| |
4.
ən-Nisa (Qadınlar)
surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey insanlar! Sizi tək bir şəxsdən
(Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı)
yaradan və onlardan da bir çox kişi və qadınlar törədən
Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür
şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini
kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah
sizin üzərinizdə gözətçidir!
2. Yetimlərin mallarını (həddi-büluğa
çatdıqda) özlərinə verin və pisi (haramı)
yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin
malı sizə haram, öz malınız isə halal olduğu
halda, onları bir-birilə dəyişməyin!) Onların
mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən,
bu, böyük günahdır.
3. Əgər yetim qızlarla (evlənəcəyiniz
təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən
qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz)
başqa qadınlardan iki, üç və dörd nəfərlə
nikah bağlayın! Əgər (onlarla da) ədalətlə
dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər
(azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin
(yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin
və ya əlinizin altında olan kənizlərlə kifayətlənin).
Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa)
daha yaxındır.
4. Qadınlarınızın mehrlərini
könül xoşluğuyla verin! Əgər onlar qəlbən,
öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar,
onu halal olaraq, nuşcanlıqla yeyin!
5. Allahın sizə dolanmaq ünün
bəxş etdiyi malları (və ya Allahın sizi üzərində
qəyyum tə’yin etdiyi yetim malını) səfehlərə
(ağılsızların əlinə) verməyin. Onları
həmin maldan yedirdib geyindirin və özlərinə xoş
sözlər deyin.
6. Yetimləri nikah yaşına çatıncaya
qədər sınayın. Əgər ağla dolduqlarını
(həddi-büluğa çatdıqlarını) hiss etsəniz,
mallarını özlərinə qaytarın. Böyüyəcəklər
(böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları
israf edib tələm-tələsik yeməyin. Zəngin olan
(qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş
qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi
zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını
özlərinə qaytardığınız zaman yanlarında
şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət
edər!
7. Ata, ana və qohumların (vəfat
etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara
pay düşür. Həmin malın azından da, çoxundan
da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.
8. Malın (vərəsələr
arasında) bölünməsi zamanı varis olmayan qohumlar,
yetimlər və yoxsullar da orada iştirak edərlərsə,
onlara da o maldan bir şey verin və gözəl sözlərlə
könüllərini alın!
9. Özlərindən sonra (aciz və
zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan
ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü
də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın
qəzəbindən çəkinərək sözün doğrusunu
danışsınlar!
10. Həqiqətən, yetimlərin
mallarını haqsızlıqla yeyənlərin yedikləri
qarınlarında oda çevriləcək və onlar (qiyamətdə)
alovlu Cəhənnəmə girəcəklər.
11. Allah övladlarınız haqqında
sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi
qədər pay düşür. Əgər (ölən şəxsin)
qızlarının sayı ikidən artıqdırsa, mirasın
üçdə iki hissəsi onlara çatır. Əgər
təkcə bir nəfər qızdırsa, mirasın yarısı
onundur. Övladı olduğu təqdirdə vəfat edənin
ata və anasının hər birinə mirasın altıda
bir hissəsi verilir. Əgər onun övladı olmayıb,
varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə
bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır).
Əgər ölmüş şəxsin qardaşları və
bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə
qalan hissəsi yenə atanın payına düşür).
Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə
yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır.
Valideynlərinizdən və övladlarınızdan hansı
birinin (xeyir və) mənfəət cəhətdən sizə
daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü)
Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən,
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
12. (Ey kişilər!) Əgər (vəfat
etmiş) arvadlarınızın uşağı yoxdursa, onların
vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən
sonra qoyub getdikləri malın yarısı sizindir. Onların
övladları olduqda isə mirasın dörddə biri sizə
çatır. Əgər sizin uşağınız yoxdursa,
vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən
sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın
payına düşür. Övladlarınız olduqda isə
mirasın səkkizdə biri onlara çatır. Əgər
(vəfat etmiş) kişi və qadının (ata-anası
və övladı olmayıb) eyni anadan tək bir qardaşı
və ya bir bacısı varsa, onların hər birinə mirasın
altıda biri düşür. Onların sayi birdən artıq
olduqda isə hamısı həmin malın üçdə
birinə şərikdir. Bu, (vərəsələrə) zərər
toxunmadığı halda edilən vəsiyyətin yerinə
yetirilməsindən və ya borcun ödənilməsindən
sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən
(bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər
şeyi) biləndir, həlimdir!
13. Bunlar Allahın hədləridir
(hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə
itaət edərsə, Allah onu (ağacları) altından çaylar
axan cənnətlərə əbədi olaraq daxil edər ki,
bu da (mö’minlər üçün) böyük qurtuluşdur
(uğurdur)!
14. Hər kəs Allaha və Peyğəmbərinə
itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu
həmişəlik Cəhənnəmə daxil edər. Onu
rüsvayedici əzab gözləyir.
15. Qadınlarınızdan zina edənlərə
qarşı öz aranızdan (mö’minlərdən) dörd
şahid tutun! Əgər onlar (bu işə) şəhadət
verərlərsə, həmin qadınları ölənə
qədər, yaxud Allah onlar üçün bir yol açanadək
evlərdə həbs edin!
16. İçərinizdən belə
qəbih iş görənlərin hər ikisinə əziyyət
verin. Əgər tövbə edib özlərini düzəltsələr,
onları incitməkdən vaz keçin! Əlbəttə, Allah
tövbələri qəbul edəndir, (bəndələrini)
bağışlayandır!
17. Allah yanında yalnız o kəslərin
tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir
iş gördükdən sonra dərhal tövbə edərlər.
Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən,
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
18. Günah işlər görməkdə
davam edərək ölüm yetişən anda: "Mən indi
tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin
tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli
bir əzab hazırlamışıq!
