| |
29.
əl-Ənkəbut (Hörümçək)
surəsi (Məkkədə nazil olmuşdur, 69 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim!
2. İnsanlar (mö’minlər) yalnız:
"İman gətirdik!" - demələrilə onlardan əl çəkilib
imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək
şəhadət kəlməsini təkcə dillə demək
deyildir. Biz onları yeri gəldikcə malları, övladları
və canları ilə sınayacağıq ki, hansının
həqiqi, hansının yalançı mö’min olduğunu
ayırd edib bilək!)
3. Biz onlardan əvvəlkiləri (keçmiş
ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz
ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini
də), yalançıları da çox gözəl tanıyar!
4. Yoxsa pis əməllər edənlər
əzabımızdan sovuşa biləcəklərini güman
edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
5. Hər kəs Allahla qarşılaşacağına
(qiyamət günü dirilib Allahın hüzurunda duracağına)
ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın
(haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq
gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
6. (Allah yolunda, haqq uğrunda) cihad
edən ancaq özü üçün cihad edər (cihadın
savabı onun özünə yetişər). Allah aləmlərə
(mələklərə, insanlara və cinlərə) əsla
möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir
xeyri, nə də bir zərəri var. Etdiklərin əməllərin
savabı da, günahı da yalnız özlərinə aiddir).
7. İman gətirib yaxşı işlər
görənlərin (əvvəlki) günahlarının üstünü
örtər və onlara (dünyada) etdikləri əməllərdən
daha gözəl (on qat artıq) mükafat verərik. (Və
ya: gördükləri ən yaxşı əməllərə
görə onları mükafatlandırarıq).
8. Biz insana ata-anasına yaxşılıq
etməyi (onlarla gözəl davranmağı) tövsiyə
etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi
Mənə şərik qoşmağına cəhd göstərsələr,
onlara itaət etmə. Hamınız (qiyamət günü)
Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada)
nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!
9. İman gətirib yaxşı işlər
görənləri salehlər zümrəsinə daxil edəcəyik!
(Onlar Cənnətin yüksək təbəqələrində
sakin olacaqlar!)
10. Adamlar arasında elələri
də vardır ki, "Biz Allaha iman gətirdik!" - deyər, Allah
yolunda bir əziyyət gördükdə isə insanların
(kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul
edərlər. Əgər Rəbbindən (mö’minlərə)
bir zəfər gəlsə, mütləq: "Biz də sizinləyik!"
- deyərlər. Məgər Allah məxluqatın (mələklərin,
insanların və cinlərin) ürəklərində olanları
(imanı, küfrü və nifaqı) bilmirmi?!
11. Şübhəsiz ki, Allah iman gətirənləri
də, münafiqləri də çox gözəl tanıyandır!
12. Kafir olanlar iman gətirənlərə
dedilər: "Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı
öz boynumuza götürərik". Halbuki onların (iman gətirənlərin)
heç bir günahını öz boyunlarına götürməzlər.
Onlar, həqiqətən, yalançıdırlar!
13. Şübhəsiz ki, onlar həm
öz günahlarına, həm də öz günahları
ilə yanaşı, daha neçə-neçə günahlarla
(yoldan çıxartdıqları kimsələrin günahlarına)
yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları
yalanlara görə mütləq sorğu-sual olunacaqlar!
14. Biz Nuhu öz tayfasına (peyğəmbər)
göndərdik. Nuh onların arasında min ildən əlli
əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən
tufan onları yaxaladı.
15. Biz onu (Nuhu) və onunla birlikdə
gəmidə olanları (tufan bəlasından) qurtardıq və
bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə)
bir ibrət etdik.
16. (Ya Rəsulum!) İbrahimi də
(yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha
ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün
nə qədər xeyirlidir?!
17. Siz Allahı qoyub ancaq bütlərə
ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz.
Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə
qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona
şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna
qaytarılacaqsınız!"
18. (Ey Məkkə əhli!) Əgər
(məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki
ümmətlər də (öz peyğəmbərlərini)
təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi
ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar
təbliğ etməkdir!
19. Məgər onlar (kafirlər) Allahın
məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını,
sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini
bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır!
(Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış
qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan
anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik,
yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır
və nəhayət, ölür. Allah bütün məxluqatı
yoxdan yaratdığı kimi, qiyamət günü onları
yenidən dirildəcəkdir!)
20. (Ya Rəsulum!) De: "Yer üzünü
gəzib (Allahın) məxluqatı (ilk əvvəldən)
nə cür yaratdığına baxın. Sonra da Allah axirət
həyatını yaradacaqdır. (Birinci yaradılışdan
sonra ikinci yaradılış gələcəkdir). Allah hər
şeyə qadirdir!
21. (Allah) istədiyinə əzab verər,
istədiyini də bağışlayar. Siz (qiyamət günü)
məhz Onun hüzuruna qaytarılacaqsınız!
22. Siz nə yerdə, nə də
göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də
olsanız, göyə də çıxsanız Allahın əzabından
qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan
başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız
var!"
23. Allahın ayələrini və
Onunla qarşılaşacaqlarını (qiyamət günü
dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını)
inkar edənlər Mənim mərhəmətimdən ümidlərini
üzənlərdir. Onları ağrılı-acılı
bir əzab gözləyir.
24. Tayfasının (İbrahimin sözlərinə)
cavabı: "Onu öldürün, yaxud da yandırın!" - deməkdən
başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən,
bunda iman gətirən bir tayfa üçün ibrətlər
vardır!
25. (İbrahim onlara) dedi: "Sizin Allahı
qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada
(dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa
(məhəbbətə) görədir. Sonra da qiyamət günü
bir-birinizi inkar edəcək, bir-birinizə lə’nət oxuyacaqsınız.
Məskəniniz cəhənnəm odu olacaq, özünüzə
də (Allahın əzabından qurtarmağa) kömək edən
kimsələr tapılmayacaqdır!"
26. Bunda sonra Lut (hamıdan əvvəl
İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq
etdi). (İbrahim) dedi: "Mən (qövmümü tərk edib)
Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən
Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm.
Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət
sahibi Odur!"
27. Biz ona (İbrahimə) İshaqı
və Yə’qubu bəxş etdik, peyğəmbərliyi və
kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını
verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə
layiq) salehlərdən olacaqdır!
28. (Ya Rəsulum!) Lutu da (yad et)! Bir
zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz
özünüzdən əvvəl aləmlərdən (bəşər
əhlindən, ins və cindən) heç kəsin etmədiyi
iyrənc bir işi görürsünüz?
29. Həqiqətən siz (şəhvətlə)
kişilərə yaxınlaşır, (müsafirlərin namusuna
toxunmaq, mallarını əllərindən almaq üçün)
yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin
iş görürsünüz?" Tayfasının (Lutun sözlərinə)
cavabı ancaq: "Əgər doğru danışanlardansansa,
bizə Allahın əzabını gətir!" - deməkdən
ibarət oldu.
30. (Lut: ) "Ey Rəbbim! Fitnə-fəsad
törədən qövmə qarşı mənə yardım
et!" - dedi.
31. Elçilərimiz (mələklər)
İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı
barədə) müjdə gətirdikləri zaman: "Biz bu məmləkət
əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar
(Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə,
çirkin işlər görməklə özləri-özlərinə
zülm edirlər)", dedilər.
32. (İbrahim) dedi: "Orada (onların
içində Allahın mö’min bəndəsi) Lut da var!" Onlar:
"Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu
və ailəsini mütləq xilas edəcəyik. Yalnız
övrətindən başqa. O (əzab içində) qalanlardan
olacaq!" - deyə cavab verdilər.
33. Elçilərimiz Lutun yanına
gəldikdə (Lut) onlara görə kədərləndi və
ürəyi qısıldı. (Mələklər Lutun yanına
cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri
üçün o öz tayfasının onlara pislik yetirəcəyindən
qorxub mə’yus oldu). Onlar dedilər: "Qorxma və kədərlənmə.
Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən
başqa. O (əzab içində) qalanlardan olacaq!
34. Biz etdikləri pozğunluğa
(günahlara) görə bu məmləkət əhlinin başı
üstünə göydən bir əzab endirəcəyik!"
35. Həqiqətən, Biz dərindən
düşünən bir qövm üçün (baxıb ibrət
aslsınlar deyə) o məmləkətdən açıq-aydın
bir nişanə (xarabalıq) qoyduq.
