| |
42.
əş-Şura (Şura)
surəsi (Məkkədə nazil olmuşdur, 53 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Eyn, Sin, Qaf!
3. (Ya Rəsulum!) Yenilməz qüvvət,
hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə
(keçmiş peyğəmbərlərə) belə vəhy
edir!
4. Göylərdə və yerdə
nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır,
(hər şeydən) uludur!
5. Göylər (Allahın əzəmətindən,
heybətindən) az qala bir-birinin üstündən çatlayıb
dağılsın. Mələklər də Rəbbini həmd-səna
ilə təqdis edər və yerdəkilərin (günahlarının)
bağışlanmasını diləyərlər. Bilin ki,
Allah, həqiqətən, bağışlayandır, rəhm
edəndir!
6. (Ya Peyğəmbər!) Allahdan başqasını
dost tutanlar üzərində Allah Özü nəzarətçidir.
Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız
risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)
7. (Ya Peyğəmbər!) Şəhərlərin
anası (olan Məkkə) əhlini və onun ətrafındakıları
(bütün başqa insanları) haqqında heç bir şübhə
olmayan (bütün məxluqatın bir yerə cəm olacağı)
toplanış (qiyamət) günü ilə qorxutmağın
üçün beləcə sənə ərəbcə Qur’an
vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər)
Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə
olacaqdır!
8. Əgər Allah diləsəydi,
onların hamısını (eyni dində olan) vahid bir ümmət
edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə)
Öz mərhəmətinə qovuşdurar. Zalımların
isə nə bir dostu olar, nə də bir imdada yetəni!
9. Yoxsa onlar (müşriklər) özlərinə
Allahdan başqa hamilər götürdülər. İxtiyar
sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə
O qadirdir!
10. Siz nəyin barəsində ixtilaf
etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim
Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə)
ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram!
(Ona tövbə edirəm!)
11. Göyləri və yeri yoxdan yaradan
(Allah) sizin üçün özünüzdən (öz cinsinizdən)
zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla
özləri üçün) ciftlər yaratmışdır.
O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey
yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
12. Göylərin və yerin açarları
(ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol,
(istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!
13. (Ya Peyğəmbər!) Allah: "Dini
doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa
düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə
vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə
etdiyini dində sizin üçün də qanuni etdi. Sənin
də’vət etdiyin (tövhid dini) müşriklərə ağır
gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər)
seçər və tövbə edib Ona tərəf qayıdan
kimsəni də doğru yola yönəldər!
14. Onlar yalnız özlərinə
(tövhid haqqında) elm gəldikdən sonra aralarındakı
ədavət (həsəd) üzündən ayrılığa
düşdülər. Əgər (cəzanın) müəyyən
bir vaxtadək (qiyamət gününə qədər tə’xirə
salınması barədə) öncə Rəbbindən bir
söz olmasaydı, aralarında dərhal hökm verilərdi
(hamısı elə dünyada əzaba düçar edilər,
bununla da iş, yə’qin ki bitmiş olardı). Onlardan sonra
kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər
və ya özlərinə Qur’an göndərilmiş müşriklər
də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın)
barəsində dərin (başqalarını da şübhəyə
salan) bir şəkk içindədirlər.
15. (Ya Peyğəmbər!) Buna görə
də sən (xalqı tövhid dininə) də’vət et və
sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların
(müşriklərin) nəfslərindən gələn istəklərə
uyma və de: "Mən Allahın nazil etdiyi kitaba (bütün
ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə
hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah
bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz
bizə, sizin də əməlləriniz sizə aiddir (hərə
öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda
heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz
qabağındadır). Allah (qiyamət günü) hamımızı
bir yerə toplayacaqdır. Axır dönüş də yalnız
Onadır!"
16. Allahın də’vəti qəbul
olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim
kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim
peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə)
mübahisə edənlərin dəlili Rəbbinin yanında
batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli
əzaba düçar olacaqlar!
17. Kitabı və mizan-tərəzini
(insanlar arasında ədalət tərəzisi olan şəriəti)
haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə
də, o saat (qiyamət saatı) yaxındır!
18. Ona inanmayanlar onun tez gəlməsini
istərlər. İnanlar isə onun haqq olduğunu bilərək
ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil
ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan)
azıb çox uzaq düşmüşlər.
19. Allah Öz bəndələrinə
çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz
qüvvət, qüdrət sahibidir!