19. Ey iman gətirənlər! Qadınlara
zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar
pis bir iş görməyincə, özlərinə verdiyiniz
şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə
onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın
buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz
(dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər
hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu
xeyir nəzərdə tutmuş olsun.
20. Əgər bir arvadın yerinə
başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə)
çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri
almayın! Məgər bu malı böhtan atmaq və aşkar
bir günah iş görməklə gerimi alacaqsınız?!
21. Siz onu necə geri ala bilərsiniz
ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və
onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman
almışdılar.
22. Atalarınızın evlənmiş
olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə
(Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır.
Əlbəttə, bu çox çirkin, iyrənc işdir və
(Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!
23. Sizə analarınız, qızlarınız,
bacılarınız, bibiləriniz, xalalarınız, qardaş
və bacılarınızın qizları, süd analarınız,
süd bacılarınız, arvadlarınızın anaları
və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə
olan qızları (ögey qızlarınız) ilə evlənmək
haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın
qızları ilə evlənmək isə sizin üçün
günah deyildir. Öz belinizdən gələn oğullarınızın
arvadları ilə evlənmək və iki bacını birlikdə
almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət
dövründə) olan bu cür işlər müstəsnadır.
Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir!
24. (Cihad vaxtı əsir olaraq) sahib
olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları
almaq Allahın yazısı (hökmü) ilə sizə (haram
edildi). Bunlardan başqaları isə namusla (iffətlə),
zinakarlığa yol vermədən, mallarınızı sərf
edərək evlənmək üçün sizə halal edildi.
İstifadə (müt’ə) etdiyiniz qadınların mehrlərini
lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra
aranızda razılaşdığınız şeydən
ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən,
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
25. İçinizdən azad mö’min
qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib
olduğunuz (əllərinizin altında olan) mö’min (cavan,
iffətli) cariyələrdən (kənizlərdən) alsınlar.
Allah sizin imanınızı (əqidənizi) daha yaxşı
bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul,
azad qadın və cariyə-hamısı Adəm nəslindəndir.
Onlar hamısı Allah bəndələri olduqları üçün
yaradılış e’tiqad baxımından aralarında vəhdət,
birlik mövcuddur. Buna görə də cariyələrə
həqarətlə baxmayın). İffətini qoruyub saxlayan,
zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə
sahiblərindən icazə alıb evlənin və onların
mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar
(ərə getdikdən sonra) zina edərlərsə, cəzaları
azad qadınlara verilən əzabın yarısı qədərdir.
Bu (kənizlərlə evlənmək), (ehtiras, şəfvət
üzündən) zina etməkdən qorxanlarınız üçündür.
Əgər səbr edərsinizsə, sizin üçün daha
yaxşı olar. Həqiqətən, Allah bağışlayandır,
rəhm edəndir!
26. Allah sizə (bilmədiklərinizi)
bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları
sizə göstərmək və tövbələrinizi qəbul
etmək istər. Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
27. Allah sizin tövbələrinizi
qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə
sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq
istəyirlər.
28. Allah istər ki, üzərinizdə
olanı (ağırlığı) yüngülləşdirsin,
çünki insan (şəfvətini cilovlamaq və itaətin
çətinliyinə dözmək baxımından) zəif
yaradılmışdır.
29. Ey iman gətirənlər! Qarşılıqlı
razılıqla edilən alış-veriş müstəsna
olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə
(haqsız yerə) yeməyin və özünüzü öldürməyin!
Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!
30. Hər kəs təcavüz və
zülm etməklə bu işləri görərsə, Biz
onu cəhənnəm oduna atırıq. Şübhəsiz
ki, bu da Allah üçün çox asandır!
31. Əgər sizə qadağan olunmuş
böyük günahlardan çəkinərsinizsə, Biz də
sizin qəbahətlərinizin (kiçik günahlarınızın)
üstünü örtər və sizi (şərəfli bir
mənzilə) çatdırarıq.
32. Allahın (maddi, yaxud mə’nəvi
cəhətdən) birinizi digərindən ütün tutduğu
(birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə)
arzulamayın. Kişilərin öz qazandıqlarından öz
payı, qadınların da öz qazandıqlarından öz
payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən
(mərhəmətindən) istəyin! Şübhəsiz ki,
Allah hər şeyi (olduğu kimi) biləndir.
33. Ata-ana və yaxın qohumların
qoyub getdikləri maldan hər biri üçün varislər
tə’yin etdik. And içib, əhd-peyman bağladığınız
şəxslərin də paylarını özlərinə
verin! Əlbəttə, Allah hər şeyə şahiddir!
34. Kişilər qadınlar üzərində
ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın
onlardan birini digərinə üstün etməsi və (kişilərin)
öz mallarından (qadınlar üçün) sərf etməsinə
görədir. Əməlisaleh qadınlar (ərlərinə)
itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri
(ərlərinin sirlərini, mal-dövlətini, namus və
şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq
etmələrindən qorxduğunuz qadınlara nəsihət
edin, (yola gəlməzsə) onlardan yatağınızı
ayırın və döyün! Sizə itaət etdikdə
isə daha onlara (əziyyət vermək üçün) başqa
yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
35. (Ey mö’minlər!) Əgər
ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o
zaman kişinin adamlarından bir nəfər və qadının
adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin
edib (onların yanına) göndərin. Əgər onlar (bu
iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr,
Allah da onların köməyi olar. Həqiqətən, Allah
(hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!
36. Allaha ibadət edin və Ona heç
bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya,
yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya,
yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə
(yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul
və kənizlərə) yaxşılıq edin! Həqiqətən,
Allah özünü bəyənənləri, lovğalıq
edənləri sevməz!
