| |
3.
Ali-İmran (İmran ailəsi)
surəsi (Mədinədə nazil olmuşdur, 200 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim!
2. Allahdan başqa heç bir tanrı
yoxdur. Əzəli, əbədi varlıq Odur.
3. Sənə özündən əvvəlkiləri
(səmavi kitabları) təsdiq edən Kitabı (Qur’anı)
haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.
4. Daha öncə insanları hidayət
etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini
inkar edənlər şiddətli əzaba düçar olacaqlar.
Allah yenilməz qüvvət, intiqam sahibidir!
5. Yerdə və göylərdə
heç bir şey Allahdan gizli qalmaz.
6. Bətnlərdə (anaların bətnində)
sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət
sahibindən başqa heç bir tanrı yoxdur!
7. (Ya Rəsulum!) Sənə Kitabı
(Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın
əslini, əsasını təşkil edən) möhkəm
(mə’nası aydın, hökmü bəlli), digər qismi
isə mütəşabih (çətin anlaşılan, dəqiq
mə’nası bilinməyən, məğzi bəlli olmayan)
ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə)
olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na
vermək məqsədilə mütəşabih ayələrə
uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını)
Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa
heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə:
" Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin
dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı
adamlar dərk edərlər.
8. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən
sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq,
əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət
bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə
mərhəmət, ne’mət) bəxş edənsən!
9. Ey Rəbbimiz! Olacağına şübhə
edilməyən bir gündə (qiyamətdə) bütün
insanları (bir yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən
əsla dönməz!
10. Haqqı inkar edənlərin nə
malları, nə də övladları onları Allah yanında
(axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə,
onlar cəhənnəm odunun yanacağıdırlar!
11. Bunların adəti Fir’on camaatının
və onlardan əvvəl gələnlərin adətinə
bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər.
Allah da onları günahlarına görə cəzalandırdı.
Allahın əzabı şiddətlidir!
12. (Ya Rəsulum!) Kafir olanlara de: "Siz
(tezliklə) məğlub olacaq və Cəhənnəmə
sürüklənəcəksiniz!" (Cəhənnəm) necə
də pis yerdir!
13. (Ey Məkkə müşrikləri
və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi
zamanı) qarşı-qarşıya durması sizin üçün
(Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan
biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi.
(Mö’minlər üç yüz on üç nəfər,
kafirlər isə təqribən min nəfər idilər).
(Mö’minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını
öz gözləri ilə görürdülər. (Yaxud kafirlər
mö’minləri iki özləri qədər, yə’ni təxminən
iki min nəfər və ya onların olduqlarından iki dəfə
artıq, yə’ni altı yüzdən bir qədər çox
görürdülər). Əlbəttə, Allah istədiyinə
Öz köməyi ilə qüvvət verər. Şübhəsiz
ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən
(gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət
dərsidir.
14. Qadınlar, uşaqlar, qızıl-gümüş
yığınları, yaxşı cins atlar, mal-qara və
əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı
şeylər insanlara gözəl göstərilmişdir. (Lakin
bütün) bunlar dünya həyatının keçici zövqüdür,
gözəl dönüş yeri isə Allah yanındadır.
15. (Ya Rəsulum!) Söylə: "Sizə
bunlardan (dünya zinətlərindən) daha yaxşısını
xəbər verimmi? Allahdan qorxub pis əməllərdən
çəkinənlər üçün Rəbbi yanında (ağacları)
altından çaylar axan cənnətlər (bağlar) vardır
ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər
cür eyibdən) pak olan zövcələr və (ən böyük
ne’mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti)
vardır. Allah, həqiqətən, bəndələrini görəndir!
16. O bəndələr ki: "Ey Rəbbimiz,
biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı
bağışlayıb bizi cəhənnəm əzabından
qoru!" - deyirlər.
17. Onlar (müsibətlərə)
səbr edən, (sözlərində və işlərində)
doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə
verən və sübh vaxtı (Allahdan) bağışlanmaq
diləyənlərdir (sübh namazına qalxanlardır).
18. Allah Özündən başqa
heç bir tanrı olmadığına şahiddir. Mələklər
və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq
(haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa
ibadətə layiq heç bir varlıq olmadığına şəhadət
verdilər.
19. Allah yanında (haqq olan) din, əlbəttə,
islamdır. Kitab verilmiş şəxslər (yəhudilər
və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu)
bildikdən sonra aralarındakı paxıllıq üzündən
itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini
inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə
haqq-hesab çəkəcəkdir.
20. (Ya Rəsulum!) Əgər onlar
(yəhudi və xaçpərəstlər) səninlə mübahisə
edərlərsə, belə de: "Mən özümü ardımca
gələnlərlə birlikdə Allaha təslim etmişəm".
Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb
müşriklərinə) de: "Siz də təslim (müsəlman)
oldunuzmu?" Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə),
doğru yola yönəlmiş olarlar, yox, əgər üz
döndərərlərsə, (sənə bir zərər
gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ
etməkdir. Allah, şübhəsiz ki, bəndələrini
görəndir!
21. (Ya Rəsulum!) Allahın hökmlərini
inkar edənlərə, peyğəmbərləri haqsız
yerə öldürənlərə, insanları ədalətə
çağıranların canına qəsd edənlərə
şiddətli əzab veriləcəyini xəbər ver!
22. O şəxslərin əməlləri
dünyada və axirətdə puça çıxacaq və
köməkçiləri də olmayacaqdır.
23. Kitabdan (Tövratdan) özlərinə
bir pay (qismət) verilmiş kimsələri görmürsənmi?
Onlar öz aralarında hökm vermək üçün Allahın
kitabına (istinad etməyə) də’vət olunurlar. Sonra onların
bir qismi (Tövratın hökmlərindən) üz döndərir.
Onlar (həmişə) dönüklük edəndirlər (haqdan
üz çevirəndirlər).
