| |
75.
əl-Qiyamə (Qiyamət)
surəsi (Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And içirəm qiyamət gününə;
2. And içirəm (günah etdiyi üçün,
yaxud yaxşı əməli azdır deyə) özünü
qınayan nəfsə! (Siz öləndən sonra mütləq
diriləcəksiniz!)
3. Məgər insan elə güman
edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə
yığa bilməyəcəyik?!
4. Bəli, Biz onun barmaqlarını
da (barmaq sümüklərini də, barmaqlarının uclarını
da) düzəltməyə qadirik!
5. Lakin insan (bundan sonra da) önündəkini
(qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
6. Və (istehza ilə): "Qiyamət
günü nə vaxt olacaqdır?" - deyə soruşar.
7. Göz (heyrətdən) bərələcəyi;
8. Ay tutulacağı;
9. Günəşlə ay birləşəcəyi
(hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi)
zaman -
10. Məhz o gün insan: "Qaçıb
can qurtarmağa yer haradadır?" - deyəcəkdir.
11. Xeyr, (o gün) heç bir sığınacaq
olmayacaqdır!
12. O gün (ey insan!) duracaq (pənah
aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
13. O gün insana öncə etdiyi
və sonraya qoyduğu nə varsa (sağlığında dünyada
gördüyü işlər və öləndən sonra
qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər
veriləcəkdir!
14. Doğrusu, insan özü-özünə
şahiddir!
15. O, hər cür üzrxahlıq
etsə də, (qəbul olunmaz)!
16. (Ya Peyğəmbər! Cəbrail
sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik
əzbərləmək üçün dilini tərpətmə!
(Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız
dinlə!)
17. Çünki onu (sənin qəlbində)
cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
18. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz
zaman oxunmasını diqqətlə dinlə.
19. Sonra onu (sənə) bəyan etmək
də Bizə aiddir!
20. Xeyr, xeyr! Siz tez keçib gedəni
(fani dünyanı) sevirsiniz.
21. Axirəti isə tərk edirsiniz.
22. O gün neçə-neçə
üzlər sevinib güləcək,
23. Öz Rəbbinə baxacaqdır!
24. O gün neçə-neçə
üzlər tutulub qaralacaq,
25. (Sahiblərinin) bel sümüklərinin
(dəhşətli bir əzabla) qırılacağını
anlayacaqdır!
26. Xeyr, (can) boğaza (körpücük
sümüklərinə) gəlib yetişəcəyi,
27. "(Onu bu bəladan) kim xilas edə
bilər?" - deyiləcəyi,
28. (Can üstə olan kimsə) ayrılıq
dəminin gəlib çatdığını anlayacağı,
29. Və (ölüm qorxusundan) qıçı-qıçına
dolaşacağı zaman,
30. Aparılacağı yer Rəbbinin
hüzuru olacaqdır (ey insan)!
31. Beləliklə, o (kafir Əbu Cəhl)
nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.
32. Amma (Allah kəlamını) yalan
saydı, (ondan) üz döndərdi.
33. Sonra da özünü darta-darta
ailəsinin yanına getdi.
34. Vay sənin halına, vay!
35. Yenə də vay sənin halına,
vay!
36. Məgər insan elə güman
edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
37. Məgər o tökülən
bir qətrə nütfə deyildimi?!
38. Sonra laxtalanmış qan oldu və
(Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
39. Sonra da ondan biri kişi, biri qadın
olmaqla iki cift (həmtay) yaratdı.
40. Elə isə O Allah ölüləri
diriltməyə qadir deyildirmi?!

|