37. O kəslər ki, özləri
xəsislik etməklə bərabər, başqalarını
da xəsisliyə təhrik edir və Allahın öz lütfündən
bəxş etdiyi ne’mətləri gizlədirlər (mütləq
cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün
alçaldıcı əzab hazırlamışıq!
38. Öz mallarını xalqa göstərmək
(şöhrət qazanmaq) xatirinə xərcləyənləri,
Allaha və axirət gününə inanmayanları da (Allah
sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı
necə də pisdir!
39. Əgər onlar Allaha və axirət
gününə inanıb, Allahın onlara verdiyi ruzidən
(yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər
çəkərdilər)?! Allah onları (ən yaxşı)
tanıyandır.
40. Həqiqətən, Allah (heç
kəsə) zərrə qədər zülm etməz. Əgər
yaxşı bir əməl baş verərsə, onu (onun savabını)
ikiqat artırar və öz tərəfindən də (bu əməlin
sahibinə) böyük mükafat verər!
41. (Ya Rəsulum!) Hər ümmətdən
(peyğəmbərini) bir şahid gətirəcəyimiz və
səni də onlara şahid tə’yin edəcəyimiz zaman (kafirlərin
halı) nə cür olacaq?
42. O gün Allahı dananlar və
Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı
arzu edərlər və heç bir sözü Allahdan gizlədə
bilməzlər!
43. Ey iman gətirənlər! Sərxoş
ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar)
olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır
- qüsl edənədək namaza (namaz qılınan yerə)
yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə
olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara
toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz
üçün) su tapmadığınız zaman pak bir torpaqla
təyəmmüm edin, (ovuclarınızı) üzünüzə
və əllərinizə sürtün! Şübhəsiz
ki, Allah əfv edəndir, bağışlayandır!
44. (Ya Rəsulum!) Məgər sən
kitabdan (Tövratdan) bir pay verilmiş oəanları (yəhudi
alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın
alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?
45. Allah sizin düşmənlərinizi
(sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı
kimi Allah (sizə) kifayət edər!
46. Yəhudilərin bir qismi (Tövratdakı)
sözlərin yerini dəyişib təhrif edir və dillərini
əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə
(sənə qarşı): "Eşitdik və qəbul etmədik;
eşit, eşitməz olasan (kar olasan) və raina", - deyirlər.
Əgər onlar: "Eşitdik və itaət etdik; eşit və
bizə tərəf bax!",- desəydilər, əlbəttə,
onlar üçün daha xeyirli və daha doğru olardı.
Lakin Allah onları öz küfrləri ucundan lə’nətə
düçar etmişdi. Onların yalnız az bir hissəsi iman
gətirmişdir.
47. Ey kitab verilmiş kimsələr!
Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə
(arxalarına) çevirməmişdən və şənbə
gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə)
etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl
əlinizdə olanı (Tövratı) təsdiqləyən
olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri
mütləq yerinə yetəcəkdir!
48. Şübhə yoxdur ki, Allah Özünə
şərik qoşanları əvf etməz, amma istədiyi
şəxsin bundan başqa olan günahlarını bağışlar.
Allaha şərik qoşan şəxs, əlbəttə, böyük
günah etmiş olur.
49. (Ya Rəsulum!) Özlərini təmizə
çıxaranları görmürsənmi? Xeyr (elə deyil).
Allah istədiyini təmizə çıxardar və onlara xurma
çərdəyindəki nazik tel qədər zülm olunmaz!
50. Sən onların Allaha qarşı
necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah
olaraq kifayətdir!
51. (Ya Rəsulum!) Kitabdan (Tövratdan
və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri
(yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta
(bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut
deyilən Şeytana) inanır və kafirlər üçün
də: "Bunlar mö’minlərdən daha doğru yoldadırlar",
- deyirlər.
52. Onlar Allahın lə’nət etdiyi
kimsələrdir. Allahın lə’nət etdiyi kimsəyə
isə heç bir kömək edən tapa bilməzsən!
53. Yoxsa onların (dünyada) hökmranlıqdan
bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara
xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə
verməzdilər.
54. Yoxsa onlar Allahın öz ne’mətindən
bəxş etdiyi şeylərə görə insanlara həsəd
aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və
hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq)
bəxş etmişdik.
55. Onlardan (yəhudilərdən) kimisi
ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba)
iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz
döndərənlərə) Cəhənnəmin alovlanmış
odu kifayət edər!
56. Ayələrimizi inkar edənləri
oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri
bişdikcə, əzabı (həmişə) dadsınlar deyə,
o dəriləri başqası ilə əvəz edəcəyik.
Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!
57. İman gətirən və yaxşı
işlər görən şəxsləri (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəyik
ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr
gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli)
kölgəlikdə yerləşdirəcəyik.
58. Allah sizə əmanətləri
öz sahiblərinə qaytarmanızı və insanlar arasında
hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr
edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla)
sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə,
Allah (hər şeyi) eşidəndir, görəndir!
59. Ey iman gətirənlər! Allaha,
Peyğəmbərə və özünüzdən olan ixtiyar
(əmr) sahiblərinə itaət edin! Əgər bir iş
barəsində mübahisə etsəniz, Allaha və qiyamət
gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə
həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə
daha yaxşıdır.
60. (Ya Rəsulum!) Sənə nazil
edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə
(Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri
(münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın)
hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə
müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana)
inanmamaları əmr olunmuşdur. Şeytan isə onları
(doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək
istər
61. Onlara: "Allahın nazil etdiyinə
(Qur’ana) və Peyğəmbərə tərəf gəlin!"
- deyildiyi zaman, münafiqlərin səndən büsbütün
üz döndərdiklərini görərsən.
62. Bəs etdikləri əməllərin
cəzası olaraq başlarına bir müsibət gəldiyi
zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına
gəlib: "Biz yalnız yaxşılıq etmək və (iddiaçılar
arasında) barışıq yaratmaq istədik", - deyərək
Allaha and içəcəklər.
