| |
48.
əl-Fəth (Fəth)
surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Həqiqətən,
Biz sənə (müsəlmanların fütuhatının
başlanğıcını qoyan, Kə’bənin yerləşdiyi
Məkkə şəhərinin, habelə bir çox başqa
məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə
sülhü ilə) açıq-aşkar bir zəfər bəxş
etdik!
2. Allah (bununla) sənin əvvəlki
sə sonrakı günahlarını bağışlayacaq,
sənə olan ne’mətini tamam-kamal edəcək və səni
düz yola müvəffəq edəcəkdir!
3. Allah sənə yenilməz qələbə
verəcəkdir!
4. Mö’minlərin imanı üstünə
iman artırmaq üçün onların ürəklərinə
(Öz dərgahından) arxayınlıq (rahatlıq və
mə’nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki
və yerdəki ordular (mələklər, cinlər, insanlar,
heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ,
ayın tutulması, günəşin batması və i. a.)
Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə
intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
5. (Cihad əmri ona görədir ki)
Allah mö’min kişiləri və qadınları əbədi
qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə
daxil etsin və onların günahlarının üstünü
örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur
(uğurdur)!
6. (Cihad əmri həm də ona görədir
ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə,
nə də mö’minlərə kömək edəcəkdir
-deyə) Onun barəsində bədgüman (bədniyyət)
olan münafiq kişi və qadınları, müşrik kişi
və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi
öz başlarında çatlasın! Allahın onlara qəzəbi
tutmuş və (Allah) onlara lə’nət etmişdir. (Allah) Cəhənnəmi
onlar üçün hazırlamışdır. Ora necə də
pis məskəndir!
7. Göylərdəki və yerdəki
ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
8. (Ya Rəsulum!) Həqiqətən,
Biz səni (bəşər övladına) bir şahid, bir
müjdəçi və (Allahın əzablı ilə) qorxudan
bir peyğəmbər olaraq göndərdik.
9. (Biz onu göndərdik ki, siz insanlar)
Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud
Peyğəmbərə) yardım edəsiniz, onu böyük
sayıb ehtiramını saxlayasınız və (Allahı)
səhər-axşam təqdis edib şə’ninə tə’riflər
deyəsiniz!
10. (Ya Peyğəmbər! Hüdeybiyyə
səfəri zamanı bir ağacın altında bey’əti-rizvanla)
sənə bey’ət edənlər, şübhəsiz ki, Allaha
bey’ət etmiş olurlar. Allahın (qüdrət) əli onların
əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq
öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız
onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə
yetirsə, (Allah) ona böyük mükafat verər!
11. (Hüdeybiyyə səfərindən)
geri qalan bədəvi ərəblər sənə deyəcəklər:
"Mal-dövlətimiz və ailələrimiz başımızı
qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan)
bizim bağışlanmağımızı dilə!" Onlar
ürəklərində olmayanı dilləri ilə deyirlər.
(Onlara) de: "Əgər Allah sizə bir zərər, yaxud bir
xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə
kim mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən
xəbərdardır!
12. Yoxsa (ey münafiqlər!) siz elə
güman edirdiniz ki, Peyğəmbər və mö’minlər
(döyüşdə həlak olub) bir daha öz ailələrinə
qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş
və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz.
Və (elə buna görə də) siz məhvə düçar
edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!
13. Hər kəs Allaha və Onun Peyğəmbərinə
iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün
cəhənnəm odu hazırlamışıq!
14. Göylərin və yerin hökmü
Allahın əlindədir. O, istədiyini bağışlayar,
istədiyinə də əzab verər. Allah bağışlayandır,
rəhm edəndir!
15. Siz (Xeybərə) qənimət
əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə
səfərinə) getməyənlər (səfərdən
geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca
gələk!" Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə
səfərinə getməyib evdə oturanları heç yerə
aparma!) sözünü dəyişdirmək istəyirlər.
(Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim arxamızca
gəlməyəcəksiniz. Allah əvvəldən belə
buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq
edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət
düşsün)". Xeyr, onlar özləri çox az qanan kimsələrdir!
16. (Hüdeybiyyə səfərindən)
geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən
sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız.
Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman
olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər
itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər.
Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən)
üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı
bir əzab verər".
17. (Cihada getməməyə görə)
kora günah gəlməz, topala-şilə günah gəlməz,
bir də xəstəyə günah gəlməz. Kim Allaha və
Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları)
altından çaylar axan cənnətlərə daxil edər.
Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli
bir əzaba düçar edər!
