| |
6.
əl-Ən’am (Davar) surəsi
(Məkkədə nazil olmuşdur, 165 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göyləri və yeri (yoxdan) xəlq
edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür
və tə’rif) olsun! (Bu qüdrəti gördükdən)
sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə
tay tuturlar.
2. Sizi palçıqdan yaradan, sonra da
(sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən
edən Odur. (Allahın) yanında mə’lum bir əcəl də
(bütün ölülərin diriləcəyi qiyamət günü)
vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə
edirsiniz!
3. Göylərdə də, yerdə
də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində
də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün)
əməlləri də O bilir!
4. Onlara (Məkkə müşriklərinə)
Rəbbinin ayələrindən elə bir ayə gəlməz
ki, onlardan üz çevirməsinlər!
5. Onlara haqq olan (Qur’an) gəldiyi zaman
onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə
qoyduqlarının (Qur’anın müsəlmanların qalib gələcəyi,
müşriklərin məğlub olacağı və axirətdə
şiddətli əzab görəcəkləri barəsindəki)
xəbərləri onlara gəlib çatacaq!
6. Məgər özlərindən
əvvəl neçə-neçə nəsilləri (ümmətləri)
məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə
sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət
və sərvət) vermişdik. Göydən onlara bol yağış
göndərmiş, (evlərin, saraylarının və bağçalarının)
altından çaylar axıtmışdıq. Biz onları günahlarına
görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil
(ümmətlər) yaratdıq.
7. (Ya Rəsulum!) Əgər sənə
kağız üzərində (yazılı) bir kitab nazil etsəydik
və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə,
kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir",
- deyərdilər.
8. Onlar dedilər: "Məgər ona
(Həzrəti-Muhəmmədə peyğəmbərliyinin
həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli
deyildimi?" Əgər Biz bir mələk göndərsəydik,
iş bitmiş olar (iman gətirməyəcəkləri üçün
onlar məhv edilər) və (tövbə etmək üçün)
onlara bir an belə möhlət verilməzdi.
9. Əgər Biz onu (peyğəmbəri)
mələk etsəydik (və ya kafirlərə mələklərdən
bir peyğəmbər göndərsəydik), yenə də
onu bir insan qiyafəsində göndərər və onları
(göndərilənin mələk deyil, özləri kimi bir
adam olması barəsində) bir daha düşdükləri
şübhəyə salardıq.
10. Əlbəttə, səndən
əvvəlki peyğəmbərlər də məsxərəyə
qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə
qoyduqlarının özü məhv etdi. <
11. (Ya Rəsulum!) De: "Yer üzünü
dolaşın və sonra görün ki, (peyğəmbərlərə)
yalançı deyənlərin aqibəti necə oldu?" <
12. De: "Göylərdə və yerlərdə
olanlar kimindir?" De: "Allahındır!" O Öz- Özünə
rəhmli olmağı yazmışdır. (Bəndələrinə
qarşı rəhmli olmağı Özü üçün
əzəldən O Müəyyən etmişdir). Olacağına
heç bir şübhə edilməyən qiyamət gününə
sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar,
əlbəttə, iman gətirməzlər! <
13. Gecədə və gündüzdə
mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir,
biləndir. <
14. (Ya Rəsulum!) De: "Mən göyləri
və yeri yaradan, hamısını bəsləyib Özü
bəslənməyən (hamını yedirdib Özü yeməkdən
uzaq olan) Allahdan başqasını özümə Rəbbmi
edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr
edildi və müşriklərdən olma!" (deyə buyuruldu).
<
15. De: "Əgər mən Rəbbimə
asi olsam, böyük günün (qiyamət gününün)
əzabından qorxaram". <
16. O gün kim əzabdan qurtulsa, şübhəsiz
ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə
açıq-aydın qurtuluşdur (uğurdur). <
17. Əgər Allah sənə bir
sıxıntı versə, (səni ondan) Allahdan başqa heç
kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir
yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O,
hər şeyə qadirdir! <
18. O Öz qulları üzərində
hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən)
xəbərdardır! <
19. De: "Şahidlik baxımından
nə daha böyükdür? Mənimlə sizin aranızda
Allah şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə)
yetişəcək kimsələri (qiyamətə qədər)
xəbərdarlıq edib qorxutmağım üçün vəhy
olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar
olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır.
Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən)
tamamilə kənaram!" <
20. Kitab verilmiş şəxslər
onu (Muhəmməd peyğəmbəri) öz oğullarını
tanıdıqları kimi tanıyırlar. Özlərinə
zərər edənlər, əlbəttə, iman gətirməzlər!
<
21. Allaha iftira yaxan və Onun ayələrini
yalan hesab edən kəsdən daha zalım kim ola bilər?!
Şübhəsiz ki, zalımlar nicat tapmazlar! <
22. O gün (qiyamət günü)
onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha)
şərik qoşanlara deyəcəyik: "(Tanrı olduqlarını)
iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!