36. Mədyənə də qardaşları
Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey
qövmüm! Allaha ibadət edin! Qiyamət gününə
inanın! (Dünyada ibadət etməklə qiyamət gününə
ümid bəsləyib savab işlər görün. Onun əzabından
qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!"
37. Amma (mədyənlilər) onu təkzib
etdilər. Buna görə də onları (dəhşətli)
bir sarsıntı (zəlzələ) bürüdü. Onlar
dizüstə çöküb evlərində qaldılar (hamısı
həlak oldu).
38. Biz Adı və Səmudu da məhv
etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr
gətirdiyimiz xaraba qalmış) məskənlərindən
sizə bəllidir. Şeytan (çirikn) əməllərini
onlara gözəl göstərib gözləri görə-görə
onları haqq yoldan çıxartdı.
39. Biz Qarunu da, Fir’onu da, Hamanı da
(məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə
gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük
etdilər və (buna görə də əzabımızdan)
sovuşa bilmədilər!
40. Biz onların hər birini öz
günahı ilə yaxaladıq (hərəyə öz günahına
görə cəza verdik). Kiminin başı üstünə
(qasırğa ilə) qızmar daş yağdırdıq,
kimini dəhşətli (tükürpədici) səs yaxaladı,
kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah
onlara zülm etmirdi, onlar özləri özlərinə zülm
edirdilər.
41. Allahdan başqa özlərinə
dost (hami) qəbul edənlər özünə yuva qurmuş
hörümçəyə bənzəyirlər. Evlərin
ən zəifi isə, şübhəsiz ki, hörümçək
yuvasıdır. Kaş biləydilər! (Hörümçək
toru möhkəm olmayıb adicə bir yel nəticəsində
dağıldığı kimi, onların bu dostlarının
da heç bir e’tibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).
42. Şübhəsiz ki, Allah onların
Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
43. Biz bu məsəlləri insanlar
üçün çəkirik. Onları yalnız (haqqı)
bilənlər anlayarlar.
44. Allah göyləri və yeri haqq
olara (lazımınca) yaratdmışdır. Həqiqətən,
bunda (bu yaradılışda) mö’minlər üçün
bir ibrət vardır!
45. (Ya Rəsulum!) Qur’anda sənə
vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl.
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən
çəkindirər. Allahı zikr etmək (Allahın calalını
və əzəmətini həmişə, hər yerdə
yada salmaq), şübhəsiz ki, (savab e’tibarilə bütün
başqa ibadətlərdən) daha böyükdür. Allah
nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi)
bilir!
46. Kitab əhlinin zülm edənləri
(cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri)
istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə
edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ
alın və özünüzdən incitməyin. Onların
kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla
cavab verin. Nalayiq işlər gördükdə nəsihət
edib düz yola çağırın. Yox, əgər üstünüzə
silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və
onları təslim olmağa, cizyə verməyə məcbur
edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: "Biz
həm özümüzə nazil olana (Qur’ana), həm də
sizə nazil olana (Tövrata və İncilə) inanırıq.
Bizim də Allahımız, sizin də Allahınız birdir.
Biz yalnız ona təslim olanlarıq!"
47. (Səndən əvvəlki peyğəmbərlərə
necə kitab nazil etmişdiksə) Qur’anı da sənə belə
nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər
ona (Qur’ana) inanırlar. Bunlardan (Məkkə camaatından) da
inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
48. (Ya Rəsulum!) Sən bundan (bu Qur’andan)
əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə
yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar
(onun barəsində) şəkk-şübhəyə düşərdilər
(Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).
49. Xeyr, bu (Qur’an) elm verilmiş kəslərin
sinələrində (əzbər) olan açıq-aydın
ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul
olmadığını kitab əhlindən olan elm sahibləri
öz ürəklərində açıq-aşkar bilirlər).
Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar
edərlər.
50. (Müşriklər: ) "Bəs nə
üçün Rəbbindən ona (başqa peyğəmbərlər
kimi) mö’cüzə nazil olmadı?" - dedilər. (Ya Rəsulum!)
De: "Mö’cüzələr ancaq Allahın əlindədir.
Mən isə sadəcə olaraq (insanları Allahın əzabı
ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
51. Məgər (müşriklər)
oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət
etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa
üçün həm mərhəmət, həm də öyüd-nəsihət
(ibrət) vardır!
