| |
34.
Səba surəsi (Məkkədə
nazil olmuşdur, 54 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə
nə varsa, hamısının sahibi olan Allaha həmd olsun!
Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir,
(bəndələrinin bütün əməllərindən)
xəbərdardır!
2. Yerə daxil olanı da, (yerdən)
çıxanı da, göydən enəni də, (göyə)
qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm
edəndir, bağışlayandır!
3. (Ayələrimizi) inkar edənlər:
"Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər.
(Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə
and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə,
nə də yerdə zərrə qədər bir şey Ondan
gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey
yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"
4. (Bütün bunlar ona görədir
ki, Allah) iman gətirib yaxşı işlər görənləri
mükafatlandırsın. Məhz onları bağışlanma
və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
5. Ayələrimizi batil (aciz) etmək
(Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər
isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.
6. (Kitab əhlindən Abdullah ibn Salam
kimi) elm verilmiş kimsələr Rəbbindən sənə
nazil edilənin (Qur’anın) haqq olduğunu və onun (mö’minlərə)
yenilməz qüvvət sahibi, (hər cür) şükrə
(tə’rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.
7. Kafirlər (öz aralarında Peyğəmbər
əleyhissəlama istehza edərək bir-birinə) dedilər:
"Sizə siz parça-parça olub dağılandan (çürüyüb
torpağa qarışandan) sonra yenidən yaradılacağınızı
(dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?
8. Görəsən, o, Allaha qarşı
özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" Xeyr, axirətə
inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir
zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli
əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox
azmışlar).
9. Məgər onlar başlarının
üstündəki göyü və ayaqlarının altındakı
yeri görmürlərmi? (Yer və göy onları elə
əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb
qaça bilməzlər). Əgər istəsək, onları
yerə batırar, yaxud göyün bir parçasını onların
başına endirərik. Şübhəsiz ki, bunda tövbə
edib (Allaha tərəf) dönən hər bir bəndə üçün
ibrət vardır!
10. Həqiqətən, Biz Davuda Öz
dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar,
siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib
şə’ninə tə’riflə deyin!" - deyə buyurduq və
dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri
əritmədən əlində mum kimi yumşaldıb istədiyi
şeyi ondan düzəldərdi).
11. (Biz Davuda belə buyurduq: ) "Geniş,
uzun (insanın bədənini örtən) zirehlər düzəlt,
(onları) toxuduğun zaman ölçüyə riayət et!
(Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri
böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud
ailəsi!) yaxşı işlər görün. Həqiqətən,
Mən sizin etdiyiniz əməlləri görürəm!"
12. Süleymana da küləyi ram etdik.
O (külək) səhərdən günortaya qədər bir
aylıq yol, günortadan axşama qədər də bir aylıq
yol gedirdi (bir gündə iki aylıq məsafəni qət
edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib
axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini
düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi).
Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi.
Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən
çıxırdısa, ona cəhənnəm odunun əzabından
daddırırdıq.
13. Onun (Süleyman) üçün
nə istəsə - mə’bədlər (uca qəsrlər),
heykəllər, (min nəfərdən ibarət qonağın
və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük
hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən
iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha)
şükranlıqla itaət edin! (Bu ne’mətə şükür
edin!) Bəndələrimdən (ne’mətlərimə) şükür
edəni azdır!
14. Sonra (Süleymanın) ölümünü
hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə)
ancaq (Süleymanın) əsasını yeyən bir ağac
qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu
əsa sınandan sonra) o (ölmüş vəziyyətdə)
yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər
onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli
iş) içində qalmazdılar.
15. Səba (tayfasının) yurdunda
(qüdrətimizə dəlalət edən) bir nişanə
var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş)
iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:
) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin.
(Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan
bir Rəbbdir!"
16. Lakin onlar (itaətimizdən) üz
döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin)
selini göndərdik. (Bunun nəticəsində yurdlarını
su basdı). Onların iki (gözəl) bağçasını
(tikanlı) acı meyvəli, (içərisində) yulğun
ağacları və bir az da sidr ağacı olan iki bağçaya
çevirdik.
17. Onları nankorluqlarına görə
belə cəzalandırdıq. Biz heç nankordan başqasına
cəzamı verərik?
18. Onların (Səba əhlinin) yurdu
ilə bərəkət verdiyimiz məmləkətlət (Şam
və Urdun) arasında bir-birinə bitişik (abad) qəsəbələr
inşa etmiş, orada gediş-gəliş yaratmışdıq
(belə ki, səfər zamanı yolçular o qəsəbələrin
birində istirahət edir, axşam isə digərində yatıb
dincəlirdilər). (Onlara belə demişdik: ) "Gecələri-gündüzləri
(istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!"
19. Lakin onlar: "Ey Rəbbimiz! Səfərlərimizin
arasını (məsafəni) uzaq et!" - dedilər və öz-özlərinə
zülm etdilər. Biz onları pərən-pərən salıb
dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama,
Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə,
Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc
qəbilələri isə Mədinəyə köçdü.
