| |
60.
əl-Mumtəhinə (İmtahana
çəkilən qadın) surəsi (Mədinədə nazil
olmuşdur, 13 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey iman gətirənlər! Nə
mənim düşmənimi, nə də özünüzün
düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə
gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı)
inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq
göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz
üçün onlar Peyğəmbəri və sizi (Məkkədən)
çıxardırdılar. Əgər siz Mənim yolumda və
Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa
(Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla
gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr
verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar
etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi)
bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə
dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan
azmışdır!
2. Əgər onlar (müşriklər)
sizi ələ keçirsələr (sizə qələbə
çalsalar), sizə düşmən olar, sizə pisliklə
əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
3. Nə (xatirinə Allaha və Peyğəmbərinə
xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız,
nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir.
Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır.
Allah nə etdiklərinizi görəndir!
4. İbrahim və onunla birlikdə
olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir.
O zaman onlar öz qövmünə belə demişdilər:
"Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa
ibadət etdiklərinizlə (bütlərlə) heç bir
əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha
iman gətirməyincə bizimlə sizin aranızda həmişə
ədavət və nifrət olacaqdır!" Ancaq İbrahim öz
atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin
bağışlanmağını diləyəcəm. Mən
heç vəchlə səni Allahdan (Allahın əzabından)
qurtara bilmərəm (mənim bacardığım yalnız
budur)!" - deməsi istisnadır (bunda sizin üçün örnək
yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz!
Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib
ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş
də ancaq Sənin hüzurunadır.
5. Ey Rəbbimiz! Bizi kafirlər üçün
sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə
sınağa çəkmə, onları bizim üstümüzdə
hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən,
Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"
6. (Ey mö’minlər!) And olsun ki, onlar
sizin üçün, Allaha və axirət gününə
ümid bəsləyənlər üçün gözəl
örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan)
üz döndərsə (bunun zərəri ancaq onun özünə
olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə’rifə
(şükrə) layiqdir!
7. (Ey mö’minlər!) Ola bilsin ki,
Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr
(Məkkə müşrikləri) arasında (onları islam
dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın.
Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır,
rəhm edəndir!
8. Allah din yolunda sizinlə vuruşmayan
və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq
etməyi və onlarla ədalətlə rəftar etməyi
sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
9. Allah sizə ancaq sizinlə din yolunda
vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa
kömək edən kimsələrlə dostluq etmənizi qadağan
edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
10. Ey iman gətirənlər! Mö’min
qadınlar sizin yanınıza mühacir kimi gəldikləri
zaman onları imtahana çəkin. Allah onların imanını
çox gözəl bilir (onları yoxlayıb bilmək sizə
lazımdır). Əgər bunların (bu qadınların həqiqi)
mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin
yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə),
nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin
qadınlara) xərclədiklərini (mehri) özlərinə
qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini
özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən
sizə heç bir günah gəlməz. Kafir qadınları
öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara)
verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən)
istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə
evlənən qadınlara) sərf etdikləri mehri (sizdən)
istəsinlər. Allahın hökmü budur. O sizin aranızda
(belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
11. Əgər zövcələrinizdən
biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə
qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət
əldə etsəniz, zövcələri (kafirlərin yanına)
getmiş kimsələrə (həmin qənimətdən)
onların (bu övrətlərə) sərf etdikləri mehr
qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
12. Ya Peyğəmbər! Mö’min
qadınlar Allaha heç bir şərik qoşmayacaqları,
oğurluq və zina etməyəcəkləri, övladlarını
öldürməyəcəkləri (qız uşaqlarını
diri-diri torpağa gömməyəcəklərini), özgə
kişilərdən olan uşaqlarını yalandan ərlərinə
isnad etməyəcəkləri və heç bir yaxşı
(bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları
barədə sənə bey’ət etmək üçün yanına
gəldikləri zaman onların bey’ətini qəbul et və
Allahdan onların bağışlanmasını dilə. Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!
13. Ey iman gətirənlər! Allahın
qəzəbinə düçar olmuş bir qövmlə dostluq
etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin
qiyamət günü diriləcəyindən) ümidlərini
üzdükləri kimi, onlar da axirətdən (axirətdə
Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!

|