| |
37.
əs-Saffat (Səf-səf
duranlar) surəsi (Məkkədə nazil olmuşdur, 182 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (Rəbbinə ibadət
üçün səmada) səf-səf duranlara (mələklərə);
2. (Buludları) qovduqca qovanlara (yaxud
şeytanların pis əməllərinə mane olanlara, insanlara
günah işlər görməyi qadağan edənlərə)
3. Və Qur’an oxuyanlara!
4. Həqiqətən, sizin Allahınız
birdir!
5. O, göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir.
Məşriqlərin (şərqin və qərbin - günəşin,
ayın və ulduzların doğub batdığı yerlərin)
də Rəbbi Odur.
6. Biz (sizə) ən yaxın olan göy
üzünü (dünya səmasını) ulduzlarla bəzədik.
(Günəş, ay və ulduzlar başqa-başqa göylərdə
olduqları halda, siz onların hamısını özünüzlə
müqayisədə ən yaxın bir yerdə, sanki başınızın
üstündə görürsünüz).
7. (Biz həm də göyü) itaətdən
çıxmış hər bir şeytandan qoruduq.
8. Onlar ali bəzmə (yuxarı aləmə,
mələklər aləminin söhbətlərinə) qulaq
asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə)
qovulub atılar.
9. (Səmadan) kənar edilərlər.
Onları daimi bir əzab göyləyir!
10. Ancaq (şeytanlar içərisində
mələklərin söhbətlərindən bir sözü,
bir xəbəri) çırpışdıran (oğrun-oğrun
öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir
ulduz (hər şeyi dəlib keçən bir mə’şəl)
tə’qib edər.
11. İndi (ya Peyğəmbər,
bu müşriklərdən) soruş: onları yaratmaq çətindir,
yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya:
xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa)
yaratdıqlarımız?] Axı Biz onları (insanların babası
Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
12. Bəli, sən onlara (müşriklərin
Allahın qüdrət əlamətlərini gördükləri
halda qiyamətə inanmamalarına) təəcüblənirsən,
onlar isə (sənin bu inamına) istehza edirlər.
13. Onlara (Qur’anla Allahın dəlilləri
ilə) öyüd-nəsihət verildikdə düşünüb
ibrət almazlar.
14. Bir mö’cüzə gördükdə
isə ona istehza edərlər.
15. Və belə deyərlər: "Bu
ancaq açıq-aşkar bir sehrdir.
16. Məgər biz öldükdən,
torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
17. Eləcə də (bizdən) əvvəlki
atalarımız (dirildiləcəklərmi)?!"
18. (Ya Peyğəmbər!) De: "Bəli,
özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
19. O yalnız dəhşətli bir
səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən)
ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən
müsibətlərə) baxacaqlar.
20. Və deyəcəklər: "Vay
halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"
21. (Mələklər isə onlara
belə deyəcəklər): "Bu (dünyada) yalan hesab etdiyiniz
(haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!"
22. (Allah mələklərə belə
buyuracaqdır: ) "Yığın bir yerə zülm (küfr)
edənləri, onların həmtaylarını və ibadət
etdiklərini -
23. Allahdan qeyri! Onlara Cəhənnəm
yolunu göstərin!
24. Onları tutub saxlayın, çünki
sorğu-sual olunacaqlar!"
25. (Mələklər istehza ilə
onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün
dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?"
26. Bəli, onlar bu gün (Allahın
əmrinə) təslim olmuşlar!
27. Onların bir qismi (tabe olanlar) digəri
(öz başçıları) ilə çənə-boğaz
olmağa başlayacaq.
28. (Tabe olanlar öz başçılarına)
deyəcəklər: "Siz bizim yanımıza (özünüzün
haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli
və uğurlu saydığımız sağ tərəfdən)
gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)".
29. (Başçıları) deyəcəklər:
"Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.
30. Və bizim sizin üzərinizdə
heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz)
azğın (günah etməkdə həddi aşmış)
bir qövm idiniz.