<
23. Onların: "Rəbbimiz Allaha and
olsun ki, biz müşrik deyildik!" deməkdən başqa heç
bir çarələri qalmayacaq. <
24. Gör onlar özlərinə qarşı
necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri
bütlər də onlardan qeyb olacaq! <
25. (Müşriklərin) içərisində
səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara
qarşı düşmən hərəkətlərinə
görə) onu (Qur’anı) başa düşməsinlər
deyə, onların ürəklərinə pərdə çəkdik,
qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər
hansı bir mö’cüzə görsələr, yenə də
ona inanmazlar. Hətta yanına gəldikdə səninlə
höcətləşərlər. Kafir olanlar isə: "Bu, qədimlərin
əfsanələrindən (nağıllardan) başqa bir şey
deyildir!, - deyərlər. <
26. (Müşriklər özlərinə
uyanları Qur’anı) dinləməyi qadağan edər, özləri
də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız
özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.
<
27. (Ya Rəsulum!) Gətirilib od üstündə
saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya
qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik
və mö’minlərdən olaydıq!" - demələrini görəydin!
<
28. Xeyr, əvvəlcə (ürəklərində)
gizlətdikləri (küfr, nifaq və çirkin əməllər)
onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar,
yenə də onlar qadağan olunduqları şeyə (küfr
və günaha) əl qatardılar. Onlar, şübhəsiz
ki, yalançıdırlar! <
29. (Əgər onlar dünyaya qaytarılsaydılar)
yenə də: "Həyat yalnız bu dünyadakı həyatımızdan
ibarətdir. Bizlər bir daha dirilən deyilik!" - deyərdilər.
<
30. Sən onları (sorğu-sual üçün)
Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin!
Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq:
"Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi?
Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə
cavab verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz
küfrlərə görə dadın əzabı!". <
31. Allahın hüzurunda duracaqlarını
inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar.
Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının
üstünü aldığı zaman onlar günahlarını
dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı
təqsirlərimizə görə vay halımıza!" Bir baxın,
daşıdıqları şey (günah yükü) necə
də pisdir! <
32. Dünya həyatı oyun və
əyləncədən başqa bir şey deyildir. Axirət
yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər
dərk etmirsiniz? <
33. Bilirik ki, onların (Qur’an barəsində)
dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə
isə onlar səni yalançı hesab etmirlər (ürəklərində
sənin həqiqi peyğəmbər olduğunu yaxşı
bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın
ayələrini inadla inkar edirlər. <
34. Səndən əvvəl də
peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar.
Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri
şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz
onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə
verdiyi və’dləri) dəyişə biləcək heç
bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə
aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.
<
35. Onların (haqq dindən) üz
döndərməsi sənə ağır gəlirsə, yerdə
(yerin dibinə gedən) bir lağım və ya göyə
çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə
verdiyimizdən daha yaxşı) bir mö’cüzə gətirə
bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti
verməmişdir, hətta gətirsən belə, yenə onu
sehr hesab edəcəklər). Allah istəsəydi, onları
yığıb doğru yola salardı. Elə isə (Allahın
insanların zorla deyil, könüllü surətdə iman gətirmək
istədiyini) bilməyənlərdən olma! <
36. (Sənin də’vətini) ancaq cani-dildən
eşidənlər qəbul edər. Ölüləri də
Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.
<
37. (Məkkə müşrikləri)
dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən
bir mö’cüzə endirilməli deyildimi?" De: "Allah mö’cüzə
endirməyə qadirdir. Lakin onların çoxu (belə bir mö’cüzə
göndərildikdə onu inkar edəcəkləri təqdirdə
başlarına gələcək müsibət və fəlakəti)
bilməz! <
38. Yerdə gəzən elə bir
heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş
yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin
kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini
əvvəlcədən müəyyənləşdirmişdir.
Onlar da öz qabiliyyətlərinə görə Allahın
vəhdaniyyətini mədh edib, şə’ninə tə’rif
deyirlər). Biz Kitabda (Qur’anda) heç bir şeyi nəzərdən
qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün
canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm
ediləcəkdir. <
39. Ayələrimizi təkzib edənlər
zülmət içində (küfr və cəhalətdə)
qalmış karlar və lallardır. Allah istədiyini (haqq
yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.
<
40. (Müşriklərə) de: "Mənə
deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə
və ya qiyamət başınızın üstünü
alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı?
Əgər doğrudanışanlarsınızsa (deyin görək)!"