24. Bu (dönüklük) onların:
"Cəhənnəm odu bizə bir neçə gündən artıq
toxunmaz!" -dediklərinə görədir. Onların öz dinləri
barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb
yoldan çıxartmışdır.
25. Elə isə (vaqe olacağına)
şübhə edilməyən bir gündə (qiyamət günündə)
onları (bir yerə) topladığımız zaman (onların)
halı necə olacaq? (O gün) hər kəsə qazandığının
(tutduğu əməllərin) əvəzi ödəniləcək
və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
26. (Ya Rəsulum!) De: "Ey mülkün
sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə
verər, istədiyin şəxsi yüksəldər və
istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin
əlindədir. Həqiqətən, Sən hər şeyə
qadirsən!
27. Gecəni gündüzə, gündüzü
isə gecəyə qatarsan. Ölüdən diri, diridən
isə ölü çıxararsan. İstədiyin şəxsə
saysız-hesabsız ruzi verərsən".
28. Mö’minlər mö’minləri
buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri
özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin
(onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz).
Ancaq onlardan gələ biləcək bir təhlükədən
qorxmanız (çəkinməniz) müstəsnadır. Allah
sizi Öz əzabından çəkindirir. Axır dönüş
Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)
29. (Ya Rəsulum!) De: "Ürəklərinizdəkini
gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi
yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və
yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə
qadirdir!
30. O gün (qiyamət günü)
hər kəs etdiyi yaxşı və pis əməlləri
qarşısında hazır görəcək və günahları
ilə özü arasında çox uzaq məsafə olmasını
arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir,
çünki Allah bəndələrə (Öz bəndələrinə)
mərhəmətlidir!"
31. (Ya Rəsulum!) De: "Əgər siz
Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah
da sizi sevsin və günahlarınızı bağışlasın.
Allah bağışlayandır, mərhəmətlidir!"
32. Söylə: "Allaha və Peyğəmbərə
(Onun Peyğəmbərinə) itaət edin! Əgər üz
döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri
(haqdan üz çevirənləri) sevməz!"
33. Allah Adəmi, Nuhu, İbrahim övladını
və İmran ailəsini aləmlər (məxluqat, insanlar,
bəşər övladı) üzərində seçilmiş
(üstün) etdi.
34. Onlar biri digərindən törəmiş
bir nəsil idilər. Allah eşidəndir, biləndir!
35. (Ya Rəsulum!) İmranın zövcəsinin
(Hənnənin): "Ey Rəbbim, bətnimdəkini Sənə
xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri)
məndən qəbul et! Əlbəttə, Sən eşidənsən,
bilənsən!" - dediyini xatırla!
36. Onu (bətnindəkini) doğduğu
zaman: "Ey Rəbbim! Mən qız doğdum", - söylədi.
Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz
kimi olmadığını yaxşı bilirdi. (Hənnə:
) "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini
məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın
şərindən) Sənə tapşırıram" (dedi).
37. Belə olduqda, Rəbbi (Məryəmi)
yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü
və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər
dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə,
onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya:
) "Ya Məryəm, bunlar sənin üçün haradandır?"
- dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi.
Həqiqətən, Allah istədiyi şəxsə hədsiz
ruzi verər!
38. (O zaman) Zəkəriyya Rəbbinə
dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən
pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları
eşidənsən!"
39. (Zəkəriyya) mehrabda (ibadətgahda)
ayaq üstə durub namaz qılarkən mələklər ona
müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən
gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını)
ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən
bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi)
xəbərini müjdə verir".
40. (Zəkəriyya: ) "Ey Rəbbim,
üzərimə qocalıq çökdüyü və zövcəm
qısır (doğmayan) olduğu halda, mənim necə oğlum
ola bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin
kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə
buyurdu.
41. (Zəkəriyya: ) "Ey Rəbbim!
Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək
üçün) bir nişanə göstər", - dedikdə,
(Allah: ) "Sənin nişanən üç günün ərzində
adamlarla yalnız işarə ilə (əl, baş və gözlə)
danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini
çox yada sal (zikr et) və səhər-axşam şə’ninə
tə’riflər deyib şükür et!" buyurdu.
42. (Ya Peyğəmbər!) Xatırla
ki, bir zamanlar mələklər belə demişdilər: "Ya
Məryəm, həqiqətən, Allah səni seçmiş,
(eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin
(bütün dünyanın) qadınlarından üstün
tutmuşdur.
43. Ya Məryəm, öz Rəbbinə
itaət et, səcdəyə qapan və rüku edənlərlə
birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)"
44. (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir
ki, vəhy ilə sənə bildiririk. Onlar: "Məryəmi
kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini
(suya) atdıqları və bir-birilə mübahisə etdikləri
zaman sən ki onların yanında deyildin.
45. Mələklər dedilər: "Ya
Məryəm! Həqiqətən, Allah Öz tərəfindən
bir kəlmə ilə sənə müjdə verir. Onun adı
Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və
axirətdə şanı uca (şərəfli) və (Allaha)
yaxın olanlardandır.
46. O, (həm) beşikdə ikən,
(həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq
və salehlərdən (xeyirli iş görən şəxslərdən)
olacaqdır".
47. (Məryəm: ) "Ey Rəbbim! Mənə
bir insan əli toxunmadığı halda necə uşağım
ola bilər?" - dedikdə, (Allah) buyurdu: "(Bəli) elədir,
(lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ
gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o
da (dərhal) olar.
48. (Allah) ona (İsaya) yazmağı,
hikməti, Tövratı və İncili öyrədəcək.
49. Və onu İsrail övladına
(yəhudilərə) peyğəmbər göndərəcək.
(İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən
sizə mö’cüzə gətirmişəm. Sizin üçün
palçıqdan quşa bənzər bir surət düzlədib
ona üfürərəm, o da Allahın iznilə quş olar.
Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları
sağaldar və Allahın iznilə ölüləri dirildərəm.
Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız
şeyləri də sizə xəbər verərəm. Əgər
mö’minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər
olduğuna) bir dəlil vardır.
50. Məndən əvvəl göndərilmiş
Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə
haram edilmiş bə’zi şeyləri (dəvə əti, qarın
və bağırsaq piyi yemək, şənbə günü
işləmək və s.) halal etmək üçün gəldim
və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin
doğru olduğunu sübut edən) bir mö’cüzə gətirdim.
İndi Allahdan qorxun və mənə itaət edin!
51. Şübhə yoxdur ki, Allah mənim
də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət
edin! Budur doğru yol!
52. İsa onların (yəhudilərin)
küfrünü (inanmadıqlarını) hiss etdikdə: "Allah
yolunda kim mənim köməkçim olacaqdır?" - deyə
soruşdu. (O zaman) həvarilər dedilər: "Bizik Allahın
(Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən
də (Allaha) təslim olduğumuza şahid ol!"
53. (Həvarilər dedilər: ) "Ey
Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik
və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq
bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!"
54. Onlar (İsaya inanmayanlar) hiyləyə
əl atdılar. Allah da onların hiyləsinə (İsanı
göyə qaldırıb münafiqlərdən birini isə
İsa surətdində onlara öldürtməklə) əvəz
verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir
(hiyləgərlərə ən yaxşı cəza verəndir).
55. O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən,
Mən sənin ömrünü tamam edib Öz dərgahıma
qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz
ayıraram). Sənə iman gətirənləri qiyamət
gününə qədər kafirlərə qalib edərəm.
Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman
ixtilaf etdiyiniz məsələlər barəsində aranızda
Mən hökm verəcəyəm!
56. Kafirlərə gəldikdə,
onlara dünyada və axirətdə şiddətli əzab
verəcəyəm. Onların heç bir köməkçisi
olmayacaqdır!"
57. İman gətirib yaxşı işlər
görənlərə gəldikdə isə, (Allah) onların
mükafatlarını tamamilə verəcəkdir. Allah zülm
edənləri sevməz!
58. (Ya Rəsulum!) Bunları ayələrdən
və himətlə dolu olan zikrdən (Qur’andan Cəbrail vasitəsilə)
sənə söyləyirik.
59. Allah yanında İsa da (İsanın
atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah
onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər)
ol!" - dedi, o da oldu.
60. (Ya Rəsulum!) Şübhəsiz
ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir.
Ona görə də şübhə edənlərdən olma!
61. (İsanın Allahın qulu və
peyğəmbəri olması barədə) sənə göndərilən
elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına)
dair səninlə mübahisə edənlərə de: "Gəlin
biz də oğlanlarımızı, siz də oğlanlarınızı;
biz də qadınlarımızı, siz də qadınlarınızı;
biz də özümüzü, siz də özünüzü
(bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara
Allahın lə’nət etməsini diləyək!"
62. Əlbəttə, doğru olan
xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz
ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!
63. Əgər onlar üz döndərərlərsə
(qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad
törədənləri tanıyandır!
64. (Ya Rəsulum!) Söylə: "Ey
kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan)
bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur:
) "Allahdan başqasına ibadət etməyək. Ona şərik
qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə)
Rəbb qəbul etməyək!" Əgər onlar yenə də
üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi
şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq
(Allaha təslim olanlarıq)!"
65. Ey kitab əhli, nə üçün
İbrahim barəsində höcətləşirsiniz? Tövrat
da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər
başa düşmürsünüz?
66. Bir baxın, siz o kimsələrsiniz
ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz
(bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində
niyə mübahisəyə girişirsiniz?! Əlbəttə,
(həqiqəti) Allah bilir, siz bilməzsiniz!
67. İbrahim nə yəhudi, nə
də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa
tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha
təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.
68. Şübhəsiz ki, insanların
İbrahimə ən yaxın olanı onun ardınca gedənlər,
bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir.
Allah mö’minlərin dostudur!
69. Kitab əhlindən bir dəstə
sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız
özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk
etmirlər.
70. Ey kitab əhli, Allahın ayələrinə
şahid olduğunuz halda nə üçün (onları) inkar
edirsiniz?
71. Ey kitab əhli, nə üçün
bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?
72. Kitab əhlindən (yəhudilərdən)
bir dəstə (bir-birinə) dedi: "Mö’minlərə nazil
edilənə (Qur’ana) günün əvvəlində (səhər
vaxtı) inanın, həmin günün axırında (axşam
vaxtı) isə onu inkar edin! Bəlkə, (mö’minlər öz
dinlərindən) üz döndərsinlər.
73. Sizin dininizə tabe olanlardan başqa
heç kəsə inanmayın!" (Ya Rəsulum! Onlara) söylə:
"Əlbəttə, doğru yol, Allahın yoludur". (Yəhudilər
öz adamlarına dedilər: ) "Sizə verilən şeyin (Tövratın
və bə’zi digər ne’mətlərin) bənzərinin başqa
birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz
yanında onların sizinlə mübahisə edəcəyinə
(inanmayın)!" (Ya Rəsulum!) De: "Həqiqətən, ne’mət
Allahın əlindədir və onu istədiyi şəxsə
bəxş edər. Allah (rəhməti ilə) genişdir.
(O, hər şeyi) biləndir!"
74. (Allah) Öz ne’mətini istədiyi
şəxsə aid edər. Allah böyük kərəm sahibidir!
75. Kitab əhlindən elə kəslər
vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət
verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri
də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət
versən, başlarının üzərində möhkəm
durub tələb etməyincə sənə qaytarmazlar. Bunun
səbəbi budur ki, onlar: "Ümmilərə görə (kitab
əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə
görə) bizə irad tutulmayacaq", - deyər və bilə-bilə
Allaha qarşı yalan söyləyərlər.