52. De: "Mənimlə sizin aranızda
Allahın şahid olması kifayət edər. O, göylərdə
və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı
inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"
53. (Müşriklər istehza ilə)
səni tələsdirib əzabın tez gəlməsini istəyirlər.
Əgər (bunun üçün) əvvəlcədən müəyyən
edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara
gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən,
özləri də hiss etmədən gələcəkdir.
54. Onlar səndən əzabın
tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm
kafirləri qaplayacaqdır!
55. O gün əzab onları başlarının
üstündən, ayaqlarının altından saracaqdır.
(Allah) onlara: "Etdiyiniz əməllərin cəzasını
dadın!" - deyə buyuracaqdır.
56. Ey iman gətirən bəndələrim!
(Əgər hər hansı bir yerdə islamiyyətə görə
sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm
təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi
lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə
və ölkələrə hicrət edə bilərsiniz. Mən
oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim
yerim genişdir. Buna görə də yalnız Mənə
ibadət edin!
57. Hər bir kəs (hər bir canlı)
ölümü dadacaqdır. Sonra da (qiyamət günü)
hüzurumuza qaytarılacaqsınız!
58. İman gətirib yaxşı işlər
görənləri (ağacları) altından çaylar axan
cənnət guşələrində (Cənnətin yüksək
məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi
qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı
necə də gözəldir!
59. O kəslər ki, səbr edər
və yalnız Rəbbinə bel bağlayarlar!
60. (Yer üzündə zəiflikləri
ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən
neçə-neçə canlılar vardır. Onların da, sizin
də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir.
(Sizə dininizə görə bir məşəqqət üz
verdiyi zaman məişət çətinliklərindən qorxub
başqa ölkələrə hicrət etməkdən çəkinməyin.
Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)
61. (Ya Rəsulum!) Həqiqətən,
əgər (Məkkə müşriklərindən): "Göyləri
və yeri kim yaratmış, günəşi və ayı
kim ram (öz əmrinə, insanların mənafeyinə kim
tabe) etmişdir?" - deyə soruşsan, onlar mütləq: "Allah!"
- deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən,
yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?
62. Allah Öz bəndələrindən
istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi
(yerli-yerində) biləndir!
63. Həqiqətən, əgər
sən (Məkkə müşriklərindən): "Göydən
yağmur endirib quruduqdan sonra onunla yerə təzədən
can verən kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!"
- deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin
onların əksəriyyəti dərindən düşünməz!
(Müşriklərin xeyirlərilə zərərlərini
bir-birindən ayırmağa ağlı çatmır. Onlar
cəhalətləri üzündən belə güman edirlər
ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).
64. Bu dünya həyatı oyun-oyuncaqdan,
əyləncədən başqa bir şey deyildir. Axirət
yurdu isə, şübhəsiz ki, əbədi həyatdır.
Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti
dünyaya dəyişməzdilər).
65. (Müşriklər) gəmiyə
mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti)
yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər.
Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə
də (Ona) şərik qoşarlar.
66. Onlara verdiyimiz ne’məti inkar etsinlər
və (dünyada istədikləri kimi) kef çəkib zövz
alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin
ağır nəticəsini) mütləq biləcəklər!
67. Məgər (müşriklər)
ətraflarındakı (başqa şəhərlərdəki)
adamlar qamarlanıb götürüldüyü (əsir alındığı,
öldürüldüyü, qarət edildiyi) halda, (içərisində
yaşadıqları Məkkəni) onlar üçün müqəddəs,
qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi
batiləmi inanırlar? Allahın ne’mətinimi danırlar?
68. Allaha qarşı yalan uydurub düzəldən
(Allaha şərik qoşan), özünə haqq (Qur’an və
peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən
daha zalım kim ola bilər?! Məgər kafirlər üçün
Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır!
Niyə bunu dərk etmirlər?)
69. Bizim uğrumuzda cihad edənləri
öz yollarımıza (Bizə tərəf gətirib çıxardan
behişt yollarına) qovuşduracağıq. Şübhəsiz
ki, Allah yaxşı əməllər edənlərlədir!
(Allah həmişə savab işlər görüb cihad edən
mö’minlərin tərəfində durar!)

|