<
41. Xeyr, yalnız Ona (Allaha) dua edib
yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız
bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz
bütlərinizi unudarsınız. (Buna görə də başınıza
bir bəla gəlməmişdən əvvəl Allaha ibadət
edin. Ona heç bir şərik qoşmayın!) <
42. Səndən əvvəl də
ümmətləri (peyğəmbərləri yalançı
hesab etdikləri üçün) müsibət və fəlakətə
düçar etdik ki, (Allaha) yalvarsınlar. <
43. Barı, əzabımız onların
başlarının üstünü alanda yalvaraydılar. Lakin
(inadları üzündən) qəlbləri sərtləşdi
və Şeytan da onlara etdikləri əməlləri süslü
göstərdi. <
44. (Kafirlərə) edilmiş xəbərdarlığı
unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə)
hər şeyin (bütün ne’mətlərin) qapılarını
onların üzünə açdıq. (Kafirlər) özlərinə
verilən ne’mətlərə sevindikləri vaxt onları qəflətən
yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
<
45. Artıq o zalım tayfanın kökü
kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha! <
46. (Ya Rəsulum!) De: "Bir deyin görüm,
əgər Allah sizin qulaqlarınızı və gözlərinizi
əlinizdən alsa, ürəklərinizə möhür vursa,
onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?"
Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar
ondan gör necə üz döndərirlər. <
47. De: "Bir deyin görüm, əgər
Allahın əzabı sizə qəflətən və ya aşkar
gəlsə, zalım tayfadan başqası həlak edilərmi?"
<
48. Biz peyğəmbərləri ancaq
müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə
göndərdik. İman gətirib yaxşı işlər
görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə
görməzlər! <
49. Ayələrimizi təkzib edənlərə
isə qazandıqları günahlara görə əzab üz
verəcəkdir! <
50. De: "Mən sizə demirəm ki,
mənim yanımda Allahın xəzinələri vardır.
Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən
mələyəm. Mən yalnız özümə gələn
vəhyə tabe oluram". De: "Kor görənlə bir olarmı?
Məgər düşünmürsünüz?" <
51. Rəbbinin hüzuruna cəm ediləcəklərindən
qorxanları onunla (Qur’anla) xəbərdar et. Onların Allahdan
başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə
də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
<
52. (Ya Rəsulum!) Rəbbinin camalını
(rizasını) diləyərək səhər-axşam Ona
dua edənləri yanından qovma. Onların əməllərini
sənə, sənin əməllərinin isə onlara heç
bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan
olarsan. <
53. Beləliklə, onları (insanları)
bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba,
Allahın aramızda lütfünü görüb bəxş
etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür
edənləri daha yaxşı tanıyan deyildirmi?" <
54. Ayələrimizə iman gətirənlər
yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz
Özü-Özünə rəhmli olmağı yazmışdır
(bəndələrinə qarşı rəhmli olmağı
əzəldən Özü Özü üçün müəyyən
etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə,
sonra tövbə edib düzəlsə (Allah onun günahından
keçər). Şübhəsiz ki, Allah bağışlayandır,
rəhm edəndir!" <
55. Biz ayələrimizi belə müfəssəl
izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.
<
56. (Ya Rəsulum) De: "Sizin Allahdan qeyri
tapındığınız bütlərə ibadət etmək
mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin
istəklərinə əsla uymaram. Belə ola biləcəyi
təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən
olmaram!" <
57. De: "Mən Rəbbimdən açıq-aydın
bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu yalan hesab
etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab)
məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır.
Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin
ən yaxşısıdır!" <
58. De: "Əgər tə’cili istədiyiniz
(əzab) mənim əlimdə olsaydı, iş mənimlə
sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal
məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!"
<
59. Qeybin açarları (Allahın)
yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və
quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq
yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində
elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki,
açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! <
60. Sizi gecələr yuxuya daldıran
(bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan
məhrum edən), gündüz isə nə etdiyinizi (nə
qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz
(yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl)
gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız
və sonra da O sizə etdiyiniz əməllər barəsində
xəbər verəcəkdir. <
61. (Allah) Öz bəndələri
üzərində hakimi-mütləqdir. O sizə (yaxşı
və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan)
gözətçi mələklər göndərir. Nəhayət,
birinizin əcəli gəlib çatdıqda onun canını
(göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində)
heç bir əyər-əskikliyə yol verməzlər! <
62. Sonra insanlar Allahın - özlərinin
həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm
Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
<
63. (Ya Rəsulum!) De: "Gizlində (Allaha)
dua edib:" Əgər bizi suyun və qurunun zülmətindən
qurtarsan, əlbəttə, şükür edənlərdən
olarıq", - deyə yalvardığınız zaman sizləri
bunlardan xilas edən kimdir?" <
64. De: "Sizi ondan xilas edən və
hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan)
sonra siz yenə də (Ona) şərik qoşursunuz?" <
65. De: "Allah başınızın
üstündən və ayaqlarınızın altından (göydən
və yerdən) sizə əzab göndərməyə, sizi
dəstələr halında qarışdırmağa və
birinizə digərinizin zorunu daddırmağa qadirdir!" Gör
ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə,
başa düşsünlər! <
66. (Ya Rəsulum!) Sənin camaatın
onu (Qur’anı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: "Mən
sizin vəkiliniz deyiləm!" <
67. Hər bir xəbərin (Qur’anda
sizə xəbər verdiyim əzabın Allah tərəfindən
təqdir olunmuş) müəyyən bir vaxtı vardır
və siz (onu) biləcəksiniz. <
68. (Ya Rəsulum!) Ayələrimizi
istehza edənləri gördüyün zaman onlar söhbəti
dəyişənə qədər onlardan üz çevir. Əgər
Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan
sonra o zalım tayfa ilə bərabər oturma. <
69. Müttəqilərə onların
(iman gətirməyənlərin) əməllərindən
heç bir günah gəlməz. Lakin bu, bir öyüddür
ki, bəlkə, (kafirlər onun tə’sirilə) pis əməllərdən
çəkinsinlər. <
70. Dinlərini oyun və əyləncə
sayanları, dünya həyatının məğrur etdiyi
(və ya aldatdığı) şəxsləri boşla getsinlər.
(Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı
əmələ görə özünü həlaka düçar
etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də
bir şəfaətçisi (havadarı). O, hər hansı bir
fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə
görə əzaba düçar olanlardır. Onları küfr
etdiklərinə görə qaynar su (cəhənnəm içkisi
həmim) və şiddətli əzab gözləyir! <
71. De: "Biz Allahı qoyub bizə nə
bir xeyir, nə də bir zərər verə bilməyən
bütlərəmi tapınacaq və Allah bizi düzgün
yola yönəltdikdən sonra yer üzündə şaşqın
dolaşarkən şeytanların azdırdığı adam
kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki
dostları onu: "Bizə tərəf gəl!" - deyərək
haqq yola çağırırdılar! De: "Allahın hidayəti
(islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə
təslim olmaq əmr edilmiş, <
72. Həmçinin: "Namaz qılın,
Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"
(deyə buyurulmuşdur)". <
73. Göyləri və yeri haqq olaraq
yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal
olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı
gün hökm Onundur. Qeybi və aşkarı bilən də
Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
<
74. (Ya Rəsulum) Xatırla ki, bir zaman
İbrahim atası Azərə demişdi: "Sən bütləri
tanrılarmı qəbul edirsən? Mən səni və sənin
tayfanı açıq-aydın zəlalət içində görürəm!"
<
75. Beləcə, İbrahimə göylərin
və yerin mülkünü (səltənətini, oradakı
qəribəlikləri və gözəllikləri, onların
Allah qüdrəti ilə yaradılmasını) göstərdik
ki, tam qənaətlə inananlardan olsun! <
76. Gecə qaranlığı (onu)
bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!"
dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm",
söylədi. <
77. (Sonra) doğan ayı görüb:
"Bu mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə: "Doğrudan
da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi,
mən zəlalətə düşənlərdən olardım",
- söylədi. <
78. (Daha sonra) doğan günəşi
görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!"
- dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım,
mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan
(bütlərdən, səma cismlərindən) uzağam! <
79. Mən, həqiqətən, batildən
haqqa tapınaraq (dönərək) üzümü göyləri
və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan
deyiləm!" <
80. Tayfası onunla (İbrahimlə)
mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni
doğru yola saldığı halda, siz Onun barəsində mənimlə
mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı
bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin
Ona şərik qoşduğunuz bütlərdən qorxmuram.
(Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim
hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva
etmişdir. Məgər düşünüb ibrət almırsınız?
<
81. Allahın sizə (ibadət edilməsi
barədə) heç bir dəlil endirmədiyi bütləri
Ona şərik qoşmaqdan qorxmadığınız halda,
mən niyə sizin qoşduğunuz şəriklərdən
qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək)
bu iki dəstədən hansı (qiyamət əzabından)
əmin olmağa daha layiqdir? <
82. İman gətirib imanlarını
zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar.
Haqq yola yönəlmişlər də onlardır! <
83. Bu bizim İbrahimə öz tayfasına
qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi
dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz
ki, Rəbbin hikmət sahibi, elm sahibidir. <
84. Biz İshaqı və Yə’qubu
Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə)
çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən
olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu
da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş
görənləri (yaxşılıq edənləri) belə
mükafatlandırırıq. <
85. Zəkəriyyanı, Yəhyanı,
İsanı, İlyası da (hidayətə çatdırdıq).
Onların hamısı əməlisalehlərdən idi. <
86. Biz, həmçinin İsmaili, Əlyəsə’i,
Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları
aləmlərdən (özləri ilə bir dövrdə yaşayan
bütün insanlardan) üstün tutduq. <
87. Biz onların atalarından, nəsillərindən
və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq),
onları seçdik və düz yola yönəltdik. <
88. Bu, Allahın haqq yoludur. Bəndələrindən
istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik
qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
<
89. Onlar Bizim kitab, hökm və peyğəmbərlik
verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş
müşrikləri və başqa kafirlər) bu dəlilləri
dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən
bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi
inkar etməyəcək bir zümrə gətirərik). <
90. Onlar (adları çəkilən
peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi
kimsələrdir. Sən də onların haqq yolunu tutub get.