76. Xeyr (elə deyildir). Hər kəs
öz əhdinə vəfa etsə və pis əməllərdən
çəkinsə (əmanətə xəyanət etməsə),
şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.
77. Allah ilə olan əhdlərini
və andlarını ucuz bir qiymətə satan şəxslərə
axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət
günündə onları dindirməz, onlara nəzər salmaz
və onları (günahlarından) pak etməz (təmizə
çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!
78. (Ey müsəlmanlar!) Onlardan (kitab
əhlindən) bir zümrə də vardır ki, siz onların
oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab
oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə
əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları
kitabdan (Tövratdan) deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir",
-dedilər. Bunlar isə heç də Allah tərəfindən
deyildir. Söylədikləri Allah dərgahından olmadığı
halda, "Bu, Allah dərgahındandır",- deyirlər. Onlar bilə-bilə
Allaha qarşı yalan söyləyirlər.
79. Heç bir kəsə yaraşmaz
ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş
etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul
olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və
öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl
elm və əməl, gözəl əxlaq və itaət sahibi)
olun!" - deyər.
80. O sizə mələkləri və
peyğəmbərləri özünüzə Rəbb qəbul
etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü
Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr
edərmi?!
81. (Ey kitab əhli!) O vaxtı yadınıza
gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə
verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq
edən bir peyğəmbər gəldikdə ona mütləq
inanıb yardım edəcəksiniz", - deyə əhd almış
və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul
etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab
vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə)
şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm",
- deyə buyurmuşdu!
82. Bundan (bu təsdiqdən) sonra üz
döndərən kəslər fasiqlərdir (böyük günah
sahibləridir).
83. Necə ola bilər ki, onlar (kitab
əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki
göylərdə və yerdə olanlar istər-istəməz
Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.
84. (Ya Rəsulum!) Söylə: "Biz
Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə,
İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə,
Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə
verilənlərə inandıq və onların heç birini
bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim
oluruq!"
85. Kim islamdan başqa bir din ardınca
gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o
şəxs axirətdə zərər çəkənlərdən
olar!
86. İman gətirdikdən, Rəsulun
(Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq
olduğuna (Allah tərəfindən göndərildiyinə)
şəhadət verdikdən və özlərinə aşkar
dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə
doğru yola yönəldər? Allah zalımlar dəstəsini
haqq yola yönəltməz!
87. Onların cəzası, həqiqətən,
Allahın, mələklərin və bütün insanların
lə’nətinə düçar olmaqdır!
88. Onlar bu lə’nət içərisində
əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi
kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!
89. Yalnız bundan sonra tövbə
edərək düzələn şəxslər (bağışlanarlar).
Şübhəsiz ki, Allah bağışlayandır, rəhm
edəndir!
90. İman gətirəndən sonra
kafir olan və küfrlərini daha da artıran şəxslərin
tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar
məhz onlardır!
91. Şübhəsiz ki, kafir olub kafir
kimi ölənlərdən hər birinin dünya dolusu qızılı
ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə,
yenə də qəbul olunmaz. Onları dəhşətli bir
əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas
olmaqdan) heç bir kömək edən olmaz!
92. Sevdiyiniz şeylərdən (haqq
yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz
ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!
93. Tövrat göndərilməmişdən
əvvəl İsrailin (Yə’qub peyğəmbərin) yalnız
özü özünə haram etdiyi şeylərdən başqa
bütün təamlar (yeməklər) İsrail övladına
halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: "Əgər
doğru danışanlarsınızsa, (düzgün, əsl)
Tövratı gətirin və onu oxuyun!"
94. Bundan sonra Allaha qarşı yalan
uyduran şəxslər (yalnız özlərinə) zülm
edənlərdir!
95. (Ya Rəsulum!) De: "Allah doğru
buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin
ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan
deyildi"
96. Həqiqətən, insanlar üçün
ilk bina olunan ev (mə’bəd) Bəkkədəki evdir ki, o,
şübhəsiz, bütün aləmlərdən ötrü
bərəkət və doğru yol qaynağıdır.
97. Orada aydın nişanələr
- İbrahimin məqamı vardır. Ora daxil olan şəxs
əmin-amanlıqdadır (təhlükədən kənardır).
Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından)
gücü çatan hər bir kəsin həccə gedib o evi
ziyarət etməsi insanların Allah qarşısında borcudur.
Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş
olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə)
möhtac deyildir!
98. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin
şahidi olduğu halda, nə üçün Allahın ayələrini
(dəlillərini) inkar edirsiniz?"
99. De: "Ey kitab əhli! Siz (haqqa) şahid
olduğunuz halda, nə üçün iman gətirən kimsələri
Allahın yolundan geri döndərməyə çalışaraq
onlar üçün əyri yol axtarırsınız? Halbuki,
Allah sizin etdiklərinizdən qafil deyildir".
100. Ey mö’minlər! Əgər
siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə)
uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib
kafir edərlər.
101. Sizə Allahın hökmləri
oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu
halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan
şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.
102. Ey iman gətirənlər! Allahdan
layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman
kimi) ölün!
103. Hamılıqla Allahın ipinə
(dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə
bölünüb bir-birinizdən) ayrılmayın! Allahın
sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə
düşmən ikən. O sizin qəlblərinizi (islam ilə)
birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə
qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən
O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün
bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş
olasınız!
104. (Ey müsəlmanlar!) İçərinizdə
(insanları) yaxşılığa çağıran, xeyirli
işlər görməyi əmr edən və pis əməlləri
qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən
nicat tapmış şəxslərdir.
105. (Allahdan tərəfindən) açıq-aydın
dəlillər gəldikdən sonra, bir-birindən ayrılan
və ixtilaf törədən şəxslər kimi olmayın!
Onlar böyük bir əzaba düçar olacaqlar.