31. Buna görə də Rəbbimizin
sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi.
Biz mütləq (əzabı) dadacağıq!
32. Biz sizi yoldan çıxartdıq,
çünki biz özümüz yoldan çıxmış
kimsələr idik!"
33. O gün hamısı əzaba (cəhənnəm
oduna yanmağa) şərik olacaqlar.
34. Həqiqətən, Biz günahkarlarla
belə rəftar edirik.
35. Onlara: "Allahdan başqa heç bir
tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür göstərirdilər.
36. Və: Biz heç divanə bir şairdən
ötrü tanrılarımızı tərk edərikmi?!"
- deyirdilər.
37. Xeyr, o, haqla (Qur’anla) gəldi və
(özündən əvvəlki) peyğəmbərləri
təsdiq etdi.
38. Siz (müşriklər) şiddətli
əzabı mütləq dadacaqsınız!
39. Siz ancaq etdiyiniz əməllərin
cəzasını alacaqsınız.
40. Allahın müxlis bəndələri
isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).
41. Məhz onlar üçün mə’lum
bir ruzi vardır.
42. (Onlar üçün) növbənöv
meyvələr vardır. Onlar hörmətə (şərəfə)
nail olacaqlar -
43. Nəim cənnətlərində.
44. Onlar taxtlar üstündə bir-biri
ilə üzbəüz əyləşəcəklər.
45. Onlar üçün (cənnət
saqiləri tərəfindən adamı kefləndirməyən,
behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr
dolandırılacaqdır.
46. Ağappaq, özü də içənlərə
ləzzət verən (bir məin).
47. Onun içində (dünyadakı
şərabdan fərqli olaraq) ağlı başdan çıxaran
(başağrısı, süstlük verən) heç bir şey
yoxdur. Onlar ondan məst də olmazlar.
48. Onların yanında gözəl
(irigözlü), baxışları (yalnız ərlərinə)
dikilmiş zövcələr olacaqdır.
49. Onlar, sanki örtülü (bağlı,
heç bir əl dəyməmiş, qabığı içində
təzə-təzə qalmış, ağappaq) yumurtadırlar
(yaxud sədəf içində gizlənmiş incidirlər).
50. Onlar bir-biri ilə (dünyada gördükləri
barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.
51. Onlardan biri belə deyəcək:
"Mənim bir yoldaşım var idi.
52. O deyirdi: "Sən, doğrudan da,
inanmırsan ki,
53. Biz öldükdən, torpaq və
sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq
(və əməllərimizə görə cəzalandırılacağıq)?"
54. (Sonra həmin şəxs Cənnətdəki
yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda olduğunu)
bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).
55. O özü baxıb onu (yoldaşını)
Cəhənnəmin ortasında görəcək
56. Və (ona üz tutub) deyəcəkdir:
"Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb)
məhv edəcəkdin!
57. Əgər Rəbbimin lütfü
olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən
olardım!
58. Biz artıq ölməyəcəyik,
elə deyilmi?
59. (Dünyadakı) ilk ölümümüz
istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"
60. Həqiqətən, bu, böyük
qurtuluşdur (uğurdur)!
61. Qoy (dünyada) çalışanlar
bunun üçün (belə bir əbədi səadət uğrunda)
çalışsınlar!
62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət
üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki
pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?
63. Biz onu zalımlar (cəhənnəm
istisində heç bir ağac bitməz deyən kafirlər)
üçün bir bəla (dərd) etdik.
64. O elə bir ağacdır ki, Cəhənnəmin
lap dibindən (cəhənnəm odunun içindən) çıxar.
65. Onun meyvəsi şeytanların
başı kimidir (olduqca çirkin və əcaibdir).
66. Onlar (cəhənnəm əhli)
ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
67. Sonra onlar üçün (içməyə)
qaynar su ilə qatışmış irin vardır.
68. Daha sonra onların qayıdacaqları
yer mütləq yenə Cəhənnəmdir!
