| |
46.
əl-Əhqaf (Qumsal təpələr)
surəsi (Məkkədə nazil olmuşdur, 35 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi
yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
3. Biz göyləri, yeri və onların
arasında olanları ancaq haqq olaraq və (qiyamət günü
sona çatacaq) müəyyən bir müddət üçün
yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən
(qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən)
üz döndərdilər.
4. (Ya Peyğəmbər! Bu müşriklərə)
de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan
başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən
və ona bənzər şeylərdən) nə yaratmışlar?!
Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi
var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək
üçün) mənə bundan (bu Qur’andan) əvvəl (Allahdan
sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən,
ümmətlərdən sizə gəlib çatmış)
elmdən qalan bir şey (əsər) gətirin!
5. Allahı qoyub qiyamətədək
özünə cavab verə bilməyən bütlərə
ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış
kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin)
ibadətindən xəbərsizdirlər!
6. İnsanlar məhşərə
toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə)
düşmən olacaq və onların ibadətini inkar edəcəklər.
7. Ayələrimiz onlara açıq-aydın
olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz
onlara söylənildikdə) kafirlər özlərinə gələn
(Qur’an) barəsində: "Bu, aşkar bir sehrdir!" - deyirlər.
8. Yoxsa onlar: "(Muhəmməd) onu (özündən)
uydurmuşdur!" - deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər
mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan
(Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an)
barəsindəki dedi-qodularınızı daha yaxşı
bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir.
O, bağışlayandır, rəhm edəndir!"
9. De: "Mən peyğəmbərlərin
birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə
nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər
kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı,
yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza
veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı
deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən
yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi
Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir
peyğəmbərəm!"
10. De: "Bir deyin görək, əgər
(bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail
oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə)
onun özü kimisi (Tövrat) ilə şəhadət verib
iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür
göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları
doğru yola müvəffəq etməz!"
11. Kafir olanlar iman gətirənlər
barəsində deyirlər: "Əgər (Qur’an, islam dini) yaxşı
bir şey olsaydı, (mö’minlər) bu işdə bizdən
qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl)
iman gətirərdik. Onlar (Qur’anla) doğru yola gəlmədikləri
üçün: "Bu, köhnə yalandır!" - deyəcəklər.
12. Ondan (Qur’andan) əvvəl Musanın
(İsrail oğullarına, mö’minlərə) rəhbər
və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an
özündən əvvəlki ilahi kitabları) ərəb
dilində təsdiq edən, zalımları (Allahın əzabı
ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə
(Cənnətlə) müjdə vermək üçün olan
bir Kitabdır!
13. Şübhəsiz: "Rəbbimiz
Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə)
möhkəm duranların (qiyamət günü) heç bir
qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!
14. Belələri cənnətlikdirlər,
onlar (dünyada) etdikləri (yaxşı) əməllərin
əvəzi olaraq orada əbədi qalacaqlar!
15. Biz insana ata-anasına yaxşılıq
etməyi (valideynlərilə gözəl davranmağı,
onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki
anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş,
əziyyətlə doğmuşdur. Onunla (ana bətnində)
daşınma və (süddən) kəsilmə müddəti
otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib
qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim!
Mənə həm mənim özümə, həm də ata-anama
əta etdiyin ne’mətə şükür etmək və Sənə
xoş gedəcək yaxşı əməl etmək üçün
ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan)
Sənə tövbə etdim və şübhəsiz ki, mən
müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim
edənlərdənəm!)"
16. Belələri (dünyadakı)
yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından
keçəcəyimiz və onlara verilmiş doğru və’də
görə cənnət əhli içərisində olacaq kimsələrdir!
17. (Özünü Allaha, axirət
gününə iman gətirməyə də’vət edən)
ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə
nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi)
halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən)
çıxarılacağımımı və’d edirsiniz?! -
deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək:
"Vay halına! (Ay yazıq) inan, Allahın və’di haqdır!"
- deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin
əfsanələrindən (yalan sözlərdən) başqa
bir şey deyildir!" - deyə cavab verər.
18. Belələri özlərindən
əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir)
ümmətlərlə birlikdə haqlarında əzab sözünün
(hökmünün) gerçəkləşdiyi kimsələrdir.
Onlar, doğrudan da, ziyana uğrayanlardır!
19. Hamının (mö’minlərin
və kafirlərin) etdiyi əməllərə görə
(Cənnətdə və Cəhənnəmdə) dərəcələri
vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı)
əməllərinin əvəzini (layiqincə) versin. Onlara
əsla haqsızlıq edilməz.