106. Bə’zi üzlərin ağ, bə’zi
üzlərin isə qara olacağı gündə (qiyamət
günündə), üzü qara olanlara: "İman gətirəndən
sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın
əzabı!" - deyiləcəkdir.
107. Üzü ağ olanlar isə
Allahın mərhəməti içərisində olub orada (Cənnətdə)
həmişəlik qalacaqlar!
108. Budur Allahın ayələri! Biz
onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə
(bəşər əhlinə) zülm etmək istəməz.
109. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər
axırda Allaha qayıdacaqdır!
110. (Ey müsəlmanlar!) Siz insanlar
üçün ortaya çıxarılmış ən yaxşı
ümmətsiniz (onlara) yaxşı işlər görməyi
əmr edir, pis əməlləri qadağan edir və Allaha
inanırsınız. Əgər kitab əhli də (sizin kimi)
iman gətirsəydi, əlbəttə, onlar üçün
yaxşı olardı. Onların da içərisində bə’zi
iman gətirən şəxslər vardır, lakin çox hissəsi
haqq yoldan çıxanlardır.
111. Onlar (yəhudilər) sizə (dil
ilə) əziyyət verməkdən başqa bir zərər
yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb
qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.
112. Onlara (yəhudilərə), harada
olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən)
yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə
sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində
qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər.
Onlar Allahın qəzəbinə düçar olmuş, onlara
miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki,
onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri
haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi
də odur ki, onlar Allaha qarşı üsyan etmiş və
həddi aşmışlar.
113. Onların hamısı eyni deyil.
Kitab əhli içərisində düzgün (sabitqədəm)
bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək
Allahın ayələrini oxuyurlar.
114. Onlar Allaha, axirət gününə
inanır, (insanlara) yaxşı işlər görməyi əmr
edir, (onları) pis əməllərdən çəkindirir
və xeyirli işlər görməyə tələsirlər.
Onlar əməlisaleh şəxslərdəndirlər.
115. Onların yaxşılıq naminə
etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız
qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!
116. Əlbəttə, kafir olan şəxslərin
nə malları, nə də övladları onları Allahdan
(Allahın əzabından) əsla qurtara bilməyəcək.
Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
117. Onların bu dünyada sərf
etdikləri şey, özünə zülm edən bir qövmün
əkinlərini məhv edən soyuq bir küləyə bənzər.
Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə
zülm etdilər.
118. Ey iman gətirənlər! Özündən
başqasını özünüzə sirdaş (dost) tutmayın.
Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən
əl çəkməzlər, sizin (zərərə və)
əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən,
onların sizə qarşı olan ədavəti ağızlarından
çıxan sözlərdən aşkar olur. Amma ürəklərində
gizlətdikləri (düşmənçilik) isə daha böyükdür.
Əgər düşünüb dərk edirsinizsə, (onların
sizə bəslədikləri ədavət barəsindəki)
ayələri artıq sizə izah etdik.
119. Bəli, siz o kimsələrsiniz
ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər.
Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız.
Onlar sizinlə görüşdükləri zaman: "Biz də
inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı
qəzəblərindən barmaqlarını gəmirirlər.
(Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə,
Allah ürəklərdə olanları biləndir.
120. Sizə bir mənfəət yetişəndə
onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona
sevinirlər. Əgər səbr edib özünüzü qorusanız
(Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir
zərər yetirməz. Şübhəsiz ki, Allah onların
nə etdiklərini biləndir.
121. (Ya Rəsulum!) Sən müharibədən
ötrü mö’minlərə (əlverişli) mövqelər
hazırlamaq üçün sübh vaxtı öz ailəndən
ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı
(yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir,
biləndir!
122. (O müharibədə) sizin içərinizdən
(Sələmə və Harisə oğullarından ibarət)
iki dəstə məğlubiyyətdən (uğursuzluqdan)
qorxaraq geri çəkilmək fikrinə düşmüşdü.
Halbuki, Allah onların yardımçısı idi. Gərək
mö’minlər (hər işdə) Allaha təvəkkül
etsinlər!
123. (Ya Rəsulum!) Həqiqətən,
siz Bədrdə (düşmənə nisbətən az və)
zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür
edən olmaq üçün Allahdan qorxun!
124. O zaman sən mö’minlərə
deyirdin: "Rəbbinizin üç min mələk endirərək
imdadınıza yetişməsi sizə kifayət etməzmi?"
125. Bəli, əgər səbr edib
(Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri)
qəzəblə üstünüzə gəldikləri zaman
Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə
sizə yardım edər.
126. Allah bunu sizin üçün məhz
müjdə olaraq və qəlbləriniz rahatlansın deyə
etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi
olan Allahdandır ki,
127. O (bununla) kafirlərin bir hissəsini
məhv etsin (döyüş meydanında kəsib-doğrasın)
və ya onları məğlubiyyətə uğratsın.
Belə ki, onlar naümid geri dönsünlər.
128. (Ya Rəsulum!) Bu işdə sənə
dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini
qəbul edər, ya da onlara əzab verər, çünki onlar,
həqiqətən, zalım kimsələrdir.
129. Göylərdə və yerdə
olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə
isə əzab verər. Əlbəttə, Allah bağışlayandır,
rəhm edəndir!
130. Ey iman gətirənlər! Sələmi
(borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb
yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
131. Kafirlər üçün hazırlanmış
oddan (Cəhənnəmdən) həzər edin!
132. Allaha və peyğəmbərə
itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
133. Rəbbinizin məğfirətinə
və genişliyi göylərlə yer üzü qədər
olan, müttəqilər üçün hazırlanmış
Cənnətə tələsin.
134. O müttəqilər ki, bolluqda
da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər,
qəzəblərini udar, insanların günahlarından keçərlər.
Allah yaxşılıq edənləri sevər.
135. O müttəqilər ki, bir günah
iş gördükləri, yaxud özlərinə zülm etdikləri
zaman Allahı yada salıb (tövbə edərək) günahlarının
bağışlanmasını istəyərlər. Axı
günahları Allahdan başqa kim bağışlaya bilər?