69. Çünki onlar atalarını
(dünyada haqq yoldan) azmış gördülər.
70. Bununla belə yüyürə-yüyürə
onların ardınca düşüb getdilər.
71. Həqiqətən, onlardan (Məkkə
müşriklərindən) əvvəlkilərin (keçmiş
ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.
72. And olsun ki, Biz onlara (Allahın əzabı
ilə) qorxudan peyğəmbərlər göndərmişdik.
73. (Ya Rəsulum!) Bir gör o qorxudulanların
(lakin düz yola gəlməyənlərin) axırı necə
oldu!
74. Yalnız Allahın sadiq bəndələrindən
başqa! (Onlara heç bir əzab verilmədi).
75. Həqiqətən, Nuh (öz tayfasının
məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası
necə də gözəl qəbul olunmuşdu!
76. Biz (Nuh qövmünü suda boğub)
onu və ailəsini böyük fəlakətdən qurtardıq.
77. Məhz onun nəslini (qiyamətə
qədər yer üzündə) baqi etdik.
78. Sonralar gələnlər içərisində
onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
79. (Onu belə yad edirlər: ) "Bütün
aləmlər (bəşər əhli) içərisində
Nuha salam olsun!"
80. Həqiqətən, Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq!
81. Şübhəsiz ki, o Bizim mö’min
bəndələrimizdən idi!
82. Sonra başqalarını (Nuha iman
gətirməyənləri) suda boğduq.
83. Həqiqətən, İbrahim də
onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən)
idi.
84. O zaman o öz Rəbbinin hüzuruna
tərtəmiz bir qəlblə gəlmişdi.
85. Həmin vaxt o, atasına və
tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz?
86. Allahı qoyub yalançı tanrılarımı
istəyirsiniz?
87. Aləmlərin Rəbbi barəsində
zənniniz nədir?" (Onun ruzisini yeyib bütlərə tapınırsınız?
Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
88. (İbrahim) ulduzlara bir nəzər
saldı.
89. Və (ətrafındakıları
özündən uzaqlaşdıqmaq məqsədilə) dedi:
"Mən xəstəyəm!"
90. (İbrahimin yanındakılar xəstəliyin
onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri
bayrama tələsərək) ondan üz çevirib getdilər.
91. (İbrahim) xəlvətcə onların
tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər
(yanınızda olan bu təamları) yeməyəcəksiniz?
92. Sizə nə olub ki, danışmırsınız?"
93. Sonra bütlərin üstünə
yüyürüb sağ əli ilə onlara möhkəm bir
zərbə endirdi.
94. (Bundan xəbər tutan tayfası)
yüyürə-yüyürə onun yanına gəldi.
95. (İbrahim onlara) dedi: "Siz özünüz
yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
96. Halbuki sizə də, sizin düzəltdiklərinizi
də Allah yaratmışdır!"
97. Onlar dedilər: "Bunun (İbrahim)
üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü
də oda atın!"
98. Onlar onun üçün belə
bir hiyə qurmaq istədilər, Biz isə onları çox
səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri
baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
99. (İbrahim oddan xilas olduqdan sonra)
dedi: "Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu
yerə - Şama tərəf) gedirəm. O mənə doğru
yolu mütləq göstərəcəkdir!"
100. (İbrahim müqəddəs torpağa
yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə
salehlərdən olan (bir övlad) bəxş et!"
101. Biz də ona həlim xasiyyətli
bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
102. O, yüyürüb qaçmaq (atasına
kömək edə bilmək) çağına (on üç
yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda
gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə)
nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə
əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən
olduğumu görəcəksən!"
103. Onların hər ikisi (Allahın
əmrinə) təslim olduğu və (İbrahim İsmaili
qurban kəsmək üçün) üzüstə yerə
yıxdığı zaman
104. Biz ona belə xitab etdik: "Ya İbrahim!
105. Artıq sən rö’yanın
düzgünlüyünü (Allah tərəfindən olduğunu)
təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa,
onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş
görənləri belə mükafatlandırırıq.