18. (Ya Peyğəmbər!) And olsun
ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət
etdikləri zaman Allah mö’minlərdən razı oldu. (Allah)
onların ürəklərində olanı (sənə sadiq
qalacaqlarını, əhdə vəfa edəcəklərini)
bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq,
səbir, səbat, mə’nəvi qüvvə) göndərdi
və onları yaxın gələcəkdə qazanılacaq
bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.
19. Həm də (Xeybərdə) ələ
keçirəcəkləri çoxlu qənimətlərə
(nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
20. Allah sizə çox-çox qənimətlər
və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz.
Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə
verdi. Mö’minlərə işarə olsun və sizi doğru
yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı
uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin,
yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).
21. Hələ əldə edə bilmədiyiniz
başqa qənimətlər də (Allahın sizə Məkkənin
fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və
sonrakı neçə-neçə döyüşlər zamanı
əldə ediləcək qənimətlər və’d buyurmuşdur).
Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər
şeyə qadirdir!
22. Əgər (Məkkə əhlindən
sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər,
mütləq arxa çevirib qaçacaq, özlərinə nə
dost, nə də havadar tapacaqdılar.
23. (Ya Peyğəmbər!) Allahın
əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən
Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik
görə bilməzsən! (Həmişə peyğəmbərlər
və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub
olmuşlar).
24. Sizi onlara (müşriklərə)
qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə)
onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən
(onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan)
Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər
əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi
zaman səksən silahli Məkkə müşriki müsəlmanlara
hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin
yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib
hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın
bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına
səbəb olmuşdu).
25. Küfr edənlər də, sizin
Məscidülhərama daxil olmağınıza maneçilik
törədənlər də, qurbanlıqları öz yerinə
(qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır
(Məkkə müşrikləridir). Əgər (Məkkədə)
tanımadığınız mö’min kişi və qadınları
bilmədən ayaq altına alıb əzmək və bundan
dolayı sizə günah gəlmək ehtimalı olmasaydı
(Allah siz mö’minlərin hamılıqla Məkkəyə
daxil olmasına izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə
qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər
onlar (mö’minlərlə kafirlər) bir-birindən seçilib
ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən)
kafir olanları şiddətli bir əzaba düçar edərdik!
26. Kafirlər öz ürəklərində
Cahiliyyət təkəbbürü təəssübünə
qapıldıqları (Hüdeybiyyə sazişinə "bismillahir-rəhmanir-rəhim",
"Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan imtina
etdikləri, hicrətin altıncı ilində Muhəmməd
əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq
vermədikləri) zaman Allah Peyğəmbərinə və
mö’minlərə öz dərgahından arxayınlıq
(qəlb rahatlığı, mə’nəvi möhkəmlik)
göndərmiş və onlara təqva gəlməsini (la ilahə
illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi.
Onların bu sözə (Məkkə müşriklərindən)
daha çox haqqı var idi və ona layiq idilər. Allah hər
şeyi biləndir!
27. And olsun ki, Allah-təala Öz Peyğəmbərinin
(Məkkə fəthi) rö’yasının çin olduğunu
təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla,
(bə’ziniz) başınızı qırxdırmış,
(bə’ziniz saçınızı) qısaltmış halda
və (müşriklərdən) qorxmadan Məscidülhərama
daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir.
O bundan əlavə (sizə) tezliklə bir qələbə
(Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan
da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində
əshabəsi ilə birlikdə Məkkəyə ümrə
ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri
fəth etdi. Buna görə də bir işə girişməzdən
əvvəl mütləq "inşallah" demək lazımdır!)
28. Onu (islamı) bütün dinlərdən
üstün etmək (onun bütün dinlərdən üstün
olduğunu göstərmək) üçün Öz Peyğəmbərini
hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum!
Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın
şahid olması kifayət edər!
29. Muhəmməd (əleyhissəlam)
Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö’minlər)
kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında)
isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı)
rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf
diləyən görərsən. Onların əlaməti üzlərində
olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki
mö’minlik nuru alınlarındakı möhür yeri ilə
tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə
isə onlar elə bir əkinə bənzədilirlər ki,
o artıq cücərtisini üzə çıxarmış,
onu bəsləyib cana-qüvvətə gətirmiş, o da
(o cücərti də) möhkəmlənib gövdəsi üstünə
qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi)
kafirləri qəzəbləndirmək üçündür.
Onlardan iman gətirib yaxşı əməllər edənlərə
Allah məğfirət (günahlardan bağışlanma) və
böyük mükafat (Cənnət) və’d buyurmuşdur!

|