| |
38.
Sad surəsi (Məkkədə
nazil olmuşdur, 88 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Sad! (Şanlı-şərəfli)
öyüd-nəsihətlə dolu Qur’ana and olsun!
2. (Məkkə kafirlərinin iman gətirməmələri
heç də, onların dediyi kimi, şəkk-şübhə
üzündən deyildir). Doğrusu, o kafirlər qürur və
nifaq içindədirlər. (İman gətirməyi özlərinə
sığışdırmır. Muhəmməd əleyhissəlama
qarşı çıxıb onunla ədavət aparırlar).
3. Biz onlardan əvvəl neçə-neçə
nəsilləri məhv etdik. Onlar fəryad edib kömək
diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can
qurtarmaq vaxtı deyildi.
4. Onlar öz içərilərindən
özlərinə (Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gəlməsinə təəccüb etdilər
və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!
5. Əcaba, o, (Allahdan başqa heç
bir tanrı yoxdur deməklə) tanrıların hamısını
bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü
bir şeydir.
6. Onların ə’yanları (toplandıqları
məclisdən) çıxıb gedərək (bir-birinə)
belə dedilər: "Gedin öz tanrılarınıza (ibadətdə)
möhkəm (səbatlı) olun. (Bizdən) istənilən
şey budur (tövhiddir).
7. Biz bunu (Muhəmmədin dediklərini)
sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik.
Bu ancaq bir uydurmadır.
8. Məgər Qur’an aramızdan onamı
nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü
də kasıbdır)". Doğrusu, onlar Mənim Qur’anım barədə
şəkk-şübhə içindədirlər. Doğrusu,
onlar hələ Mənim əzabımı dadmamışlar!
9. Yoxsa (ya Peyğəmbər!) Sənin
yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət
xəzinələri onlara məxsusdur?!
10. Yaxud göylərin, yerin və
onların arasında olan hər şeyin ixtiyarı onların
əlindədir?! Elə isə qoy iplərdən yapışıb
(göyə) qalxsınlar! (Kainatın hökmünü öz
əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə
peyğəmbərlik verib ona vəhy göndərsinlər!)
11. Onlar (müşriklər) burada
(yaxın zamanlarda baş verəcək Bədr vuruşunda,
yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən
ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.
12. Onlardan əvvəl Nuh qövmü,
Ad və sarsılmaz səltənət (möhtəşəm
binalar və ya hündür qayalar, dar ağacları) sahibi
Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.
13. Eləcə də Səmud, Lut
qövmü, Əykə əhli (Şüeyb tayfası) - bu
firqələrin
14. Hər biri peyğəmbərləri
ancaq yalançı saymışdı. Buna görə də
əzabım (onlara) vacib oldu.
15. Bunlar (Məkkə müşrikləri)
yalnız bir dəhşətli (tükürpədici) səsə
(İsrafilin suru bircə dəfə üfürməsinə)
bənddirlər. (Surun çalınması vaxtı gəlib
çatdıqda isə) o, bir an belə gecikməz!
16. Onlar (istehza ilə): "Ey Rəbbimiz!
Tez ol, bizim payımızı (əməl dəftərimizi,
yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə)
haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl
ver!" - dedilər.
17. (Ya Peyğəmbər!) Onların
dediklərinə səbr et və qüvvətli bəndəmiz
Davudu yadına sal! Çünki o, daim Allaha sığınan
bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm
səltənət sahibi olmasına baxmayaraq günaşırı
oruc tutar, gecələri durub namaz qılar, dünya malına,
naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını
qazanmaq diləyərdi).
18. Biz dağları ona ram etmişdik.
Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis
edib şə’ninə tə’riflər deyərdilər.
19. Biz quşları da toplu halda (onun
ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə
idi.
20. Biz onun mülkünü (səltənətini)
möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik)
və (haqla batili ayırd edib) düzgün hökm vermək
qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül
məsələləri asanlıqla həll edər, ədalətli
hökm çıxarardı).
21. (Ya Peyğəmbər!) Sənə
(Davudun padşahlığı vaxtı) dava edənlərin
xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus)
mə’bədə (ibadət vaxtı ora daxil olmaq qadağan
edildiyi üçün) divardan aşıb gəlmişdilər.
22. Onlar Davudun yanına gəlikdə
(Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb
daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma,
biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq.
Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç
birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!"
23. (Onlardan biri dedi: ) "Bu mənim (din)
qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim
isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz
zövcəsi, mənim isə bircə zövcəm var). Belə
bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib
et!)" - dedi və (dildən pərgar olduğu üçün)
mübahisədə məni məğlub etdi".
