| |
65.
ət-Talaq (Boşanma) surəsi
(Mədinədə nazil olmuşdur, 12 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Övrətləri
boşadığınız zaman onları gözləmə
müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.
Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz
olan Allahdan qorxun. Onları - açıq-aşkar bir pis iş
(zina) etməyənə qədər - (gözləmə müddəti
qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın
və onlar özləri də çıxmasınlar. Bu, Allahın
hədləridir (hökmləridir). Allah müəyyən etdiyi
hədləri aşan kimsə özünə zülm etmiş
olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad
etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini
salsın və onlar barışsınlar).
2. Bunların (bu qadınların) gözləmə
müddəti başa çatdıqda (barışmaq istəsəniz)
onları yaxşılıqla (mehrlərini verib) yola salın.
(Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən
iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!)
Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və
axirət gününə iman gətirənlərə öyüd-nəsihət
verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən)
bir çıxış yolu əta edər.
3. Və ona gözləmədiyi yerdən
ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət
edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər
şey üçün bir ölçü (hədd, müddət)
tə’yin etmişdir.
4. (Yaşa dolmaqla) heyzdən kəsilmiş
qadınlarınız (onların gözləmə müddəti)
barədə şübhə etsəniz, (bilin ki) onların
və həmçinin (yaşları müsaid olmadığı
üçün) hələ heyz görməmiş olanların
(heyz görməmiş gənc övrətlərinizin) gözləmə
müddəti üç aydır (bu müddət başa çatdıqdan
sonra başqası ilə evlənə bilərlər). Hamilə
qadınların gözləmə müddəti isə onlar
bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan
qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
5. Bu, Allahın sizə nazil etdiyi buyuruğudur.
Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü
örtər və (axirətdə) mükafatını artırar.
6. Onları (boşadığınız,
lakin gözləmə müddətləri sona yetməmiş
qadınları) imkanınız çatdığı qədər
öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları)
sıxışdırmaq (evdən çıxıb getməyə
məcbur etmək) məqsədilə onlara zərər (əziyyət)
verməyə cəhd göstərməyin. Əgər onlar
hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər
xərclərini verin. (Həmin qadınlar gözləmə
müddətləri qurtarandan sonra) sizin üçün uşaq
əmizdirirlərsə, onların (süd) haqqını verin
(çünki onlar artıq sizin uşaqlarınıza süd
verməyə borclu deyillər). Öz aranızda yaxşılıqla
(şəriətə müvafiq şəkildə) sazişə
gəlin. Əgər (bu məsələdə) çətinliyə
düşsəniz (bir-birinizlə razılığa gələ
bilməsəniz), onu (uşağı) başqa bir qadın
əmizdirə bilər.
7. Varlı-karlı olan öz varına
görə (süd haqqı) versin. İmkanı az olan isə
Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün
ona verdiyindən artıq xərcləməyə məcbur etməz.
Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan
sonra dövlət) əta edər.
8. Neçə-neçə məmləkət
(əhli) öz Rəbbinin və Onun peyğəmbərinin
əmrindən çıxdı. Biz də onlara şiddətli
cəza verib görünməmiş müdhiş əzaba düçar
etdik.
9. Onlar əməllərinin cəzasını
aldılar və axırda işləri ziyana uğramaq oldu.
10. Allah onlar üçün şiddətli
əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri,
Allahdan qorxun! Allah sizin üçün Qur’an nazil etmiş,
11. Və iman gətirib yaxşı
işlər görənləri zülmətdən nura (küfrdən
imana) çıxartmaq üçün Allahın açıq-aşkar
(halal-haramı bəyan edən) ayələrini sizə oxuyan
bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib
yaxşı iş görsə, (Allah) onu (mö’minlərin)
əbədi qalacaqları, (ağacları) altından çaylar
axan cənnətlərə daxil edər. Həqiqətən,
Allah ona gözəl ruzi əta etmişdir!
12. Yeddi (qat) göyü və bir o
qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə
qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli
elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri
onların arasında (mövcud olan bütün məxluqata)
nazil olar.

|