| |
50.
Qaf surəsi (Məkkədə
nazil olmuşdur, 45 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Qaf! (Ya Peyğəmbər!) Şanlı
Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə
iman gətirmədilər)!
2. Bəli! Özlərindən (Onları
Allahın əzabı ilə) qorxudan bir peyğəmbər
gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:"
Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?!
Ancaq mələk peyğəmbər ola bilər!)
3. Məgər biz ölüb torpaq
olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən)
uzaq (qeyri-mümkün) bir qayıdışdır!"
4. Həqiqətən, Biz yerin onlardan
nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb
məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi)
hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
5. Lakin onlara haqq (Qur’an) gəldikdə
onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış)
içindədirlər (sənə gah şair, gah sehrbaz, gah
da kahin deyirlər).
6. Məgər onlar başlarının
üstündəki göyə baxıb onu necə yaratdığımızı,
necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını
görmürlərmi?!
7. Eləcə də yeri necə döşədiyimizi
(hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar
yaratdığımızı, hər cür gözəl növdən
(meyvə) yetişdirdiyimizi görmürlərmi?!
8. (Bütün bunlar Rəbbinə
tərəf) dönüb qayıdan hər bir bəndə üçün
ibrət dərsi və öyüd-nəsihət olsun deyə
etdik.
9. Biz göydən bərəkətli
su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi)
biçilən taxıl dənələri yetişdirdik.
10. Həm də tumurcuqları (salxım-salxım)
bir-birinin üstünə düzülmüş, hündür
xurma ağacları (bitirdik) -
11. Bəndələrə ruzi olsun
deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti
cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da
belədir!
12. Onlardan (Məkkə müşriklərindən)
əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü
peyğəmbərləri) təkzib etmişdi.
13. Ad (qövmü), Fir’on (əhli),
Lut qardaşları;
14. Əykə əhli və Tübbə’
qövmü - bunların hamısı peyğəmbərləri
təkzib etdi və Mənim də onlara və’d etdiyim (əzab)
gerçəkləşdi.
15. Məgər Biz ilk yaradılışdan
acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü
ölüləri diriltməkdən aciz qalmayacağıq!)
Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində
şəkk-şübhə içindədirlər!
16. And olsun ki, insanı Biz yaratdıq
və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz
bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın
adi hərəkətlərindən tutmuş ürəyindən
keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)
17. Xatırla ki, (insanın) sağında
və solunda (onun bütün əməllərini) təsbit
edən (qeydə alan) iki mələk oturmuşdur!
18. Dediyi hər sözü (yazmaq üçün)
onun yanında hazır durub gözləyən (iki mələk)
vardır!
19. Ölüm (ölüm bihuşluğu),
həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin
qorxub qaçdığın (cürbəcür vasitələrlə
canını qurtarmaq istədiyin) şeydir!
20. (Öləndən sonra yenidən
dirilmək üçün) sur çalınacaqdır. Bu və’d
olunmuş gündür (əzab günüdür)!
21. Hər bir kəs (Rəbbinin hüzuruna)
bir sürüyən (sürüyüb məhşərə
gətirən) və bir də şahidlə (iki mələklə)
gələcəkdir.
22. (Ona belə deyiləcəkdir: )
"Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından)
qafil idin. Artıq bu gün gözündən pərdəni
götürdük. Sən bu gün sərrast görürsən!"
23. Yoldaşı (ona təhkim olunmuş
mələk) deyəcəkdir: "Bu yanımdakı (Cəhənnəm
üçün) hazırdır!"
24. (Allah o iki mələyə buyuracaqdır:
) "Atın Cəhənnəmə hər bir inadcıl kafiri;
25. Xeyrə mane olanı, (zülm etməklə,
günah törətməklə) həddi aşanı, (Allahın
birliyinə) şəkk edəni!
26. O kimsəni ki, Allahla yanaşı
özünə başqa bir tanrı qəbul etdi. Atın onu
şiddətli əzabın içinə!"
27. Yoldaşı (Şeytan və ya
öz nəfsi) deyəcəkdir: "Ey Rəbbimiz! Onu mən azdırmadım.
Fəqət o özü haqq yoldan çox azmışdı!"
28. (Allah) buyuracaqdır: "Mənim hüzurumda
mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər
vasitəsilə) bu əzabı bildirmişdim.
29. Mənim hüzurumda söz güləşdirməyin.
Mən bəndələrə (əbəs yerə) zülm
edən deyiləm!"
30. O gün Biz Cəhənnəmə:
"Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə
cavab verəcəkdir.
31. Cənnət də müttəqilər
üçün yaxın bir yerə gətiriləcəkdir.
32. (Onlara deyiləcəkdir: ) "Bu, və’d
olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib
Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü
günahdan) qoruyan;
33. Rəhmandan (Onu) görmədən
qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə
gələn bəndə üçündür!
34. Ora sağlıqla (əmin-amanlıqla)
daxil olun. Bu, əbədiyyət günüdür!"
35. Orada onlar üçün istədikləri
hər şey vardır. Dərgahımızda isə ondan artığı
(mö’minlərin təsəvvür edə bilmədikləri
ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!
36. Biz onlardan (Məkkə müşriklərindən)
əvvəl özlərindən daha qüvvətli neçə-neçə
nəsilləri məhv etdik. (Onlar: ) "Görəsən, (ölümdən
qaçıb) can qurtarmağa bir yer varmı?" (deyərək)
ölkə-ölkə gəzib dolaşmışdılar.
37. Şübhəsiz ki, bunda qəlb
(ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı
ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün
öyüd-nəsihət vardır!
38. And olsun ki, Biz göyləri, yeri
və onların arasında olanları altı gündə yaratdıq
və Bizə heç bir yorğunluq da üz vermədi.
39. (Ya Peyğəmbər!) Artıq
onların dediklərinə (batil sözlərinə) səbr
et. Gün doğmamışdan əvvəl, batmamışdan
əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər
de!
40. Gecənin bir vaxtında və səcdələrdən
sonra da (Onu şükr-səna ilə təqdis et)!
41. (Ya Peyğəmbər!) Carçının
yaxın bir yerdən car çəkəcəyi gün (deyilən
sözü, surun səsini) dinlə! (O gün İsrafil uca
səslə: "Ey köhnəlmiş sümüklər, ey bir-birindən
ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış
saçlar! Allah sizə haqq-hesab gününə gəlmək
üçün yenidən birləşməyi buyurur!" - deyəcək
və suru ikinci dəfə üfürəcəkdir).
42. O gün (bütün yaranmışlar)
dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya
eşidəcəklər. O gün (qəbirlərdən) çıxma
günüdür!
43. Şübhəsiz ki, dirildən
də, öldürən də Bizim. (Axır) dönüş
də Bizim hüzurumuzadır!
44. O gün yer onlardan ayrılıb
parçalanacaq, onlar sür’ətlə (torpağın altından,
qəbirlərindən çıxacaqlar). O bizim üçün
asan olan həşrdir (Bütün yaranmışların bir
yerə toplanacaqları məhşər günüdür).
45. Biz onların nə dediklərini
çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara
zor edən (onları zorla imana gətirən) deyilsən. Sən
Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət
ver!

|