| |
45.
əl-Casiyə (Diz çökmüş
camaat) surəsi (Məkkədə nazil olmuşdur, 37 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi
yenilməz qüvvət, hikmət sahibi (olan Allah) tərəfindəndir.
3. Həqiqətən, göylərdə
və yerdə mö’minlər üçün ibrətlər
vardır!
4. Sizin yaradılışınızda
və (Allahın yer üzünə) yayıb səpələdiyi
canlılarda tam yəqinliklə inanlar üçün (Allahın
birliyinə, qüdrət və əzəmətinə, qiyamət
gününün haqq olmasına dəlalət edən) əlamətlər
vardır.
5. Gecə və gündüzün
bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi
vermək üçün göydən yağış yağdırmasında,
onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra
diriltməsində və küləkləri (müxtəlif
tərəflərə) yönəltməsində ağılla
düşünənlər üçün (Allahın hər
şeyə qadir olmasını sübut edən) dəlillər
vardır.
6. (Ya Peyğəmbər!) Bunlar Allahın
ayələridir (qüdrət nişanələridir). Biz onları
(Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk.
Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) inanmadıqdan
sonra hansı kəlama inanırlar?
7. Yalana dadanmış, günaha düşkün
hər kəsin vay halına!
8. O, Allahın ayələrini özünə
oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi
(Allahın əmrinə qarşı) təkəbbür göstərərək
(küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə
şiddətli bir əzabla müjdə ver!
9. O, ayələrimizdən bir şey
öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri
(qiyamət günü) alçaldıcı bir əzaba düçar
olacaqlar!
10. Qarşıda (öləndən
sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları
dünya malı, nə də Allahdan başqa dost tutduqları
(ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir
(Allahın əzabını onlardan dəf edəcəkdir).
Onlar böyük bir əzaba düçar olacaqlar!
11. Bu (Qur’an) bir hidayətdir. Rəbbinin
ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı
bir əzab gözləyir.
12. Gəmilərin Onun əmri ilə
dənizdə üzməsi və sizin də Onun lütfündən
(orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən
Allahdır! Bəlkə, şükür edəsiniz!
13. Göylərdə və yerdə
nə varsa, hamısını öz tərəfindən sizin
ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən
bir qövm üçün ibrətlər vardır!
14. (Ya Peyğəmbər!) İman
gətirənlərə de ki, Allah etdiyi əməllərə
görə hər hansı bir qövmün cəzasını
(özü) versin deyə, Allahın (əzab) günlərindən
qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları
üçün gözləməyənləri) bağışlasınlar!
(Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə
ilə ləğv edilmişdir).
15. Kim yaxşı bir iş görsə,
xeyiri özünə, kim də bir pislik etsə, zərəri
özünə olar! Sonra siz öz Rəbbinizə doğru
qaytarılacaqsınız.
16. And olsun ki, Biz İsrail oğullarına
Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli
məsələləri ədalətlə həll etmək
bacarığı) və peyğəmbərlik əta etmiş,
onlara pak ne’mətlərdən ruzi vermiş və onları
aləmlərə (zəmanələrindəki bəşər
övladına) üstün etmişdik.
17. Onlara din işində (dini məsələlərdə
və ya Muhəmməd əleyhissəlamın peyğəmbər
göndəriləcəyi barədə) açıq-aşkar
dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin
büsbütün həqiqət olduğu haqda) özlərinə
elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı
həsəd (ədavət) üzündən (dində) ixtilafa
düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin
Rəbbin ixtilafda olduqları məsələlər barəsində
qiyamət günü onların arasında hökm edəcəkdir!
18. Sonra (ya Rəsulum!) səni də
dində şəriət sahibi (bir şəriət üzrə
qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı)
bilməyənlərin nəfslərindən gələn istəklərə
uyma! (Yoxsa özünü məhvə düçar edərsən!
Peyğəmbər mə’sum olduğu üçün Muhəmməd
əleyhissəlama göndərilən bu əmrlər əslində
onun ümmətinə aiddir).
19. Şübhəsiz ki, onlar Allahdan
gələcək bir şeyi (bəlanı, əzabı) səndən
dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin
dostudurlar, Allah isə müttəqilərin dostudur!
20. Bu (Qur’an) insanlar üçün
bəsirət gözü, (axirətə) tam yəqinliklə
inanan bir qövm üçün də hidayət (doğru yolu
göstərən rəhbər) və mərhəmətdir!
