| |
40.
əl-Mu’min (Mö’min) surəsi
(Məkkədə nazil olmuşdur, 85 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi
yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən
Allahdandır-
3. Günahları bağışlayan,
tövbələri qəbul edən, cəzası şiddətli,
kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç
bir tanrı yoxdur. Axır dönüş də Onadır!
4. Allahın ayələri barəsində
ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!)
Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları
(ticarətdən böyük mənfəət əldə
etmələri, cah-calal içində yaşamaları) səni
aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
5. Onlardan əvvəl Nuh qövmü,
sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları
və başqaları peyğəmbərlərini) təkzib
etmiş, hər ümmət öz peyğəmbərlərini
yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş
və haqqı yalana çıxartmaq məqsədilə boş
sözlərlə mübahisə aparmışdılar. Buna
görə də Mən onları əzabla yaxaladım. (Ya
Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə
oldu!
6. Küfr edənlərin cəhənnəmlik
oduna dair sənin Rəbbinin sözü (hökmü) belə
gerçəkləşdi!
7. Ərşi daşıyanlar və
onun ətrafında olanlar (mələklər) öz Rəbbini
həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır
və mö’minlərin bağışlanmasını diləyərək
belə deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmin və elmin
hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin
yolunla gedənləri bağışla, onları cəhənnəm
əzabından qoru!
8. Ey Rəbbimiz! Onları da, atalarından,
zövcələrindən və nəsillərindən əməlisaleh
olanları da özlərinə və’d buyurduğun Ədn
cənətlərinə daxil et. Şübhəsiz ki, Sən
yenilməz qüvvət, hikmət sahibisən!
9. Onları pisliklərdən (tövbədən
qabaq etdikləri pis əməllərinin cəzasından) qoru.
O gün (qiyamət günü) pisliklərdən kimi qorusan,
şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük
qurtuluş (uğur) budur!"
10. Küfr edənlərə (qiyamət
günü Cəhənnəmə daxil olduqda) belə müraciət
ediləcəkdir: "Allahın nifrəti sizin (dünyadakı
pis əməllərinizə görə bu gün) özünüzə
(və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür.
Çünki siz imana də’vət olunduğunuz zaman öz küfrünüzdə
davam edib dururdunuz!"
11. Onlar deyəcəklər: "Ey Rəbbimiz!
Sən bizi iki dəfə öldürüb, iki dəfə
diriltdin (əvvəlcə atalarımızın belində ölü
vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin.
Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün
və indi, qiyamət günü yenidən diriltdin). Biz öz
günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa
bir yol varmıdır?"
12. (Onlara belə cavab veriləcəkdir:
) "Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah
çağırıldığı (Allahdan başqa heç
bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda
isə inanırdınız. İndi isə hökm (hər
şeydən) uca, böyük olan Allahındır!"
13. Sizə ayələrini (mö’cüzələrini,
dəlillərini) göstərən, göydən ruzi (hər
şeyi göyərdən yağış) endirən məhz
Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə)
dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə
ibrət alar!
14. (Ey mö’minlər!) Kafirlərə
xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək
(ixlasla) ibadət edin!
15. Dərəcələri yüksəldən
(mələklərin, peyğəmbərlərin, övliyaların
və mö’minlərin mərtəbələrini ucaldan, yaxud
hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən
olan vəhyi bəndələrindən istədiyinə nazil
edir ki, (o, insanları) görüş günü (yer və
göy əhlinin, ibadət edənlə ibadət olunanın,
zalımla məzlumun bir-birilə görüşəcəyi,
ruhla bədənin qovuşacağı qiyamət günü)
ilə qorxutsun!
16. Elə bir gün ki, onlar (bütün
insanlar qəbirlərindən) çıxacaq, onların heç
bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) "Bu gün
hökm kimindir?" (Heç kəsin qımıldanmağa belə
cür’əti çatmadığından Allah Özü cavab
verəcəkdir: ) "Bir olan (heç bir şəriki, bənzəri
olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!"
17. Bu gün hər kəs öz əməlinə
görə cəzalandırılacaqdır. Bu gün heç
bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!
18. (Ya Peyğəmbər!) Onları
(hövldən) ürəklərin ağıza gələcəyi
(udquna belə biməyəcəkləri və ya ürəkləri
qəm-qüssə ilə dolacağı) yaxın günlə
(qiyamət günü ilə) qorxut. (O gün) zalımların
nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi
olar!
19. Allah gözlərin xəyanətini
(xain gözləri) və ürəklərin gizlətdiyini
biləndir!
20. Allah (qiyamət günü) ədalətlə
hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri
(bütlər) isə heç bir şey hökm edə bilməzlər.
Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
21. Məgər onlar (müşriklər)
yer üzünü dolaşıb özlərindən əvvəlkilərin
axırının necə olduğunu görmürlərmi?
Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox
iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından
dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından)
qoruyan bir kimsə tapılmadı.
22. Buz (əzab) ona görə idi ki,
peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr
gətirmiş, onlar isə (peyğəmbərləri) inkar
etmişdilər. Buna görə də Allah onları məhv
etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası
şiddətlidir!
23. Həqiqətən, Biz Musanı
ayələrimizlə və açıq-aydın bir dəlillə
göndərdik.
24. Fir’onun, (onun vəziri) Hamanın
və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!"
- dedilər.
25. (Musa) onların yanına dərgahımızdan
haqq ilə (həqiqi dinlə, mö’cüzələrlə)
gəldikdə onlar: "Onunla birlikdə iman gətirənlərin
(yəhudilərin) oğlanlarını öldürün, qadınlarını
(qızlarını) isə diri saxlayın!" - dedilər. Kafirlərin
hiyləsi ancaq boşa çıxar.
26. Fir’on dedi: "Buraxın məni Musanı
öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın.
Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən
və yer üzündə fitnə-fəsad törədəcəyindən
qorxuram".
27. Musa dedi: "Mən haqq-hesab gününə
inanmayan hər bir təkəbbür sahibindən həm mənim
Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!"
28. Fir’on ailəsindən olub imanını
gizli saxlayan bir kişi dedi: "Məgər siz bir adamı: "Rəbbim
Allahdır!" - deməyinə görə öldürəcəksiniz?!
Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar mö’cüzələr
gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir
(zərərinədir); yox, əgər doğru danışırsa,
onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz
ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi
aşanı, yalançını doğru yola müvəffəq
etməz.
29. Ey qövmüm! Bu gün hökm
sizindir. Yer üzündə (Misir torpağında İsrail
oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın
əzabı gəlsə, ona qarşı kim bizə kömək
edə bilər?!" Fir’on dedi: "Mən sizə ancaq münasib gördüyüm
rə’yimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm
(Musanı öldürməkdən başqa ayrı çarə
yoxdur)!"
30. O mö’min adam dedi: "Ey qövmüm!
Mən sizə (kafir) firqələrə gəlmiş olan bir
günün gəlməsindən qorxuram!
31. Nuh, Ad, Səmud qövmünün
və onlardan sonra gələnlərin cəzası kimi bir cəza
verilməsindən (ehtiyat edirəm). Allah Öz bəndələrinə
əsla zülm etmək istəməz! (Allah Öz qullarına
onlar günah etmədən cəza verməz, günahı olanları
da cəzasız buraxmaz!)
32. Ey qövmüm! Mən sizə
üz verəcək vaveyla günündən qorxuram!
33. (Qorxudan) üz çevirib qaçacağınız
gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz.
Allahın yoldan etdiyi kimsəyə də yol göstərən
olmaz!"
34. And olsun ki, daha öncə Yusif
sizə açıq-aşkar dəlillər(mö’cüzələr)
gətirmişdi. Siz onun gətirdiklərinə şəkk
edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: "Allah
ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!"
- dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk
içində olan kimsəni belə yoldan azdırar!
35. O kəslər ki, (Rəbbindən)
özlərinə heç bir dəlil gəlmədən Allahın
ayələri barəsində mübahisə edərlər.
Bu həm Allah, həm də iman gətirənlər yanında
(onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür
sahibinin, zalımin ürəyini (təkəbbür, zülm
sahibi olan hər bir qəlbi) belə möhürləyər!
36. Fir’on (istehza ilə) dedi: "Ey Haman!
Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara
yetişim -
37. Göylərin yollarına (yetişim)
və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu,
mən onu yalançı sayıram!" Fir’ona pis əməli beləcə
yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı.
Fir’onun hiyləsi ancaq boşa çıxdı. (Fir’on xeyli xərc
çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün
cürbəcür vasitələrə əl atdı, lakin bunların
hamısı hədər getdi. O, Musaya heç bir şey edə
bilmədi).
38. O mö’min adam dedi: "Ey qövmüm!
Mənim ardımca gəlin, sizi doğru yola çıxardım!
39. Ey qövmüm! Bu dünya həyatı
keçici bir şeydir (fanidir), axirət isə əbədi
yurddur!
40. Hər kəs bir pislik etsə,
o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud
qadın mö’min ikən bir yaxşılıq etsə, belələri
Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!
41. Ey qövmüm! Bu nə işdir!
Mən sizi nicata də’vət etdiyim halda, siz məni Cəhənnəmə
(cəhənnəm oduna) də’vət edirsiniz!