24. (Bu sözləri eşidən Davud
o biri iddiaçı ağzını açmağa macal tapmamış)
dedi: "O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə,
şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan
da, şəriklərin çoxu bir-birinə haqsızlıq
edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən
savayı! Onlar da (təəssüf ki) çox azdırlar!" (İddiaçılar
bir-birinə baxıb güldükdən, yaxud çıxıb
getdikdən sonra) Davud (bu işdən şübhəyə
düşərək) Bizim onu imtahana çəkdiyimizi güman
etdi. O dərhal Rəbbindən öz bağışlanmasını
dilədi və dizi üstə düşüb səcdəyə
qapanaraq tövbə etdi.
25. Biz bunu (o biri iddiaçını
dinləməyərək onu zülmkar adlandırmasını
və ya belə bir səhv zənnə düşməsini)
ona bağışladıq. Həqiqətən, o, (qiyamət
günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb
gələcəyi yer də gözəl olacaqdır (yaxud onu
dünyada çoxlu ne’mət, axirətdə isə gözəl
sığınacaq - Cənnət gözləyir).
26. Ya Davud! Biz səni yer üzündə
xəlifə (və ya əvvəlki peyğəmbərlərə
xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə
hökm et, nəfsdən gələn istəklərə uyma,
yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz
ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları
üçün şiddətli bir əzab gözləyir!
27. Biz göyü, yeri və onların
arasında olanları (bütün məxluqatı) boş-boşuna
yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm
odunda yanacaq kafirlərin halına!
28. Yoxsa Biz iman gətirib yaxşı
işlər görənləri yer üzündə fitnə-fəsad
törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan
qorxub pis əməllərdən çəkinənləri günahkarlara
tay edəcəyik?!
29. (Ya Peyğəmbər! Bu Qur’an)
sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli)
bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb
dərk etsinlər və ağıl sahibləri də (ondan)
ibrət alsınlar!
30. Biz Davuda Süleymanı bəxş
etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan
bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi).
31. (Bir gün) axşamüstü
ona cins (bir ayağını dırnağı üstünə
qoyub, üç ayağı üstündə duran), çapar
atlar göstərildiyi zaman
32. O dedi: "Mən gözəlliyi (bu
atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm
(çünki Allahın dinini qüvvətləndirmək üçün
bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur).
Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb
olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni
Rəbbimin zikrindən yayındırdı. O qədər onlara
tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)".
33. (Süleyman dedi: ) "Onları (atları)
mənə qaytarın!" (Atlar qaytarılıb gətirildikdən
sonra) onların qıçlarını və boyunlarını
sığallamağa başladı. (Yaxud onu ibadətdən
yayındırdıqları üçün onları qurban kəsib
fəqir-füqəraya payladı).
34. And olsun ki, Biz Süleymanı (etdiyi
bir xəta üzündən) imtahana çəkdik. Taxtının
üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının
üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə
etdi və yenidən öz mülkünə, öz taxtına)
qayıtdı.
35. (Süleyman dua edib) dedi: "Ey Rəbbim!
Məni bağışla və mənə elə bir mülk
(səltənət) ver ki, məndən sonra (o cürəsinə)
heç kəs nail ola bilməsin. Həqiqətən, Sən
böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın
duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik,
həm də padşahlıq əta etdi).
36. Biz küləyi ona ram etdik. Külək
onun əmri ilə istədiyi yerə rahatca gedirdi.
37. (Biz) şeytanlardan olan hər bir
bənnanı və qəvvası,
38. Eləcə də başqalarını
(digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına
verdik)
39. (Və ona belə buyurduq: ) "Bu Bizim
ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud
(saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən
bu ne’mətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)".
40. Həqiqətən, o, (qiyamət
günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb
gələcəyi yer də gözəl olacaqdır (yaxud onun
üçün dünyada çoxlu ne’mət, axirətdə
isə gözəl sığınacaq - Cənnət vardır).
41. (Ya Peyğəmbər!) bəndəmiz
Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə
belə demişdi: "Şeytan mənə bəla və əzab
toxundurmuşdur!"
42. (Ona belə buyurduq: ) "Ayağınla
(yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək
sərin (sudur)!" (Əyyub o su ilə qüsl edib ondan içən
kimi bütün xəstəlikləri getdi).
43. Dərgahımızdan bir mərhəmət
və ağıl sahiblərinə bir ibrət olsun deyə,
ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq)
bağışladıq.
44. (Əyyub xəstə olduğu
zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb
çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan
sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun
öz andına əməl etməsi, həm də zövcəsinin
cəsasının yüngülləşdirilməsi üçün
ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru
çubuqdan ibarət) bir dəstə götür və onunla
(övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə)
səbr edən gördük. Nə gözəl bəndə!
O, (daim Allaha) sığınan bir kimsə idi.
45. (Ya Rəsulum!) Qüvvət və
bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı
və Yə’qubu da yad et!
46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini
onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə
uymayıb ömürlərini Allaha ibadət və itaət
içində keçirdər, dünyalarından daha çox axirətləri
haqında düşünərdilər).
