| |
30.
ər-Rum (Rumlular) surəsi
(Məkkədə nazil olmuşdur, 60 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1.Əlif, Lam, Mim!
2. Rumlular (bizanslılar iranlılarla)
məğlub oldular.
3. (Ərəbistana) ən yaxın
bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən
sonra qalib gələcəklər.
4. Bir neçə ilin içində
(üç illə doqquz, yaxud on il arasında). Əvvəl
də, sonra da hökm Allahındır. O gün mö’minlər
sevinəcəklər;
5. Allahın köməyi ilə. (Allah)
istədiyinə kömək edər. O, yenilməz qüvvət
sahibi, mərhəmət sahibidir!
6. (Bu zəfəri Kitab əhlinə)
Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz.
Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!
7. Onlar dünya həyatının
zahirini (ticarət və əkinçilik işlərini, məişət
məsələlərini) bilirlər, axirətdən isə
xəbərsizdirlər.
8. Məgər onlar öz-özlüklərində
Allahın göyləri, yeri və onların arasındakıları
ancaq haqq-ədalətlə və müəyyən bir müddət
üçün yaratdığını düşünmürlərmi?
Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını
(qiyamət günü dirilib haqq-hesab üçün Allahın
hüzurunda duracağını) inkar edir.
9. Məgər onlar yer üzünü
gəzib özlərindən əvvəlkilərin aqibətinin
necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları)
bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə)
torpağı qazıb altını üstünə çevirmiş
və yer üzünü bunlardan daha çox adab etmişdilər.
Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr
gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri
özlərinə zülm edirdilər.
10. Sonra da Allahın ayələrini
yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin
aqibəti lap pis oldu!
11. Allah məxluqatı əvvəlcə
(yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir.
Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
12. Qiyamət qopacağı gün
günahkarlar mat-məətəl qalacaqlar. (Özlərini təmizə
çıxarmaq üçün heç bir dəlil, sübut gətirə
bilməyəcəklər).
13. (Allaha qoşduqları) şəriklərindən
onlar üçün şəfaət edəcək kimsələr
olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
14. Qiyamət qopacağı gün
- məhz o gün (mö’minlərlə kafirlər bir-birindən)
ayrılacaqlar.
15. İman gətirib yaxşı işlər
görənlər cənnət bağçalarının birində
sevinc içində qalacaqlar.
16. Kafir olub ayələrimizi və
axirətə qovuşacaqlarını (qiyamət günü
dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını)
inkar edənlər isə əzab verilmək üçün
hazırlanacaqlar (gətiriləcəklər).
17. Elə isə axşam-səhər
(axşama yetişəndə, səhərə çıxanda)
Allahı təqdis edib şə’ninə tə’riflər deyin!
(Axşam, gecə və sübh namazlarını qılın!)
18. Göylərdə və yerdə
həmd (şükür və tə’rif) yalnız Ona məxsusdur.
Gün batanda da (günün sonuna yetişəndə də),
gündüz də Onu təqdis edib şə’ninə tə’riflər
deyin! (İkindi və günorta namazlarını qılın!)
19. (Allah) ölüdən diri, diridən
də ölü çıxardır, öləndən sonra
torpağı dirildir. Siz də (qiyamət günü dirildilib
qəbirlərinizdən) belə çıxardılacaqsınız.
20. Sizi (atanız Adəmi) torpaqdan
yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə
yayılmağınız Onun qüdrət əlamətlərindəndir.
21. Sizin üçün onlarla ünsiyyət
edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq
etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması
da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən,
bunda (bu yaradılışda) düşünən bir qövm
üçün ibrətlər vardır!
22. Göylərin və yerin yaradılışı,
dillərinizin və rənglərinizin müxtəlifliyi də
Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz
ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün
(Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir
olmasına dəlalət edən) nişanələr vardır!
23. Gecə və gündüz yatıb
dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz
əlləşib çalışmağınız), ne’mətindən
ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir.
Həqiqətən, (öyüd-nəsihət) eşidənlər
üçün bunda ibrətlər vardır!
24. Sizə həm qorxu, həm də
ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə
yağış yağmasına ümid bəslədiyiniz) ildırımı
göstərməsi, göydən yağmur endirib öləndən
sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət
əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla
düşünən bir qövm üçün ibrətlər
vardır.
