| |
70.
əl-Məaric (Dərəcələr,
yaxud Pillələr) surəsi (Məkkədə nazil olmuşdur,
44 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Kafirlərdən) biri vaqe olacaq
əzab (qiyamət əzabının nə vaxt və kimə
üz verəcəyi) barədə soruşdu.
2. (O əzabı) kafirlərdən
dəf edə biləcək bir kimsə yoxdur!
3. (O əzab yüksək) dərəcələr
sahibi olan Allahdandır!
4. Mələklər və ruh (Cəbrail)
Onun dərgahına (dünya ilə müqayisədə) müddəti
əlli min il olan bir gündə qalxarlar.
5. (Ya Peyğəmbər! Kafirlərin
əziyyətlərinə) mətanətlə (heç bir təlaş,
narahatlıq keçirmədən) səbr et!
6. Şübhəsiz ki, onlar (müşriklər)
onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
7. Biz isə onu yaxın görürük
(ona inanırıq).
8. O gün göy göyərmiş
mis kimi olacaq;
9. Dağlar da didilmiş (rəngbərəng)
yun kimi olacaqdır.
10. Və dost dostu arayıb axtarmayacaqdır
(hərə öz hayına qalacaqdır).
11. Onlar bir-birinə göstəriləcəklər
(lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa
vurub bir-birindən qaçacaqlar). O günün əzabından
qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin
(fidyə versin) öz oğullarını;
12. Övrətini və qardaşını;
13. (Çətin günlərdə)
ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
14. Və yer üzündə olanların
hamısını - təki özünü (Allahın əzabından)
qurtarsın!
15. Xeyr (bu mümkün deyildir). Həqiqətən,
o (Cəhənnəm) alovlu atəşdir.
16. (Elə bir atəş ki) başın
dərisini sıyırıb çıxardır (dərini sümükdən
ayırır).
17. Çağırır (o Cəhənnəm
itaətdən) çıxanı, (imandan) üz döndərəni
18. Və (mal-dövlət) yığıb
saxlayanı! (Allahın payını verməyəni; acizə,
yoxsula əl tutmayanı!)
19. Həqiqətən, insan (sərvətə)
çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
20. Ona bir pislik üz verdikdə fəryad
qoparar.
21. Ona bir xeyir nəsib olduqda isə
xəsis olar.
22. Namaz qılanlar istisnadır!
23. O kəslər ki, daim namaz qılarlar;
24. O kəslər ki, onların mallarında
müəyyən bir haqq (pay) vardır -
25. Dilənən və (hər şeydən)
məhrum olan (lakin abrına qısılıb dilənməyən)
kimsə üçün;
26. O kəslər ki, haqq-hesab gününü
təsdiq edərlər;
27. O kəslər ki, Rəbbinin əzabından
qorxub tir-tir əsərlər;
28. Çünki onların Rəbbinin
əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından)
arxayın olmaq olmaz;
29. O kəslər ki, ayıb yerlərini
qoruyub saxlayarlar (zina etməzlər);
30. Övrətləri və cariyələri
istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə)
əsla qınanmazlar;
31. Bundan artığını istəyənlər
isə həddi aşanlardır;
32. O kəslər ki, əmanətə
xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
33. O kəslər ki, düzgün
şəhadət verərlər
34. Və o kəslər ki, namazlarını
(layiqincə) hifz edərlər-
35. Məhz onlar cənnətlərdə
ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
36. (Ya Peyğəmbər!) Kafirlərə
nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə
tərəf tələsirlər?
37. Sağdan və soldan dəstə-dəstə
gəlirlər?
38. Məgər onların hər biri
Nəim cənnətlərinəmi daxil olacağına ümid
edir?
39. Xeyr! (Bu ola bilməz). Biz onları
özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir
qətrə natəmiz nütfədən xəlq edilmişdir.
İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin
nə dəyərini, nə də qiyməti ola bilər?! Bu
və ya digər şəxsin Cənnətə daxil olması
üçün başlıca şərt onun Allaha iman gətirib
Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız
budur!)
40. Məşriqlərin və məğriblərin
Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
41. Onları özlərindən daha
yaxşısı ilə əvəz etməyə (onları
məhv edib yerlərinə Allaha müt’i olan başqa bir məxluq
gətirməyə). Və (bu işdə) heç kəs Bizim
qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
42. Elə isə (ya Peyğəmbər!)
qoy onlar və’d olunduqları günə qovuşanadək (batil
əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
43. O gün onlar (dünyada ibadət
etdikləri) bütlərin yanına tələsirmişlər
kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
44. Onların gözləri zəlilcəsinə
yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir.
Bu onlara və’d olunmuş həmin qiyamət günüdür!

|