Onlar barəsində "Səba əhli kimi pərən-pərən
düşdülər" məsələsi çəkilməyə
başlandı). Həqiqətən, bunda (çətinliklərə)
səbir, (ne’mətlərə) çox şükür edən
hər bir kəs üçün ibrətlər vardır!
20. İblisin onlar haqqındakı
zənni düz çıxdı. (İçərilərindən)
bir dəstə mö’min istisna olmaqla, hamısı ona uydu.
21. Əslində (İblisin) onlar üzərində
heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona
şəkk edəni ayırd edib bilmək üçün (İblisə
bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir!
(Mö’minlərin və kafirlərin əməllərini mühafizə
edər, qiyamət günü hərəyə öz əməlinin
cəzasını verər).
22. (Ya Peyğəmbər! Müşriklərə)
de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə)
çağırın". Onlar göylərdə və yerdə
zərrə qədər bir şeyə sahib deyillər. Nə
onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi
var, nə də (Allahın) onlardan bir köməkçisi var!
23. Onun hüzurunda, izin verdiyi kimsələr
istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz.
(Elə isə hansı ağılla bütlər sizi Allaha
yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət
diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət,
(bə’zi möhtərəm zatlara şəfaət etməyə
izin verildiyinə görə məhşərə gətirilənlərin)
ürəklərindən o (müdhiş) qorxu çıxınca
onlar (şəfaət edəcək kəslərdən, yaxud
mələklərdən sevinclə): "Rəbbiniz nə buyurdu?"
- deyə soruşar, o biriləri də: "Haqqı (buyurdu)! (Şəfaətə
izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən)
böyükdür!" - deyə cavab verərlər.
24. (Ya Peyğəmbər! Müşriklərə)
de: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?"
(Əgər onlar sənə: "Bilmirik",- deyə cavab versələr)
de: "Allahdır! Elə isə doğru yolda olan, yaxud (haqq yoldan)
açıq-aydın azan bizik, yoxsa siz?"
25. De: "Siz bizim etdiyimiz günahlar barəsində
sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar
barəsində sorğu-sual olunmayacağıq!
26. De: "Rəbbimiz (qiyamət günü)
bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə
hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar
isə Cəhənnəmə gedəcəklər). Ədalətlə
hökm edən (müşkülləri açan), (nə hökm
etdiyini) bilən ancaq Odur!"
27. De: "Ona qoşduğunuz şərikləri
bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik
ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O
(bir olan) Allahdır!"
28. (Ya Rəsulum!) Biz səni (təkcə
öz qövmünə deyil) bütün insanlara (mö’minlərə
Cənnətlə) müjdə verdən, (kafirləri isə
Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər
olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin)
əksəriyyəti (bunu) bilməz!
29. Onlar (Məkkə müşrikləri):
"Əgər doğru danışırsınızsa, (bir xəbər
verin görək) bu və’d (əzab və’dəsi) nə vaxt
yerinə yetəcəkdir?" - deyə soruşarlar.
30. (Onlara) belə de: "Sizə və’d
olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan
bircə saat belə nə geri qalar, nə də irəli keçə
bilərsiniz!"
31. (Kitab əhlinin mö’minləri
məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini
öz kitablarımızda görmüşük",- söylədikləri
zaman) kafir olanlar dedilər: "Biz nə bu Qur’ana, nə də
ondan əvvəlkilərə (Tövrata və İncilə)
inanırıq!" (Ya Rəsulum!) Kaş sən o zalımları
(haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb
bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib
məzəmmət etdikləri) və acizlərin (dünyada)
özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə):
"Əgər siz olmasaydınız, biz mütləq mö’min
olardıq!" - dedikləri zaman görəydin.
32. (Dünyada) özlərini yuxarı
tutanlar da acizlərə belə cavab verərlər: "Əcaba,
sizə doğru yol göstərən rəhbər gəldikdən
sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz
günahkar idiniz (könüllü surətdə küfrü
qəbul etdiniz)"
33. Acizlər özlərini yuxarı
tutanlara deyərlər: "Xeyr bəs gecə-gündüz qurduğunuz
hiylələr? O zaman ki, bizə Allahı danmağı və
Ona şəriklər qoşmağı əmr edirdiniz". Onlar
əzabı gördükdə için-için peşman olarlar.
Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar
ancaq (dünyada) etdikləri əməllərin cəzasını
çəkərlər.
34. Biz hər hansı bir məmləkətə
(kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər
göndərdikdə, onun naz-ne’mət içində yaşayan
zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri
(Allahın hökmlərini, risaləti, mö’cüzələri)
inkar edirik!" - dedilər.
35. Onlar: "Bizim mal-dövlətimiz və
övladımız (iman gətirən bu yoxsullarınkından)
daha çoxdur və bizə əzab da verilməyəcəkdir
(əgər Allah bizdən razı olamsaydı, bol ruzi verməzdi)"
- dedilər.