25. Göyün və yerin Onun əmrində
durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir
dəfə üfürməsi ilə) çağıran kimi
dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız
da Onun qüdrət əlamətlərindəndir.
26. Göylərdə və yerdə
kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və
insanlar Allahın bəndələridir). Hamısı Ona boyun
əyər!
27. Məxluqatı əvvəlcə
yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək
Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə
və yerdə olan ən yüksək sifət (Allahdan başqa
heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız
Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
(Allahın sifətləri nə göydəkilərin, nə
də yerdəkilərin sifətlərinə bənzəyər.
Allah onların hamısından ucadır).
28. (Allah) sizə özünüzdən
bir məsəl çəkər. Sahib olduğunuz kölələr
içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə
bərabər ortaq olan, özünüzdən (özünüz
kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi,
o kölələrdən də çəkindiyiniz şərikləriniz
varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə,
yox! Elə isə bəs Allaha Öz aciz bəndələrini,
bütləri şərik qoşmağa necə razı olursunuz?)
Biz ayələri ağılla düşünən bir qövm
üçün belə ətraflı izah edirik.
29. Lakin (özlərinə) zülm
edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə
uydular. Allahın (küfr edəcəklərini əzəldən
bildiyi üçün) yoldan çıxartdıqlarını
doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək
edə bilən kəslər də olmaz!
30. (Ya Rəsulum! Ümmətinlə
birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid,
xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq
insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini
(Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə
dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların
əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah
bütün insanları xilqətcə müsəlman - təkallahlı
yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə
sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları
üzündən batil dinlərə - bütpərəstliyə
uymuşlar).
31. (Ya Rəsulum! Sən və ümmətin)
tövbə edərək Ona tərəf dönün. Ondan
(Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən
olmayın!
32. O kəslərdən ki, öz dinini
parçalayıb firqə-firqə oldular (bə’zisi bütlərə,
bə’zisi günəşə və aya, bə’zisi ulduzlara
səcdə etməyə başladılar). Hər bir firqə
öz dininə (öz dininin haqq olduğuna) sevinər.
33. İnsanlara bir ziyan toxunduğu
zaman Rəbbinə tərəf dönüb Ona tövbə
edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara
daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən
bir qismi Rəbbinə şərik qoşar.
34. Bizim onlara verdiyimiz ne’mətləri
inkar etsinlər deyə (şirkə, küfrə düşərlər).
İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm
əzabının necə şiddətli olduğunu) mütləq
biləcəksiniz!
35. Yoxsa Biz (müşriklərə
Allaha) şərik qoşmaqlarını söyləyən
(təsdiq edən) bir dəlil (kitab) göndərdik?!
36. İnsanlara bir mərhəmət
(firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız
zaman ona sevinərlər. Onları öz əlləri ilə
etdikləri əməllərə (qazandıqları günahlara)
görə bir müsibətə düçar etdikdə isə
dərhal mə’yus olarlar (hər şeydən ümidlərini
üzərlər).
37. Məgər onlar Allahın istədiyi
kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını
görmürlərmi?! Həqiqətən, bunda iman gətirən
bir tayfa üçün ibrətlər vardır!
38. (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula
(miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın
vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın
camalını) diləyənlər üçün bu daha xeyirlidir.
(Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər)
məhz onlardır!
39. (Sərvətinizin) xalqın mal-dövləti
hesabına artması üçün sələmlə (faizlə)
verdiyiniz malın Allah yanında heç bir bərəkəti
(artımı) olmaz. Allah rizasını diləyərək
verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu
edənlər (dünyada mallarının bərəkətini,
axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!
40. Sizi (yoxdan) yaradan, sonra sizə ruzi
verən, sizi öldürən və daha sonra (qiyamət günü)
dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində
bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır,
müqəddəsdir. (Allah müşriklərin) Ona şərik
qoşduqlarından (bütlərdən) ucadır!
41. İnsanların öz əlləri
ilə etdikləri (pis əməllər, günahlar) üzündən
quruda və suda fəsad (pozuntu) əmələ gələr
(bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində
zərərli yağışlar yağar, zəlzələ
baş verər, dənizlərdə gəmilər batar) ki,
Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi
günahların cəzasını) daddırsın və bəlkə,
onlar (tövbə edib pis yoldan) qayıtsınlar.