106. Şübhəsiz ki, bu, açıq-aydın
bir imtahan idi.
107. Biz ona böyük bir qurbanlıq
(Habilin qurbanlıq qoçunu) əvəz verdik.
108. Sonradan gələnlər arasında
onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
109. (Onu belə yad edirlər: ) "İbrahimə
salam olsun!"
110. Həqiqətən, Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq!
111. Şübhəsiz ki, o Bizim mö’min
bəndələrimizdən idi!
112. Ona salehlərdən olan İshaqın
peyğəmbər olacağı ilə müjdə verdik.
113. Biz ona İshaqa (peyğəmbərliklə,
övlad çoxluğu ilə) bərəkət verdik. Onların
hər ikisinin nəslindən yaxşı işlər görən
də var, açıq-aşkar özünə zülm edən
də!
114. Biz Musa və Haruna da ne’mət
(peyğəmbərlik) bəxş etdik.
115. Onların hər ikisini böyük
fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda boğulmaqdan)
qurtardıq.
116. Onlara yardım etdik və onlar
(düşmənə) qalib gəldilər.
117. Onlrın hər ikisinə (hökmləri)
açıq-aydın o kitabı (Tövratı) verdik.
118. Onların hər ikisni doğru
yola müvəffəq etdik.
119. Sonradan gələnlər içərisində
onların hər ikisi üçün (yaxşı ad, gözəl
xatirə) qoyduq.
120. (Onları belə yad edirlər:
) "Musaya və Haruna salam olsun!"
121. Həqiqətən, Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq!
122. Şübhəsiz ki, onların
hər ikisi Bizim mö’min bəndələrimizdən idi.
123. Həqiqətən, İlyas da
(Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
124. Bir zaman o öz tayfasına belə
demişdi: "Məgər (bütlərə ibadət etməklə)
Allahdan qorxmursunuz?
125. Məgər siz yaradanların ən
yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l
adlı bütə) ibadət edirsiniz?
126. Həm sizin Rəbbiniz, həm
də (sizdən) əvvəlki atalarınızın (babalarınızın)
Rəbbi olan Allahımı (tərk edirsiniz)?"
127. Lakin onlar onu təkzib etdilər,
buna görə də (qiyamət günü Cəhənnəmə)
gətiriləcəklər.
128. Yalnız Allahın müxlis bəndələrindən
başqa!
129. Sonradan gələnlər arasında
onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
130. (Onu belə yad edirlər: ) "İlyasinə
(İlyasa) salam olsun!"
131. Həqiqətən, Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq!
132. Şübhəsiz ki, o Bizim mö’min
bəndələrimizdən idi!
133. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
134. (Ya Rəsulum!) Yadına sal ki,
Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu
və bütün ailəsini xilas etdik.
135. Yalnız əzab içində
qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən)
başqa!
136. Sonra isə başqalarını
(iman gətirməyənləri) yox etdik.
137. Siz (Şama getdiyiniz zaman) səhər
vaxtı onların yurdundan keçirsiniz;
138. Eləcə də axşam vaxtı.
Məgər bir düşünüb-daşınmırsınız?
139. Həqiqətən, Yunis də
(Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
140. (Ya Peyğəmbər!) Yadına
sal ki, bir zaman o, (qövmünün küfrü üzündən
yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
141. (Gəmidə olanlar) püşk
atmış və (püşk ona düşdüyü üçün)
məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə
mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna
görə də sərnişinlər: "Yəqin ki, içərimizdə
ağasından qaçmış kölə vardır", - demişdilər.
Kölənin kim olduğunu bilmək üçün püşk
atılmış və o, Yunisə düşmüşdü.
Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
142. (Yunis Allahın izni olmadan qövmünü
tərk edib getdiyinə görə) özünü qınayarkən
(dənizə atılarkən) balıq onu udmuşdu.
