| |
64.
ət-Təğabun (Qarşılıqlı
aldanma) surəsi (Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə
nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə
tə’riflər deyər. Hökm Onundur, həmd-səna da Ona
məxsusdur. O, hər şeyə qadirdir!
2. Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz
mö’min. Allah nə etdiklərinizi görəndir!
3. O, göyləri və yeri haqq-ədalətlə
(yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi
də gözəl yaratdı. (İnsan bütün canlıların
ən gözəli və ən kamilidir). Axır dönüş
də Onun hüzurunadır!
4. O, göylərdə və yerdə
olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi
də bilir. Allah ürəklərdə olanları biləndir!
5. (Ey Məkkə müşrikləri!)
Məgər sizdən əvvəl kafir olanların (əzaba
düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı?
Onlar öz gördükləri işlərin cəzasını
dünyada daddılar. Onları (axirətdə) şiddətli
bir əzab gözləyir!
6. Çünki peyğəmbərləri
onlara açıq-aşkar mö’cüzələr gətirir,
onlar isə: "Məgər bizi doğu yola (özümüz
kimi adi) bir insanmı salacaqdır?!" - deyərək (o peyğəmbərləri)
inkar edir və (haqdan) üz döndərirlər. Allahın
(onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir
şeyə möhtac deyildir. O, (hər cür) şükrə
(tə’rifə) layiqdir!
7. Kafir olanlar (öldükdən sonra)
əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya
Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz
mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz
əməllər sizə (bir-bir) xəbər veriləcəkdir.
Bu, Allah üçün çox asandır!
8. Elə isə Allaha, Onun Peyğəmbərinə
və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyimiz əməllərdən
agahdır!
9. Allahın sizi (haqq-hesab üçün)
toplanmış gününə cəm edəcəyi gün
- məhz o gün qarşılıqlı aldanma günüdür!
(Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən
verdiklərinə görə, bə’zi mö’minlərin də
dünyada bacardıqlarından az yaxşı əməllər
etdiklərinə görə aldanmaları bəlli olacaqdır).
Kim Allaha iman gətirib yaxşı əməllər etsə,
(Allah) onun günahlarının üstünü örtər
və onu (ağacları) altından çaylar axan cənnətlərə
daxil edər. Belələri orada (Cənnətdə) əbədi
qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
10. Kafir olub ayələrimizi yalan sayanlara
gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar
orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
11. Allahın izni olmadıqca (heç
kəsə) heç bir müsibət üz verməz. Kim Allaha
iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər.
(O, dünyada baş verən hər şeyin Allahın əzəli
hökmü və izni ilə olduğunu bilər). Allah hər
şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
12. Allaha itaət edin, Onun Peyğəmbərinə
itaət edin; hər kəs (itaətdən) üz döndərsə,
(bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən
yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi
zorla iman gətirməyə məcbur edən deyildir).
13. Allahdan başqa heç bir tanrı
(mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq
Allaha təvəkkül etsinlər!
14. Ey iman gətirənlər! Şübhəsiz
ki, zövcələrinizdən və övladınızdan
sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya
işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən,
yaxşı əməllərdən yayındırarlar. Hətta
siz bir dəfə Məkkədən Mədinəyə hicrət
etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə
sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan
özünüzü gözləyin! Amma (tövbə edəcəkləri
təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən)
keçsəniz və bağışlasanız (daha yaxşı
olar). Çünki Allah (günahları çox) bağışlayandır,
rəhm edəndir!
15. Həqiqətən, mal-dövlətiniz
və oğul-uşağınız (sizin üçün) ancaq
bir imtahandır. Ən böyük mükafat (Cənnət)
isə Allah dərgahındadır!
16. Allahdan (Allahın əzabından)
bacardığınız qədər qorxun. (Sizə verilə
öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə)
itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin.
Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən)
nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan
kimsələr - məhz onlar nicat tapıb səadətə
qovuşanlardır!
17. Əgər Allaha (Allah yolunda) gözəl
(könül xoşluğu ilə) bir borc versəniz, (Allah)
sizin üçün onun əvəzini qat-qat artırar və
sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
18. (Allah) gizlini də, aşkarı
da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!

|