| |
52.
ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (Allahın Musa ilə danışdığı)
Tur dağına;
2. And olsun yazılmış kitaba
(Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
3. Açıq dəri üzərində
(olan kitaba);
4. And olsun (mələklərin ibadət
etdiyi) Beytülmə’mura;
5. And olsun yüksək tavana (uca göyə)
6. Və dolub daşan (alovlanan) dənizə
ki,
7. Rəbbinin əzabı (Ya Peyğəmbər!)
mütləq vaqe olacaqdır!
8. Onu heç kəs dəf edə bilməz!
9. O gün göy hərəkətə
gəlib fırlanacaq (çalxalanacaq),
10. Dağlar yerindən qopub (havada
toz kimi) oynayacaqdır.
11. O gün vay (peyğəmbərləri)
yalançı hesab edənlərin halına!
12. O kəslər ki, (dünyada) yalana
qurşanıb qəflət içində oynayarlar.
13. O gün onlar zorla cəhənnəm
oduna sürüklənəcəklər.
14. (Onlara belə deyiləcəkdir:
) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
15. (Vəhyə, Qur’ana sehr dediyiniz
kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət
olduğunu) görmürsünüz?
16. Yanın orada! İstər dözün,
istər yox; sizin üçün eynidir (həmişəlik
Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz
əməllərin cəzasını çəkəcəksiniz!"
17. Müttəqilər isə, şübhəsiz
ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
18. Rəbbinin onlara əta etdiyi ne’mətlərdən
zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm
əzabından qorumuşdur.
19. (Onlara belə deyiləcəkdir:
) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində
nuşcanlıqla yeyin-için;
20. Səf-səf düzülmüş
taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü
hurilərlə evləndirəcəyik.
21. İman gətirib övladları
imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə)
özlərinə qoşacağıq. Onların əməllərindən
heç bir şey əskiltməyəcəyik. Hər kəs
öz əməlinin girovudur!
22. Onları istədikləri meyvə
və ətlə (bol-bol) tə’min edəcəyik.
23. Onlar orada bir-birinə (şərab
dolu) qədəh ötürəcəklər. Onda (cənnət
şərabının xislətində dünyakından fərqli
olaraq) nə lağlağılıq, nə də günaha
təhrik vardır.
24. Onların ətrafında (xidmət
üçün) özlərinə məxsus olan, sədəf
içində gizlənmiş inci kimi gözəl oğlanlar
dolanacaqlar.
25. Onlar (dünyada gördükləri
işlər barəsində) bir-birindən hal-əhval tutmağa
başlayacaqlar.
26. Və (söhbət əsnasında)
belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada)
ailəmiz içində olarkən (Rəbbimizin əzabından)
qorxardıq.
27. Artıq Allah bizə mərhəmət
buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından
qorudu.
28. Biz bundan əvvəl (dünyada)
Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq)
kərəm sahibidir, rəhm edəndir!"
29. Elə isə (ya Peyğəmbər!
Sən müşriklərə) öyüd-nəsihət ver.
Sən öz Rəbbinin ne’məti (nübüvvət və
islam dini) sayəsində nə kahinsən, nə də divanə!
30. Yoxsa onlar (sənin barəndə):
"(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində)
onun başına gələcək müsibəti (ölüb
getməsini) gözləyirik!" - deyirlər.
31. De: "Gözləyin, mən də
sizinlə birlikdə (sizin başınıza gələcək
müsibəti) gözlələyənlərdənəm!"
32. Yoxsa onların puç ağılları
bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir?
Xeyr, onlar azğın bir qövmdürlər.
33. Yoxsa onlar: "Onu (Qur’anı) özündən
uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri
və inadları üzündən) iman gətirmirlər.
34. Əgər doğru deyirlərsə,
qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!
35. Yoxsa onlar heç bir şeydən
(xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
36. Yoxsa göyləri və yeri yaratdılar?!
Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
37. Yoxsa (ya Peyğəmbər) sənin
Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə)
onlar hakimdirlər?!
38. Yoxsa onların üstünə
çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı
vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri
açıq-aşkar bir dəlil gətirsinlər!
39. Yoxsa qızlar Onun (Allahın), oğlanlar
isə sizindir?!
40. Yoxsa (ya Peyğəmbər! Risaləti
təbliğ etdiyinə görə) sən onlardan bir ücrət
(mükafat) istəyirsən və onlar ağır borc yükü
altındadırlar?!
41. Yoxsa onlar qeybi bilir və (orada olanı)
yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını
oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə
edirlər?)
42. Yoxsa (ya Peyğəmbər! Sənə
qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər
özləri o tələyə düşəcəklər!
43. Yoxsa onların Allahdan başqa bir
tanrısı vardır? Allah bunların Ona qoşduqları
şəriklərdən tamamilə uzaqdır!
44. Əgər onlar göyün bir
parçasının (başlarına) düşdüyünü
görsələr: "Bulud topasıdır!" - deyərlər (özlərinə
əzab gəldiyinə inanmazlar).
45. Elə isə (dəhşətdən)
sarsılıb karıxacaqları günə qovuşana qədər
sən onları tərk et!
46. O gün hiylələri onlara heç
bir fayda verməyəcəkdir (Allahın əzabını
onlardan dəf edə bilməyəcək) və onlara heç
bir kömək olunmayacaqdır.
47. Şübhəsiz ki, zalımları
(kafirləri) hələ bundan başqa da (dünyada və qəbir
evində) əzab gözləyir. Lakin onların əksəriyyəti
(bunu) bilməz!
48. (Ya Peyğəmbər!) Sən
öz Rəbinin hökmünə səbr et! Şübhəsiz
ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz
altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə
zikr et!
49. Gecənin bir vaxtında nə ulduzlar
batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı)
da Allahı təqdis edib şə’ninə tə’riflər de!
(Gün ərzində vacib və əlavə namazları qıl!)

|