtaracaq)
xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün
bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin
heybətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər.
(Hər kəs öz hayında olacaqdır).
67. Tövbə edərək iman gətirib
yaxşı işlər görənlərə gəldikdə
isə, onların nicat tapmaları mümkündür.
68. Rəbbin istədiyini yaradar və
(istədiyini də peyğəmbər) seçər. Onların
(bəndələrin istədiklərini etməyə) heç
bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və
(müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən)
ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan
uludur!)
69. Sənin Rəbbin onların ürəklərinin
gizli saxladığı və özlərinin də aşkar
etdiyi hər şeyi (qəlblərinin sirlərini və açıq-aşkar
əməllərini) bilir.
70. Odur Allah. Ondan başqa heç bir
tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna
Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
71. (Ya Rəsulum!) De: "Bir deyin görək,
əgər Allah gecəni qiyamətə qədər üstünüzə
uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı sizə
bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət)
eşitmirsinizmi?"
72. De: "Bir deyin görək, əgər
Allah gündüzü qiyamətə qədər üstünüzə
uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı istirahət
etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər
(gecə ilə gündüzün bir-birinin əvəz etməsinin
Allahdan sizə bir lütf olmasını) görmürsünüzmü?"
73. (Allah) öz mərhəmətindən
dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü
(işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü
isə) Onun lütfündən ruzi diləyib axtarasınız.
Bəlkə, (bu ne’mətə görə Allaha) şükür
edəsiniz!
74. O gün (qiyamət günü
Allah müşriklərə) müraciət edib belə buyuracaqdır:
"Şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər,
tanrılar) haradadırlar?"
75. (O gün) hər ümmətdən
(öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq
və (müşriklərə): "(Allah şərik qoşmağınızın
lüzumu barədə) tutarlı dəlilinizi gətirin!" -
deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu
biləcəklər. Uydurub düzəltdikləri (bütlər)
isə qeyb olacaqlar! (Onları qoyub qaçacaqlar!)
76. Həqiqətən, Qarun Musa qövmündən
(Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına)
qarşı (zülm etməkdə, Musanın üzünə
ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini
aşmışdı. Biz ona açarlarını bir dəstə
güclü adamın zorla daşıya biləcəyi xəzinələr
vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib)
sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib)
sevinənləri sevməz!
77. Allahın sənə verdiyindən
özünə axirət qazan (malını Allah yolunda sərf
et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin
ancaq bir kəfən olduğunu bil. Pulunu mə’nasız yerə
sağa-sola səpələmə; səhhətinin, sərvətinin,
gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından
qurtara biləcək yaxşı əməllər et). Allah
sənə (sərvət verməklə) yaxşılıq
etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya
xərcləməklə) yaxşılıq et. Yer üzündə
fitnə-fəsad törətməyə cəhd göstərmə.
Həqiqətən, Allah fitnə-fəsad törədənləri
sevməz!"
78. (Qarun) dedi: "Bu (var-dövlət)
mənə yalnız məndə olan elm (Tövratı gözəl
bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən
baş çıxartmaq) sayəsində verilmişdir. Məgər
o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli
və daha varlı olan neçə-neçə kəsləri
məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları
barəsində sorğu-sual olunmazlar. (Onların günahkar
olduqları üzlərindən bilinər və buna görə
də heç bir sorğu-sual edilmədən cəhənnəm
oduna atılarlar).
79. (Bir gün Qarun) faxir libas geyib ö
zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı
ə’yanın, qızıl-gümüş yəhərli atların
müşayiətilə) qövmünün qarşısına
çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş
ki, Qaruna verilən (dövlət) bizə də veriləydi.
Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!"
80. (Axirət barəsində) elm verilmiş
kəslər isə belə dedilər: "Vay halınıza! (Ay
yazıqlar!) İman gətirib yaxşı əməl edən
kimsə üçün Allahın mükafatı (təmənnasında
olduğunuz var-dövlətdən, dəbdəbədən)
daha yaxşıdır. Buna (bu ne’mətə) yalnız səbr
edənlər (Allaha itaət və ibadət etməyi fani dünya
malından üstün tutanlar, həyatın çətinliklərinə
dözənlər) qovuşarlar!"
81. Nəhayət, (Musanın duasını
qəbul buyurub bir zəlzələ nəticəsində) onu
(Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha
qarşı ona yardım edə biləcək (Allahın əzabından
onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə
heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın,
dəbdəbənin müqabilində nə özü, nə
də başqası Allahın əzabını ondan dəf
etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi
bir kimsəni Allahın Özündən başqa o əzabdan
heç kəs qurtara bilməz!)
82. Dünən (dünyada) onun (Qarunun)
yerində olmaq istəyənlər ertəsi gün səhər
belə deyirdilər: "Vay (biz heç bilməmişik)! Sən
demə, Allah Öz bəndələrindən istədiyinin
ruzisini artırarmış da, azaldarmış da! Əgər
Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə
gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!"
83. Biz bu axirət yurdunu yer üzündə
təkəbbürlük etməyənlərə və fitnə-fəsad
törətməyənlərə qismət edərik. (Ən
gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən
çəkinənlərindir!
84. Hər kəs (Rəbbinin hüzuruna)
yaxşı əməllə (səmimi-qəlbdən imanla)
gəlsə, ona bundan (əməlindən) daha yaxşısı
verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə
gəlsə, (bilsin ki) pis əməllər edənlərə
ancaq əməllərinin cəzası verilər! (Cəzaları
pislikləri qədər olar, onlara heç bir haqsızlıq
edilməz!)
85. (Ya Rəsulum!) Qur’anı (oxumağı
və təbliğ etməyi, yaxud hökmlərinə əməl
etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın
yerə (hicrət edərək çıxdığın Məkkəyə)
səni yenə də qaytaracaqdır. De: "Rəbbim hidayətlə
(doğru yolu göstərən rəhbərlə) gələni
də (yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar
azanı da (hamıdan) yaxşı tanıyır!"
86. Sən Qur’anın sənin özünə
nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir
mərhəmət olaraq sənə göndərildi. Buna görə
də heç vaxt kafirlərə arxa olma! (Kafirlər Peyğəmbər
əleyhissəlama cürbəcür və’dlər verməklə
onu öz atalarının dininə də’vət edirdilər.
O isə kafirlərin bu və’dini Allahın köməyi ilə
həmişə rədd edirdi).
87. (Ya Rəsulum!) Allahın ayələri
sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər)
səni (onları təbliğ etməkdən) çəkindirə
bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə)
də’vət et və əsla müşriklərdən olma!
88. Və Allahla yanaşı başqa
heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç
bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə
məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz
Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər
əleyhissəlam üçün icrası əsla mümkün
olmayan bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq
əslində müşriklərin və kafirlərin əllərini
ondan üzmələri və mə’nasız təkliflərlə
onu narahat etməmələri üçündür).

|