63. Onlar elə şəxslərdir
ki, Allah onların ürələrindəkini (yaxşı)
bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd
ver və onlara özləri haqqında tə’sirli söz de!
64. Biz hər bir peyğəmbəri,
ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.
Onlar (münafiqlər) özlərinə zülm etdikləri
zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq
diləsəydilər və Peyğəmbər də onlar üçün
əfv istəsəydi, əlbəttə, Allahın tövbələri
qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
65. Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə
and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda
səni hakim (münsif) tə’yin etməyincə və verdiyi
hökmlərə görə özlərində bir sıxıntı
duymadan sənə tam bir itaətlə boyun əyməyincə,
(həqiqi surətdə) iman gətirmiş olmazlar.
66. Əgər Biz onlara: "Özünüzü
öldürün, yaxud yurdlarınızdan çıxın!"
- deyə yazıb əmr etsəydik, içərilərində
az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər.
Əgər onlar verilən nəsihətlərə əməl
etsəydilər, əlbəttə, bu onlar üçün daha
xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik
baxımından daha möhkəm bir addım olardı).
67. O zaman Biz də onlara Öz tərəfimizdən
böyük mükafat verərdik.
68. Və onları düz yola yönəldərdik.
69. Allaha və Peyğəmbərə
itaət edənlər (axirətdə) Allahın ne’mətlər
verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər
(tamamilə doğru danışanlar, e’tiqadı dürüst,
peyğəmbərləri hamıdan əvvəl təsdiq edən
şəxslər), şəhidlər və salehlərlə
(yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.
Onlar necə də gözəl yoldaşlardır!
70. Bu mükafat Allah tərəfindəndir.
(Hər şeyi) bilən Allah (sizə) kifayət edər!
71. Ey iman gətirənlər! Ehtiyatı
əldən verməyib silahınızı götürün
və (düşmənə qarşı cihada) ya dəstə-dəstə,
ya da hamınız bir yerdə çıxın!
72. Aranızda elələri də
(münafiqlər) vardır ki, (siz cihada çıxdıqda)
ağır tərpənər və əgər sizə bir
müsibət üz versə: "Allah mənə lütf etdi ki,
onlarla birlikdə (döyüşdə) olmadım", - deyər.
73. Əgər Allah tərəfindən
sizə bir ne’mət (qabiliyyət) yetişərsə, o zaman
guya aranızda heç bir dosluq yoxmuş kimi: "Kaş ki, mən
də onlarla birlikdə olub böyük bir qənimət əldə
edəydim!" (söyləyərlər).
74. Elə isə, qoy dünyanı
verib əvəzində axirəti satın alanlar Allah yolunda
vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə
və ya (düşmənə) qalib gələrsə, ona böyük
mükafat verəcəyik.
75. (Ey müsəlmanlar!) Sizə nə
olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə
qalıb): "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən
(Məkkədən) kənara çıxart, bizə öz tərəfindən
mühafizəçi göndər, yardımçı yolla!"
- deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar
uğrunda vuruşmursunuz?
76. İman gətirənlər Allah
yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda
Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz
ki, Şeytanın hiyləsi zəifdir!
77. (Ya Rəsulum!) O şəxsləri
görmürsənmi ki, onlara (vaxtilə): "(Müharibədən)
əl çəkin, namaz qılın, zəkat verin!" - deyilmişdi.
Onlara cihad etmək vacib olduqda isə, içərilərindən
bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə
insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi
nə üçün bizə vacib etdin, nə olardı ki, bizi
yaxın zamana qədər (öz əcəlimiz çatana qədər)
yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib
buyurmayaydın!)" - dedilər. Onlara söylə: "Dünyanın
ləzzəti və faydası azdır, lakin müttəqilər
üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə)
xurma çərdəyində olan nazik tel qədər belə
zülm olunmayacaq!"
78. Harada olursunuz olun, hətta uca (möhkəm)
qalalar içərisində olsanız belə, ölüm sizi
haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə)
bir xeyir yetişdikdə: "Bu Allahdandır!" - deyərlər,
bir pislik üz verdikdə isə: "Bu səndəndir!" - söyləyərlər.
(Onlara) de: "Hamısı Allahdandır". Bu camaata nə olub ki,
az qala söz də anlamır!
79. (Ey insan!) Sənə yetişən
hər bir yaxşılıq Allahdandır, sənə üz
verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!)
Biz səni insanlara peyğəmbər göndərdik. Allahın
buna şahid olması (sənə) kifayət edər.
80. Peyğəmbərə itaət
edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş
olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki
səni onların üzərində gözətçi olaraq
göndərməmişik.
81. (Ya Rəsulum!) Onlar: (Sənə)
itaət edirik!" - deyir, lakin sənin yanından çıxıb
getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir.
Allah onların niyyətində olanları (əməl dəftərlərinə)
yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül
et! Allahın (sənə) vəkil olması kifayət edər!
82. Onlar Qur’an barəsində (onun Allah
kəlamı olması haqqında) düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə,
onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.
83. Onlara (münafiqlərə bə’zi
müsəlmanların sadəlövhlüyü üzündən
döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri
gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar)
bunu (münafiqlərə deyil), Peyğəmbərə və
ya özlərindən (mö’minlərdən) olan ixtiyar (əmr)
sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin
xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin
yayılmasının məqsədəuyğun olub-olmadığını
tə’yin etməyə qadir olan) kimsələr bilərdilər.
Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə
olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna
olmaqla, Şeytana uyardınız.
84. (Ya Rəsulum!) Allah yolunda vuruş
(cihad et). Sən yalnız özünə cavabdehsən, lakin
mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah
kafirlərin gücünü qırmış (sizi kafirlərin
qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi
(qəhri) də, əzabı da çox şiddətlidir!
