| |
47.
Muhəmməd surəsi
(Məkkədə nazil olmuşdur, 38 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kafir olanların və (insanları)
Allah yolundan döndərənlərin əməllərini (Allah)
puç edəcəkdir.
2. İman gətirib yaxşı əməllər
edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq
nazil edilənə (Qur’ana) inanların isə günahlarının
üstünü örtəcək, onların əhvalını
(dünyada və axirətdə) düzəldəcəkdir
(yaxşılaşdıracaqdır).
3. Bu ona görədir ki, kafirlər
batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən
gələn haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə
dair məsələləri belə çəkir!
4. (Ey mö’minlər!) Kafirlərlə
(döyüş meydanında) qarşılaşdığınız
zaman boyunlarını vurun. Nəhayət, onları məğlub
(əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə,
əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın.
Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət
qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz
əsirləri bağışlayıb pulsuz-parasız azad edər,
ya onları mübadilə edər, ya da müəyyən məbləğ
pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər
Allah istəsəydi, onlardan (başqa cür - müharibəsiz
də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana
çəkmək üçün (vuruşmağınızı
əmr etdi). Allah Öz yolunda öldürülənlərin
əməllərini əsla puç etməz.
5. (Allah) onları doğru yola müvəffəq
edəcək, onların əhvalını (dünyada və
axirətdə) düzəldəcəkdir.
6. Və onları (dünyada) özlərinə
tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.
7. Ey iman gətirənlər! Əgər
siz Allaha (Allahın dininə və Peyğəmbərinə)
yardım göstərsəniz, O da sizə yardım göstərər
və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli)
edər.
8. Kafirlərə gəldikdə isə
- hamısı məhv olsun - onların əməllərini
puça çıxardar!
9. Bu ona görədir ki, (kafirlər)
Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər,
(Allah da) onların əməllərini puç etdi.
10. Məgər onlar yer üzünü
dolaşıb özlərindən əvvəlkilərin aqibətinin
necə olduğunu görmürlərmi?! Allah onları yerlə
yeksan etdi. Kafirləri də buna bənzərləri (belə
şeylər) gözləyir!
11. Ona görə ki, Allah iman gətirənlərin
dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı)
yoxdur!
12. Allah iman gətirib yaxşı
əməllər edənləri (ağacları) altından
çaylar axan cənnətlərə daxil edər. Kafirlər
isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər.
(Öləndən sonra) cəhənnəm odu onların məskəni
olacaqdır!
13. (Ya Peyğəmbər! Qövmünün)
səni çıxartdığı şəhərdən (şəhər
əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər
(şəhər əhli) var idi ki, Biz onları məhv etdik
və özlərinə bir kömək edən də tapılmadı!
14. Məgər Rəbbindən bir
dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli
özünə yaxşı göstərilən kimsə kimidirmi?!
Belələri öz nəfslərinə uymuşlar.
15. Müttəqilərə və’d
olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən
(qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən
çaylar, içənlərə ləzzət verən şərabdan
nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları
hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan)
bağışlanma gözləyir. (Məgər bu cənnətdə
olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları
parça-parça edən qaynar su içirdiləcək kəslər
kimi ola bilərlərmi?!
16. (Ya Peyğəmbər!) Onların
(kafirlərin) içərisində elələri də vardır
ki, səni dinləyər, sənin yanından çıxıb
gedən kimi elm verilmiş kimsələrdən (səhabədən
istehza ilə): "(Muhəmməd) bu saat nə dedi?!" - deyə
soruşarlar. Onlar Allahın ürəklərinə möhür
vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
17. Doğru yolu tapanlara gəldikdə
isə, (Allah) onların doğruluğunu daha da artırar və
onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub
pis əməllərdən çəkinmələrinin) mükafatını
verər!
18. Onlar (kafirlər) ancaq o saatın
(qiyamət saatının) qəfildən başlarının
üstünü almasınımı gözləyirlər?
Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət
saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları
(peşman olub tövbə etmələri) onlara nə fayda verər?!
19. (Ya Rəsulum!) Bil ki, Allahdan başqa
heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının,
həm də mö’min kişilərin və qadınların
bağışlanmasını dilə. Allah gəzib-dolandığınız
yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin
gündüzlər-gecələr dünyada nə işlə
məşğul olduğunuz, axirətdə harada olacağınız
Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!)
