| |
36.
Yasin surəsi (Məkkədə
nazil olmuşdur, 83 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ya, Sin!
2. (Ya Rəsulum!) Hikmətlə dolu
Qur’ana and olsun ki,
3. Sən, həqiqətən, (Allah
tərəfindən göndərilmiş, şəriət
sahibi olan) peyğəmbərlərdənsən!
4. Düz yoldasan! (Doğru yol üzrə
göndərilən peyğəmbərlərdənsən.
Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu
yolu tutub gedən haqqa yetişər).
5. Bu Qur’an (mülkündə) yenilməz
qüvvət sahibi, (bəndələrinə) mərhəmətli
olan (Allah) tərəfindən nazil edilmişdir ki,
6. (Onunla Cahiliyyət dövründə)
ataları (Allahın əzabı ilə) qorxudulmamış
və (Allahın hökmlərindən, imandan, tövhiddən)
qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
7. And olsun ki, onların əksəriyyəti
barəsində o söz (əzəldən buyurduğumuz əzab
hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha
və Peyğəmbərinə) iman gətirməzlər. (Biz
onların iman gətirməyəcəklərini Öz əzəli
elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
8. Biz onların boyunlarına dəmir
həlqələr (zəncir) keçirtmişik. (O həlqələr)
onların lap çənələrinə dirənmişdir.
Buna görə də başları yuxarı qalxmış,
gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri
zəncirlə boyunlarına bağlandığı üçün
başlarını yuxarı qaldırmağa, gözlərini
də aşağı dikməyə məcbur olmuşlar. Onlar
boyunlarını bir tərəfə döndərmək, əllərini
sağa-sola tərpətmək, ətrafa nəzər salmaq,
hətta ayaqlarının altını görmək iqtidarında
belə deyillər. Beləliklə, kafirlər nə haqqı
görər, nə də ona boyun əyərlər).
9. Biz onların önlərinə
və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq.
Buna görə də (Allahın qüdrətinə dəlalət
edən əlamətləri) görmürlər. (Kafirlərin
qəlb gözü kor edilmiş, bütün iman yolları
üzlərinə bağlanmışdır. Onlar zahirən
görsələr də, mə’nən kordurlar).
10. (Ya Peyğəmbər!) Sən
onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!
11. Sən ancaq Qur’ana tabe olub, Rəhmandan
(Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən.
Beləsinə (axirətdə) bağışlanacağı
və çox gözəl bir mükafata (Cənnətə)
nail olacağı ilə müjdə ver!
12. Həqiqətən, ölüləri
dirildən, onların (dünyada) nə etmiş olduqlarını
və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb
açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
13. (Ya Peyğəmbər!) Sən
onlara o şəhər əhlini (antakiyalıları) misal çək!
O zaman ki, onlara elçilər gəlmişdi.
14. O zaman onlara iki elçi göndərmişdik,
amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o
iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik.
Onlar dedilər: "Həqiqətən, biz sizə göndərilmiş
elçilərik!"
15. (Antakiyalılar: ) "Siz də bizim
kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən
üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız,
mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə)
heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir.
Siz sadəcə olaraq yalan danışırsınız!" -
dedilər.
16. (Elçilər) dedilər: "Rəbbimiz
bizim, doğrudan da, sizə göndərilmiş elçilər
olduğumuzu bilir.
17. Bizim vəzifəmiz yalnız (Allahın
hökmlərini, peyğəmbərliyi) açıq-aşkar
təbliğ etməkdir!"
18. (Antakiyalılar) dedilər: "Biz
sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan
bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi.
Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun
bərəkəti çəkildi, yağışımız
kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri
olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq
daşqalaq edəcəyik və bizdən sizə mütləq
bir şiddətli əzab toxunacaqdır".
19. (Elçilər) dedilər: "Sizin
nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır
(öz küfrünüz üzündəndir). Məgər
sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa,
nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi
aşan bir camaatsınız!"
20. Şəhərin (Antakiyanın)
ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar)
çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə
tabe olun!
21. Sizdən (haqqa də’vət müqabilində)
heç bir muzd (mükafat) istəməyən və özləri
də doğru yolda olan kəslərin ardınca gedin!
22. (Antakiyalılar Həbib Həccardan:
- Sən bu elçilərə tabe olmusanmı? - deyə soruşduqda
o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?!
Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
23. Mən heç Ondan qeyri tanrılarmı
qəbul edərəm?! Əgər Rəhman mənə bir
zərər yetirmək istəsə, onların şəfaəti
mənə heç bir fayda verməz və onlar məni (Allahın
əzabından) xilas edə bilməzlər.
24. Belə olacağı təqdirdə
mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
25. (Ey Antakiya əhli, yaxud siz ey elçilər!)
Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim.
Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"
26. (Antakiyalılar bu sözü eşidən
kimi Həbib Həccarı daşqalaq edib öldürdülər).
Ona (şəhid olduğu üçün Allah dərgahından):
"Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar Cənnətə
daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən
sonra) dedi: "Kaş qövmüm biləydi ki,
27. Rəbbim məni niyə bağışladı
və nəyə görə hörmət sahiblərindən
etdi!"
28. Ondan (Həbib Həccardan) sonra
tayfasının üstünə göydən heç bir qoşun
göndərmədik və heç göndərən də
deyildik.
29. (Onların cəzası) ancaq dəhşətli
(tükürpədici) bir səs (Cəbrailin qışqırtısı)
oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.
30. Vay bu bəndələrin halına!
Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza
etməsinlər! (Buna görə də əzaba düçar
olarlar).
31. Məgər onlar (Məkkə müşrikləri)
özlərindən əvvəl neçə-neçə nəsilləri
məhv etdiyimizi və həmin nəsillərin bir daha onların
yanına qayıtmadığını görmürlərmi?
32. Hamı, (bəlli) hamı (qiyamət
günü) Bizim hüzurumuza gətiriləcəkdir!
33. Ölü torpaq onlar üçün
(qiyamət günü ölüləri dirildəcəyimizə)
bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa,
buğda, düyü və s. kimi) dənələr çıxardırıq,
onlar da ondan yeyirlər.
34. Biz orada xurma və üzüm bağları
əmələ gətirir, bulaqlar qaynadırıq ki,
35. Onların meyvələrindən
və öz əlləri ilə becərdiklərindən (yaxud
becərmədiklərindən) yesinlər. Hələ də
şükür etməzlər?
36. Yerin yetişdirdiklərindən,
onların (insanların) özlərindən və bilmədiklərindən
(erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır,
müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)
37. Gecə də onlar üçün
(qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan
sıyırıb çıxardan kimi onlar zülmət içində
olarlar.
38. Günəş də (qüdrət
əlamətlərimizdən biri kimi) özü üçün
müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz
qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir
(əzəli hökmüdür).
39. Biz ay üçün mənzillər
müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri
başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş
əyri budağı kimi (hilal şəklində) olar.
40. Nə günəş aya çatar
(yetişər), nə də gecə gündüzü ötə
bilər. (Günəş, ay və ulduzların) hər biri
(özünə məxsus) bir göydə (öz hədəqəsində,
öz dairəsində) üzər.
41. Övladlarını (yaxud Nuhun
tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə)
dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri
yerə getmələri) də onlar üçün (qüdrətimizə)
bir dəlildir.
42. Onlar üçün bunun kimi (başqa)
minik vasitələri də yaratdıq.
43. Əgər istəsək, onları
suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə
də nicat taparlar.
44. Yalnız Bizdən bir mərhəmət
olaraq və bir qədər (əcəlləri çatanadək)
dolanıb keçinmələri üçün (onları xilas
edərik).
45. Onlara (müşriklərə):
"Önünüzdə və arxanızda olandan (dünya və
axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!"
- deyildikdə (dönüb gedər, öyüd-nəsihətə
qulaq asmazlar).
46. Onlara Rəbbinin ayələrindən
elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!
47. Onlara: "Allahın sizə verdiyi
ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər
mö’minlərə: "Allahın istədiyi təqdirdə özü
yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!"
- deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq
(haqq yoldan) açıq-aşkar azmısınız.
48. Onlar: "Əgər doğru söyləyirsinizsə,
(bir xəbər verin görək) bu və’d (qiyamət günü)
nə vaxt yerinə yetəcək?" - deyərlər.
49. Onlar (küçədə, bazarda)
bir-biri ilə çənə-boğaz olarkən özlərini
saracaq yalnız bir dəhşətli (tükürpədici)
səsə (İsrafilin surunun birinci dəfə çalınmasına)
bənddirlər.
50. Artıq nə bir vəsiyyət
etməyə iqtidarları olar, nə də ailələrinin
yanına qayıda bilərlər!
51. Sur (ikinci dəfə) çalınan
kimi (qiyamət günü) qəbirlərindən qalxıb
sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar.
52. Onlar deyəcəklər: "Vay halımıza!
Bizi yatdığımız yerdən (qəbir evindən) kim
qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın
məxluqata buyurduğu və’ddir (qiyamət günüdür).
Peyğəmbərlər doğru deyirlərmiş!"
53. Yalnız bir dəhşətli
səs qopan (İsrafilin axırıncı dəfə surunu
çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda
hazır duracaqlar.
54. Bu gün heç kəsə heç
bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin
cəzasını çəkəcəksiniz!