85. Yaxşı işə vasitəçi
olana (onun savabından), pis işə vasitəçi olana (onun
günahından) bir pay düşür. Əlbəttə,
Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini
verəndir).
86. Sizə salam verildiyi zaman onu daha
gözəl alın və ya (eynilə sahibinə) qaytarın!
Şübhəsiz, Allah hər şeyi hesaba alandır.
87. Allahdan başqa heç bir tanrı
yoxdur. Olacağına şübhə edilməyən qiyamət
günü hamınızı (bir yerə), əlbəttə,
O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!
88. Siz nə üçün münafiqlər
barəsində iki hissəyə ayrıldınız? Halbuki
Allah onları etdikləri əməllərinə görə
əvvəlki hallarına (kafirliyə) qaytarmışdır.
Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr
edəcəyini, azğın yola düşəcəyini, haqq
yoldan azacağını əzəldən bildiyi üçün)
azdırdığı kimsəni doğru yolamı gətirmək
istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün
heç bir (doğru) yol tapa bilməzsən!
89. Onlar özləri kafir olduqları
kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı
istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət
etməyənə qədər onlardan (özünüzə)
dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət
etməkdən) üz çevirsələr, onları harada görsəniz,
tutub öldürün. Onlardan özünüzə nə bir
dost, nə də bir köməkçi tutun!
90. Ancaq sizinlə aralarında əhd
olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz
qövmlərilə (Məkkə müşriklərilə)
vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq)
sizin yanınıza gələn şəxslər müstəsnadır.
Əgər Allah istəsəydi, onları sizin üstünüzə
qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər
onlar sizdən aralanıb bir tərəfə çəkilsələr
və sizinlə vuruşmayıb sülh təklif etsələr,
o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa
heç bir yol qoymaz.
91. Siz elə kəslərə də
rast gələcəksiniz ki, onlar həm sizdən, həm də
öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda
özlərini müsəlman kimi, qəbilələrinə
qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər
dəfə fitnə-fəsad törətməyə sövq
edildikdə başıaşağı ora atılarlar (cani-dildən
bu işə qoşularlar). Əgər onlar sizi tərk edib
getməsələr, sülh təklif etməsələr və
sizdən əl çəkməsələr, onda onlara harada
rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə
çıxmaq üçün sizə açıq fərman verdik.
92. Heç bir mö’minə başqa
bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən
(xəta üzündən) olduqda müstəsnadır. Hər
kəs bir mö’mini səhvən öldürərsə, o
zaman o, mö’min bir qul azad etməli və öldürülmüş
şəxsin ailəsi qanbahasını sədəqə olaraq
bağışlamadıqda, onlara (ölən şəxsin
varislərinə) tam şəkildə qanbahası verməlidir.
Əgər (öldürülən şəxsin özü)
mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa,
o vaxt (öldürülən şəxs) mö’min bir qul azad
etməlidir. Əgər (öldürülən şəxs)
sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan
olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər,
mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs
(azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən
tövbəsinin qəbul edilməsi üçün bir-birinin
ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır.
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
93. Hər kəs bir mö’min şəxsi
qəsdən öldürərsə, onun cəzası əbədi
qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və
lə’nət edər, (axirətdə) onun üçün böyük
əzab hazırlar!
94. Ey iman gətirənlər! Allah
yolunda (cihad etmək üçün) səfərə çıxdığınız
zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən
(salam verən) bir kimsəyə dünya həyatının
puç mənfəətinə tamahsılanaraq: "Sən mö’min
deyilsən!" deməyin! Halbuki çox qənimətlər Allah
yanındadır. Siz özünüz də bundan əvvəl
onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə
isə, siz də (insanları bir-birindən fərqləndirməkdə)
diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən
xəbərdardır!
95. Zərər çəkmədən
(üzürsüz səbəbə görə evlərində)
əyləşən mö’minlərlə Allah yolunda öz
malları və canları ilə cihad edən (vuruşan) kimsələr
bir olmazlar. Allah malları və canları ilə vuruşanları
(evlərində) əyləşənlərdən (cihada getməyənlərdən)
dərəcə e’tibarilə üstün tutdu. Allah bunların
hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin)
Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük
mükafatlarla imtiyaz vermişdir.
96. (Onları) Allah tərəfindən
yüksək dərəcələr, bağışlanma və
mərhəmət gözləyir. Allah bağışlayandır,
rəhm edəndir.
97. Mələklər öz nəfslərinə
zülm edənlərin (Məkkədə kafirlər içərisində
qalıb hicrət etməyənlərin) canlarını alarkən
(onlara) deyəcəklər: "Siz (hicrət zamanı) nə işdə
idiniz?" Onlar söyləyəcəklər: "Biz yer üzərində
zəif (aciz) kəslər idik." (Mələklər də onlara:
) "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət
edəydiniz?" - deyəcəklər. Onların sığınacaqları
yer Cəhənnəmdir. O necə də pis yerdir!
98. Yalnız hicrət etməyə
yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın
və uşaqlar müstəsnadır.
99. Ola bilsin ki, Allah onları əfv
etsin. Allah əfv edəndir, bağışlayandır!
100. Allah yolunda hicrət edən şəxs
yer üzündə çoxlu sığınacaq və genişlik
(bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə
tərəf hicrət etsə, sonra isə (mənzil başına
çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını
Allah Özü verər! Allah bağışlayandır, rəhm
edəndir!
101. Səfərə çıxdığınız
zaman kafirlərin sizə zərər yetirəcəklərindən
qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli
namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz.
Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.
