| |
54.
əl-Qəmər (Ay)
surəsi (Məkkədə nazil olmuşdur, 55 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. O saat (qiyamət) yaxınlaşdı
və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.
2. Əgər müşriklər (Muhəmməd
əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini
təsdiq edən) bir mö’cüzə görsələr, (imandan)
üz döndərib: "(Bu, uzun müddət) davam edən bir
sehrdir!" - deyərlər.
3. Onlar (ayın parçalanmasını,
digər mö’cüzələri və Peyğəmbər
əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin
istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!
(Əzəldən müəyyən edilmiş hər bir iş,
o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın
peyğəmbərliyi bərqərar olacaqdır!)
4. And olsun ki, onlara (pis əməllərdən)
çəkindirən neçə-neçə xəbərlər
gəlmişdir.
5. (Bu Qur’an) olduqca böyük hikmətdir.
Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə
oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda
verməz!
6. Artıq (ya Peyğəmbər!)
sən onlardan üz çevir. Carçının (İsrafilin)
onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə)
çağıracağı günədək!
7. Onlar (o gün) gözlərini zəlilanə
aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr
kimi qəbirlərindən çıxacaqlar.
8. Kafirlər (boyunlarını qabağa
uzadıb) carçıya tərəf tələsərək:
"Bu nə çətin bir gündür!" - deyəcəklər.
9. Bunlardan (Məkkə müşriklərindən)
əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib
etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb:
"(Bu) divanədir!" - demişdilər. Ona (risaləti təbliğ
etmək) qadağan edilmişdi.
10. (Nuh) Rəbbinə dua edib: "Mən
(öz qövmümüm içində) məğlub oldum, buna
görə də (onlardan) intiqam al!" - dedi.
11. Biz (onun duasını qəbul edərək)
göyün qapılarını sel kimi axan bir yağışla
açdıq.
12. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq.
Nəhayət, (göydən axan və yerdən qaynayan) sular
(lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş
bir iş üçün (tufan məqsədilə) bir-birinə
qovuşdu.
13. Biz Nuhu (ona iman gətirənlərlə
birlikdə) taxtadan düzəlmiş və mismarlanmış
gəmiyə mindirdik.
14. (Qövmü tərəfindən)
inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən
(gəmi) gözümüzün qabağında (nəzarətimiz
altında) üzüb gedirdi.
15. And olsun ki, Biz onu (tufan hadisəsini,
yaxud Nuh qövmünün başına gələnləri
sonrakı nəsillərə) ibrət üçün saxladıq.
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul
edən) varmı?!
16. Bir (görəydiniz) Mənim əzabım
və qorxutmağım necə oldu!
17. And olsun ki, Biz Qur’anı (ondan) ibrət
almaq (öyüd-nəsihət qəbul etmək) üçün
belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət
qəbul edən) varmı?!
18. Ad (qövmü də öz peyğəmbərinə)
təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım
və qorxutmağım necə oldu!
19. Biz (əzabı) uzun sürən
nəhs bir gündə onların üstünə uğultulu
(çox soyuq) bir külək göndərdik.
20. O, adamları kökündən
qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb
atırdı.
21. (Bir görəydiniz) Mənim əzabım
və qorxutmağım necə oldu!
22. And olsun ki, Biz Qur’anı (ondan) ibrət
almaq (öyüd-nəsihət qəbul etmək) üçün
belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət
qəbul edən) varmı?!
23. Səmud (qövmü də Saleh
peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları)
yalan saymışdı.
24. Onlar demişdilər: "Məgər
biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?!
Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
25. Məgər içərimizdən
vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının,
lovğanın biridir!"
26. (Biz Saleh peyğəmbərə
təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa
olduğunu sabah mütləq biləcəklər!
27. Biz onları imtahana çəkmək
üçün bir dişi (maya) dəvə göndərəcəyik.
Onların nə edəcəyini gözlə və (əziyyətlərinə
də) döz!