De: "Mən bunun (islam dinin təbliği) müqabilində sizdən
bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün
bəşəriyyət) üçün yalnız bir moizədir
(öyüd-nəsihətdir)". <
91. Onlar (yəhudilər): "Allah heç
bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir",
- deməklə Allahı layiqincə qiymətləndirmədilər.
De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi
kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə
yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində)
siz (Qur’an vasitəsilə) özünüzün və atalarınızın
bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!)
Sən: "Allah!" deyib çağır, sonra da onları burax ki,
düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
(Özlərinin dedi-qodularında, pis işlərində və
yaramaz əqidələrində davam etsinlər). <
92. Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti
daim, faydası çox), özündən əvvəlkiləri
təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə
əhlini və ətrafındakı insanları (Allahın
əzabı ilə) qorxutmaq üçün nazil etmişik.
Axirətə iman gətirənlər ona da iman gətirər,
namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).
<
93. Allaha iftira yaxan, özünə
heç bir vəhy olunmadığı halda: "Mənə də
vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an)
kimi bir kitab endirəcəyəm", - deyən şəxsdən
daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm
əzabı içində çabalayan, mələklərin də
(bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı!
Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza
və Onun ayələrinə təkəbbür göstərdiyinizə
görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!"
- dediklərini görəydin! <
94. Siz Bizim hüzurumuza ilk dəfə
sizi yaratdığımız kimi tək-tənha, özü
də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı)
arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı
ilə) öz aranızda Allahın şərikləri iddia
etdiyiniz şəfaətçilərinizi görmürük.
Artıq aranızdakı (rabitə) qırılmış və
(Allaha şərik) iddia etdikləriniz (bütlər) də
sizdən (uzaqlaşıb) qeyb olmuşdur. <
95. Şübhəsiz ki, toxumu da, çəyirdəyi
də cücərdib çatladan, ölüdən diri, diridən
də ölü çıxardan (ölü yumurtadan diri toyuq,
diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı
siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz? <
96. (Gecənin zülmətindən)
səhəri yarıb çıxaran, gecəni bir istirahət
vaxtı, günəşi və ayı (vaxt üçün)
bir ölçü vasitəsi edən də Odur. (Bütün)
bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən
Allahın təqdiridir (əzəli hökmüdür). <
97. Suyun və qurunun zülmətində
(yolunuzu) düz getmək üçün ulduzları sizin üçün
yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün
bu cür ətraflı izah etdik. <
98. Sizi tək bir nəfərdən
(Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar
yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir
əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan
bir camaat üçün belə müfəssəl bəyan
etdik. <
99. Göydən su (yağış)
endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl
fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış
(sünbül olmuş) dənələr çıxartdıq.
Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış
salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları,
bir-birinə bənzəyən və bənzəməyən
zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi
vaxt meyvəsinə və onun yetişməsinə baxın.
Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə
yaratdığı bu şeylərdə) iman gətirən
bir camaat üçün (Rəbbinizin varlığını
sübut edən) dəlillər vardır. <
100. Cinləri (Allah) yaratdığı
halda, (kafirlər və cahillər) onları Allaha şərik
qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını)
bilmədən (özlərindən) Onun üçün oğullar
və qızlar uydurub düzəltdilər. Allah isə onların
Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır)
və yüksəksə durur. <
101. O, göyləri və yeri (yoxdan)
var edəndir. Allahın necə övladı ola bilər ki,
Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi
O yaratmışdır. O, hər şeyi biləndir! <
102. O Allah Rəbbinizdir! Ondan başqa
heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə
də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!
<
103. Gözlər Onu (görüb)
dərk etməz. O, gözləri dərk edər. O, lətifdir
(cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!
<
104. Rəbbinizdən sizə parlaq
dəlillər gəlmişdir. Kim (onları) görsə, öz
lehinə, kim görməsə, öz əleyhinədir. Mən
sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm
ancaq dini təbliğ etməkdir) <
105. Biz ayələrimizi belə açıqlayırıq
ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər):
"Sən dərs almısan (bunları başqalarından öyrənmisən)",
- desinlər və Biz də onu (Qur’anı) bilən (elm və
bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini,
qüdrət və əzəmətini inkar etməklə daha
şiddətli əzaba layiq olsunlar, mö’minlər isə onları
təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
<
106. (Ya Rəsulum!) Rəbbindən
sənə vəhy edilənə (Qur’ana) tabe ol. (Sən yəqin
bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən
isə üz çevir! <
107. Əgər Allah istəsəydi,
onlar müşrik olmazdılar. Biz səni onların üzərində
gözətçi qoymamışıq və sən onların
vəkili də deyilsən! <
108. Allahdan başqalarına tapınanları
söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət
və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə
söyərlər. Beləcə, hər bir ümmətə
öz əməllərini gözəl göstərdik. (Mö’minlərə
Allah rizasına gördükləri işləri gözəl
göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini
yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna
qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər
barəsində xəbər verəcəkdir! <
109. (Məkkə müşrikləri)
Allaha ürəkdən and içdilər ki, əgər onlara
bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de:
"Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin
imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən
bilirsiniz ki, onlara (istədikləri) ayə (mö’cüzə)
gəldikdə yenə də iman gətirməyəcəklər!"