47. Şübhəsiz ki, onlar dərgahımızdan
seçilmiş ən yaxşı kimsələrdəndirlər!
48. (Ya Peyğəmbər!) İsmaili,
(İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli
də xatırla! Onların hamısı seçilmiş, ən
yaxşı kimsələrdəndir!
49. Bu, (onları tə’riflə, minnətdarlıqla)
yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin
üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub
pis əməllərdən çəkinənləri gözəl
bir qayıdış yeri (Cənnət) gözləyir!
50. Qapıları onlar üçün
(taybatay) açılmış Ədn cənnətləri!
51. Onlar orada (taxtlara) söykənib
cürbəcür meyvələr və içkilər (cənnət
içkiləri) istəyəcəklər.
52. Onların yanında gözlərini
(yalnız ərlərinə) dikmiş həmyaşıdlar
(hamısı otuz üç yaşında zövcələr)
olacaqdır.
53. Haqq-hesab günü üçün
(axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır.
54. Bu, əlbəttə, Bizim ruzimizdir.
O bitməz-tükənməzdir.
55. Bu belə! Şübhəsiz ki,
azğınları (Allaha asi olanları) da çox pis qayıdış
yeri -
56. Cəhənnəm (gözləyir).
Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!
57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
58. (Cəhənnəmdə) ona bənzər
daha başqa-başqa (əzablar) vardır.
59. (Mələklər kafirlərin
dünyadakı başçılarına onlara tabe olanları
göstərib deyəcəklər: ) "Bu sizinlə birlikdə
(Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar
deyəcəklər: ) "Onlar rahatlıq üzü görməsinlər!
(Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!"
60. (Tabe olanlar da öz başçılarına)
belə deyəcəklər: "Xeyr, siz elə özünüz
rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə
salam olmasın!) Bunu bizim üçün siz hazırladınız
(bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın
(bu Cəhənnəm) necə də pis məskəndir!
61. Onlar deyəcəklər: "Ey Rəbbimiz!
Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını
Cəhənnəmdə ikiqat elə!"
62. (Azğınlar, Allaha asi olanlar
bir-birinə) deyəcəklər: "(Dünyada) pis adamlar saydığımız
kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük?
63. Biz onları məsxərəyə
qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!"
64. Şübhəsiz ki, bu - cəhənnəm
əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz
olması) bir həqiqətdir!
65. (Ya Rəsulum!) De: "Mən yalnız
(sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm.
Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç
bir tanrı yoxdur!
66. O, göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir!
O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
67. De: "O (Qur’an Allah dərgahından
nazil olan) çox böyük xəbərdir!
68. Siz isə ondan üz döndərirsiniz!
69. (Mələklər Adəmin yaradılması
barədə Allahla) mübahisə apararkən mənim yuxarı
aləmdən heç bir xəbərim yox idi.
70. (Bütün onlar) mənə ancaq
(sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər
olduğum üçün bir vəhy olunur!"
71. (Ya Peyğəmbər!) Xatırla
ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi:
"Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə
salıb) Öz ruhumdan (Özümün yaratdığı
ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti
olaraq) səcdə edin!"
73. Buna görə də mələklərin
hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa!
O (səcdə etməyə) təkəbbür göstərdi
və kafirlərdən oldu.
75. (Allah) buyurdu: "Ey İblis! Sənə
mənim Öz əlimlə yaratdığıma səcdə
etməyə nə mane oldu? Təkəbbür göstərdin,
yoxsa özünü yuxarı tutdun?"
76. (İblis) dedi: "Mən ondan daha
yaxşıyam (daha üstün, daha şərəfliyəm).
Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən).
Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun
birisən!
78. Qiyamət gününə qədər
Mənim lə’nətim sənin üstündən əskik
olmasın!"
79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət
gününə qədər mənə möhlət ver!"
80. (Allah) buyurdu: "Sən möhlət
verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı mə’lum
olan günə (qiyamətə) qədər!"
82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə
and olsun ki, onların (Adəm övladının) hamısını
(haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən
başqa!
84. (Allah) buyurdu, "Həqiqətən,
doğru deyirəm,
85. And olsun ki, Mən Cəhənnəmi
səninlə (sənin cinsindən olanlarla) və sənə
uyanların hamısı ilə dolduracağam!"
86. (Ya Peyğəmbər!) De: "Mən
buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə)
görə sizdən heç bir əcr (mükafat) istəmirəm.
Və mən özümdən bir şey uydurub deyənlərdən
də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız
onu sizə çatdırıram. Bu Qur’an mənim sözüm
deyil, Allah kəlamıdır!)
87. Bu (Qur’an) aləmlərə (həm
insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
88. Siz onun verdiyi xəbəri (Qur’anda
deyilənlərin doğru olduğunu) bir müddətdən
(öləndən, yaxud qiyamət qopandan) sonra mütləq
biləcəksiniz!"

|