| |
35.
Fatir (Yaradan) surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göyləri və yeri yoxdan yaradan,
ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri
(peyğəmbərlərə) elçi edən Allaha həmd
olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən,
Allah hər şeyə qadirdir!
2. Allahın insanlara əta etdiyi mərhəmətə
(verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola bilməz.
Onun vermədiyi bir şeyi də Özündən başqa
heç kəs göndərə (verə) bilməz. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
3. Ey insanlar! Allahın sizə olan
ne’mətini yada salın. Allahdan başqa sizə göylərdən
və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa
heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan)
döndərilirsiniz?
4. Əgər (bu müşriklər)
səni təkzib etsələr (heç ürəyini sıxma).
Səndən əvvəl də peyğəmbərlər təkzib
olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır
(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza
veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)
5. Ey insanlar! Şübhəsiz ki,
Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya
həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb
yoldan çıxartmasın!
6. Həqiqətən, Şeytan sizin
düşməninizdir, onu (özünüzə) düşmən
tutun. O özünə uyanları cəhənnəm əhli
olmağa çağırır.
7. Kafir olanları şiddətli əzab,
iman gətirib yaxşı işlər görənləri isə
bağışlanma və böyük bir mükafat (Cənnət)
gözləyir!
8. Pis əməli (Şeytan tərəfindən)
özünə yaxşı göstərilib onu yaxşı
görən (Allahın doğru yola yönəltdiyi kimsəyə
bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə,
istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!)
Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan
azmalarına) görə özünü üzüb həlak
etmə. Həqiqətən, Allah onların nə etdiklərini
biləndir!
9. Buludları hərəkətə
gətirən küləkləri Allahdır göndərən!
Biz (o buludları) quru (ölü) bir məmləkətə
tərəf qovub, öldükdən sonra torpağı onunla
dirildirik. (Ölüləri) diriltmək də belədir!
10. Hər kəs (dünyada) izzət-qüdrət
(şərəf-şan) istəsə, (bilsin ki, dünyada da,
axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan)
ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət
etməklə nail olmaq mümkündür). Pak söz (tövhid
kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr
və pak sözü də (Allah dərgahına) yaxşı
əməl qaldırar. (Allah pak sözü eşidəndir,
saleh əməli də qəbul edər). Pis əməllər
edənləri şiddətli bir əzab gözləyir. Onların
qurduqları hiylələr boşa çıxar.
11. Allah sizi (atanız Adəmi) torpaqdan,
sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi
və qadın olmaqla) cüt-cüt yaratmışdır. O
bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini
yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi
də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması
da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır.
Həqiqətən, bu, Allah üçün çox asandır.
12. İki dəniz eyni deyildir. Birinin
suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan
rahat keçən), digərininki isə həddindən artıq
şor və acıdır. Onların hər birindən təzə
ət (balıq) yeyir, taxdığınız (inci və mərcan
kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın)
lütfündən (ne’mətindən) ruzi diləyib axtarmağınız
(ticarət etməyiniz) üçün gəmilərin də
orada (suyu) yara-yara üzdüyünü görürsən.
(Bütün bunlara görə), bəlkə, (Allaha) şükür
edəsiniz.
13. (Allah) gecəni gündüzə,
güzdüzü də gecəyə qatar. O, günəşi
və ayı ram (öz əmrinə, sizin mənafeyinizə
tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində,
öz dairəsində) müəyyən müddətədək
(qiyamət gününə qədər) dövr (hərəkət)
edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin
Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına
belə sahib deyillər.
14. Əgər siz onları çağırsanız
(dua etsəniz), onlar sizin çağırışınızı
eşitməzlər; eşitsələr də cavab verə
bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir).
Özləri də qiyamət günü sizin (Onları Allaha)
şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi)
danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə
hər şeydən xəbərdar olan (Allah) kimi xəbər
verə bilməz!
15. Ey insanlar! Siz Allaha möhtacsınız.
Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə)
möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə)
layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
16. Əgər istəsə, sizi yox
edib (yerinizə) başqa bir məxluq gətirər.
17. Bu, Allah üçün çətin
deyildir!
18. Heç bir günahkar başqasının
günahını daşımaz. Günah yükü ağır
olan kimsə yükünü daşımaq üçün
(başqa birisini köməyə) çağırsa və (çağırılan
adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey
daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən
(Onun əzabını) görmədikləri halda qorxanları
və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar
edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə,
özü üçün təmizlənmiş olar (savabı
özünə yetişər). Axır dönüş ancaq
Allahadır!
19. Kor ilə görən eyni olaz.
20. Zülmətlə nur da (eyni deyildir)!
21. Kölgə (sərin) ilə isti
(eyni olmaz).
22. Dirilərlə ölülər
də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mö’min,
küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə
haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə
(ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!)
qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!
23. Sən ancaq (müşrikləri,
kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən!
24. Doğrudan da, Biz səni haqla (Qur’anla)
müjdə verən və qorxudan bir peyğəmbər olaraq
göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən
(kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar
edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!
25. Əgər onlar (Məkkə müşrikləri)
səni yalançı saysalar (heç ürəyini qısma).
Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini)
yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri
onlara açıq-aşkar mö’cüzələr, səhifələr
və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər.