102. (Ya Rəsulum!) Sən (əsgərlərin)
içərisində olub onlara namaz qıldırdığın
zaman onlardan bir dəstə sailahlarını (özlərilə)
götürsünlər. (Namazlarını qılıb) səcdə
edən kimi sizin arxanıza (düşmənin önünə)
keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə
arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə
öz ehtiyat vasitələrini və silahlarını götürərək
gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər
istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan
heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə
birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər.
Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə
olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə
qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin!
Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı
əzab hazırlamışdır!
103. Namazınızı qıldıqdan
sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa
çixdıqda isə, namazı (öz qaydasınca) qılın!
Çünki namaz mö’minlərə bəlli vaxtlarda fərz
(vacib) edilmişdir.
104. (Kafir) qövmü tə’qib etməkdə
(ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər
siz (yaralarınızdan və səfərin çətinliklərindən)
əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət
çəkirlər. Halbuki siz onların ummadıqlarını
Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
105. (Ya Rəsulum!) Həqiqətən,
Biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə
göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında
hökm edəsən. Xainləri müdafiə edən (onların
xeyrinə mübahisə aparan) olma!
106. Allahdan bağışlanmaq dilə!
Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
107. Özlərilə (bir-birinə)
xəyanət edən şəxslərdən ötrü mübahisə
etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini
sevməz!
108. Onlar (xəyanətlərini) insanlardan
gizlətsələr də, Allahdan gizlədə bilməzlər.
Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində
tutduqda belə, yenə O onların yanındadır (Allah onları
bilir). Allah onların nələr etdiyini biləndir.
109. (Ey xainləri müdafiə edənlər!)
Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə
etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla
mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?
110. Hər kəs pis iş gördükdən
və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını
dilərsə, Allahın bağışlayan, mərhəmətli
olduğunu görər.
111. Hər kəs bir günah qazanarsa,
mütləq o günahı özünün zərərinə
qazanmış olar. Allah hər şeyi biləndir, hikmət
sahibidir!
112. Hər kəs bir xəta və
ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz
ki, öz boynuna böhtan və açıq-aşkar günah
götürmüş olar (günah üstündən günah
qazanar).
113. (Ya Rəsulum!) Əgər sənə
Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə,
onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində
olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra
bilməz və sənə də heç bir zərər verə
bilməzlər. Çünki Allah sənə Qur’anı və
hikməti nazil edərək bilmədiklərini öyrətdi.
Allahın sənə lütfü böyükdür!
114. Onların gizli söhbətlərinin
çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud
yaxşılıq etməyi və ya insanlar arasında sülh
yaratmağı əmr edən kimsənin söhbətindədir.
Allahın razılığını qazanmaq üçün
belə işlər görən kimsəyə (axirətdə)
böyük mükafat verəcəyik!
115. Hər kəs özünə
doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz
döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun
istədiyi (özünün yönəldiyi) yola yönəldər
və Cəhənnəmə varid edərik. Ora necə də
pis yerdir.
116. Allah Ona şərik qoşmağı
əsla bağışlamaz. Bundan başqa olan günahları
isə dilədiyi kimsə üçün bağışlar.
Allaha şərik qoşan şəxs, şübhəsiz ki,
(haqq yoldan) çox azmışdır.
117. (Məkkə müşrikləri)
Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata,
Uzzəyə, Nailəyə) tapınır və yalnız asi
(inadkar) Şeytana ibadət edirlər.
118. Allah ona (Şeytana) lə’nət
etdi (rəhmətindən kənar edib dərgahından qovdu).
O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən
müəyyən bir qismini ələ alacağam".
119. Onları hökmən (doğru
yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının
qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını
dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb
Şeytanı özünə dost tutun şəxs, əlbəttə,
açıq-aşkar ziyana uğramışdır.
120. (Şeytan) onlara (müşriklərə)
və’dlər verir, ürəklərində arzular oyadır.
Lakin Şeytan onlara yalnız yalan və’dlər verir.
121. Onların (Şeytana uyanların)
yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə
tapmazlar.
122. İman gətirib yaxşı
işlər görənləri isə, Biz (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəyik.
Allahın haqq olan və’di üzrə, onlar orada əbədi
qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!
123. Bu, (Cənnətə daxil olmaq)
nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir.
Pislik edən şəxs, onun cəzasını görəcək
və o, Allahdan başqa özünə nə bir dost, nə
də bir imdada yetən tapacaqdır!
124. Mö’min olmaqla bərabər,
yaxşı işlər görən kişilər və qadınlar
Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər
haqsızlıq edilməz!
125. Yaxşı əməl sahibi olun
ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə
(dininə) tabe olan şəxsdən din e’tibarilə daha gözəl
kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə)
dost tutmuşdur!
126. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi
(elmi və qüdrətilə) ehtiva etmişdir.
127. (Ya Rəsulum!) Səndən qadınlar
barəsində fətva (əsasında hökm çıxarılan
şər’i məsləhət) istəyirlər. De ki: "Onlar
barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan)
sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı
(mirası) özlərinə verməyərək evlənmək
istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar
haqqında, həmçinin yetimlərlə ədalətlə
rəftar etməniz barədə olan ayələrdir". Sizin etdiyiniz
bütün xeyirli işləri, şübhəsiz ki, Allah
bilir!
128. Əgər bir qadın öz ərinin
qaba rəftarından, yaxud ondan üz çevirməsindən
qorxarsa, onların öz aralarında bir növ barışıb
düzəlişmələrindən (ər-arvada) heç bir
günah gəlməz. Çünki barışmaq daha xeyirlidir.
Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə
mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan,
kobud rəftardan) çəkinsəniz (bu sizin üçün
daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər
bir işdən xəbərdardır!
129. Siz nə qədər çox istəsəniz
də, heç vaxt arvadlar arasında ədalətlə rəftar
etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə
meyl göstərib, digərini asılı vəziyyətdə
(nə ərli kimi ərli, nə də boşanmış kimi
boşanmış) qoymayın. Əgər özünüzü
islah edib (belə hərəkətlərdən) çəkinsəniz
(Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır,
rəhm edəndir!
