| |
59.
əl-Həşr (Toplanma)
surəsi (Mədinədə nazil olmuşdur, 24 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə
tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət
sahibidir!
2. Kitab əhlindən kafir olanları
(Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini)
ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan
(Şama sürgün edən) Odur. (Ey mö’minlər!) Siz onların
(öz yurdundan) çıxacaqlarını güman etmirdiniz.
Onlar isə öz qalalarının onları Allahdan (Allahın
əzabından) qoruyacağını zənn edirdilər. Amma
Allah (Allahın əzabı) onlara gözləmədikləri
yerdən gəlib ürəklərinə qorxu saldı. Belə
ki, onlar evlərini həm öz əlləri, həm də
mö’minlərin əlləri ilə uçurdub dağıdırdılar.
Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin
başına gələnlərdən) ibrət alın!
3. Əgər Allah onlara (yurdlarından
çıxardılıb) sürgün olunmağı hökm
etməsəydi, onları dünyada mütləq (başqa bir)
əzaba düçar edərdi. Axirətdə isə onları
cəhənnəm əzabı gözləyir!
4. Bu onların Allaha və Onun Peyğəmbərinə
asi olmalarına görədir. Kim Allaha asi olsa (bilsin ki), Allahın
cəzası çox şiddətlidir!
5. (Ey mö’minlər! Sizin kafirlərə
məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz,
yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız
Allahın iznilədir. Və bu (Allahın öz Rəbbinə
asi olan) fasiqləri rüsvay etməsi üçündür.
6. (Ey mö’minlər!) Allahın onların
(Bəni Nəzər qəbiləsinin) mallarından Öz Peyğəmbərinə
verdiyi qənimət üçün siz onların üstünə
nə at, nə də dəvə sürdünüz. Lakin Allah
Öz peyğəmbərini istədiyi kimsələr üzərində
hakim edər. Allah hər şeyə qadirdir!
7. Allah Öz Peyğəmbərinə
(fəth olunmuş) məmləkətlərin əhalisindən
(dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə,
(Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrabaya,
yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə
(yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət)
içərinizdəki zənginlər arasında əldən-ələ
dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın).
Peyğəmbər sizə nə verirsə, onu götürün;
nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan
qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
8. (Bu qənimət) yurdlarından
qovulub çıxardılmış, Allahdan mərhəmət
və riza diləyən, Allaha və Onun Peyğəmbərinə
kömək edən yoxsul mühacirlərə məxsusdur.
Onlar (imanlarında, sözlərində və işlərində)
doğru olan kimsələrdir!
9. Onlardan (mühacirlərdən) əvvəl
(Mədinədə) yurd salmış və (Muhəmməd
əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr
(ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət
edənləri sevər, onlara verilən qənimətə görə
ürəklərində həsəd (qəzəb) duymaz, özləri
ehtiyac içində olsalar belə, onları özlərindən
üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən
(tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar
nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
10. Onlardan (mühacirlərdən və
ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey
Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş
(din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə
iman gətirənlərə qarşı kinə (həsədə)
yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən,
mərhəmətlisən!"
11. (Ya Peyğəmbər) Məgər
kitab əhlindən kafir olan qardaşlarına: "Əgər
(siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə
birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə
heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq.
Əgər (mö’minlər) sizinlə vuruşsalar, şübhəsiz
ki, sizə yardım edəcəyik!" - deyən münafiqləri
görmədinmi? Allah onların xalis yalançı olduğuna
şahiddir!
12. And olsun ki, əgər onlar (Bəni
Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar,
(münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar.
Əgər (mö’minlər) onlarla vuruşsalar, (münafiqlər)
onlara (yəhudilərə) kömək etməzlər. Yox,
əgər (münafiqlər) onlara yardım etmiş olsalar,
(özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib
qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə)
heç bir kömək olunmaz!
13. (Ey mö’minlər!) Onların (münafiqlərlə
yəhudilərin) ürəklərinə qorxu salan Allahdan çox
sizsiniz. Bu isə onların (Allahın əzəmət və
heybətini) anlamaz bir qövm olduqlarına görədir.
14. Onlar (münafiqlərlə yəhudilər)
hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə
(kəndlərdə), yaxud divar arxasında (qala içərisində)
olarkən döyüşərlər (başqa şəraitdə
sizinlə vuruşmağa cür’ət etməzlər). Onların
öz aralarındakı vuruşmaları (və düşmənçilikləri)
isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən
onların əlbir olduqlarını güman edirsən, lakin
onların qəlbləri dağınıqdır. Bunun səbəbi
onların ağılsız bir qövm olmalarıdır.
15. Onlar özlərindən bir az əvvəl
əməllərinin cəzasını (dünyada) dadmış
kimsələrə (Bədrdə məğlub olmuş Məkkə
müşriklərinə) bənzəyirlər. Onları (axirətdə)
şiddətli bir əzab gözləyir.
16. (Münafiqlər Bəni Nəzir
yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı
aldatmasına) bənzəyir. O, insana: "Kafir ol !" - deyər.
(İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): "Mənim
səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin
Rəbbi olan Allahdan qorxuram!" - deyər.
17. Onların hər ikisinin (Şeytanla
onun aldatdığı adamın, eləcə də münafiqlərlə
Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm
odu içində həmişəlik qalmaqdır. Zalımların
(kafirlərin) cəzası budur!
18. Ey iman gətirənlər! Allahdan
qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət
üçün özünə nə hazırladığına)
nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah
etdiklərinizdən xəbərdardır!
19. Allahı unutduları üçün
Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini
başa düşməyən) kimsələrə bənzəməyin!
Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
20. Cəhənnəm əhli ilə
cənnət əhli eyni ola bilməz. Cənnət əhli
nicat tapıb (əbədi) səadətə qovuşanlardır!
21. (Ya Peyğəmbər!) Əgər
Biz bu Qur’anı bir dağa nazil etsəydik, sən onun Allahın
qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin
(halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən
ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik
ki, bəlkə, düşünələr.
22. O Özündən başqa heç
bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır.
O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün
bəndələrinə rəhm edən Rəhman, axirətdə
isə yalnız mö’minləri bağışlayan Rəhimdir!)
23. O Özündən başqa heç
bir tanrı (mə’bud) olmayan, (bütün məxluqatın)
ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə)
salamatlıq, əmin-amanlıq bəxş edən, (hər
şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət
(qüvvət) sahibi, (hamını istədiyi hər hansı
bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən)
böyük (hər şeyin fövqündə) olan Allahdır.
Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən)
ucadır.
24. O, (hər şeyi) yaradan, yoxdan
var edən, (hər şeyə) surət verən Allahdır.
Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur.
Göylərdə və yerdə nə varsa (hamısı)
Onu təqdis edib şə’ninə tə’riflər deyər.
O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

|