Və onlar etdiklərini (gördükləri işin pis olduğunu)
bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
136. Onların mükafatı öz
Rəbbi tərəfindən bağışlanmaq və (ağacları)
altından çaylar axan cənnətlərdir ki, orada əbədi
qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı
nə gözəldir!
137. (Ey Müsəlmanlar!) Sizdən
əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub
keçmişdir. İndi yer üzünü dolaşıb haqqı
təkzib edənlərin aqibətinin necə olduğunu görün!
138. Bu, (belə əfvalatlar) insanlardan
(xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər,
müttəqilərdən ötrü isə hidayət (doğru
yola göstəriş) və nəsihətdir.
139. (Ühüd müharibəsində
baş vermiş bə’zi hadisələrə görə) ruhdan
düşməyin və qəmgin olmayın. Halbuki, əgər
mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə
durursunuz!
140. Əgər siz (Ühüd müharibəsində)
yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr
müharibəsində) o cür yara aldı. Biz bu günləri
(bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk
ki, Allah iman gətirən şəxsləri (başqalarından)
ayırd etsin və içərinizdən şəhidlər
(şahidlər) seçsin. Allah zülmkarları sevməz!
141. (Bu həm də) Allahın iman
gətirənləri (günahlardan) təmizləməsi və
kafirləri məhv etməsi üçündür.
142. Yoxsa Allah içərinizdən
cihad edənləri (düşmənlə vuruşanları)
və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib
bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə
girəcəyinizimi güman edirsiniz?
143. Siz (Bədr vuruşunda) ölümlə
qarşılaşmadan əvvəl ölüm (şəhid
olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə)
artıq onu gördünüz və durub baxdınız.
144. Muhəmməd ancaq bir peyğəmbərdir.
Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər.
Əgər o, ölsə və ya öldürülsə, siz
gerimi dönəcəksiniz? (Dininizdən dönəcək
və ya döyüşdən qaçacaqsınız?) Halbuki
geri dönən şəxs Allaha heç bir zərər yetirməz.
Lakin Allah şükür edənlərə mükafat verər.
145. Allahın izni olmayınca heç
kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı
müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya
mənfəəti istəyən şəxsə dünya mənfəətindən,
axirət savabı istəyən şəxsə isə axirət
savabından verəcək. Şükür edənləri də,
əlbəttə, mükafatlandıracağıq!
146. Neçə-neçə peyğəmbər
bir yığın allahpərəstlə (Allah adamı ilə)
birlikdə (düşmənə qarşı) vuruşmuşlar.
Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə
görə nə zəiflik, nə acizlik göstərmiş,
nə də (kafirlərə) boyun əymişlər. Allah səbr
edənləri sevər!
147. Onların: "Ya Rəbbimiz, günahlarımıza
və işlərimizdə həddi aşdığımıza
görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir
(düşmən ilə vuruşda dizimizə qüvvət
ver) və kafirlərə qələbə çalmaqda bizə
kömək et!" - deməkdən başqa sözləri olmamışdır.
148. Nəhayət, Allah onlara həm
dünya ne’mətlərini, həm də ən gözəl
axirət ne’mətini (Cənnəti) verdi. Allah yaxşı
iş görənləri sevər!
149. Ey iman gətirənlər! Əgər
kafirlərə itaət edəcək olsanız, onlar sizi geri
(öz dinlərinə) döndərər və siz də zərər
çəkmiş halda geri dönərsiniz.
150. Xeyr, Allah sizin ixtiyar sahibinizdir.
O, yardım edənlərin ən yaxşısıdır.
151. Haqqında heç bir dəlil nazil
etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə
kafirlərin ürəklərinə qorxu salarıq. Onların
yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları
yer nə pisdir!
152. (Ühüd müharibəsində)
siz onları Allahın iznilə əzib-qırdığınız
zaman, Allah sizə verdiyi və’dinə sadiq çıxdı.
Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti)
sizə göstərəndən sonra isə zəiflik göstərdiniz
və (sizə verilmiş) əmr barəsində bir-birinizlə
mübahisə edərək (Peyğəmbərə) qarşı
çıxdınız. İçərinizdən bə’ziləri
dünyanı, bə’ziləri isə axirəti istəyirdi.
Əlbəttə, O sizi əfv etdi. Çünki Allah mö’minlərə
qarşı mərhəmətlidir!
153. Siz (düşməndən qaçaraq
dağa) qalxdığınız və Peyğəmbər
arxa tərəfdən sizi çağırarkən heç kəsə
baxmadığınız zaman Allah sizin qəminizin üstünə
qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin
qətl edilməsi barəsindəki yanlış xəbərdən
doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində
üz verən peşmançılıqla) cəzalandırdı
ki, əlinizdən çıxan şeylərə və uğradığınız
fəlakətlərə görə təəsüf etməyəsiniz.
Şübhəsiz ki, Allah gördüyünüz işlərdən
xəbərdardır!
154. Bu qəm qüssədən sonra
Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi.
O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq
öz canlarının harayına qalaraq: "Bu işdə bizim
üçün bir şey (xeyir) varmı?" - deyə Allaha qarşı
haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə
qapıldılar. (Ya Rəsulum!) Onlara de: "Əlbəttə,
bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)".
Onlar (münafiqlər) sənə açıb bildirmədikləri
şeyləri öz ürəklərində gizlədərək:
"Əgər bu işdə bizim üçün bir şey (bir
qələbə) olsaydı, elə buradaca öldürülməzdik",
- deyirlər. (Ya Rəsulum!) De: "Əgər siz evlərinizdə
olsaydınız belə, alınlarına ölüm yazılmış
kəslər yenə çıxıb əbədi yatacaqları
(öləcəkləri) yerlərə gedərdilər ki,
Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət
və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın
və qəlblərinizdə olanları (niyyətlərinizi)
təmizləsin. Allah ürəklərdə olanları biləndir!"
