| |
57.
əl-Hədid (Dəmir)
surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə
tə’riflər deməkdədir. O, yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
2. Göylərin və yerin hökmü
Onun əlindədir. Dirildən də, öldürən də
Odur. O, hər şeyə qadirdir!
3. Əvvəl də, axır da, zahir
də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz
əzəli elmi və qüdrəti ilə hər şeyi görüb
bildiyi halda, Özü görünməz, dərkolunmazdır.
Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə
gizlidir).
4. Göyləri və yeri altı
gündə xəlq edən, sonra ərşi yaradıb hökmü
altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı
da, göydən enəni də, (göyə) qalxanı da bilir.
Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi
görəndir!
5. Göylərin və yerin hökmü
Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq
Allaha tərəf qaytarılacaqdır!
6. Gecəni gündüzə, gündüzü
də gecəyə qatan Odur. O, ürəklərdə olanları
biləndir!
7. (Ey insanlar!) Allaha və Peyğəmbərinə
iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin.
Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf
edənləri böyük bir mükafat gözləyir!
8. Peyğəmbər sizi Rəbbinizə
iman gətirməyə çağırdığı halda,
sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan
da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud
ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz
barəsində) sizdən əhd almışdı. Əgər
(əvvəl-axır) iman gətirəcəksinizsə, (elə
indidən gətirin - bu sizin üçün daha yaxşıdır!)
9. Sizi zülmətlərdən nura
(küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə
(Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr
nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
10. (Ey insanlar!) Sizə nə olub ki,
(mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki
göylərin və yerin mirası (bütün sərvəti,
eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz
malın hamısı) ancaq Allahındır. Sizlərdən
(mal-dövlətini) fəthdən (Məkkənin fəthindən)
əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə
qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər.
Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf
edib döyüşənlərdən dərəcə e’tibarilə
daha üstündürlər. Bununla belə, Allah onların
hamısına (həm birincilərə, həm də ikincilərə)
ən gözəl mükafat (Cənnət) və’d buyurmuşdur.
Allah sizin nə etdiklərinizdən xəbərdardır!
11. Kimdir o kəs ki, Allah yolunda könül
xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat
(birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm
də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!
12. O gün (qiyamət günü,
ya Peyğəmbər!) mö’min kişilərin və qadınların
(səmimi e’tiqadları və dünyada etdikləri yaxşı
əməllər müqabilində nail olduqları iman) nurunun
onların önlərindən və sağ tərəflərindən
axıb şö’lə saçdığını (qıl
körpüsü üstündə onlara yol göstərdiyini)
görəcəksən. (Mələklər onlara deyəcəklər:
) "Bu gün sizin müjdəniz (ağacları) altından çaylar
axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!"
Bu, böyük qurtuluşdur (uğurdur)!
13. O gün münafiq kişi və
qadınlar iman gətirənlərə: "(Bizi bir az) gözləyin
ki, nurunuzdan bir qədər işıq alaq!" - deyəcəklər.
(Onlara istehza ilə) belə cavab veriləcəkdir: "Geriyə
dönüb işıq axtarın!" (Bu sözlərdən sonra)
onların (mö’minlərlə münafiqlərin) arasına
qapısının içəri tərəfində mərhəmət
və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.
14. (Münafiqlər divarın içəri
tərəfində olan mö’minləri) səsləyib deyəcəklər:
"Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!"
(Mö’minlər) belə cavab verəcəklər: "Bəli
(bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla,
ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə
salıb məhvə düçar etdiniz), siz (mö’minlərin
başına bir fəlakət gəlməsini) gözləyirdiniz
və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın
peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz.
Allahın əmri (ölümünüz) gəlib çatanadək
sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində
(Allah rəhmlidir, bütün günahlarınızdan keçər,
sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan)
tovladı!
15. (Ey münafiqlər!) Bu gün artıq
nə sizdən, nə də kafirlərdən (günahlarınızın
bağışlanması üçün) heç bir fidyə
qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə
yaraşan odur. Ora necə də pis sığınacaqdır!"
16. İman gətirənlərin qəlblərinin
Allahın zikri və haqdan nazil olan (Qur’an) üçün yumşalması
vaxtı gəlib çatmadımı?! Onlar özlərindən
əvvəl kitab verilən kimsələr (yəhudilər və
xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri
arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti
unutduqları üçün) qəlbləri sərtləşmişdir.
Onların çoxu (Allaha asi olan) fasiqlərdir!