42. Siz məni Allahı inkar etməyə,
bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız
halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət
sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə)
çağırıram!
43. Şübhəsiz ki, sizin məni
(sitayiş etməyə) çağırdıqlarınızın
(dilsiz-ağılsız bütlərin) nə dünyada, nə
də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti
(ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz
isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr
etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
44. (Allahın əzabını gördükdə)
sizə dediklərimi mütləq xatırlayacaqsınız.
Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən,
Allah bəndələrini görəndir!"
45. Beləliklə, Allah onu (o mö’min
şəxsi) onların qurduğu hiylələrin şərindən
qorudu. Fir’on əhlini isə şiddətli əzab sardı
(suya qərq oldular).
46. Onlar (ölən gündən qiyamətə
qədər qəbir evində) səhər-axşam (gündə
iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu
gün isə (deyiləcəkdir): "Fir’on əhlini ən şiddətli
əzaba salın!"
47. O zaman onlar od içində bir-birilə
çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür
göstərənlərə (öz başçılarına)
deyəcəklər: "Biz (dünyada) sizə tabe idik. İndi
siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini
bizdən dəf edə bilərsinizmi?!"
48. Təkəbbür göstərənlər
deyəcəklər: "Biz hamımız oradayıq (cəhənnəm
odundayıq). Allah artıq Öz bəndələri arasında
(lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə
yoxdur!)"
49. Od içində olanlar cəhənnəm
gözətçilərinə deyəcəklər: "Rəbbinizə
dua edin ki, heç olmasa, bircə gün əzabımızı
yüngülləşdirsin!"
50. (Cəhənnəm gözətçiləri)
deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz
açıq-aşkar mö’cüzələr gətirməmişdilər?"
Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər.
(Cəhənnəm gözətçiləri onlara: ) "Elə
isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin
duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).
51. Şübhəsiz ki, Biz öz
peyğəmbərlərimizə və iman gətirənlərə
həm dünyada, həm də şahidlərin şəhadət
verəcəyi gündə (qiyamət günündə) yardım
edəcəyik!
52. Elə bir gün ki, zalımlara
üzrxahlıqları heç bir fayda verməyəcəkdir.
(O gün) onları lə’nət və axirət yurdunun pis əzabı
gözləyir.
53. And olsun ki, Biz Musaya doğru yolu
göstərən rəhbər (Tövrat) verdik və İsrail
oğullarını kitaba varis etdik!
54. Ağıl sahiblərinə hidayət
və öyüd-nəsihət olsun deyə!
55. (Ya Peyğəmbər! Allahın
əmrinə, müşriklərin əziyyətinə) səbr
et. Allahın (sənə və mö’minlərə verdiyi zəfər)
və’di haqdır. (Ümmətinin sənin özünə
aid etdiyin) günahının bağışlanmasını
dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə
təqdis et! (Daim Allahı zikr et və ya gündə beş
vaxt namaz qıl!)
56. Şübhəsiz ki, (Rəbbindən)
özlərinə bir dəlil gəlmədən Allahın
ayələri barəsində mübahisə edənlərin
ürəyində ancaq bir təkəbbür (böyüklük
iddiası, sənə qarşı həsəd) vardır. Onlar
heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik
dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah
apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir,
görəndir!
57. Doğrudan da, göylərin və
yerin yaradılışı insanların yaradılışından
daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!
58. Korla görən, iman gətirib
yaxşı əməllər edənlərlə pislik edən
eyni olmaz. Nə az düşünürsünüz!
59. O, saat (qiyamət günü) mütləq
gələcəkdir, ona heç bir şəkk-şübhə
yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!
60. Rəbbiniz buyurdu: "Mənə dua
edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni
çağırın, harayınıza yetişərəm,
yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!)
Mənə ibadət etməyi təkəbbürlərinə
sağışdırmayanlar Cəhənnəmə zəlil
olaraq girəcəklər!
61. Sizin dincəlməyiniz üçün
gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib
vuruşmağınız üçün) gündüzü
işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır,
lakin insanların çoxu (Onun lütfünə) şükür
etməz!
62. Bu sizin Rəbbiniz, hər şeyin
xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur!
Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan
necə dönürsünüz?)
63. Yalnız Allahın ayələrini
inkar edənlər (haqdan) belə döndərilərlər!
64. Sizin üçün yeri məskən,
göyü tavan edən, sizə surət verən, surətlərinizi
gözəlləşdirən, sizə təmiz (pak) ne’mətlərdən
ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin
Rəbbi olan Allah nə qədər ucadır (nə qədər
uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir!)