20. Kafir olanlar cəhənnəm oduna
göstəriləcəkləri (cəhənnəm odunun üzündən
pərdə götürülüb kafirlərin gözünə
görünəcəyi, yaxud cəhənnəm əzabını
dadacaqları) gün (onlara məzəmmətlə belə
deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün
ne’mətləri görüb daddınız və onlardan ləzzət
aldınız (dünyada sizin üçün gözəl olan
hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı).
Bu gün isə yer üzündə nahaq yerə təkəbbür
göstərdiyinizə və (Allahın itaətindən çıxmış)
fasiqlər olduğunuza görə həqarətli əzabla
cəzalandırılacaqsınız!"
21. (Ya Rəsulum!) Ad qövmünün
qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən
əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş
Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə
belə demişdi: "Allahdan başqasına ibadət etməyin.
Mən böyük günün (qiyamət gününün)
sizə üz verəcək əzabından qorxuram!"
22. Onlar: "Sən bizi tanrılarımızdan
döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa,
bizə və’d etdiyini (əzabı) gətir görək!"
- deyə cavab vermişdilər.
23. (Hud) demişdi: "(Əzabın nə
vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız
mənimlə göndərilənləri (risaləti, Allahın
əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil
bir qövm olduğunuzu görürəm!"
24. Onu (özlərinə və’d olunmuş
əzabı) vadilərinə tərəf üz tutub gələn
bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə
yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə
onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz
şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
25. O öz Rəbbinin əmri ilə
hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər
çağı elə bir vəziyyətə düşdülər
ki, evlərindən başqa heç bir şey görünmədi
(hamısı məhv oldu). Biz günahkar qövmü belə
cəzalandırırıq!
26. (Ey Məkkə əhli!) And olsun
ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti)
sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb
vermişdik, lakin nə qulaqları, nə gözləri, nə
də qəlbləri onlara heç bir fayda vermədi. Çünki
onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər.
Onları istehza etdikləri (əzab) sardı.
27. And olsun ki, Biz sizin ətrafınızda
olan məmləkətləri (Səmud, Lut tayfalarının
yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar
deyə, ayələri onlara cürbəcür şəkildə
bəyan etdik (təkrar-təkrar göstərdik).
28. Bəs nə üçün Allahı
qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul
etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə,
(o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha yaxınlaşmaq
məqsədilə bütlərə sitayiş etmək) onların
öz yalanları və öz uydurmalarıdır.
29. (Ya Peyğəmbər!) Onu da xatırla
ki, bir zaman bir dəstə (ona qədər) cini Qur’anı dinləmək
üçün sənin yanına göndərmişdik. Onlar
onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda
(bir-birinə): "Qulaq asın!" - dedilər və (Qur’an oxunub)
qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı
ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına
qayıtdılar. (İşə bax ki, cinlər Qur’anı eşidib
ona iman gətirdikləri halda, bu müşriklər hələ
də ondan üz döndərirlər).
30. Onlar dedilər: "Ey qövmümüz!
Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri
(Tövratı, İncili, Zəburu və səhifələri)
təsdiq edən, (Allahın bəndələrini) haqqa və
düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!
31. Ey qövmümüz! Allahın
carçısını (Muhəmməd əleyhissəlamı)
qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü)
günahlarınızdan keçər və sizi şiddətli
əzabdan xilas edər!
32. Allahın carçısını
qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb
canını Ondan (Onun əzabından) qurtara bilməz və
ona Allahdan başqa kömək edən dostlar da tapılmaz.
Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"
33. Məgər onlar göyləri
və yeri yaratmış və onları yaratmaqdan yorulmamış
Allahın ölüləri də diriltməyə qadir olduğunu
görüb anlamırlarmı? Bəli, O, hər şeyə
qadirdir!
34. Kafirlər cəhənnəm oduna
göstəriləcəkləri (cəhənnəm əzabını
dadacaqları) gün (onlardan soruşulacaqdır): "Məgər
bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli,
Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər.
(Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə
görə dadın əzabı!"
35. (Ya Rəsulum!) Peyğəmbərlərdən
əzm (və səbat, şəriət) sahibləri olanların
səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə,
əziyyətlərə) səbr et. (Müşriklərə)
tez (əzab) gəlməsini istəmə. Onlar və’d olunduqlarını
(əzabı) görəcəkləri gün gündüzün
ancaq bir saatı qədər (dünyada) qaldıqlarını
sanacaqlar. (Bu Qur’an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır.
Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?!
(Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış
fasiqlər məhv ediləcəklər!)

|