17. (Ey insanlar!) Bilin ki, Allah torpağa
öldükdən sonra təzədən can verir. Biz ayələri
sizə belə müfəssəl izah etdik ki, bəlkə,
ağlınız başınıza gəlsin!
18. Şübhəsiz ki, sədəqə
verən kişi və qadınlar, Allah yolunda gözəl (könül
xoşluğu ilə) borc verənlər üçün (əməllərinin
savabı) qat-qat artırılacaqdır. Onları həm də
cox qiymətli bir mükafat (Cənnət) gözləyir!
19. Allaha və peyğəmbərinə
iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında
olan siddiqlər (özündə-sözündə doğru
olanlar) və şəhidlərdir. Onların (qiyamət günü)
öz mükafatları və (qıl körpüsü üstündə
onlara yol göstərəcək) öz nurları vardır.
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə,
onlar cəhənnəmlikdirlər.
20. (Ey insanlar!) Bilin ki, dünya həyatı
oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında
öyünmək və mal-dövləti, oğul-uşağı
çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir
ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna
gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu,
daha sonra çör-çöpə döndüyünü görərsən.
(Dünya malına aldananları) axirətdə şiddətli
əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma
və razılıq gözləyir. Dünya həyatı aldanışdan
(yalandan) başqa bir şey deyildir.
21. (Ey insanlar!) Rəbbiniz tərəfindən
bağışlanmağa və genişliyi yerlə göyün
genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə
iman gətirənlərdən ötrü hazırlanmış
Cənnətə nail olmaq üçün (yaxşı əməllər
etməkdə) bir-birinizi ötüb keçməyə çalışın.
Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür
(mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət)
sahibidir!
22. Yer üzündə baş verən
və sizin öz başınıza gələn elə bir müsibət
yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda)
yazılmamış olsun. Bu, Allah üçün çox asandır!
23. Bu sizin əlinizdən çıxana
kədərlənməməyiniz və sizə də verilənə
sevinib qürrələnməməyiniz üçündür.
Allah özünü bəyənən, (özü ilə)
fəxr edən heç bir kəsi sevməz!
24. O kəslər ki, həm özləri
xəsislik edər, həm də xalqa xəsis olmağı
əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən)
üz döndərsə (ancaq özünə zərər
edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə
(və tə’rifə) layiqdir! (Onun bütün əməlləri
bəyəniləndir!)
25. And olsun ki, Biz peyğəmbərlərimizi
açıq-aşkar dəlillərlə (mö’cüzələrlə)
göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini
bildirən səmavi) kitab və ədalət tərəzisi
(şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə
rəftar etsinlər. Biz həddindən artıq möhkəm
olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik
(mə’dənlərdən çıxartdıq) ki, Allah (Özünü)
görmədən Ona (onun dininə) və peyğəmbərlərinə
kömək göstərənləri (dəmirdən düzəlmiş
silahlarla kafirlərə qarşı vuruşan mücahidləri)
bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət
sahibi, qüdrət sahibidir!
26. And olsun ki, Biz Nuhu və İbrahimi
(peyğəmbər) göndərdik, peyğəmbərliyi
və kitabı (Tövratı, Zəburu, İncili və Qur’anı)
onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır,
çoxu isə (Allahın itaətindən çıxmış)
fasiqlərdir!
27. Sonra onların ardınca (Musa, İlyas,
Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi
yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib
ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində
bir-birinə şəfqət, mərhəmət oyatdıq.
Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad
etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq.
Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər,
lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili
təhrif edib İsanı Allah bildilər, Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin
mükafatlarını verdik. Onların çoxu isə (Allaha
asi olan) fasiqlərdir.
28. Ey iman gətirənlər! Allahdan
qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah)
sizə Öz mərhəmətindən iki pay versin, sizə
(qıl körpüsü üstündə) getməyiniz üçün
nur bəxş etsin və sizi bağışlasın. Allah
bağışlayandır, rəhm edəndir!
29. (Muhəmməd əleyhissəlama
iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın
lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə
peyğəmbərlik əta etməsinə) heç bir vəchlə
mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət,
ne’mət) Allahın əlindədir, onu istədiyinə bəxş
edər. Allah çox böyük lütf (kərəm) sahibidir!
[Və ya: kitab əhli Allahın lütfündən heç
bir şeyə nail olmayacaqlarını, həqiqətən,
lütfün (mərhəmətin) Allahın əlində olduğunu,
Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini
bilmədikləri üçünmü küfrdə israr edib
dururlar? Halbuki bunu çox ə’la bilirlər].

|