21. Yoxsa dünyada pis əməllər
edənlər (axirətdə) onları iman gətirib yaxşı
işlər görənlərlə bir tutacağımızı,
onların həyatlarının və ölümlərinin
eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə
yürüdürlər! (Dünyada naz-ne’mət içində
yaşayan kafirlər: "Əgər qiyamət günü, axirət
doğrudursa, Allah bizə orada da firavan həyat bəxş
edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı
çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada
aldıqları ləzzət, axirətdə burunlarından
töküləcəkdir. Gözəl axirət həyatı
yalnız dünyada Allah, din yolunda məşəqqətlərə
dözmüş mö’minlərə məxsusdur).
22. Allah göyləri və yeri haqq-ədalətlə
və hər kəsin qazandığı nə isə onun müqabilində
əvəz (qarşılıq) görməsi üçün
yaratmışdır. Və onlara heç bir haqsızlıq
edilməyəcəkdir. (Yaxşı əməl sahibinə
mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində
cəzalandırılacaqdır).
23. (Ya Peyğəmbər!) Nəfsini
özünə tanrı edən və Allahın bilərəkdən
(onu hələ yaratmamışdan gələcəkdə kafir
olacağını bildiyi üçün) yoldan çıxartdığı,
qulağını və qəlbini möhürlədiyi, gözünə
də pərdə çəkdiyi kimsəni gördünmü?
Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər
düşünüb ibrət almırsınız? (Haqqı
bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən,
cahilliyi üzündən küfr edənin cəzasından
daha ağırdır. Çünki alimlə cahilin məs’uliyyəti
eyni ola bilməz!)
24. (Qiyaməti inkar edənlər)
belə deyirlər: "Dünya həyatımızdan başqa
heç bir həyat yoxdur; ölürük və dirilirik (biri
ölür, digəri anadan olur; biz ölürük, övladlarımız,
nəslimiz isə yaşayır); bizi öldürən ancaq
dəhrdir (zamanın gərdişi, ömür müddətidir;
yaşa dolub qocalmağımızdır). Bu barədə onların
heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!
(Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru
deyildir, çünki bütün canlı və cansız məxluqat
kimi zamanın özünü də yaradan Allahdır).
25. (Qiyamətə dair) ayələrimiz
onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman
onların dəlili: "Əgər doğru deyirsinizsə, (vəfat
etmiş) atalarımızı (dirildib) gətirin görək!"
- deməkdən başqa bir şey deyildir.
26. (Ya Peğəmbər!) De: "Allah
sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü
(dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə)
heç bir şəkk-şübhə yoxdur, lakin insanların
çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından
çox asan olduğunu) bilməz!"
27. Göylərin və yerin hökmü
ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün
- məhz o gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana
uğrayacaqlar!
28. (Ya Peyğəmbər! O gün)
hər ümməti diz çökmüş (yaxud bir yerə
yığılmış) görəcəksən. Hər
ümmət öz (əməl) dəftərinə tərəf
çağırılacaqdır. (Onlara belə deyiləcəkdir:
) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi
(mükafatı və ya cəzası) veriləcəkdir!
29. Bu Bizim kitabımızdır (sizin
əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı
deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə
bir-bir) yazdırmışıq!"
30. İman gətirib yaxşı əməl
edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə
(Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar
qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)
31. Kafir olanlara isə (belə deyiləcəkdir):
"Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma
siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür
göstərdiniz və günahkar bir tayfa oldunuz!
32. (Sizə: ) "Allahın (ölüləri
dirildəcəyi barədəki) və’di haqdır və o saata
(qiyamətin qopacağına) heç bir şəkk-şübhə
yoxdur!" - deyildiyi zaman: "O saat nədir, bilmirik! Onun ancaq bir zənn
(güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına)
əmin deyilik!" - deyə cavab verdiniz.
33. (O gün dünyada etdikləri)
pis əməllərinin cəzası onların gözünə
görünəcək və istehza etdikləri (əzab) onları
saracaqdır!
34. (Onlara belə) deyiləcəkdir:
"Siz bu gününüzə qovuşacağınızı
(dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq
(əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz
Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa)
kömək edənlər də olmayacaqdır!
35. Bu (əzab) ona görədir ki,
siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı
sizi aldatmışdı!" Bu gün onlar (Cəhənnəmdən)
çıxarılmayacaq və onlardan (Allahı razı salan)
heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!
36. (Və’dinə sadiq qalaraq mö’min
bəndələrinə verdiyi ne’mətlərə və kafirləri,
azğınları düçar etdiyi əzaba görə) göylərin
Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha
həmd olsun!
37. Göylərdə və yerdə
böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!

|