| |
63.
əl-Munafiqun (Münafiqlər)
surəsi (Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Münafiqlər
(riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin,
doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət
veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər
olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı
olduqlarına şəhadət verir.
2. Onlar (yalan) andlarını özlərində
sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən,
onların törətdikləri əməllər necə də
pisdir!
3. Bunun səbəbi odur ki, onlar (dildə)
iman gətirdilər, sonra isə (ürəklərində gizli)
kafir oldular. Buna görə də onların ürəklərinə
möhür vurulmuş, özləri isə anlamaz kimsələr
olmuşlar.
4. (Ya Peyğəmbər!) Sən onları
gördükdə cüssələri (boy-buxunları, gözəllikləri)
xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan.
Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz
bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin
Peyğəmbərə və mö’minlərə əyan olacağından
qorxub) hər bir qışqırığın (səs-küyün)
öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar
düşməndirlər, sən onlardan həzər et! Allah
onları öldürsün, necə də haqdan döndərilirlər!
5. Onlara: "Gəlin Allahın Peyğəmbəri
(Rəbbinizdən) sizin bağışlanmağınızı
diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar
və sən (Ya Rəsulum!) onların təkəbbürlə
üz çevirdiklərini görərsən.
6. Sən onların bağışlanmasını
diləsən də, diləməsən də, fərqi yoxdur.
Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz
ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
7. Onlar: "Allahın Peyğəmbəri
yanında olanlara bir şey verməyin ki, dağılıb
getsinlər!" - deyən kimsələrdir. Halbuki göylərin
və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər
(bunu) anlamazlar.
8. Onlar: "Əgər biz (Bəni Müstəliq
vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər
(ən şərəflilər - münafiqlər) ən zəifləri
(ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri),
əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki
şərəf-şan da, (qüvvət və qələbə
də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə
məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
9. Ey iman gətirənlər! Nə
mal-dövlətiniz, nə də oğul-uşağınız
sizi Allahın zikrindən yayındırmasın! Hər kəs
bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana
uğrayanlardır.
10. Birinizin ölümü çatıb:
"Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə
verib salehlərdən olardım! - deməmişdən əvvəl
sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
11. Və (bilin ki) Allah əcəli
çatan heç kəsə möhlət verməz. Allah sizin
nə etdiklərinizdən xəbərdardır!

|