20. Biz axirət qazancını (savabını)
istəyənin qazancını artırar, dünya mənfəti
istəyənə də ondan verərik. Onun axirətdə
heç bir payı yoxdur.
21. Yoxsa (müşriklərin) Allahın
dində izin vermədiyi bir şeyi onlar üçün qanuni
(halal) edən şərikləri vardır. Əgər (cəzanın
qiyamətə saxlanılması barədə) qəti söz
(və’d) olmasaydı, aralarında hökm artıq icra edilmiş
olardı (hamısı elə dünyada ikən əzaba düçar
edilərdi). Şübhəsiz ki, zalımları şiddətli
bir əzab gözləyir!
22. (Ya Peyğəmbər! Qiyamət
günü) zalımları (dünyada) qazandıqları günahların
qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət,
Allahın sitəmi) mütləq onların başına gələcəkdir.
İman gətirib yaxşı işlər görənlər
isə cənnət bağçalarında olacaqlar. Rəbbinin
dərgahında onlar üçün istədikləri hər
şey olacaqdır. Budur ən böyük ne’mət!
23. Allah iman gətirib yaxşı
əməllər edən bəndələrinə bununla müjdə
verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti
təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən
(əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.
Kim bir yaxşı iş görərsə, onun yaxşılığının
savabının (mükafatını) artırarıq!" Həqiqətən,
Allah bağışlayandır, qədirbiləndir! (Şükrün
və itaətin, gözəl əməllərin əvəzini
verəndir!)
24. Yoxsa onlar: "(Muhəmməd) Allaha
qarşı yalan uydurdu!" - deyirlər. (Ya Peyğəmbər!)
Əgər Allah istəsə, sənin qəlbini möhürləyər
(Allahın adından yalan danışacağın təqdirdə
Qur’anı sənə büsbütün unutdurar). Allah batili
məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər.
Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.
25. Bəndələrinin tövbəsini
O qəbul edir, günahları O bağışlayır və
sizin nə etdiyinizi də O bilir.
26. İman gətirib yaxşı işlər
görənlərin duasını qəbul edən, Öz ne’mətini
onlara artıran da Odur. Kafirləri isə şiddətli bir
əzab gözləyir!
27. Əgər Allah (bütün) bəndələrinə
bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə
həddi aşardılar. Lakin O (Öz bəndələrinə)
istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir.
Allah öz bəndələrindən xəbərdardır,
(onları) görəndir! (Allah kimə nə qədər ruzi
verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə
çox gözəl bilir. Bəndələr içərisində
eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət
verər, hər şeyi, Allahı belə danar; eləsi də
vardır ki, güzəranı bir qədər pisləşsə,
yer üzündə fitnə-fəsad törədər, özgə
malına əl uzadar).
28. (İnsanlar) ümidsizliyə qapılandan
sonra, yağmur göndərən, ne’mətini (yağışını)
açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tə’rifə (şükrə)
layiq olan da Odur.
29. Göyləri, yeri və oralara
yayıb səpələdiyi canlıları yaratmağı
Onun qüdrət nişanələrindəndir. Allah istədiyi
vaxt (qiyamət günü) onları bir yerə yığmağa
qadirdir!
30. Sizə üz verən hər bir
müsibət öz əllərinizlə qazandığınız
günahların (etdiyiniz əməllərin) ucbatındandır!
(Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın)
çoxunu əfv edər.
31. Siz (Allahı) yer üzündə
aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı
qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız
olar, nə də bir imdada yetəniniz!
32. Dənizdə (uca) dağlar kimi
üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
33. Əgər (Allah) istəsə,
küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar
(nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən,
bunda (əziyyətlərə) çox səbr edən, (ne’mətlərə)
çox şükür edən hər bir kəs üçün
ibrətlər vardır!
34. Yaxud onları (gəmi əhlini)
qazandıqlarına (günahlarına) görə məhv edər
və bir çoxunu bağışlayar!
35. Bizim ayələrimiz (qüdrət
nişanələrimiz) barəsində mübahisə edənlər
bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb
can qurtarmağa heç bir yer yoxudur!
36. Sizə verilən hər hansı
bir şey fani dünya malıdır. Allah yanında olan (axirət
mükafatları) isə daha yaxşı və daha baqidir. O
kəslər üçün ki, iman gətirib öz Rəbbinə
təvəkkül edərlər;
37. O kəslər üçün ki,
böyük günahlardan rəzil işlərdən (zinadan)
çəkinər, (birinə) qəzəbləndikləri zaman
(onun günahını) bağışlayarlar;
38. O kəslər üçün ki,
Rəbbinin də’vətini qəbul edər (iman gətirər),
namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə
görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
39. Və o kəslər üçün
ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda
(həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində
əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası
nədirsə, onu verərlər).