20. Mö’minlər: "Kaş (cihad barəsində)
bir surə nazil olaydı!" - deyirdilər. Elə ki möhkəm
bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi,
(ya Rəsulum!) qəlblərində mərəz (şəkk
və nifaq mərəzi) olanların sənə ölüm
qorxusundan bayılmış kimsənin baxışı ilə
baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı
-
21. İtaət etmək və gözəl
bir söz demək (sənin əmrini dinməz-söyləməz
yerinə yetirmək). İş qətiləşdiyi (onlara
cihad vacib olduğu) zaman Allaha (verdikləri və’də) sadiq
olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı
olardı!
22. Əgər (Muhəmməd əleyhissəlamdan)
üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad
törətmək və (Cahiliyyət dövründə olduğu
kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!
23. Onlar (münafiqlər, fitnə-fəsad
törədənlər) Allahın lə’nət etdiyi (qulaqlarını)
kar və gözlərini kor etdiyi kimsələrdir!
24. Onlar Qur’an barəsində düşünməzlərmi?
Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin
öz kilidləri vardır?)
25. Doğru yol özlərinə bəlli
olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü)
xoş göstərdi və onları tovlayıb yoldan azdırdı
(və ya: bu dönüklüyün müqabilində Allah onları
zəlalətə saldı).
26. Bu onların Allahın nazil etdiyini
(cihad əmrini) bəyənməyənlərə (münafiqlərə):
"Biz bə’zi işlərdə (Allahın və Muhəmməd
əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə)
sizə itaət edəcəyik!" - demələrinə görədir.
Allah onların (bütün) sirlərini (gizli danışıqlarını)
bilir!
27. Bəs mələklər onların
üzlərinə, arxalarına vura-vura canlarını alanda
halları necə olacaq?
28. Bu da onların Allahın qəzəbinə
səbəb olan şeyə (Şeytana itaət etməyə)
uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə
vuruşmağı) bəyənmədiklərinə görədir.
Elə buna görə də (Allah) onların əməllərini
puç etdi.
29. Yoxsa qəlblərində mərəz
(şəkk və nifaq mərəzi) olanlar elə güman
etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini
zahirə çıxartmayacaqdır?!
30. (Ya Peyğəmbər!) Əgər
Biz istəsəydik, onları (münafiqləri) mütləq
sənə göstərər, sən də onları mütləq
üzlərindən tanıyardın (amma, bəlkə, tövbə
edib dində səmimi olsunlar deyə, onları heç kəsə
tanıtmadıq). Sən onsuzda onların danışıq
tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin
(bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan
sonra tanınmayan münafiqlər qorxudan ağızlarını
açıb bir kəlmə danışmırdılar).
31. (Ey mö’minlər!) And olsun ki,
Biz içərinizdəki mücahidləri və (əziyyətlərə)
səbr edənləri ayırd edib bilmək (ümmətə
mə’lum etmək) üçün sizi imtahana çəkəcək
və sizə dair xəbərləri (əməllərinizi)
də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın
sizin barənizdə əzəldən bildikləri - kimin həqiqi,
kimin yalançı mö’min olduğu zahirə çıxıb
Onun bütün bəndələrinə bəlli olsun!)
32. Şübhəsiz ki, kafirlər,
(insanları) Allah yolundan döndərənlər və doğru
yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə
qarşı çıxanlar Allaha heç bir zərər verə
bilməzlər. (Allah) onların bütün əməllərini
puç edəcəkdir!
33. Ey iman gətirənlər! Allaha
itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə,
riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi
puça çıxartmayın!
34. Kafir olanları, (insanları) Allah
yolundan döndərənləri, sonra da kafir kimi ölənləri,
şübhəsiz ki, Allah bağışlamayacaqdır!
35. Buna görə də (cihada) zəiflik
göstərməyin və (kafirlərə) üstün (qalib)
gəldiyiniz zaman (onları) sülhə də’vət etməyin.
Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız)
buraxmaz!
36. Şübhəsiz ki, dünya həyatı
oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz
və (pis əməllərdən, günahlardan) çəkinsəniz,
O sizə mükafatlarınızı verəcəkdir. O sizdən
mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi)
istəməz (yalnız zəkat verməyinizi istəyər).
37. Əgər Allah sizdən Onun (mal-dövlətinizin)
hamısını istəsə və bunu sizdən israrla tələb
etsə, siz xəsislik göstərərsiniz və O da (sizin
islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı
xərcləmək istəməmənizi) zahirə çıxardar.
38. Budur, siz (mal-dövlətinizin yalnız
qırxda birini) Allah yolunda sərf etməyə çağırılan
kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik
edən də vardır. Hər kəs xəsislik etsə, ancaq
özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri
yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz
(Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız).
Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə
sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət
edən) başqa bir qövm gətirər!

|