| |
58.
əl-Mücadələ
(Mücadilə) surəsi (Mədinədə nazil olmuşdur,
22 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Əri barəsində
səninlə mübahisə edən və Allaha şikayət
edən qadının sözünü Allah eşitdi. Allah sizin
danışığınızı eşidir. Həqiqətən,
Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
2. Sizdən öz qadınları ilə
zihar edən kimsələrin zövcələri (əslində)
onların anaları deyillər. Onların anaları ancaq özlərini
doğan qadınlardır. Onlar, əlbəttə, pis və
yalan söz danışırlar. Şübhəsiz ki, Allah
əfv edəndir, bağışlayandır.
3. Qadınları ilə zihar (qanuni
nikahlarını özlərinə haram) edib, sonra sözlərindən
dönənlər onlarla yaxınlıq etməzdən əvvəl
(kəffarə vermək üçün) bir kölə azad
etməlidirlər. Bu sizə (zihar barəsində) verilən
öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!
4. Kim (azad etməyə bir kölə)
tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl
iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa,
altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və
Onun Peyğəmbərinə iman gətirməniz üçündür.
Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri
şiddətli bir əzab gözləyir!
5. Allah və Onun Peyğəmbəri
əleyhinə çıxanlar, özlərindən əvvəlkilər
nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar.
Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı
olmasını sübut edən) açıq-aşkar ayələr
nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
6. Allah onların hamısını
dirildəcəyi gün etdikləri əməlləri onlara
xəbər verəcəkdir. Allah (onların əməllərini
bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar.
Allah hər bir şeyə şahiddir!
7. (Ya Peyğəmbər!) Məgər
görmürsənmi ki, Allah göylərdə və yerdə
nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət
gedən üç adamın dördüncüsü, beş
adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar
və harada olsalar, (Allah) yenə də onların yanındadır.
Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri
(bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!
8. (Ya Peyğəmbər!) Məgər
məxfi danışmaq qadağan edildikdən sonra yenə də
qadağan olunduqları əmələ qayıdıb günah,
ədavət və Peyğəmbərin əleyhinə çıxmaq
barədə öz aralarında pıçıldaşanları
(münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar
yanına gəldikləri zaman səni Allahın salamladığı
kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə
"əsammu əleykə - sənə ölüm olsun!" - deyərək
guya salam verir) və ürəklərində: "(Əgər
Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs
niyə Allah bizi dediklərimizə görə əzaba düçar
etmir?" - deyirlər. Onlara girib yanacaqları Cəhənnəm
kifayət edər. Ora necə də pis qayıdış yeridir!
9. Ey iman gətirənlər! Bir-birinizlə
xəlvət danışdığınız zaman günah,
düşmənçilik və Peyğəmbərin əleyhinə
çıxmaq barədə danışmayın; yaxşı
işlər, Allahdan qorxmaq barədə danışın və
(qiyamət günü) hüzuruna toplanacağınız Allahdan
qorxun!
10. Şübhəsiz ki, (bir yerə
yığışıb günaha, düşmənçiliyə
bais olan) məxfi danışma (pıçıldaşma) iman
gətirənləri mə’yus edib kədərləndirmək
üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın
izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə
bilməz. Mö’minlər yalnız Allaha təvəkkül
etsinlər!
11. Ey iman gətirənlər! Sizə:
"Məclislərdə (mö’min qardaşlarınıza) yer
verin!" - deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə)
geniş yer versin. Eləcə də sizə: "Qalxın!" deyildikdə
qalxın ki, Allah da sizdən iman gətirənlərin və
(xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini
ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!
12. Ey iman gətirənlər! Peyğəmbərlə
(hər hansı bir iş barəsində) məxfi danışacağınız
zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti
olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün
(Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə
verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın).
Çünki Allah bağışlayandır, rəhm edəndir!
13. Məgər siz (Peyğəmbərlə)
məxfi danışmazdan əvvəl sədəqə verməkdən
qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz)
və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb
zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət
edin. Allah nə etdiklərinizdən xəbərdardır!
14. (Ya Peyğəmbər!) Məgər
onların (münafiqlərin) Allahın qəzəbləndiyi
bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını
(mö’min müsəlmanların sirlərini onlara verdiklərini)
görmədinmi? Onlar nə sizdəndirlər, nə də
onlardan. Onlar (özlərinin riyakar olduqlarını) bilə-bilə
(Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri
barədə) yalandan and içirlər.
15. Allah onlar üçün şiddətli
bir əzab hazırlamışdır. Onların etdiyi əməllər
necə də pisdir!
16. Onlar andlarını özlərinə
sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər.
Onları alçaldıcı bir əzab gözləyir.
17. Onları nə malları, nə
də övladları heç bir vəchlə Allahdan (Allahın
əzabından) qurtara bilməz. Onlar cəhənnəmlikdirlər
və orada əbədi qalacaqlar.
18. Allah onların hamısını
dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri
kimi, Allaha da and içəcək və (bununla axirətdə)
bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin
ki, onlar əsl yalançıdırlar!
19. Şeytan onlara hakim olmuş və
Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın
firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın
firqəsi - məhz onlar ziyana uğrayanlardır!
20. Allahın və Onun Peyğəmbərinin
əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən
zəlil kimsələr içərisində olacaqlar!
21. Allah (lövhi-məhfuzda): "And olsun
ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!"
- deyə yazmışdır. Həqiqətən, Allah yenilməz
qüvvət sahibi, qüdrət sahibidir!
22. (Ya Peyğəmbər!) Allaha və
axirət gününə inanan heç bir tayfanın Allah və
Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz
ataları, oğulları, qardaşları, yaxın qohumları
olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə
kimsələrdir ki, Allah onların qəlblərinə iman
yazmış və Öz dərgahından onlara ruh (güc)
vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları
(ağacları) altından çaylar axan cənnətlərə
daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan,
onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər
(Allahın dininə kömək edən kimsələrdir).
Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi)
səadətə qovuşanlardır.

|