130. Əgər onlar (ər-arvad) bir-birindən
ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş
lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən,
Allah geniş lütf sahibi, hikmət sahibidir!
131. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!)
Biz sizdən əvvəl kitab verilənlərə də, sizə
də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər
Allahı inkar etsəniz belə, (yenə də) göylərdə
və yerdə nə varsa, (hamısı) Allahındır. Allah
ehtiyacsızdır, (öz-özlüyündə) şükür
olunmağa, (tə’rif olunmağa) layiqdir.
132. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın
vəkil olması kifayət edər.
133. Ey insanlar! Əgər O istərsə,
sizi yox edər, (yerinizə) başqalarını gətirər.
(İnsanları məhv edib əvəzində başqa bir məxluq
yaradar). Allah buna qadirdir!
134. Hər kəs dünya savabını
(mükafatını) istərsə, (bilməlidir ki) dünyanın
da, axirətin də mükafatları Allahın yanındadır.
Allah eşidəndir, görəndir!
135. Ey iman gətirənlər! (Şahidliyiniz)
sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın
əleyhinə olsa belə, ədalətdən möhkəm
yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik
edəcəyiniz şəxs) istər dövlətli, istər
kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən)
daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz
çevirməyin! Əgər dilinizi əyib büzsəniz və
ya (doğru şəhadət verməkdən, yaxud ümumən
şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz
işlərdən xəbərdardır!
136. Ey iman gətirənlər! Allaha
və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə
endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara
iman gətirin! Allaha, onun mələklərinə, kitablarına,
peyğəmbərlərinə və axirət gününə
inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox
azmışdır.
137. (Əvvəlcə) iman gətirib
sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü
artıran kəsləri Allah heç vaxt bağışlayan
və doğru yola yönəldən deyildir!
138. (Ya Rəsulum!) Munafiqlərə
müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli
əzab var.
139. O münafiqlər ki, mö’minləri
qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti
onların yanındamı axtarırlar? Şübhəsiz ki,
(izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
140. Allah Kitabda (Qur’anda) sizə nazil
etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar
edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər
başqa bir söhbətə girişməyənə qədər
onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt
siz də onların tayı olarsınız. Həqiqətən,
Allah münafiqlərin və kafirlərin hamısını
Cəhənnəmdə bir yerdə toplayacaqdır!
141. (Ey müsəlmanlar!) Sizə göz
qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə
üz verdikdə: "Məgər biz də sizinlə deyildikmi?
" deyər, kafirlərə (zəfər) nəsib olduqda isə:
"Məgər (mö’minlərlə birlikdə sizə qarşı
vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi?
Məgər biz mö’minlərə (onların sizə qarşı
təcavüzünə cürbəcür vasitələrlə)
mane olmadıqmi? " - söyləyərlər. Qiyamət günü
Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah
heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan
bir yol göstərməz!
142. Münafiqlər Allahı aldatmağa
çalışırlar. Halbuki əslində (Allah) onları
aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə
(könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər
və Allahı olduqca az yad edərlər.
143. (Münafiqlər imanla küfr
arasında) tərəddüd edib nə (tamamilə) bunlara
(mö’minlərə), nə də onlara (kafirlərə) tərəf
dönərlər. Allahın azdırdığı şəxs
üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!
144. Ey iman gətirənlər! Mö’minləri
qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə
açıq bir dəlilmi vermək istəyirsiniz?
145. (Ya Rəsulum!) Əlbəttə,
münafiqlərin yeri Cəhənnəmin ən aşağı
təbəqəsindədir. Sən heç vaxt onlara yardım
edən tapmazsan!
146. Tövbə edənlər, özlərini
islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar
və Allah qarşısında dinini (e’tiqadını) təmizləyənlər
müstəsnadır. Çünki onlar mö’minlərə
bərabərdirlər. Mö’minlərə isə Allah böyük
mükafat verəcəkdir!
147. Əgər siz şükür
etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün
əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər
şeyi) biləndir!
148. Allah pis sözün açıq
(ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər
müstəsnadır. Allah (hər şeyi) eşıdəndir,
biləndir!
149. Əgər yaxşı bir əməli
aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və
ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən,
Allah bağışlayandır, qüdrət sahibidir!
150. Allahı və peyğəmbərlərini
inkar edənlər, Allahı peyğəmbərlərindən
ayırmaq istəyənlər. "Biz peyğəmbərlərdən
bə’zisinə inanır, bə’zilərinə isə inanmırıq",-
deyənlər və bunun (iman ilə küfr) arasında bir
yol (məzhəb) tapmaq istəyənlər -
151. Bütün bunlar, həqiqətən,
kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü
alçaldıcı əzab hazırlamışıq!
152. Lakin Allaha və peyğəmbərlərinə
iman gətirən və onların heç birini digərindən
ayırmayan şəxslərə Allah Özü mükafatlarını
verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır,
rəhm edəndir!
153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər)
sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini
istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü
istəmiş və: "Bizə Allahı aşkar göstər!"
- demişdilər. Və öz ədalətsizlikləri üzündən
onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın
mö’cüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər.
Biz bundan da (onların bu günahından da) keçdik və
Musaya açıq-aşkar dəlil (parlaq mö’cüzələr)
verdik.
154. Əhdə riayət etsinlər
deyə, Tur dağını onların (başları) üzərinə
qaldırdıq və onlara: "Qapıdan (ibadət çadırının
qapısından) səcdə edərək daxil olun, şənbə
gününün qayda-qanununu pozmayın!" - dedik. Və onlardan
möhkəm əhd aldıq.