28. Və onlara suyun (dəvə ilə)
onlar arasında bölüşdürüldüyünü
xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə
içəcəkdir). Hərə öz növbəsində
hazır olsun!"
29. Nəhayət, onlar öz yoldaşlarını
(Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub
kəsdi.
30. (Bir görəydiniz) Mənim əzabım
və qorxutmağım necə oldu!
31. Biz onlara bircə dəhşətli
(tükürpədici) səs (Cəbrailin qışqırtısını)
göndərdik, dərhal (heyvanlar üçün) ağıl
düzəldənin istifadə etdiyi quru ota (həşəmə)
döndülər.
32. And olsun ki, Biz Qur’anı (ondan) ibrət
almaq (öyüd-nəsihət qəbul etmək) üçün
belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət
qəbul edən) varmı?!
33. Lut qövmü də (peyğəmbərlərinin
onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan
saymışdı.
34. Biz də onların üstünə
daş yağdıran yel göndərdik (başlarına daş
yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı
xilas etdik;
35. Dərgahımızdan bir lütf
olaraq! Biz (ne’mətimizə) şükür edəni belə
mükafatlandırırıq!
36. And olsun ki, (Lut) onları Bizim əzabımızla
qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara)
şübhə edib inanmamışdılar.
37. Cəlalıma and olsun ki, onlar (Lutdan)
öz qonaqlarını (mələkləri) onlara təslim
etməyi tələb etmişdilər. Biz də onları kor
etdik (və) "İndi əzabımı və təhdidlərimi
dadın!" - (dedik).
38. And olsun ki, səhər tezdən
onları əbədi (qiyamətədək onlardan əl çəkməyən)
bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə
vaxil oldular).
39. (Onlara: ) "İndi əzabımı
və təhdidlərimi dadın!" (dedik).
40. And olsun ki, Biz Qur’anı (ondan) ibrət
almaq (öyüd-nəsihət qəbul etmək) üçün
belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət
qəbul edən) varmı?!
41. And olsun ki, Bizim təhdidlərimiz
(xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on
əhlinə də gəlib çatmışdı.
42. Onlar ayələrimizin (mö’cüzələrimizin)
hamısını yalan hesab etdilər. Biz də onları yenilməz
qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan
bir əzabla yaxaladıq.
43. (Ey Qüreyş əhli!) Sizin kafirlərin
onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi)
kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş
hökmü) vardır?!
44. Yoxsa onlar: "Biz (Muhəmməd və
mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!"
- deyirlər?
45. (Bədr vuruşunda) bu dəstə
mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
46. Xeyr, onların əsl əzab vaxtı
qiyamət günüdür. Qiyamət gününün əzabı
daha acıdır (daha şiddətlidir).
47. Şübhəsiz ki, günahkarlar
(dünyada) haqq yoldan azmışlar və (axirətdə də)
cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar
heyrət, yanlışlıq və dəlilik içindədirlər).
48. O gün onlar üzüstə Cəhənnəmə
sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin
(ələmini) təmasını!" (deyiləcəkdir).
49. Şübhəsiz ki, Biz hər
şeyi müəyyən ölçüdə (lazım olduğu
qədər) yaratdıq.
50. Bizim buyurduğumuz bir göz qırpımında
yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə
ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)
51. And olsun ki, Biz sizin kimiləri (çox)
məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət
qəbul edən) varmı?!
52. Onların etdiyi hər şey (əməllərinin
yazıldığı) dəftərlərdədir!
53. Hər bir kiçik və böyük
(günah lövhi-məhfuzda) yazılmışdır!
54. Şübhəsiz ki, müttəqilər
(axirətdə) cənnət bağlarında və çaylar
kənarında,
55. (Heç bir yersiz söhbətə
və günaha təhrik olunmayan) haqq məclisində, qadir
hökmdarın (Allahın) hüzurunda olacaqlar!

|