155. (Ühüd müharibəsində)
iki ordu qarşılaşdığı gün sizdən üz
döndərənləri Şeytan, məhz etdikləri bə’zi
əməllərlə (Peyğəmbərin əmrinə asi
olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur
etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı.
Həqiqətən, Allah bağışlayandır, həlimdir!
156. Ey iman gətirənlər! Səfərə
və ya müharibəyə getmiş (orada vəfat etmiş
və ya öldürülmüş) qardaşları barəsində:
"Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər,
nə də öldürülərdilər", - deyən kafirlər
kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində
bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən
də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri
görəndir!
157. Əgər Allah yolunda öldürülər
və ya ölərsinizsə, Allahın sizi bağışlaması
və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada)
topladıqları şeylərdən (sərvətdən) daha
xeyirlidir.
158. Ölsəniz də, öldürülsəniz
də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!
159. (Ya Rəsulum!) Allahın mərhəməti
səbəbinə sən onlarla (döyüşdən qaçıb
sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər
qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar
sənin ətrafından dağılıb gedərdilər.
Artıq sən onları əfv et, onlar üçün (Allahdan)
bağışlanmaq dilə, işdə onlarla məsləhətləş,
qəti qərara gəldikdə isə Allaha təvəkkül
et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri
sevər!
160. Əgər Allah sizə yardım
edərsə, heç kəs sizə qalib gələ bilməz.
Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə
kömək edə bilər? Buna görə də mö’minlər
Allaha təvəkkül etsinlər!
161. Heç bir peyğəmbərə
əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə
xəyanət edən şəxs, qiyamət günü xəyanət
etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr.
Sonra isə hər kəsə gördüyü işlərin
əvəzi verilər və onlara haqsızlıq edilməz!
162. Allahın rizasını qazanmaq
ardınca gedən şəxs, Allahın qəzəbinə
düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə
düçar olanın) yeri Cəhənnəmdir. O yer necə
də pisdir!
163. Onların Allah yanında (bir-birindən
fərqli) dərəcələri vardır. Allah onların
etdiyi işləri görəndir.
164. Allah mö’minlərə lütf
etdi. Çünki onların öz içərisindən özlərinə
(Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən)
təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti
öyrədən bir peyğəmbər göndərdi. Halbuki
bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində
idilər.
165. Siz (Bədr müharibəsində
yetmiş nəfəri öldürüb, yetmiş nəfəri
əsir alaraq) onları ikiqat müsibətə düçar
etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza
bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?" - dediniz.
(Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir".
Həqiqətən, Allah hər şeyə qadirdir!
166. (Ühüd müharibəsində)
iki ordunun qarşılaşdığı gündə başınıza
gələn fəlakət də Allahın iznilə oldu ki,
mö’minləri ayırd etsin.
167. Və münafiqləri onlardan
fərqləndirsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud
müdafiədə bulunun! (Düşmənin hücumunu dəf
edin!) - deyildi. Onlar: "Əgər biz vuruşa bilsəydik, sizin
ardınızca gələrdik" - deyə cavab verdilər. Onlar
o gün imandan çox küfrə yaxınlaşmışdılar,
ürəklərində olmayan şeyi dillərilə deyirlər.
Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox
yaxşı bilir!
168. (Müharibəyə getməyib
Mədinədə evlərində) oturan və (müharibəyə
getmiş) qardaşları haqqında: "Əgər onlar sözümüzə
qulaq assaydılar, öldürülməzdilər", - deyənlərə
(Ya Rəsulum!) söylə: "Əgər doğru deyirsinizsə,
onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!"
169. Allah yolunda öldürülənləri
(şəhid olanları) heç də ölü zənn etmə!
Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında
ruzi (cənnət ruzisi) əta olunur.
170. Onlar Allahın Öz mərhəmətindən
onlara bəxş etdiyi ne’mətə (şəhidlik rütbəsinə)
sevinir, arxalarınca gəlib hələ özlərinə
çatmamış (şəhidlik səadətinə hələ
nail olmamış) kəslərin (axirətdə) heç bir
qorxusu olmayacağına və onların qəm-qüssə
görməyəcəklərinə görə şadlıq
edirlər.
171. Onlar Allahdan gələn ne’mət
və mərhəmətə görə, həm də Allahın
mö’minlərin mükafatını puça çıxarmayacağına
görə sevincək olurlar.
172. Yaralandıqdan sonra Allahın və
Peyğəmbərin də’vətini qəbul etmiş şəxslərdən
yaxşı işlər görüb pis işlərdən
çəkinənləri böyük bir mükafat gözləyir!
173. O kəslər ki, xalq onlara: "Camaat
(Əbu Süfyan və tərəfdarları) sizə qarşı
(qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə,
(bu söz) onların imanını daha da artırdı və
onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!"
- deyə cavab verdilər.
174. Sonra da Allahın ne’məti və
lütfü sayəsində özlərinə heç bir əziyyət
toxunmadan geri döndülər və Allahın razılığını
qazanmış oldular. Həqiqətən, Allah böyük
mərhəmət sahibidir.
175. Sizi yalnız o Şeytan öz
dostlarından (guya onların çox qüvvətli olmasıyla)
qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər
mö’minsinizsə, Məndən qorxun!
176. Küfrə can atanlar səni kədərləndirməsin!
Əlbəttə, onlar Allaha heç bir zərər yetirə
bilməzlər, Allah da istər ki, axirətdə onlara heç
bir pay verməsin. Onları böyük bir əzab gözləyir!
177. Həqiqətən, imanı verib,
əvəzində küfrü satın alanlar Allaha heç bir
zərər verə bilməzlər. Lakin onlar çox acı
bir əzaba düçar olacaqlar!