155. Lakin onlar verdikləri əhdi pozduqları,
Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri
haqsız yerə öldürdükləri və: "Ürəklərimiz
pərdəlidir!" - dedikləri ucundan (Allahın lə’nətinə
düçar oldular). Bəli, öz küfrləri üzündən
Allah onların ürəklərinə möhür vurmuşdur
(kilidləmişdir). Buna görə də onların yalnız
az bir hissəsi iman gətirər.
156. Onlar həm də küfr etdikləri
(İsanı inkar etdikləri) və Məryəmə qarşı
böyük bir böhtan dedikləri üçün (lə’nətə
düçar oldular).
157. (Onların lə’nətə düçar
olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi
Məryəm oğlu İsa əl-Məsihi öldürdük",
- demələridir. Halbuki onlar İsanı nə öldürdülər,
nə də çarmıxa çəkdilər. Onlarda yalnız
belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda
olanlar onun (şəxsən öldürülməsi) barəsində,
əlbəttə, şəkk-şübhə içərisindədirlər.
Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq
zənnə qapılırlar. Həqiqətdə onu (İsanı)
öldürməmişdilər.
158. Xeyr, Allah onu Öz dərgahına
qaldırmışdır. Şübhəsiz, Allah yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
159. Kitab əhlindən (yəhudilərdən
və xaçpərəstlərdən) elə bir kəs olmaz
ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya)
iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə
onların (kitab əhlinin) əleyhinə şəhadət
verəcəkdir.
160. Yəhudilər zülm etdiklərinə
və bir çoxlarını Allahın yolundan döndərdiklərinə
görə (əvvəlcə) özlərinə halal edilmiş
gözəl (təmiz, halal) ne’mətləri onlara haram etdik.
161. Və qadağan olunmasına baxmayaraq,
sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın
malını yediklərindən dolayı (halal olanı onlara
haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli
bir əzab hazırlamışıq!
162. Lakin onların elmdə qüvvətli
(möhkəm) olanları və mö’minləri sənə
nazil edilənə və səndən əvvəl nazil edilənə
və səndən əvvəl nazil olanlara inanır, namaz qılır,
zəkat verir, Allaha və axirət gününə iman gətirirlər.
Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!
163. (Ya Rəsulum!) Biz Nuha və ondan
sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz
kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə,
İsmailə, İshaqa, Yə’quba və onun övladlarına,
İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy
göndərdik. Biz Davuda da Zəburu verdik.
164. (Biz) peyğəmbərlər
(göndərdik). Onların bə’zisinin əhvalatını
bundan əvvəl sənə danışdıq, bə’zisinin
əhvalatını isə söyləmədik. Və Allah
Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan)
danışdı.
165. Biz peyğəmbərləri (mö’minlərə)
müjdə gətirən və (kafirləri) əzabla qorxudan
kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən
sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
166. Lakin (Ya Rəsulum!) Allah sənə
nazil etdiyi (Qur’an) ilə şəhadət verir ki, onu (Qur’anı)
Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə)
nazil etmişdir. Mələklər də buna şahidlik edirlər.
Təkcə Allahın şahid olması yetər!
167. (Allahı) inkar edən və (insanları)
Allahın yolundan döndərən şəxslər, şübhəsiz
ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.
168. Kafirləri və zülmkarları,
şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm
yolundan başqa) bir yol göstərən deyildir!
169. Əbədi, həmişəlik
qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah
üçün çox asandır!
170. Ey insanlar! Peyğəmbər Rəbbinizdən
sizə haqla (Qur’anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin
üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin
ki) göylərdə və yerdə nə varsa, (hamısı)
Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza
heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə
xeyir və ya zərər gətirə bilər). Həqiqətən,
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
171. Ey kitab əhli! Öz dininizdə
həddi aşmayın! Allah barəsində yalnız haqqı
deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih
ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə)
Məryəmə çatdırdığı bir söz və
Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə
iman gətirin. (Allah barəsində) "üçdür" deməyin.
(Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün
daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır.
Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən)
kənardır. Göylərdə və yerdə nə varsa,
(hamısı) Onundur. Allahın (sizə) vəkil olması
bəs edər!
172. İsa əl-Məsih də, yaxın
mələklər də Allahın qulu olmağı əsla
özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi
özünə ar bilənlərin və təkəbbür
göstərənlərin hamısını Öz hüzuruna
toplayacaqdır!
173. (Allah) iman gətirənlərin
və yaxşı işlər görənlərin mükafatlarını
büsbütün verəcək, üstəlik Öz ne’mətindən
onlar üçün (bir qədər) artıracaqdır. (Allaha
ibadət etməyi) özlərinə sığışdırmayanları
və təkəbbür göstərənləri isə acı
bir əzaba düçar edəcəkdir! Onlar özlərinə
Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
174. Ey insanlar! (Bu Muhəmməd) sizə
Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz
sizə aydın bir nur (Qur’an) endirdik.
175. Allah Ona iman gətirən və
Ondan möhkəm yapışanları öz mərhəməti,
lütfü altına alar və onları özünə tərəf
gedən düz yola yönəldər.
176. (Ya Rəsulum!) Səndən fətva
istəyirlər. De: "Atası və övladı olmayan şəxs
(şəxsin mirası) haqqında Allah sizə belə fətva
verir: Övladı (və atası) olmayan bir şəxs vəfat
etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı
varsa, qoyub getdiyi malın yarısı bacıya çatır.
Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə
qardaşı onun varisidir (malının hamısı onun payına
düşür). Əgər vəfat edən şəxsin
iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə
ikisi onlara çatır. Əgər varislər qardaş və
bacılardan (bir qardaş, bir bacı və ya bir neçə
bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa)
qadına (bacıya) düşən payın iki misli verilir".
Allah bunu sizə doğru yoldan çıxmamağınız
üçün aydınlaşdırır. Allah hər şeyi
biləndir!

|