65. Əbədi (həmişə diri)
olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini
yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan)
ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
66. (Ya Peyğəmbər!) De: "Rəbbimdən
mənə açıq-aşkar dəlillər gəldiyi zaman
sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə)
ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin
Rəbbinə təslim olmaq buyurulmuşdur!"
67. Sizi (atanız Adəmi) torpaqdan,
sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra
(analarınızın bətnindən) uşaq olaraq çıxardan,
sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız
deyə yaşadan Odur. İçərinizdə daha əvvəl
(gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən)
öldürülənlər də var. (Bütün bunlar)
müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz
və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb
anlayasınız deyə edilir.
68. Dirildən də, öldürən
də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq
istədikdə) ona ancaq: "Ol!" - deyər, o da dərhal olar.
69. (Ya Peyğəmbər!) Allahın
ayələri barəsində mübahisə edənləri
görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər!
70. Kitabı (Qur’anı) və peyğəmbərlərimizə
göndərdiklərimizi (vəhyi, mö’cüzələri
və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən
dolayı hansı cəzalara mə’ruz qalacaqlarını) mütləq
biləcəklər!
71. O zaman ki, boyunlarında halqalar və
zəncirlər olduğu halda sürüklənəcəklər
72. Cəhənnəmə (qaynar suya)
tərəf, sonra odda yandırılacaqlar,
73. Sonra da onlara belə deyiləcəkdir:
"Haradadır şərik qoşub ibadət etdikləriniz -
74. Allahdan qeyri?!" (Müşriklər)
deyəcəklər: "Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində
öncə (dünyada) heç nəyə ibadət etmirdik!"
Allah (haqq yoldan) kafirləri belə azdırar!
75. (Onlara belə deyiləcəkdir:
) "Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə
və təkəbbürlənməyinizə görədir!
76. Girin cəhənnəmin qapılarına
(təbəqələrinə) orada əbədi qalmaq üçün!"
Təkəbbürlülərin sığınacağı
necə də pisdir!
77. (Ya Peyğəmbər! Müşriklərin
əziyyətlərinə) səbr et. Allahın (sənə
və mö’minlərə verdiyi zəfər) və’di haqdır.
Ya onlara və’d etdiyimizin (əzabın) bir qismini (diri ikən)
sənə göstərəcək, ya da səni Öz dərgahımıza
aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər!
(Qiyamət günü dünyadakı əməllərinə
görə şiddətli əzaba düçar olacaqlar!)
78. Biz səndən əvvəl də
peyğəmbərlər göndərmişdik. Onlardan kimisi
haqqında sənə xəbər vermiş, kimisi haqqında
xəbər verməmişik. Heç bir peyğmbər Allahın
izni olmadan bir mö’cüzə gətirə bilməz. Allahın
(kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə
(peyğəmbərlər və onları təkzib edənlər
arasında) ədalətlə hökm olunar. Yalan danışanlar
(batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.
79. Sizin üçün minməyə
heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.
80. Sizin üçün onlardan daha
neçə-neçə mənfəətlər vardır (dərilərindən
çadır qurur, yunlarından paltar, yorğan-döşək
düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya
onları minməklə yetişirsiniz (onları minib istədiyiniz
yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların
üstündə, (suda isə) gəmilərdə daşınırsınız.
81. O isə Öz ayələrini (qüdrət
nişanələrini) göstərir. Allahın ayələrinin
hansını inkar edə bilərsiniz?!
82. Məgər onlar (müşriklər)
yer üzünü dolaşıb özlərindən əvvəlkilərin
axırının necə olduğunu görmürlərmi?
Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə
daha çox iz qoymuş kimsələr idi. Qazandıqları
(dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını
onlardan dəf edə bilmədi).
83. Peyğəmbərləri onlara
açıq-aşkar möcüzələr gətirdikdə
özlərində olan elmə sevindilər, onlara (kafirlərə)
isə məsxərəyə qoyduqları əzab yetişdi.
(Və ya: peyğəmbərləri onlara açıq-aşkar
mö’cüzələrlə gəldikləri zaman onlar öz
biliklərinə - batil əqidə və fəlsəfələrinə,
ticarətdən mənfəət əldə edə bilmək
bacarıqlarına - qürrələndilər. Kafirləri
istehza etdikləri əzab sardı).
84. Onlar əzabımızı gördükdə
dedilər: "Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə)
qoşduğumuz şərikləri (bütləri) isə inkar
etdik!"
85. Amma əzabımızı gördükləri
zaman iman gətirmələri - Allahın Öz bəndələri
barəsində öncə olub-keçmiş (tətbiq edilmiş)
adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi.
(Əzab gəlməmişdən əvvəl iman gətirmək
lazımdır, əzabı gördükdə gətirilən
imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca
ziyana uğradılar (məhv oldular).

|