178. Küfr edənlər onlara verdiyimiz
möhləti heç də özləri üçün xeyirli
sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını
daha da artırmaları üçündür. Onlar alçaldıcı
bir əzab görəcəklər!
179. Allah pisi yaxşıdan (münafiqi
mö’mindən) ayırmaq üçün mö’minləri sizin
(indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə
qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən
istədiyi şəxsi seçər (ona qeybdən bə’zi şeylər
bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə
inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük
bir mükafat gözləyir!
180. Allah tərəfindən bəxş
olunmuş mal-dövləti sərf etməyə xəsislik
edənlər heç də bunu özləri üçün
xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir.
Onların xəsislik etdikləri şey qiyamət günü
boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası
Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
181. "Allah kasıbdır, biz isə
dövlətliyik!" - deyənlərin sözlərini Allah, əlbəttə,
eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri
haqsız yerə öldürdüklərini (mələklər
vasitəsilə əməl dəftərlərinə) yazacaq
və (qiyamət günü) onlara: "Dadın atəşin əzabını!"
- deyəcəyik.
182. Bu əzab sizin öz əllərinizlə
törətdiyiniz əməllərə görədir, yoxsa
Allah bəndələrinə əsla zülm edən deyildir!
183. "Allah (Tövratda) bizə əmr
etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban
gətirməyincə heç bir peyğəmbərə inanmayaq!"
- deyənlərə belə cavab ver: "Məndən əvvəl
də sizə peyğəmbərlər açıq-aşkar
mö’cüzələr və dediklərinizi (dediyiniz qurbanları)
gətirmişdilər. Əgər doğru danışırsınızsa,
bəs nə üçün onları öldürdünüz?"
184. (Ya Rəsulum!) Əgər onlar
səni yalançı sayarlarsa (heç də qəmgin olma)!
Çünki səndən əvvəl açıq mö’cüzələr,
səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri
də yalançı saymışdılar.
185. Hər bir kəs (canlı) ölümü
dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət
günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən)
uzaqlaşdırılıb, Cənnətə daxil edilən
kimsə muradına çatacaqdır. Dünya həyatı isə
aldadıcı həzzdən (əyləncədən) başqa
bir şey deyildir.
186. Əlbəttə, siz malınız
və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl
kitab verilmiş kimsələrdən və (Allaha) şərik
qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz.
Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə,
bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
187. (Ya Rəsulum!) Allah kitab əhlindən:
"Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün
aydınlaşdırmalısınız!" - deyə əhd aldığı
zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə
satdılar. Onların bu alış-verişi necə də
pisdir!
188. (Ya Rəsulum!) Etdikləri əməllərə
görə sevinən və görmədikləri işlərə
görə tə’rif olunmağı sevən kimsələrin
əzabdan xilas olacaqlarını güman etmə. Onları
şiddətli bir əzab gözləyir!
189. Göylərin və yerin hökmü
Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
190. Həqiqətən, göylərin
və yerin yaradılmasında, gecə ilə gündüzün
bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində)
ağıl sahibləri üçün (Allahın varlığını,
qüdrətini, kamalını və əzəmətini sübut
edən açıq) dəlillər vardır.
191. O kəslər ki, ayaq üstə
olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin
və yerin yaradılması haqqında düşünər
(və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş
yerə yaratmamısan! Sən pak və müqəddəssən!
Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
192. Ey Rəbbimiz! Sən cəhənnəm
oduna atdığın şəxsi, əlbəttə, rüsvay
edərsən və zalımlara kömək edən olmaz!
193. Ey Rəbbimiz! Həqiqətən,
biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran
bir kimsənin çağırışını eşidib
Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı
bizə bağışla, təqsirlərimizdən keç (böyük
günahlarımızı bağışla, kiçik günahlarımızın
üstünü ört) və canımızı yaxşı
əməl sahibləri ilə bir yerdə al !
194. Ey Rəbbimiz! Öz peyğəmbərlərin
vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət
günündə bizi rüsvay etmə! Əlbəttə, Sən
Öz və’dinə xilaf çıxmazsan!"
195. Rəbbi də onların dualarını
qəbul edərək cavab verdi: "İstər kişi, istərsə
də qadın olsun, Mən heç birinizin əməlini puça
çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində
kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən
Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin),
öz yurdlarından çıxarılanların, Mənim yolumda
əziyyətə düçar olanların, vuruşanların
və öldürülənlərin günahlarının
üstünü Allahdan bir mükafat olaraq, əlbəttə,
örtəcək və onları (ağacları) altından
çaylar axan cənnətlərə daxil edəcəyəm.
Ən yaxşı mükafat Allah yanındadır!"
196. (Ya Rəsulum!) küfr edənlərin
diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən
mənfəət əldə edərək xoş güzəran
keçirməsi) səni aldatmasın!
197. Bu, (axirət ne’mətləri ilə
müqayisədə) azacıq bir mənfəətdir. Sonra
isə onların məskəni Cəhənnəmdir. Ora necə
də pis yataqdır!
198. Lakin öz Rəbbindən qorxanları
(ağacları) altından çaylar axan cənnətlər
gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik
qalacaqlar. Allah yanında olan ne’mətlər yaxşı əməl
sahibləri üçün daha xeyirlidir.
199. Həqiqətən, kitab əhli
içərisində elələri də vardır ki, onlar Allaha,
həm sizə, həm də özlərinə nazil olanlara
(Qur’ana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək
Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların
Rəbbi yanında mükafatları vardır. Şübhəsiz
ki, Allah tezliklə haqq-hesab çəkəndir.
200. Ey iman gətirənlər! (Dində
vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə,
düçar olduğunuz bəlalara) səbr edin, (Allahın
düşmənlərinə qələbə çalmaq uğrundakı
müharibə və döyüşlərdə sizə üz
verən müsibət və çətinliklərə) dözün,
(sərhəd boyu növbədə durub cihada) hazır olun
və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

|