36. (Ya Peyğəmbər!) De: "Rəbbim
istədiyinin ruzisini artırar və (istədiyininkini də)
azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"
37. Sizi bizə yaxınlaşdıran
nə var-dövlətiniz, nə də oğul-uşağınızdır.
Yalnız iman gətirib yaxşı işlər görənlərin
(dünyadakı) əməllərinə görə mükafatları
qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından
(Cənnətin yüksək məqamlarında) əmin-amanlıq
içində yaşayacaqlar.
38. (Bizi) aciz buraxacaqlarını sanaraq
ayələrimizi batil etmək üçün cəhd göstərənlər
isə (qiyamət günü) gətirilib əzaba düçar
ediləcəklər.
39. (Ya Peyğəmbər!) De: "Həqiqətən,
Rəbbim bəndələrindən istədiyinin ruzisini bol
edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz,
Allah onun əvəzini verər. O, ruzi verənlərin ən
yaxşısıdır!"
40. O gün (qiyamət günü
Allah) onları (müşrikləri, kafirləri) bir yerə
yığacaq, sonra da mələklərə belə deyəcək:
"Bunlar sizəmi ibadət edirdilər?"
41. (Mələklər: ) "Sən paksan,
müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən!
Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət
edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti
onlara (cinlərə) iman gətirmişdi", - deyə cavab verəcəklər.
42. Bu gün bir-birinizə nə bir
xeyir (fayda) nə də bir zərər verə bilərsiniz.
Zalımlara da: "Dadın (dünyada) yalan hesab etdiyiniz cəhənnəm
odunun əzabını!" - deyəcəyik.
43. Ayələrimiz onlara (müşriklərə)
açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi atalarınızın
ibadət etdiklərindən (bütlərdən) döndərmək
istəyən bir adamdır!" deyər, (Qur’an haqında isə:
) "Bu, uydurma yalandan başqa bir şey deyildir!" söyləyərlər.
Kafir olanlara haqq (Qur’an) gəldikdə onun barəsində: "Bu
yalnız açıq-aşkar bir sehrdir!" - deyərlər.
44. Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları
bir kitab verməmiş və səndən əvvəl də
özlərinə (Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər göndərməmişdik.
45. Onlardan (Məkkə müşriklərindən)
əvvəlkilər də (öz peyğəmbərlərini)
təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara
verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün)
onda birinə belə nail olmamışlar. Amma onlar Mənim
Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum!
Bir görəydin) Mənim (onları) inkar etməyim necə
oldu! (Peyğəmbərləri inkar etdikləri üçün
Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə
əvəz etdim, hamısını məhv edib yer üzünü
onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə
bir ibrət dərsi olmalıdır!)
46. (Ya Peyğəmbər! Bu müşriklərə)
de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah
xatirinə (məni dinlədikdən sonra məclisimdən)
iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün,
(görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd
əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur.
O yalnız qarşıdakı şiddətli əzabla (düçar
olacağınız axirət əzabı ilə) sizi qorxudan
(xəbərdar edən) bir peyğəmbərdir!"
47. De: "Mən (bunun müqabilində)
sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun.
Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə
şahiddir!"
48. De: "Rəbbim haqqı (vəhyi
və risaləti Öz peyğəmbərlərinə) nazil
edər. O, qeybi ən yaxşı biləndir!"
49. De: "Haqq (islam dini) gəldi. Batil
(küfr, şirk) bir də nə gözə görünər
(nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!"
(Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki
o özlüyündə puçdur!)
50. De: "Əgər mən (haqq yoldan)
azsam, bunun zərəri (günahı) ancaq mənə olar.
Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə
vəhy etdiyi (Qur’an) sayəsindədir. Həqiqətən,
O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə)
yaxındır.
51. (Ya Peyğəmbər!) Sən
onları (müşrikləri) bir qorxduqları zaman görəydin!
(Nə qəribə mənzərə!) Artıq qaçıb
can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə)
yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda)
yaxalanmışlar.
52. Onlar: "Ona (Qur’ana və ya Muhəmməd
əleyhissəlama) inandıq!" - deyirlər. Amma (axirət kimi)
uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə
çata bilər?! (Axirət aləminə getdikdən sonra heç
kəsin əli imana, tövbəyə yetişməz, çünki
axirətdən qayıdıb bir də dünyaya gəlmək
mümkün deyildir. İman və tövbə yeri yalnız
yaşadığınız dünyadır!)
53. Halbuki onlar bundan əvvəl onu
(Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər
və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar
(qeybə dair bilmədikləri şeylər barəsində
danışırdılar).
54. Artıq onlarla istədikləri
şey (iman və tövbə) arasında əngəl törədilmişdir.
(Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri
olmaları qeyri-mümkündür). Daha öncə özlərinə
bənzər kəslər (kafirlər) barəsində də
belə edilmişdir. Çünki onlar da (axirət əzabı
barəsində) dərin bir şəkk içində idilər.

|