| |
71.
Nuh (Nuh əleyhissəlam)
surəsi (Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həqiqətən, Biz Nuhu: "Qövmünə
şiddətli bir əzab gəlməmişdən əvəl
onları (Allahın əzabı ilə) qorxut!" - deyə öz
tayfasına peyğəmbər göndərdik.
2. O dedi: "Ey qövmüm! Həqiqətən,
mən sizi (Allahın əzabı ilə) açıq-aşkar
qorxudan bir peyğəmbərəm!
3. Allaha ibadət edin, Ondan qorxun və
mənə də itaət edin!
4. (Əgər belə etsəniz) O
sizin günahlarınızdan keçər, sizə müəyyən
vaxtadək (əcəliniz çatana qədər) möhlət
verər (cəzanızı dünyada verməyib axirətə
saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən
etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə,
o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!"
5. O dedi: "Ey Rəbbim! Mən qövmümü
gecə-gündüz (imana, haqq yola) də’vət etdim!
6. Lakin də’vətim onların (imandan)
qaçmalarını daha da artırmaqdan başqa bir şeyə
yaramadı.
7. Sənin onları bağışlamağın
üçün mən nə zaman onları (imana) də’vət
etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə)
barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər
deyə) libaslarına büründülər, (küfrlərində)
israr edib durdular və təkəbbür göstərdilər.
8. Sonra mən onları uca səslə
(açıq-açığına haqqa) də’vət etdim.
9. Daha sonra onlara (iman gətirmək
lazım olduğunu) aşkar söylədim və gizli bildirdim".
10. Və dedim: "(Tövbə edib) Rəbbinizdən
bağışlanmağınızı diləyin. Çünki
O, (tövbə edən bəndəsinin günahlarını)
çox bağışlayandır!
11. O sizə göydən bol yağış
göndərər;
12. O sizə mal-dövlət, oğul-uşaq
əta edər. O sizin üçün bağlar-bağçalar
yaradır və çaylar axıdar!
13. Sizə nə olub ki, Allahın
əzəmətindən çəkinmirsiniz? (Sizə nə
olub ki, Allahın əzəmət və qüdrətindən
qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz
təqdirdə Allahın axirətdə sizə mərhəmət
əta edəcəyinə ümid bəsləmirsiniz?)
14. Halbuki O sizi cürbəcür (və
ya müxtəlif mərhələlərlə - əvvəl
nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət
və, nəhayət, insan şəklində) xəlq etdi.
15. Məgər görmürsünüz
ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat
necə yaratdı?!
16. Orada ayı bir nur, günəşi
də bir çıraq etdi.
17. Və Allah sizi (atanız Adəmi)
yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
18. Sonra sizi yenə ora qaytaracaq və
(qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
19. Allah yeri sizin üçün xalı
etdi (fərş kimi ayaqlarınızın altına döşədi)
ki,
20. Onun geniş yollarında gəzəsiniz!"
21. Nuh dedi: "Ey Rəbbim! Onlar mənə
qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı
özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə
(öz kafir başçılarına) tabe oldular.
22. (Onların kafir başçıları
mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
23. Və (tabeçiliyində olanlara)
dedilər: "Öz tanrılarınızı tərk etməyin,
(xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və
Nəsri atmayın!"
24. Onlar çoxlarını yoldan çıxartdılar.
Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!"
25. Onlar öz günahlarından dolayı
suda boğdurulub Cəhənnəmə daxil edildilər və
özlərinə onları Allahdan (Allahın əzabından)
qurtaracaq köməkçilər də tapa bilmədilər!
26. Nuh dedi: "Ey Rəbbim! Yer üzündə
bir nəfər belə kafir qoyma!
27. Çünki sən onları (sağ)
buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq,
ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
28. Ey Rəbbim! Məni, ata-anamı,
mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan
kimsəni və (qiyamət gününə qədər olacaq)
bütün mö’min kişiləri və qadınları bağışla.
Zalımların isə ancaq və ancaq həlakını (ölümünü)
artır!"

|