<
110. Biz onların ürəklərini
və gözlərini əvvəlcə ona (Qur’ana və ya göndərdiyimiz
hər hansı ayəyə) iman gətirmədikləri kimi
tərsinə çevirər və onları öz azğınlıqları
içində şaşqın bir vəziyyətdə qoyarıq.
<
111. Əgər Biz (istədikləri
kimi) mələkləri onlara göndərsəydik, ölülər
onlara danışsaydı və hər şeyi dəstə-dəstə
toplayıb onların qarşısına qoysaydıq belə,
Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin
onların əksəriyyəti (bunu) bilməz. <
112. Beləcə, Biz hər peyğəmbər
üçün insan və cin şeytanlarından düşmənlər
yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə
bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən
çirkin) sözlər təlqin edərlər. Əgər
Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları
uydurduqları yalanlarla birlikdə boşla getsinlər! <
113. (İnsanlardan və cinlərdən
olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə
inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin
sözlərdən) xoşlansınlar və gördükləri
çirkin işləri bir daha görsünlər (deyə, təlqin
edərlər). <
114. Allah sizə Kitabı (Qur’anı)
müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq
ilə batili ayırd etmək üçün) Ondan başqasınımı
özümə hakim istəməliyəm?! Kitab verilmiş
şəxslər Qur’anın sənin Rəbbindən haqq olaraq
nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən
olma! <
115. (Ya Rəsulum!) Rəbbinin sözü
düzgün və ədalətli şəkildə tamam oldu.
Onun sözlərini dəyişdirə biləcək bir kimsə
yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir! <
116. Əgər yer üzündə
olanların çoxuna itaət etsən, onlar səni Allahın
yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan
danışarlar! <
117. Şübhəsiz ki, yolundan azanları
ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri
də ən yaxşı bilən Odur! <
118. Əgər siz Allahın ayələrinə
inanan kimsələrsinizsə, üstündə Onun adı
çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları
yeyin! <
119. Sizə nə olub ki, üstündə
Allahın adı çəkilmiş (heyvanların) ətindən
yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında
(yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə
haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə
sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti)
bilmədiklərindən nəfslərinin istəklərinə
uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi
aşanları ən yaxşı tanıyandır! <
120. Günahın aşkarından
da, gizlisindən də əl çəkin! Günah qazananlar
etdikləri əməllərə görə cəzalandırılacaqlar!
<
121. Üstündə Allahın adı
çəkilməmiş heyvanların ətindən yeməyin.
Bu, şübhəsiz ki, günahdır. Həqiqətən,
şeytanlar öz dostlarına sizinlə mücadilə etmək
üçün (çirkin fikirlər və yaramaz əqidələr)
təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz
ki, siz də müşrik olarsınız. <
122. Heç (küfrlə) ölü
olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün
özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət
içində qalıb oradan çıxa bilməyən kimsə
kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə
belə gözəl göstərildi. <
123. Beləliklə, hər bir obanın
günahkarlarını oranın başçıları tə’yin
etdik ki, onlar (günahlarını, bunun nəticəsində
də axirətdə əzablarını daha da artırmaq üçün)
orada bacardıqları qədər məkrlə məşğul
olsunlar. Onlar yalnız özlərinə qarşı məkr
edərlər, lakin (bunun) fərqinə varmazlar. <
124. Onlara bir ayə gəldiyi zaman:
"Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin,
mö’cüzələrin) misli bizə verilməyincə biz
iman gətirməyəcəyik!" - deyərlər. Allah peyğəmbərliyi
hara (kimə) göndərəcəyini Özü daha yaxşı
bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə
görə zillətə və şiddətli əzaba düçar
olacaqlar! <
125. Allah kimi düz yola yönəltmək
istəsə, onun köksünü islam (dini) üçün
açıb genişləndirər, kimi azdırmaq istəsə,
onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki
(sıxıntının şiddətindən) göyə çıxar.
Allah iman gətirməyənlərə pisliyi belə edər!
<
126. Bu, Rəbbinin doğru yoludur. Biz
ayələrimizi düşünüb anlayan bir camaat üçün
artıq müfəssəl izah etmişik. <
127. Onları Rəbinin yanında əmin-amanlıq
yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü
işləri himayə edəndir (və ya gördükləri
yaxşı işlərə görə Allah onların dostudur).
<
128. (Allah insanları və cinləri)
toplayacağı gün (qiyamət günü) belə buyuracaq:
"Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız".
Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər:
"Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar
bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri
üçün insanlar onlardan faydalandıqlarını zənn
edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə
tabe edə bildikləri üçün onlardan öz qərəzli
məqsədləri naminə istifadə edərlər) və
bizim üçün müəyyən etdiyin əcəlimiz
gəlib çatdı!" (Allah) buyuracaq: "Sizin düşəcəyiniz
yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan
islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla,
siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz
ki, Rəbbin hikmət, elm sahibidir! <
129. Beləliklə, qazandıqlarına
(qazandıqları günahlara) görə zalımların
bə’zisini digərinin arxasına taxaraq (və ya pis işləri
bir yerdə gördükləri üçün qiyamət gününün
əzabından onları bir-birinə belə yaxınlaşdırarıq).
<
130. Ey cin və insan tayfası! Məgər
sizə öz içərinizdən ayələrimi söyləyən
və bu gününüzün gəlib çatacağı
barədə sizə xəbərdarlıq edən peyğəmbərlər
gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə
şahidik!" (Peyğəmbərlər bizə pis işlərimiz
barədə xəbərdarlıq etsələr də, biz onlara
qarşı çıxıb günah işləməkdə
davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı
onları aldatdı və onlar kafir olduqları barədə
öz əleyhlərinə şəhadət verdilər. <
131. Bu, (peyğəmbərləri
göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin
əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər
gəlmədiyi üçün dini vəzifələrini bilməyib
icra etmədikləri halda) zülmlə məhv etməyi özünə
rəva bilməz! <
132. Hər kəs üçün etdiyi
əməllərə görə dərəcələr (müxtəlif
mükafatlar və cəzalar) vardır. Rəbbin onların
nə etdiklərindən qafil deyildir! <
133. Rəbbin heç bir şeyə
(heç bir bəndənin ibadətinə) möhtac deyildir,
mərhəmət sahibidir. İstəsə, sizə başqa
bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi
kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.
<
134. Sizə və’d edilən (qiyamət
günü), şübhəsiz ki, gələcəkdir. Siz
onun qarşısını ala bilməzsiniz! <
135. (Ya Rəsulum! Qüreyş kafirlərinə)
de: "Ey camaatım, əlinizdən gələni edin. Mən də
(öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun
(gözəl) aqibətinin kimə nəsib olacağını
biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
<
136. (Müşriklər) Allah üçün
Onun yaratdığı əkindən və davardan pay ayırıb
öz (batil) inanclarına görə: "Bu, Allahın və bu
da (Allaha) şərik qoşduğumuz bütlərin!" - dedilər.
Onların bütləri üçün ayrılmış hissə
Allaha çatmaz, Allah üçün ayrılmış hissə
isə bütlərə çatardı. Onların verdikləri
hökm necə də pisdir! <
137. Beləcə, (onların şeytanlardan
və cinlərdən ibarət olan) ortaqları müşriklərin
bir çoxuna onları məhv etmək və dinlərinə
qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını
öldürməyi yaxşı bir iş kimi göstərdilər.
Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!)
Onları da, uydurduqları yalanları da başlı-başına
burax! <
138. (Müşriklər) öz (batil)
iddialarına əsasən: "Bu davarlar və əkinlər haramdır,
onları bizim istədiklərimizdən (bütlərə xidmət
edən kişilərdən) başqa heç kəs yeyə
bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır",-
dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən)
Allahın adını çəkməzlər. (Müşriklər)
bütün bunları (Allahın əmri deyə) Allaha iftira
yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah)
onların cəzalarını verəcəkdir. <
139. (Müşriklər) həmçinin:
"Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə
məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir",-
dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər
və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah)
onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin)
cəzasını verəcəkdir. Şübhəsiz ki, O,
hikmət, elm sahibidir! <
140. Səfehlik üzündən anlamadan
öz uşaqlarını öldürən və Allahın
onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları)
Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana
uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış,
doğru yolu tapa bilməmişlər. <
141. Yer üzünə sərilmiş
və sərilməmiş bağ-bağatı (bostanları
və bağları), dadları müxtəlif xurmanı və
taxılı, bir-birinə həm bənzəyən, həm
də bənzəməyən zeytunu və narı yaradan Odur.
(Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım
günü haqqını (zəkatını, sədəqəsini)
ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri
sevməz! <
142. Yük daşıyan və (yunlarından)
döşək düzəldilən heyvanları da (yaradan Odur).
Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana
uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar
düşməninizdir. <
143. (Allah o heyvanları) səkkiz cift
yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt
qoyun və bir cüt keçi. De: "(Allah) iki erkəyi, yoxsa iki
dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif
cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal,
nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə,
bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!"
<
144. (Həmçinin erkək və
dişi olmaqla) bir cüt dəvə və bir cüt inək.
De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif
cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu?
Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman
(orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq
yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran
şəxsdən daha zalım kim ola bilər? Həqiqətən,
Allah zalım tayfanı doğru yola salmaz! <
145. (Ya Rəsulum!) De: "Mənə
gələn vəhylər içərisində murdar olduqları
üçün ölü heyvan, axar qan, donuz əti və ya
Allahdan başqasının adı ilə (bismillah deyilmədən)
günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı
bir kəsin yediyi yeməklər içərisində haram buyurulan
bir şey görmürəm. Bununla yanaşı, hər kəs
məcburiyyət qarşısında qalsa, həddi aşmadan,
zəruri ehtiyacını ödəyəcək qədər
(bunlardan yesə, Allah ona cəza verməz)". Çünki sənin
Rəbbin, həqiqətən, bağışlayandır, rəhm
edəndir! <
146. Yəhudilərə dırnaqlı
heyvanların hamısını haram etdik. İnək və
qoyunun bellərinə və ya bağırsaqlarına yapışan,
yaxud sümüklərinə qarışan yağlar müstəsna
olmaqla, onların piylərini də yəhudilərə haram
buyurduq. Həddi aşdıqlarına görə onları belə
cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə
doğru olanlarıq! <
147. Əgər onlar səni yalançı
hesab etsələr, de: "Rəbbiniz böyük mərhəmət
sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın
da qarşısı alına bilməz!" <
148. Müşriklər belə deyəcəklər:
"Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız
müşrik olar və nə də biz bir şeyi haram edə
bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini)
belə təkzib etmişdilər. Nəhayət, əzabımızı
daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara
biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır
və yalan uydurursunuz!" <
149. De: "Tutarlı dəlil yalnız
Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı
doğru yola yönəldərdi". <
150. De: "Bunu (haram saydıqlarınızı)
Allah haram buyurmuşdur deyə, şəhadət verəcək
şahidlərinizi gətirin!" Şayəd onlar (yalandan) şahidlik
etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi
yalan hesab edənlərin və axirətə inanmayanların
nəfslərinin istəklərinə uyma. Onlar (bütləri)
öz Rəbbinə tay tutarlar. <
151. (Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin
sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik
qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq
üzündən uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini Biz veririk. Açıq və
gizlin pis işlərə yaxın düşməyin. Allahın
(qətlini) haram buyurduğu cana qıymayın (müsəlman
və ya əhli-zimməni haqsız yerə öldürməyin).
(Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə,
düşünüb anlayasınız! <
152. Yetimin malına, xeyirxah məqsəd
(onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa
çatana qədər yaxın düşməyin. Ölçüdə
və çəkidə düz olun. Biz hər kəsi yalnız
qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz
zaman (lehinə və ya əleyhinə danışdığınız
adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı
əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə
yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki,
bəlkə, düşünüb öyüd-nəsihət
qəbul edəsiniz! <
153. Bu, şübhəsiz ki, Mənim
doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq
yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi
ki, pis əməllərdən çəkinəsiniz!" <
154. Sonra Biz yaxşı işlər
görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne’məti)
tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün
ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı
(Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla)
öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə)
inansınlar! <
155. Bu nazil etdiyimiz (Qur’an) mübarək
bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə,
sizə rəhm edilsin! <
156. Biz onu sizin: "Bizdən əvvəl
kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə)
nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik",-
deməməyiniz. <
157. Və ya: "Əgər bizə də
kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq",
- söyləməməyiniz üçün (göndərdik).
Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil,
hidayət və mərhəmət gəlmişdir. Allahın
ayələrini yalan hesab edib onlardan üz çevirəndən
daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri
üz çevirdiklərinə görə ən pis cəza ilə
cazalandıracağıq! <
158. (Məkkə müşrikləri)
özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin
(əzabının), yaxud da Rəbbinin bə’zi qiyamət əlamətlərinin
gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin
bə’zi qiyamət əlamətləri gələcəyi gün
əvvəlcə iman gətirməmiş və ya imanından
bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı
heç bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də
gözləyirik!" <
159. (Ya Rəsulum!) Şübhəsiz
ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç
bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır.
(Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!
<
160. Kim yaxşı bir iş görərsə,
ona həmin işin on qat əvəzi (savabı) verilər.
Kim pis bir iş görərsə, ona həmin işin misli qədər
cəza verilər. Onlara haqsızlıq edilməz. <
161. (Ya Rəsulum) De: "Şübhəsiz,
Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə,
batildən haqqa tapınan və müşriklərdən olmayan
İbrahimin dininə yönəltdi!" <
162. De: "Mənim namazım da, ibadətim
də, həyatım və ölümüm də aləmlərin
Rəbbi Allah üçündür! <
163. Onun heç bir şəriki yoxdur.
Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"
<
164. De: "Allah hər şeyin Rəbbi
olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm?
"Hər kəsin qazandığı günah ancaq özünə
aiddir. Heç bir günahkar başqasının günahını
daşımaz. Axır dönüşünüz Rəbbinizədir.
O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər
barəsində xəbər verəcəkdir. <
165. (Ey insanlar!) Verdiyiniz ne’mətlərlə
sınamaq üçün sizi yer üzünün varisləri
tə’yin edən, dərəcələrə görə birinizi
diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!)
Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə,
Onun birliyini inkar edənlərə) tezliklə cəza verən
və şübhəsiz ki, (mö’minləri) bağışlayan,
(onlara) rəhm edəndir!

|