42. (Ya Rəsulum! Məkkə əhlinə)
de: "Yer üzünü gəzib-dolaşın və (sizdən)
əvvəlkilərin axırının necə olduğuna
baxın. Onların əksəriyyəti müşrik idi.
43. (Ya Rəsulum!) Allah tərəfindən
qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən
əvvəl üzünü düzgün dinə (islama doğru)
çevir. O gün insanlar (haqq-hesab çəkildikdən sonra)
bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər
Cənnətə, günahkarlar isə Cəhənnəmə
gedərlər).
44. Küfr edənin küfrü öz
əleyhinə olar (qazandığı günaha görə
Cəhənnəmə atılar). Yaxşı iş görənlər
isə özləri üçün (Cənnətdə) rahat
mənzillər hazırlamış olarlar ki,
45. (Allah) iman gətirib saleh əməl
edənlərə Öz lütfündən (Öz kərəmindən)
mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!
46. Həqiqətən, küləkləri
müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən
daddırması (yağış verməsi), əmri ilə
gəmilərin üzməsi, ne’mətindən ruzi axtarmanız
Onun qüdrət əlamətlərindəndir. Bəlkə,
(Allahın ne’mətlərinə) şükür edəsiniz!
47. (Ya Rəsulum!) Biz səndən
əvvəl də onların tayfalarına (neçə-neçə)
peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər)
onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər.
Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan
intiqam aldıq. Mö’minlərə kömək etmək Bizə
vacibdir! (Biz Öz və’dimizə əməl edərək mö’minlərə
yardım etməliyik!)
48. Buludları hərəkətə
gətirən küləkləri göndərib onları göy
üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır.
Artıq buludların arasından yağış çıxdığını
görürsən. Onu (yağışı) bəndələrindən
istədiyinə verən kimi onlar sevinərlər.
49. Hərçənd ki üstlərinə
(yağış) endirilməzdən (yağış yağmamışdan)
əvvəl (ondan) ümidlərini üzmüşdülər.
50. (Ya Rəsulum!) Sən Allahın
rəhmətinin (yağışının) əsər-əlamətinə
bax ki, torpağı öldükdən sonra necə dirildir.
Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər
şeyə qadirdir!
51. Əgər Biz (onların əkinlərinin
üstünə) bir yel əsdirsək və (o yel nəticəsində
əkinlərin) saralıb-solduğunu görsələr, bundan
sonra mütləq nankor olmağa başlayarlar.
52. Şübhəsiz ki, sən (haqqa)
çağırışı nə ölülərə bildirə
bilərsən, nə də dönüb gedən karlara eşitdirə
bilərsən!
53. Sən korları da düşdükləri
əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən.
Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə
bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən
inanıb Ona can-başla itaət edərlər!)
54. Sizi zəif bir şeydən (nütfədən,
bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən)
sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra
(yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini
yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə)
qadirdir!
55. Qiyamət qopacağı gün
(saat) günahkarlar (qəbirlərində və dünyada) bir
saatdan artıq qalmadıqlarına and içərlər. Onlar
(axirətdə belə yalan danışdıqları kimi, dünyada
da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan
çıxardılırdılar).
56. Elm və iman sahibləri isə
belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın
Kitabında (əzəli elmində yazılmış) olan qiyamət
gününə qədər qaldınız. Bu, (hamının
dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu)
bilmirdiniz!"
57. O gün zalımlara üzrləri
heç bir fayda verməz və onların tövbə etmələri
(Allah rizasını diləmələri) də istənilməz!
58. Biz bu Qur’anda insanlar üçün
hər çür məsəl çəkdik. (Ya Rəsulum!)
Həqiqətən, sən onlara (Musanın yədi-beyzası,
əsası kimi) hər hansı bir mö’cüzə gətirsən
belə, onlar mütləq: "Siz (Peyğəmbər və ona
iman gətirənlər) yalançısınız!" - deyəcəklər.
59. Allah (haqqı) bilməyənlərin
qəlblərini belə möhürləyər!
60. (Ya Rəsulum!) Sən (çətinliklərə,
əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın
(sənə verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə)
qəti inanmayanlar səni e’tinasızlığa sövq etməsinlər.
(Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə,
səbatsızlığa sövq edərək öz fikrindən
və amalından döndərib risaləti təbliğ etməkdən
daşındıra bilməsinlər!)

|