| |
68.
Nun və ya əl-Qələm
(Qələm) surəsi (Məkkədə nazil olmuşdur,
52 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Nun! And olsun qələmə və
(mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda
yazılanlara) ki,
2. Sən (ya Rəsulum!) Rəbbinin
ne’məti sayəsində divanə deyisən!
3. Və həqiqətən, səni
minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
4. Şübhəsiz ki, sən böyük
bir əxlaq üzərindəsən!
5. (Tezliklə) sən də görəcəksən,
onlar da görəcəklər,
6. Hansınızın divanə olduğunu!
7. Həqiqətən, sənin Rəbbin
öz yolundan çıxanları da, doğru yoldan olanları
da ən gözəl tanıyandır!
8. Elə isə (ya Peyğəmbər!
Allahın ayələrini) yalan sayanlara itaət etmə!
9. (Müşriklər) istərdilər
ki, sən onlara yumşaqlıq göstərəsən, onlar
da sənə yumşaqlıq göstərsinlər! (Sən
onların bütləri barəsində pis söz deməyəsən,
onlar da sənə əziyyət verməsinlər və ya sən
onların bütlərinə tapınasan, onlar da sənin Allahına
ibadət etsinlər!)
10. (Ya Peyğəmbər!) İtaət
etmə (yalan yerə) hər and içənə, alçağa;
11. Qeybət edənə, söz gəzdirənə;
12. Xeyrə mane olana, (zülm etməkdə)
həddi aşana, günaha batana;
13. Daş ürəkliyə, (anlamaza
və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya
-
14. O, mal-dövlət, oğul-uşaq
sahibi olsa belə!
15. Ayələrimiz ona oxunduğu zaman
o: "(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.
16. Biz (tezliklə) onun burnuna damğa
basacağıq!
17. Biz vaxtilə o bağ sahiblərini
imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini
də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər
açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə
and içmişdilər.
18. Və heç bir istisna yeri də
qoymamışdılar (inşallah deməmişdilər).
19. Onlar yuxuda ikən (ya Peyğəmbər!)
sənin Rəbbindən o bağa bir bəla gəldi.
20. Və o (yanıb) qapqara qaraldı
(külə döndü).
21. Onlar səhər qalxıb bir-birini
belə səslədilər:
22. Əgər (məhsul) yığacaqsınızsa,
bağınıza tez gedin!"
23. Nəhayət, yola düşdülər,
(yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
24. "(Elə edin ki) bu gün orada yanınıza
heç bir yoxsul soxulmasın!"
25. Onlar (yoxsulları) bağa buraxmağa
qadir olacaqlarını güman edərək erkən getdilər.
[Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan
məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
26. (Bağı) bu vəziyyətdə
(yanıb külə dönmüş) gördükdə dedilər:
"Yəqin ki, (yolumuzu) azmışıq!
27. Xeyr, biz (bağımızın
bərəkətindən) məhrum olmuşuq!"
28. Onların ən ağıllısı
(və insaflısı) dedi: "Məgər mən sizə (Allahı)
həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!"
29. Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir!
Həqiqətən, biz zalım idik!" - dedilər.
30. Onlar bir-birini danlamağa başladılar.
31. Və dedilər: "Vay halımıza!
Biz azğınlıq (tüğyan) edirdik.
32. Ola bilsin ki, Rəbbimiz (tövbəmizi
qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını
versin. Biz Rəbbimizdən (bizi bağışlamasını,
bizə mərhəmət əta etməsini) diləyirik!"
33. (Dünyadakı) əzab belədir.
Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir.
Kaş biləydilər!
34. Həqiqətən, Allahdan qorxub
pis əməllərdən çəkinənləri Rəbbi
yanında Nəim cənnətləti gözləyir!
35. Məgər Biz müsəlmanları
kafirlərlə eynimi tutacağıq?!
36. (Ey kafirlər! Siz dünyada yoxsul
mö’minlərdən var-dövlətcə üstün olduğunuz
kimi, axirətdə də onlardan üstün olacağınızı,
yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz).
Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
37. Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız
vardır ki, (bunları) orada oxuyursunuz?!
38. Yaxud orada bəyənib seçdiyiniz
hər şeyin sizin olacağı yazılmışdır?!
39. Və ya hökm edib istədiklərinizin
sizin olacağınıza dair Bizdən qiyamət gününədək
davam edəcək əhd almısınız?!
40. (Ya Peyğəmbər!) Onlardan
soruş ki, hansı biri buna zamindir?
41. Yoxsa onların (axirətdə müsəlmanlardan
üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını
təsdiq edən) şərikləri vardır?! Əgər
doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
42. İş çətinləşəcəyi
(baldırlar açılacağı,lüt-üryan vəziyyətdə
qiyamətə gedəcəkləri, qiyamət bütün
dəhşəti ilə görünəcəyi, həqiqət
aşkar olacağı) və səcdəyə (namaza) də’vət
olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.
43. Gözləri zəlilcəsinə
yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir.
Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə
də’vət olunurdular.
44. (Ya Peyğəmbər!) Artıq
bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır.
Biz onları özləri də bilmədən tədriclə
əzaba giriftar edərik.
45. Onlara (daha çox günaha batmaq
üçün bir müddət) möhlət verərəm.
Həqiqətən Mənim əzabım dözülməz
dərəcədə şiddətlidir.
46. Yoxsa sən (risaləti təbliğ
etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən
və onlar ağır borc yükü altında qalıblar?!
47. Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır
və onlar (səninlə mübahisə etdikləri məsələləri,
qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən
üstün olacağını oradan öyrənib) yazırlar?!
48. (Ya Rəsulum!) Sən öz Rəbbinin
hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər)
kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman
o, (balığın qarnında) qəm-kədər içində
boğularaq (Rəbbinə) dua etmişdi.
49. Əgər Rəbbindən ona bir
mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət
olunaraq quru yerə (səhraya) atılacaqdı.
50. Amma (tövbə etdikdən sonra)
Rəbbi onu (Öz bəndələri içərisində)
seçdi və salehlərdən (peyğəmbərlərdən)
etdi.
51. (Ya Peyğəmbər!) Həqiqətən,
kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan
həsədlərindən və qəzəblərindən
dolayı) az qala səni gözləri ilə yeyələr.
Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər.
52. Halbuki bu (Qur’an) aləmlərə
(insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir!
(Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)

|