| |
76.
əl-İnsan və ya
əd-Dəhr surəsi (Məkkədə nazil olmuşdur,
31 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. İnsanın elə bir dövrü
olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!
(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki,
o həmin dövrdə xatırlanası bir şey olmasın?!
Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud
deyildi. Sonra o, yə’ni ulu babamız Adəm torpaqdan və sudan
yoğrulub insan şəklinə salınmış, ona ruh
verilmiş və o, həyat sürməyə başlamışdır.
İnsanın nə üçün yaradıldığını
əvvəlcə nə göy əhli, nə də o özü
bilirdi. Tədriclə mələklər və o özü
nə üçün yaradıldığını anladı).
2. Həqiqətən, Biz insanı
(sonrakı mərhələdə ata-anasının toxumundan
ibarət) qarışıq bir nütfədən yaratdıq.
Biz onu (dünyada özünü necə aparacağı, hər
şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə)
imtahana çəkəcəyik. Biz onu eşidən, görən
yaratdıq.
3. Biz ona haqq yolu göstərdik. İstər
(ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu
onun öz işidir).
4. Biz kafirlər üçün zəncirlər,
qandallar və alovlu bir atəş hazırlamışıq.
5. Şübhəsiz ki, yaxşı
əməl və itaət sahibləri (Cənnətdə) kafur
qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
6. O (kafur) elə bir çeşmədir
ki, Allahın bəndələri ondan içəcək və
onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
7. Onlar (Cənnətə nail olacaq
müttəqilər) elə kimsələrdirlər ki, verdikləri
sözü (etdikləri nəziri) yerinə yetirər və
dəhşətli (aləmi) bürüyəcək (şəri
hər tərəfə yayılacaq) gündən (qiyamət
günündən) qoxarlar.
8. Onlar öz iştahaları çəkdiyi
(özləri yemək istədikləri) halda (və ya: Allah
rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və
əsirə yedirərlər.
9. (Və sonra da yedirtdikləri kimsələrə
belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü
yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat,
nə də bir təşəkkür istəyirik.
10. Həqiqətən, biz Rəbbimizdən,
çox sərt (müdhiş), cətin gündən (üzlərin
dəhşətdən eybəcər kökə düşəcəyi,
çöhrələrin tutulub qaralacağı qiyamət günündən)
qorxuruq!"
11. Allah da onları o günün şərindən
qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir
(üzlərinə təravət verəcək, qəlblərini
sevindirəcəkdir).
12. Və onları etdikləri səbr
müqabilində Cənnətlə və (geyəcəkləri)
ipəklə mükafatlandıracaqdır.
13. Onlar orada (o cənnətlərdə)
taxtlara söykənəcək, orada nə günəş
(qızmar isti), nə də sərt soyuq görəcəklər.
14. (Cənnət ağaclarının)
kölgələri üstlərinə düşəcək,
meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri
yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
15. (Cənnətdəki xidmətçilər)
onların ətrafında gümüş qablar və büllur
qədəhlərlə dolanacaqlar.
16. Gümüşdən olan (çox
şəffaf olduğu üçün bayırından içərisi
görünən) elə billur (qədəhlərlə) ki,
(xidmətçilər) onları (sahiblərinə) münasib
ölçüdə etmişlər.
17. Orada onlara zəncəfil qatılmış
(zəncəfil dadı verən cənnət şərabı
ilə dolu) badə də içirdiləcəkdir.
18. (Zəncəfil) orada (Cənnətdə)
bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi
üçün) Səlsəbil adlanır.
19. Onların dövrəsində həmişəcavan
(xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə,
sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn
edərsən.
20. (Orada) hara baxsan, ne’mət və
böyük bir mülk görərsən.
21. (Cənnət əhlinin) əyinlərində
taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl
libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır.
Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
22. (Onlara belə deyiləcəkdir:
) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə
görə) mükafatınızdır. Zəhmətiniz (Allah
yanında) məqbuldur (təqdirəlayiqdir)!"
23. (Ya Peyğəmbər!) Həqiqətən,
Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə)
nazil etdik.
24. Elə isə Rəbbinin hökmünə
səbr et və onlardan (Məkkə müşriklərindən)
günahkar və nankor olana boyun əymə!
25. Səhər-axşam Rəbbinin
adını zikr et! (Səhər, günorta və ikindi namazlarını
qıl!)
26. Gecənin bir qismində Ona səcdə
et (axşam, gecə namazlarını qıl) və gecə
uzunu da Onu təqdis edib şə’ninə tə’riflər de!
(Təhəccüd namazını qılıb gecəni ibadət
içində keçir!)
27. Həqiqətən, bunlar (Məkkə
müşrikləri) tez keçib gedəni (fani dünyanı)
sevər, ağır günə (qiyamət gününə)
dal çevirərlər.
28. Onları yaradan da, güclü-qüvvətli
edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik.
Əgər istəsək, onları özləri kimilərlə
əvəz edərik.
29. Həqiqətən, bu (surə)
bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə
tərəf bir yol tutar (ibadət və itaətlə Allaha
yaxınlaşar).
30. (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə,
siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə,
istəyə bilərsiniz). Həqiqətən, Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!
31. (Allah) istədiyi kimsən Öz
mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə
isə, (Allah) onlar üçün (axirətdə) şiddətli
bir əzab hazırlamışdır!

|