| |
74.
əl-Muddəssir (Bürünüb
sarınan) surəsi (Məkkədə nazil olmuşdur, 56
ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey (libasına) bürünüb
sarınan (Peyğəmbər)!
2. Qalx (qövmünü Allahın
əzabı ilə) qorxut!
3. Öz Rəbbini uca tut!
4. Libasını təmizlə! (Nəfsini
günahlardan pak et!)
5. (Əzaba səbəb olacaq) pis şeylərdən
uzaqlaş! (Bütləri tərk et!)
6. (Etdiyin yaxşılığı)
çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)
7. Rəbbinin yolunda (Rəbbinin rizasını
qazanmaq üçün bu yolda sənə üz verəcək
bütün çətinliklərə) səbr et!
8. Elə ki, sur çalındı,
9. O gün çox ağır bir gün
olacaqdır;
10. (O gün) kafirlər üçün
asan olmayacaqdır!
11. (Ya Peyğəmbər!) Məni
Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid
ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə
tapşır!)
12. Mən ona bollu mal-dövlət
əta etdim;
13. Yanında hazır duran oğullar
(verdim);
14. Ona (hər şeyi) artıqlaması
ilə müyəssər etdim (sərvət və mənsəbi
ayağının altına döşədim).
15. (Bütün bunlardan) sonra yenə
də (var-dövlətini) artırmağımı istəyir.
16. Xeyr (bu ola bilməz). Çünki
o, ayələrimizə qarşı inadkar oldu.
17. Mən onu məşəqqətli
bir əzaba düçar edəcəyəm!
18. O (Qur’an barəsində) fikirləşdi
və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?!
(Peyğəmbərə sehrbaz dedi).
20. Yenə də ölüm olsun ona!
Necə ölçdü-biçdi?!
21. Sonra (qövmünün üzünə)
baxdı.
22. Sonra üz-gözünü turşutdu,
qaşqabağını tökdü.
23. Sonra da (imandan) üz çevirdi,
(Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
24. Və dedi: "Bu (sehrbazlardan) öyrənilən
sehrdən başqa bir şey deyildir!
25. Bu yalnız bəşər sözüdür!"
26. Biz onu Səqərə atacağıq
(orada yandıracağıq).
27. (Ya Peyğəmbər!) Sən
nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!
28. O (heç kəsi sağ) qoymaz və
(salamat) buraxmaz!
29. İnsanı yandırıb-yaxar!
30. Onun üstündə on doqquz (nəfər
gözətçi mələk) vardır.
31. Biz cəhənnəm gözətçilərini
yalnız mələklərdən etdik. Biz onların sayını
ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin
yəqinlik hasil etməsi (çünki onların kitablarında
bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin
imanının daha da artması, kitab əhlinin və mö’minlərin
(bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində)
şübhəyə düşməməsi, həmçinin
qəlblərində mərəz (nifaq və şəkk mərəzi)
olanların və kafirlərin: "Allah bu misalla nə demək
istəyir?" - demələri üçün (on doqquz) etdik. Allah
istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və
istədiyini də doğru yola salır. Rəbbinin ordularını
özündən başqası bilməz. Bu (vəsf olunan Səqər)
insanlar üçün ancaq bir öyüd-nəsihətdir!
32. Xeyr! (İş heç də bu
müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;
33. Dönüb-qayıdan (yaxud gündüzün
dalınca gələn) gecəyə
34. Və sökülməkdə olan
dan yerinə ki,
35. (Cəhənnəm) böyük
bəlalardan biridir!
36. (O, Allahın əzabı ilə)
qorxudur insanları -
37. Sizdən (yaxşı işlərdə)
irəli düşmək, yaxud geri qalmaq istəyənləri!
38. Hər kəs öz əməlinin
girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri
(əməl dəftərləri sağ əllərinə verilənlər)
istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər;
bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və
sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə)
salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz
qılanlardan deyildik;
44. Yoxsulu da yedirtməzdik;
45. Batilə dalanlarla birlikdə biz
də dalardıq;
46. Haqq-hesab gününü yalan sayardıq.
47. Ölüm bizi haqlayana qədər
(bu vəziyyətdə qaldıq)".
48. Şəfaət edənlərin
şəfaəti onlara fayda verməz!
49. Onlara nə olub ki, öyüd-nəsihətdən
üz çevirirlər (qaçırlar).
50. Onlar sanki vəhşi eşşəklərdir.
51. (O eşşəklər ki) aslandan
hürküb qaçarlar!
52. Xeyr, onların hər biri özünə
(göydən) nazil olmuş səhifələr verilməsini
istəyər.
53. Xeyr, daha doğrusu, onlar axirətdən
qorxmazlar!
54. Xeyr, bu (Qur’an) bir öyüd-nəsihətdir!
55. İstəyənlər ondan öyüd
alar.
56. Bununla belə, Allah istəməsə,
onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə
də, bağışlamağa da layiq olan ancaq Odur!

|