| |
69.
əl-Haqqə (Haqq olan qiyamət)
surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Haqq olan qiyamət!
2. Nədir qiyamət?!
3. Nə bilirsən (haradan bilirsən)
ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə
nə öyrətdi?)
4. Səmud da, Ad da (ürəkləri
dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
5. Səmud (qövmü) hədsiz
dərəcədə dəhşətli (tükürpədici)
səslə həlak edildi.
6. Ad (qövmü) isə uğultulu,
çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
7. Allah o küləyi yeddi gecə,
səkkiz gün ardı-arası kəsilmədən onların
üstünə əsdirdi. Belə ki, (əgər yanlarında
olsaydın) sən onları orada yıxılıb ölmüş
görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri
idilər.
8. İndi sən onlardan heç bir
əsər-əlamət görə bilərsənmi?!
9. Fir’on da, ondan əvvəlkilər
də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü)
də günah (xəta) törətmişdilər.
10. Onlar Rəbbinin peyğəmbərinə
asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla
yaxalamışdı.
11. Həqiqətən, hər tərəfi
su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə
Biz daşıdıq.
12. Ona görə ki, bunu (mö’minlərə
nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət
dərsi edək və dərk edən (öyüd-nəsihəti
cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
13. Sur bircə dəfə üfürüləcəyi;
14. Yer və dağlar qaldırılıb
bircə dəfə bir-birinə çırpılacağı
(əzilib toza dönəcəyi) zaman -
15. Məhz o gün (vaqe olacağına
heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
16. Və (göy) süst düşüb
parçalanacaqdır!
17. Mələklər də onun (göyün)
ətrafında (Allahın əmrinə müntəzir) olacaq
və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin
ərşini onların (başı) üstündə səkkiz
mələk daşıyacaqdır!
18. O gün (ey insanlar!) siz (haqq-hesab
üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz.
Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
19. Əməl dəftəri sağ
əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl
dəftərimi oxuyun!
20. Mən (dünyada ikən qiyamət
günü) öz hesabıma yetişəcəyimə (möhkəm)
inanmışdım!"
21. Bundan belə o, xoş güzəran
içində,
22. Yüksək bir Cənətdə
olacaqdır.
23. (Elə bir Cənnət ki, onun)
meyvələri çox yaxındadır (mö’minlər onlardan
ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
24. (Onlara belə deyiləcəkdir:
) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər
müqabilində yeyin-için!"
25. Əməl dəftəri sol əlinə
verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim
mənə verilməyəydi!
26. Hesabımın nə olduğunu
bilməyəydim!
27. Kaş o (ölüm) qəti (əbədi)
olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
28. Mal-dövlətim mənə heç
bir fayda vermədi (Allahın əzabını məndən
dəf edə bilmədi).
29. Mülküm (səltənətim)
də məhv olub getdi!"
30. (Allah dərgahından belə bir
nida gələcəkdir: ) "Onu tutub qandallayın!
31. Sonra da Cəhənnəmə atın!
32. Daha sonra onu yetmiş arşın
uzunluğunda zəncirlə bağlayın!
33. Çünki o, böyük olan
Allaha inanmırdı.
34. O (özü zəkat vermir, acizə,
kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə
rəğbət oyatmırdı.
35. Bu gün bax burda onun yaxın bir
dostu yoxdur.
36. İrindən başqa bir yeməyi
də yoxdur.
37. Onu ancaq günahkarlar yeyər!"
38. And içirəm gördüklərinizə,
39. Və görmədiklərinizə
ki,
40. Bu (Qur’an) çox möhtərəm
bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın
Allahın ona nazil etdiyi) sözüdür!
41. O, şair sözü deyildir! Nə
az inanırsınız!
42. O, kahin sözü də deyildir!
Nə az düşünürsünüz!
43. O, aləmlərin Rəbbi tərəfindən
nazil edilmişdir.
44. Əgər o (Peyğəmbər)
özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,
45. Biz ondan mütləq şiddətli
intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu
vurardıq)!
46. Sonra onun şah damarını qopardardıq!
47. Və heç biriniz də (Bizim
əzabımızı) ondan dəf edə bilməzdiniz.
48. Şübhəsiz ki, bu (Qur’an)
müttəqilərə bir öyüd-nəsihətdir.
49. (Ey insanlar!) İçərinizdə
onu yalan hesab edənlər olduğunu da, əlbəttə,
bilirik.
50. Şübhəsiz ki, bu (Qur’an)
kafirlər üçün bir peşmançılıqdır
(ona inanmadıqlarına görə qiyamət günü böyük
zərər çəkəcəklər).
51. Doğrudan da, bu (Qur’an) gerçək
bir həqiqətdir.
52. Elə isə (ya Peyğəmbər!)
sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs
tutub həmd-səna ilə zikr) et!

|