55. Cənnət əhli bu gün keflə
(əyləncə ilə) məşğuldur.
56. Onlar (mö’min kişilər) və
zövcələri kölgəliklərdə (yumşaq) taxtlara
söykənmişlər.
57. Orada onlar üçün (hər
cür) meyvə və istədikləri hər şey vardır.
58. Rəhmli Rəbbdən (onlara) "salam"
deyiləcəkdir.
59. (Kafirlər Cəhənnəmə
varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar!
Bu gün (mö’minlərdən) ayrılın!"
60. Ey Adəm övladı! Məgər
Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət
etməyin, o sizin açıq-aşkar düşməninizdir,
61. Və (sizə buyurmadımmı
ki) Mənə ibadət edin, doğru yol budur?!
62. Həqiqətən, (Şeytan)
içərinizdən çoxlarını yoldan çıxartdı.
Məgər ağlınız kəsmirdi?
63. Bu sizə və’d olunan Cəhənnəmdir!
64. Kafir olduğunuza görə bu
gün girin ora, yanın!
65. Bu gün (Allaha and olsun ki, biz müşrik,
kafir deyildik - dediklərinə görə) onların ağızlarını
möhürləyirik. Etdikləri əməllər (qazandıqları
günahlar) barəsində onların əlləri Bizimlə
danışar, ayaqları isə şəhadət verər.
66. Əgər istəsəydik, (dünyada)
gözlərini büsbütün kor edərdik (onları zahiri
gözdən də məhrum edərdik) və onda onlar (adət
etdikləri) yolda bir-birini ötməyə çalışardılar
(və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər,
ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə
yolu) necə görə bilərdilər? (Lakin Biz onları
dünyada belə bir korluğa mübtəla etmədik. Onlar
Allahın qüdrət əlamətlərini görür, bununla
belə öz pis yollarını tutub gedirdilər. Beləliklə,
onlar iman gətirmədilər ki, gətirmədilər).
67. Əgər istəsəydik, onları
lap yerlərindəcə elə bir kökə (elə bir şəklə)
salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.
(Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik.
Və ya onları evlərinin içində həlak edərdik,
heç tərpənə də bilməzdilər).
68. Hər kəsə uzun ömür
versək, onu xilqətcə dəyişib tərsinə çevirərik,
başqa şəklə salarıq (qüvvəsini alar, gözünün
nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar,
özünü də uşaq kimi edərik). Məgər (kafirlər
bütün bunları gördükdən sonra Allahın hər
şeyə qadir olduğunu) dərk etməzlərmi?
69. Biz ona (Muhəmməd əleyhissəlama)
şe’r öyrətmədik və bu ona heç yaraşmaz da
(lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət
və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır
ki,
70. Onunla diri olanları (ağıl
və bəsirət sahiblərini) qorxutsun və o deyilən
söz (əzəldən buyurduğumuz əzab hökmü)
kafirlər barəsində gerçək olsun.
71. Məgər (Məkkə müşrikləri)
Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə)
onlar üçün davarlar yaratdığımızı və
özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!
72. Bunları (bu davarları) onların
ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri
də.
73. Onların (o heyvanlarda başqa-başqa)
mənfəətləri və içəcəkləri (südləri)
də var. Hələ də şükür etməzlərmi?
74. (Müşriklər) bəlkə,
özlərinə bir yardım oluna deyə, Allahdan başqa
tanrılar (bütlər) qəbul etdilər.
75. (O bütlər) onlara heç bir
kömək edə bilməzlər. Onlar özləri isə
bütlər üçün (onları başqalarından qoruyan)
hazır əsgərlərdir.
76. (Ya Rəsulum!) Onların (sən
peyğəmbər deyilsən, şairsən) sözü səni
kədərləndirməsin. Biz onların gizlində də,
aşkarda da nə etdiklərini bilirik.
77. Məgər insan (As ibn Vail, yaxud
Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı
görmədimi ki, birdən-birə (Rəbbinə) açıq
bir düşmən kəsilərək,
78. Öz yaradılışını
unudub: "Çürümüş sümükləri kim dirildə
bilər?!" - deyə, hələ Bizə bir məsəl də
çəkdi.
79. (Ya Peyğəmbər!) De: "Onları
ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu
(yaradılışından əvvəl də, sonra da) çox
gözəl tanıyandır!
80. O yaradan ki, sizin üçün
yaşıl ağacdan (Ərəbistanda bitən mərx və
ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz
indi ondan (o iki ağacı bir-birinə sürtməklə)
od yandırırsınız".
81. Məgər göyləri və
yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə
(qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!
82. Bir şeyi (yaratmaq) istədiyi zaman
(Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal
olar.
83. Hər şeyin hökmü (ixtiyarı)
əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də
(qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!

|