| |
67.
əl-Mulk (Mülk və
ya hakimiyyət) surəsi (Məkkədə nazil olmuşdur,
30 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Hökm (hər şeyin ixtiyarı)
əlində olan Allah nə qədər ucadır (nə qədər
uludur). O, hər şeyə qadirdir!
2. Hansınızın əməlcə
daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün
ölümü və həyatı yaradan Odur. O, yenilməz
qüvvət sahibidir, (çox) bağışlayandır.
3. Yeddi göyü (bir-birinin üstündə)
qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında
heç bir uyğunsuzluq görməzsən. Bir gözünü
qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq,
nöqsan) görə bilərsənmi?!
4. Sonra gözünü qaldırıb
iki dəfə bax. Göz orada (axtardığını tapmayıb)
zəif, yorğun düşərək yenə də sənə
tərəf qayıdacaqdır!
5. And olsun ki, Biz dünya səmasını
(yerə ən yaxın olan göyü) qəndillərlə
(ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər
etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan
alovlu atəş əzabı hazırladıq.
6. Rəbbini inkar edənləri cəhənnəm
əzabı gözləyir. Ora necə də pis məskəndir!
7. Onlar (özləri kimi kafirlərlə)
qaynayan Cəhənnəmə atıldıqları zaman onun
dəhşətli uğultusunu eşidəcəklər!
8. O, (kafirlərə olan) qeyzindən
az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə)
atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə):
"Məgər sizə (Allahın əzabı ilə) qorxudan
bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar.
9. Onlar deyəcəklər: "Bəli,
bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər
gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik:
"Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə
olaraq (haqdan) çox azmısınız!"
10. Onlar: "Əgər biz (peyğəmbərlərin
öyüd-nəsihətinə) qulaq asıb ağlımızı
başımıza yığsaydıq, cəhənnəm əhli
içində olmazdıq!" - deyəcək,
11. Və beləcə öz günahlarını
e’tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
12. Rəbbindən (Onu) görmədən
qorxanları isə (günahlardan) bağışlanma və
böyük bir mükafat gözləyir!
13. (Ey insanlar!) İstər sözünüzü
gizli saxlayın, istər açıq deyin (heç bir fərqi
yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
14. Məgər yaradan (sizin gizli saxladığınız
hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə
qədər biləndir, (hər şeydən) xəbərdardır!
15. Yeri (Yer kürəsini) sizə
ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən
yeyin. Axır dönüş də Onadır!
16. (Ey insanlar!) Göydə olanın
(Allahın) yer hərəkətə gəlib çalxalandığı
zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!
17. Yaxud göydə olanın sizin
üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə
arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın
necə olduğunu mütləq biləcəksiniz.
18. Onlardan (Məkkə mürşiklərindən)
əvvəlkilər də (öz peyğəmbərlərini)
təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları cəzalandırmağım (inkar etməyim)
necə oldu.
19. Məgər onlar başları
üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını
açıb-yumaraq) uçan quşları görmürlərmi?
Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır.
Həqiqətən, O, hər şeyi görəndir!
20. Yaxud bu əsgərləriniz (köməkçiləriniz)
kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?!
(Bəndələri Allahın əzabından Onun Özündən
başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə
olaraq, aldanmaqdadırlar!
21. Əgər (Allah) Öz ruzisini
kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri
üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən
(boyun qoymamaqdan) əl çəkmirlər.
22. Elə isə (küfrü ucbatından)
üzüstə sürünən daha haqq yoldadır, yoxsa
düz yolda düz gedən?!
23. (Ya Peyğəmbər!) De: "Sizi
yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur.
(Allahın ne’mətlərinə) nə az şükür edirsiniz!"
24. De: "Sizi yer üzünə yayıb
səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna
toplanacaqsınız!"
25. Onlar (müşriklər) deyirlər:
"Əgər doğru danışanlardansınızsa, (bir xəbər
verin görək) bu və’d (haqq-hesab, cəza) nə vaxt yerinə
yetəcəkdir?"
26. De: "Onu bilmək yalnız Allaha
məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
27. Kafirlər əzabın yaxınlaşdığını
gördükləri zaman üzləri eybəcər kökə
düşəcək (qaralacaq) və onlara: "Sizin (dünyada)
istədiyiniz (və həmişə istehza edib inanmadığınız)
əzab budur!" - deyiləcəkdir.
28. (Ya Peyğəmbər! Bu müşriklərə)
de: "Bir deyin görək, istər Allah məni və mənimlə
birlikdə olanları məhv etsin, istərsə də bizə
bir mərhəmət əta etsin; siz kafirləri şiddətli
əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz
ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz.
Allahın əzabından nicat tapmaq üçün ancaq Onun
haqq dininə iman gətirmək lazımdır!)
29. De: "O bizim iman gətirdiyimiz və
təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın
azmış olduğunu (tezliklə) biləcəksiniz!"
30. De: "Bir söyləyin görək,
əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan
başqa) kim sizə axar su gətirə bilər?!

|