143. Əgər o, (Allahı) çox
təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
144. Yəqin ki, balığın qarnında
qiyamət gününə qədər qalardı.
145. Nəhayət, o, xəstə olduğu
halda onu boş bir yerə (sahilə) atdıq.
146. Və (başı) üstündə
(ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac
(yaxud qabaq tağı) bitirdik.
147. Biz onu yüz min nəfərə
və daha çox kimsəyə peyğəmbər göndərdik.
148. Nəhayət, onlar ona (Yunisə)
iman gətirdilər və Biz də onlara müəyyən
vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran
verdik.
149. (Ya Peyğəmbər! İndi
o müşriklərdən) soruş: "Deməli, qızlar sənin
Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?"
150. Yoxsa Biz mələkləri dişi
yaratmışıq və onlar da (buna) şahid olublar?!
151. Xəbərin olsun ki, onlar öz
yalanları üzündən mütləq belə deyəcəklər:
152. "Allah övlad törətmişdir
(mələklər Onun qızlarıdır)". Onlar, həqiqətən,
yalançıdırlar!
153. Məgər Allah (mələkləri
özünə övlad götürməklə) qızları
oğlanlardan üstünmü tutmuşdur?!
154. Sizə nə olmuşdur, necə
mühakimə yürüdürsünüz?
155. Heç düşünürsünüz?!
156. Yoxsa sizin açıq-aşkar bir
dəliliniz vardır?!
157. Əgər doğru danışırsınızsa,
kitabınızı gətirin!
158. (Müşriklərə həm
də özlərindən) Onunla (Allahla) cinlər (pərilər,
yaxud mələklər) arasında bir qohumluq əlaqəsi
icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü
deyənlərin qiyamət günü Cəhənnəmə)
gətiriləcəyini bilirlər.
159. Allah (müşriklərin) Ona
aid etdikləri sifətlərdən təmamilə uzaqdır!
160. Allahın müslis (mö’min)
bəndələri isə istisnadır.
161. (Ey Müşriklər!) Nə
siz, nə də ibadət etdikləriniz
162. Heç kəsi tovlayıb yoldan
çıxara bilməzsiniz;
163. Yalnız Cəhənnəmə
girəcək kimsədən başqa!
164. (Cəbrail Peyğəmbər
əleyhissəlama belə dedi: ) "Bizdən (mələklərdən)
elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün)
müəyyən bir yeri olmasın!
165. Həqiqətən, biz səf-səf
dururuq.
166. Və (Allahı) təqdis edib
şə’ninə tə’riflər deyirik.
167. (Məkkə müşrikləri)
tə’kidlə belə deyirdilər:
168. "Əgər bizdə əvvəlkilərin
kitablarından biri olsa idi,
169. Biz də mütləq Allahın
müxlis bəndələri olardıq!"
170. Amma onu (Qur’anı) inkar etdilər.
Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
171. And olsun ki, peyğəmbər
bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda)
bu sözümüz deyilmişdi:
172. "Onlar mütləq qalib gələcəklər.
173. Bizim əsgərlərimiz (mö’minlər)
labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!"
174. (Ya Peyğəmbər!) Sən
bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək)
onlardan üz çevir!
175. Və (kənardan) onlara bax! Onlar
mütləq (küfrlərinin aqibətini) görəcəklər!
176. Onlar əzabımızın tezliklə
gəlməsini istəyirlər?
177. (O əzab) onlara yetişdikdə
(evlərində ikən başlarının üstünü
aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin)
sabahı necə də pis olacaq!
178. (Ya Peyğəmbər!) Sən
onlardan bir müddət üz çevir!
179. Və (kənardan) onlara bax! Onlar
mütləq (küfrlərinin aqibətini) görəcəklər!
180. Sənin Rəbbin - yenilməz
qüvvət sahibi (mülkündə hər şeyə qalib)
olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən
tamamilə uzaqdır!
181. Peyğəmbərlərə
salam olsun!
182. Aləmlərin Rəbbi olan Allaha
həmd olsun!

|