40. Hər hansı bir pisliyin cəzası
onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik
edəni) bağışlasa və (onunla) barışsa, onun
mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları
sevməz!
41. Zülmə mə’ruz qaldıqdan
sonra (həddi aşmadan) əvəzini çıxanlara heç
bir cəza verilməz (onların heç bir günahı yoxdur,
uğradıqları haqsızlığın əvəzini
çıxmışlar).
42. Cəza ancaq insanlara (haqsız yerə)
zülm edənlərə, yer üzündə fitnə-fəsad
törədənlərə verilər. Məhz belələrini
şiddətli əzab gözləyir!
43. Əlbəttə, hər kəs
(pisliyə) səbr edib (qisası) bağışlasa, (onun
bu hərəkəti şəriətcə) çox bəyənilən
əməllərdəndir!
44. Allahın yoldan çıxartdığı
kimsəyə (Allahın) Özündən başqa yol göstərən
olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı
gördükləri zaman: "(Pərvərdigara!) Geri dönməyə
dünyaya qayıtmağa) bir yol varmıdır?" - deyən
görəcəksən.
45. Ona (cəhənnəm atəşinə)
gətirilib göstərildikləri zaman sən onların zillətdən
boyunlarını büküb (dəhşətdən gözlərinin
ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən.
İman gətirənlər deyəcəklər: "Həqiqətən,
(əsl) ziyan çəkənlər qiyamət günü özlərini
və ailələrini (özlərinə bağlı olanları)
ziyana uğradanlardır!" Bilin ki, zalımlar (kafirlər) daimi
əzab içində olacaqlar.
46. Onlara Allahdan başqa yardım edəcək
(Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır.
Allahın (öz pis əməlinə, çirkin e’tiqadına
görə) zəlalətə saldığı kimsə üçün
(haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!
47. (Ey insanlar!) Allah tərəfindən
geri qaytarılması əsla mümkün olmayan bir gün
(qiyamət günü) gəlməmişdən əvvəl
Rəbbinizin də’vətini qəbul edin! (Ona iman gətirin!)
O gün sizin üçün heç bir sığınacaq tapılmaz
və (günahlarınızı) inkar etməyə də heç
bir imkan olmaz!
48. (Ya Peyğəmbər!) Əgər
(bu müşriklər sənin də’vətindən) üz
döndərsələr (əsla ürəyini qısma). Biz
səni onlara gözətçi göndərməmişik. Sənin
öhdənə düşən ancaq (risaləti) təbliğ
etməkdir. Əgər Biz insana Öz dərgahımızdan
bir mərhəmət (ne’mət) daddırsaq, ona sevinər;
yox, əgər onlara öz əlləri ilə etdikləri
əməllərin ucbatından bir pislik toxunsa, (görərsən
ki) insan, həqiqətən, nankordur!
49. Göylərin və yerin hökmü
Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə
ancaq qız, istədiyinə də ancaq oğlan verir.
50. Yaxud hər ikisindən - həm
oğlan, həm də qız verir, istədiyini də sonsuz
(övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə)
qadirdir!
51. (Heç bir bəşər övladına
Allahla danışmaq müyəssər olmaz, çünki bəşər
övladı olan peyğəmbərlər maddi aləmdə,
zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir,
zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə
zülmət və nur pərdəsi vardır. Buna görə
də Allahın peyğəmbərlərlə bir yerdə
qarşı-qarşıya durub danışması qeyri-mümkündür).
Allah bəşər övladı ilə (Musanın anası
ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö’ya
ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar
(Allahın kəlamı eşidilər, amma Özü görünməz).
Və ya bir elçi (mələk) göndərər ki, o da
Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini
vəhy edər. Həqiqətən, O (hər şeydən)
ucadır, hikmət sahibidir!
52. (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə
vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən
olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən
Qur’an) göndərdik. Sən (bundan əvvəl) kitab nədir,
iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən
dilədiyimizi haqq yola qovuşdurmağımız üçün
bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən
(islam dininə də’vət edib haqqa qovuşdurursan).
53. O Allahın yoluna ki, göylərdə
və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün
işlər axırda Allaha qayıdacaqdır!

|