26. Sonra Mən o küfr edənləri
(əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları inkar etməyim (ne’mətimi nifrətə
çevirərək cəzalandırmağım) necə oldu!
27. (Ya Peyğəmbər!) Məgər
Allahın göydən bir yağmur yağdırdığını
görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr
yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ,
qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar)
peyda etdik.
28. İnsanların, (yer üzündə
gəzən) heyvanların və davarların da bu cür müxtəlif
rəngləri vardır. Allahdan Öz bəndələri içərisində
ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün
Allahın vəhdaniyyətini, heybət və əzəmətini
daha yaxşı başa düşür və Ondan daha çox
qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir,
(mö’minləri) bağışlayandır!
29. Allahın Kitabını oxuyan,
namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah
yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq
bir ticarət (savab) umarlar ki,
30. (Allah) onlara (əməllərinin)
mükafatlarını versin və Öz lütfündən
(kərəmindən) onlara artırsın! Həqiqətən,
(Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə
Ona etdikləri şükür müqabilində bol ne’mət
əta edər).
31. (Ya Peyğəmbər!) Sənə
özündən əvvəlkiləri təsdiqləyici olaraq
vəhy etdiyimiz Kitab (Qur’an) haqdır. Həqiqətən, Allah
bəndələrindən xəbərdardır, (hər, şeyi)
görəndir!
32. Sonra Kitabı bəndələrimizdən
seçdiklərimizə (Muhəmməd ümmətinə) miras
verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri
yaxşı əmələrdən çox olar), kimisi mö’tədil
(pis əməlləri ilə yaxşı əməlləri
bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı
işlərdə (başqalarını ötüb) irəli
keçər (yaxşı əməlləri pis əməllərindən
çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!
33. Onlar Ədn cənnətlərinə
daxil olacaq, orada altun bilərziklər və incilərlə
bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
34. Onlar deyəcəklər: "Qəm-qüssəni
bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən,
Rəbbimiz bağışlayandır, qədirbiləndir!
35. Elə bir Rəbb ki, Öz lütfü
(kərəmi) ilə bizi (əbədi qalacağımız)
iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq
üz verəcək, nə bir məşəqqət (əziyyət)
toxunacaqdır!"
36. Kafir olanları cəhənnəm
odu gözləyir. Orada nə onların ölümünə
hökm olunar ki, ölüb canlarını qurtarsın, nə
də əzabları yüngülləşər. Biz hər
bir kafiri belə cəzalandırırıq!
37. Onlar orada fəryad edib deyəcəklər:
"Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər
edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara
belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət
qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul
edə biləcəyi (düşünəcək kimsənin
düşünəcəyi) qədər ömür vermədikmi?!
Hələ sizə (siz kafirləri Allahın əzabı ilə)
qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm
əzabını)! Zalımların imdadına çatan olmaz!"
38. Şübhəsiz ki, Allah göylərin
və yerin qeybini (gözə görünməyən sirlərini)
bilir. O, ürəklərdə olanları da biləndir!
39. Sizi yer üzünün varisləri
edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin
küfrü öz əleyhinə olar (zərərini özü
çəkər). Kafirlərin küfrü Rəbbi yanında
onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin
küfrü (axirətdə) onların ancaq ziyanını artırar!
40. (Ya Rəsulum! Məkkə müşriklərinə)
de: "Mənə bir göstərin (deyin) görüm, Allahdan
başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən
və yerə bənzər şeylərdən) nəyi yaradıblar?
Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi
var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik
qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?!
Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət
edəcəyi haqda) bir-birinə ancaq yalan və’d verirlər.
41. Həqiqətən, Allah göyləri
və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar)
deyə, tutub saxlayır. Əgər öz mehvərindən
çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya
bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!
(Bəndələrinə cəza verməkdə tələsməz,
tövbə edənləri əfv edər).
42. (Məkkə müşrikləri)
özlərinə (Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gələcəyi təqdirdə (yəhudi,
xaçpərəst və başqaları kimi) hər hansı
ümmətdən daha artıq doğru yolda olacaqları barədə
Allaha çox möhkəm and içmişdilər. Amma onlara
belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam)
gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq
yoldan daha da uzaqlaşdılar).
43. (Bu isə onların) yer üzündə
təkəbbür göstərmələri (iman gətirməyi
özlərinə sığışdırmamaları) və
pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli
hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər
onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən)
əvvəlkilərin düçar olduqları müsibətlərimi
(həmin müsibətlərin onların öz başlarına
da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!)
Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik
tapmazsan!
44. Məgər onlar yer üzündə
dolaşıb özlərindən əvvəlkilərin axırının
necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan
daha qüvvətli idilər. Göylərdə və yerdə
Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən,
O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
45. Əgər Allah insanları etdikləri
günahlara görə cəzalandırsaydı, (Yer) üzündə
bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları
(onların cəzasını) müəyyən bir vaxta (qiyamət
gününə) qədər gecikdirər. Nəhayət, onların
vaxtı gəlib çatdıqda (həmin müddət yetişib
qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə
öz əməli müqabilində cəza, yaxud mükafat
verər). Çünki Allah öz bəndələrini görəndir!

|